Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et! Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi. Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi. Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı. O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız” (Qanunun təkrarı 5:1-5).
Qanunun təkrarı kitabının ilk fəsillərində Musa səhranın tam ortasında (hərfi mənada) İsrailin önündə dayanmışdı ki, İsrail övladlarının ikinci nəslinin oğul və qızlarına Allahın Qanununu təkrar etsin. Bunlar Misirdən çıxan həmin kölələr deyildilər. Bunlar dağın ətəyində durub Allahın dağdan səslənişini dinləyən, Musaya üsyan edən, Misirə qayıtmaq istəyən həmin adamlar deyildi. İordan çayının o biri sahilindəki bu səhrada Musanın dinləyiciləri ya Allahın İsraillə əhd bağladığı vaxtdan sonra dünyaya gəlmişdilər, ya da Sina dağının ətəyində baş verənləri anlamaq üçün çox gənc idilər. Əsl kölələr artıq həyatdan köçmüşdülər.
Allahın and içdiyi kimi, onlardan heç biri, hətta Musa da vəd edilmiş torpağa girə bilməyəcəkdi. Əlbəttə, iki istisna var idi: 40 il əvvəl öz qorxularını dəf edən, bir neçə nəsil boyunca köləlikdə yaşamaq nəticəsində formalaşmış köləlik təfəkkürünə qarşı çıxan, İsraili Vəd Olunmuş Torpağa girib orada hökmranlıq etməyə çağıran iki nəfər: Nun oğlu Yeşua (israilli) və Kalev (qenizli, əslən kənanlı əcnəbi) var idi. Bu iki hadisəni bir-birindən ayıran zaman dilimi bu gün bizi prezident Niksonun Uoterqeyt qalmaqalı nəticəsində istefa verməsindən ayıran zaman dilimi qədərdir; sadəcə bir fərq var ki, o dövrdə yaddaşı diri tutmaq üçün xəbər agentlikləri və ya onlayn multimedia qoruma vasitələri yox idi. Bu dinləyicilərin hamısı Sina haqqında öz valideynlərindən və bütövlükdə icmanın kollektiv yaddaşından öyrənmişdilər. İki nəfərdən başqa heç kim əslində orada olmamışdı.
Buna rəğmən Musa Allahla Sina dağında bağlanmış əhdin onların valideynləri ilə deyil, məhz onlarla bağlandığını söylədi. Bundan sonra o, atalarına verilən həmin On əmri onlar üçün təkrar etməyə başladı. Yəni, tamamilə eyni əmrləri deyil. Əmrlərdə kiçik bir dəyişiklik baş vermişdi. Ya da bəlkə o qədər də kiçik deyildi. Bu dəyişiklik Dördüncü Əmrlə bağlı idi, ya da daha dəqiq desək, Dördüncü Əmrin qanuni və məntiqi təməlində idi. Allahın dağdan səsləndirdiyi əmrin mətnində dəyişiklik etmək Musa üçün o demək idi ki, bu dəyişiklikdə bu nəslinin bilməli olduğu çox əhəmiyyətli bir şey var.
Allahın əvvəlki nəslə verdiyi Dördüncü Əmrin mətni belə idi:
Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.” (Çıxış 20:8-11)
Lakin onların övladlarına ünvanlanmış mətndə O, səbəbi dəyişdirmişdi:
Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin. Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib.” (Qanunun təkrarı 5:12-15)
Bu cür dəyişiklik çox maraqlıdır, elə deyilmi? Bu, yenə də, Allahın Öz xalqına verdiyi bir sıra təzadlı bəyanatların bir parçasıdır. Musa Sina dağındakı əhdin əslində orada iştirak edən ataları ilə bağlanmadığını söyləməklə, yəqin ki, övladların diqqətini cəlb edə bilmişdi. “Bir dəqiqə, deməli, bizdən əvvəl baş verənlər əslində bizim üçün nəzərdə tutulurdu?” İndi Allah belə deyirdi: “Nəinki sizin üçün nəzərdə tutulurdu, siz üstəlik özünüzün heç vaxt yaşamadığınız köləliyi də xatırlamalısınız”. Müqəddəs Kitabın insanlara keçmişə baxmağı çox nadir hallarda tövsiyə etdiyini nəzərə alsaq, bu, çox maraqlı bir təklif idi.
Keçmişin belə bir insanı pərəstiş etdirən cazibə qüvvəsi var: zaman məsafəsindən geriyə baxarkən həmişə onu həqiqətdə olduğundan daha yaxşı zənn edirik. Lutun arvadına qadağan edilsə də, geriyə baxmışdı.
Səhradakı kölə ibranilər Misiri onlara havayı verilən şeylərlə yad edirdilər: kəvər soğanı, soğan, sarımsaq və s. və qəbirlər üçün pulsuz torpaq. Bunu doğrudan da Musaya söyləmişdilər! (Qamçıları unutmuşdular.) Lakin Allahın həqiqi xalqı həmişə vəd edilmiş satınalınmanı, Müjdənin gerçəkləşən qələbə tarixini səbirsizliklə gözləyir. Paulun dediyi kimi, müdrik insan keçmişdə olanı unudub irəliyə doğru can atır (Flp. 3:13). Niyə? Çünki “gələcək zaman sizindir” (1 Kor. 3:22).
Ancaq keçmişin əsaslı bir xatirəsi var idi və bu, pis rəftar və zülmlə əlaqədar idi. Allahla pis rəftar və öz qonşusu ilə pis rəftar iki böyük əmrə tamamilə zidd idi: “Allahı sev” və “Öz qonşunu sev”. Qanunun Təkrarının 8-ci fəsli Allahı və Onun israilliləri Misirdən çıxararkən gördüyü işləri unutmasınlar deyə, onlara xəbərdarlıq verir. Allahı və Onun işlərini unutmaq Allahla pis rəftar, Ona qarşı ədalətsiz davranış hesab edilir. Yenə də Qanunun Təkrarı 8-ci fəsildə Musanın danışdığı övladlar həmin o övladlar idilər ki, Allahın Misirdəki böyük işlərini görməmişdilər, bununla belə onları xatırlamalı idilər.
İsraillilər öz qonşuları ilə, yəni cəmiyyətin daha zəif üzvləri ilə, nə güc tətbiq etməklə, nə də məhkəmə yolu ilə özlərini müdafiə edə bilməyən insanlarla pis rəftar etməyə tələsdikləri zaman isə başqa bir vəziyyəti xatırlamalı idilər. Hər şey onların evlərinin içindəki zəiflərdən, qullarından, qarabaşlarından, himayələrindəki övladlarından, hətta heyvanlarından başlayırdı. Onların yanında qalan yadelli də bu siyahıya daxil idi.
