-22-
İnflyasiya ilğımı
Gümüşünüz tullantıya çevrildi, şərabınıza su qatııldı (Yeşaya 1:22)
Peyğəmbər Yeşaya bütövlükdə xalqı açıq şəkildə tənqid edirdi. O, siyasi rəhbərlərin cinayətlərini də açıqlayırdı. Onlar rüşvətxor idilər. Oğrularla əlbir idilər (ayə 23). Yalan qərarlar çıxarıb, dulları və yetimləri aldadırdılar (ayə 24). Ancaq bu cinayətlərdən qabaq o, pulun keyfiyyətinin azalmasını (devalvasiya – debasement) qeyd edirdi: gümüşə ucuz metallar qatılırdı. “Keyfiyyətini azaltmaq” (debase) sözü “əsas” metallardan (base metals) – ucuz metallardan irəli gəlir. Bu, pulun inflyasiyası idi.
Yeşaya vacib bir məsələyə toxunurdu. Xalqın günahları xalqın keyfiyyətini azaldırdı. Gümüşəridənlərin korrupsiya təcrübəsi əridilmiş gümüşə ucuz metallar qatmaq idi. Bunun nəticəsində xalis gümüş kimi görünən, amma elə olmayan külçələr düzəldilirdi. Bu, saxta metal idi. Aldadıcı iş idi. Gümüş qıtlığına görə İsrail xalqı gümüş külçələrin böyük dəyəri olduğunu düşünürdülər, ona görə də gümüşəridənlər ictimaiyyəti aldatmağa davam edirdilər. Poladəridənlər külçələrin tərkibini korlamasaydılar, dövriyyəyə bu qədər çox saxta gümüş külçə düşməzdi.
Yeşaya qiymətlərin qalxdığını demirdi. Amma onun dinləyiciləri bunu bilirdilər. Bu saxtakarlığı edənlər təkcə metaləridənlər deyildi. Şərabçılar da belə edir. Onların ürəyində oğurluq hökm sürürdü. Peyğəmbər onlara Allahın gələcək məhkəməsi haqqında xəbərdarlıq verirdi. Bunu edərkən metaləridənlərin dilindən istifadə edirdi.
Buna görə də Sahibimiz, Ordular Rəbbi, İsrailin Qadir Allahı belə bəyan edir: “Yağılarımı cəzalandırıb rahatlanacağam, düşmənlərimdən qisas alacağam. Ey İsrail xalqı, sənə əlimi uzadacağam, paxırını gilabı ilə təmizləyəcəyəm, bütün çirkini yuyacağam. Hakimlərini, məsləhətçilərini əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: «Salehlik şəhəri, sadiq şəhər» deyiləcək” (24-26-cı ayələr).”
Cəmiyyət etik cəhətdən korlanmışdı. Cəmiyyət etik cəhətdən saxta idi. Amma təmizlik xalis olacaqdı.
Yeşayanın dövründəki keyfiyyətin azaldılması bugünkü ilə müqayisədə uşaq oyuncağıdır. Bunun səbəbi aldatmanın həddi idi. Ərinmiş metala həddindən çox çöküntü qatsanız, o, artıq gümüşə oxşamayacaq. Müasir dünya öz sikkələrinin keyfiyyətini tamamilə azaldıb. Heç bir ölkənin zərbxanası gümüş sikkələri ümumi istifadə sikkəsi kimi buraxmır, yalnız kolleksiya əşyası kimi buraxırlar. 1960-cı illərin ortalarına qədər gümüş pullar artıq mərkəzi bankların saxta pulları ilə əvəz edilmişdi.
1965-ci ildə pulun əksər hissəsi bugünkü kimi sikkələr şəklində deyildi. Pulların çoxu kağız əskinaslar və bank çeklərinin birləşməsindən ibarət idi. İstənilən nominalda çap edilmiş pul valyutaları bir-birinə bənzəyirdi. Buradakı “çöküntü” bir neçə sent dəyəri olan kağız və mürəkkəb idi. “Gümüş” isə əskinasın nominal dəyəri idi. Mərkəzi bankın bu əskinasların çap olunmasından əldə etdiyi mənfəət – əlavə gəlir çox böyük idi. Hökumətlər saxta əskinasların çap edilməsini qadağan edən qanunlar buraxırdılar, lakin onların mərkəzi bankları yalnız saxta əskinaslar çap edirdilər. Bu prosesi nəzarətdə saxlayan amil, insanların kağız pullarını gətirib və ya çek yazaraq qızıl sikkələrlə dəyişmək imkanının mövcud olması idi. Avropada buna 1914-cü ilin axırında – I Dünya Müharibəsi ilə son qoyuldu. Birləşmiş Ştatlarda isə 1933-cü ildə başa çatdı. ABŞ-da gümüş sikkələr üçün isə bu proses 1964-cü ildə qurtardı. (Qeyd: 1963-cü ilin yayında mən bankdan nominal üzrə aldığım bütün pullarımı gümüş sikkələrə dəyişmişdim. Yayın sonunda bu sikkələr məşhur Qreşem qanunu ilə dövriyyədən çıxmağa başladılar: “Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar”.)
Bu gün pulların çoxu rəqəmsaldır. Bütün rəqəmsal pullar – saxtadır. Biz artıq pulu belə görmürük – bir parça plastmasdan istifadə edirik. Kompüterlər bir-biri ilə əlaqə saxlayır.
Saxta pullar əxlaqi cəhətdən yanlışdırlar. Bu, oğurluğun bir formasıdır. Amma iqtisadçılar özlərinin iqtisadi səbəb və nəticə təhlilində etikaya istinad etməyi sevmirlər. Onlar mülki hökumətlərin oğurluğunu oğurluq kimi tənqid etməyi də sevmirlər, çünki bu “Oğurluq etmə” (Çıx. 20:15) etik məsələsini gündəmə gətirir. Orada belə deyilmir: “Oğurluq etmə, amma səs çoxluğu varsa, olar”.
Hezlitt Lüdviq fon Misesin yolunu izlədi. O, kağız pulların yaradılmasını “inflyasiya” sözü ilə ifadə etdi. Bu sözdən kağız pulların yaradılmasının nəticəsini – qiymətlərin artışını təsvir etmək üçün istifadə etmədi. Yeşaya bu baxımdan hər iki müəllifi qabaqlamışdı. O, inflyasiyanı şər kimi dəyərləndirdi və o, həqiqətən də şərdir. Mises etika və iqtisadiyyat barədə vəhdət şəklində bəhs etmirdi. Hezlitt də bunu etmirdi. Mürrey Rotbard isə edirdi. O, həmişə inflyasiyanı oğurluq adlandırırdı.
1. Pəncərə sahibləri
Analitik cəhətdən danışsaq, pulun ən yaxşı tərifi – ən çox satılan əmtəədir. Bütün tarix boyunca bu, qızıl və gümüş demək idi. Eramızın VI əsrinə qədər, Kiçik Asiyada bu söz külçələri nəzərdə tuturdu. Ondan sonra isə sikkələri nəzərdə tutmağa başladı.
Qeyri-pul aktivləri sahibləri var. Pul aktivləri sahibləri var. Niyə kimsə pulu özündə saxlayır? Çünki pul alış-veriş etmək üçün istifadə olunur. O, mübadilə vasitəsidir. Pula sahib olmanın yeganə səbəbi odur ki, pul mülkiyyətçiləri başqalarının qeyri-pul aktivlərini pulla mübadilə edəcəyinə ümid edirlər. Pulun bazarı genişdir. Pulun bazarı anidir. Satıcının satdığı mala görə verdiyiniz pulu pərakəndə qiymətlə qəbul etməsi üçün onunla mübahisə etməyinizə ehtiyac yoxdur. Nağd pula endirim etməyə ehtiyac yoxdur. Nağd pul verdiyinizə görə hətta siz endirim əldə edə bilərsiniz.
2. Pəncərə
Məhdud bir vəsaitdən bəhs etdiyimiz zaman, eyni qiymətlə və ya daha aşağı qiymətlə… daha çoxu daha yaxşı deməkdir. Əgər ayrıca bir adam daha çoxunu əldə edirsə, onun üçün daha yaxşı olur. Bunu qruplara da şamil etmək olar. Təklif artığına görə sahib ola bildiyindən daha artığı olanda hamı üçün yaxşı olur.
Pula gəldikdə, daha çoxu – yenə daha yaxşıdır, lakin ayrı-ayrı fərdlər üçün belə yaxşıdır. Pul ittifaqı içində olan adamların hamısı təklif artdığına görə daha çox pul alırlarsa, daha zəngin olmurlar. Bu proses pulu unikal edir. Bir adam başqa bir adama bir az pul verirsə, alan adam əvvəlkindən daha zəngin olur. Verən adam da daha zəngin ola bilər. “Vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” (Həv. İş. 20:35). Lakin pul məsələsində o, daha pis vəziyyətə düşür. Əgər mərkəzi bank yeni pullar yaratsaydı, sonra onları paylayıb hər kəsin bank hesabına daha çox pul qoysaydı, bu, cəmiyyəti daha zəngin etməzdi.
Belə bir fərqin səbəbi nədir? Çünki pul mübadilə üçün lazımdır, amma şəxsi istehlak üçün lazım deyil. “Robinzon Kruzo” əsərində Kruzo onu adaya aparan yarı batmış, tərk edilmiş gəmidədir. O, daşıya bildiyi bütün gəmi ehtiyatlarını özü ilə götürür. Sonra kapitanın pul qutusu qarşısına çıxır. O, yalnız lazım olan bütün faydalı alətləri bir sal dolusu yüklədikdən sonra qutudan bir neçə sikkə götürür. Nə vaxtsa bir gəmi gəlsə və onu xilas etsə, o pulun dəyəri olacaq, əks halda heç bir dəyəri yoxdur. Əgər onu yenidən cəmiyyətə qaytarmasalar, sikkələr bəzək əşyası olmaqdan başqa bir işə yaramırlar.
Saxta pul düzəldəni düşünün. O, yeni pullar çap edir. Onları özünə lazım olan şeylər üçün xərcləyir. Bu alış-verişdən sonra onun üçün yaxşı olur. Saxta pulu alan adam pulların saxta olduğunu aşkar edənə qədər və başqa biri bunu öyrənənə qədər, onun üçün də hər şey daha yaxşıdır. Amma bu, cəmiyyətin vəziyyətini yaxşılaşdırmır. Daha da pisləşdirir. Saxtakar isə sərbəst gəzir.
Hökumət tək saxtakara görə narahat olmur. Onu narahat edən o saxtakarı təqlid edənlərdir. Yalnız nahara və avtomobilin təmirinə pul xərcləyən bir saxtakar təhlükə təşkil etmir. Amma onun potensial rəqiblərinə xəbərdarlıq olsun deyə, onu məsuliyyətə cəlb etmək lazımdır.
