-12-
İxraca canatma
Rəbb mənə belə dedi: Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün. Xalqa belə əmr et: <Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun. Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm. Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun> (Qanunun Təkrarı 2:2-6).
Bu ayələr sizə tanış olmalıdır. 11-ci “Tariflər kimi «müdafiə edir»?” fəslində bu barədə oxumusunuz. Burada yenidən niyə yazıram? Çünki bu fəsil eyni sualı ortaya qoyur: yerli dövlətin sərbəst ticarəti pozması. 11-ci fəsil malların gətirilməsinə qoyulan qanuni məhdudiyyətlərdən – satış vergilərindən bəhs edirdi. Bu fəsil isə malların ölkədən çıxarılmasına qoyulan vergi subsidiyalarını gözdən keçirir. Hər iki halda qanunlar, müştərilərin hesabına xüsusi maraq qruplarını maliyyələşdirir.
İcmal: Allah Musanı, o da öz növbəsində israilliləri aydın şəkildə başa saldı ki, İsrail xalq ilə Esav nəsli arasında sərbəst ticarət olmalıdır. Heç bir məcburiyyətə yol verilməməlidir. Esav nəslində israillilərin istədiyi mallar – ət və su var idi. İsrail xalqında Esav övladlarının istədiyi – pul var idi. Könüllü mübadilə üçün imkan var idi. İsrail xalqının Esavın ətindən və suyundan “müdafiə olunmağa”, yəni tariflərə ehtiyacı yox idi.
Əhdi-Ətiqdə İsrail tarixində ixracat subsidiyaları haqqında heç bir xatırlatma yoxdur. Əhdi-Cədiddə də yoxdur. Roma imperiyası böyük sərbəst ticarət zonası idi. Onun sərvətinin əsasında bu fakt dayanırdı. E.ə. 66-cı ildə Pompey Aralıq dənizi ərazisini dəniz quldurlarından təmizlədi. Bu, ticarəti artırdı. Yollar Romaya aparırdı. Bu da ticarəti artırırdı.
1. Pəncərə sahibləri (icmal)
Bu vəziyyətdə mülkiyyətçilər Esavın milli sərhədlərinin hər iki tərəfində idilər. Suya və ətə sahib olan Esav nəsli var idi. Pula sahib olan İsrail xalqı var idi. Öz mülkiyyətləri üzərində qanuni haqları olduğuna görə, mülkiyyət sayəsində əldə edə biləcəkləri ən yaxşı imkanları seçə bilərdilər.
Öz mülkiyyətlərinin sahibi olduqlarına görə, ondan imtina etmək üçün qanuni hüquqa malik idilər. Hər bir mülkiyyət hüquqlar silsiləsi ilə müşayiət olunurdu. Mülkiyyətçiliyin mahiyyəti bundadır – mülkiyyəti müəyyən üsullarla istifadə etmək hüququ. Belə üsullardan biri mübadilədir. Bu hüquqların sahibləri öz sərvətlərini mübadilə yolu ilə daha arzuolunan mallarla artırmağın yollarını axtarırdılar. Hansı malların daha arzuolunan olduğuna kim qərar verirdi? Onların sahibləri.
Bu gün ixracat subsidiyalarına məruz qalan mülkiyyətçilər var. Dövlət sərhədinin hər iki tərəfindəki alıcılar (müştərilər) pul sahibidirlər. Hər iki tərəfdəki satıcılar (istehsalçılar) mal sahibidirlər. Onlar əxlaqi və hüquqi nizamdan faydalanan şəxslərdir. Bu sayədə sahib olduqları şeylərlə istədiklərini edə bilərlər və buna mülkiyyət hüququndan imtina da daxildir.
Sərhədin hər iki tərəfində məhsul istehsalçıları var ki, onlar sərhədi digər tərəfindəki satıcıların rəqabəti ilə üzləşirlər. Onlar resurslara sahibdirlər. Bu resurslardan maksimum gəlir əldə etməyə çalışırlar. Dövlət subsidiyasını əldə etmək üçün stimulları var.
2. Pəncərə (icmal)
Pəncərə – hər iki xalqı idarə edən hüquq sistemi idi. Mübadilə sahəsində hər bir mülki sərəncam milli sərhəddən mal mübadiləsinə icazə verirdi. Heç bir qanun sistemi mübadiləyə vergi subsidiyaları qoymurdu. Sərbəst ticarət budur. Mülkiyyətçilər Allahı təmsil edən idarəçilər idilər.
“Sərbəst ticarət” adətən “sərbəst bazardan” daha dar istiqamətə malik olur. Amma onların məğzi eynidir. Sərbəst bazar sərbəst ticarətə – küçənin o tayında, mahal hüdudlarından kənarda, əyalət hüdudlarından digər tərəfində və dövlət sərhədindən boyunca – icazə verən hüquq sisteminin məhsuludur. Təşkilati tənzimləmə mülkiyyətçilərə sahib olduqları hər şey üzərində qanuni suverenlik verir. Sərhədlər kimi bilinən görünməz hüquqi hüdudlar bu sərhədlərin müxtəlif tərəflərindəki adamların məhsul mübadiləsinə qanuni haqlarına iqtisadi təsir göstərmir.
Xüsusi mülkiyyətlərə sahib olmaqla bağlı hüquqlar silsiləsi bütün sərhədlərlə – küçə, mahal, əyalət və ölkə – ötürülür. Mülkiyyətin bir növünü – məhsulları – sərhədin digər tərəfinə satan adama vergilər hesabına maliyyələşdirilən subsidiyalar verilmir. Qanun qarşısında bərabərlik var. Bu, Musanın ən əsas mülki qanununa – qanun qarşısında bərabərliyə uyğundur. “Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir” (Çıxış 12:49).
Sərhədin hər iki tərəfindəki azad insanlar məhsulların satışına dair təklif vermək (istehsalçılar), habelə məhsulları almaq (müştərilər) üçün qanuni haqlara sahibdirlər. Bu qanuni nizam onlara imkan verir ki, mülkiyyət hüquqlarını həyata keçirsinlər. Ticarət hüququna sahib olduqlarına görə, bazarda ən yaxşı bacardıqları istənilən fəaliyyətdə ixtisaslaşa bilərlər. Bu “ən yaxşı”nı isə ödəniş edən müştərilər müəyyənləşdirir. Mülkiyyətçilər idarəçilər olaraq Allahı təmsil edirlər.
3. Daş
Siyasətçilər səs istəyirlər. Onlar siyasətçiləri hökumət subsidiyaları verməyə inandırmaq üçün siyasi cəhətdən təşkilat olunmuş xüsusi maraq qruplarının verəcəyi səsləri axtarırlar. Bu, əməliyyat xərclərini azaldır.
İxracat əsaslı sənayelərin istehsalçıları yerli sakinlərə satan istehsalçıların rəqabəti ilə üzləşirlər. Hər iki sektordakı şirkətlər onlara lazım olan istehsal məhsullarının qiymətlərini qaldırırlar. Bu, mənfəət faizlərini azaldır. İxracatçılar yerli sakinlərə xidmət göstərən istehsalçılara nisbətən daha çox üstünlük əldə etmək istəyirlər. Ona görə də onlar XVII əsrin merkantilizminin hələ də məşhur olan iqtisadiyyatından istifadə edirlər. Onlar hökumətdən birbaşa və ya dolayı subsidiyalar tələb edirlər. Birbaşa subsidiya hökumət tərəfindən təmin edilən, biznes krediti üzrə bazar qiymətlərindən aşağı qiymətlər olacaqdır. Dolayı subsidiya – əcnəbilər ixrac edilən məhsulları almaqdan imtina etdikləri təqdirdə, tam kompensasiya üçün hökumətin zəmanəti olacaqdır. Beləcə, kredit üçün faktiki olaraq heç bir risk qalmır. Hökumət ixracatçı şirkət adından özünün kredit reytinqini ortaya qoyub. Bu, birgə imza və ya zamin durmaqdır (6-cı fəsil). İxracatçı bu yazılı zəmanəti öz banklarına apara və daha aşağı faiz səviyyəsi istəyə bilər. Bu, kapitalın yerli istehlak malları bazarından ixrac olunan mallar bazarına köçürülməsini maliyyələşdirir.
4. Xərclər
İxracatçı şirkətə birbaşa kredit üçün pulu kim qoyur? Hökumət. Hökumətə pulu kim ödəyir? Vergi ödəyiciləri. Əgər ixrac edilən məhsul gəlir gətirmirsə, zərər çəkən ixracatçıya pulu kim ödəyir? Hökumət. Hökumətə kim ödəyir? