-1-
Dərs
Oğurluq etmə (Çıxış 20:15).
On əmrin on müddəası var. Hər birinin gözəl tərəfi budur ki, birbaşa mətləbə gəlirlər.
Məsihçilər söhbətin hansı müddəadan getdiyi ilə bağlı fikir ayrılığı yaşayırlar. Katoliklər və lüteranlar bunun yeddinci əmr olduğuna inanırlar. Protestantların əksəriyyəti isə bunun səkkizinci əmr olduğunu düşünürlər. Mən də onların cərgəsindəyəm.
Mən də Səkkizinci Əmr deyənlərin cərgəsindəyəm, ancaq bunun səbəbi protestantların əksəriyyətinin həmişə bunu öyrətməsi deyil. Belə düşüncəyimin çox xüsusi bir səbəbi var: mən inanıram ki, Müqəddəs Kitabın əhd modelinin beş müddəası ardıcıl şəkildə bir-birini izləyir. Fikrimcə, üçüncü müddəa sərhədlərlə bağlıdır, buraya əxlaqi və qanuni sərhədlər daxildir. Levililər kitabının iqtisadiyyatına dair dörd cildlik şərh yazmışam. Levililər kitabı Tövratın üçüncü kitabıdır. Mən ona “Sərhədlər və hökmranlıq” başlığı vermişəm.
Bu ardıcıllığın təxminən 1954-cü ilə qədər, Corc Mendenhollun Xetlilərin hökmranlıq sazişləri haqqındakı essesi dərc olunana qədər başa düşülmədiyini anlayıram. Lakin mən Rey Sattonun “Çiçəklənəsiniz deyə” kitabının (1987-ci il) əlyazmasını oxuyub bunu anlayanda, ikinci beş əmrin beş müddəalı strukturu olduğunu dərk etdim. Üçüncü əmr “oğurluq etmə” sərhədlərin pozulması ilə bağlıdır.
Bu kitabı anlamaq üçün Müqəddəs Kitab əhdi modelinə mənim şərhimi qəbul etməyiniz vacib deyil. Sadəcə bunu düşünməyinizi istəyirəm: bu əmr qısa və xoşdur.
On əmr bütün insanlara ünvanlanmışdır. Bu əmrlərin başlıca hədəfi sosial elmlər sahəsində elmi dərəcəsi olan adamlar deyil. On əmrin bütün mahiyyəti budur ki, hər kəs məsuliyyət daşıyır. Heç kim Hökm günündə belə bir cavabla özünü müdafiə edə bilməyəcək: “Mən sadəcə bunun nə demək olduğunu başa düşmədim”. Əlbəttə ki, başa düşüb. Nəinki başa düşüb, hətta onu pozub.
Müqəddəs Kitabdakı ilk qadağanın oğurluq qadağası olması çox əlamətdardır. Allah bağın ortasına bir ağac qoymuş və ətrafına qanuni bir sərhəd çəkmişdi. Bəyanat belə səslənir: “Giriş qadağandır”. Sadə bəyanat idi. Mürəkkəb deyildi. Onu başa düşmək asan idi. Məhz buna görə də şirnikdirici gələndə çox konkret gəlmişdi. İkiqat şirnikdirici idi. Birincisi, o, bəşəriyyətin xeyirlə şər haqqında anlayışını artıracaq bilik vəd edirdi. İkincisi, meyvəni oğurlasalar, pis heç nəyin baş verməyəcəyini vəd edirdi.
Beləliklə, onlar meyvələri oğurladılar.
Burada təhlükənin nədə olduğunu anlamaq üçün iqtisad elmləri doktoru olmağa ehtiyac yox idi.
Bunun fonunda Hezlittin kitabının 1-ci fəslini nəzərdən keçirmək istəyirəm. Onu bu kitabda gördüyüm işlə müqayisə etmək istəyirəm.
1. Hezlittin iqtisadiyyata verdiyi tərif
Hezlitt birinci dərəcəli iqtisadçı idi. O, iqtisadiyyatın əsaslarını özbaşına öyrənmişdi, sonra isə on illər boyunca iqtisadiyyat haqqında yazmışdı. 1945-ci ilin sonu 1946-cı ilin əvvəlində o, kitabını yazmağa hazır idi. Mən Birləşmiş Ştatlarda, hətta dünyada başqa heç kimi xatırlamıram ki, 1946-cı ildə bundan daha yaxşı iqtisadiyyata giriş kitabı yaza bilsin.
Hezlitt yaxşı iqtisadiyyatın tərifini təklif edirdi. Onu pis iqtisadiyyatla müqayisə edirdi. Bu təriflərin oxucular üçün aydın olmasını istəyirdi.
Pis iqtisadçı yalnız dərhal gözə çarpan şeyləri görür; yaxşı iqtisadçı isə daha uzağa baxır. Pis iqtisadçı təklif edilən istiqamətin yalnız birbaşa nəticələrini görür; yaxşı iqtisadçı isə daha uzun müddətli və dolayı nəticələri də nəzərə alır. Pis iqtisadçı müəyyən siyasətin konkret bir qrupa təsirinin necə olduğunu və ya olacağını görür; yaxşı iqtisadçı isə bu siyasətin əhalinin bütün qruplarına təsirinin necə olacağını da araşdırır.”
Əgər biz ənənəvi iqtisadiyyatın məntiqindən bəhs ediriksə, bu, iki növ iqtisadiyyatın yaxşı təsviridir. Zənnimcə, iqtisadçıların əksəriyyəti bununla razılaşardılar. Onlardan hər biri, əlbəttə ki, özünün yaxşı iqtisadiyyatın nümayəndəsi olduğunu düşünərdi. Onun tənqidçiləri, təbii ki, pis iqtisadiyyat zümrəsini təmsil edirlər. Ancaq tərifin özü, güman ki, əksər iqtisadçılar üçün məqbul sayıla bilərdi.
Yaxşı iqtisadiyyatın bu tərifi ilə bağlı böyük bir problem var. Məsələ belədir: əksər insanlar uzun mülahizə zəncirlərini izləyə bilmirlər. Sizi inandırıram ki, buraya iqtisadçıların çoxu da daxildir.
Hezlitt pis iqtisadiyyatın təməlində kifayət qədər sadə bir anlayışa laqeydliyin durduğunu göstərmək üçün kitab yazmışdı. Bəhs etdiyimiz anlayış – görünməyən şeylərdir. O, bu fikri vurğulamaq üçün Bastianın sınmış pəncərə haqqındakı metaforasından istifadə etmişdi. Onun məqsədini başa düşmək çox asandır: mülahizə zəncirini qısaltmaq. Onun fikrincə, yalnız iki zəncir var idi: görünən şeylərlə bağlı zəncir və görünməyən şeylərlə bağlı zəncir.
Onun iqtisadiyyatın izahına yanaşması sözsüz əladır. Məhz buna görə kitab hələ də nəşr olunur. Məhz buna görə hələ də oxucularına təsir edir. Onlar ikinci mülahizə zəncirini – görünməyən şeyləri daha yaxşı anlaya bilirlər.
Buna rəğmən, onun tərifinin başlıca problemi – uzun mülahizə zəncirləri – bununla həll olunmur. İqtisadçılar görünməyən şeylərin iqtisadi əhəmiyyətini inkar etməkdə çox mahirdirlər. Onlar görülməli olan şeyləri rəqibləri görməsinlər deyə israr edirlər. Görə bildikləri şeylərin doğrudan da iqtisadiyyatı anlamaq üçün vacib olduğuna da israr edirlər. İqtisadçılar insanları, xüsusilə də başqa iqtisadçıları məharətlə inandırırlar ki, başqa iqtisadçıların gördükləri şeylər əhəmiyyətsizdir.
Bu arqumentlərin incəliyi həddindən artıq mürəkkəb ola bilər. Peşəkar alimlərin ünvanına söylənmiş köhnə bir tənqid yadıma düşür: “Onlar intellektual vasitələrdən o qədər məharətlə istifadə edirlər ki, bu vasitələr yalnız boş təfərrüatlara yarayır”.
Belə bir söz də var: “Beş iqtisadçının olduğu yerdə altı fikir olar”.
Hezlittin yanaşması bizi həmişə bu problemə – uzun mülahizə zəncirlərini izləməyin çətinliyinə geri qaytarır. Bu problemin iqtisadiyyatdakından daha ciddi olduğu başqa bir sahə xatırlamıram. Kütlələr arasındakı iqtisadiyyatı nəzərdə tutmuram. Peşəkar iqtisadçılar arasındakı iqtisadiyyatı nəzərdə tuturam.
Hezlitt ikinci bir nüansı da qeyd edirdi. O deyirdi ki, iqtisadi nəzəriyyə hesab olunan şeylər əslində xüsusi maraq qruplarının lehinə işləyən qərəzli arqumentlərdir. Gəlin bu müşahidədə bir addım da irəli gedək. Xüsusi maraq qrupları işləri öz lehinə həll etmək üçün peşəkar iqtisadçılar tuturlar. Beləliklə, pis iqtisadçılar bu işə qol qoyurlar. Bunun üçün onlara yaxşı pul verirlər.
Yenidən problemə geri qayıtdıq: adi bir adam hansı iqtisadçının yaxşı iqtisadçı olduğunu qiymətləndirə bilməz. Sadə bir insan uzun mülahizə zəncirlərini izləmək iqtidarında deyil.
Hezlitt “pis iqtisadçılar – dolayı nəticələrə məhəl qoymayanlardır” deyərkən haqlı idi. Ancaq problem ondadır ki, iqtisadi təhsili olan hər kəs insanları aldadıcı zövq və səfa yoluna yönləndirməyi bacarır. Uzun mülahizə zəncirləri həmin zövq və səfa yolu kimidir.
Sadə bir adam kimin yaxşı, kimin pis iqtisadçı olduğunu necə ayırd etməlidir? Bir qrupun qərəzli arqumentlərini digər qrupun arqumentləri ilə müqayisədə necə dəyərləndirməlidir? Bu, adi bir adamın sahib olmadığı səviyyədə uzaqgörənlik tələb edir.
Bu, Hezlittin kitabının təməl problemi idi. Məsələ onun inandırıcı iqtisadçı olmamağında deyildi. Məsələ onun əla yazıçı olmamağında da deyildi. Məsələ sadə idi: Keynsçilik tərəfdarı elmlər doktorlarının kiçik ordusu bir yana qalsın, oxucular Hezlittin özündən daha az uzaqgörənliyə sahibdirlər.
Seçicilər hansı xüsusi maraq qrupunu dinləməyin doğru olacağı barədə qərar verməli olurlar. Ancaq seçicilər bunu yaxşı etməyə doğrudan da hazır deyillər. Onlar uzun mülahizə zəncirlərində çaşbaş qalırlar.
Onlar şüarlardan təsirlənirlər. Xüsusi maraq qrupunun işi seçicilərin səslərini cəlb edəcək şüarlar hazırlamaqdan ibarətdir. Sonra öz şüarına haqq qazandırmaq üçün elmlər doktoru dərəcəsi olan birini işə götürür.
Bizə daha yaxşı şüarlar lazımdır. Əlimiz boş ikən nəyəsə qalib gələ bilmərik.
Uzun mülahizə zənciri olan cəzbedici şüara da qalib gələ bilmərik.
Belə bir bufer yarlığı təklif edirəm: “Oğurluq etmə”. Onu bamperin sol tərəfinə yapışdıraq. Sağ tərəfə isə yazaq: “Səs çoxluğu olsa belə”.
Bu məni əsas fikrimə yönləndirir.
2. Mülkiyyətçilikdən başlayıram
Məhz bu səbəbdən kitabımı Hezlittin yaxşı iqtisadçı tərifi ilə başlamıram. Kitabımı belə bir tərif ilə başlayıram: yaxşı iqtisadçı mülkiyyətçiliyin nəticələrini başa düşür və buna görə də oğurluğu müəyyən edə bilər.Adi bir seçici oğurluğun nə olduğunu başa düşməyə qadirdir. O, uzun mülahizə zəncirlərini izləməkdə çətinlik çəkə bilər, lakin qısa mülahizə zəncirini başa düşər: “Oğurluq etmə”. İqtisadiyyatı anlamağa gəldikdə, doğrudan da elə bu qədərini anlamalıdır. Əgər bunu düzgün anlasa, bu onu aldadıcı zövq və səfa yollarının çoxundan, uzun mülahizə zəncirlərinin – yanlış mülahizələrin əksəriyyətindən qoruyacaq.
Hansısa bir iqtisadçı dövlətin iqtisadiyyata müdaxiləsinə bəraət qazandıran mürəkkəb formul irəli sürə bilər. Bir qrafik təklif edə bilər. Yaradıcı düşüncənin ağlına gələ biləcək hər şeyi təklif edə bilər. Biz onun təqdimatını oxuyarkən özümüzə bu sualı verməliyik: “Kim udur və kim uduzur?” Sonra isə bunu soruşmalıyıq: “Əgər nişanı və silahı olan, silahını iştirakçılardan birinin qarnına tuşlayan bir adam olmasaydı, kim udub, kim uduzacaqdı?”
Bu kitab oğurluq haqqındadır. Bu kitab həm də nişanlardan və silahlardan bəhs edir. Bu, mülki hökumət məsələsidir.
Hər bir vətəndaşın mülki hökumətlə bağlı soruşmalı olduğu əsas iqtisadi sual budur: “Nişan və silah daşıyan məmur doğrudan da bütün cəmiyyətin adından fəaliyyət göstərir, yoxsa xüsusi maraq qrupunun adından hərəkət edir?” Əgər bu kitab bu suala doğru cavab verməyinizə kömək edəcəksə, onda uğurlu kitabdır.
Bu kitab nişanlar və silahlar haqqındadır. Bu kitab həm də etikadan bəhs edir. Bu kitab nişanı və silahı olan adamların səlahiyyətlərinin məhdudlaşdırılması haqqındadır. Bu kitab dövlət məcburiyyəti haqqındadır. Bu kitab dövlət məcburiyyəti məsələsinə və məhsuldarlığın artırılması ehtimalına əsaslanan sosial nizama həsr olunub. Hər şeydən əvvəl bu, ədalətsizlik məsələsidir.
Bastianın qaldırdığı iki məsələyə geri qayıdırıq.
İnsanların tərəqqiyə yalnız ədalətsizlik və müharibə yolu ilə nail olmalarını Allah necə istəyə bilərdi? Ədalətsizlik və müharibədən yalnız tərəqqidən imtina etməklə qurtulmalarını Rəbb necə arzu edə bilərdi?”
Allah belə bir şey istəmirdi. Ədalətdən tərəqqi doğar. Bastia bu məsələni ortaya qoymuşdu. Qanunun Təkrarı 28:1-14 də bunu edir.
Əlavə oxu
Köməkçi materiallar üçün (ingilis dilində) bit.ly/CEIOL-Doc-1 səhifəsinə baxın.
-2-
Sınmış pəncərə
İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi. Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi. Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı. Atası İbrahimin dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular. (Yaradılış 26:12-15)
Müqəddəs Kitabın az bilinən bir hissəsindən başlayacağam. İbrahim və ailəsinin düşmənləri İbrahimin quyu qazmağına acıqlanırdılar. Yağışın az yağdığı bir cəmiyyətdə su quyuları vacib sərvət formasıdır. İbrahimin sərvəti var idi. Onun oğlu İshaqın sərvəti var idi.
Filiştlilər buna acıqlanırdılar. Ona görə də əllərinə fürsət düşəndə quyuları torpaqla doldurdular. Bu, onları daha varlı etmədi. Onlar İshaqın quyularını oğurlamadılar. Quyuları İshaqdan icarəyə də götürmədilər. Sudan istifadə etmədilər. Sadəcə elə etdilər ki, İshaq sudan istifadə edə bilməsin. Paxıllıq adlandırdığımız motivasiya budur. Müqəddəs Kitabın tərcüməçiləri bunu anlayıblar. Paxıllıq – dağıtmaq, yıxmaq üçün motivasiyadır. O, üstünlüyü olan adamı hədəf alır. Paxıl adam üstünlüyü bölüşməyə çalışmır. O, təkcə başqa adamın üstünlüyünə son qoymaq istəyir.
Çoxumuz insanların bu şəkildə motivasiya olduğuna inanmaqda çətinlik çəkirik, ancaq bəzi insanlar belədir və onlar bütün tarix boyu mövcud olublar. Onların qəlbi hiddətlə doludur.
Bu, məni baxdığımız mövzuya yönləndirir: Henri Hezlittin kitabının ən böyük dərsinə. Hezlitt “Bir dərsdə iqtisadiyyat” adını seçməklə sadəcə bir dərs keçməli oldu. Kitabda 24 fəsil var. Lakin kitabın adı onun nə haqqında olduğunu göstərir. Hezlitt özünə yalnız bir dərs üçün izin vermişdi.
Alınacaq dərs isə budur: Bastianın sınmış pəncərə yalanı. Hezlitt onu özünə bələdçi olaraq seçdi, bu isə dahiyanə bir hərəkət idi. O, yüz illər boyunca basdırılmış bir ideyanı kəşf etdi. Bastianın metaforası İshaqın quyularını xatırladırdı: filiştlilər onları torpaqla doldurmuşdular. Hezlitt daha dərinə qazdı və su yenidən axmağa başladı. Sonra o, bu prinsipi kitabın hər fəslində istifadə etdi. Beləliklə, kitabın adı doğrudur: o, doğrudan da iqtisadiyyatı bir dərsdə öyrədir. Ancaq bu dərsi çatdırmaq üçün 24 fəsil lazım idi.
Mən sınmış pəncərə yalanına çox ciddi yanaşıram. Söhbət sırf paxıllıqdan gedir. Məsələ qısqanclıq deyil. Buna görə də müasir siyasətin sosial dövlət və ya sərvətin yenidən bölüşdürülməsi kimi düşündüyümüz aspektlərini nəzərdən keçirmək üçün məhduddur. Səbəb budur. Paxıllıq – başqasının itkisindən bilavasitə yararlanmasa belə, onun üstünlüyünü məhv etməyə çalışan insan impulsu kimi təyin edilir.
Qısqanclıq paxıllıqdan fərqlənir. Qısqanclıq başqasının üstünlüyə malik olduğunu etiraf etməklə başlayır, ancaq müəyyən dərəcədə məcburiyyət tətbiq edə bilsəniz, bəlkə də başqasını öz üstünlüyünün bir hissəsini sizinlə bölüşməyə məcbur edə bilərsiniz. Bu, qanuni yolla sərvətin yenidən bölüşdürülməsi impulsudur. Ancaq paxıllıq daha azğındır. Paxıl adama bir şey təklif etməklə ondan yaxa qurtara bilməzsiniz. Onunla razılığa gələ bilməzsiniz. Ona bir mənfəət təklif edə bilməyiniz belə, onu özündən çıxarır. Bu, onda olmayan şeyin sizdə olduğunu ona xatırladır. Ona heç vaxt sahib olmayacağını bilir, ancaq sizdə də olmasın deyə əlindən gələni edəcəkdir.
Bəzi seçicilər sərvətin dövlət tərəfindən yenidən bölüşdürülməsini dəstəkləyirlər – özlərinə və ya başqalarına kömək edərək – çünki onları qısqanclıq duyğusu idarə edir. Lakin əgər seçicilər belə bir siyasətin cəmiyyəti rifahını azaldacağını öyrəndikdən sonra hələ də bu cür siyasətləri dəstəkləyirlərsə, onda paxıllıq duyğusu ilə idarə olunurlar.
Bastianın metaforası bir nəfərin başqa bir adamın pəncərəsinə daş atmağı ilə başlayır. Bu, qısqanclıqdan deyil, paxıllıqdan doğan hərəkətdir. Bastia və Hezlitt bunu izah etməyiblər, ancaq bunu əvvəldən başa düşməliyik. Pəncərəni sındırmaq üçün şüurlu məhvetmə hərəkəti tələb olunur. Pəncərəni qasırğa və ya başqa təbii fəlakət sındırmayıb. Onu bir adam sındırıb, həmin adam başqa birinin pəncərəli binaya sahib olmasına acıqlanır. Başqa sözlə desək, bu adamda evin sahibinə qarşı dərin hiddət var.
Bastianın metaforasının məqsədi sadədir: insanlara başa salmaq ki, sınmış pəncərənin təmiri üçün xərclənən vəsaiti haradansa götürülməlidir. Pəncərənin təmirinin dəyəri – pəncərəsi sınmış adamın onu təmir etmək üçün vaz keçməli olduğu məbləğ qədərdir. Pəncərə sınmasaydı, ev sahibi pulla başqa bir iş görəcəkdi. Pəncərənin təmirinə xərclənən vəsait həmin işin bahasına başa gəlir.
Bu, sadə bir prinsip kimi görünür. Lakin Hezlitt 24 fəsildə göstərir ki, seçicilərin əksəriyyəti bu faktı dərk etmirlər: dövlətin hər cür müdaxiləsi “sınmış pəncərə” prosesini başladır. Başqa sözlə desək, pulsuz pəncərələr mövcud deyil. Bu, məhdudluğun təməl prinsipini göstərir: pulsuz nahar yoxdur. Yəni, bir şeyi əvəzində heç nə vermədən ala bilmərik. Bu prinsipi başa düşmək çox vacibdir. Əgər bu doğrudursa, onda seçicilərin çoxunun nəyisə havayı əldə edəcəklərini vəd edən siyasi vədlərin hər birini diqqətlə yoxlasaq, yaxşı olar. Çünki rəsmin bir yerində bir nəfərin sınmış pəncərəsi olacaq.
Mən sınmış pəncərə haqqında müzakirəmə həmin bu bir nəfərin kimliyinin müzakirəsindən başlayıram. Bu bir nəfər pəncərənin sahibidir.
1. Pəncərə sahibi
Mülkiyyətçilik – hər şeydən əvvəl istisna etmək hüququdur. “Bu mənimdir. Onu yalnız mənim şərtlərimlə əldə edə bilərsiniz”. Məsihçi iqtisadiyyatı bu hüququn nə vaxt başladığını müəyyən edir: “Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən»” (Yar. 2:16-17). Qısaca desək: “Bu ağac mənimdir”.
Pəncərə kiməsə məxsusdur. Ola bilər, o, bir binanı satın alıb və alanda pəncərəsi olub. Ola bilər, bina ona miras qalıb. Hüquqi cəhətdən o, mülkiyyətçidir. Ona görə də o, mülkiyyət hüququna malikdir. Bu hüquqlar bütövlükdə cəmiyyət tərəfindən müdafiə olunur. Bütövlükdə cəmiyyət bu hüquqlara hörmətlə yanaşır. Mülki hökumət onları müdafiə edir.
Onun bu mülkiyyətə sahib olmaq hüququ var. Bu nə deməkdir? O, mülkiyyətinin başqa adamlar tərəfindən oğurlanmasına və ya məhv edilməsinə qarşı qanuni toxunulmazlığa malikdir. Onun qanuni suverenliyi var. Mülkiyyətçinin həm də öz mülkiyyətini qorumaq üçün qanuni haqqı var. Cəmiyyət ona bu hüququ verir. Mənim müzakirəm üçün daha vacibi isə budur ki, Allah ona belə bir hüquq verir. Mülkiyyətçi tək deyil (muxtar deyil). O, öz ərazisini müdafiə etməyə çalışan yalquzaq deyil. Mülkiyyətçilik – sosial fəaliyyətdir. Ona görə də onun mülkiyyətə mənəvi haqqı var və bu mənəvi haqq qanunla təsbit edilir: Allahın qanunları, cəmiyyətin ənənəvi hüququ, mülki hüquq və fərdin hüququ.
Fikrimi aydın çatdırmalıyam. Mülkiyyətçinin qanuni suverenliyi var. Bu, hüquqi məsuliyyət məsələsidir. Başqa sözlə desək, bu, hüquqi təmsil olunma məsələsidir. O, Allahı təmsil edir. Bu qanuni suverenlik iqtisadi səlahiyyət verir. Bu o deməkdir ki, o, cəmiyyəti iqtisadi cəhətdən təmsil edir. O, öz mülkiyyətindən istifadə üçün daimi təkliflərin alıcısıdır. Bu təkliflər qiymətlər şəklində gəlir. Bu iqtisadi yükdən azad olmağın yeganə yolu mülkiyyəti satmaqdır.
Pəncərə sahibi pəncərədən faydalanır. Pəncərə onun üçün gəlir mənbəyidir. Bu, psixoloji gəlirdir. Binanın içindəki işıq onun xoşuna gəlir. Pəncərə işığı içəri buraxır. İşıq – iqtisadi sərvətdir. Pəncərə onun gün ərzində bu işığı almasına imkan yaradır. Pis havanın binaya girməsinin qarşısını alır. Həmçinin həşəratlardan və başqa canlılardan qoruyur. Pəncərə – əla ixtiradır. Pəncərələrdən imtina etmək istəməzdik və bu, 1850-ci ildə, elektrik işığının hələ olmadığı vaxt xüsusilə aktual bir məsələ idi.
Pəncərə sahibinin zorakılığa qarşı qanuni toxunulmazlığı var. Heç kimə icazə verilmir ki, onun pəncərəsini oğurlasın. Heç kimə icazə verilmir ki, onun pəncərəsinə daş atsınlar. Başqa sözlə desək, heç kim pəncərəyə zorakılıq tətbiq etməklə ona qarşı zorakılıq tətbiq etməməlidir.
Pəncərənin sahibi bir neçə fərziyyə irəli sürür. O güman edir ki, heç kim onun pəncərəsinə daş atmayacaq. Həyatında davamlılıq olduğunu güman edir. İşıq parlamağa davam edəcək. Soyuq bayırda qalmağa davam edəcək. O, ümumilikdə cəmiyyətin onun maraqlarını müdafiə edəcəyinə etibar edir. Davamlılıq ehtimalından çıxış edərək qərarlar qəbul edir. Bu təhlükəsizlik ehtimalı etibara əsaslanır. Pəncərəyə yönəlmiş şəkildə də olsa, ona qarşı göstərilmiş zorakılıq bu etibarı pozarsa, onun həyatı daha az təhlükəsiz olacaq. O, əminliklə qərarlar qəbul edə bilməyəcək. Mülkiyyət hüququnun – əxlaq qanunu, ənənəvi və mülki hüquq – qorunmadığı bir cəmiyyətdə onun gələcəyi daha etibarsızdır.
2. Pəncərə
Pəncərə – sadəcə əsas aktiv deyil. Təmsilçi aktivdir. Belə olmaqla mülkiyyətin mahiyyətinə işarə edir. Mülkiyyət hüququnu müdafiə edən sosial nizama işarə edir. Sabit sosial nizama işarə edir. Bu mənada hər bir mülkiyyət bir təmsilçidir.
Mülkiyyətçi də təmsilçidir. O, binanın sahibidir. Pəncərə ona məxsusdur. Onu etibarla saxlayır. Onu Allaha qanuni etibarla saxlayır. Ümumilikdə cəmiyyətə iqtisadi etibarla saxlayır. “Pəncərə” mülkiyyət hüququ adlandırdığımız – əslində isə mülkiyyətçilərin hər hansı əmlakın gətirdiyi bütün faydalardan istifadə etmək hüququna əsaslanan sabit sosial nizamı təmsil edir.
Pəncərənin qiyməti var. Daşı atan adamın daşı atmağının səbəbi də budur. O, əmlakın dəyərini yox etmək istəyir. Əmlakın dəyəri var və bu dəyər onun qiymətində öz əksini tapır. Onun qiyməti ona görə var ki, ona sahib olmaq istəyən adamlar var. Binanı və pəncərəni almaq istəyən adamlar var. Qiymətin mövcudluğu mülkiyyətə olan tələbatın göstəricisidir. Binaya və pəncərəyə sahib olmaq arzusunda olanların bir-biri ilə rəqabət aparan təklifləri obyektiv qiyməti təyin edir.
Sərbəst bazarın bir iqtisadi qaydası var: “yüksək təklif qalib gəlir”. Bu, hər hərracın qaydasıdır. Sərbəst bazar – nəhəng hərracdır.
Ən yüksək qiyməti mövcud mülkiyyətçi təklif edir. Bu təklifi daim qoruyub saxlamalıdır. Rəqabət aparan bütün potensial mülkiyyətçilər arasında ən yüksək təklifi qəbul etməyəndə, o, bina və pəncərənin müqabilində ən yüksək qiyməti təklif edənin pulunu istifadə etmək imkanından məhrum olur. Beləliklə, mülkiyyətçi olaraq o, bina və pəncərənin istifadəsini müəyyənləşdirməlidir. Bu iqtisadi məsuliyyətdən qaçış yoxdur.
Mülkiyyətçi məhdud vəsait müəyyənləşdirir. Onu özü üçün müəyyənləşdirir, lakin burada sıfır xərcdən söhbət getmir. Bina və pəncərənin əvəzində ona təklif edilə biləcək hər şeydən imtina etməlidir. Bu qərar ona pul bahasına başa gəlir. Bu pula nə almaq olarsa, o qədərə başa gələcək. Bu, ona gündən-günə xatırladır ki, istifadə etdiyi mülkiyyət üçün nəyisə qurban verməlidir.
Ümid edirəm bu aydındır. Sərbəst bazarın bu cəhəti sosial nizamın mərkəzində dayanır. Mülkiyyətin idarəetməsi üçün kimsə məsuliyyət daşımalıdır. Mülkiyyətçinin Allah qarşısında məsuliyyət daşıdığını iddia edirəm. Şübhəsiz ki, cəmiyyətin digər üzvləri qarşında da məsuliyyət daşıyır. Sərbəst bazar kapitalizmi kimi tanıdığımız sosial nizam mülkiyyət və məsuliyyət hüquqi cəhətdən bir-birinə bağlayır. Onu iqtisadi cəhətdən də bağlayır. Bu, sərbəst bazar sosial nizamının həm sülh, həm də sərvət yaratmaq qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edir: mülkiyyətçilik və məsuliyyət bir-birinə bağlıdır.
Bu iki amil iqtisadi cəhətdən sərbəst bazarla bağlıdırlar, çünki mülkiyyətə sahib olan şəxs onu saxlaya bilmək üçün daim ödəniş etməlidir. O, bazardakı ən yüksək təklifi verənin mülkiyyət üçün ödəyə biləcəyi hər şeydən imtina edərək bu ödənişi edir. Mülkiyyətçi bunu etiraf etmək istəməsə də, yenə də bu yükü daşıyır. O, mülkiyyətin haqqını ödəməlidir. Bu, sosial fəaliyyətdir. Eləcə də iqtisadi fəaliyyətdir.
Mülkiyyət və cavabdehliyi bir-birinə bağlayan sərbəst bazar, mülkiyyətçiləri məcbur edir ki, cavabdehliyi öz üzərilərinə götürsünlər. Öz mülkiyyətlərini saxlamaq üçün ödəniş etməlidirlər. Cəmiyyətdəki başqa adamların mülkiyyət üçün təklif verməyə qanuni hüquqları var. Onlar da öz sahib olduqları şeylərin mülkiyyətçisidirlər. Mübadilə təklif edə bilərlər.
Bazarda əvvəl təklif olunandan daha yüksək təklif irəli sürən yeni təklifçi mülkiyyətçinin həyatındakı cavabdehliyin səviyyəsini yüksəldir. Mülkiyyətçi mülkiyyət hüququnu qorumaq üçün indi əvvəlkindən daha çox ödəniş etməlidir. Bu, istənilən cəmiyyətdə hər bir şəxsi mülkiyyətin cəmiyyətdəki ən yüksək təkliflər nəzər alınmaqla idarə olunmasını təmin etməyin səmərəli yoludur. Adamlar onlara məxsus hər şey üçün mülkiyyət hüququnu qoruyub saxlayırlar, ancaq bu, heç vaxt havayı başa gəlmir.
Pəncərə – bu cavabdehliyin fiziki təzahürüdür. Buna görə də o, əla metaforadır. Pəncərə işığı ötürür. İşıq sayəsində ətrafımızda nə baş verdiyini görürük.
3. Daş
Paxıllıqla idarə olunan bir adam gəlir. Bu binanın və pəncərənin kiməsə məxsus olması faktı onu acıqlandırır. Həmin adamdan acığını çıxarmaqda qətiyyətlidir. Acığını binanı satın alaraq çıxa bilməz. Binanı almaq üçün pulu yoxdur. Amma acığını onsuz da çıxa bilər. Pəncərəni sındıra bilər. Pəncərəni sındıraraq binanın dəyərini aşağı sala bilər. Bu fikir onu tamamilə qane edir.
Beləliklə, o, asanlıqla əldə edilən daşı yerdən qaldırır. Gecənin qaranlığında daşı pəncərəyə atır və qaçır. Onun bunu etdiyini heç kim görmür. Yaxalanma riski olsa da, yaxalanmır.
Binanın sahibi olan adam indi problemlə üz-üzə qalıb. Binanın dəyərinin böyük hissəsi fəaliyyət göstərən pəncərədən asılıdır. İndi o, pəncərəni yeniləməli olacaq. O, işığın yenə içəri girməsini istəyir, ancaq indi bunun üçün pul ödəməlidir.
Bəs bunun pulunu necə ödəmək fikrindədir? Bəlkə əmanət hesabında olan puldan götürməli olacaq. Ya da bəlkə bu pulu əldə etmək üçün sahib olduğu başqa bir şeyi satmalı olacaq. Ancaq hökmən pul tapmalı olacaq, çünki pəncərəni dəyişdirmək üçün kiməsə pul ödəməlidir. Havayı pəncərə yoxdur.
Kimsə onun mülkiyyət hüququnu pozub. Bunun əvəzini də ödəmək lazımdır. İndi o, müdafiəsiz olduğunu bilir. İcmada ona acıqlanan bir nəfər var. İcmadan bir nəfər onun mülkiyyət hüququnu pozmağa hazırdır. Məsələ təkcə sınmış pəncərədən içəri soyuğun, milçəklərin və ya ağcaqanadların içəri girməsi deyil. O, daha böyük bir şey itirib. O, xoşuna gələn təhlükəsizliyi itirib, çünki icmada kimsə paxıllıq hissi ilə idarə olunur. İcmadakı bir nəfər başa düşdü ki, özü heç bir şey itirmədən ev sahibini itkiyə məruz qoya bilər. O, daşı atdı və qaranlıqda qaçıb getdi.
Ev sahibi işığın davamlı şəkildə içəri girdiyinə və həşəratların girə bilmədiyinə sevinirdi. Daimi təhlükəsizlik onun xoşuna gəlirdi. O fikirləşirdi ki, mülkiyyəti təhlükəsizlikdədir, ancaq indi belə deyil.
Daş atan adam sadəcə pəncərəni sındırmadı. O, pəncərə ilə bağlı olan etibarı sındırdı. Bu, belə davam edərsə və başqaları da bunu təkrarlasa, cəmiyyətə mane ola bilər. Bu sadəcə akademik fərziyyə deyil. XX əsrin sonlarında hüquq-mühafizə orqanlarının fəaliyyətində əldə edilən ən başlıca nailiyyətlərdən biri cəmiyyətdəki sınmış pəncərə fenomeninin mövcudluğunu etiraf etmək oldu. Əgər vandallar tərk edilmiş bir binanın pəncərələrinə daş atmağa başlayırlarsa, cinayətkarlıq səviyyəsi yüksəlir. Şəhərin geriləyən hissəsinin ən yaxşı göstəricilərindən biri tərk edilmiş binalarda sınmış pəncərələrin olmasıdır. Sosial nizamdakı bu parçalanma aşağıya doğru hərəkət edən spirala çevrilə bilər: sınmış pəncərələrin sayının artması cinayətkarlığın artması ilə nəticələnəcəkdir.
Bu vəziyyəti düzəltmək üçün polis qüvvəsindən daha böyük bir şey tələb olunur. Bu vəziyyətə son qoymaq üçün məhəllə daxilində fərdi öhdəliklər olmalıdır. Sınmış pəncərələr icmanın fəallığının azaldığından xəbər verir. Bir icma şəxsi mülkiyyəti müdafiə etmədikdə, cinayətkarlığın artmasına və iqtisadi tənəzzülə məruz qalacaq. Bu, ən çox özünü sınmış pəncərələrdə göstərir. Bastianın metaforası sadəcə bir metafora deyil. Bu, gerçək bir haldır.
4. Xərclər
Ev sahibi pəncərəni dəyişdirmək üçün pul ödəməlidir. Buradan iqtisadi hadisələr zənciri başlayır.
Geniş ictimaiyyət bilir ki, ev sahibi pəncərənin təmirinə pul xərcləməlidir. Özlərini yeni başlayan iqtisadçı hesab edən bəzi adamlar iddia edəcəklər ki, bu xərclər yerli məşğulluğun artmasına xidmət edir. Pəncərəni təmir edən adam şüşə almalıdır. İşçilərə pul verməlidir. Beləliklə, yeni başlayan iqtisadçılar belə qənaətə gəlirlər ki, bunun cəmiyyətə xeyri var.
Sınmış pəncərə metaforası bunun cəmiyyət üçün yaxşı olmadığını açıqlayır. Təmirçi və onun üçün işləyən adamlara xeyri var, ancaq cəmiyyət üçün yaxşı deyil. Təmirlə bağlı xərclər var.
Təmirin xərcini ev sahibi ödəməlidir. Başqa bir şey üçün xərcləməyə hazırlaşdığı pullar indi sınmış pəncərənin dəyişdirilməsinə xərclənməli idi. Heç bir şeyi havayı əldə etmirik. Müftə nahar da yoxdur, müftə pəncərə də yoxdur. Sınmış pəncərə sahibinin ödədiyi qiymət – həmin pul üçün nəzərdə tutduğu ən dəyərli istifadənin qiymətidir, indi onu pəncərə təmirçisinə xərcləməlidir.
Bastia bu fikri aydınlaşdırmaqla, iqtisadiyyatı anlamağa çalışan adamlara gözəl bir xidmət göstərdi. Lakin o, kifayət qədər uzağa getmədi. Qiymət pəncərə sahibi ilə məhdudlaşmır. Cəmiyyətin ödəyəcəyi bir qiymət də var. Bir mülkiyyətçinin həyatında pozuntu baş verib. O, pəncərədən gələn işığa, eləcə də soyuğun və ağcaqanadların olmamağına təhlükəsiz şəkildə sevinəcəyinə ümid edirdi. İndi isə bu inam qırılıb. İndi mülkiyyət hüququna hörmət etməyən cəmiyyət elementi var. Hamı risk altındadır. Etibar azalır. İnsanlar artıq bir-birinə əvvəlki kimi güclü etibar etmirlər. Onlar polis bölməsinə başqa birini işə götürmək qərarına gələ bilərlər. Hər kəsin əməliyyat xərcləri artır.
Daş atan adam pəncərəni nişan almışdı, ancaq onun əsl hədəfi pəncərənin sahibi idi. Onu hərəkətə keçirən şeyin bu hədəfdən daha artıq olduğunu da anlamalıyıq. O, cəmiyyətdə pəncərəsi olan hər bir sakini hədəf seçmişdi. Bu, “bir daşla iki quş vurmaq” ifadəsinin klassik nümunəsidir. Quşların sayı ikidən daha çox idi. Bu hadisədə zərərçəkmiş təkcə sınmış pəncərənin sahibi deyildi. Onun hədəfi sosial nizam idi. O, insanların mülkiyyət sahibi olaraq əminliyini nişan almışdı. Bu daş sadəcə bir pəncərəni sındırmamışdı; o, insanların sosial nizamın sabitliyinə olan inamını qırmışdı. Daş atanın etdiyi təkrar edilsə, etibar daha da azalacaq.
Sınmış pəncərə metaforası pəncərə sahibinin ödədiyi xərclərin olduğunu əla vurğulayır. Lakin əgər metaforadan istifadə etsək, görəcəyik ki, xərclər pəncərə sahibinin ödədiyindən çox-çox artıqdır.
5. Nəticələr
Daşı atan şəxs icmaya bir ismarış göndərdi. İndi icma bilir ki, mülkiyyət hüquqları təhlükə altındadır. İndi icmada yeni bir münasibət yayılır. Bu, iqtisadi qeyri-bərabərliyə qarşı düşmən münasibətdir. Fərdi sərvətə düşmən münasibətdir. Bir kimsənin öz əməyinin bəhrəsindən, eləcə də öz biliyinin bəhrəsindən istifadə etməsi fikrinə düşmən münasibətdir. İndi hər kəsin mülkiyyəti təhlükə altındadır və bu, hər kəsin qanuni hüquqlarının da təhlükə altında olduğunu söyləməyin başqa bir yoludur.
Bu mərhələdə adamlar qərarlar qəbul etməli olurlar. Bu bir tendensiyadır? Başqa pəncərələrə də daşlar atılacaq? Polis qüvvələrini gücləndirmək üçün pul ayırmaq vaxtı çatmayıbmı? Şəxsi mühafizə xidmətlərinə pul xərcləməyə başlamaq vaxtı deyilmi? Həyətə biri girəndə avtomatik yanan çıraqlar almaq vaxtı gəlməyibmi? Təhlükəsizlik kameraları almaq vaxtı deyilmi?
İndi mülkiyyət hüququnun mühafizəsi daha baha başa gəlir. Məsələ sadəcə bir nəfərin sınmış pəncərəni dəyişdirərək ziyana düşməsindən ibarət deyil. Məsələ ondadır ki, indi bütün icma şəxsi sərvətə qarşı yeni bir təhlükəni nəzərə almalı olacaq. Adamlar indi öz büdcələri haqqında düşünməli olacaqlar. Pəncərəni dəyişdirmək xərclərindən qaçmaq istəyirlərsə, icmada cinayətkarlığın qarşısını almaq üçün daha çox pul xərcləmək lazım gələcək. Bu icmada həyat bahalaşacaq. Əvvəllər istehlak xərclərinə və investisiyaya ayrılan pulları indi mülkiyyətin mühafizəsinə xərcləmək lazım gələcək.
Atılan daşın qurbanı olan, indi pəncərəni təmir etməyə pul xərcləməli olan adamın məsələsində gördüklərimiz indi bütün icmada təkrarlanacaq. Əvvəlcə pullarını başqa bir şeyə xərcləmək istəyən insanlar indi qərara gəlirlər ki, pulu özünü mühafizəyə xərcləmək vaxtı gəlib. Bu isə həyatı bahalaşdırır. Bu, insanların sərvətini azaldır. Daha vacibi isə odur ki, bu, insanların təhlükəsizlik hissini aşağı salır. Qeyri-müəyyənlik artır. Qeyri-müəyyənliklə mübarizəyə pul xərcləmək lazımdır. Başqa sözlə desək, adamlar öz pulları ilə etmək istədikləri şeylərdən imtina etməlidirlər, çünki indi pullarını öz mülkiyyətlərini qorumağa xərcləməlidirlər.
Bu, mülkiyyətin dəyərini aşağı salır. Əgər mülkiyyətçilər onun mühafizəsinə daha çox pul xərcləməlidirlərsə mülkiyyətdən gələn xalis gəlir aşağı düşür. Bu, əmlakın dəyərini və qiymətini azaldır.
Bu azalma qənaəti də azaldacaq. İstehlak mallarının cari dəyəri aşağı düşürsə, onda gələcəkdəki dəyəri də aşağı olacaq, çünki insan mülkiyyətə hücumların davam edəcəyini düşünəcəklər. Əgər gələcəkdəki mülkiyyətin dəyərinin aşağı olacağı gözlənilirsə, onda insanlar bu gün investisiya üçün pula qənaət etməyəcəklər.
Əgər evinizə daş atan adamın gələcəyini düşünsəydiniz, pulunuzu ikiqat şüşəli pəncərə üçün yığardınız, yoxsa metal tor hasar və böyük gözətçi iti alardınız?
Yekun
Sınmış pəncərə məntiqi sadəcə sınmış pəncərəyə şamil edilmir. Eyni zamanda sadəcə sınmış pəncərənin sahibinə də şamil edilmir. Bütövlükdə icmaya şamil edilir.
İcazənizlə başqa bir misal da deyim. Bir nəfər sakit gölə daş atır. O, göl boyunca daşdan yayılan dalğaları seyr edə bilər. Gölün sakitliyi pozulmuşdur. Gölün vəziyyətini öncədən təxmin etmək indi daha çətindir. Bu hərəkət heç kimin mülkiyyətinə xələl gətirmir. Hətta estetik cəhətdən cəzbedicidir. O, mülkiyyətçinin öncədən proqnozlaşdırdığı faydaları gətirən sərmayə avadanlığına atılmayıb. Bütövlükdə icma üçün təhlükə yaratmır. Lakin dalğa effekti var.
Kimsə pəncərəyə daş atanda da bu cür dalğa effekti yaranır. İcmanın sakitliyi pozulur. Mülkiyyətin vəziyyətini öncədən təxmin etmək çətinləşir. Biz təkcə pəncərə sahibinin çəkəcəyi xərcləri nəzərə almaqla kifayətlənməməliyik. Başqa fərdlərin – bütövlükdə cəmiyyətin xərclərini də nəzərə almalıyıq. Başqa adamlar da daş atanın qurbanına çevrildilər.
Bu kitabın qalan fəsillərində mülkiyyət sahiblərinə qarşı zorakılığın hərtərəfli xərcləri nəzərdən keçiriləcək.
Əlavə oxu
Köməkçi materiallar üçün (ingilis dilində) bit.ly/CEIOL-Doc-2 səhifəsinə baxın.
-3-
Dağılmanın bərəkəti
Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə,yanğını yandıran adam zərəri
ödəməlidir (Çıxış 22:6)
Bu hissə hüquqi məsuliyyət haqqındadır. Əgər kimsə öz mülkünü yandırarsa və yanğın yayılaraq qonşunun mülkünə keçərsə, onda qanunən yanğını törədən adam məsuliyyət daşıyır. O, hadisədəki zərərçəkmişin zərərini ödəməlidir. Bu, təsadüfən vurulmuş ziyan halıdır. Bəs qəsdən vurulan ziyanın məsuliyyəti nə qədər artıqdır!
Müqəddəs Kitab aydın şəkildə başa salır ki, mülkiyyət hüququna hüquqi məsuliyyət də daxildir. Mülkiyyətçi mülkiyyətlə bağlı davranışlarına görə məsuliyyət daşıyır. Qonşunun icazəsi olmadan, o, öz mülkiyyətçilik xərclərini qonşunun üzərinə qoya bilməz. Qonşusu öz mülkiyyəti ilə bağlı qanuni toxunulmazlığa malikdir. Bu, qanuni bir sərhəddir. Heç kimin onun mülkiyyətinə soxulmağa haqqı yoxdur. Bu, sadəcə daşınmaz əmlaka deyil, mülkiyyətin istənilən formasına şamil edilir.
Burada Müqəddəs Kitabın mənfəət və zərər anlayışını öyrətdiyini görürük. Birinci tarlanın sahibi öz ərazisində yanğın çıxarmaqdan müəyyən mənada faydalanacağına ümid edir. Bu, əməliyyat xərcləridir. Bu, bir riskdir. Bu riski qonşusunun üzərinə qoymağına icazə verilmir. Aydındır ki, yanğın zamanı onun qonşusu zərər çəkib. Yanğını törədən şəxs qonşuya vurduğu ziyana görə hüquqi məsuliyyət daşıyır. Bu, ciddi məsuliyyət anlayışıdır.
Bu mətndə nəzarətdən çıxan yanğınların məhəllələrə fayda verdiyinə dair bir işarə yoxdur. Başqasının əmlakına soxulmağın cəmiyyət və zərərçəkmiş üçün itkisiz ötüşəcəyinə dair bir fikir yoxdur. Əgər bütün bunlar təsadüfi bir yanğın hadisəsinə aiddirsə, onda qəsdən yandıranın məsuliyyəti nə qədər çoxdur!
Bunu əsas götürərək, gəlin təhrif olunmuş bir fikir nümunəsini nəzərdən keçirək: bu fikrə görə, dağıntı törətmək sərvət yaradır. Hezlitt müharibə məsələsindən başlamışdı. 1946-cı ildə hamının ağlında bu var idi. Dünya yenicə 60 milyona yaxın insanın öldüyü dağıdıcı bir yanğından keçmişdi. O, böyük sənaye öndərləri, ticarət palataları, həmkarlar ittifaqı sədrləri və redaksiya müəllifləri də daxil olmaqla, ictimai fikirlə başlamışdı.
Onlardan bəziləri kiçik dağıntı hadisələrində əsl fayda olduğunu söyləməkdən çəkinsələr də, böyük dağıntılarda demək olar ki, sonsuz faydalar görürlər. Onlar iqtisadi cəhətdən müharibənin hamımız üçün sülh şəraitindən daha çox faydası olduğunu söyləyirlər. “İstehsalat möcüzələrinə” nail olmaq üçün müharibənin zəruri olduğunu düşünürlər. Müharibədən sonrakı dünyanın nəhəng “yığılmış” və “ehtiyatda saxlanmış” tələbat sayəsində çiçəkləndiyini hesab edirlər.
Sonra o, oxucuya xatırladırdı: “Bu, sadəcə yeni geyimdə və tanınmaz dərəcədə kökəlmiş köhnə dostumuz, sınmış pəncərədir”.
Bu yanlışlığın altında yatan səbəb ehtiyatda saxlanmış tələbatın cəmiyyətdə müsbət qüvvə olduğunu güman etməkdir. Bu tələb daha öncə baş vermiş dağıntı nəticəsində əmələ gəlib. Daha sonra Hezlitt izah edirdi ki, insanların məhv edilmiş bir şeyə sahib olmaq istəməsi tələbat yaratmır. Yalnız onların məhsuldarlığı tələbat yaradır. Sınmış pəncərənin sahibi ilə olduğu kimi, bu məhsuldarlıq da yaxın keçmişdə malları məhv edilmiş adam tərəfindən malların və xidmətlərin əldə edilməsi üçün istifadə ediləcək, halbuki malları məhv edilməsəydi, onları almayacaqdı.
1. Pəncərə sahibi
Dağıdılan malın sahibi zorakılığın qurbanı olub. Müharibə onun mülkiyyətini işğal edib. İndi o, müharibədən əvvəl olduğundan daha kasıbdır. Onun yaxşı işlək vəziyyətdə olan mülkiyyəti var idi. İndi isə bir qalaq dağıntısı var. O, böyük itki ilə üzləşib.
Əgər qonşusu öz ərazisində yanğın törətsəydi və yanğın qonşunun mülkiyyətinə keçsəydi, yanğını törədən şəxs dəymiş zərəri ödəməli olacaqdı. Zərərçəkmişə dəymiş ziyan ödənəcəkdi. Yanğın onun daha da kasıblaşmasına səbəb olduğuna görə, o, qanuni olaraq yanğını törədən şəxsdən ziyanın əvəzini almaq hüququna malikdir. Yanmış əmlak sahibinin indi yanğından əvvəlkindən daha yaxşı yaşadığını söyləmək məntiqsizdir. Eynilə, müharibə onun mülkiyyətini işğal etdiyi üçün dağıntı sahibinin daha yaxşı vəziyyətdə olduğunu demək də mənasızdır.
Mülkiyyət sahibinin həyatda öhdəlikləri var. Bu öhdəliklər onu hələ müharibədən əvvəl mülkiyyət toplamağa təşviq edib. İndi bu mülkiyyət məhv edilib. Şəxsi öhdəliklərin bu cür azalması onun günahı deyil. Bu azalma o dərəcədədir ki, müharibədən əvvəl mülkiyyəti ona Allah, ailə, icma və özü qarşısındakı öhdəliklərini daha yaxşı yerinə yetirməyə imkan verirdisə, indi o, bu öhdəlikləri daha az yerinə yetirə bilir.
Mülkiyyət sahibi olaraq o, sərmayə mallarının çoxlu gəlirindən faydalanırdı. İndi onun bu gəlir mənbələri yoxdur, çünki fəaliyyətdə olan sərmayə malları yoxdur. Gəlir baxımından müharibədən əvvəlkindən daha kasıbdır. Həyatdakı öhdəliklərini yerinə yetirməyə daha az qadirdir.
İndi onun yeni bir qayğısı da var. Başqa müharibə olacaqmı? Onun mülkiyyəti yenə işğal ediləcəkmi? Müharibə vaxtı asanlıqla dağıdıla bilən əmlakı toplamağa dəyərmi? Öz əmlakını, məsələn, əməyi, bəlkə sülhün davam edəcəyinə əmin olsaydı, diqqət yetirməyəcəyi sərmayə formalarına ayırmalıdırmı? Müharibə onun həyatının təkcə keçmişini deyil, indisini də pozdu. Müharibə ona öz zəifliyini xatırlatdı. İndi o, öz sərmayəsini istehlakı və ya məhsuldarlığı azaldan, lakin onu başqa bir zorakılığın baş verməsindən qorumaq üçün zəruri olan şeylərə ayırmalıdır.
2. Pəncərə
O, sərmayə sahibi kimi cəmiyyətə xidmət edirdi. Məhdud iqtisadi vəsaitlərin iqtisadi dəyəri var. Bunu ona görə bilirik ki, onlar bazarda qiymətləri idarə edirlər. Kimsə ya mülkiyyət, ya da vəsaitlərdən istifadə üçün təklif verməyə hazırdır. Kimsə də bu vəsaitlərə kimin əlinin çatmalı olduğuna qərar verməlidir. Bu mülkiyyətdən qaynaqlanan gəlir axınlarına və ya istehsal axınlarına kimin əli çatmalıdır? Bu cür qərarlar havayı başa gəlmir. Kimsə onlar üçün iqtisadi məsuliyyəti öz üzərinə götürməlidir. Kimsə istehlakçıların və ya onların iqtisadi vasitəçilərinin, sahibkarların ən yüksək təkliflərini nəzərə alan qərarlar qəbul etməlidir.
Müharibədən əvvəl mülkiyyətçi qərara gəlmişdi ki, mülkiyyət hüququnu saxlamaq üçün ən yüksək qiyməti təklif edəcək. Beləliklə, o, sahib olduğu şeylər üçün ən yüksək məbləği ödəyəcək adamın pulunu və ya sərvətini istifadə etmək imkanından məhrum oldu. Bu, onun əməliyyat xərcləri idi. Özünün şəxsi əxlaqi və iqtisadi dəyərləri iyerarxiyası baxımından o, öz mülkiyyətinə sahiblik hüququnu qorumaq üçün sərvət ayırmışdı.
Əgər bu mülkiyyətdən gəlir əldə etsəydi, başqaları ilə könüllü mübadilə aparmaq imkanı . Ancaq indi onun istehsal alətləri qırılıb. İndi onun bu mübadilələri etmək imkanı yoxdur. İstehsal alətlərinin əvvəllər onun üçün təmin etdiyi məhsuldarlıq indi fəaliyyət göstərmir.
İndi ona müharibədən əvvəlkindən daha yaxşıdır demək gülüncdür. Hezlittin arqumentləri onun vəziyyətinin yaxşılaşmadığını göstərir. İndi o, sərmayə ehtiyatını artırmaq üçün pulunu və vaxtını sərf etməlidir. Bu xərcləri çəkə bilər, ancaq xərclərin dəyəri aydın olmalıdır: müharibə onun mülkiyyətini işğal etməsəydi, həmin pula nə ala bilərdi. Qırılmış istehsal alətləri, analitik nöqteyi-nəzərdən, sınmış pəncərəyə bənzəyir. O, zorakılığın qurbanıdır.
Artan tələbat yoxdur. Müharibə sonrası tələbat ola bilər, çünki zərərçəkmiş qırılmış mülkiyyətini yeniləməlidir. Lakin hətta müharibə olmasaydı belə, yenə də bu cür bir tələbat üzə çıxardı. Sadəcə iqtisadiyyatın başqa sahələrində üzə çıxardı. Ümumi tələbat əks təqdirdə ola biləcəyindən daha azdır, çünki bazara gedən, mal və xidmət almağa çalışan adamın sərvəti müharibədən əvvəlkindən daha azdır.
3. Daş
Onun mülkiyyətini dağıtmaq üçün istifadə edilən vasitələr silahlar idi. Bu silahlar qəsdən dağıtmaq üçün yaradılıblar. O, güclü zorakılığın qurbanı oldu. O, mütəmadi şəkildə tətbiq edilən zorakılığın qurbanı oldu. Bu vəziyyətdə, məhv edənin motivasiyası paxıllıq deyildi. Onun motivasiyası müharibənin rəsmi məqsədləri naminə dağıtmaq idi.
Müharibənin dağıdıcılığına heç bir şübhə yoxdur. O, əlbəttə ki, paxıllıq hissi ilə idarə olunan bir vandalın gecə yarısı atdığı daşdan daha dağıdıcıdır. Müharibənin qurbanı daşın vura biləcəyi zərərdən daha böyük zərərlə üzləşdi.
Ola bilsin ki, o, bilavasitə qurban deyildi. Ancaq müharibə əməliyyatlarını dəstəkləmək üçün o, vergi ödəməli oldu. Beləliklə, o vergiləri ödəməli olmasaydı, indi daha kasıb olmayacaqdı. Artan tələbat yoxdur.
4. Xərclər
Dağıntıları yeni sərmayə avadanlıqları ilə əvəz etmək üçün xərcləri kimsə çəkməlidir. Müftə nahar olmur. Havayı sərmayə də yoxdur. Kimsə xərc çəkməlidir.
Müharibə qurbanlarının xalis sərvəti müharibəyə qədər olduğundan daha azdır. Beləliklə, dağıntıların təmizlənməsi və yeni binaların tikilməsi üçün zərərçəkmişlərin bazarlardakı tələbatı müharibədən əvvəlkinə nəzərən daha yüksək ola bilər. Ancaq bu o deməkdir ki, çoxsaylı bazarlardakı həmin zərərçəkmişlərin dağıntıların təmizlənməsi və yeni binaların tikilməsi ilə əlaqədar olmayan digər tələbatları azalacaq.
Həmin bu müddətdə zərərçəkmişlər dəhşətli şəraitlərdə yaşayacaqlar. Onlar çox əziyyət çəkəcəklər. Şübhəsiz ki, onlar dağıntıların təmizlənməsini və yaşayış binalarının bərpa olunmasını çox istəyirlər. Lakin əgər onlar şəxsi əmək qismində vəsait tapmasalar, yəni sərbəst bazar çərçivəsində ümumi ictimaiyyətə xidmət etmək imkanı tapmasalar, bu tələbatı iqtisadi artıma faydalı şəkildə irəli sürə bilməyəcəklər.
Dağıntıların xərclərin qaçmaq mümkün deyil. Dağıntılar zərərçəkmişə gözlənilməz xərclər bahasına başa gəlir. Bu zərərçəkmişlər yeni binalarda yaşayacaqlar deyə, onlar üçün yaxşı olacağını düşünmək – onların evləri dağılmazdan əvvəl olduğundan indi daha yaxşı yaşadıqlarını düşünmək deməkdir. Lakin zərərçəkmişlər öz köhnə binalarını hələ müharibədən əvvəl yıxaraq yenisi ilə əvəz etməyiblərsə, bu o deməkdir ki, indi, müharibədən sonra, bunu müharibədən əvvəlkindən daha az istərdilər. Almaq istəmədikləri şeyi indi almağa məcburdurlar. Onlar daha yaxşı vəziyyətdə olduqları üçün deyil, daha pis vəziyyətə düşdükləri üçün büdcələrini yenidən planlamalı olublar.
5. Nəticələr
Müharibədən əvvəl əməyin məhsuldarlığı cəmiyyətdəki mövcud sərmayə bazası sayəsində əhəmiyyətli dərəcədə idi. Müharibədən sonra sərmayə bazası müharibədən əvvəlkindən daha az oldu. Beləliklə, müharibədən sonra əhalinin məhsuldarlığı müharibədən əvvəlkindən daha aşağı düşdü. Bunun cəmiyyət üçün nəticələri göz qabağında idi: adambaşına düşən sərvətin azalması.
Cəmiyyətin əvvəlkindən daha az sərmayəsi var və buna görə də adambaşına düşən gəliri artırmağın yeganə yolu – müharibə zamanı baş verən ölümlərdir. Adambaşına düşən sərvətin səviyyəsi daha yüksək olduğuna görə cəmiyyətin daha yaxşı yaşadığına iddia etmək gülünc sayılardı. Müharibədə yaxınlarını itirən ailə üzvləri, sadəcə müəyyən hallarda ailədə adambaşına düşən sərmayə daha yüksəkdir deyə, müharibədən əvvəlkindən daha yaxşı yaşadıqlarını düşünmürlər.
Ola bilsin ki, II Dünya Müharibəsi zamanı Almaniyanın kənd yerlərində yaşayan bir ailə o qədər də zərər çəkməmişdi. Onların üzərinə heç bir bomba düşməmişdi. Heç bir qoşun onların ərazisini işğal etməmişdi. Ola bilsin ki, ailənin kiçik bir ferması var idi və deməli, əti, yağı və digər istehlak mallarını əldə edə bilirdilər. Bu mallar müharibənin sonunda artıq delikates hesab olunurdu. Amma əgər həmin ailə hərbi çağırışa cəlb edilmiş ərini və ya oğlunu müharibədə itirmişdisə, dul qadınlar adambaşına düşən daha yüksək sərmayə göstəricisinə görə daha yaxşı yaşadıqlarını düşünmürdülər.
Bombardman vaxtı əmək bölgüsü azalır. Əmək bölgüsü azaldığına görə ixtisaslaşma da daralır. Müharibədən sonra bərpa üçün lazım olacaq sərmayə daha böyük qənaət sayəsində yaranmalıdır. Müharibəyə qədər bu dərəcədə qənaət məcburi deyildi, çünki cəmiyyətə irs qalan miras var idi: on illər və ya daha artıq müddətdə toplanmış sərmayə. Müharibədən sonra bu sərmayə yoxa çıxdı. Deməli, müharibədən qabaq, daha böyük qənaət sayəsində artırılan hər bir sərmayə investisiya şəklində istifadə edilə bilərdi, bu isə o deməkdir ki, o, daha da böyük sərmayə bazasına əlavə ediləcəkdi.
Bombardmanlara, milyonlarla əsgərin basqınlarına məruz qalmış, döyüş meydanlarında və mülki əhali arasındakı xəstəliklərə qurbanlar verən bir cəmiyyət müharibədən əvvəlkindən daha varlı deyil.
Hezlitt bunu 1946-cı ildə başa düşmüşdü. Müharibə nəticəsində Avropadakı artan tələbatın ortaya çıxacağını və bunun onlara da fayda gətirəcəyini düşünən amerikalı iş adamları müharibənin xərclərini nəzərə almamışdılar. Bunun ayrı-ayrı fərdlərə nəyin bahasına başa gələcəyini düşünməmişdilər. Daralan əmək bölgüsünə görə sosial nizama dəyəcək ziyanı da hesablamamışdılar.
Yekun
Bu arqumentin başqa bir variantı təbii fəlakətlərə şamil edilə bilər. Tornado və ya zəlzələ icmanı yerlə-yeksan edəndən sonra fəlakətin stimullaşdırıcı iqtisadi təsirləri haqqında məqalə ortaya çıxacaq. Keçmiş ev sahiblər evlərini yenidən tikməli olacaqlar. Bunun iqtisadi nöqteyi-nəzərdən müsbət olduğundan əminik. Zərərçəkmişlərin yeni binaları olacaq. Yerli iqtisadiyyat çiçəklənəcək.
İnsanların görünməyən şeylərin varlığını etiraf etməyə qadir olmaması iqtisadi cəhalətin təməlində yatır. Hezlitt Bastianın sınmış pəncərə metaforasına yenidən həyat verməklə, müdrik addım atdı. O, artan tələbatla bağlı doğru düşüncəni dilə gətirdi. “Ancaq ehtiyac – tələbat deyil. Səmərəli iqtisadi tələbat təkcə ehtiyacı deyil, ona uyğun alıcılıq qabiliyyətini də tələb edir”.
Əgər məsihçilər Müqəddəs Kitabın yanğın çıxarmaq haqqındakı qanununa ciddi yanaşsaydılar, belə bir anlayış xətasına yol vermək şansları daha az olardı. Müqəddəs Kitab üçüncü tərəflərin sərvətini artıran əməllər üçün iqtisadi kompensasiya tələb etmir. O, üçüncü tərəflərin sərvətini azaldan əməllərdə zərərin ödənilməsini tələb edir.
Müharibə üçüncü şəxslərin sərvətini azaldır.
Əlavə oxu
Köməkçi materiallar üçün (ingilis dilində) bit.ly/CEIOL-Doc-3 səhifəsinə baxın.
-4-
İctimai işlər vergi deməkdir
Əxlaqsız qadının dodağından sanki bal axır, dili şirin, yağdan yumşaqdır. Amma aqibəti yovşan kimi acıdır, ikiağızlı qılınc kimi kəskindir (Süleymanın məsəlləri 5:2-3)
Məsəllər kitabının müəllifi ilk doqquz fəsildə sadiq qadını əxlaqsız qadınla müqayisə edir. O, əxlaqsız qadının başdan çıxarıcı, aldanan adamın aqibətini xəyanət edən yalanlarını təsvir etmək üçün metaforadan istifadə edir. Bu hissənin əsas ismarışı budur: bir şey ilk baxışda çox cazibədar görünə bilər, ancaq aqibəti yovşan kimi acıdır. Niyə? Çünki tarixdə əxlaqi səbəb və nəticə sistemi mövcuddur. Bir kimsə təməl etik prinsipləri pozarsa, nəticədə mənfi nəticələrlə üzləşəcək. Bu, bütöv sosial nizamlara da şamil edilir.
Bu hissənin iqtisadi nəticələri də var. Bu hissənin xüsusi etik konteksti “Zina etmə” əmridir. Ancaq bu hissənin ümumi etik kontekstini “Oğurluq etmə” əmrinə də şamil etmək olar. Bu isə öz növbəsində dövlət xərclərinə aiddir. Məsəllər kitabının bu hissəsi bizə Bastianın “görünməyən şeylər” adlandırdığı iqtisadi yalanın bütün formaları – davranışlarımızın gerçək iqtisadi dəyəri haqqında xəbərdarlıq verir.
Bu fəsildə ictimai işlərlə bağlı layihələrə baxacağıq. Bunlar dövlət tərəfindən maliyyələşdirilən layihələrdir. Onlar yaxşı nəzərə çarpırlar. Çox məhsuldar görünürlər. Bu layihələri yaratmaq üçün ictimai dəstəyi qazanmaq nisbətən asandır. İlk baxışda çox cazibədar görünürlər, lakin onların aqibəti yovşan kimi acıdır: vergilər artır. Ancaq görəcəyik ki, yovşan problemi vergilərin artmasından daha dərinə uzanır. Görünməyən şeylərin bir neçə təbəqəsi var. Yovşan çoxdur.