Saxta pul düzəldənin ən böyük rəqibi – yerli hökumətin mərkəzi bankıdır. Əslində saxtakar mərkəzi bankı yamsılayır. Mərkəzi bankın bankirləri bunu bankın ərazisinə soxulma kimi görərək hiddətlənirlər. Onlar hökumətdən cinayətkarın izinə düşüb, həbs etməyi tələb edirlər. Birləşmiş Ştatlarda saxtakarları izləmək üçün cavabdeh olan agentlik, prezidentin həyatını da qoruyan Gizli Xidmətdir.
Əgər bir ixtiraçı sağlamlığı yaxşılaşdıran bir ixtira etsə və onu internetdə hamıya açıq şəkildə pulsuz paylaşsa, çox adam üçün daha yaxşı olacaq. Əgər bir saxtakar ucuz bir 3D-printerdə izlənilməsi qeyri-mümkün saxta əskinaslar çap etməyin yolunu tapsa, sonra isə bu məlumatı internetdə paylaşsa, cəmiyyət üçün daha pis olacaq. Adamlar tədricən valyutaya inamlarını itirəcəklər. Bu, pulun alıcılıq qabiliyyətini azaldacaq, yəni qiymətləri qaldıracaq. Bu, yalnız gözlənilən gələcək mübadilələr baxımından qiymətləndirilən bütün valyuta əskinaslarını dəyərdən salır. Deməli, əgər resurs təklifi artırsa, resursun qiyməti azalır. Bu, istehlakçılar üçün üstünlükdür. Əksinə, əgər pul təklifi artırsa, pulun dəyəri azalır. Bu, istehlakçılar üçün mənfi haldır. Başqalarının öz məhsullarını sataraq əldə etmək istədiyi valyutanın əvəzedicisini tapmaq istehlakçılar üçün asan olmayacaq.
Əgər pulun gələcək dəyərinin təxminən keçmiş dəyəri qədər olacağı gözlənilirsə, bu, pulun dəyərini qoruyur. Pul təklifindəki hər hansı gözlənilməz artım insanların pulun gələcək dəyəri ilə bağlı ümidlərini pozur. Beləliklə, pulu saxlamağın – dəyərini itirmiş pulu saxlamağın qiyməti bu artan risk səbəbindən artır.
3. Daş
Daşı atan heç nədən pul yaratmaq – bu günlərdə kompüterə daxil etməklə – səlahiyyəti olan dövlət lisenziyalı bank və ya bank kartelidir. Bu prosesin təşəbbüskarı ölkənin mərkəzi bankıdır. Bunu mərkəzi bankın rəhbərliyi altında fəaliyyət göstərən kommersiya bankı da edə bilər. Hökumət bank sistemini bank basqınına[1]Tərcüməçinin qeydi: bank basqını—eyni anda çoxlu sayda əmanətçinin banka qoyduğu pulları geri çəkməsi. qarşı lisenziyalaşdırdığı və müdafiə etdiyi üçün banklar pul yaradırlar. Onları kredit döviyyəsinə buraxırlar və kredit alanlardan faiz alırlar. Pulu saxtalaşdırmaq gəlir gətirir.
2008-ci ilə qədər mərkəzi banklar yalnız böyük dövlətlər tərəfindən buraxılan borc sertifikatlarını[2]Tərcüməçinin qeydi: İngilis dilində “IOU” – qeyri-rəsmi borc sənədinin üzərində “I owe you” – “Sizə borcluyam” yazılırdı. alırdılar. 2008-ci ildən bəri bəzi mərkəzi bankların səhm və ya səhmlərlə bağlı aktivləri də aldığına dair sübutlar var. Onlar çox güman ki, bir vaxtlar iflasa uğrayan banklara məxsus olan borcları satın alırlar.
Banklar IOU-ları (borc sənədlərini) satın alırlar. Sonra kredit alanlar bu pulları almaq istədikləri şeylərə xərcləyirlər. İndi həmin pulları satıcılar alırlar, sonra isə öz banklarına qoyurlar. Bu, cəmiyyətdə rəqəmsal pulu yayır.
Bu yeni pul sərvət yaratmır. O, sərvəti yenidən bölüşdürür. Yenicə yaradılmış qanuni saxta pulları əldə edən satıcılar gedib dünən qiyməti ilə mal alırlar. Yeni pulların yeni tələbi hələ məhsul və xidmət satıcılarına təsir etməyib. Ona görə də xərcləməyə daha çox pulu olan bu səriştəsiz alıcılar yeni yaradılmış saxta pullarla almağa başlayırlar. Bu, məhsulları və xidmətləri bazardan təmizləyir. Digər potensial alıcılar həmin məhsul və xidmətləri tapa bilmirlər, çünki başqa biri onlardan daha cəld tərpənib.
Bilirik ki, sərbəst bazar iqtisadiyyatı – nəhəng hərracdır. Hərracın təkcə bir qanunu var: daha yüksək təklif verən qalib gəlir. Təsəvvür edin ki, müəyyən əşyalara təklif vermək üçün siz hərraca getmisiniz. Otağın arxa tərəfində içi kağız pullarla dolu vedrələrlə dayanan adamı görürsünüz. Həmin adam arxa tərəfdəki adamlarla danışmağa davam edir. Adamlar bir kağıza qol çəkirlər və vedrələri saxlayan adam hərəsinə bir vedrə verir. Arxa tərəfdəki adamların təkliflərinin ön tərəfdəki adamların təkliflərindən daha yüksək olduğunu görürsünüz.
Hərracçı çox məmnundur. Siz məmnun deyilsiniz. Otağın arxa tərəfindəki adamlarla rəqabət aparmaq iqtidarında deyilsiniz. Siz evə eyni miqdarda pulla qayıdacaqsınız, amma sövdələşmə ilə alınan əşyalarınız olmayacaq. Növbəti həftə pul dolu vedrələri saxlayan adamla əvvəlcədən razılığa gələcəksiniz. Kağızlara – borc sənədlərinə – qol çəkəcəksiniz ki, pul vedrəsini əldə edəsiniz.
Başqaları da eyni cür edəcəklər. Tezliklə hərracdakı qiymətlər iki ay əvvəlkindən daha çox olacaq. Artıq alına biləcək əlavə məhsullar qalmayıb, amma qiymətlər artıb.
Bu məsələdə qalib gələnlər – birinci hərracda, qiymətlər hələ aşağı ikən, borca girən adamlardır. Sərvəti ucuz qiymətə evə apardılar. Heç bir yeni sərvət yaradılmamışdı. Yalnız mövcud sərvət yenidən bölüşdürülmüşdü.
4. Xərclər
Hərrac modeli xərcləri müəyyənləşdirmək üçün işləyir. Birincisi, yeni sistemin necə işlədiyini hələ anlamayan adamlar uduzanlardır. Əgər pul vedrələri olan adam peyda olmasaydı, onlar hərracdan evə daha çox məhsul aparardılar.
İkincisi, hərraca gələn hər kəsin daha çox borcu var. Hər biri yeni yaradılmış saxta pul ehtiyatını davamlı şəkildə almaq üçün silsilə borc sənədləri imzalamalı olub.
Üçüncüsü, qiymətlər daha yüksəkdir.
Dördüncüsü, əgər saxta pul tədarükü kəsilsə, üzərinə əlavə borc götürən hər kəs pis vəziyyətə düşəcək. Hərracdakı qiymətlər artmayacaq, amma təklifçilər görəcəklər ki, indi məhsullar üçün daha aşağı təkliflər verməli olacaqlar. Niyə? Çünki onların həmişəki gəlirinin bir hissəsi indi böyük borcları bağlamaq üçün istifadə edilməlidir. Hərraca əvvəlki qədər pul apara bilməyəcəklər.
Beşincisi, indi hərracdakı qiymətlər pul vedrələri olan adamların ortaya çıxmasından əvvəlki səviyyəyə qayıdır. Bu o deməkdir ki, son hərraclarda yüksək qiymətlər ödəyən təklifçilər həmin məhsulların dəyərinin düşdüyünü anlayacaqlar. Hərracda qiymətlər qalxanda, onların sövdələşmələri yaxşı görünürdü, amma indi təkliflər düşür. Ona görə də təklifçilər növbəti hərracda daha az təklif verəcəklər. Onların üzərində borc yükü var, indi isə qiymətlər düşür. Onlar yüksək təkliflər verməyə qorxacaqlar.
Burada mərkəzi banklar və kommersiya bankları tərəfindən manipulyasiya edilən iqtisadiyyata nələrin baş verdiyini görə bilərik. Bank sistemi kağız (qanuni saxta) pullar yaratmağa başlayanda, bu yeni pullar yeni var-dövlət xəyalı yaratdı. Yenicə yaradılmış pullarını tez xərcləyənlər uddular. Bu, iqtisadiyyatın partlayış mərhələsi idi. Ancaq indi iqtisadiyyat çöküş – tənəzzül mərhələsindədir. Tələb azalıb. Borc artıb. İstehlakçılar öz xərclərini azaldırlar. Dünya hərracçıları indi tələbin azaldığını anlayırlar. Onların gəlirləri azalıb. Amma partlayış mərhələsində artmışdı. Onlar daha çox hərrac keçirmək üçün pul borc götürmüşdülər.
Yerli hərrac istifadə edilmiş məhsullarla məşğul olur. Ümumilikdə iqtisadiyyatda bütün məhsullar üçün hərrac keçirilir. Partlayış müəssisələri borc götürməyə, xammal almağa, bina icarəyə götürməyə və istehsalı artırmağa təşviq edir. Sonra, heç bir xəbərdarlıq olmadan, tələb azalır. İndi müəssisələr itkiyə işləyirlər. Onların bazarları daralır. Alıcılar geri çəkilirlər. İndi müəssisələr müflis olmağa başlayırlar. Hərracçı inventarı geri almaq üçün gəlir. Bu yeni vəsait hərracdakı qiymətlərin düşməsinə səbəb olur. Tənəzzül böhrana çevrilə bilər. Bu, 1930-1939-cu illərdə bütün dünyada baş verdi.
Partlayış dövründəki qiymət siqnalları investorları, istehsalçıları və istehlakçıları çaşdırdı. Bu adamlar səhvə yol verdilər. Həddindən çox borc götürdülər. İndi hesablaşma günü – haqq-hesab günü – gəlib çatıb. Mənfəət itkiyə çevrilir.
