-20-
“Məhsulu geri almaq üçün kifayətdir”
Müştəri deyər: “Pisdir, pis maldır”, amma alıb gedəndə özünü öyər (Süleymanın Məsəlləri 20:14)
Hezlitt hökumətin qiymətləri müəyyənləşdirməsi məsələsinə yenidən qayıtdı. 13, 15, 16, 18 və 19-cu fəsillərdə qiymət müəyyənləşdirməsi minimum qiymət həddi şəklində həyata keçirilirdi. Bu fəsildə də belədir.
Eyni mövzunun – minimum qiymətlər – bu variantında Hezlitt indi nadir hallarda eşidə bildiyimiz şüardan istifadə edirdi: “İşçilər öz məhsullarını geri almaq imkanına malik olmalıdırlar”. Belə bir şüar heç vaxt geniş miqyasda eşidilməyib. Hezlitt bu şüarın iki mənbəyi olduğunu deyirdi: marksistlər və həmkarlar ittifaqlarının rəhbərləri. Bu gün marksizm ölüdür, həmkarlar ittifaqlarının əksəriyyəti də artıq mövcud deyil. Ona görə də bu arqumenti artıq eşitmirik.
Hezlitt bu ideyanın tərəfdarlarının həll yolu olaraq nə təklif etdiklərini söyləmirdi. Hökumət fərman vasitəsilə işçilərin maaşlarını artırmalıdırmı? Bütün işçilərinmi? Yalnız bəzi işçilərinmi? Neçə faiz artırmalıdır? Bu ideyanın tərəfdarları nəyi nəzərdə tutduqlarını heç vaxt dilə gətirməmişdilər. Şüarın heç vaxt vüsət tapmamasının bir səbəbi bu idi.
Hezlitt bu arqumentin orta əsrlər dünyasının insaflı qiymətlər doktrinasının bir variantı olduğunu iddia edirdi. İlahiyyaçılar deyirdilər ki, əməkhaqqı insaflı olmalıdır, yəni etik cəhətdən düzgün, adil olmalıdır. Bəs adil nədir? Akvinalı Foma da daxil olmaqla, orta əsrlərin ciddi ilahiyyatçıları bu problemin mövcudluğunu qəbul edirdilər, lakin əksər vaxtlarda onlar adətən bazar qiymətlərinin adil olduğuna iddia edirdilər.
Ənənəvi marksist nəzəriyyəçilər heç vaxt iqtisadi ədalət naminə çıxış etmirdilər. Marks iddia edirdi ki, bütün əxlaq – sadəcə siniflərin iqtisadi maraqlarına geydirilmiş bəzəkli dondur. Ənənəvi marksistlər hökumətin bazar qiymətlərini qurdalamasının kapitalizmin ayrılmaz iqtisadi problemlərini həll edə biləcəyini düşünmürdülər; onların fikrincə, bunu yalnız proletar inqilabı edə bilərdi. Onlar proletar inqilabından sonra dünyada qiymətlərin necə müəyyənləşdiriləcəyindən heç vaxt bəhs etmirdilər. Marks da etmirdi.
Bu, həmkarlar ittifaqları nümayəndələrini bu ideyanın təbliğatçılarına çevirdi. Bu ideyanın ən yaxşı ifadəsini Avtomobil Sənayesi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqının sədri Uolter Reyter dilə gətirmişdir. O, həm də Amerikanın iki əsas həmkarlar ittifaqından daha döyüşkəni olan Sənaye Təşkilatları Konqresinin (CIO) başçısı idi; digər həmkarlar ittifaqı isə AFL – Amerika Əmək Federasiyası idi. Reyter bunu Hezlitt öz kitabını yazdıqdan bir neçə il sonra söyləmişdi. Çox güman ki, bu fikir mübadiləsi 1954-cü ildə Ford Motor Company-də keçirilən görüşdə baş tutmuşdu. 1955-ci ildə isə dərc edildi.
Bu yaxınlarda Ford Motorun Klivlenddəki zavodu CIO prezidenti Uolter Reyterə göstərildi.
Şirkət nümayəndəsi avtomatik idarə olunan bir neçə avadanlığa qürurla işarə edərək Reyterdən soruşdu: “Bu uşaqlardan həmkarlar ittifaqı rüsumlarını necə almaq fikrindəsiniz?”
Reyter cavab verdi: “Onları Ford almağa necə sövq edəcəksiniz?”
Reyter sonrakı nitqlərində bu fikir mübadilərinin bir neçə variantını sitat gətirmişdi. Orijinalı iqtisadi təhlilə kifayət qədər yaxındır. Bu gün robot texnikası və kompyuterləşdirmə ilə bağlı da eyni arqumentləri eşidirik. Ancaq bu gün heç kim problemin həllini məvacibləri qanunla artırmaqda görmür. Bu gün məvaciblərin istənilən səviyyəsində gələcək kütləvi işsizlikdən qorxurlar.
Reyterin şərhinin analitik səhvi bu təməl fikirdən irəli gəlir: kapitalist işəgötürənlər işçiləri əvəz etmək üçün texniki avadanlıqlardan istifadə edərək onları istismar edirlər. Bu xəbərdarlığı artıq bir neçə əsrdir ki, eşidirik.
Texniki avadanlıqlar heç nəyi satın almırlar. İşçilər isə alırlar. İqtisadi sual budur: “İşçilərin istehsal prosesinə töhfəsinin dəyəri onlara ödənirmi?” Əgər ödənmirsə, bunun səbəbi nədir? Daha dəqiq desək, əgər ödənmirsə, bu necə olur? Necə olur ki, rəqabətli bazarda bir işəgötürən işçilərə layiq olduqları qədər ödəməyərək, onları istismar edə bilir? Niyə rəqib işəgötürənlər daha yüksək maaş təklifləri ilə istismarçının əməliyyatlarına “hücum etmirlər”?
Bu, bizi Hezlittin bir çox fəsildə qaldırdığı suala geri qaytarır: “Sərbəst bazarda qiymətlər necə formalaşır?” Sonra isə daha bir sual ortaya çıxır: “Əgər hökumət qiymətlərin formalaşma prosesinə müdaxilə etsə, bunun nəticələri necə olacaq?”
Həmişəki kimi, mən iqtisadi nəticələri olan hüquqi məsələdən, mülkiyyətçilik məsələsindən başlayıram. Növbəti iki bölməni təkrarlamağımın səbəbi budur: Hezlittin qarşısında duran yanlış əvvəlki kimidir, yəni hökumət tərəfindən təyin edilən minimum qiymət həddidir.
1. Pəncərə sahibləri (icmal)
Pullar mülkiyyətçilərin bir qrupuna – biznes sahiblərinə məxsusdur. Onlar torpaq və binaları da əhatə edən əsas avadanlıqlara da sahib ola bilərlər. Onların biznes-planları var. Bu planlar işçi götürməyi nəzərdə tutur.
Mülkiyyətçilərin digər qrupunun əmək xidmətləri göstərmək qabiliyyətləri var. Bu adamların bu xidmətləri icarəyə vermək hüququ var.
Üçüncü qrup mülkiyyətçilər isə hansısa anda qərar verəcəklər ki, biznes kapitalı və əmək xidmətlərinin birləşməsi sayəsində yaranan məhsulları və xidmətləri almağa dəyər, ya yox. Onlar hansı satıcıların uğur qazanacağını geriyə doğru müəyyən edəcəklər.
Bütün iştirakçıların təklif vermək üçün qanuni hüququ var.
2. Pəncərə (icmal)
Pəncərə cəmiyyətin əxlaqi, hüquqi və mədəni ənənələrinin və qurumlarının məhsuludur. Sərbəst bazar kimi tanınır. Xərcləməyə pulu olanlar öz məhsullarını alıcılara, yəni pul xərcləyənlərə satmaq istəyən adamlarla razılığa gəlirlər.
Bu sistemdə işçi götürən adamlar bu xidmətləri müəyyən qiymətə icarəyə verən adamları tapmağa çalışırlar. İqtisadi mübadilə həmişə razılaşdırılmış qiymətdən asılıdır. Alıcılar alıcılarla rəqabət aparırlar. Satıcılar satıcılarla rəqabət aparırlar. İşə götürmənin yalnız sonuncu mərhələsində üz-üzə danışıqlar baş tutur: potensial işə götürən potensial işçi ilə. Potensial işəgötürən potensial işçinin nə qədər az pulu qəbul edəcəyini, potensial işçi isə potensial işəgötürənin nə qədər pul verəcəyini bilmir. Bu məlumatsızlıq zonasında danışıqlar baş tuta bilər. Amma deyəsən, olmayacaq. Vaxt havayı vəsait deyil. İşəgötürən adətən belə bir təklif edir: “Ya qəbul edin, ya da etməyin. Çox məşğulam və danışıqlar üçün vaxtım yoxdur”.
İşəgötürən gələcək müştərilərin iqtisadi vasitəçisi rolunda çıxış edir. Onlara özünün istehsal prosesinin məhsullarını almaq imkanı verəcək. İşəgötürən həm də öz işçilərinin iqtisadi vasitəçisi rolunu oynayır. Pul qazanmaq üçün işçilər öz xidmətlərini müştərilərə satmalıdırlar. İşçilər öz xidmətlərini bilavasitə müştərilərə satmağın yolunu bilmirlər, amma işəgötürən bunu bildiyinə əmindir. İşəgötürən özünə o qədər əmindir ki, müştərilərin yaxın zamandakı qərarlarından asılı olmayaraq, müəyyən işləri görmək üçün öz işçilərinə pul ödəməyə hazırdır. Müştərilərin yoxluğu işəgötürənin istehlakçı tələbini yanlış qiymətləndirdiyini göstərənə qədər, müəssisə işçilərinə pul ödəməyə davam edir. Yalnız onda işəgötürən işçilərin bir qismini və ya hamısını işdən azad edəcək.
Əməkhaqqı digər işçilər və digər işəgötürənlər üçün tələb və təklif şərtləri barədə xəbərdarlıq siqnalıdır. Əgər bu əməkhaqqı bazarı təmizləyən əməkhaqqıdırsa, onda eyni işi daha az əməkhaqqı ilə görməyi təklif edən rəqib işçilər də, daha çox əməkhaqqı təklif edən rəqib işəgötürənlər də olmayacaq.
3. Daş
Hezlitt daşı təsvir etməmişdi. O, tənqidçilərin də daşı heç vaxt təsvir etmədiklərini iddia edirdi.
Bəs biz əməyin nə vaxt “məhsulu geri almaq üçün kifayət qədər pulu” olduğunu necə öyrənə bilərik? Ya da nə vaxt daha artığına sahib olduğunu? Doğru məbləğin nə olduğunu necə müəyyən edək? Bu doktrinanın tərəfdarları belə suallara cavab vermək üçün heç bir aydın səy göstərmədikləri üçün biz özümüz üçün cavab tapmağa çalışmalıyıq.”
O, iddia edirdi ki, işçilərin alıcılıq qabiliyyətinin olmaması onun “alıcılıq qabiliyyəti arqumenti” adlandırdığı məfhumun başqa bir variantıdır. Kapitalizm, guya işçilərin istehsal etdikləri məhsulların tam dəyərini onlardan gizlədir. İzafi dəyərlə bağlı arqument Marksın arqumenti idi, halbuki Hezlitt burada onu müəyyən etmirdi. Hezlitt diqqətini yanlış üzərində cəmləşdirmişdi.
Mübadilə iqtisadiyyatında bir adamın gəliri başqa bir adamın xərcidir. Saatbaşı əməkhaqqının hər bir artımı, saatbaşı istehsalatın eyni səviyyədə artımı ilə kompensasiya edilmədiyi təqdirdə, istehsal xərclərinin artımına çevrilir.”
Bu daş – sərbəst bazarın tələb və təklif sistemindən yaranan məvacibdən daha yüksək məvacib təmin etmək üçün hökumətin hər cür müdaxiləsinin daha bir variantıdır.
4. Xərclər
Hezlitt hökumətin qiymətləri müəyyənləşdirməsi ilə bağlı tanış mülahizəsinə qayıtdı.
Bu, bizi iqtisadi tarazlığın ümumi mahiyyətinə və təsirinə gətirib çıxarır. Tarazlıq məvacibləri və qiymətləri – tələb və təklifi bərabərləşdirən məvacib və qiymətlərdir. İstər hökumət, istərsə də şəxsi məcburiyyət yolu ilə qiymətləri tarazlıq həddindən yuxarı qaldırmağa cəhd edilərsə, tələb azalacaq, deməli, istehsal azalacaq. Qiymətləri tarazlıq səviyyəsindən aşağı endirməyə cəhd edilərsə, bunun nəticəsi kimi gəlirin azalması və ya məhv edilməsi isə təklifin və ya yeni istehsalatın azalması demək olacaq. Ona görə də qiymətləri tarazlıq səviyyələrindən (sərbəst bazarın həmişə qiymətləri gətirməyə meylli olduğu səviyyələr) yuxarı qaldırmaq və ya aşağı endirmək cəhdi məşğulluq və istehsalat həcmini ola biləcəyindən daha aşağı salacaq.”
Bu, sərbəst bazar iqtisadiyyatının bütün sistemlərində qiymətlərə nəzarətə qarşı istifadə edilən standart arqumentdir. Hezlitt tarazlaşdırılmış qiymətlərə istinad edirdi. Tarazlıq – fiziki anlayışdır. Hezlitt bazarın təmizlənməsini nəzərdə tuturdu. Bu qiymətlə almaq istəyən hər kəs ala bilər və bu qiymətlə satmaq istəyən hər kəs sata bilər. İzafi tələb və izafi təklif yoxdur. Yalnız bir qiymət bu nəticəni əldə edə bilər.
Ona görə də siyasətçilərin və ya bürokratların daha yüksək və ya daha aşağı qiymətlər təyin etmək üçün göstərdikləri hər bir cəhd izafiliyə səbəb olacaq. Qiymətlərin minimum həddi təklifləri tələblərdən artıq edəcək. Yüksək həddəki rəsmi qiymətlər satıcıları şirnikləndirir, alıcıları isə qorxudub qaçırır. Qiymətlərin maksimum həddi tələbləri təkliflərdən artıq edəcək. Aşağı həddəki rəsmi qiymətlər alıcıları şirnikləndirir və satıcıların gözünü qorxudur.
Əgər hökumət məvacibləri sərbəst bazarın istehsal edə biləcəyindən daha yüksək edirsə, onda işsiz qalanlar olacaq. Niyə? Çünki qanun istehsalat xərclərini artırır. Müəssisələr kifayət qədər məhsuldar olmayan işçilərini işdən azad edir ki, onları əməkhaqqı hesabında saxlamağına bəraət qazandırsın. Minimum əməkhaqqı qanununun daha bir versiyası var. Lakin bu halda o, bütün iş yerlərinə şamil edilə bilməz. Yalnız bəzi iş yerlərinə tətbiq edilə bilər. Şüarı təbliğ edənlər bunu heç vaxt demirdilər.
Hezlitt pul inflyasiyasının müzakirəsini də əlavə etmişdi. Əgər mərkəzi bank kağız pullar yaratsa, qiymət səviyyəsi artacaq. Onda işsizlik aradan qalxa bilər. Süni şəkildə artırılmış maaşlar əvvəlki kimi çox məhsul almayacaq. Bu o deməkdir ki, həqiqi maaşlar azalıb. Hezlitt bunu deməsə də, onun müzakirəsinin mənası belə idi: əgər həqiqi maaşlar azalarsa, onda başladığımız yerə geri dönəcəyik. Bazar, bazarın təmizlənməsi qiymətini təyin edib. Beləliklə, tənqidçilər yenə şikayət edəcəklər. Əmək hələ də öz məhsulunu geri satın ala bilmir.
5. Nəticələr
Bu ideyanın nəticələri minimal idi. Demək olar ki, heç kim onu başa düşmürdü. Hökumətin iqtisadi siyasətinə indi oxuduğumuz şəkildə təsir etmədi. Tənqidçilər müəyyən qiymətlərin qanunla nə qədər artırılmalı olduğu haqqında heç vaxt dəqiq cavab verə bilmədilər.
İnternetdə “məhsulu geri almaq” ifadəsini, həmçinin “əməkhaqqı” sözünü axtarsanız, nəticələrin çoxunun Hezlittin kitabının bu fəslinə yönəldən bağlantılar olduğunu görəcəksiniz. Geriyə dönüb baxanda, deyə bilərik ki, Hezlitt bu şüara diqqət çəkmək üçün hər hansı həmkarlar ittifaqı liderindən və şübhəsiz ki, hər bir marksistdən daha çox şey edib.
Yekun
17-ci fəsil kitabın ən qarışıq fəslidir. Hezlitt çox sayda əlaqəsiz misallar gətirmişdi. Onları başa düşmək çətindir. Məsələn:
Qiymətlərin bundan çox-çox aşağı olacağına inam iki əsas yanlışa əsaslanır. Birincisi – yalnız xüsusi bir şirkətin və ya sənaye sahəsinin işçi qüvvəsi üçün bilavasitə xərclərini nəzərdən keçirmək və bunların işçi qüvvəsinə sərf edilən bütün xərcləri əhatə etdiyini güman etməkdir. Amma bu, elementar bir səhvdir – hissəni tam kimi qəbul etmək. Hər bir “sənaye” təkcə “üfüqi” şəkildə deyil, həm də “şaquli” şəkildə nəzərdən keçirilən istehsalat prosesinin da bir hissəsidir.
Beləliklə, bilavasitə avtomobil zavodlarında avtomobil istehsalında işçi qüvvəsi üçün birbaşa xərclər ümumi xərclərin üçdə birindən azını təşkil edir; bu isə ehtiyatsız insanları belə bir nəticəyə gətirə bilər ki, əməkhaqqının 30 faizlik artımı avtomobil qiymətlərinin yalnız 10 faizlik və ya daha az artımı ilə nəticələnəcək.”
Bu aydın deyil.
O, şah damardan girə bilmədi. Mənim cavabım olan bu cavabı verməmişdi.
Sərbəst bazar iqtisadiyyatında işçilərə öz əməyinin məhsullarını satın almağa kifayət edəcək qədər maaş verilir. Rəqabətli təkliflər sayəsində – işəgötürənlər işəgötürənlərə qarşı, işçilər işçilərə qarşı – istehsalatın hər bir amili əksər adamların lazım bildiyi qədər əldə edir. Səhvə yol verilə bilər, amma sahibkar bu səhvdən istifadə edərək, baha satmaq üçün ucuz alanda həmin səhv aradan qaldırılacaq. İstənilən istehsal prosesində iştirak edən işçinin istehsalatın ümumi həcminə verdiyi unikal töhfənin tam dəyəri işçiyə ödəniləcək. Əgər ödənilməsə, başqa bir işəgötürən həmin işçini daha yüksək maaşla tovlayacaq.”
Bu, tənqidçilərin yol verdiyi köhnə təhlil xətasına sərbəst bazar iqtisadçılarının verdiyi ənənəvi cavabdır. Kapitalizmin tənqidçiləri, işçi qüvvəsi tədarükçülərinin bir-biri ilə və işçi qüvvəsi alıcılarının bir-biri ilə rəqabət apardığı rəqabətli ticarətə etinasız yanaşırlar. Bu obyektiv qiymət rəqabətindən konkret işçilər üçün konkret maaşlar yaranır. Burada Hezlitt “Əməkhaqqıları necə müəyyənləşdirilir?” analitik sualından yayınırdı.
O, cəmiyyət üçün bir iqtisadi xərc müəyyənləşdirmişdi. Əgər hökumət qanuni əməkhaqqını artırmaqla əlavə istehsal xərcləri gətirirsə, onda bunun nəticəsi istehsalın azalması olacaq. Hökumətin dəstəklədiyi müəyyən bir qrupun üzvlərinin gəlirləri artsa da, cəmiyyətin sərvəti azalacaq. O, bu arqumenti həm qiymət minimumu, həm də qiymət maksimumu şəklində nəzarətə həsr etdiyi fəsillərdə təkrarlamışdı. Doğru arqumentdir.