İctimai işlərin cəzbediciliyi – yoxdan bir şey əldə etməyin cazibəsidir. İblisin İsanı sınağa çəkməsidir: daşlar çörəyə dönsün (Mat. 4:3). Seçicilərə deyirlər ki, ictimai işlər layihəsi iki məqsədə qulluq edəcək. Birincisi, iş yerləri yaradacaq. İkincisi, sərvət yaradacaq. Hər dəfə belə bir çağırış eşidəndə bu prinsipi xatırlamalıyıq: “Müftə nahar olmur”. Bu görünməyən şeylərin (cəm halında) başlıca reallığıdır.
Bunu nəzərə alaraq, sınmış pəncərə yalanının tanış beş müddəalı modelinə qayıdaq.
1. Pəncərə sahibi
Mən şəxsi mülkiyyətin Müqəddəs Kitab prinsipindən başlayacağam. Bu prinsip On əmrdə iki dəfə səslənir: obyektiv oğurluğun qadağan edilməsi və subyektiv tamahın qadağan edilməsi. Bir mülkiyyətin hüquqi sərhədlərinə hörmətlə yanaşmalıyıq. Bu, etika məsələsidir: əxlaqi və qanuni sərhədlər.
Bütün bu kitab boyunca burada iki məsələnin olduğunu izah etməyə çalışıram: qanuni suverenlik və iqtisadi səlahiyyət. Bunlar ayrı-ayrı anlayışlardır. Eyni zamanda da qaçılmaz şəkildə bir-birinə bağlı anlayışlardır. Qanuni suverenlik əsasdır.
Müqəddəs Kitab kontekstində mülkiyyətin təməl prinsipi belədir: mülkiyyətçilik və şəxsi məsuliyyət arasında sıx hüquqi əlaqə mövcuddur. Bu, qanuni suverenlik məsələsidir: mülkiyyətçiliyin qanuni haqları. Bu qanuni haqlar toxunulmazlığı təmin edir. Hüquqi sərhədləri müəyyənləşdirir.
İqtisadi nəzəriyyəyə əsasən, mülkiyyətçilik və şəxsi məsuliyyət arasında sıx iqtisadi əlaqə də mövcuddur. Bu, iqtisadi xərclərlə bağlıdır. Maddi vəsait sahibi onu bir məqsəd üçün istifadə edirsə, başqa məqsəd üçün istifadə edə bilməz. Ən yüksək dəyərə malik itirilmiş istifadə onun mülkiyyət hüququnun dəyəridir. Bu itkilərdən qaçmaq mümkün deyil. Bu, iqtisadi səlahiyyət məsələsidir. Bu, hüquqi suverenliyin qaçılmaz nəticəsidir: sahib olduğumuz vəsaitlərdən istifadə etmək üçün qanuni hüquq, buna görə başqalarını istisna etməyə qanuni haqq verir. Mülkiyyətçiliklə bağlı qaçılmaz şəxsi xərclər mövcuddur; şəxsi mənfəətlər də var. İsa xərclərimizi hesablamağı tapşırdı (Luka 14:28-30).
Fiziki şəxs maddi vəsaitə sahibdir. Mülki hüquq bu iddianı təsdiqləyir. O, bu maddi vəsaitdən istifadəyə görə Allah və başqa insanlar qarşısında məsuliyyət daşıdığına inanır. Bu, onun sərvətinin bir hissəsidir. Bəlkə o, öz sərvətini artırmaq üçün məsuliyyət daşıdığını anlayır. Bəlkə Mattanın müjdəsinin talantlar haqqındakı məsəldən bəhs edən 25-ci fəslini oxuyub.
Mülkiyyət hüququ iqtisadi cəhətdən həmişə planlaşdırma ilə əlaqəlidir. Bu, büdcənin tərtibi ilə bağlıdır. Bir məqsəd üçün istifadə edilən istənilən məhdud iqtisadi vəsait başqa bir məqsəd üçün istifadə edilə bilməz. Mülkiyyətçi seçim etməlidir. Bu qanuni məsuliyyətdən qaçmaq olmaz. Bu iqtisadi məsuliyyətdən də qaçmaq olmaz.
Müqəddəs Kitab qanununa görə, eləcə də sərbəst bazar əsaslarına görə, mülkiyyətçidə sahiblik hissi var. O, maddi vəsaitdən istifadənin qanuni haqqına sahib olduğuna inanır. Mülkiyyət hüququ qanuni haqlar toplusudur. Haqlar deyərkən, məcburiyyətə qarşı qanuni toxunulmazlığı nəzərdə tuturam. Bu, həm şəxsi məcburiyyətə qarşı qanuni toxunulmazlıq, həm də dövlət məcburiyyətinə qarşı qanuni toxunulmazlıq deməkdir.
Mülkiyyət hüquqları ilə bağlı bu fərziyyə sərbəst bazar iqtisadiyyatına hərtərəfli nüfuz edir. Fərdi şəkildə iqtisadi qərarların alınmasına hərtərəfli nüfuz edir. Bu, sərbəst bazar sosial nizamının əsasıdır. Bu qanuni əsası Müqəddəs Kitab öyrədir və məsihçi iqtisadi təhlili bunu nəzərə almalıdır.
Pərakəndə satış mağazalarında asılan bu yazını bilirik: “Onu sındırsan, sahibi sənsən”. Bu o deməkdir ki, onu sındırsanız, pulunu ödəməlisiniz. Ancaq mülkiyyətçiliyin başqa bir tərəfi də var: “Əgər sahibi sənsənsə, onu sındırmağa haqqın var”. Hər ikisi təsdiqlənməlidir: satın almaq və istifadə etmək. Bir şeyi satın alarkən, qanunən ona əlavə edilən haqlar toplusunu da satın alırsınız.
2. Pəncərə
Bu halda pəncərə hər bir adamın xalis sərvətidir. Adamlar sərvətə qanuni sahib olduqlarını düşünürlər. Bu sərvət – sadəcə mülkiyyətçinin özünün bütün mallarını sataraq əldə edə biləcəyi pullar deyil. Bu sərvət onun məcburiyyətə qarşı qanuni toxunulmazlığından da ibarətdir. Bu sərvət mülkiyyət hüquqları ilə bağlıdır.
Müqəddəs Kitab insanların Allahın qanuni təmsilçiləri olduğunu öyrədir. Bu qanuni məsuliyyətin təzahür yollarından birinin mülkiyyətçilik olduğunu da bildirir. Bununla mülkiyyətçilər çevrilirlər. Bu, iyerarxiya əsasında baş verir. Ancaq bu iqtisadi idarəetmənin üfüqi adlandırdığımız cəhətləri də var. Mülkiyyətçilər üçüncü şəxslər üçün idarəçilik edirlər. Üçüncü şəxslər mülkiyyətin əvəzində təklif verirlər. Bu təkliflərin nəticəsi qiymətlər silsiləsidir. Potensial mülkiyyətçilər cari mülkiyyətçilərə “Mənə satın” və ya “Qoyun mən onu icarəyə götürüm!” deyə bağırırlar. Harada qiymət varsa, orada iqtisadi idarəetmə var. Bu, qaçılmazdır. Mülkiyyətçi cəmiyyətin iqtisadi təmsilçisidir. Sahib olduğu mallardan kimin və hansı şərtlərdə istifadə edəcəyinə o qərar verir. Bu, qanuni suverenliyin qaçılmaz iqtisadi nəticəsidir.
İnsanlar vergilərə qarşı toxunulmazlıq hesab etdikləri şeylər baxımından qərar qəbul edirlər. Onların fikrincə, mülkiyyətlə bağlı qanuni məsuliyyətlə yanaşı, iqtisadi imkanlara da malikdirlər. Onlar öz sərvətlərini artırmaq üçün ictimai əmək bölgüsündə iştirak etməlidirlər. Bu, onları başqaları ilə əməkdaşlığa məcbur edir. Almaq istədikləri şeylərlə bağlı qərarlar qəbul edirlər. Almaq istədikləri hər şey əvəzində təklif edə biləcəkləri şeylərlə sıx əlaqədardır. Müftə nahar olmur.
Sərbəst bazarda iqtisadiyyatındakı mübadilə sistemi əmək bölgüsünü genişləndirir. İnsanlar öz sərvətlərinin bölgüsü ilə bağlı qərarlar qəbul edirlər və bunu xidmət imkanları haqqında təsəvvürlərinə əsasən edirlər: özlərinin başqalarına xidmət etmək imkanları, eləcə də başqalarının onlara xidmət etmək imkanları. Xidmətə bu cür diqqət məhdud vəsaitlər dünyasında idarəçiliyin qaçılmaz cəhətindən – vəsaitlərin bölüşdürülməsindən irəli gəlir.
Öz məqsədlərinə kiçik xərclərlə çatmaq üçün digərləri ilə, xüsusilə də yad adamlarla əməkdaşlığa nail olmalıdırlar. Bunu etmələrinin başlıca yolu – bu adamlara imkanlar təklif etməkdir. Adam Smitin məşhur sözlərinə geri qayıtdıq: qəssabın, ya da çörəkçinin xeyriyyəçilik duyğularını oyadaraq, istədiyimizi alacağımızı düşünməməliyik. Bu təklif əsasında əməkdaşlıq quracağımıza inanmalıyıq: “Məni istədiyim şeylə təmin etsəniz, mən də sizi istəyiniz şeylə təmin edəcəyəm”.
Başqa sözlə desək, pəncərənin dəyəri – sadəcə pəncərənin işığı içəri ötürməsi, soyuqdan və həşəratlardan qoruması baxımından verdiyi faydalardan ibarət deyil. Bu dəyərə pəncərə sahibinin öz pəncərəsinə mülkiyyət hüququ da daxildir. Daha dəqiq desək, bu, onun pəncərəsidir. Başqa bir adamın pəncərəsi deyil. Bu mülkiyyətçilik faktının ona pəncərədən istifadə etmək haqqı verdiyini düşünür. Bu qanuni istifadə haqqı – pəncərənin gətirəcəyi mənfəətdən çox daha yüksək dəyəri ola biləcək başqalarını istisna etmək haqqıdır. Bu, mütləqdir.
Sərvət mülkiyyətçilərə daha böyük hərəkət azadlığı verir. Məcburiyyətə qarşı qanuni toxunulmazlıqla birləşən zaman sərvət mal sahiblərini sərvətin bölüşdürülməsi ilə bağlı konkret qərarlar qəbul etməyə vadar edir. Onlar qərarlarının gətirəcəyi xərcləri və mənfəətləri hesablayırlar. Əməkdaşlığa can atırlar. İctimai əmək bölgüsündə iştirak etmək istəyirlər. Bütün bunlar qəsdən atılan bir daş təhlükəsi altındadır.
3. Daş
Daş metaforası sərhədi qanunsuz aşmağı təmsil edir. Sərhəd – mülkiyyət haqqıdır. Yenə də: mülkiyyət haqqı deyərkən şəxsi sərvətə münasibətdə məcburiyyətə qarşı qanuni toxunulmazlığı nəzərdə tuturam.
İctimai işlər məsələsində daş əxlaqsız qadına xas səciyyəvi cəhətlərə malikdir. Onun böyük cazibəsi var. Bu, sadəcə təsadüfən yerdən götürülmüş, sonra isə kin və ya paxıllıqdan pəncərəyə atılmış bir daş deyil. Bu, konseptual modelə əsaslanaraq seçilmiş xüsusi bir daşdır. Fiziki iş modelinə əsasən seçilmiş də ola bilər, lakin mühüm olan konseptual modeldir. Bu, füsunkar gözəllik modelidir. Arzu ediləsi bir şeydir. Ondan istifadə edən şəxsə xüsusi mənfəət vəd edir. Mənfəət isə göz qabağındadır: xərclər qəsdən gizlədilir.
