Heç kimin qanına bais olmamaq üçün Paulun nümunəsinə görə davranmalıyıq: Allahın bütün iradəsini çəkinmədən bəyan etməli (Həv. İş. 20:26-30) və yerinə yetirməliyik (Zəb. 103:18, Mat. 5:19, Yaq. 1:22-23). Bu isə Müqəddəs Kitabın altmış altı kitabının hamısında Allahın açdığı həqiqəti dərk etməyi tələb edir. Əfsuslar olsun ki, bu gün məsihçiliyə etiqad edənlər arasında daimi uşaq bağçası sindromu[1]Martin G. Selbrede, “The Perpetual Kindergarten,” Faith for All of Life May-June 2007, 14-19. https://chalcedon.edu/magazine/the-perpetual-kindergarten –– Martin G. Selbrid, … Continue reading mövcuddur və ümumiyyətlə, hamımız Əhdi-Ətiqdən bixəbərik, bu səbəbdən həlledici mövzularda bu məsləhətdən faydalanmağa yetərincə hazır deyilik. Bu cür ilahiyyat kəsiri pozğunluğu bütövlükdə mədəniyyətə ciddi zərər verdiyi qədər imanlılar cəmiyyəti daxilində də fəsadlar doğura bilər. Cəhalət – səadət deyildir.
Allahın qanununun məqsədlərindən biri – şərin qarşısını almaqdır. Allahın müəyyən davranışlara qarşı gördüyü tədbirlər zərərin çərçivəsini məhdudlaşdırır, mümkün olduğu hallarda isə problemin həllini və zərərin təzminatını təmin edir. Xüsusilə də, Allahın qanunu istismardan azadlıq və zülmdən qurtuluş üçün əsas yaradır. Ruhani hakimiyyətə sahib olanlardan irəli gələn istismar halları ilə bağlı Allahın gördüyü başlıca tədbir vəzifədən birdəfəlik uzaqlaşdırmaqdır. Müqəddəs Kitabın təyin etdiyi bu cəzanın əksər hallarda tətbiq edilməməsi – qurum mexanizmi tərəfindən əzilən saysız-hesabsız qurbanlar üçün sözlə ifadə edilməyəcək böyük iztirablar dünyasına gətirib çıxarır, onlara dəymiş zərərin təzminatı ödənilməsin və yenidən bərpa olmasınlar deyə, bu mexanizmlər əllərindən gələni edirlər.
Paulun özünün təmizliyi haqqındakı bəyanatının ilkin konteksti Allahın sürüsündəki qoyunlara və onların Paulun bu sözləri ünvanladığı nəzarətçilərlə münasibətlərinə aiddir:
Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam. Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən canavarlar aranıza soxulacaq. Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq.” (Həv. İş. 20:26-30)
Burada nəzarətçilərin vəzifəsinin (bütün sürünü bəsləmək) sonradan gələn rəhbərlərin (sürüyə rəhm etməyən) davranışları ilə təzad təşkil etdiyini görürük. Kədər gətirən çobanlar, çox güman ki, nəzarətçilər arasından çıxacaqdılar. Sürünü yanlış yola çəkəcək və onlarla pis davranacaq çobanların vəziyyəti o qədər ciddi idi ki, Paul bu xəbərdarlığı üç il boyunca təkrarlamışdı (31-ci ayədə təsdiqləndiyi kimi). “Başçılıq etməyi sevən” və onun istəklərini yerinə yetirməyənləri cəmiyyətdən qovan Diotreflə həvari Yəhyanın arasındakı mübarizə (3 Yəh. 9-10) bu problemin miqyasının nə qədər böyük olduğunu göstərir.
Roma-katolik kilsəsinin bəlasına çevrilmiş istismar hallarından və sonra bu halların ört-basdır edilməsindən, demək olar ki, hamının xəbəri vardır. Rüsvayçı davranışlarla bədnam olmuş keşişləri səssizcə heç bir şeydən xəbəri olmayan yeni icmalara göndərirlər, istismar halları isə çox vaxt orada da təkrarlanır. Amerikadakı müasir müjdəçiliyin əlində ad çıxarmış istismarçıların siyahıları vardır, onlar ifşa olunduqları zaman öz tərəfdarları qarşısında göz yaşları tökərək təqsirlərini etiraf ediblər (kürsü arxasından və ya telekamera vasitəsilə, yaxud da hər ikisi ilə).
Demək olar ki, bütün hallarda müjdəçiliyin gördüyü başlıca tədbir rəhbərin əvvəlki xidməti vəzifəsinə yenidən bərpa edilməsi olmuşdur. Məsuliyyətə geydirilən don isə sürünü qorumaq adı altında xidməti qorumaqdır. Bağışlama və bərpa ilə bağlı ikili prinsiplərdən mütləq şəkildə istifadə olunur, dəlil olaraq isə çoxsaylı ayələrdən (bütovlükdə bu iki prinsipi dəstəkləyən) misal göstərilir, elə bil, bu ayələr təkcə icma üzvlərinə deyil, öz vəzifələrini yanlış icra edən rəhbərlərə də aiddir. Lakin əgər Allahın fikrini bütövlükdə nəzərdən keçirsək, qarşımızda tamamilə başqa bir mənzərə açılacaqdır: yalnızca məhz bu məsələ ilə bağlı iradəsinin dəyişməzliyini təsdiqləmək üçün Öz həyatına and içən Allah gördüyümüz qeyri-adi bir mənzərə.
Öz sürüsündən bir kimsəyə zərər vermiş çobanlarla bağlı Allahın birbaşa iradəsi Əhdi-Ətiqin çətin anlaşılan kitabının ortasında olduğuna görə, bunu bilən cəmiyyətlər azdır. Bu barədə bilən cəmiyyətlər arasında onu tətbiq etmək istəyənlərin sayı isə daha da azdır. Nəticədə, bu gün istismardan azadlığı görə bilmirik. Ən yaxşı halda, üzdən çox saf niyyətli görünsə də, təkcə istismarçının azadlığı üçün işləyən bir mexanizm görürük. Bu hələ də o rəhbərin əlinin altında olan qoyunlara dəymiş zərəri əksər hallarda artırır.
Əhdi-Ətiqi dərindən araşdırmağa başlamazdan əvvəl, məsihçi bir liderin zərər çəkmiş tərəfə qarşı istismarçı davranışının dəhşətli təbiətini xüsusilə yada salmalıyıq. Bütün bu cür liderlərin tərəfdarları onlara çox inanırlar: onların hər birini Allahın işini icra edən və heç bir məzəmmətə layiq olmayan Allah adamı kimi görürlər. Sürü öz çobanına və onun səlahiyyətinə heyranlıqla baxır. Buna görə də istismar baş verdiyi zaman zərərçəkənin Allahla münasibətləri, əksər hallarda, ölümcül yara alır. Güclü lideri ifşa etməyə cəsarəti olan zərərçəkənlərə, əksər hallarda, bu çox baha başa gəlir: liderin tərəfdarlarının sayı həmrəyliklə artarkən, bu şəxsləri daha çox tənhalığa məruz qoyurlar. Zehni pozan, iş qabiliyyətini əlindən alan depressiya və post-travmatik stres sindromu bu cür zərərçəkənlər arasında adi bir haldır. Ruhani rəhbərin istismarına məruz qalmış zərərçəkənin intihar etdiyi halların sənədləşdirilmiş dəlilləri mövcuddur, çünki kilsə icmasının mövqeyi də onların əleyhinə olur[2]In a particularly notorious example when such statistics were first being recorded, one Mrs. Marcia Bezak hanged herself a week before her testimony against a minister was proven to be true. It … Continue reading. Paul bu vəziyyətlərdə adı hallanan liderlərin sürüyə rəhm etməyəcəyini təsdiqləyirdi. Belə liderləri dəstəkləyənlərin də öz rəhbərlərinin sürüyə qarşı etinasızlığında payları vardır.