Bastianın təhlili bu vəziyyətə necə tətbiq edilə bilər? Görünməyən şey nədir? Görünməyən şey – qanuniləşdirilmiş saxtakarlıq olmasaydı, “ən yüksək təklif qalib gəlir” qaydası ilə hərracda yaranacaq bir sıra qiymətlərdir. Ətrafımızda partlayış edən hərraclar və mini-hərraclar görürük. Qanuniləşdirilmiş saxtakarlıq olmasaydı, mövcud ola biləcək başqa bir dünyanı görmürük. Hezlittin ifadə etdiyi kimi, inflyasiya ilğım yaradır. Səhrada yolunu azmış, susuzluqdan yanan adamlar ilğıma – ümid etdikləri həyat vahəsinə doğru addımlayırlar. Amma o yoxdur. Bu bir illüziyadır. Susamış adamlar bunu hansısa bir anda başa düşəcəklər. Amma vahədən uzaqda olacaqlar. Əgər bank sistemi sonsuz kimi görünən ilğımlar silsiləsi yaratmasaydı, onlar səhranın bu qədər dərinliyinə getməzdilər.
5. Nəticələr
Müharibə dövrünün maliyyələşdirilməsinin ilkin mərhələsinin nəticəsi olaraq, 1914-cü ilin sonunda Qərb qızıl sikkə standartından imtina etdi və əmanətçilər qızıllarını itirdilər. Onlara bir əsr boyunca söz verilmişdi ki, qızıl sikkələrini banka qoysalar, onlara faiz ödəniləcək və öz sikkələrini sabit qiymətlə geri ala biləcəklər. Bu, böyük bir yalan idi. Sonra, 1914-cü ilin sonunda, Avropanın mərkəzi bankları və hökumətləri öz vədlərinə xilaf çıxdılar. Onlar qızılı oğurladılar. Sonra isə kağız pullar buraxdılar. 1925-1931-ci illərdə Böyük Britaniya istisna olmaqla, heç bir Avropa ölkəsi qızıl sikkə standartını bir daha bərpa etmədi. 1933-cü ilin yazında prezident Ruzvelt də eyni cür etdi. O, daha da pisini etdi. Banklar nəinki qızılı unsiyası 20 dollardan satın almaq (geri satmaq) vədini yerinə yetirmədilər, üstəlik prezident amerikalıların qızıla sahib olmasını qeyri-qanuni elan etdi. Bunu öz təşəbbüsü ilə elan etdi. Sonra Konqres Ruzveltin birtərəfli bəyanatını təsdiqləyən qanun qəbul etdi.
1934-cü ildən 15 avqust 1971-ci ilə qədər mərkəzi banklar və hökumətlər Birləşmiş Ştatlardan qızılın unsiyasını 35 dollardan ala bilirdilər. Ruzveltin həftə sonu nümunəsindən örnək götürərək, prezident Nikson bazar axşamı birtərəfli şəkildə bəyan etdi ki, Birləşmiş Ştatlar xarici mərkəzi bankların və hökumətlərin qızılını satın almaq vədini artıq yerinə yetirməyəcək. Mən də daxil olmaqla, bir neçə iqtisadçının bir neçə il ərzində proqnozlaşdırdığı kimi, Nikson “qızıl pəncərəni bağladı”. Federal Ehtiyat sistemi xalqı tənəzzüldən çıxarmaq üçün böyük miqyaslarda kağız pullar yaratmağa başladı. Bunun nəticəsi qiymətlərin artması oldu. 1971-ci ildən 1981-ci ilə qədər qiymətlər ABŞ tarixində dinc dövrdə heç vaxt olmadığı qədər sürətlə artdı. Silsilə azalmalar da oldu: 1975, 1980, 1981-1982-ci illərdə. 1971-ci ildən 2020-ci ilə qədər istehlak qiymətləri altı dəfədən çox artmışdır. (www.bit.ly/BLScalc)
Bütün dünyadakı mərkəzi banklar ABŞ-ın nümunəsinə əsasən davrandılar. İnflyasiya yaratdılar. Bunun nəticəsi hər bir ölkədə qiymətlərin artması oldu. Borclar da – hökumət, korporativ və şəxsi borclar – artdı. 1946-cı ildən, Hezlitt öz kitabını yazdığı vaxtdan bəri olmayan borc səviyyəsi indi mövcuddur. O borc anormal borc idi – II Dünya Müharibəsinin məhsulu idi. Borcların bugünkü səviyyəsi normala çevrilib. Siyasətçilər, korporasiyaların baş direktorları və ailələr bu borclara vərdiş ediblər. Amma əgər mərkəzi bank inflyasiya yaratmağı dayandırsa, bu borcların dayanıqlı olmadığı ortaya çıxacaq. Həmin an borcların ləğvi və iflaslar baş verəcək. Mərkəzi bank bankirləri bundan qorxurlar və ona görə yenidən inflyasiyaya qayıdırlar. Bu, partlayışın əvvəlki mərhələlərində üstünlük təşkil edən pis investisiyaları davam etdirəcək.
Yekun
1972-ci ildə Böyük Britaniyada F. A. Hayekin “Pələngi quyruğundan” adlı məqalələr məcmuəsi dərc edildi. Məcmuə mərkəzi bankdakı inflyasiyaya həsr edilmişdi. Bu gün pələng daha böyükdür. Daha təhlükəlidir. Dünya isə hələ də pələngin belindədir.
Pul – ən çox satılan məhsuldur. Mərkəzi iqtisadi qurumdur. Əmək bölgüsünün nəticəsidir və əmək bölgüsünün mərkəzində dayanır. Qiymət siqnallarının mənbəyidir. Qiymətlər sistemi – tarixdəki ən böyük məlumat mənbəyidir. Lakin mərkəzi banklar və kommersiya bankları özlərinin qanuniləşdirilmiş saxta pullar siyasəti ilə bu qiymət siqnalları sistemini manipulyasiya edirlər. 1914-cü ilin sonundan bəri Avropada, 1933-cü ildən, daha sonra 1971-ci ildən etibarən isə ABŞ-da bunu şiddətli şəkildə həyata keçiriblər. Dünyanı qorxunc pələngin belinə mindiriblər. Pələngi kağız pullarla bəsləyirlər. O, getdikcə daha da acgözlü olur.
Bu gün iqtisadiyyatdakı ən böyük təhlükə – borc partlayışıdır. Dünya borcunun səviyyəsi əvvəlkindən daha böyükdür. Misilsiz bir vəziyyətdir. Sadəcə yeni pul inflyasiyası dövrləri ilə davam etdirilə bilər.
Bütün dünyada pul inflyasiyasının əvvəlki dövrləri əməyin bölgüsünü genişləndirmişdir. Qiymət siqnalları bank sənayesi tərəfindən manipulyasiya edilmişdir. Bu siqnallar da pullar qədər saxtadır. Əgər bank sistemi nə vaxtsa inflyasiyanı dayandırsa, iflasların sayı artacaq. Bugünkü əmək bölgüsü yalançı qiymət siqnalları ilə süni şəkildə genişləndirilmişdir. Biz kağız pulların yeni dövrlərindən asılı olan beynəlxalq hərracdayıq, otağın arxa tərəfindəki adamlar isə rəqəmsal pulla dolu vedrələr verməyə davam edirlər.
Əmək bölgüsünün yüngül şəkildə daraldılmasını tənəzzül adlandırırıq. Böyük daralma isə böhran adlanır. Dünya 1940-cı ildən bəri böhran ilə qarşılaşmayıb. İnsanlar nə əqli, nə emosional, nə də maliyyə cəhətdən yeni böhrana hazır deyillər. Buna görə mərkəzi banklar inflyasiya yaratmağa davam edirlər. Lakin bu siyasətin sonu hiperinflyasiya olacaq. O da əmək bölgüsünü daraldır.
Əmək bölgüsü daralanda adamların əksəriyyəti yoxsullaşır.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-22 səhifəsinə baxın.
-23-
Qənaətə hücum
Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız (Qanunun Təkrarı 28:12).
Sizə onlar borc verəcək, siz onlara borc verə bilməyəcəksiniz, onlar baş, siz isə quyruq olacaqsınız (Qanunun Təkrarı 28:44).
Müqəddəs Kitabda iqtisadi inkişafın əsas prinsiplərini təqdim edən iki hissə var: Levililər 26-cı fəsil və Qanunun Təkrarı 28-ci fəsil. Bu hissələr bir-birinə paraleldir. Silsilə sanksiyalardan bəhs edirlər. Bu sanksiyalar əsasən iqtisadi sanksiyalardır. Onların təxminən dörddə biri – müsbət sanksiyalardır. Dörddə üçü isə mənfidir. Bunlar əhdin sanksiyalarıdır. Allahın qanununa itaətkarlıq və itaətsizlik ilə bağlıdırlar. Deməli, onlar həm hüquqi, həm də etik xarakter daşıyırlar. İqtisadi nəzəriyyəni etika nöqteyi-nəzərindən dəyərləndirməyin zəruriliyini aydın göstərirlər. İqtisadi nəzəriyyənin etik cəhətdən neytrallığının qeyri-mümkün olduğunu öyrədirlər. Yaxşı iqtisadi nəticələr yaxşı iqtisadi davranışın məhsuludur.
Bu iki ayə iki sanksiya sistemini bir-biri ilə qarşılaşdırır. Birincisinə müsbət sanksiyalar bölməsində rast gəlirik. Bu hissə borc vermək vasitəsilə uğur qazanmağı vəd edir. Borc vermək sərvət yığma proqramının bir hissəsidir. Burada proses kənd təsərrüfatından başlayır. Yaxşı məhsul yağışdan asılıdır. Lakin bu, millətin sərvətinin yalnız bir cəhətidir. Xalis məhsuldarlıq bütün iqtisadi səylərə təsir edəcəkdir. Buraya pulun borc verilməsi də daxildir. İqtisadi uğurun əlaməti kreditor ola bilmək üçün tələb olunan sərmayəyə sahib olmaqdır. Bu sərmayə uğurlu proqramı icra edən uğurlu adamın əlamətidir. Odur ki, uğur məsələsinə gəldikdə, kreditor olmaq – ləyaqətli bir hədəfdir. Borc almaqdan qaçmaq da ləyaqətli hədəfdir.
Bunun əksinə ikinci sanksiya var. O, müsbət sanksiyanın əksidir. Bu vəziyyətdə lənətlənmiş adam borcludur. Amma o, əcnəbi deyil. Əcnəbi səlahiyyətli mövqedədir. Uğurun əlaməti – baş olmaqdır. Uğursuzluğun əlaməti – quyruq olmaqdır. Bundan yarım minillik sonra Süleyman belə yazmışdı: “Zəngin yoxsulun ağası olar, borclu adam borc verənə qul olar” (Süleymanın məsəlləri 22:7).