Bu, natamam arqumentdir. Əsas sosial xərclər – daha yüksək işsizlik səviyyəsi deyil. Əsas sosial xərclər – mülkiyyət hüququnun pozulmasıdır. Əgər hökumət təklif verməyi və almağı qeyri-qanuni elan edirsə, onda bu, şəxsi mülkiyyətə xələl gətirir. Necə? Mülkiyyətdən imtina hüququnu pozaraq. Almaq təklifi – satmaq təklifidir – mülkiyyətdən imtinadır. Əgər mülkiyyətinizdən imtina etmək hüququnuz yoxdursa, onda tam hüquqlu mülkiyyətçi deyilsiniz.
Hezlittin yürütdüyü məntiqdəki problem bundadır. O, bu arqumentin etibarlılığına etiraz etmək üçün tam məşğuliyyət mövzusuna müraciət etmişdi. Hökumətin qiymətləri müəyyənləşdirməsi haqqındakı hər fəsildə bunu edir. Bu, bütün kitabı zəiflədən cəhət oldu. Bu fəsildə o, əvvəlki fəsillərdən fərqli olaraq, fikrini daha aydın izah etmişdi. O, öz iddiasını yalnız iqtisadi məhsul üzrə “ən yaxşı” nəticələrə əsaslandırırdı. Bu, əxlaqi mühakimədir. Hezlitt bu mövzunu arxa qapıdan gizlicə keçirmişdi. Bu fəsildə isə bu barədə aydın şəkildə bəyan etmişdi. Sondan ikinci abzasda belə yazmışdı:
Bu məhsulun bölüşdürülməsini təyin etməli olan qiymətlər, maaşlar və gəlirlərə gəldikdə, ən yaxşı qiymətlər – ən yüksək qiymətlər deyil, ən böyük istehsal həcminə və ən böyük satış həcminə təşviq edən qiymətlərdir. İşçi qüvvəsi üçün ən yaxşı əməkhaqqı səviyyəsi – ən yüksək maaş səviyyəsi deyil, tam istehsala, tam məşğulluğa və ən böyük davamlı əməkhaqqı fondlarına imkan verən səviyyədir. Təkcə sənaye baxımından deyil, həm də əmək baxımından ən yaxşı gəlirlər – ən aşağı gəlirlər deyil, daha çox adamı işəgötürən olmağa və ya əvvəlkindən daha çox məşğulluq təmin etməyə təşviq edən gəlirlərdir.”
Mənim yanaşmam isə tamamilə fərqlidir. Mən ideal olaraq maksimum iqtisadi məhsuldan başlamıram. Niyə bunu etmirəm? Çünki iqtisadi məhsul – nəticədir. Mən əxlaqi teologiyadan başlayıram: nəyin əxlaqi cəhətdən doğru olduğu haqqında sualla. İqtisadçılar məhsuldan deyil, mülkiyyətçilikdən başlamalıdırlar. Onlar iqtisadi məhsul baxımından deyil, etika və hüquq baxımından “ən yaxşıları” təyin etməlidirlər. Şəxsi mülkiyyətçilikdən – onun vəzifələrindən, əxlaqi təməllərindən və nəticələrindən başlamalıdırlar.
İqtisadi təhlil bu sualdan başlamalıdır: insan fəaliyyətinin hüquqi məsuliyyətlə əlaqələndirilməsi üçün hüquq sistemi meyarları. Sonra isə təhlil bu hüquqi nizamın nəticələrini izləməlidir, çünki onlar qıtlığın hökm sürdüyü dünyada mülkiyyətə sahib olma/imtina etmə prinsiplərini tətbiq edirlər.
Sərbəst bazar iqtisadiyyatı ən yüksək istehsal səviyyəsini, tam məşğulluğu və ən böyük davamlı əməkhaqqı fondlarını şəxsi mülkiyyət hüququ sayəsində təmin edir. Rəqabətli ticarətin nəticəsi olan sərbəst bazarın qiymətlər sistemi isə öz növbəsində Müqəddəs Kitaba əsaslanan sahib olma/imtina etmə hüquqi prinsipinin nəticəsidir. İqtisadi nəticələrin mənfəət-zərər sistemi – sərbəst bazarın Hezlittin təyin etdiyi ən yaxşı nəticələri verməsinin səbəbidir.
Hezlitt hüquq sistemindən başlamamışdı. Bunu edən iqtisadçı sayı azdır. Mən isə bunu edirəm. Hezlitt mülkiyyətçilikdən başlamamışdı. Bunu edən iqtisadçı sayı azdır. Məni isə bunu edirəm.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-20 səhifəsinə baxın.
-21-
Mənfəətin funksiyası
Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”(Matta 25:19-21)
Bu hissəyə Əhdi-Cədidin son məhkəmədən bəhs edən ən məşhur hissəsində rast gəlirik. Bu, üç qula sikkələr etibar edən bir ağa haqqında məsəldir. Qullar – idarəçilərdir. Sonra ağa gedir. Qayıdanda isə hesabat tələb edir. İki qul mənfəət əldə etmişdilər. Üçüncü isə öz pulunu torpağa basdırmışdı. Ağa qoyduğu sərmayədən mənfəət əldə etmir. Ağa bu adamı qınayır.
Bu, İsanın maliyyəyə dair məsəllərindən biri idi. O, dinləyicilərinin pulla maraqlandığını bilirdi. Bu məsəli anlayacaqlarını da bilirdi. Məsəlin mesajı aydın idi: idarəçi mülkiyyətçinin iqtisadi təmsilçisidir. Mülkiyyətçi idarəçiyə verdiyi vəsaitlərdən müsbət gəlir dərəcəsi gözləyir. Bir sözlə, o, qoyduğu sərmayədən mənfəət əldə etmək istəyir. İtkisizlik qənaətbəxş nəticə deyil. Onun hər hansı itkiyə necə reaksiya verə biləcəyini buradan başa düşmək olar.
Biznesin dili göz qabağındadır. Sərmayə var. Mülkiyyətçi bu sərmayə vəsaitlərini tabeliyində olanlara təhvil verir. O, portfelini şaxələndirir: hər birinin öz bacarıqları olan üç nəfər. Onun hədəfi gələcəkdir. Bu idarəçilərin öz vəzifələrini necə icra edəcəklərini bilmir. Onun planı var: onların mənfəətli işləmək bacarığını qiymətləndirmək. Geri qayıdanda hesabat tələb edir. Mənfəət gətirən iki idarəçi əlavə vəsaitlə mükafatlandırılırlar. Onlar mülkiyyətçinin idarəçisi olaraq qalacaqlar. Bir idarəçi mənfəət əldə edə bilməmişdi. O, idarəçilik işindən həmişəlik azad edilir.
Mənfəətin şər olduğuna dair heç bir eyham yoxdur. İtkilərdən qaçmağın zəruriliyi isə aydın məsələdir. Əgər itkisizlik işdən qovulmaqla nəticələnirsə, onda itkilərin nəticələrini özünüz təsəvvür edin.
Niyə İsa bu məsəli son məhkəmə məsəli kimi istifadə edib? Çünki son məhkəmə arxetipdir – bütün hesabatların son modelidir. Biz öz davranışlarımıza görə məsuliyyət daşıyırıq. Mülkiyyət sahibiyik, ancaq Allahın idarəçiləri kimi. Bizim mülkiyyətçiliyimiz – qəyyumluğun bir formasıdır.
Niyə kimsə mənfəətin qeyri-qanuni olduğunu düşünə bilər? Amma milyonlarla insan belə düşünür. Hezlitt bu fəsildə bu düşmənçiliyi müzakirə etmişdi. Mənfəətin azad cəmiyyətdəki funksiyasını bilməməyin bu düşmənçiliyə səbəb olduğunu düşünürdü. Bu fəsil hökumətin konkret müdaxiləsinin bir nümunəsindən daha çox izahedici bir fəsildir. Bu mənada o, 15-ci “Qiymətlər sistemi necə işləyir” fəslinə bənzəyir.
1. Pəncərə sahibləri
Əgər bir insan kiçik biznes sahibidirsə, onun fəaliyyəti üçün məsuliyyət daşıyır. Əgər biznesdə qalmaq istəyirsə, bu iş ona mənfəət gətirməlidir. Fərdi sahibkara aid olan bu həqiqət böyük korporasiyaya da aiddir. Bu halda mülkiyyətçilər səhmdarlardır. Onlar mənfəət əldə etmək məsuliyyətini menecerlərə həvalə edirlər. Menecerlər mülkiyyətçi deyillər, idarəçidirlər.
Digər mülkiyyətçilər – ən yaxşı satılan məhsul olan pula sahib potensial müştərilərdir.
2. Pəncərə
Pəncərə – kimin kim qarşısında məsuliyyət daşıdığını təyin edən hüquqi strukturdur. Korporasiyadakı üst səviyyəli menecerlər səhmdarlar qarşısında məsuliyyət daşıyırlar. Onlar səhmdarlara hesabat verməlidirlər. Səhmdarların üst səviyyəli menecerləri dəyişdirmək üçün qanuni səlahiyyətləri var. Onlar bu işi görmək üçün kifayət qədər hazır deyillərsə, öz səhmlərini sata bilərlər. Bu, adətən səhmlərin qiymətlərini aşağı salır. Bu, digər investorlar üçün bir işarədir: şirkət rəhbərliyi mənfəət əldə edə bilmir. Bəzən satınalma mütəxəssisi adlandırılan yeni mülkiyyətçi onda səhmləri əvvəlkindən daha ucuz ala bilər. Əgər kifayət sayda səhm alsa, mövcud menecerləri işdən azad edə bilər. Səhmləri satın alan xarici investorlar qrupunun başına keçə bilər. Onların məqsədi – menecerləri işdən azad etmək, şirkəti yenidən strukturlaşdırmaq və mənfəət əldə etməkdir. Onda çox güman ki, səhmlərin qiyməti artacaqdır. Onlar səhmləri ucuz qiymətə almışdılar. İndi isə baha qiymətə sata bilərlər.