Qahmar çıxma sistemi
Artıq bir neçə ildir ki, böyük bir kitab layihəsi üzərində əməkdaşlıq edirəm. Bu layihə təxminən on il bundan qabaq, tanınmış (və hələ də fəaliyyət göstərən) bir missionerin zərərçəkəni cinsi istismar cəhdindən sonra başladıldı. Baş vermiş hadisə öz-özlüyündə nə qədər pis olsa da, daha sonra məsələnin həllinə cəlb edilmiş cəmiyyətlərin, məsləhətçilərin, kilsələrarası təşkilatların müdaxiləsi ilə hər şey daha da pisləşdi. Mənim öhdəmə düşən vəzifələrdən biri – zərərçəkənin hazırladığı tam sənədləşdirilmiş dəlillər üzərində işləmək və bu iyrənc təfərrüatlar yığını arasından əsas vacib olanlarını seçib önə çıxarmaq idi.
Hadisədən zərər çəkən tərəf tənbəllik etməyərək, din xadimləri tərəfindən istismar məsələsinə dair ümumilikdə 27 949 səhifəlik 121 kitab alıb oxumuşdu. Əlavə edilmiş şəkildə qalaq-qalaq kitabları görə bilərsiniz. Bu kitablardan başqa, zərərçəkmiş böyük əmək sərf edərək, bir neçə min səhifədən ibarət jurnal nüsxələrinin xülasələrini çıxarmışdı. Bu bir nəfər, demək olar ki, bu sahədə iki və bəlkə də üç doktorluq dərəcəsi almağa bəs edəcək qədər material araşdırmış, yazmış və redaktə etmişdi. İstifadə edilən mənbə problemi kifayət qədər açıqlayırdı, lakin zərərçəkən Doktor R.C.Raşduninin əsərləri ilə tanış olana qədər heç bir real həll yolu görünmürdü. Çünki istisnasız olaraq hər kəs ya Allahın Qanununa zidd, ya da humanist fərziyyələri qəbul edirdi.
Zərərçəkənin özünün yaşadığı təcrübə – bir kimsə bu xarakterli bir hesabatla irəli çıxdığı zaman mütəmadi şəkildə tətbiq olunan müxtəlif tanış fəndlər idi. Zərərçəkmiş hadisə ilə bağlı kilsələrlə, kilsələrarası təşkilatlarla və məsləhətçilərlə 58 həlledici görüşdə (ayda 6,5 görüş) iştirak etmişdi. Bu görüşlərin nəticələrinin əhəmiyyətini başa düşmək üçün zərərçəkmişə qarşı ədaləti pozmaq məqsədilə istifadə edilən səkkiz əsas fəndin hər birinə ad verən əlbirlik lüğətini öyrənməlisiniz. Həmin 58 sənədləşdirilmiş görüşdə baş verən hər şeyin sistemli xarakterini başa düşəsiniz deyə, bu fəndlərin hər birini nəzərdən keçirəcəyik.
İlk üç fənd adlarından bəllidir: Məsələni inkar etmək; Məsələyə laqeyd qalmaq; Məsələni əhəmiyyətsizləşdirmək. Digər beş fənd üzərində bir qədər artıq işləmək lazımdır. Mən bu fikirləri yaxşı bilinən bir mənbədən[3]See http://www.takecourage.org/defining.htm for the original formulation by Dee Miller. While I disagree with Ms. Miller on causes and cures, I believe her work on the dynamics of collusion is … Continue reading mövzumuza uyğunlaşdırdığıma və daha aydın olsun deyə dəyişdirdiyimə görə, belə təsnifat bölgüsünün orijinallığına iddia etmirəm.
Rolların dəyişdirilməsi fəndi qurbanlara cinayətkar, cinayətkarlara isə qurban kimi münasibət göstərən düşüncə və davranışları əhatə edir… bəzi psixoloqlar buna Təqsirin yenidən ünvanlandırılması deyirlər. Zərərçəkən tərəfi asayişin pozucusuna və günah keçisinə çevirmək – istismarçının həmkarlarını həm öz xəyanətlərinə görə kədər hissi duymaqdan, həm də istismarçının davranışının, insanlara və imanlılar cəmiyyətinə xəyanətinin nəticələrinə görə cavabdehlik daşımaqdan azad edir. Zərərçəkənin məruz qoyulduğu bu cür iftira “bir növ qətldir”, onun şərəfini və ləyaqətini tapdalayaraq adını ləkələyir[4]R.J.Rushdoony, The Institutes of Biblical Law (Phillipsburg, NJ: Presbyterian & Reformed, 1973), 567. –– R.C.Raşduni, Müqəddəs Kitab Qanununun Əsasları (Filipsburq, Nyu-Cersi: … Continue reading.
Şəri görməmək, şəri eşitməmək, şər haqqında danışmamaq zorakılıq haqqında düşünməyi, danışmağı və ya başqalarından dinləməyi belə, özünə və ya başqalarına ayıb hesab edən bir düşüncədir.
Məsuliyyəti başqasının üzərinə atmaq sonu gəlməyən bir oyundur, bir təşkilatın hər səviyyəsindən və hər səlahiyyətindən olan şəxslərin bir hadisəni araşdırmağın və təqsirkarları məsuliyyətə cəlb etməyin başqasının işi olduğu fikri ilə özlərinə haqq qazandırmasıdır. Məsuliyyət, əksər hallarda, ruhdan düşmüş zərərçəkənin üzərinə qoyulur, o isə yorucu ədalət axtarışlarını dəfələrlə yenidən başlamalı olur. Daha da pisi isə təhlükəli cinayətkarlarla və onların vurduğu zərərlə bağlı işin məsuliyyətini Allahın Özünün üzərinə atan imanlılar cəmiyyətləridir. Bunu isə “xalqımın yarasını yüngülcə müalicə edən” (Yer. 6:14, 8:11) ucuz, mənasız bayağılıqla edirlər.
Özümüzü elə aparaq ki (həm də Gözdən uzaq, könüldən iraq kimi deyilir) – fil boyda problemləri görməzdən gələrək ibadət xidmətinə getməyə davam etməkdir. Əgər zərərçəkmiş və müdafiəçiləri fildən bəhs edirlərsə, deməli, problem onlardadır. Əgər bəhs etmirlərsə, deməli, problem yoxdur.
Gəlin razılaşaq – zərərçəkmişə və ya onun müdafiəçilərinə susmaları üçün maddi və ya qeyri-maddi təkliflər etməkdir. Susmaq tələb olunur: zərərçəkmiş hadisəni gizli saxlamalıdır, çox vaxt da bunu hansısa daha böyük yaxşılıq ilə əlaqələndirirlər (məsələn, ruhani idarəni və/və ya onun işini müdafiə etmək üçün). “Əgər səssizcə başqa bir toplantıya getsən, adınızın belə bir qalmaqalda hallandığını heç kimə söyləməyəcəyik”. “İstismarçını və ya icmanı məhkəməyə verməsəniz, dəymiş zərərin əvəzini ödəyəcəyik”.
Artıq əlbirlik lüğətinin səkkiz əsas elementini bilirsiniz. Gəlin bu informasiyadan bəhrələnək və zərərçəkənin doqquz ay ərzində məsihçi cəmiyyətində ədalət axtarışları zamanı nə baş verdiyinə baxaq (layihənin əməkdaşı olaraq mən bu cədvəli tərtib etmişəm):
Sənədləşdirilmiş xülasə
Kilsələr/ xidmətlər/ məsihçi məsləhətçilər ilə görüşlər 58
İstismara laqeydlik halları 12
Rolların dəyişdirilməsi halları 18
Məsuliyyəti başqasının üzərinə atma halları 19
İstismarın inkarı halları 10
İstismarı əhəmiyyətsizləşdirmə halları 21
Şəri görməmə halları 8
Özümüzü elə aparaq ki halları 12
Gəlin razılaşaq halları 4
Zərərçəkmişə birbaşa məzəmmət 8
Zərərçəkmişə diqqət göstərməmə halları 4
Müqəddəs Kitaba uyğun şəkildə zərərin
təzminatından və ya ədalətdən imtina 10
Yardım təkliflərinin geri çəkilməsi 4
Zərərçəkənin etibarsızlıqla ittiham edilməsi 1
Zərərçəkənə verilmiş vədlərin yerinə yetirilməməsi 4
İcmada əxlaq pozuntusu hallarının ümumi sayı*: 131
İcma görüşlərinin aylıq orta hesabla sayı 6.5
İcma görüşlərində əxlaq pozuntularının orta hesabla sayı 2.25
*Zərərçəkmişə diqqət göstərməmə halları bu rəqəmlərə daxil edilməyib, həmin hallar zərərçəkmişin yardım müraciəti cəhdlərini tam saymaq məqsədilə qeydə alınmışdır.
Çox hörmət edilən kilsələrin və kilsələrarası təşkilatların iştirak etdiyi bu qorxunc xülasənin fonunda açıq şəkildə deyə bilərik: nə qədər ki antinomianizm var, bu ciddi problem də davam edəcəkdir. Doqquz ay ərzində ədalət axtarışını və 131 dəfə yuxarıda sadalanan çoxsaylı üsullarla rədd edilməni təsəvvür edə bilirsinizmi? Bu, hətta təqsirkarın öz təqsirini tamamilə etiraf etdiyi zaman baş verdi. Bununla belə, heç bir məsihçi nə etmək lazım olduğunu bilmirdi: onlar, sadəcə olaraq, hadisənin qurbanının çıxıb getməsini istəyirdilər. Cinayətkar sözün əsl mənasında müdafiə edilirdi (indiyə qədər də belə davam edir) və çox cüzi itkisi olmuşdu, halbuki zərərçəkən külli miqdarda pul xərcləməli oldu və antinomianist kilsələrin səbəb olduğu zədələr nəticəsində emosional yaralar aldı.
Antinomianizmin[5]tərcüməçinin qeydi – antinomianizm: açıq şəkildə və ya dolayısı ilə Allahın qanununun etibarlılığını, səlahiyyətini və ya tətbiq olunmasını inkar edən hər hansı bir … Continue reading önə çıxardığı ilk problem – dəymiş zərərin təzminatının təmin edilməməsidir. İstismarçının və imanlılar cəmiyyətinin davranışlarına görə zərərçəkmiş gündən-günə artan yükün və xərclərin altında əzilərkən kilsəçiliyin qırıq mühərriki hərəkətsiz qalır, amma cinayətkarı (istər vəzçi, istər keşiş, istərsə də pastor və ya kilsələrarası təşkilatın lideri olsun) dəstəkləmək üçün dərhal işləyir. Müasir imanlılar cəmiyyəti dəymiş zərərin təzminatına laqeydlik göstərərək, zərərçəkmişə dəyən zərəri heçə endirir. Belə bir hadisənin qurbanına dəymiş zərər sözlə ifadə edilməyəcək və ya əvəzi ödənilməyəcək qədər ciddidir, bu zərərə çox vaxt imanın sarsılması, özünü tam təcrid etmək, bütün ümidini itirmək, çarəsizlik, hər hansı bir gələcək görməmək və daha pis şeylər də daxil olur. Ciddi bərpa teologiyası olmadan (Derek Karlsenin[6]Derek Carlsen, “Rape and the Victim’s Sexual Purity,” Christianity and Society 16:1, Summer 2006, 52-54. –– Derek Karlsen, “Təcavüz və qurbanın cinsi paklığı”, … Continue reading 2006-cı ildə qurmağa başladığı teologiya kimi) vəziyyət qaranlıq qalmağa davam edəcəkdir.
İkinci problem də birincisi qədər ciddidir. Müasir imanlılar cəmiyyəti zərərçəkmişlərin bərpasını ləngitsə də, demək olar ki, həmişə istismarçıların bərpasını birinci dərəcəli vəzifəyə çevirir. Bu proses şəxsi maraqları güdən bir dillə idarə olunur, məsələn, varlığı ehtimal olunan məsuliyyət proqramlarına müraciətlər, padşah Davudun vəziyyətinə eyhamlar, Müqəddəs Yazıların bağışlanma və ibadət xidmətinə bərpa məsələlərinə əsassız və yersiz şəkildə tətbiqi və s. Bütün bu piyada gedişləri Allahın Özünün fikri haqqında heç bir şey bilmədən baş verir. Ona görə indi Allahın bu ən iyrənc epidemiya ilə bağlı söylədiklərini başa düşmək üçün Yezekel 34-ə nəzər yetiririk.
Allahın andını ciddi qəbul etmək
Əlbəttə, Yezekelin kitabının 34-cü fəslinə müraciəti “Bu ki Əhdi-Ətiqdir!” kimi özündən müştəbeh cavabla rədd edə bilərik. Yezekelin 34-cü fəslinə qarşı bu düşmənçilik öz-özlüyündə qəribədir (çünki İsa Yəhyanın 10-cu fəslində məhz bu hissəyə müraciət edir), lakin bu həm də Allahın andının doğruluğunun tənqidçi tərəfindən inkar edilməsi deməkdir. Bu cür yanaşma Allaha ehtiramı və Onun Sözünə itaəti əks etdirirmi?
Yezekelin 34-cü fəsli Yeremya 23 və Zəkəriyyə 11-də bəhs edilən mövzuya yenidən qayıdır, bu mövzu isə onlara etibar edilmiş sürünü qorumaq vəzifəsini yerinə yetirməyən çobanlardır. Yezekeldəki həmin mühüm hissədə Allah Özü danışır:
Buna görə də, ey çobanlar, Rəbbin sözünə qulaq asın. Xudavənd Rəbb bəyan edir: Varlığıma and olsun, indi ki çoban olmadığı üçün sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi – bütün bunlara görə, ey çobanlar, Rəbbin sözünə qulaq asın. Xudavənd Rəbb belə deyir: Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar. (Yez. 34:7-10)
Buradakı and “Xudavənd Rəbbə bəyan edir: Varlığıma and olsun” sözlərindədir. Bu ifadəyə Elişa kimi peyğəmbərlərin nitqlərində üçüncü şəxs formasında tez-tez rast gəlirik:
Elişa dedi: Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, Yəhuda padşahı Yehoşafata hörmət etməsəydim, sənin üzünə baxmazdım. (2 Pad. 3:14)
Lakin Yezekelin kitabında Allahın Özünün and içdiyi hallar var. Bu andın mənası təəccüb doğurur və əslində, bizi lərzəyə gətirməlidir. Puritan şərhçi Uilyam Qrinhil Allahın sözlərini belə izah edir: “Əgər sürümlə belə rəftar edən çobanları cəzalandırmasam, qoy mən var olan diri Allah olmaqdan çıxım, hansısa bir büt və ya yalançı allah kimi bir kənarda qalım”[7]William Greenhill, An Exposition of Ezekiel (Carlisle, PA: Banner of Truth Trust, 1994, orig. publ. 1645-1667), 685. –– Uilyam Qrinhil, Yezekelin şərhi (Karlayl, Pensilvaniya: Banner of … Continue reading. A.R.Foset isə əlavə edir ki, “varlığıma and olsun ən təntənəli anddır, bəhs edilən hadisənin mütləq baş verməsi üçün Allahın Özünün iştirak edəcəyinə dair verilən sözdür”[8]Jamieson, Fausset, and Brown, A Commentary Critical, Experimental, and Practical on the Old and New Testaments (Grand Rapids, MI: William B. Eerdmans Publishing Company, 1973), Volume 2, Part 2, … Continue reading.
Allah and içir ki, sözü gedən məsələni təsdiqləsin (bu o demək deyil ki, müasir məsihçilər Allahın Öz andlarını, xüsusilə də Yeş. 45:22-23-də deyilənləri yerinə yetirəcəyinə mütləq şəkildə inanırlar). İbranilərə məktubun müəllifi ilahi andın Allahın bəyanatlarının qalıcı, sabit və dəyişməz olduğunu göstərdiyini söyləyir.
İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur. Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. (İbr. 6:16-17)
Buradan belə bir məntiqi nəticəyə gəlirik ki, Allahın sürüyə zərər verən çobanlarla bağlı iradəsi tamamilə dəyişməzdir. Verilmiş ayələrdən də göründüyü kimi, Allah Öz iradəsinin əbədiliyini təsdiqləmək üçün Öz varlığını ortaya qoymuşdur.
Əgər Allahın Yezekel 34-də əbədi qanun kimi qoyduğu sözün artıq qüvvədə olmadığını, başqa bir şeylə sıxışdırılıb aradan çıxarıldığını düşünürüksə, onda Allahın andlarının heç bir mənası yoxdur: yəni O, söylədiyi şeyi əslində nəzərdə tutmur. Allahın sözlərinin uşaq kimi and içib özünə qarğış etməkdən heç bir fərqi yoxdur: “Yalan deyənin gözü çıxsın!”
Allahın sözünü Allahın Kəlamı kimi qəbul edən məsihçilər üçün Onun andı “bütün iddialara son qoymalı”, məsələnin mübahisəsiz və müzakirəsiz təsdiqi sayılmalıdır. Allah Öz bəyanatlarının daim qüvvədə qaldığını təsdiqləmək üçün Öz varlığını ortaya qoyur, biz də təsdiqlənmiş mövzulara eyni cür ciddiyyətlə yanaşmalıyıq.
Allah nəyi andla təsdiqlədi
Çobanların onlara etibar edilmiş sürünü qoruya və bəsləyə bilməməsinin ən az altı aspekti vardır (bunlardan daha sonra bəhs edəcəyik):
Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz. (Yez. 34:4)
Bu vəziyyətin dəqiq əks istiqamətdə dəyişməsi (Yez. 34:10-da tələb olunduğu kimi, bu çobanların vəzifələrinin aşağı endirilməsindən başlayaraq) bu fəslin davamında qeyd olunmuşdur:
İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam. Siz ey Mənim sürüm, Xudavənd Rəbb belə deyir: Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında Mən hökm edəcəyəm… Buna görə də Mən sürümü xilas edəcəyəm. Onlar daha qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm. (Yez. 34:16-17, 22)
Qoyunlara zərər verən bir daha çobanların təsiri altında olmasınlar deyə, Allah Öz sürüsünü necə xilas edir? Bu sualın cavabını yenə 10-cu ayədə tapırıq: Allah bu cür çobanları tutduqları vəzifələrdən birdəfəlik azad etməyə çağırır. Onda qoyunlar bir daha Allahın Öz xalqının rəhbərləri kimi göstərdiyi etimadı tapdalayan insanların qurbanı olmayacaqlar. R.C.Raşduninin də qeyd etdiyi kimi, burada “pis çobanlardan qurtuluş” elan edilir[9]R.J.Rushdoony, Systematic Theology (Vallecito, CA: Ross House Books, 1994), Vol. 2, 761. –– R.C.Raşduni, Sistematik Teologiya (Vallesito, Kaliforniya: Ross House Books, 1994), 2-ci cild, … Continue reading. Bu qaydanın düzgün şəkildə tətbiq olunduğu yerlərdə belə vəziyyətlərin yenidən baş qaldırmasına son qoyulur.
Gəlin Yezekel 34:10-un mətnini nəzərdən keçirək və 350 illik Müqəddəs Kitab təhlilinin bu ayənin mənası və məqsədini necə açıqladığına baxaq.
Qurğuşun paraşüt
İdarəçilər bir müəssisəni tərk edəndə, oradan “qızıl paraşütlə” çıxmağa – vəzifələrini necə icra etmələrindən asılı olmayaraq, bol təqaüd, bonus və səmərə ilə dolu möhtəşəm bir ayrılıq paketi almağa ümid edirlər. Lakin Allah öz sürüsünü qorumağı bacarmayan çobanları vəzifələrinə xitam verməyə çağıranda paraşüt qızıldan deyil, qurğuşundan hazırlanır.
Onlar officio et beneficio-dan, yəni həm işdən, həm də maaşdan məhrum ediləcəklər. Onlar artıq sürünü otarmayacaqlar, yəni artıq özlərini sürünü otarırmış kimi göstərə bilməyəcəklər. Qeyd edək ki, Allah sui-istifadə etdikləri səlahiyyətlərini və doğrultmadıqları etimadı bu adamların əlindən alarkən ədalətli davranır. Lakin əgər aldıqları cəza yalnız bundan ibarət olsaydı, buna rahatlıqla dözə bilərdilər; məhz buna görə əlavə edilir: “Artıq çobanlar özlərini bəsləməyəcək”, qorumaq əvəzinə yemə çevirdikləri “sürümü onların dişlərindən qurtaracağam (Metyu Henri)[10]Matthew Henry, Commentary on the Whole Bible (McLean, VA: MacDonald Publishing Company, n.d.), Vol. 4, 950. –– Metyu Henri, Bütün Müqəddəs Kitaba şərh (MakLiin, Virciniya: MacDonald … Continue reading.
Vəziyyət belə gətirəndə sürüyə mərhəməti əks etdirən ilk addım, sözsüz ki, işində sadiq olmayan çobanları uzaqlaşdırmaq olmalıdır (Keşiş F. Gardiner)[11]Charles John Ellicott, ed., Ellicott’s Commentary on the Whole Bible (Grand Rapids, MI: Zondervan, n.d.), Vol. 5, 299. –– Çarlz Con Ellikot, red. Ellikotun bütün Müqəddəs Kitaba … Continue reading.
Onları öz vəzifələrindən mümkün qədər uzaqlaşdırmaq lazımdır (Yakob Raupius, 1655)[12]Carl L. Beckwith, ed., Reformation Commentary on Scripture (Downers Grove, IL: Intervarsity Press, 2012), Vol. 12, 167. –– Karl L. Bekvit, red. Müqəddəs Yazıların islahatçı şərhi … Continue reading.
Artıq çobanlar özlərini bəsləməyəcək”. Dördüncü cəza budur: onlar özlərini zəngin etmək üçün istifadə etdikləri bütün imkanlardan məhrum edilməlidirlər: onlar sürünü yemə çevirmişdilər, yağdan yeyib, yundan paltar geyinirdilər və bəslənmiş qoyun-keçini kəsirdilər, sürüdən faydalanırdılar, sürünün deyil, öz mənfəətlərini güdürdülər; amma bunu artıq etməməlidirlər… Bir kərə azad edilən sürü artıq bir daha belə zalımlar tərəfindən əzilməyəcəkdir və yem olmayacaqdır, azadlıqdan və təhlükəsizlikdən zövq alacaqlar… “Mən bu çobanların əleyhinəyəm”. Onlardan hesab vermələrini tələb edəcəyəm, etdikləri bütün pislik və zorakılığın əvəzini ədalətlə verəcəyəm. Onları dadlı tikələrdən məhrum edəcəyəm və olduqları yerdən rüsvayçılıqla qovacağam. Bunlar sərt hökmlərdir, Allah bunları onların başına gətirəcəyinə Öz canına and içərək söz verir: Allah onlara böyük etimad göstərir, bu etimadı doğrultmadıqları zaman isə Allah onları sərt şəkildə cəzalandırır (Uilyam Qrinhil)[13]Greenhill, op. cit., 685. –– Qrinhil, sitat gətirilən əsərində səh. 685..
Rəbb Öz qoyunlarını onlardan tələb edəcəkdir; onların təqsirinə görə qoyunlar yollarını azdıqları üçün Allah onları çobanlıq vəzifəsindən məhrum edəcək və beləliklə də zavallı sürünü onların zorakılığından azad edəcəkdir. Çobanın cəzası haqqında heç bir şey deyilmir, sadəcə olaraq, deyilir ki, sürüyə nəzarətdən məhrum ediləcəklər və beləcə, özlərini artıq bəsləyə bilməyəcəklər (Karl F. Keil)[14]C.F.Keil & Franz Delitzsch, Commentary on the Old Testament (Grand Rapids, MI: William B. Eerdmans Publishing Company, reprinted 1983), Vol. IX, Part 2, 85. –– K.F.Keyl və Franz Delitzx, … Continue reading.