İqtisadi neytrallıq haqqında əfsanə səbəbindən bu gün əksər iqtisadçıların həm borcu, həm də krediti tərifləməsinə şahid oluruq. Məgər hər ikisi də qanuni iqtisadi hədəf deyil? Məgər hər ikisi də insan fəaliyyətinin məqsədi deyil? Məgər hər ikisi də eyni bir könüllü sövdələşmənin fərqli aspektləri deyil? Ona görə də bunlar azad cəmiyyətin əlamətləri deyillərmi? Bunlar azad cəmiyyətin əlamətləridir, lakin bərabər dəyərdə deyillər. Borc verən öz dünya görüşünün təsirini genişləndirir. Borc alan isə özünü kreditorun dünya görüşünə tabe etdirir. Baxmayaraq ki, həm borc vermək, həm də borc almaq qanuni olmalıdır, istehlak borcunun ardınca gedən adam açıq-aşkar axmaqdır. Buna görə o, əhdin pozucusu kateqoriyasına düşür. O, özünü “tarixdə uduzanlar” – funksional cəhətdən başqa bir adamın tanrısına tabe olanlar kateqoriyasına salır.
Bu cür baxış müasir iqtisadiyyat ilə təzad təşkil edir. Müasir iqtisadiyyat rəsmi cəhətdən neytral metodologiyadan istifadə edir. Müqəddəs Kitab isə belə etmir. Müqəddəs Kitab qənaətcilliyi təqdir edir və borcu lənətləyir. Qənaətcilliyin əxlaqi cəhətdən yaxşı olduğunu aydın şəkildə göstərir. İstehlak borcu əxlaqi zəifliyin əlamətidir: iqtisadi müstəqillik bahasına mövcud istehlakla bağlı qayğıdır.
Bu, sərmayə yığımı məqsədi ilə, məsələn, daşınmaz əmlaka investisiya üçün götürülən borca qarşı bir tənqid deyil. Lakin bu, borc hesabına maliyyələşdirilən işgüzar müəssisənin riskli olduğu barədə sahibkara xəbərdarlıqdır. Öz sərmayəsini girov qoyan adam onu itirə bilər. İş adamı kredit götürə bilər, amma bank kreditin müddətini uzatmaqdan imtina etsə, o, öz biznesini itirə bilər. O, borc verənə xidmət edir.
Beləliklə, Müqəddəs Kitab bizə aydın şəkildə başa salır ki, borc vermək – əxlaqi vəzifədir. Bu, qənaət proqramının təsdiqidir. Niyə? Müqəddəs Kitabın satınalma anlayışına görə. Satınalma geri almaq deməkdir. Məsihçilik İsa Məsihin Öz xalqını satın almaq üçün gəldiyini təbliğ edir. Necə? Kamil həyat yaşayaraq, sonra isə Allaha əvəzedici ödəniş (qurban) kimi ölərək: Öz xalqının mütləq əbədi ölümünün əvəzinə O öldü. Amma bu, genişmiqyaslı xilasa hazırlıq idi: günaha batmış dünyanı Öz xalqı üçün geri almaq üçün. Onun xalqı yer üzünü miras alacaq. Zəburda bu barədə dəfələrlə söz açılır. “O bəxtəvər yaşayacaq, ölkə onun nəslinə irs olaraq qalacaq” (Zəbur 25:13). Lakin bu satınalma proqramının istifadə etdiyi vasitə hərbi fəth deyil, xidmətdir. İsa deyirdi:
İsa şagirdləri yanına cağırıb dedi: “Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun” (Matta 20:25-27).”
İstehlak malları almaq istəyən adamlara pul borc vermək bu satınalma proqramının bir hissəsidir. Borc vermək – diqqətini indiki zaman üzərində cəmləyən istehlakçıları diqqətini gələcəyə yönəldən kreditorların təsiri altına salır. Bu o deməkdir ki, borc verməyin – qənaətcilliyin bir forması – məqsədlərindən biri daim qənaət edilən məbləğdən daha az məbləğ istehlak etməkdir. Qənaətcillik mədəni hökmranlıq proqramının bir hissəsidir. Bu proqram borc vermək də daxil olmaqla, ömürlük qənaətcillik vasitəsilə Allahın padşahlığını genişləndirməkdən ibarətdir. Bu o deməkdir ki, qənaətcillik təkcə gələcək istehlak üçün nəzərdə tutulmayıb. O, gələcək hökmranlıq üçün nəzərdə tutulub.
Adam Smit yazırdı: “İstehlak – hər bir istehsalın yeganə məqsədi və məramıdır; istehsalçının marağı yalnız istehlakçının maraqlarını dəstəkləməyə lazım olan ölçüdə nəzərə alınmalıdır. Bu deyim o qədər aşkardır ki, onu sübut etmək cəhdi belə absurd olardı”. İstehsalın məqsədi həqiqətən də istehlakdır, amma istehsalçı üçün deyil. Məsihçilikdə istehsala Allahın əmr etdiyi bir sıra məqsədə çatmaq üçün yenə Allahın əmr etdiyi bir vasitə kimi baxmaq lazımdır. Bu məqsədlərdən biri sərmayəni istehlak məqsədləri üçün deyil, hökmranlıq üçün yığmaqdır. Çox varlı adamlar bunu başa düşürlər. Multimilyoner və ya milyarder daha bir milyon dollar qazanıb, onu daha çox istehlaka xərcləmək üçün özünü fəda etmir. O, bunu öz nüfuzunu genişləndirmək üçün edir.
Həm müasir iqtisadi nəzəriyyədə, həm də siyasətdə əhdə üsyanın ən yüksək iqtisadi əlaməti budur ki, hökumətin borcu müdrik maliyyə siyasəti kimi təriflənir. İstehlak borcunun istehsalı stimullaşdırdığı üçün müsbət olması fikrinin bərbadlığı isə bundan bir qədər azdır. Buna tələb iqtisadiyyatı deyilir. Keynsçiliyin məğzi budur. Keyns milli sərvət yaratmağın bir yolu kimi hökumət kəsirlərini tövsiyə etmişdi.
Keynsin “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” əsərinin (1936-cı il) 16-cı fəslində o, qənaətin əfsanəvi tənqidinə çevrilən fikirlər qeyd etmişdi. O, belə iddia edirdi: qənaət gələcək istehlaka zəmanət vermədiyinə görə, qənaətcillik cari məşğulluğu azaldır. Məhsullara cari tələbatı azaldır və deməli, iqtisadiyyata mane olur. Əgər bu, ümumi bir prinsip olsaydı, bütün tarix boyunca qənaət yükə çevrilərdi və iqtisadi inkişafı ləngidərdi. Keyns belə yazırdı:
Fərdi qənaətcil davranış, belə desək, bu gün nahar etməmək qərarıdır. Lakin bu, bir həftə, ya da bir il sonra nahar etmək və ya bir cür çəkmə almaq, yaxud da müəyyən bir tarixdə müəyyən bir əşyanın istehlakı qərarı tələb etmir. Beləliklə, qənaət, biznesi hər hansı gələcək istehlaka hazırlaşmağa sövq etməyərək, bugünkü naharın hazırlanması işinə əngəl olur, cari istehlak tələbinin gələcək istehlak tələbi ilə əvəz etmir – bu, tələbin xalis azalmasıdır… Əgər qənaət təkcə cari istehlakdan çəkinmək deyil, eyni zamanda gələcək istehlak üçün müəyyən bir sifariş verməkdən ibarət olsaydı, nəticə həqiqətən də fərqli ola bilərdi. Bu vəziyyətdə investisiyadan müəyyən gələcək mənfəət əldə etmək ümidi artacağına görə, cari istehlaka hazırlıqdan azad edilən resurslar da gələcək istehlakın hazırlanmasına yönəldilə bilərdi (səh. 210-211).
Hezlitt bu hissəyə açıq şəkildə istinad etməsə də, öz fəslini bu hissənin siyasi nəticələrinə qarşı durmaq üçün yazmışdı. Bu hissə (bəlkə də əsərin bütün digər hissələrindən daha çox) ümumilikdə keynsçiliyin əsas səhvlərinin təməlində dayanır. Məhz Keynsin qənaətə qarşı güclü düşmənçiliyi və iqtisadi böhran vaxtı qənaətin məşğulluğa dağıdıcı təsirini aradan qaldırmaq üçün hökumət xərclərinə çağırışı keynsçi sistemin mərkəzində dayanır.
1. Pəncərə sahibləri
Bir mülkiyyətçi – pul sahibidir. O, pullarını istehlaka xərcləyə bilər. İstehsal avadanlığına da xərcləyə bilər. Kiməsə borc verə bilər, yaxud istehlak malları və ya avadanlıq ala bilər. Mülkiyyətçinin öz pulunu yığıb saxlamaq hüququ da var.
İkinci mülkiyyətçi – kredit ala bilmək üçün kifayət qədər yüksək kredit reytinqinin sahibidir. Onun kredit reytinqi – şəxsi sərmayənin bir formasıdır. Reytinqi nə qədər yüksək olarsa, şəxsi sərmayəsinin dəyəri də o qədər yüksək olar. Lakin bu sərmayə istehlak krediti (daha yüksək faiz) və ya istehsal krediti (daha aşağı faiz) əldə etmək üçün istifadə edilə bilər.
Sonra isə xammal, avadanlıq, torpaq, istehlak məhsulları və əmək xidmətləri sahibləri gəlir. Onlar mülkiyyətin bu cür fərqli formalarını satmaq istəyirlər.
2. Pəncərə
Pəncərə – bütün sərmayə bazarları və bütün istehlak malları bazarlarıdır. Bu bazarlar alıcılara və satıcılara xidmət edirlər. Pulu olan kəs onu bu bazarlardan hər hansı birində xərcləyə bilər. Satışı ən azından pərakəndə qiymətlərlə həyata keçirməkdən məmnun olan satıcılar var. Bu satıcılar pul mülkiyyətçilərinin xərcləyə biləcəyi pullar üçün rəqabət aparırlar.
İstehlak mallarının satıcıları öz mövqelərini açıqlayırlar: “Satdıqlarımdan zövq alın. Siz buna layiqsiniz. Öz pulunuzu qazanmaq üçün çox işləmisiniz. Həyat insana sadəcə bir dəfə verilir. Onu özünüzlə apara bilməzsiniz”. Sərmayə satıcıları da öz mövqelərini açıqlayırlar: “Qara gün üçün pul yığın. Sonra nə olacağını heç vaxt bilmək olmur. Gələcəyə baxın. Rahat təqaüdə çıxmaq istəyirsiniz. Uşaqlarınızın təhsilini düşünün”. Xeyriyyə proqramlarını satıcıları isə öz mövqelərini bildirirlər: “Siz bir həyatı xilas edə bilərsiniz. Siz dünyanı dəyişdirə bilərsiniz. Özünüzü daha yaxşı hiss edə bilərsiniz. Var-dövlətin də öz məsuliyyəti var”.
Heç kim belə demir: “Banka gedin və valyutanızı çəkin. Onu etibarlı yerdə gizlədin”. İstənilən halda, ABŞ-da 10 000 dollara və ya daha artığına sahib olan bir kəs, bunu hökumətə xəbər vermədən etsə, qanunu pozmuş olur.
Bankda pulu olan adam pulunu borc verir. Bank bu rəqəmsal valyuta vahidlərini investisiya qoyub. Pullar boşda qalmır. Kimsə o pulları alacaq. Həmin pullar malları satın almaq üçün istifadə ediləcək. Bu alış-verişlər iqtisadiyyatın rəvan işləməsini təmin edir. Pulu olan adamlar vaxtaşırı öz büdcələrini dəyişdirirlər, lakin əllərində olan bütün pulları mülkiyyətçilərin səmərəli istifadə hesab etdiyi yerlərə yatırırlar.
Əgər o, özünün rəqəmsal pullarını məhsul və ya xidmət satıcısına köçürsə, pulu alan tərəf ondan istifadə edir. Necə? Ya onu öz bankına qoyur, ya da işini davam etdirmək üçün lazım olan şeylərə xərcləyir.
Əgər bir nəfər valyutanı bankdan çəkib gizlədirsə, bunun heç bir ölçülə bilən təsiri olmayacaq. Heç kimin nəzərinə çarpmayacaq. Hər halda o, buna ümid edir. Hətta milyonlarla bank əmanətçisi belə etsə, yenə də istehlakçılar bundan faydalanacaq. Satıcılar qiymətləri endirməyə məcbur olacaqlar. Satıcılar bundan məmnun deyillər, amma istehlakçılar məmnundurlar. Bir şey almaq üçün hərraca gedəndə, orada daha az iştirakçı görmək istəyirsiniz. Hərracçı bundan narazı olacaq, amma siz yox.
3. Daş
Keynsin qənaəti istehlakın azalmasının və deməli, iqtisadi durğunluğun səbəbi kimi müzakirəsi Bastianın təhlilinə laqeyd yanaşmışdır. Keyns qənaət edilən pulların özəl sektorda istifadə edilmə yollarını nəzərə almamışdı. Pullar gələcək istehsal üçün resurs toplayan müəssisələrə borc verilə və ya investisiya şəklində qoyula bilərdi. Bu, gələcək istehlakı artıracaqdı. Amma pullar cari istehlak üçün də istifadə ediləcəkdi. Bu şirkətlərin işə götürdüyü əməkdaşlar əməkhaqqı alacaqdılar. İnvestisiya şəklində qoyulan pullardan istifadənin digər bir yolu bu pulları məhsul və xidmətləri satın almaq üçün istifadə edəcək istehlakçılara borc vermək idi. Beləliklə, Keynsin tələbin azalmasının mənbəyi kimi gördüyü qənaətlə bağlı narahatlığı yanlış idi. Analitik nöqteyi-nəzərdən, bu, keynsçiliyin əsas səhvidir. Bununla belə, hətta keynsçiliyin tənqidçiləri belə bundan nadir hallarda bəhs edirlər. Bu, iqtisadi səbəb və nəticə məsələsində əsas iqtisadiyyatın tamamilə yanlış anlayışa nə qədər çox əsaslandığını göstərir. 1936-cı ildən indiyə qədər keynsçi iqtisadçılar pulsuz səfərlərə sahib olublar. Amma pulsuz nahar kimi, pulsuz səfərlər də əfsanədir. Onların pulunu kimsə ödəyir.
Tənəzzül dövründə siyasətçilər müxtəlif layihələrə pul xərcləmək üçün təzyiqə məruz qalırlar. Yardım layihələri mövcuddur: işsizlər üçün havayı pul və ya müəssisələr üçün aşağı faizli kreditlər. Aşağı faizli ödəmələr yardım hesab olunmasa da, belədirlər. Nəyisə müftə əldə etməyi nəzərdə tuturlar.
Keynsçi iqtisadçılar daim hökumət xərclərinin artırılmasını tələb edirlər. Siyasətçilərə deyirlər ki, hökumət “iqtisadiyyatı yenidən ayağa qaldırmaq” iqtidarındadır. Seçicilərə də belə deyirlər. Tənəzzüldən çıxış yolu hökumətin nəyə olursa olsun, pul xərcləməsidir. Keyns bu misaldan istifadə edirdi.
Əgər Xəzinədarlıq köhnə şüşələri əskinaslarla doldursaydı, onları istifadə edilməyən kömür mədənlərində münasib dərinlikdə basdırıb, üstünü şəhərin zir-zibili ilə örtsəydi, sonra isə pulları yenidən qazıb çıxarmaq işini sınaqdan çıxarılmış müdaxiləsizlik prinsipləri ilə özəl bir müəssisəyə həvalə etsəydi (bunu etmək hüququ əlbəttə ki, əskinasların olduğu ərazini icarəyə götürmək üçün tenderdə iştirak etməklə əldə edilərdi), onda artıq işsizlik olmayacaqdı və əldə edilən nəticələrin köməyi ilə cəmiyyətin real gəliri, eləcə də sərmayə sərvəti əslində olduğundan daha çox olardı. Həqiqətən də, evlər və buna bənzər şeylər tikmək daha ağıllı addım olardı; amma əgər bunun yolunu siyasi və praktiki çətinliklər kəsirsə, onda heç nəyin olmamağındansa, yuxarıda qeyd etdiklərim daha yaxşıdır (“Ümumi nəzəriyyə”, səh. 129).”
Birincisi, şüşələri doldurmağın xərci var. İkincisi, şüşələri mədəndə gizlətmək üçün kimisə tutmaq lazımdır. Üçüncüsü, şüşələri qazıb çıxarmaq üçün kimisə tutmaq lazımdır. Dördüncüsü, kimsə pul xərcləyəcək. İşin səmərəliliyi naminə müasir hökumət şüşələrdən və puldan qaçınırlar. Onlar sadəcə 2009-cu ildə prezident Obamanın “həyata keçirilməyə hazır layihələr” adlandırdığı şeylərə pul xərcləyirlər. O, yanılırdı. Bu sosial təminat proqramı az sayda iş yeri yaratdı. Amma pullar xərcləndi.
Pullar istənilən halda xərclənəcəkdi. Əgər mərkəzi bank xəzinə borcunu satın almaqla yoxdan pul yaratsaydı, pul xərclənəcəkdi. Hər halda 2008-ci ilin dekabrına qədər vəziyyət belə idi. Federal Ehtiyat fondu izafi ehtiyatlara çox kiçik faiz məbləği təklif etməyə başlayanda, kommersiya bankları özlərinin əmanət pullarının böyük hissəsini Federal Ehtiyat fonduna göndərdilər. Federal Ehtiyat fondu bu pullarla heç nə etmədi. Bu, Federal Ehtiyat fondunun altı il ərzində pul bazasını 900 milyard dollardan 4,2 trilyon dollara qədər hiperinflyasiyaya uğradan siyasətinin pulu dəyərsizləşməsinin qarşısını aldı. İstehlak qiymətləri demək olar ki, artmadı.
4. Xərclər
Ümumi bir xərc var: hökumətin sərmayə bazarına müdaxiləsinin dağıdıcı nəticələri. Siyasətçilər pulu o layihələrə xərcləmək istəyirlər ki, onların fikrincə, növbəti seçkilərdə səslərin mütləq artımına təkan versin. Odur ki, onlar vergiləri artıra, pul borc götürə və ya mərkəzi bankı pul çap etməyə təşviq edə bilərlər. Tənəzzül dövründə siyasətçilər vergiləri artırmaqdan qorxurlar. Ona görə də onlar adətən borc almağa və pul inflyasiyasına əl atırlar.
Əgər onlar investorlardan borc alsalar, bu, pulları investorların əvvəldən üstünlük verdiyi investisiya kateqoriyalarından başqa bir yerə köçürür. Pullar siyasətçilərin üstünlük verdiyi xərclər kateqoriyalarına gedir. Beləliklə, bundan faydalananlar tamamilə başqaları olur. Bu proses pulları özəl sektordan alıb hökumətin xəzinəsinə köçürür. Sonra pullar xərclənir.
Bu xərclər pulların yenidən bölüşdürülməsi nəticəsində məhsuldarlığın azalması ilə bağlıdır. Əgər dövlət bürokratları pul xərcləyirlərsə, həmin pulları əldə edən qruplar udurlar. Əldə etməyənlər isə əziyyət çəkirlər. Amma əziyyət çəkən qrupların üzvlərin “pulun arxasınca getmirlər”. Onlar başa düşmürlər ki, hökumət xərcləri proqramından faydalananlar başqalarının hesabına udurlar. Həmin başqaları o qruplardır ki, öz məhsullarını ilkin investorlara sata bilərdilər, lakin investorlar bunu etmək yerinə, pullarını Xəzinədarlığa veriblər.
Öz pullarını gələcək müştərilər üçün istehsal edən müəssisələrə verən investorlar gələcək istehlak üçün vəsait təmin edirlər. Onlar gələcək müştərilərin istəyəcəyi və ala biləcəyi məhsullar və xidmətlərlə bağlı qərar qəbul edən müəssisə rəhbərlərinin mühakiməsinə etibar edirlər. Bu müəssisə rəhbərləri bu cür təxminləri hazırlamaqda peşəkardırlar. Onlar mühasibat uçotunun – mənfəət və itkinin məhdudiyyətlərinə tabedirlər. Onların uğuru dəqiq proqnozlaşdırmaqdan və münasib istehsal strategiyalarından asılıdır.
Digər investorlar isə öz pullarını hökumətə verirlər və həmin pullar səsləri satın almaq üçün istifadə ediləcək. Siyasətçilər büdcə üçün savaşacaqlar. Bu savaşların nəticəsi üstünlük verilən qruplardan hansının pulları alacağını müəyyənləşdirəcək.
Hökumət pulun hamısını xərcləyəcək. Sonra siyasətçilər investorların pulunu qaytarmağın yolunu axtaracaqlar: (1) vergiləri artırmaq, (2) daha çox pul borc almaq, (3) mərkəzi banka borc sənədləri (IOU) satmaq, o isə yoxdan pul yaradacaq.
Hökumətin borc alınmış pulları xərcləməsi iqtisadi artımı azaldır. Başqa sözlə, gələcək məhsul və xidmət təkliflərinin sayını azaldır.