Daşın həmişə gizli xərcləri olur. Həmişə mənfəətin əvəzini ödəmək lazımdır. Xüsusilə də mənfəətin əvəzi konkret adamlar tərəfindən ödənməlidir. İctimai işlərin konkret layihəsindən kimsə mənfəət götürəcək. Bunun əvəzini isə başqa bir nəfər ödəməli olacaq. Bəzi hallarda bu eyni adam ola bilər, lakin çox güman ki, daşı atmağa qərar verən adam ödəyəcəyi məbləğdən daha çox daşı atmaqdan mənfəət götürəcəyini bilir.
Bu, paxıllıq məsələsi deyil: başqasına məxsus olanı dağıtmaq deyil. Bu, daha çox qısqanclıq məsələsidir: başqasının sahib olduğu şeyi əldə etmək arzusudur. Daş atan şəxsin əsas fərziyyəsi belədir: “Başqa biri mənfəəti əldə etmək üçün mənim xərcləyəcəyimdən daha çox pul xərcləyəcək”. Bu münasibətlərin altındakı iqtisadi səbəblə bağlı heç bir şübhə yoxdur: bu, oğurluqdur.
4. Xərclər
İqtisadiyyata dövlət müdaxiləsinin ən vacib, haqqında nadir hallarda danışılan ən mühüm dəyəri belədir: mülkiyyət hüququnun dövlət tərəfindən pozulması. Vergi ödəyicisi itkiyə məruz qalıb. Onun məcburiyyətə qarşı toxunulmazlığı azalıb. Artıq onun sərvəti əvvəlkindən daha sabit deyil. Dövlətin özbaşınalığı onun şəxsi planlarının gələcək proqnozunu təhlükə altında qoyur.
İctimai işlər layihəsi çərçivəsində dövlət vergi ödəyicilərinin pəncərəsinə daş atıb. Buna görə də dövlət mövcud vergi ödəyicilərini yeni büdcə tərtib etməyə məcbur edib. Dövlət hansısa ictimai işlər layihəsi başlatmasaydı və yenə dövlət ümumi ictimaiyyətdə müəyyən şəxslərdən vergi almağa məcbur olmasaydı, bu büdcələr həmin vergi ödəyicilərinin hər birinin seçəcəyi büdcələr olmayacaqdı. Hər bir vergi ödəyicisi özünün ilkin büdcəsi çərçivəsində vəsaitlərini planlaşdırma qərarları qəbul edərdi. İndi isə qərarlarını başqa bir, daha kiçik büdcə əsasında yenidən düşünməlidir. Vergi ödəyiciləri öz planlarını şəxsi balansları əsasında qurardılar; indi onlar dövlətin məcburiyyəti ilə ixtisar edilmiş balanslar əsasında qərar qəbul etməlidirlər. Vergi ödəmək vaxtı gələndə fərdlərin öz şəxsi məqsədlərinə çatmaq imkanları azalır.
Siyasətçilər ictimai işlər layihələrini görünən mənfəətlər baxımından irəli sürürlər. Bu mənfəətləri kimin ödəyəcəyi ilə bağlı dəqiq məlumatlar həmişə arxa fonda qalır. Siyasətçilər istəmirlər ki, seçicilər layihənin real dəyərini diqqətlə təhlil etsinlər. Onlar seçiciləri inandırırlar ki, xərcləri başqa biri öz üzərinə götürəcək, ya da ən azından, xərclərin əksəriyyətini başqa bir adam ödəyəcək.
Daha bir ciddi itki könüllü əməkdaşlığın azalmasıdır. Adamlar müxtəlif planlar hazırlayıb, bu planlarla bağlı müxtəlif adamlarla razılığa gələ bilərdilər. Yeni ictimai işlər layihəsi, şübhəsiz, yeni növ mübadilə münasibətlərinin inkişafına yol açacaq. Bəziləri bundan mənfəət əldə edəcəklər. Ancaq əsas sual budur: Könüllü əməkdaşlığa əsaslanan ictimai nizam dövlətin iqtisadiyyata tətbiq etdiyi məcburiyyət şəraitində də davam edəcəkmi? Əfsus, bu sualı demək olar ki, heç kim vermir.
İctimai işlər layihəsi ilə əlaqədar olan sahələrdə yeni iş yerləri açılacaq. İndi dövlət tərəfindən xərclənməsəydi, vergi ödəyicilərinin pulları başqa məşğuluq sahələrinə xərclənəcəkdi, həmin sahələrdə ixtisarlar baş verəcək. Biz mənfəəti görürük; amma itkilərə göz yumuruq. İctimai işlər layihələrində məşğul adamları görürük; vergilərə görə şəxsi iş layihələri olmadığı üçün işsiz qalan adamları isə görmürük.
Çox nadir hallarda müzakirə olunan daha bir mühüm məsələ belədir: İctimai avadanlıqları işlək vəziyyətdə tutmaq neçəyə başa gələcək? Təmir xərcləri qaçılmazdır. Bu xərclərin yükünü kim öz üzərinə götürəcək? Hətta ödənişli körpü və ya ödənişli yol inşaatı kimi ictimai işlərə rüsum əlavə edildikdə belə, görürük ki, digər qruplar bu rüsumlardan yaranan gəliri ələ keçirmək üçün siyasi fəndlərə əl atırlar. Bu, bir əsr və ya daha çox müddət ərzində müasir siyasət üçün adi haldır.
5. Nəticələr
Birinci və ən vacib nəticə budur: mülkiyyətin təhlükəsizliyinin aşağı düşməsi. Hüquqi nöqteyi-nəzərdən bu, fiziki şəxslərin məsuliyyət sahəsinin azalması deməkdir. İndi onlar öz mülkiyyətlərinin mühafizəsinə əvvəlkindən daha çox vəsait ayırmalıdırlar. Bu vəsaitlər başqa məqsədlər üçün – vergi ödəyicilərinin fərdi prioritet siyahılarında daha yuxarıda duran məqsədlər üçün istifadə oluna bilərdi. Ancaq onların mülkiyyət hüquqları pozulduğuna görə bu prioritetlər indi siyahıda alt sıralara alınmalıdır. Başqa sözlə desək, zəifləmiş mülkiyyət hüququ var və buna görə də zəifləmiş məsuliyyət var.
Müqəddəs Kitabın şəxsi etika prinsipi belədir: artan şəxsi məsuliyyət. Müqəddəs Kitabın ismarışı aydındır: son məhkəmədə təqsiri etiraf edərkən heç bir sövdələşmə olmayacaq. Talantlar haqqındakı məsəlin məğzi budur. İctimai işlər layihələri anlayışı şəxsi məsuliyyəti azaldır. “Bütün təqsir komitədədir!” Son məhkəmədə komitələr yoxdur.
Vergi sənədləri gələndən sonra məhsuldar adamlar vergidən yayınmaq və iqtisadi istehsaldan uzaqlaşmaq üçün daha çox vəsait ayırmağa başlayacaqlar. Vəsaitlər mühəndis və marketoloqlara deyil, hüquqşünas və mühasiblərə xərclənəcək. Hüquqşünaslar və mühasiblər üçün bu, yaxşı xəbərdir, lakin geniş ictimaiyyət üçün pis xəbərdir. Məhsuldarlıq azalacaq.
Əmək bölgüsündə ixtisarlar baş verəcək. Əmək bölgüsü könüllü əməkdaşlıq sayəsində artır. İnsanlar uzun müddət ərzində digər insanlara və şirkətlərə etibar etməyi öyrənirlər. Şəxsi şəbəkələr yaradırlar. İnsanlar hər növ layihələrdə bir-birinə güvənirlər. Lakin bu şəxsi qarşılıqlı asılılıq zonasına vergilərin artması mane olur.
Bütün bunlar görünməyən şeylərin gerçəkliyinə məhəl qoymamağın nəticəsidir. Seçicilər ictimai işlərdən əldə edilən mənfəətlərin görüntüsü ilə ovsunlanıblar. Onlar təkcə on illər və ya daha uzun müddət boyunca axıb gələn mənfəət görürlər. Ancaq bunun arxasında dayanan xərcləri görmürlər.
Görünən şeylərin populyarlığı çox güman ki, daha çox ictimai tikililərin inşasına gətirib çıxaraq. Dövlətin əlavə şəxsi pəncərələrə atdığı daşların sayı daha çox olacaq. Mülkiyyət hüquqları yenə tapdanacaq. Bunun mənfi nəticələri qaçılmazdır. Bəzən onları öz adı ilə çağıracaq qədər müdrik oluruq: gözlənilməyən nəticələr.
Bəzən onlara əlavə təsirlər deyilir. Aydın görünməli olan şeyi unuduruq: əlavə təsir yoxdur. Yalnız təsirlər var. Əlavə təsir adlandırdıqlarımız əslində xoşumuza gəlməyən təsirlərdir.
Əlavə təsir adlandırmağı xoşladığımız bu təsirlərdən biri belədir: vergilər istehsalata mane olur. Bu barədə növbəti fəsildə danışacağam.
Yekun
Bu gün məsihçilərin çoxu iqtisadiyyatdakı əxlaqsız qadının Müqəddəs Kitaba sadiq ictimai nizam kimi görürlər. Onlar dövlət tərəfindən maliyyələşdirilən ictimai işlər layihələrinin ümumilikdə iqtisadi cəhətdən məhsuldar olduğuna dair qədim xətanı Müqəddəs Kitab təlimi zənn edirlər.
İctimai işlər layihələri vətəndaşların bir qrupu üçün nəzərdə tutulmuş dövlət subsidiyalarıdır. Bu subsidiyaları vergi ödəyiciləri ödəyir. Mənfəətlər göz qabağındadır. Vergilər fərdi qaydada ödənilir. Hər bir ictimai işlər layihəsinin arxasında seçicilər qrupu təşkil ediləcək. Vergi ödəyicilərinin arxasında isə eyni səviyyədə təşkil olunmuş seçicilər olmayacaq.
Əxlaqsız qadınla olduğu kimi, ictimai işlər layihəsi də hörmətli cəmiyyətə təqdim olunan kimi köhnəlməyə başlayır. Vaxtilə ondan faydalanmış seçicilərin çoxu istər-istəməz sıxılacaqlar. Həmişə yeni, daha cəzbedici layihələr var. Axırda, ona kimi bir şey lazım olacaq. Ancaq hətta üz gərdirmə də kömək etmir. Hələ də üzü sallanır. Qırışları getdikcə daha da pisləşir. Artıq demək olar ki, heç kim qonaq gəlmir. Nə vaxtsa onu dəyişdirmək lazım gələcək. Əsas sual isə budur: onun yerinə başqa bir əxlaqsız qadınmı gələcək?
Kişilərin zövqü daha yaxşı olmalıdır. Gərək daha uzunmüddətli yanaşmaları olsun. Öz davranışlarının bütün xərclərini hesablamalıdırlar: görmədiklərini də. Ancaq bunu etmirlər. Buna görə də böyük sınaq zamanı onlara xatırlatmaq üçün nüfuzlu əmrlər var. Hamısı bir mənaya köklənir: “Etmə”.
Əlavə oxu
Köməkçi materiallar üçün (ingilis dilində) bit.ly/CEIOL-Doc-4 səhifəsinə baxın.