Allah adamına göstərilən etibar – idarəçilikdir, Allahın bu barədə fikri isə aşkardır: “İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar” (1 Kor. 4:2). Onların məramı – sürünün qayğısına qalmaq və qorumaqdır və bu müdafiə əhdində heç bir istisnaya yol verilə bilməz. Bu məsələdə heç kimə müstəsnalıq verilmir və Allahın standartlarına və tələblərinə münasibətdə üzrlü sayılmır. Doktor Morkraft bu barədə çox müdrik bir söz işlətmişdir: “Heç vaxt düşünməyək ki, Allahla bizim aramızda Onun əhdindən başqa ayrı bir razılıq da vardır”.[15]Joseph C. Morecraft III, Authentic Christianity: An Exposition of the Theology and Ethics of the Westminster Larger Catechism (Powder Springs, GA: American Vision Press/Minkoff Family Publishing … Continue reading
Vəzifələrindən bu şəkildə uzaqlaşdırılan çobanlar artıq “bir daha” çoban işləyərək özlərini bəsləməməlidirlər, vəssalam. Allah ruhani səlahiyyətlərin icrasından müvəqqəti “uzaqlaşmanı” nəzərdə tutmur. Onların sürü ilə bağlı səlahiyyətlərinə birdəfəlik son qoyulmuşdur. Bu cür uzaqlaşdırılmış insanlar özlərinə başqa sahələrdə iş axtarmalıdırlar: sürü bir daha onların qida mənbəyi olmayacaqdır. Hətta liberal şərhçi Uolter İxrodt da aydın şəkildə qeyd edirdi ki, bu cür çobanları “qovmaq” (xidmətinə rüsvayçı şəkildə son vermək) və “qoyunları onların tamahkar əllərindən almaq” lazımdır[16]Walther Eichrodt, Ezekiel (Philadelphia, PA: The Westminster Press, [1966] 1970), 471. –– Uolter İxrodt, Yezekel (Filadelfiya, Pensilvaniya: The Westminster Press, [1966] 1970), səh. 471.. Allahın Öz andı ilə təsdiqlədiyi qaydaya qarşı çıxmaq Onun Öz həyatı bahasına verdiyi sözünü ayaqlar altında tapdalamaq deməkdir.
Bəziləri bu qərarın hökmündən qaçmağa cəhd edərək qurtuluşu ləngitməyə çalışa bilər, çünki Allah sürünü onların əlindən alacağını (gələcəkdə baş verəcək bir hadisə) söyləmişdi. Lakin A.R.Fosse bu cür tərcümənin yanlış olduğuna iddia edir: bu cümlə indiki zamanda “Sürümü onların əlindən alıram” kimi tərcümə edilməlidir[17]Jamieson, Fausset, and Brown, op. cit., 333. –– Ceymison, Foset və Braun, sitat gətirilən əsərində, səh. 333.. Lanq da bu daha yaxşı şərhi qəbul edir[18]John Peter Lange, Commentary on the Holy Scriptures: Ezekiel & Daniel (Grand Rapids, MI: Zondervan, reprint n.d., Eng. Orig. 1874), 316. –– Con Piter Lanq, Müqəddəs Yazıların … Continue reading. Həm də bilinməyən bir tarixə qədər təxirə salınan qurtuluşun dəyəri sual doğurmalıdır.
Lanqın qeyd etdiyi kimi, qurtuluşun ləngidilməməli olduğunu Yezekel 34:16-17-də oxuyuruq[19]Lange, op. cit., 320. –– Lanq sitat gətirilən əsərindən, səh. 320., çünki xidmətdən azad edilən çobanlar indi sürü ilə eyni səviyyədə olurlar, buna görə də indi Rəbb belə deyir: “Qoyunla qoyun arasında Mən hökm edəcəyəm”. Belə adamlar tövbə etsələr[20]The critical need to work toward restitution would be a key part of any such repentance, but restoration to spiritual authority remains off the table. The repentant offender is the one who refuses to … Continue reading, qardaşlar arasına və Rəbbin süfrəsinə geri qayıda bilərlər, lakin vəzifələrinə bərpa edilə bilməzlər[21]The thief on the cross next to Jesus was forgiven but nonetheless suffered the temporal consequences of his deeds, consequences which he (being truly repentant) endorsed. Christ’s parables … Continue reading.
Qurğuşun paraşütə qarşı etirazları aradan qaldırmaq
Yezekelin 34-cü fəslinə bələdçi qismində müraciətə etirazlar bir neçə əsas kateqoriyaya bölünür. Birinci etiraz ondan ibarətdir ki, bu hissədə nəzərdən keçirilən çobanlar ruhani rəhbərlər deyil, siyasi idarəçilərdir (padşahlardır). Etirazın əsaslandığı fakt isə budur ki, Yeremya 2:8 çobanları (Azərbaycanca tərcümədə “rəhbərlər”) kahinlərdən və peyğəmbərlərdən ayırır, ona görə də vəzifədən azad edilənlər ruhani liderlər deyil, padşahlar və şahzadələrdir. Buna bənzər digər bir etiraz da budur ki, Məzmur 119:96 bu vəziyyətə şamil edilmir: əmrlər sərhədsiz deyillər və ümumi ədalət prinsipləri anlayışını burada tətbiq etməməliyik.
Hər şeyə rəğmən, qoy Müqəddəs Kitab alimlərinin birgə rəyi[22]A few commentators take the view that the shepherds are exclusively political in nature. G. Currey is representative in taking Jer. 2:8 as the basis for this minority view. Cf. F. C. Cook, ed., The … Continue reading bu etirazlara cavab versin:
Yezekel 34-dəki peyğəmbərlik ümumi xarakter daşıyır və konkret vəziyyətlərlə və şəraitlərlə sıx bağlı deyildir. Odur ki, çoxsaylı vəziyyətlərə tətbiq edilərək (İsrailin təcrübəsinə tipik aidiyyətindən əlavə) bütün dövlətlərə, imanlılar cəmiyyətlərinə, ailələrə şamil edilir. Bu peyğəmbərlik həm də ədalətlidir, çünki saysız-hesabsız hallarda tətbiq oluna bilən bir qanunu əks etdirən riyazi formul kimi, o da həqiqətən obrazlı şəkildə çoban və ya sürü adlandıra biləcəyimiz hər kəs üçün nəzərdə tutulmuşdur. (Henrix Şmider)[23]Lange, op. cit., 324. –– Lanq sitat gətirilən əsərindən, səh. 324.
İsrailin çobanları eyni zamanda siyasi və dini idarəçi, şahzadə, hakim, peyğəmbər, kahin və Levili idilər. (Uilyam Qrinhil Yez. 34:2-ə istinadən)[24]Greenhill, op. cit., 682. –– Qrinhil sitat gətirilən əsərindən, səh. 682.
İmanlılar cəmiyyətində və ya dövlətdə insanların başında duran kəslər çobanlardır və öz sürüləri ilə əsl çoban kimi davranmalıdırlar. Onları yumşaq bir şəkildə idarə etməli, daim qorumalı, diqqətlə qayğı göstərməli, sədaqətlə bəsləməli, onların xeyri üçün əlindən gələni etməlidirlər. (Uilyam Qrinhil Yez. 34:6-a istinadən)[25]Greenhill, op. cit., 683. –– Qrinhil sitat gətirilən əsərindən, səh. 683.
Hətta çobanların padşahlar olduğunu düşünən alimlər də etiraf edirdilər ki, onların idarəetməsinin ruhani tərəfi diqqət mərkəzində qalırdı. Padşahla bağlı belə bir düşüncə tərzinin təmsilçilərindən biri Patrik Feyrberndir:
O, təbiət etibarilə daha çox ruhani məqsəd güdən teokratikanın başçısı idi və insanların mənəvi və dini maraqları ilə müqayisədə heç bir şey istəmirdi… Bunu nəzərə alanda… bu hissədə ilk baxışda qəribə görünən şeyin qənaətbəxş izahını tapırıq – Rəbbin irsinin başına gələn bütün pis şeylərə görə padşahlar təqsirləndirilir.[26]Patrick Fairbairn, An Exposition of Ezekiel (Minneapolis, MN: Klock & Klock Christian Publishers, [1851 T. & T. Clark] 1979), 369-370. See his extended discussion beginning on page 367. … Continue reading
Həm də bu hissəni məsihçi xidmətçilərə deyil, padşahlara aid etmək o deməkdir ki, Allahın padşahlarla bağlı standartları Öz sürüsünün başçıları üçün təyin etdiyi standartlardan qat-qat yüksəkdir. Müqəddəs Paulun bu mövzu ilə bağlı, yəqin ki, bir neçə inandırıcı fikri olardı.
Son bir etirazı da, Padşah Davudun hadisəsini “yıxılmış” (mümkün olan ən yanıldıcı söz[27]According to this dangerous view, the “fallen” leader just needs to live out the defiant chorus of a song by the band Chumbawumba: “I get knocked down, but I get up again; … Continue reading) məsihçi liderlərlə paralel göstərərək misal gətirənlərin etirazını da nəzərdən keçirməliyik. Belə iddia edilir ki, əgər Davud öz vəzifəsinin icrasına davam edə bilirdisə, onda Yezekel 34:10-u tətbiq etmək olmaz: biz Davudun həyatında verilmiş nümunədən örnək almalıyıq.
Lakin “padşah Davudla paralellik” iddiası yalnız “yıxılmış xidmətçi” də kiçik övladının ölməsini təklif etsəydi, əsl paralel olardı: onda vəziyyət Davudun vəziyyətinə tam uyğun olardı. Halbuki xidmətçi öz kiçik övladını qurban kimi təqdim etsəydi, bu addım özü onu xidmət etmək hüququndan məhrum edərdi. Natan peyğəmbərin Davuda elan etdiyi hər şeyi bütövlükdə qəbul etməyən heç bir kəs Davudla “paralel status” qazana bilməz, heç kim də öz ailəsi üçün əxlaq canavarına çevrilmədən öz vəziyyətini Davudun vəziyyəti ilə eyniləşdirə bilməz.
Bütün yaralara sarğı qoymaq
İnsanın ürəyində nə qədər günahkar istək varsa, istismarın da o qədər növü vardır. Fiziki, emosional, ruhani, seksual və ya kilsədaxili istismar hallarında, hər zaman şəxsiyyətin önəmi vurğulanmalıdır və heç vaxt əlbirlik lüğəti ilə üstü qapanmamalıdır. İstismarın faktiki olaraq baş verdiyi yerdə məsələ Allahın iradəsinə uyğun şəkildə həll edilməlidir. Yezekel 34 bu cür istismarın bir çox tərəflərini başa düşməyimizə və bir və ya daha artıq qoyuna dəyə biləcək zərəri anlamağımıza kömək edə bilər.
Lanqın Yezekel 34:3-4-ə verdiyi şərhə diqqət yetirin: “Müdafiə olmaq üçün nəzərdə tutulan şey adi hökmranlığa çevrilmişdi”[28]Lange, op. cit., 318. –– Lanq sitat gətirilən əsərindən, səh. 318.. “Zəiflər” ya “xəstəlikdən”, ya da “həddən artıq istismardan əldən düşərək” bu vəziyyətə gəliblər. “Azanlar” “qəddar münasibət” nəticəsində azıblar. Zərərçəkmişlərin psixi vəziyyətini təsvir etmək üçün istifadə edilən ibrani sözünün mənası “özünü itirmək”dir. Bunun cavabında “Allah əziyyət çəkən qoyunları üçün ədaləti pislərə qarşı bərpa edəcək”[29]Lange, op. cit., 321. –– Lanq sitat gətirilən əsərindən, səh. 321., yəni rəhbəri həmin istismarı həyata keçirməsinə şərait yaradan səlahiyyətdən məhrum edəcəkdir.
Lakin əgər biz Allahın andını ciddi qəbul etməsək və bu adamları verdikləri zərərin təkrarlanması ehtimalı olan vəzifələrdə saxlamağa çalışsaq, qəti şəkildə ədalətsizliyin tərəfini tutmuş oluruq. Təəccüblü deyil ki, müasir imanlılar cəmiyyəti gəzən yaralılarla doludur (R.C.Raşduninin “Qəlblərin şəfası” əsərində bu ölümcül ənənəni aradan qaldırmaq barəsində qiymətli fikirlər tapa bilərsiniz). Qanunun təkrarı16:20 “Ədalətsizliyin, yalnız ədalətsizliyin ardınca gedin” deyil, “Salehliyin, yalnız salehliyin ardınca gedin” deyir.
Allahın qanunu zərərin təzminatının parametrlərini təyin edəndə diqqətəlayiq bir şeylə qarşılaşırıq: zərərin təzminatı qaydasının bir çox formalarında zərərçəkmişin əlindən alınanın və ya itkisinin daha artığının qaytarılması nəzərdə tutulur. Zərərçəkmişlər dəymiş zərərin əvəzini aldıqları zaman anlayırdılar ki, Allah onların tərəfindədir! Allah, həqiqətən də, onların qayğısına qalırdı, həddindən artıq böyük miqyaslı bərpa işi də bunu təsdiqləyirdi. Allah onların itkisini konkret şəkildə qaytararaq onlara verdiyi dəyəri göstərirdi: təkcə mülkiyyətin deyil, vaxt itkisinin də əvəzi ödənirdi.
İndi isə təsəvvür edin ki, bir insanın həyatı bir məsihçi liderin davranışlarına görə alt-üst olur, bu davranışlar etibar əhdinin pozulduğunu aydın şəkildə göstərir. Zərərçəkənə dəyən bu cür zərəri kəmiyyət baxımından qiymətləndirmək asan olmaya bilər, çünki bu hadisənin təsiri həyatın bütün sahələrini əhatə edə bilər. Vaxt və fürsət itkisi ilə nəticələnən hallarda Müqəddəs Kitab nümunələrinə əsasən on qat artıq təzminatın ödənildiyini görə bilərsiniz. Dəymiş zərəri hesablamaq nə qədər çətin olsa da, ödənilən təzminat on qat artıq olmalıdır, yalnız bundan sonra zərərçəkmiş Allahın, həqiqətən də, “xarabalıqları bərpa edən” olduğunu görə bilər (Yeş. 58:12).
Təsəvvür edin ki, bu xəyali icmanın və ya ruhani idarənin atdığı ilk addım – rəhbəri vəzifəsindən azad etmək olur: bu, öz-özlüyündə zərərçəkmiş üçün Yezekel 34:16-nın bəhs etdiyi ədaləti təmsil edir. “Sürüyə mərhəmət – onlara xəyanət edən və yaralayan kəsin cəzasının həyata keçməsini qəti şəkildə tələb edirdi”, – Feybern belə izah edir[30]Fairbairn, op. cit., 370. –– Feyrbern sitat gətirilən əsərindən, səh. 370.. Bunun nəticəsində əldə edilən azadlıq çox qiymətlidir, çünki sağalma prosesi doğru istiqamətdə irəliləyir. Tək bir qoyuna xəyanət edildiyi təqdirdə belə, bu cəzalar tətbiq edilməlidir. Bu, humanist mexanizmləri (məhdud məsuliyyətə cəlb edən düşüncə tərzinin gətirdiyi nəticələrə qarşı vəziyyəti idarə edən saysız-hesabsız qaydalar) çox daha yaxşı bir şeylə əvəz edir: Allahın tam məsuliyyət anlayışında dərin kök salmış cavabları ilə.