Borc alınmış pulların şəxsi xərclənməsi iqtisadi artımı o vaxt yüksəldə bilər ki, bu pulları istehlakçılara satışı həyata keçirən müəssisələr borc alsın. Ya da bu pulları istehlakçılar borc alıb, sonra xərcləməlidirlər. Əgər onlar istehlak malları alırlarsa, pullar istehsalda ixtisaslaşmış satıcılara gedir. Onların əldə etdikləri mənfəətin bir hissəsi satıcının biznesinə yenidən investisiya şəklində qoyulacaq, yaxud da biznes adı ilə investorların xeyrinə istifadə ediləcək.
Mülki hökumət özünün ölkə borcundakı payını artıranda, bu, iqtisadi inkişafı ləngidir. Həm də hökumətin borcunu artırır. Keynsin ilkin nəzəriyyəsinə görə, hökumət bu borcun bir hissəsini iqtisadi yüksəliş dövrlərində ödəməlidir, tənəzzül dövrlərində isə borcunu artırmalıdır. Praktikada borc demək olar ki, həmişə artır. Hökumətin borcunun artırılmasına qarşı çıxan və borc alınan pulların müntəzəm şəkildə büdcənin artıq gəlirləri ilə ödəməyi məsləhət verən yeganə iqtisadi düşüncə məktəbi – Avstriya məktəbidir. Birləşmiş Ştatlar tarixində hökumətlər yalnız bir maliyyə ilində – 1835-ci ildə borclardan azad olub.
5. Nəticələr
İnvestorlar öz sərmayələrini istehsalın həcmini artıran müəssisələrdən çəkib, hökumətə yönləndirərək, iqtisadi artımı azaltmışdırlar. Bu, hər bir Qərb dövlətinin əldə edə biləcəyi sərvəti azaltmışdır. Birləşmiş ştatlarda əhalinin orta gəliri 25 illik yüksək artımdan sonra 1973-cü ildə durğunluq yaşadı. İqtisadçılar bu yavaşlamanın səbəblərini müzakirə edirlər. Qeyri-keynsçi iqtisadçılar buna səbəb amil kimi hökumətin borcunun artmasının sübutlarını diqqətlə araşdırardılar.
Yerli hökumətlərin əksəriyyətinin borcu hər il artır. Əksəriyyətinin investorlara borcları ölkənin illik istehsalının 100%-i həcmindədir. Bəzilərininki ölkə istehsalının həcmindən üç dəfə çoxdur.
Borca bu cür münasibət vətəndaşlara da yoluxub. Onların da çoxlu borcları var. Lakin onlar borcları üçün aylıq ödəniş etməli olduqlarına görə, vergiləri ödədikdən sonra yerdə qalan gəlirlərinin borc ödəmək üçün xərclənən faizi yetərincə sabit olur. Birləşmiş Ştatlarda əhalinin borc ödənişləri vergiləri ödədikdən sonra qalan gəlirin təxminən 13%-i ilə 18%-i arasında dəyişir. Korporativ borc da artıb. Milli hökumətin, regional hökumətlərin, müəssisələrin və əhalinin ümumi borcları bəzən ölkənin ümumi gəlirinin dörd-beş qatına çatır.
Hökumət tərəfindən maliyyələşdirilən təqaüd proqramlarının və yaşlılar üçün səhiyyə proqramlarının maliyyələşdirilməmiş öhdəlikləri ilə birlikdə milli hökumətin borc səviyyəsi rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. Birləşmiş Ştatlar hökumətinin bu iki proqram üzrə maliyyələşdirilməmiş öhdəliklərinin cari dəyərinə dair bəzi təxminlər 200 trilyon dollar civarındadır. Bu rəqəmi təxminən 23 trilyon dollarlıq rəsmi borcla (2020) müqayisə etsək, rəsmi borc minimal səviyyədədir. Müəyyən bir anda defolt[3]Tərcüməçinin qeydi: defolt—borc öhdəliklərinin ödənilməməsi. baş verəcək. Hansı borc növlərinin və hansı kreditorlarının qurban veriləcəyini yalnızca ehtimal edə bilərik. Lakin defolt qaçılmazdır. Bunun mənfi siyasi, sosial və iqtisadi nəticələri olacaq. Mən bunu Böyük Defolt adlandırıram.
Yekun
Keynsçi iqtisadiyyat siyasətçilərin xərclərlə bağlı tərcihlərini gücləndirərək, 1945-ci ildən sonra hökumət borcunun səviyyəsini yüksəltdi. Hezlitt bu fikir dəyişikliyini “Bir dərsdə iqtisadiyyat” əsərini yazmazdan bir neçə il əvvəl başa düşürdü.
Artan borc iqtisadiyyatı tənəzzülə qarşı daha həssas edir. Borc öhdəlikləri həm yaxşı, həm pis vaxtlarda qalır. Hökumətlər, müəssisələr və əhali yüksəliş vaxtı artan gəliri öz borclarını artırmaq üçün istifadə edəndə, eniş vaxtları maliyyə çətinlikləri yaradır. Bütün dünyada davamlı olaraq artan borc fenomeni hökm sürür. Növbəti tənəzzüldə iflasa uğramaq təhlükəsi artıb. Bu, borc səviyyələrinin düşürülməsidir. Təqaüdə çıxanda gəlirini planlaşdırmış təqaüd fondunun iflasa uğraması nəticəsində gözlədikləri gəlirin azalacağını öyrənəndə təəccüblənəcəklər.
Bundan daha önəmlisi isə borca münasibətin dəyişməsidir. İnvestisiya naminə cari istehlakı qurban verməyə hazır olmaq – diqqətini gələcək üzərində cəmləşdirmiş adamın əlamətidir. Bu, “yuxarı sinfi” təyin etməyin yaxşı üsuludur. Bu adamlar gələcəyi özlərinin orta və aşağı siniflərdən olan həmyaşıdlarından daha çox qiymətləndirirlər. Son iki nəsildir ki, aşağı sinfin münasibəti istiqamətində bir dəyişikliyin şahidi oluruq.
İstehlakçılar bu nəticəyə gəliblər ki, cari istehlakın şirnikləndirməsinə boyun əymək borclardan azad qalmaqdan daha asandır. Qanunun Təkrarı 28:44-ə əsasən, bu, uğursuz adamın düşüncəsidir. Məsihçilər belə bir düşüncə tərzindən uzaq qaçmalıdırlar. Onun əsasında pis ilahiyyat dayanır.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-23 səhifəsinə baxın.
-24-
Dərsin təkrarlanması
Oğurluq etmə (Çıxış 20:15).
Hezlittin dərs versiyası mənimkindən fərqlənirdi. Hezlittin fikrincə, o necə bir dərs çatdırmaq istəyirdi? Onun 24-cü fəslinin birinci abzası belədir:
Təkrar-təkrar gördüyümüz kimi, iqtisadiyyat ikinci dərəcəli nəticələri görə bilmək elmidir. O, həm də ümumi nəticələri görə bilmək elmidir. O, təklif edilən və ya mövcud olan bir siyasətin qısamüddətli perspektivdə hansısa xüsusi marağa deyil, uzunmüddətli perspektivdə ümumi marağa təsirlərini izləmək elmidir.”
Bu xülasənin problemi ondadır ki, elmi ittifaqların üzvlərinin əksəriyyəti də Hezlittin öz iqtisadiyyat versiyasında iddia etdiyi şeylərə elmi ittifaqların üzvlərinin əksəriyyəti də iddia edir. Onlar elmi həqiqətlərin nəticələrinə əməl etdiklərini iddia edirlər. Ümumi baxış adlandırdıqları ümumi mənzərəyə baxdıqlarını iddia edirlər ki, bu da guya ümumi qanunlara söykənir. Onlar həm də konkret hallarla lazımi qaydada məşğul olduqlarını iddia edirlər. Elə isə iqtisad elmini siyasi elmdən, pedaqoji elmdən, psixologiyadan, sosiologiyadan və ya fizikadan fərqləndirən nədir?
Mən Hezlittin kitabından başqa bir dərs çıxarmışam: pulu… geriyə doğru izləyin.
“Pulu izləyin” ifadəsi Amerika xalq dilinə “Prezidentin bütün adamları” (1976-cı il) filmindən düşmüşdü. Bu film The Washington Post qəzetinin iki çalışqan müxbiri Vudvord və Bernstaynın sayəsində 1974-cü ildə prezident Niksonun məcburi istefasından bəhs edir. Bu iki kəlməlik ifadə “Deep throat” (“Dərin boğaz”) adlandırdıqları anonim məlumatçının müxbirlərə verdiyi tövsiyə idi. (Bu isə öz növbəsində o dövrün məşhur porno filminə istinad idi). Çox bilinməyən şey isə odur ki, gerçək həyatdakı iki müxbir onların məlumat mənbəyinin nə vaxtsa belə bir şey söylədiyini xatırlamırlar. Bu ifadəyə onların kitabında rast gəlinmir. Görünür, ifadənin mənbəyi ssenarist Uilyam Qoldman idi.
Mən özümün dörd kəlməlik ifadəmi Bastianın sınmış pəncərə ümumi analitik prinsipinin məğzi kimi nəzərdən keçirirəm. Onun 1850-ci ildə bizə dediyi sözlər sadə idi: pulu… geriyə doğru izləyin. Hər dəfə kimsə bir sənaye sahəsini və ya xüsusi qrupu müdafiə etmək üçün hökumətin müdaxiləsini tövsiyə edəndə və həmin müdafiəçi bunu geniş ictimaiyyətə kömək adı ilə edəndə, biz əmin ola bilərik ki, tövsiyəni verən adam pulu geriyə doğru izləməyib. İstənilən halda o, geniş ictimaiyyətə həqiqəti, yalnız həqiqəti və həqiqətdən başqa heç nəyi deməyib. O, həm ictimaiyyəti, həm də siyasətçiləri inandıra bilər ki, geniş ictimaiyyətə kömək naminə bu qrupa kömək etmək üçün hökumət müdaxilə etməlidir. Amma iqtisadçı pulu geriyə doğru izləsə, geniş ictimaiyyətə fayda ilə bağlı iddianın yalan olduğunu görəcək. Təşəbbüskarın bu iddianı uğurla dilə gətirməsinin yeganə səbəbi ictimaiyyətin pulu geriyə doğru izləməkdən imtina etməsidir.
Geriyə doğru izləsəniz, görəcəksiniz ki, pəncərə sınmazdan qabaq bu pullarla bağlı faydalar var idi. Hökumətin müdaxilə etməyini tövsiyə edən təşəbbüskar istəyir ki, seçicilər pulun gətirəcəyi bütün faydalar üçün pulu irəliyə doğru izləsinlər. O, pulun iqtisadiyyata təkan verəcəyini söyləyir. Amma pulu geri istiqamətdə, pəncərəyə daş atanın paxıl hərəkətindən əvvəl pula sahib olan adama doğru izləsək, pəncərə sahibinin o vaxt pulla etmək istədiyi başqa şeylərin olduğunu öyrənəcəyik.