Bu gün şənbə haqqında dini, ritualist və mistik təsəvvürümüz var. Sanki Allah Dördüncü Əmri bizə verib ki, bazar günləri səhər tezdən Allahı razı salmaq üçün xüsusi ayin və mərasimlər keçirək. Lakin Müqəddəs Kitabın ismarıcı çox aydın şəkildə bildirir ki, şənbənin başlıca məqsədi bütün yer üzündə azadlığı və ədaləti bəyan etmək idi; bir mədəniyyətdə yaşayan kiçikdən böyüyə qədər hər kəs üçün azadlıq və ədalət. “Unutmayın ki, siz kölə idiniz”, – israillilər vəd olunmuş torpağa sahib olmaq üçün oraya girməyə hazırlaşanda Allah onlara belə demişdi. “Qoy bu İstirahət Günü sizə istirahətsiz, dünyadan ümidsiz, zalımların zülmü altında yaşadığınız, ədalətsizliklərinə qarşı çıxa bilmədiyiniz, uşaqlarınız üçün də daimi zəhmətdən, hər gün yandırıb-yaxan günəşin altında işləməkdən başqa bir gələcək görmədən keçirdiyiniz o günləri xatırlatsın”.
Misir Rəbb Yehovanı tanımırdı, kölələr üçün istirahət gününü də qəbul etmirdi. Bütpərəst köləliyində olmaq daimi ağır zəhmət idi. Başqa bir dövrdə, başqa bir bütpərəst rejimdə, bu gün bir çoxlarının səhvən azadlığın müdafiəçisi hesab etdikləri başqa bir ciddi bütpərəst Mark Porsi Katon bəyan edirdi ki, onun şəxsi prinsipinə görə, kölə yatmırsa, işləməlidir. Kölələrə qarşı amansız münasibət bütpərəst cəmiyyətlərində bir qayda idi; əgər Aristotelin fikrincə kölə olan insanlar “təbiətən belə” doğulmuşdularsa və prinsipcə heyvanlardan fərqlənmirdilərsə, niyə də belə olmasın!
Şənbə bu amansızlıq standartını rədd edirdi və onu başqa bir standartla əvəz edirdi: kölələr – və cəmiyyətin bütün zəif üzvləri – güclü, varlı və vacib olanlar ilə bərabər statusa sahib idilər. Bu Əmrdə israilliləri dayanmağa və özlərinin də bir zamanlar kölə olduqlarını xatırlamağa vadar etməklə, hər bir fərdin – sadəcə bir neçə nəfərin deyil, hər bir adamın – dəyəri müəyyən edilirdi. Yadında saxla, ey İsrail, siz kölə idiniz – təkcə valideynləriniz deyil, siz də. Yadınızda saxlayın, ey amerikalılar, siz öz torpağınızda zülmə və təqibə məruz qalırdınız, cinayətkar və yadelli elan edilirdiniz; yalnız bir neçə nəsil əvvəl yaşamış valideynləriniz deyil, siz də. Daha zəif mövqedə olanlar da həftənin sonunda sizə bərabərdilər və istirahətə layiqdirlər; heyvanlar da həmçinin.
İsraillilər “yadında saxla” sözünü eşidəndə bu o demək idi ki, “Başqalarının eyni vəziyyətdə səninlə necə davranmağını istəyərdinsə, sən də başqaları ilə elə davran”. Şənbə insan üçün azadlıq günü idi, şənbə ili və ya dinclik ili İsraildə borclardan azad edilmə ili idi, şənbələrin şənbəsi, Azadlıq ili isə bütün insanların hər cür köləlikdən azad edilməsi üçün nəzərdə tutulurdu.
Hesab edirəm ki, imanlılar cəmiyyətlərimizdə bu gün hələ də İsanın sözlərinin həqiqi mənası dərk edilmir: “Şənbə günü insan üçün yaradılıb” (Mark 2:27). Hələ də bu sözlərə qeyri-ciddi yanaşırıq: ya elə bilirik ki, çox mühüm əhəmiyyət kəsb etmirlər, ya da elə düşünürük ki, bu sözlər şənbənin insanın ixtiyarında olduğunu, ondan istəyimizə görə praqmatik və ya məqsədəuyğun şəkildə istifadə edə biləcəyimizi nəzərdə tutur. Ancaq “insan üçün yaradılıb” sözlərinin mənası daha böyükdür; mənası budur ki, şənbə günü insana dəyər verilir və qayğısına qalınır. İsanın şənbənin insan üçün yaradıldığını bəyan etdiyi o gün Onun şagirdləri yemək üçün sünbül toplayırdılar. Aclıq onları sünbül toplamağa vadar edirdi, çünki “şənbə insan üçün yaradılıb”. İsanın dəfələrlə şənbə günü şəfa verməsi – Onun şənbə günündə ən çox qeydə alınan hərəkəti – eyni həqiqətə dəlalət edirdi. İsa Luka 13:16-da soruşmuşdu: “İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?” Əlbəttə ki, lazım idi, Şənbə məhz bunun üçün idi – kölələrin azadlığa buraxılması üçün. Yenə də:
“Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?” Onlarsa susurdu. İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: “Əlini uzat!”” (Mark 3:4-5)
“Kölə olduğunu yadda saxla” bəndi digərlərindən təcrid edilmiş bir bənd deyildi. Qanunda bu, dəfələrlə təkrar edilirdi. “Kölə olduğunu yadda saxla” və şənbə dinclik ilində qardaşını azad et və ona öz malından səxavətlə ver; əliboş yola salma (Qan. Tək. 15:12-15). “Kölə olduğunu yadda saxla” və Həftələr bayramını təkbaşına, ya da yalnız varlı dostlarınla qeyd etmə, qəribləri, yetimləri və dulları da dəvət et (Qan. Tək. 16:9-12). “Kölə olduğunu yadda saxla” və qəribi, yetimi və ya dul qadını ədalətdən məhrum etmə (Qan. Tək. 24:17-18). Növbəti ayədə deyildiyi kimi, yenə də “kölə olduğunu yadda saxla” və əkini biçən zaman unutduğun dərzi götürmək üçün zəmiyə qayıtma; qoy o qəribin, yetimin və dul qadının olsun. Ondan sonrakı ayədə yenə deyilir: “kölə olduğunu yadda saxla” və bağının üzümlərini yığan zaman geri qayıtma; tənəklərdə qalanlar qoy qəribin, yetimin və dul qadının olsun.
Bu əmrləri icra etməyə məcbur edən heç bir dövlət orqanı yox idi. Niyə? Çünki Allah Özü hökmdar idi və bu məsələdəki üstüörtülü hədə Allahdan qorxan insanı dayanıb düşünməyə vadar edəcək qədər ciddi idi: “Əgər bir vaxtlar kölə olduğunu unudub, qəribə, yetimə və dul qadına zülm etməyə başlasan, səni köləliyinə geri qaytaracağam və hər şeyi yenidən öyrənəcəksən”. Təsəvvür edin ki, Allah onları köləliyə geri qaytardı, təkrar-təkrar dəfələrlə qaytardı.
Davam etməzdən əvvəl burada dayanıb, bir az düşünək. Məntiqlə düşünün: dünyanın başqa hər yeri sosializmin buxovlarını öz üzərindən qırıb atmaq üçün əzab çəkərkən, sosializmin əleyhindəki bütün dəlillərə rəğmən Amerika niyə onu bu cür şövqlə qəbul edir? Bunun daha yüksək, daha üstün bir səbəbi ola bilərmi? Biz liberalları günahlandırmağı sevirik. Amma bəlkə günah elə biz məsihçilərdə və ümumiyyətlə mühafizəkarlardadır? Bəlkə biz kölə olduğumuzu unudub yetimə, dul qadına… və qəribə zülm etmişik? Mədəni müharibəni niyə uduzuruq, sanki üstün bir ruhani qüvvəyə qarşı mübarizə aparırıqmış kimi, mədəniyyətdəki səylərimiz niyə əbəs görünür? Doğrudanmı düşmən İmanlılar cəmiyyətinin səylərinin və dualarının qarşısını kəsə biləcək ruhani qüvvəyə malikdir? Ya da bəlkə… sadəcə ola bilər ki, bizim əsl rəqibimiz Müqəddəs Ruhun Özüdür və Qanunu bizə, Amerika kilsəsinə qarşı tətbiq edir, çünki biz Şənbə haqqında əmri əsl mənası və niyyəti ilə pozmuşuq?
Bunu bir fikir olaraq saxlayın.
Şənbə Qanunu, əlbəttə ki, düşündüyümüzdən daha genişdir. Onu bazar günü iki saatla və ya yeddi gündən birində işləməməklə məhdudlaşdırmaq istəsək də, o, bu çərçivəyə sığmır. O, istər həmd ilahiləri oxumaq, istər oruc tutmaq, istərsə də vacib günləri və yeni ay mərasimlərini qeyd etmək və s. olsun, Allah üçün nəzərdə tutulan xidmətin və ya ibadətin hər bir ünsürünü əhatə edir. Allah hər yerdə bizə belə deyir: “Elə düşünməyin ki, Mənə sizin ayinləriniz və tamaşalarınız lazımdır. Mənə ədalət və sizdən zəif olanlara mərhəmət göstərməyiniz lazımdır.” “Mənim istədiyim orucsa, – Rəbb Allah Yeşayanın 58-ci fəslində deyir, – haqsızlığın buxovlarını qırmaq, boyunduruğun iplərini açmaq, sıxıntı içində olanları azad etmək, hər cür boyunduruğu məhv etmək deyilmi?” Şənbə gününə görə O, eyni fəsildə yenə deyir ki, istədiyinizi etməkdən çəkinin. Allah həmin fəsildə yenidən vəd edir ki, yalnız onda qədim dağıntıları yenidən tikəcəksiniz və sizə xarabalıqları bərpa edənlər deyiləcək. İndi yenə də düşünün, niyə biz mühafizəkarlar nəyisə bərpa etmək bir yana qalsın, heç nəyi mühafizə belə edə bilməmişik? Bəlkə sıxıntı içində olanları azad etmədiyimizə görə? Bəlkə bunun əvəzinə zülmə ortaq olduğumuza görə?
Bütövlükdə Şənbə Qanunu kimi, “yadda saxla” maddəsi də Müqəddəs Kitabda daha geniş məna daşıyır. O, təkcə kölə olduğunu yadda saxlamaqdan bəhs etmir. Daha konkret bir mənaya keçir. Allah keçmişi başqa bir məsələ ilə də bağlı onların yadına salırdı. Özlərinin kölə olması onların başqa insanlarla rəftarının əsasında dayanan vacib amil idi. Lakin onların başqa bir xüsusiyyəti daha var idi ki, Allah ondan da istifadə edirdi.
“Siz özünüz də Misir ölkəsində qərib idiniz, – deyə Çıxış 22:21-də Tanrı onlara xatırladırdı, – ona görə də qərib adama nə haqsızlıq, nə də zülm etməyin. Sənin üçün də, qərib adam üçün də qanun eynidir. Yadda saxlayın ki, ibranilər iqtisadi immiqrasiya nəticəsində Misirdə qəribə çevrilmişdilər. Yusifin dövründə onlar öz evlərində qalıb aclıqdan ölə də bilərdilər. Lakin ərzaq istəmək üçün Misirə gəldilər, beləliklə də Yusifə və Yusifin Allahına hörmət edən və immiqrasiya fikrinə etiraz etməyən saleh firon səbəbindən orada qalmağa dəvət edildilər. Ibranilərin Misirə gəlməsinə səbəb olan həmin aclıq bütün misirliləri fironun kölələrinə çevirmişdi. Əslində, yerli əhalinin kölə vəziyyətinə düşdüyü bir ölkədə immiqrant ibranilər azad yaşayırdılar. Bəlkə də məhz buna görə ibranilər Çıxış 1:9-da deyildiyi kimi, misirlilərdən daha qüvvətli oldular.
Amma sonra Allahın iradəsinə görə ibranilər də kölə oldular. Yaradılış 15:13-də belə yazılıb: “Rəbb İbrama dedi: Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. Ibranilərin kölə və qərib olmalarını Allah Özü planlaşdırmışdı ki, onlara ibrət dərsi versin və bu dərsi heç vaxt unutmasınlar. Allahın bəzi dərsləri baha başa gəlir! Bu yaddaş onlara həmişə xatırlatmalıydı ki, onların torpağında yaşayan qəriblər də xüsusi məhəbbət və şəfqətə və Qanun qarşısında bərabər hüquqlu müdafiəyə layiqdir.
Qanun qarşısında yad adama da doğma vətəndaşla bərabər hüquqların verilməsi bütpərəst dünyasında tamamilə yeni bir anlayış idi. Bu, sırf məsihçiliyə aid bir anlayış idi. Müasir liberal tarixçilərimiz Roma və Yunanıstanı ədalətin və sosial fəzilətin ən yaxşı örnəkləri kimi qələmə vermək üçün bir-biri ilə bəhsə girirlər. Lakin həqiqət onda idi ki, Yunanıstanın heç bir şəhər dövlətində yad bir adam bərabər hüquqlara sahib deyildi – əslində onun heç bir hüququ yox idi, vəssalam. Bir adam öz doğma şəhərinin hüdudlarından kənara çıxan kimi tamamilə müdafiəsiz qalırdı. Yad adamların taleyi o qədər acınacaqlı idi ki, Yunanıstandan sürgünə göndərilmək ölüm cəzasından daha ağır cəza hesab olunurdu. Əslində, adamlara sürgünə getmək və zəhər içmək arasında seçim verilirdi; sürgünü seçən insanlarla bağlı o qədər də çox nümunəmiz yoxdur.
Hətta yad adamlarla ünsiyyətdə olan yerlilər da öz hüquqlarını itirmək riski altında idilər. Bütün həyatını öz şəhərinə xidmətə həsr etmiş Afinanın böyük dövlət xadimi və sərkərdəsi Perikl sevdiyi qadın Aspaziya ilə evlənə bilmədi. Niyə? O, bir yadelli idi və Perikl yadelli bir qadınla evləndiyi təqdirdə qovulmaq və sürgün edilmək riski ilə üzləşəcəkdi. Halbuki bu qadın da Afinadakı hər kəs kimi yunan idi və əslində eyni etnik ailəyə mənsub idi, hətta əslən Miletdən olan İon yunanlarından idi. Lakin bu fakt belə, qədim dövrün bütpərəstləri üçün qəbul edilməz idi. Yad adamı nə qorumurdular, nə də xoş qarşılamırdılar, çünki şəhərin allahları yad adamların varlığını özlərinə qarşı təhqir hesab edirdilər.
Bir çox bütpərəst mədəniyyətlər bu gün guya sahib olduqları “ənənəvi qonaqpərvərliklə” öyünürlər. Tamamilə cəfəngiyatdır! Qonaqpərvərlik yalnız məsihçiliyin gəlişi ilə bir fəzilət halına gəldi. Qədim dünyada qonaqpərvərlik kiçicik İsrail xalqından kənarda bilinmirdi. Göstərilən hər hansı bir qonaqpərvərlik ev sahibinin şəxsi istəyindən irəli gəlirdi; lakin bütpərəst dünyasında qonaqpərvərliyə təşviq edən heç bir etik sistem yox idi.
Lakin İsraildə Allah yadların doğmalarla eyni hüquqlara malik olduğunu xüsusilə bəyan etmişdi. Allah ibrət dərsi vermək üçün bütöv bir xalqı yad ölkədə qərib olmağa məcbur etdi ki, bunu nə demək olduğunu öyrənib yadda saxlasınlar. “Yadda saxla” maddəsinə qəriblər də daxil idilər, qəriblərə zülm etməyin qadağan edilməsinin səbəbi kölələrə və cəmiyyətin zəif üzvlərinə zülm etməyin qadağan edilməsi səbəbi ilə eyni idi: “Yadda saxla ki, sən özün də qərib idin”. Dördüncü əmr qəribləri də müdafiə edirdi.
Lakin Allahın əmri bununla bitmirdi. Onun ibrani xalqından daha yüksək tələbləri var idi. Qanunun Təkrarı 23:7-də O, belə əmr edirdi:
Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz.”
Asan səslənir, elə deyilmi? Amma unutmayın, Saylar kitabının 20-ci fəslinə baxsanız görəcəksiniz ki, edomlular əslində israillilərin onların torpağından keçməyinə etiraz etmişdilər, israillilərə mane olmaq üçün də “böyük və güclü bir ordu” ilə qarşılarına çıxmışdılar. İsraillilərin özləri və sürüləri üçün su quyularına və axar çaylara ehtiyacı var idi və istifadə etdikləri suyun dəyərini ödəməyə hazır idilər. Edomlular “keçmək olmaz” deyərək və savaşmaq üçün onların qarşısına çıxaraq əslində immiqrasiya məhdudiyyətlərini İsrailə qarşı tətbiq etdilər; bu məhdudiyyətlər çox asanlıqla israillilərin susuz səhrada qırılıb məhv olmasına gətirib çıxara bilərdi. Edomluların israillilərə nifrəti çox əsrlər boyunca davam etdi. Əslində eramızın 70-ci ilində Yerusəlim son dəfə mühasirəyə alınanda Edom orduları romalıların ən qızğın müttəfiqləri idilər və hətta Roma sərkərdələri onları ibrani müdafiəçilərə qarşı barbarcasına vəhşiliklər etməkdən çəkindirməyə məcbur olurdular. Edomun İsrailə nifrəti bu qədər güclü idi.
Musanın dinləyicilərinin Edomun işlərindən xəbəri vardı, çünki onlar edomluların nifrətinə görə susuz səhrada kilometrlərlə yol getməyə məcbur qalan uşaqlar olmuşdular. Misirlilər isə israilliləri köləyə çevirən həmin o xalq idi. Bütün bunlara baxmayaraq, Allah əmr edirdi: “Onlara ikrahla yanaşmayın, qərib olduğunuzu yadda saxlayın”. Yadellilər nəinki bərabər hüquqlu müdafiəyə və hörmətə layiq idilər, hətta İsrailin ən qatı düşmənlərinin nümayəndələrinə də qərəzsiz yanaşılmalı və nifrət edilməməli idi.
İndi isə gəlin burada bir az dayanıb fikirləşək: bu əmrin siz texaslılar üçün ciddi əhəmiyyətini başa düşürsünüzmü? Yoxsa “meksikalı texaslılar” deməyim daha yaxşı olardı? Keçmişə dönün və yadınıza salın, siz də özgəsinin torpağında qərib olmusunuzmu? İsraillilər misirlilərin torpağında qərib olduqları kimi, siz də torpağında qərib olduğunuz meksikalılara ikrahla yanaşmağa cəsarətiniz varmı? Elə düşünürsünüz ki, Allah bu əmri təkcə israillilərə verib və sizə yoxdur? Allahın əxlaq prinsiplərinin əbədi olmadığını və bütün bəşəriyyətə aid olmadığını düşünürsünüz? “Alamonu xatırla” kəlmələrini dilinizə gətirərkən ürəyiniz dərinliyindəki düşüncə nədir? Bu düşüncə – qərib ikən sizinlə pis davranıldığını xatırlayıb, buna görə meksikalılara hörmətlə yanaşaraq qarşılıqlı inamsızlıq və nifrət zənciri qırmağa, Allahın Qanununu və sülhünü bərqərar etməyə təşviq edən Müqəddəs Kitab düşüncəsidirmi?
Yoxsa general Santa Ananın sizin barənizdə istədiyinin eynisini siz də meksikalılar üçün istəyirsiniz: divarlar, tikanlı mıftillər, pulemyotlu qüllələr, silahsız insanlara atəş açan hərbi helikopterlər, qorxu və düşmənçilik?
Məsələ meksikalılara gəldikdə, siz Müqəddəs Kitabın nəzərdə tutduğu kimi Allahın Qanununa riayət edən məsihçi olursunuz? Yoxsa sizə yad olan hər şeyə qarşı nifrət və qorxu ilə korlaşan barbar bütpərəst olursunuz?
“Çünki qərib olmusunuz” sözlərinə Allahın Qanununda o qədər çox rast gəlinir ki, hamısını əhatə etməyə vaxtımız çatmaz. Qərib olmaq anlayışı özü mühazirələr silsiləsində müzakirə edilməyə layiqdir. Lakin Müqəddəs Kitabın immiqrasiya ilə bağlı siyasətini başa düşməyimiz üçün əvvəlcə başa düşməliyik ki, şənbəni qorunması haqqındakı Dördüncü əmr zülmə qarşı xəbərdarlıq idi – burada ailəmizin və cəmiyyətimizin daha zəif üzvlərinin zülmə məruz qalması, idarəmiz altında olan kölələrə qarşı zülm və qəriblərə edilən zülm nəzərdə tutulur.
Qanunun bu prinsiplərini nəzərə alsaq, Allahın Qanununda immiqrasiyanı məhdudlaşdıran heç bir əmrin olmaması bizi təəccübləndirməməlidir. Belə bir şey mümkün deyildi. Belə bir əmr Allahın Qanununun bütün xarakterini pozardı, xüsusilə də “yadda saxla” bəndini: “Kölə olduğunu yadda saxla; qərib olduğunu yadda saxla”. Heç bir cinayət işlətməmiş bir adamın hərəkət azadlığını sadəcə əcnəbi olduğu üçün məhdudlaşdırmaq, yad adamla doğmalardan daha sərt davranmaq olardı. Bu, qanuna zidd, şər, əxlaqsız və tamamilə məsihçiliyin əleyhində davranış olardı. Bu, cəmiyyətin daha zəif üzvlərinə zülm demək olardı. Bu, Amerikanı… eh, mən İsraili nəzərdə tuturam… qədim dövrün barbar bütpərəst xalqlarının səviyyəsinə endirərdi. İsrailin sərhədləri bağlamağına, padşahın isə yad adamların sərhəddən keçidinə nəzarət edən çoxlu bürokrata sahib olmağına icazə verilmirdi.
Bir insanın başqa bir yerə köçməsi və məskunlaşması qərarı tamamilə özünə aid idi; Allah mülki hökumətə icazə vermirdi ki, müəyyən sinif insanların İsrailin ərazisinə və iqtisadi həyatına daxil olmasına mane olsunlar. Qenizli Kalev, xetli Uriya, filiştli Oved-Edom (Qolyatın həmvətəni, daha sonra məbəddə ilahiçilərin rəhbəri), moavlı Rut və saysız-hesabsız başqa yadellilər İsrailə gələ və oradakı imkanlardan faydalana bilmişdilər. Bəziləri İbrani ailələri tərəfindən övladlığa götürülə və torpaq sahibi olmaq haqqı qazana bilirdilər. Sünnət olmaq və İsrailə qoşulmaq qərarı verənlər bir neçə nəsil sonra siyasi hüquqlar əldə edə bilirdilər. Başqaları bütpərəst qalmağa davam edə və hətta evlərinin hüdudları içərisində öz bütlərinə sitayiş edə bilirdilər; ibadətləri ictimai şəkildə baş vermədiyi müddətcə hökumətin müdaxiləsindən azad idilər.
Fərdi hüquqlara gəldikdə isə, qərib üçün də, doğma üçün də bir qanun olmalı idi. Heç bir pasport, sərhəd yoxlaması, insanların hərəkətinə nəzarət etmək üçün geniş dövlət aparatı, fərdi biznesləri öz işçilərinin “qanuni statusunu” təsdiqləmək üçün vəsait xərcləməyə məcbur etmək, immiqrasiya böhranı, yerli biznesləri əcnəbilər əvəzinə yerli sakinləri işə almağa məcbur etmək və buna bənzər şeylər yox idi. Yalnız siyasi seçki hüququnun əldə edilməsi məhdudlaşdırılırdı; torpağa, bazara və əmək bazarına giriş isə qeyri-məhdud idi.
Beyinləri yuyulmuş müasir məsihçilərimizə və mühafizəkarlarımıza belə təklif çox ifrat səslənir. İsrail ətrafındakı bütün bu yuyunmamış meksikalılardan öz mədəniyyətini necə qoruyacaqdı? Özündən daha böyük dövlətlərlə əhatə olunan, quru yolları hər yerə aparan, mərkəzləşmiş dövləti olmayan, polisi olmayan, Daxili Təhlükəsizlik Nazirliyi olmayan kiçik millət İsrail var idi və Allah onlara immiqrasiyanı məhdudlaşdıran qanunlar verməyi unutmuşdu? Axı ətrafdakı mədəniyyətlər daha böyük idilər və şüurlu şəkildə bütpərəst və İsrailin dininə düşmən idilər. Aman Allahım! Bu gün Amerikada 300 milyon insan yaşayır, indiyə qədər mövcud olmuş ən qüdrətli millətdir, iki okeanla qorunur, mədəniyyətin uğurunun dünyaya ən bariz nümunəsidir, amma biz bir neçə min miqrantı görəndə təlaşa qapılırıq. Allahım, Sən kiçicik İsrail millətini immiqrasiya qanunları olmadan necə qorumağı düşünürdün? (Açıq sərhədlərin müasir nümunələrindən biri İsveçrə ola bilər. Dünyanın ən yaxşı qorunan mədəniyyətində sərhəd patrulları yoxdur.)
Əri döymüş arvadı it də tutdu bir yandan. Allah nəinki onlara immiqrasiyanın məhdudlaşdırılması haqqında qanun verməmişdi, həm də immiqrantların deportasiyasını faktiki olaraq qadağan etmişdi. Edomlulara və misirlilərə ikrahla yanaşmağı israillilərə qadağan edən eyni fəsildə, Qan. Tək. 23-cü fəslin 15 və 16-cı ayələrində aşağıdakı əmr verilmişdi:
Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın. Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin.”
İsrail nəinki immiqrasiyanı məhdudlaşdıra bilməzdi, həm də immiqrantları deportasiya edə bilməzdi. Müqəddəs Kitabın dağın zirvəsində parlayan şəhər kimi olan İsrail prinsipi dəqiq tətbiq edilməli idi. “İsrailə gəlin, – Qanun deyirdi, – və azad olun.” Dünyada hər bir əcnəbinin əsl evini və dinclik tapa biləcəyi yeganə yerə gəlin.
Qullar haqqındakı bu xüsusi qanunun əhəmiyyətini anlaya bilmək üçün qədim dünyanı anlamalıyıq: bütpərəst ölkələrində ən böyük qul sahibləri adətən siyasi və hərbi gücə malik adamlar olurdu. Qulları daha çox hərbi ekspedisiyalarda əldə edirdilər və qənimətin ən böyük payını bu dünyanın güclüləri götürürdülər. İsrailin bir qulu öz əcnəbi bütpərəst ağasına qaytarmaqdan imtina etməsi o demək idi ki, o qulun ağası öz dövlətinin hakimiyyətini – ya da özü hakimiyyətdə ola bilərdi – İsraillə müharibəyə təhrik edə bilərdi.
Bu qanun İsraildə sığınacaq tapmaq qərarına gəlmiş hər bir qul uğrunda İsrailin beynəlxalq münaqişəyə girməsinə konkret şəkildə yol aça bilərdi. Allahın vecinə də deyildi. O Öz fikrini dəqiq və aydın şəkildə bildirmişdi: yanınıza qaçan qulu nəinki deportasiya edə bilməzsiniz, həm də onun azad olmasına və öz istədiyi yerdə məskunlaşmasına icazə verməlisiniz. Əgər hər bir qul uğrunda müharibə etməniz lazım gələrsə, hər bir qul uğrunda müharibəyə girəcəksiniz. Çünki yadda saxlayın ki, siz qərib və kölə idiniz və ona görə də Mənim gözümdə saleh sayılmaq üçün qəribi və köləni qoruyub müdafiə edəcəksiniz. ABŞ-ın yaranmasından 3 min il əvvəl Allah başqa bir ölkəyə əmr etmişdi ki, dünyaya bəyan etsinlər:
Yorğunlarınızı və yoxsullarınızı,
Sərbəst nəfəs almaq arzusu ilə sıxışmış kütlələrinizi,
Qaynaşan sahillərinizin miskin tullantılarını mənə verin.
Bunların hamısını, evsizləri, fırtınada sovrulanları mənə göndərin:
Çırağımı qızıl darvazanın yanında qaldırıram.”
Bu sözlər haradandır? Azadlıq Heykəlindən. Bu gün Amerika bu Müqəddəs Kitab prinsipinə nə qədər uyğun gəlir? Xatırlatmaq istəyirəm: 1930-cu illərdə immiqrasiya məhdudiyyətlərinə görə minlərlə almaniyalı yəhudinin ABŞ-a girişi rədd edilmişdi. Amerika kilsəsi isə buna səssiz qalmışdı. Bu gün də həmin Amerika kilsəsi əlavə immiqrasiya qadağalarının, insanların hərəkətini məhdudlaşdırmaq üçün əlavə dövlət səlahiyyətlərinin, hətta sərhəd xəttində əli silahsız adamlara atəş açmaq üçün pulemyotlar və hərbi helikopterlər kimi radikal ölümcül vasitələrin olması üçün israr edir. Kim bilir neçə məsihçi qardaşımızı immiqrasiya qanunlarımızın köməyi ilə bütpərəst ağalarına geri qaytarmışıq? Kim bilir övladlarını dolandırmaq üçün qazanclı iş axtaran neçə ləyaqətli kişini və qadını yoxsulluğa, səfalətə, qaranlığa və cəhalətə geri qaytarmışıq?
İcazənizlə bir sual verim: bəlkə bu gün Amerikanı faşizm səbəbi ilə ona görə itiririk ki, Allahın Kəlamını bu məsələ ilə bağlı araşdırmamışıq və kilsə olaraq faşistlərin tərəfini tutmuşuq, ola bilərmi? Bəlkə biz barbar bütpərəstlər kimi davranıb, qəriblərlə pis rəftar etdiyimizə və onlara zülm etdiyimizə, şər immiqrasiya qanunlarını dəstəklədiyimizə görə Allahın hökmünə düçar oluruq, ola bilərmi?
Hüquqi nöqteyi-nəzərdən dövlətin insanların hərəkəti üzərində sərhəd nəzarəti qoyması o demək olacaq ki, mülki hökumət özünü Allahın insanların rifahı üçün çalışan xidmətçisi deyil, torpağın sahibi elan edir. Lakin Qanun torpağı hökumətə verməmişdi, ailələrə vermişdi. Əgər doğrudan da hansısa “immiqrasiya nəzarəti” mövcud olmalı idisə, bunu həqiqi torpaq sahibləri, yəni ailələr təşkil etməli idi. Bir ailə yad adamları sevməyə bilər, başqa bir ailə onları işçi olaraq və hətta övladlıq olaraq xoş qarşılaya bilər. Boaz nökərlərinə xüsusilə əmr etmişdi ki, moavlı immiqrant Rut üçün daha çox başaq saxlasınlar. Bu əcnəbi immiqrantın onun torpağından faydalanıb faydalanmayacağına hansısa hökumət deyil, o özü şəxsən qərar verməli idi. İsrail xalqı özlərinə padşah istəyəndə Şamuelin onlara xəbərdarlıqlarından biri o idi ki, padşah onların tarlalarını əllərindən alacaq. Həqiqətən də, zalım padşah Axav günahsız bir adamı öldürdü ki, mülkünü ələ keçirsin.
Bu gün məsihçilər çox az başa düşürlər ki, immiqrasiya üzərindəki səlahiyyəti mülki hökumətə vermək mülki hökuməti torpağın sahibi elan etmək deməkdir. Doğrudan da immiqrasiyanın məhdudlaşdırılmasının lehinə göstərilən səbəb “Kiminsə arxa həyətimə girməsinə mane ola bilərəmmi?” sualıdır. Sonra isə deyirlər ki, mülki hökumət insanların ştatlara daxil olmasının qarşısını ala bilərlər. Bəli, bunu edə bilərsən. Amma ay axmaq, torpaq dövlətin arxa həyəti deyil! Çünki torpağın dövlətin arxa həyəti olduğunu bəyan etsəniz, onda dövlət torpağı əlinizdən alanda şikayət edə bilməyəcəksiniz. ABŞ-da immiqrasiya məhdudiyyətləri dövrünün həm də qanuni ekspropriasiya[1]Hökumətin şəxsi mülkü müsadirə edib, ictimai istifadəyə çevirməsi. – tərcüməçinin qeydi. hüquqi prinsipinin həyata keçdiyi dövr olduğuna təəccüblənməyə dəyərmi? Əgər hökumətin əcnəbilərə qarşı torpağın sahibi kimi hərəkət etməyini istəyirsinizsə, onda növbəti addım olaraq onun torpağın sahibi kimi sizə qarşı hərəkət etməyini gözləyə bilərsiniz. Allaha istehza edilməz. Bu, sizə çox baha başa gələr. Əcnəbilərlə necə rəftar etsəniz, sizinlə də elə rəftar edəcəklər.
Bəs Müqəddəs Kitabda sərhədlər yox idimi? Məgər qədim dünyada dövlətlər arasında siyasi sərhədlər yox idimi? Əgər var idisə, sərhədlərin təhlükəsizliyinə dövlət cavabdeh deyildimi?
Var idi. Lakin burada da bizlər məsihçilər olaraq Müqəddəs Kitabın nəzərdə tutduğu məsihçilər kimi düşünə bilməmişik və sərhədlərlə bağlı mahiyyətcə bütpərəst, məsihçiliyin əleyhində olan bir anlayışı qəbul etmişik.
Müqəddəs Kitabda sərhədlər ayrı-ayrı fərdlərə mane olmaq və ya mülki hökumətə insanların hərəkətinə nəzarət etmək üçün daha çox səlahiyyət vermək məqsədi güdmürdü. Sərhədlər əslində mülki hökumətin səlahiyyətlərini və coğrafi əhatəsini məhdudlaşdırmaq üçün təyin edilmişdi. Sərhədlər fərdləri məhdudlaşdırmaq üçün müəyyən edilməmişdi, hökumətləri məhdudlaşdırmaq üçün qurulmuşdu. Artıq gördük ki, ağasından qaçan qul İsraildə məskunlaşıb, öz bütpərəst ağasının ölkəsinin qanunlarından müdafiə oluna bilərdi. İsraildə yerli şəhər hakimiyyətlərinin həcmi məhdud olurdu; əgər bir adam öz şəhərinin məhkəmələrində ona qarşı ədalətli davranılmayacağını düşünürdüsə, başqa bir şəhərə qaça bilərdi. Bilmədən adam öldürən kəsləri mərhumun qohumlarının qəzəbindən qorumaq üçün sığınacaq şəhərlər yaradılmışdı; beləcə, məhkəmə təqibinin hüquqi səlahiyyətləri sığınacaq şəhərlərinə keçirdi ki, bu da digər mülki hökumətlərin səlahiyyətlərini məhdudlaşdırırdı (Saylar 35).
Müqəddəs Kitabın sərhədlər prinsipi belə idi: fərdlər sərbəst şəkildə hərəkət edə bilərlər, hökumətlər üçün məhdudiyyət var. Eyni prinsip milləti yadelli işğalçılardan qoruyurdu: çünki yadelli işğal əcnəbi bir dövlətin öz sərhədlərini aşdığını göstərirdi. Müasir Amerika məsihçiliyinin axmaqlığını immiqrasiya ilə işğalın fərqini ayırd edə bilməmək qədər aydın göstərən çox az şey var; fərq isə göz qabağındadır; biri – ayrı-ayrı fərdlərin hərəkətidir, yəni qanuni və yol veriləndir, digəri isə – hökumətin öz sərhədlərini aşmasıdır.
Lakin bu gün Müqəddəs Kitabdakı “sərhəd” anlayışını tərsinə çevirmişik: hökumətimizin dünyadakı istənilən sərhədi aşmaq hüququ olduğuna inanırıq və başqa ölkələrə soxulan dünyanın hər yerində dinc vətəndaşları öldürən hökumətimizi dəstəkləyirik. Biz həm də insan azadlığını məhdudlaşdıran qanunları dəstəkləmişik! Sonra isə təəccüblənirik ki, niyə həmin hökumət öz daxilində sərhədlərini aşır və bizim azadlığımızı məhdudlaşdırır? Məsihçilər olaraq, kilsə olaraq və mühafizəkarlar olaraq, bunun təqsirkarı biz özümüzük. Bunu bizə liberallar deyil, özümüz etmişik, çünki Müqəddəs Kitab həqiqətləri haqqında məlumatsızıq, mülki hökumət, sərhədlər və immiqrasiya məsələlərində bütpərəst, məsihçiliyin əleyhinə olan anlayışları və ideologiyaları həvəslə qəbul edirik.
Bu mövzuda daha çox şey söyləmək olar, çünki immiqrasiya məsələsi Müqəddəs Kitabdakı bir çox başqa etik məsələlərlə bağlıdır. İqtisadi artımla, maliyyə-kredit siyasəti ilə, uşaqlar və abortla, təhsil və s. ilə bağlıdır. Bütün bunlara əhatə etmək üçün bizə ən az bir kitab lazımdır. Son iyirmi ildə əcnəbilər və immiqrasiya ilə bağlı qəbul etdiyimiz saxta ideologiyalardan qurtulmağımız və əcnəbilərə tamamilə Müqəddəs Kitaba əsaslanan, məsihçiliyə uyğun, saleh münasibətə dönməyimiz üçün uzun illər lazım ola bilər. Bu gün sahib olduğumuz “immiqrasiya” böhranına Müqəddəs Kitaba əsaslanan həll yolunu tələb etmək üçün də uzun zaman lazım ola bilər. Bu həll yolu isə belədir: Hökuməti immiqrasiya məsələsindən kənarlaşdırmaq və həm doğmaların, həm də yadların azadlığını müdafiə etmək.
“Qonaqpərvər olmağı da unutmayın, – İbranilərə Məktub 13:2-in müəllifi deyir, – çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.” Bizim Müqəddəs Kitabımızda “qonaqpərvərlik” yazılıb, lakin yunanca qonaqpərvərlik mənasında əslində “filokseniya” sözündən istifadə olunub və dəqiq mənası yad adamlara sevgidir. Ah, o mələklər heç vaxt meksikalı cildində gəlməyəcəklər, elə deyilmi? Biz, Amerika kilsəsi isə hökumətimizdən yadlara qarşı nifrəti qanuniləşdirməyi, azadlığını əllərindən almağı və onlara qarşı ədalətsiz olmağı tələb edərək, bəşəri qanunların Allahın Qanunundan üstün olmasını istəmişik.
“Ey lənətə gəlmişlər, çəkilin önümdən, – İsa Hökm günündə deyəcək, – çünki qərib idim, Məni qəbul etmədiniz” (Mat. 25:43). Bu xüsusi məsələdə biz kilsə olaraq Məsihə yalnız sözdə xidmət etmişik, amma eyni zamanda da hökumətimizin qəribləri qovmasını tələb etmişik. Sonra isə təəccüblənmişik ki, niyə İsa Amerikanı dirçəltmək cəhdlərimizə xeyir-dua vermək üçün yanımızda deyil! Onun burada olmamağının səbəbi bizim immiqrasiya qanunlarımıza riayət etməsi ola bilərmi? Bəlkə O, həmin deportasiya edilmiş yad adamlardan biridir? Sizə elə gəlir ki, İsa bu gün vətənpərvər doğma amerikalı olardı, sizi sınağa çəkmək üçün Özünü sizə yad adam kimi təqdim etməzdi. Ola bilərmi ki, biz qəriblərlə bağlı həqiqi məsihçi irsimizdən imtina edib, düşmənin ideologiyasını tamamilə mənimsəyərək Amerikanın taleyini həll etmişik? Ola bilərmi ki, biz “müjdəçilik”, “Müjdənin təbliği” və “missiyalar” haqqında ikiüzlü şəkildə boşboğazlıq etmişik, amma Allah müjdəni təbliğ etmək üçün insanları qapımızın kandarına qədər gətirəndə deportasiya edilmələrini və ya güllələnmələrini tələb etmişik?
Bəs ABŞ-da artan totalitarizmin səbəbi daha çox bizim öz korluğumuz, mülki hökumətə fərdlər üzərində Allahın əsla vermədiyi səlahiyyətləri verməyimiz ola bilərmi?
Almaniyada nasistlərin yəhudiləri konsentrasiya düşərgələrinə göndərmək üçün istifadə etdikləri dəmir yollarının yaxınlığında yerləşən kilsənin hekayəsini hamımız bilirik. Kilsə öz mənasız ayinlərini icra etmək üçün hər şənbə günü itaətkarlıqla toplanırdı. Qatar keçəndə və qatardakı adamlar kilsəyə gələnlərin diqqətini çəkmək üçün qışqıranda kilsə ilahilərini daha uca səslə oxuyurdu ki, qışqırıqları basdırsın. Bu, Şənbəni qorumaq deyildi. Şənbəni qoruyurmuş kimi göstərib, kobud şəkildə pozurdu. Bu, əxlaqi cəhətdən insanı xilas etdiyinə iddia edərkən onu öldürməyə bərabər idi.
Kifayət qədər lənət hissi doğurur, elə deyilmi? Yenə də, dərindən düşünsək, bu insanlar qorxu ilə hərəkət edirdilər. Onlar qəddar bütpərəst rejiminə qarşı çıxmırdılar, amma ən azından onunla fəal əməkdaşlıq da etmirdilər. Münaqişəli, təhlükəli vəziyyətdə adamın cəsarətini itirməsi və sadəcə passiv bir şəkildə uzanıb gözləməsi başa düşüləndir.
Bunu açıq və cəsarətlə danışmaqda heç bir təhlükə olmayan müasir Amerika kilsəsi ilə müqayisə edin. Biz bütpərəst rejimin şər qanunları ilə sadəcə passiv şəkildə boyun əyməmişik, əksinə bu qanunları fəal şəkildə dəstəkləmişik və daha da amansız, məsihçiliyin əleyhinə olan siyasətlər tələb etmişik. Sonra isə gözləyirik ki, dünyanın qul və qəriblərinin öz konsentrasiya düşərgələrinə geri qaytarılmalarını dəstəkləməyimizə baxmayaraq, Allah bizim öz ayinlərimizdən və Bazar günü tamaşalarımızdan razı qalsın. Elə bilirik ki, Şənbə əmrinə riayət edirik; lakin həmin əmrin bizə söylədiklərini rədd edirik: “Sizin əcdadlarınızın bu ölkədə immiqrant olduqlarını unutmayın (və bəziləri qeyri-qanuni gəlirdilər; əslində, əksəriyyəti qeyri-qanuni idi!), buraya zülm ölkəsindən gəlmişdilər ki, hər kəs üçün azadlıq və ədalət tapsınlar.”
Həqiqi Müqəddəs Kitab dünyagörüşünə və immiqrasiya ilə bağlı həqiqi Müqəddəs Kitab mövqeyinə geri qayıtmağın vaxtıdır. Biz məsihçilərin aldığımız yalanlardan imtina etməyinin, mülki hökumətdən immiqrasiya işindən tamamilə əl çəkməyi və insanların yaşamasına icazə verməyi tələb etməyinin vaxtı gəlib çatmışdır.
Biz məsihçilərin həm doğmalar, həm də yadlar üçün, “hamı üçün qanun bir olacaq” əmrini eşitməyinin vaxtı gəlib çatmışdır. Liberal siyasətçilər tərəfindən bizə aşılana qorxularımızla idarə oluna bilmərik; Allahın Qanunundan və onun müddəalarından ciddi şəkildə yapışmalıyıq. Heç vaxt nə sağa, nə də sola dönməməliyik.
Bunsuz biz nəinki məsihçi dünyasını bərpa etmək, heç qoruyub saxlamağa ümid edə bilmərik. Qoy Allah bizə Onun Kəlamını qəbul etmək və ona itaət etmək lütfü versin.
Orijinal ingiliscə mətni və audio vəsaiti aşağıdakı linkdən əldə edə bilərsiniz:
https://reconstructionistradio.com/immigration-series-session-1-immigration-sabbath/
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/
Qeyd
↑1 | Hökumətin şəxsi mülkü müsadirə edib, ictimai istifadəyə çevirməsi. – tərcüməçinin qeydi. |
---|