İndi isə tamamilə başqa, daha geniş yayılmış bir ssenarini təsəvvürünüzə gətirin: icma öz ruhani liderini vəzifəsində saxlayaraq və müdafiə edərək zərərçəkmişi rədd edilmiş didərgin vəziyyətinə salır. İstismarçıya qahmar çıxan həmin icma zərərçəkmişin şəxsiyyətinə hücumların yenidən başlamasına şərait yaradır, bu dəfəki hücumlar isə hadisənin özü ilə müqayisədə qat-qat böyük miqyasda baş verir. Rəhbəri vəzifəsindən uzaqlaşdıra bilməmək hiylədir, icma və ya ruhani idarə Allahın qanununa qarşı, eləcə də zərərçəkmişə qarşı əlbirliyə qoşulur. Qanun pozucusunu müdafiə etmək – zərərçəkmişə zərər yetirmək deməkdir (çox vaxt bu vəziyyətdən yeni qurbanlar doğur). R.C.Raşduni tez-tez bu barədə qeyd edirdi: cinayətkara mərhəmət – qurbana qarşı nifrətdir. Elinin oğulları ilə baş verdiyi kimi, müdafiə olunan tərəflər daha da güclənəcəklər, beləcə, Allahı məsələyə müdaxilə etməyən ailə ilə bağlı daha sərt tədbirlər görməyə vadar edəcəklər (1 Sam. 3:13-14).
Məhz bu davranışlar çıraqdanların arasında gəzən Rəbbi o çıraqdanları yerindən götürməyə vadar edir (Vəhy 1:13, 2:1, 2:5). “Rəbb bunları gördü, ədalətin yoxluğu Onun xoşuna gəlmədi. Rəbb gördü ki, heç kim yoxdur, havadarın olmadığına görə O mat qaldı” (Yeş. 59:15-16).
Bu cür istismardan zərər çəkən insanı əzilmiş qamış və ya tüstülənən piltə ilə müqayisə etmək olar. Allah belələrini necə bir aqibət gözlədiyini açıqlamışdır: “Ədaləti zəfərə çatdırana qədər əzilmiş qamışı qırmayacaq, tüstülənən piltəni söndürməyəcək” (Mat. 12:20). Allahın qanununu rədd edən və Onun Öz varlığına içdiyi anda rişxənd edən məsihçilər zərərçəkmişi təcrid etmək və istismarçını yüksəltmək üçün (qısa müddətlik kənarlaşdırma ilə və ya onsuz) heç tərəddüd etmədən əzilmiş qamışı qırar və tüstülənən piltəni söndürərlər. Lakin Allahın qanununu və ədalətini birinci yerə qoyan, bünövrəsiz divara suvaq vurmaq yerinə bünövrəsini bərpa edən (Yez. 13:1-15), ilk olaraq yaralıları istismardan azad edən və mərhəmət göstərən məsihçiləri isə Rəbb şərəfləndirəcəkdir. Bu adamlar “Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcəyinə” zəmanət vermək üçün çalışırlar (Yeş. 11:9, İbr. 12:22 ilə müqayisə edin).
Beləliklə, yalnız iki yol vardır. Bir yol sizi ədalətə və zəfərə aparacaqdır. Digəri isə adı ağıza alınmayacaq yerlərə aparır.
Orijinal ingiliscə versiya, 5 yanvar 2014-cü il: https://chalcedon.edu/magazine/liberty-from-abuse
Qeyd
↑1 | Martin G. Selbrede, “The Perpetual Kindergarten,” Faith for All of Life May-June 2007, 14-19. https://chalcedon.edu/magazine/the-perpetual-kindergarten –– Martin G. Selbrid, “Daimi uşaq bağçası”, Bütün həyat üçün iman, may-iyun 2007-ci il, səh. 14-19. |
---|---|
↑2 | In a particularly notorious example when such statistics were first being recorded, one Mrs. Marcia Bezak hanged herself a week before her testimony against a minister was proven to be true. It appears that her case is the tip of an inadequately-reported iceberg. –– Bu cür halın ilk dəfə qeydə alındığı xüsusilə bədnam bir hadisədə Marsiya Bezak adlı bir xanım xidmətçiyə qarşı verdiyi şahidliyin doğruluğunun təsdiqlənməsindən bir həftə qabaq özünü asmışdı. Görünür, bu qadınla baş verən hadisə aysberqin, sadəcə olaraq, görünən hissəsidir, suyun altında qalan hissə haqqında isə yetərincə məlumat verilmir. |
↑3 | See http://www.takecourage.org/defining.htm for the original formulation by Dee Miller. While I disagree with Ms. Miller on causes and cures, I believe her work on the dynamics of collusion is valuable. It has stood the test of time. But like virtually all other researchers, she advances humanistic solutions to problems of a moral nature. You cannot manipulate the institutional environment (via educational conditioning, regulatory mechanisms, etc.) to solve a moral problem. Antinomianism lacks the power to offer moral answers and can mount no consistent challenge to spiritual incest. This fatal disconnect is bridged only when the entire Word of God is consistently applied. –– Di Millerin orijinal tərtibatı ilə http://www.takecourage.org/defining.htm linkindən tanış ola bilərsiniz. Miss Millerin səbəbləri və müalicə üsulları ilə razılaşmasam da, onun əlbirliyin dinamikası ilə bağlı işini dəyərli hesab edirəm. Zamanın sınağından yaxşı keçmişdir. Ancaq demək olar ki, bütün digər tədqiqatçılar kimi o da əxlaqi xarakter daşıyan problemlərə humanist həll yolu tapmağı təklif edir. Əxlaqi bir məsələni həll etmək üçün qurumsal bir mühiti (maarifləndirmə şəraitinin, nizamlayıcı mexanizmlərin və s. köməyi ilə) istədiyiniz istiqamətə yönləndirə bilməzsiniz. Antinominianizm əxlaqla bağlı cavablar vermək iqtidarında deyildir və ruhani təcavüzə qarşı davamlı mübarizə nümayiş etdirə bilmir. Bu ölümcül uçurumun üzərindən yalnız Allahın Kəlamını mütəmadi şəkildə tətbiq edərək körpü salmaq olar. |
↑4 | R.J.Rushdoony, The Institutes of Biblical Law (Phillipsburg, NJ: Presbyterian & Reformed, 1973), 567. –– R.C.Raşduni, Müqəddəs Kitab Qanununun Əsasları (Filipsburq, Nyu-Cersi: Presbyterian & Reformed, 1973), səh. 567. |
↑5 | tərcüməçinin qeydi – antinomianizm: açıq şəkildə və ya dolayısı ilə Allahın qanununun etibarlılığını, səlahiyyətini və ya tətbiq olunmasını inkar edən hər hansı bir mövqe |
↑6 | Derek Carlsen, “Rape and the Victim’s Sexual Purity,” Christianity and Society 16:1, Summer 2006, 52-54. –– Derek Karlsen, “Təcavüz və qurbanın cinsi paklığı”, Məsihçilik və cəmiyyət 16:1, 2006-cı il, Yay, səh. 52-54. |
↑7 | William Greenhill, An Exposition of Ezekiel (Carlisle, PA: Banner of Truth Trust, 1994, orig. publ. 1645-1667), 685. –– Uilyam Qrinhil, Yezekelin şərhi (Karlayl, Pensilvaniya: Banner of Truth Trust, 1994, orijinal nüsxə 1645-1667-ci illərdə nəşr olunmuşdur), səh. 685. |
↑8 | Jamieson, Fausset, and Brown, A Commentary Critical, Experimental, and Practical on the Old and New Testaments (Grand Rapids, MI: William B. Eerdmans Publishing Company, 1973), Volume 2, Part 2, 217. –– Ceymison, Foset və Braun, Əhdi-Ətiq və Əhdi-Cədidə tənqidi, eksperimental və praktiki şərhlər (Qrand Rapids, Miçiqan: William B. Eerdmans Publishing Company, 1973), 2-ci cild, 2-ci hissə, səh. 217. |
↑9 | R.J.Rushdoony, Systematic Theology (Vallecito, CA: Ross House Books, 1994), Vol. 2, 761. –– R.C.Raşduni, Sistematik Teologiya (Vallesito, Kaliforniya: Ross House Books, 1994), 2-ci cild, səh. 761. |