23-cü “Qənaətə hücum” fəslində 1850-ci ildə olduğundan daha əsaslı həqiqət kəşf edirik. Pullar artıq məhsuldar məqsədlərlə istifadə olunmuşdur. Bu gün insanlar pulları bankda saxlayırlar. Bank bu əmanət üzrə xidmətlər təmin edir. Bank borc götürənlərə borc pul da verir. Pul bir sıra məqsədlər üçün istifadə olunur və bu məqsədlər pulun mülkiyyətçisinin etmək istədiyi işlər siyahısının ən üst sıralarında yerləşir. Ona görə də daş pəncərədən içəri girəndə və mülkiyyətçi pəncərə təmiri emalatxanasına zəng vuranda, o, öz pulunu bankdan götürüb bu iş üçün xərcləməli olacaq. Pəncərə sahibi üçün bu, pisdir. Onun əmanətini qəbul etmiş yerli bank üçün də pisdir. Bu bankdan kredit almağa ümid edən hər kəs üçün pisdir.
Pulların hərəkətini irəliyə doğru asanlıqla izləyə bilərik. Bu, uşaq oyuncağıdır. Amma pulların hərəkətini geriyə doğru izləmək üçün ciddi ustalıq və zəka tələb olunur. Tarixdəki bütün iqtisadçılar arasında bunu görə bilən ilk adamın Bastia olduğuna heç bir şübhə yoxdur, Hezlitt isə bunun tətbiqində hamıdan uğurlu idi.
Bu mərhələdə mən də bu anlayışa öz töhfəmi verməyə çalışıram.
Tarixdə pulu geriyə doğru izləməkdən imtina edən ən vacib iqtisadçı Con Meynard Keyns idi. 1936-cı ildən sonra XX əsr getdikcə Keynsin “Ümumi nəzəriyyə”sində qoyulmuş intellektual təməlin üzərində qurulurdu. Onun təhlilinin mərkəzində 16-cı fəsil dayanırdı, bu fəsil müasir dövrdə qənaətə hücumun başlıca mənbəyidir. Hezlittin kitabı Keynsin yol verdiyi səhvdən qaçmağa həsr olunub: Keyns pulu geriyə doğru izləməkdən imtina etmişdi. O, qənaətcil adamın iqtisadiyyata yük olduğunu deyirdi, çünki onun qənaət edib yığdığı pullar istehlak üçün istifadə edilməyəcəkdi.
Keyns bu səhvə yol verən ilk adam deyildi. Ondan əvvəl də, mayor Duqlas kimi tanınan iqtisadiyyat dəlisi məhz bu ideyaya əsaslanan özünəməxsus iqtisadi inanc yaratmışdı. O, Sosial Kredit adlanırdı. Keyns Duqlasın töhfəsinin əhəmiyyətini qəbul edir və “Ümumi nəzəriyyə”də Duqlası faktiki olaraq tərifləyirdi (səh. 371-372). Mən Sosial Krediti təkzib edən kitab yazdım – “İnflyasiya vasitəsilə xilas” (1993-cü il) – və bunu edən yeganə adam mənəm. Mən bunu Duqlas ilk kitabını yazdıqdan təxminən 75 il sonra yazdım. Müasir iqtisadçılar onu diqqətə almırlar və bunun üçün əsaslı səbəbləri var, lakin Keyns ona etinasız deyildi. Keyns Duqlasın mövqeyini jargonla bəzəmişdi. Ancaq analitik nöqteyi-nəzərdən Keynsin mövqeyi elə Duqlasın mövqeyi idi.
Üzləşdiyimiz problem budur. Bütün iqtisadçı peşəsi Hezlittin kitabında müzakirə edilən prinsipə etinasız yanaşmışdır. Keynsçi nöqteyi-nəzəri dəstəkləməyən iqtisadçılar da var, amma heç bir iqtisadiyyat kitabı bariz bir məsələdə, yəni, qənaətcil adamın qənaətə sırf etdiyi pulların əslində məşğulluğu artıra biləcəyi məsələsində, Keynsi hədəf almır. Dərsliklər bu məsələ ilə bağlı olan yanlışa da işarə etmirlər. Yanlış isə odur ki, əks təqdirdə özəl sektora yatırım edə biləcək investorlardan hökumətin topladığı bütün pullar özəl sektorun əlindən alınır. Bu pullar hökumətin əlinə göydən düşmür. Hökumət pulu mərkəzi bankdan da ala bilər, amma onda qanuniləşdirilmiş saxta pullar olan kağız pulların yaradılması ilə bağlı problemlər baş qaldırır.
Keynsin tənqidçiləri heç vaxt mərkəzi bankirləri qanuniləşdirilmiş saxtakarlar adlandırmırlar. Heç bir ali məktəbdə və ya orta məktəbdə bundan bəhs edən dərslik yoxdur. Yenə də bu, mərkəzi bankların və bütün fraksiya ehtiyatı olan kommersiya banklarının iqtisadiyyatıdır.
Dərsliklər Keynsin qənaətcilliklə bağlı başlıca səhvini vurğulamır. Hətta Hezlitt də 23-cü fəsildə Keynsin adını çəkməmişdi. 1959-cu ildə o, keynsçiliyə qarşı əla təkzib olan “«Yeni iqtisadiyyat»ın uğursuzluğu” əsərini yazmışdı, lakin onu demək olar ki, heç kim oxumayıb.
Mənim gəldiyim nəticə isə budur ki, burada iqtisadi cəhalətdən daha böyük bir şey var. Hezlitt özünün 23-cü fəslinin köməyilə heç bir peşəkar iqtisadçını inandıra bilmədi. 1959-cu ildə yazdığı kitabla demək olar ki, heç kimi inandırmadı. O, Keynsi tənqid edən iqtisadçıların esselər toplusunu “Keyns iqtisadiyyatının tənqidçiləri” adı ilə çap etmişdi (1960-cı il). Akademik dairələrdə bu kitaba da heç kim diqqət yetirmədi.
Hezlitt sınmış pəncərə yalanını iqtisadçıların iqtisad elminin gəldiyi nəticələrə əməl etmək istəməməsinin mükəmməl nümunəsi kimi təyin edəndə haqlı idi. O, fikrini aydın çatdıran yazıçı idi. Adətən məsələnin məğzinə tez gəlirdi. Halbuki, bütün iqtisad peşəsinə gəldikdə, onun Avstriya iqtisadiyyat məktəbindən kənarda heç bir nüfuzu yox idi.
İndi sınmış pəncərə yalanının məntiqini görə bilərsiniz. Bəs niyə bütün iqtisad peşəsinin ağlına gəlməyib? Burada iqtisadi cəhalətdən daha dərin bir səbəb var. Yüksək IQ səviyyəsinin olmamasından daha dərin bir səbəb var. Peşəkar iqtisadçılar ağıllı adamlardır. Onlardan ən yaxşıları çox güman ki, dahidirlər. Buna baxmayaraq, ilk dəfə 1850-ci ildə təklif edilmiş bu sadə anlayış 1850-ci ildən 1946-cı ilə qədər sistematik olaraq nəzərə alınmadı. 1946-cı ildən sonra iqtisad peşəsi Hezlittin tətbiq etdiyi sınmış pəncərə yalanına sistematik olaraq etinasız yanaşdı.
Bunun cəhalət məsələsi olmadığını iddia edirəm. Bu, insanların iqtisadiyyatı öyrənmək istəməməsi məsələsi də deyil. Burada biz korluqla qarşı-qarşıyayıq. Bu, qəsdən korluqdur. Bu, özünü dərk edən bir korluqdur. Sadə bir analitik prinsipi götürməyi və ondan nəticə çıxarmaq istəməməkdir.
Mənim gəldiyim nəticə belədir: iqtisadçıların anlamaq istəməməsinin əsasında etik üsyan dayanır. Bu, cəhalət məsələsi deyil. Bu, etika məsələsidir. “Oğurluq etmə” təməl prinsipinin pozulmasının əsasında da bu dayanır.
Müasir sosial rifah dövlətini, müasir yenidən bölüşdürmə dövlətini, müasir keynsçi dövləti, müasir sosialist dövləti və müasir kommunist dövləti birləşdirən bir cəhət var: onların hamısının təməlində oğurluq dayanır. Yuxarıdan aşağıya, başdan sona qədər hamısı oğurluq üzərində qurulub. Onlara bu prinsip rəhbərlik edir: “Oğurluq etmə, amma əgər səs çoxluğu varsa, olar”.
İnsanların ürəyində oğurluq kök saldığına görə, kağız pulların onlar borc vəziyyətindən qurtaracağına inanırlar. Kreditorların borcunu dəyəri düşmüş pullarla qaytaracaqlar. Onlar həm də inanmaq istəyirlər ki, öz təqaüdlərini planlaşdırmaqdan imtina etmələri sonra onlara qarşı istifadə edilməməlidir. Onlar təqaüd alsınlar deyə, ictimaiyyətdən vergi alınmalıdır. Bunu onların sosial tibbə və onun bütün dünyadakı başqa versiyalarına münasibətinə də şamil etmək olar. Başqalarının pul kisəsinə girmək istəyirlər, amma bir peyğəmbərin gəlib onlara “Siz hamınız oğrusunuz” deməsinə dözməzlər. Yeşayanın günlərində onlar peyğəmbərin xəbərdarlıqlarını dinləmirdilər: “Gümüşünüz tullantıya çevrildi, şərabınıza su qatıldı”. Bu, onları narahat etmirdi.
Keynsçi iqtisadçılar – saray iqtisadçılarıdır. Keyns, yalnız Böyük Böhran ilə mübarizədə Qərb hökumətlərinin oğurluğa əsaslanan mövcud müdaxiləçi siyasətini anlaşılmaz bir şəkildə müdafiə edəndə öz karyerasındakı əsas uğura nail oldu. O, yalnız hökumətlərin irimiqyaslı oğurluğunun müdafiəçisinə çevriləndə iqtisadçıların gənc nəslinin düşüncəsini dəyişdirdi.
Keyns seçki sandıqları vasitəsilə oğurluğun müdafiəçisi idi. Siyasətçilər onun verdiyi mesajları sevirdilər; dövlətin genişləndiyini, siyasətçilərə və bürokratlara məsləhətlər verməklə öz nüfuzlarının artdığını görmək istəyən gənc nəsil iqtisadçılar da bu mesajları sevirdilər. Onlar hökumətə elmi sərvətin yenidən bölüşdürülməsi orqanı kimi istinad edərək və bu zaman sosialist və ya kommunist olduqları üçün tənqid obyektinə çevrilməyərək, böyük şəxsi nüfuz əldə edə biləcəklərini görürdülər.
Başqa sözlə, mən bunun ilk növbədə intellektual problem olduğunu düşünmürəm. Məncə bu, ilk növbədə əxlaqi problemdir. Bu kitabı yazmağımın səbəbi də budur. İstəyirəm ki, məsihçilər burada təhlükənin nə olduğunu başa düşsünlər. Bu, təkcə insanları ağlı uğrunda deyil, həm də qəlbləri uğrunda gedən müharibədir. İqtisadçılar belə danışmırlar. Onlar insanların ağlı uğrunda müharibəni anlaya bilirlər, amma insanların qəlbi uğrunda müharibəyə hər hansı bir şəkildə daxil olduqları fikrini qətiyyətlə rədd edirlər. Onlar iqtisad elminin neytral olmasını istəyirlər. Halbuki keynsçiliyin qələbəsi göstərir ki, iqtisadiyyat neytral deyil. O, əxlaqın müəyyən bir formasının cazibəsinə əsaslanır. Bu əxlaqı ifadə etmək çox asandır: “Oğurluq etmə, amma əgər səs çoxluğu varsa, olar”.
Görünür, hansısa xüsusi maraqlar sərvəti öz xeyirlərinə yenidən bölüşdürmək üçün hökumətin səlahiyyətlərinə müraciət edirsə, siyasi bir problem mövcuddur. Onlar bunun oğurluq nöqteyi-nəzərindən müzakirə olunmasını istəmirlər, amma bu, doğrudan da oğurluqdur. Lakin bundan daha ciddi problem var. İctimaiyyət bu cür müraciətləri oğurluğun mütəşəkkil forması kimi görmür. Seçicilər buna müqavimət göstərmirlər. Onlar da öz qonşularının pul kisəsinə girmək istəyirlər. Onlar da öz qonşularının pul kisəsinə girə bilmək üçün siyasi xüsusi maraqlar qrupu yaratmaq istəyirlər.
Sonra motivasiya ilə bağlı iqtisadi problem var. Sərvətin irimiqyaslı yenidən bölüşdürülməsinə can atan hər bir xüsusi maraq qrupu siyasətçiləri ya öz mövqeyinin əsaslılığına, ya da ən azından, onun mövqeyi ilə bağlı siyasi üstünlüklərə inandırmağı həddindən artıq çox istəyir. Bu qruplar çox diqqətlidirlər, çünki söhbət çox böyük miqdarda puldan gedir. Əksinə, ictimaiyyət buna heç bir diqqət yetirmir. Onlardan qoparılan qənimətdən ədalətli payını, yəni haqsız payını ödəyəcək ictimaiyyətin başqa qayğıları var. Onların pul kisəsinə girməyə çalışan xüsusi maraq qruplarının sayı o qədər çoxdur ki, seçicilər öz diqqətini müəyyən bir qrupu dayandırmağa nadir hallarda cəmləyirlər. Bu, çox zəhmətli bir işdir. Əvəzində əldə etdikləri isə çox azdır. Amma xüsusi maraq qruplarının əldə etdikləri həddindən artıq çoxdur. İstənilən siyasi müxalifət üçün uğur ehtimalı o qədər azdır ki, siyasi müxalifət heç vaxt formalaşmır.
Mənim gəldiyim nəticə “pulu izləmək” prinsipinə əsaslanır. Oğurluğa əsaslanan mənfəət-itki təhlilində müxalifətin xüsusi maraq qrupu ilə mübarizə aparması sərfəli deyil. Öz xüsusi maraq qruplarını yaratmaq və qənimətin bir hissəsini ələ keçirməyə çalışmaq daha ucuz başa gəlir.
Hezlitt iqtisadi təhlildə etik neytrallığı qorumağa çalışırdı. O, heç vaxt heç bir xüsusi maraq qrupunu mütəşəkkil cinayətkarlığın bir forması kimi təsvir etmirdi. Sərvətin yenidən bölüşdürülməsini sistematik oğurluq baxımından müzakirə etmirdi. O, bu siyasəti təkzib etməyə çalışanda, özünə akademik tərəfdaşlar qazana bilmədi. Bunun belə olacağını əvvəldən bilməli idi. İqtisadiyyat ona bunu deməli idi. Xüsusi maraq qruplarının əldə edəcəyi çox şey var. Bunun əksinə, sərvəti yenidən bölüşdürmək üzrə konkret bir proqramın əleyhdarları, həmin xüsusi maraq qrupunun istədiyini əldə etməsinə mane olmaq üçün kifayət qədər siyasi dəstək əldə edə bilməyəcəklər. İqtisadi nöqteyi-nəzərdən, Hezlitt kitabının mənasız bir məşğələ olduğu qənaətinə gəlməli idi. İqtisadi nəzəriyyə ona göstərməli idi ki, bu kitab müasir keynsçi sosial rifah dövlətinin təsirini azaltmaqda uğurlu olmayacaq.
Mən kitabımın keynsçi sosial rifah dövlətinin genişlənməsini ləngitməyə hər hansı bir təsir göstərməyini gözləmirəm. Mənim hədəfim – uzunmüddətlidir. Məsihçilərə keynsçi dövlətin süqutundan sonra belə bir fəlakətin baş verməsinin səbəbini izah etmək istəyirəm.
Keynsin qənaətə düşmən münasibəti və keynsçiliyin hökumət borclarının artmasına etinasız münasibəti səbəbindən Böyük Defolt baş verəcək. Bütün Qərb hökumətləri özlərinin sosial rifah proqramlarında defolt elan edəcəklər. İqtisadi dildə, yəni aktuarial dildə desək, bütün bu qocalıq proqramları iflas edəcəklər. Hamısı batacaq.
Bundan sonra böyük ağrı olacaq. Mən özümü hansısa müasir Yeşaya hesab etmirəm. Həm də mən Yeşayanın başına gələnləri bilirəm. Heç kim ona fikir vermirdi. Hökm gəldi, amma bu, bir əsrdən də artıq bir müddətdən sonra baş verdi. Amma geriyə dönüb baxanda, Yeşayanın mesajı min illər sonra bizə qədər gəlib çatıb. Onun xəbərdarlığı öz müasirlərinin düşüncəsinə nüfuz edə bilməmişdi, amma hamımız üçün inandırıcı bir qeyd qoyub.
Keynsçi sosial rifah dövlətinin islah oluna biləcəyini düşünmürəm. Hansısa bir vaxtda onu əvəz etməyin mümkün olduğunu düşünürəm. Amma bu əvəzetmə sınmış pəncərə yalanı baxımından deyil, etika baxımından həyata keçirilməlidir. Sınmış pəncərənin bu kitabda və Hezlittin kitabında sözü gedən 23 yanlışının hər hansı birinin təsirini azaltmağa çalışmağın mənası yoxdur. Çünki bu problem ilk növbədə intellektual problem deyil. Problem ilk növbədə etikdir.
İnsanlar uzun mülahizə zəncirlərini izləyə bilmirlər. Bu, sözsüz ki, iqtisadi mülahizələrə də aiddir. Bunu Hezlittin kitabında görürük. O, heç bir keynsçini pulu geriyə doğru izləməyə inandıra bilmədi. Onlar Keyns iqtisadiyyatını keynsçiliyin təməlində dayanan bu başlıca yanlış baxımından nəzər sala bilmədilər. Əgər peşəkar iqtisadçılar pulu geriyə doğru izləməkdən imtina edirlərsə və hökumət borcunun özəl sektoru sarsıdan aşkar nəticələrini inkar edirlərsə, onda bu kitabı oxumaq ehtimalı olan adi bir adamın, yəni sizin, bu siyasətçilərdən hər hansı birinə qarşı sistematik arqumentlər irəli sürə biləcəyini niyə gözləməliyik? Xüsusi maraq qruplarının 100, 200, 500 və ya 5000 proqramı ilə mübarizə aparmaq üçün başqa bir xüsusi maraq qrupu təşkil edə biləcəyinizi niyə gözləməliyəm?
Böyük Defoltdan sonra yenidən dəyərləndirmə vaxtı gələcək. Adamlar bunun niyə başlarına gəldiyini bilmək istəyəcəklər. Onda bəlkə bu kitabın arqumentlərindən bəzisi bir neçə məsihçi liderlərin düşüncəsinə nüfuz edəcəkdir. Amma nə qədər ki pastorlar mənim şərh etdiyim ayələrə müraciət etmək, sonra isə bu şərhi toplantı iştirakçılarına təqdim etmək istəmirlər, mən heç bir ciddi dəyişiklik gözləmirəm. Nə qədər ki bu məsələlərə ilahiyyat, etika və ədalət nöqteyi-nəzərindən yanaşılmır, mən bu siyasəti tənqidimin Hezlittin tənqidindən daha təsirli olacağını düşünmürəm.
Onun kitabı yazdığı vaxtdan 70 ildən artıq vaxt keçsə də, kitab hələ də dərc olunur. İnternet və Kindle sayəsində ümid edirəm ki, mənim kitabım da çapda qalacaq. Nəşrdə qalmağı belə, vacib deyil; sadəcə kompüter ekranında qalmalıdır. İstənilən şəxs “çap et” düyməsinə basa bilər. Çapda qalmaq asandır. Oxucuları cəlb etmək isə asan deyil. Oxucuları motivasiya etmək asan deyil.
Mənim dediyim – insanların qəlbləri uğrunda mübarizədir. Bu, sadəcə müəyyən bir akademik intizam çərçivəsində aparılan intellektual müzakirələr silsiləsi deyil. İqtisadi dildə desək, müasir dünya pis əxlaq üzərində qurulub. Onun təməlində bu prinsip dayanır: “Oğurluq etmə, amma əgər səs çoxluğu varsa, olar”.
Fikirlərin nəticələri var. Daha da mühümü, davranışların nəticələri var. Levililər 26-cı fəsildə və Qanunun təkrarı 28-ci fəsildə görürük ki, cəmiyyətin təməl etik qanuna əməl etməsi baxımından yaxşı və pis iqtisadi nəticələr olur. Nə qədər ki insanlar buna inanmır, mən pulu geriyə doğru izləməyin böyük fayda verəcəyini düşünmürəm. Bu, dəyərli intellektual məşğələdir, lakin adamların əksəriyyətinin davranışını, xüsusilə də səsvermə kabinəsindəki davranışını dəyişdirməyəcək.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-24 səhifəsinə baxın.

Qeyd