Mənfəəti necə əldə edə bilərlər? Müştərilərə xərcləri örtən və gəliri təmin edən qiymətlərlə satmaqla. Mənfəət potensialı olmasaydı, onlar səhmləri almazdılar. Səhmləri almasaydılar, mövcud menecerləri dəyişdirə bilməzdilər. Onda menecerlər səhvlərə yol verməyə davam edərdilər. Potensial müştərilər real müştərilərə çevrilməzdi. Mənfəət əlçatmaz olardı.
Mülkiyyətə sahib olma və mülkiyyətdən imtina etmənin bu sistemində mənfəət ümidi menecerlərə və mülkiyyətçilərə rəhbərlik edir. Mənfəət əldə etmək üçün menecerlər müştərilərə xidmət etməlidirlər. Müştərilər pula sahibdirlər. Onların satın almaq və ya almamaq qərarları hansı istehsalçıların öz planlarında uğura nail olduqlarını geriyə doğru müəyyənləşdirir. Onların uğurunun göstəricisi nədir? Mənfəət. Mənfəət sistemi planlaşdırmanı və istehsalı sahibkarlara verir, lakin onların planlarının uğuru müştərilərdən asılıdır. “Sükan arxasında” müştərilərdir. Onların istehsal prosesi üzərindəki geriyə doğru nəzarəti mənfəət və zərəri hesablama sistemindən asılıdır.
Bu sistemin hədəfi gələcəkdir. O, qaçılmaz bir fakt üzərində qurulub: heç kim gələcəyi mükəmməl şəkildə bilmir. Heç kim müştərilərin gələcəkdə nə istəyəcəyini – hansı miqdarda, hansı qiymətə və harada istəyəcəyini bilmir. Bunu müştərilərə də şamil etmək olar. Müştərilər də düşünürlər ki, iş adamları müştərilərin gələcək arzularını təxmin edəcək və sonra işlərini bu istiqamətdə planlaşdıracaq.
Sərbəst bazarın qaydası budur: satıcılar satıcılarla rəqabət aparır; alıcılar alıcılarla rəqabət aparır. Satıcılar arasındakı rəqabətlə bağlı Hezlitt belə yazırdı:
Nəhayət, mənfəət funksiyası budur: daha çox iqtisadiyyat və səmərəlilik gətirməsi üçün hər bir rəqabətçi biznesin rəhbərinə daimi və fasiləsiz təzyiq göstərmək lazımdır, indiyə qədər iqtisadiyyatın və səmərəliliyin hansı səviyyədə olmağının fərqi yoxdur. Yaxşı vaxtlarda o, bunu öz mənfəətini daha da artırmaq üçün edir; adi vaxtlarda o, bunu öz rəqiblərini qabaqlamaq üçün edir; pis vaxtlarda isə o, bəlkə bunu ümumiyyətlə sağ qalmaq üçün etməli olacaq. Axı mənfəət nəinki sıfıra enə bilər; o, tez bir zamanda itkiyə də çevrilə bilər; onda sahibkar öz vəziyyətini yaxşılaşdırmaqdan daha çox, məhv olmaqdan qorumaq üçün səy göstərəcək.”
İdarəçilər dörd istiqamətli məsuliyyət daşıyırlar: yuxarı doğru mülkiyyətçi qarşısında, bayıra doğru müştərilər qarşısında, aşağıya doğru bütün işçilər qarşısında və içəriyə doğru özləri – öz məqsədləri, arzuları və standartları qarşısında.
3. Daş
Hezlitt daşın təbiəti haqqında fikrini aydın izah etməmişdi. Bir ehtimal qiymətlərin hökumət tərəfindən müəyyən edilməsidir.
Bu gün istehsalat üçün ən böyük təhlükələrdən biri hökumətin qiymətləri müəyyən etmə siyasətindən irəli gəlir. Bu siyasət bir yandan bir-birinin ardınca məhsulları istehsalatdan kənarlaşdıraraq, həmin malların istehsalına təşviqə mane olur, bir yandan da uzunmüddətli təsiri var – istehsalatın istehlakçıların real tələbinə uyğun tarazlaşdırılmasına əngəl olur.”
Başqa bir ehtimal mənfəətin maksimum həddidir.
Əgər mənfəət maksimum səviyyə ilə – məsələn, 10 faizlə və ya buna bənzər başqa bir rəqəmlə – məhdudlaşarsa, lakin bütün vəsaitin itirilmə riski hələ də qalarsa, onda mənfəətin təşviqinə və deməli, məşğulluğa və istehsalata nə təsir edə bilər? Müharibə dövründə izafi mənfəət vergisi artıq bizə göstərib ki, belə bir məhdudiyyət hətta qısa bir müddətdə səmərəliliyi pozmaq üçün nələr edə bilər.”
Onun bəhs etdiyi şey izafi mənfəət vergisi ola bilərdimi? Bu vergilər II Dünya Müharibəsi zamanı tətbiq edilirdi. O, başqa misallar gətirməyib. Gətirə bilərdi. Biznesə tətbiq edilən hər növ vergi mənfəəti məhdudlaşdırır. Hökumətin qanunları mənfəəti azaldır. Amma bu qanunlar mənfəəti məhdudlaşdırmaq naminə qəbul edilmir. Ümumiyyətlə, amerikalı seçicilər biznesin yüksək mənfəətinə görə heç vaxt narahat olmayıblar. Mənfəəti məhdudlaşdırmaq kimi konkret məqsədlə qanun qəbul etməsi üçün Konqresə təzyiq göstərməyiblər.
4. Xərclər
Sınmış pəncərənin əsas iqtisadi xərci müştərilərin səlahiyyətinin azaldılmasıdır. Biznes sahibi və üst səviyyəli menecerlər məcburi itki tətbiq etmək səlahiyyəti olan hökumət bürokratlarına diqqət etməlidirlər. Müştərilərin sahib olduğu səlahiyyət dərəcəsi azalır. İndi mənfəət və itkilər bürokratların qoyduğu standartlara uyğunlaşmaqdan daha çox asılıdır. Bürokratlar istehlakçıları qorumaq adı ilə müştərilərin səlahiyyətlərini azaldaraq, onların uğurlu biznesləri mükafatlandırmaq imkanlarını da azaldırlar. Hezlitt yazırdı:
Mənfəətin funksiyalarından biri qısaca olaraq ondan ibarətdir ki, istehsal amilləri, minlərlə müxtəlif əmtəənin nisbi istehsalını tələbə müvafiq şəkildə bölüşdürmək istiqamətində yönləndirilsin. Nə qədər ağıllı olursa olsun, heç bir bürokrat bu problem özbaşına həll edə bilməz. Sərbəst qiymətlər və sərbəst gəlir istehsalı maksimum həddə çatdıracaq və qıtlığı bütün digər sistemlərdən daha tez aradan qaldıracaq. Özbaşına müəyyənləşdirilmiş qiymətlər və özbaşına məhdudlaşdırılmış mənfəət yalnız qıtlığın müddətini uzada, istehsal və məşğulluğu isə azalda bilər.”
Hökumətin bu cür müdaxiləsi biznes qərarlarını verən şəxslərə müştərilərdən gələn informasiya axınını azaldır. Bu informasiya axını qiymətlərə və mühasibata əsaslanır. Qərar qəbul edən şəxslərə bu informasiya istehsalı müştərilərin gələcək tələbinə uyğun idarə etmək üçün lazımdır. Hökumətin mənfəətə müdaxiləsi yarışın ortasında yarış avtomobilinin şüşəsinə palçıq topları atmağa bənzəyir.
5. Nəticələr
Amerikada rəqabətdən qorunan, idarəedici orqanlar tərəfindən sabit mənfəət səviyyəsinə zəmanət verilən və hökumət tərəfindən tənzimlənən kommunal xidmətlərdən başqa, cəmiyyəti qorumaq üçün mənfəəti məhdudlaşdırmaq adı ilə heç bir mənfəət-azaldıcı sistemli siyasi proqram yoxdur. Bu, müştərilərin xeyrinədir.
Yekun
Mənfəət etik cəhətdən qanunidir. İsa bunu öyrədirdi. Hezlitt bu barədə qeyd etməmişdi. Mənfəət cəmiyyət üçün zəruridir. İsa bunu nəzərdə tuturdu. Hezlitt bunu aydın ifadə etmişdi. İstehsalatı kimsə idarə etməlidir. Bu kim olmalıdır? Kimsə məhsulu istehlak edəcək. Hansı hüquqi əsasla? Hər bir cəmiyyət bu suallara cavab verməlidir:
- Məsul şəxs kimdir? Azad cəmiyyətdə bunlar mülkiyyətçilərdir.
- Mülkiyyətçinin iqtisadi təmsilçisi qismində kim çıxış edir? Azad cəmiyyətdə bunlar sahibkarlardır.
- Qaydalar necədir? Azad cəmiyyətdə qayda belədir: “Mənfəət əldə edin, itki deyil.”
- Nəticələr hansılardır? Azad cəmiyyətdə nəticələr mənfəətlər və itkilərdir.
- Hansı təşkilatlar miras qalır? Azad cəmiyyətdə bunlar mənfəət gətirən təşkilatlardır.
Mənfəət və itkilər sərbəst bazar sosial nizamındakı nəticələrdir. Onlar olmadan istehsalçılar kor-koranə hərəkət edirlər. Onlar olmadan istehlakçılar kimin udub, kimin uduzduğuna nəzarəti itirirlər. Hökumətin mənfəətləri azaltmaq üçün etdiyi hər bir cəhd itkiləri artıracaq. Bu müdaxilənin iki mənfi təsiri olacaq: (1) istehsalçıların görüşü bulanıq olacaq; (2) istehlakçıların nəzarəti azalacaq. Burada udanlar isə öz səlahiyyətlərindən istifadə etməkdən zövq alan siyasətçilər və bürokratlar olacaq.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-21 səhifəsinə baxın.