↑10 | Matthew Henry, Commentary on the Whole Bible (McLean, VA: MacDonald Publishing Company, n.d.), Vol. 4, 950. –– Metyu Henri, Bütün Müqəddəs Kitaba şərh (MakLiin, Virciniya: MacDonald Publishing Company, tarix qeyd olunmamışdır), 4-cü cild, səh. 950. |
↑11 | Charles John Ellicott, ed., Ellicott’s Commentary on the Whole Bible (Grand Rapids, MI: Zondervan, n.d.), Vol. 5, 299. –– Çarlz Con Ellikot, red. Ellikotun bütün Müqəddəs Kitaba şərhi (Qrand Rapids, Miçiqan: Zondervan, tarix qeyd olunmamışdır), 5-ci cild, səh. 299. |
↑12 | Carl L. Beckwith, ed., Reformation Commentary on Scripture (Downers Grove, IL: Intervarsity Press, 2012), Vol. 12, 167. –– Karl L. Bekvit, red. Müqəddəs Yazıların islahatçı şərhi (Douners Qrouv, Illinois: Intervarsity Press, 2012), 12-ci cild, səh. 167. |
↑13 | Greenhill, op. cit., 685. –– Qrinhil, sitat gətirilən əsərində səh. 685. |
↑14 | C.F.Keil & Franz Delitzsch, Commentary on the Old Testament (Grand Rapids, MI: William B. Eerdmans Publishing Company, reprinted 1983), Vol. IX, Part 2, 85. –– K.F.Keyl və Franz Delitzx, Əhdi-Ətiqə şərh (Qrand Rapids, Miçiqan: William B. Eerdmans Publishing Company, 1983-cü ildə yenidən nəşr edilmişdir), IX cild, 2-ci hissə, səh. 85. |
↑15 | Joseph C. Morecraft III, Authentic Christianity: An Exposition of the Theology and Ethics of the Westminster Larger Catechism (Powder Springs, GA: American Vision Press/Minkoff Family Publishing 2009), Vol. 4, 367. –– III Cozef C. Morkraft, Həqiqi məsihçilik: Uestminister Uzun Katexizisində ilahiyyat və etikanın ifadəsi (Pauder Sprinqs, Corciya: American Vision Press/Minkoff Family Publishing 2009), 4-cü cild, səh. 367. |
↑16 | Walther Eichrodt, Ezekiel (Philadelphia, PA: The Westminster Press, [1966] 1970), 471. –– Uolter İxrodt, Yezekel (Filadelfiya, Pensilvaniya: The Westminster Press, [1966] 1970), səh. 471. |
↑17 | Jamieson, Fausset, and Brown, op. cit., 333. –– Ceymison, Foset və Braun, sitat gətirilən əsərində, səh. 333. |
↑18 | John Peter Lange, Commentary on the Holy Scriptures: Ezekiel & Daniel (Grand Rapids, MI: Zondervan, reprint n.d., Eng. Orig. 1874), 316. –– Con Piter Lanq, Müqəddəs Yazıların şərhi: Yezekel və Daniel (Grand Rapids, MI: Zondervan, yenidən dərc edildiyi tarix bəlli deyil, ingilis dilində orijinal 1874-cü ilə aiddir), səh. 316. |
↑19 | Lange, op. cit., 320. –– Lanq sitat gətirilən əsərindən, səh. 320. |
↑20 | The critical need to work toward restitution would be a key part of any such repentance, but restoration to spiritual authority remains off the table. The repentant offender is the one who refuses to take up the reins of leadership again. –– Dəymiş zərərin təzminatı istiqamətində çalışmaq zərurəti belə bir tövbənin başlıca hissəsini təşkil etməlidir, lakin ruhani səlahiyyətin bərpasından söz gedə bilməz. Tövbə edən təqsirkar – hakimiyyəti yenidən öz əllərinə almaqdan imtina edən kəsdir. |
↑21 | The thief on the cross next to Jesus was forgiven but nonetheless suffered the temporal consequences of his deeds, consequences which he (being truly repentant) endorsed. Christ’s parables about stewards and husbandmen never speak of restoring those who violate their trust: such restoration is an alien concept premised on turning forgiveness into a self-serving abstraction rather than a concrete reality. –– İsanın yanında çarmıxa asılan quldur bağışlanma almışdı, bununla belə, öz davranışlarının müvəqqəti nəticələrindən əziyyət çəkirdi, o, bu nəticələrə (səmimi qəlbdən tövbə etdiyi üçün) razı idi. Məsihin idarəçilər və bağbanlar haqqında məsəllərində etibarı itirənlərin vəzifələrinə bərpası haqqında heç vaxt danışılmır: belə bir bərpa bağışlanmanı konkret reallığa deyil, məkrli bir uydurmaya çevirən yad bir düşüncə deməkdir. |
↑22 | A few commentators take the view that the shepherds are exclusively political in nature. G. Currey is representative in taking Jer. 2:8 as the basis for this minority view. Cf. F. C. Cook, ed., The Bible Commentary (Grand Rapids, MI: Baker Book House, [1871-1881]1981), Vol. 6, 144. See also A. R. Fausset in this regard (loc. cit.) as well as Carl F. Keil (op. cit., 81-82). –– Bəzi şərhçilərin fikrinə görə, çobanlar yalnız siyasi xarakter daşıyırlar. Yeremya 2:8-i azlıq təşkil edən bu düşüncənin əsası kimi qeyd edən nümayəndələrdən biri C.Karridir. F.K.Kuk, red., Müqəddəs Kitab şərhləri (Qrand Rapids, Miçiqan: Baker Book House, [1871–1881] 1981), 6-cı cild, səh. 144 ilə müqayisə edin. Həmçinin, bununla bağlı A.R.Fosetə (sitat gətirilən yerdə) və Karl. F.Keylə (sitat gətirilən əsərində, səh. 81-82) baxın. |
↑23 | Lange, op. cit., 324. –– Lanq sitat gətirilən əsərindən, səh. 324. |
↑24 | Greenhill, op. cit., 682. –– Qrinhil sitat gətirilən əsərindən, səh. 682. |
↑25 | Greenhill, op. cit., 683. –– Qrinhil sitat gətirilən əsərindən, səh. 683. |
↑26 | Patrick Fairbairn, An Exposition of Ezekiel (Minneapolis, MN: Klock & Klock Christian Publishers, [1851 T. & T. Clark] 1979), 369-370. See his extended discussion beginning on page 367. –– Patrik Feyrbern, Yezekelin şərhi (Minneapolis, Miçiqan: Klock & Klock Christian Publishers, [1851 T. & T. Clark] 1979), səh 369-370. Səhifə 367-dən etibarən onun ətraflı müzakirəsinə diqqət yetirin. |
↑27 | According to this dangerous view, the “fallen” leader just needs to live out the defiant chorus of a song by the band Chumbawumba: “I get knocked down, but I get up again; they’re never gonna keep me down!” The convenient wedge used to secure such illegitimate restoration also fits the lyrics of a more famous song: “All you need is love.” If all you need is love, you surely don’t need God swearing about something or other in Ezekiel 34! –– Bu təhlükəli nöqteyi-nəzərə görə, “yıxılmış” rəhbər, sadəcə olaraq, Chumbawubma qrupunun mahnısının meydan oxuyan nəqarətini öz həyatında yaşamalıdır: “Məni yıxırlar, amma mən yenidən ayağa qalxıram; onlar heç vaxt məni dayandıra bilməyəcəklər!” Bu cür qeyri-qanuni bərpanı təmin etmək üçün istifadə olunan rahat paz başqa bir məşhur mahnının sözlərinə də uyğun gəlir: “Sənə lazım olan, sadəcə, sevgidir.” Sizə lazım olan, sadəcə olaraq, sevgidirsə, onda Allahın Yezekel 34-də bu və ya digər bir şey üçün and içməsi, yəqin ki, sizə lazım deyildir. |
↑28 | Lange, op. cit., 318. –– Lanq sitat gətirilən əsərindən, səh. 318. |
↑29 | Lange, op. cit., 321. –– Lanq sitat gətirilən əsərindən, səh. 321. |
↑30 | Fairbairn, op. cit., 370. –– Feyrbern sitat gətirilən əsərindən, səh. 370. |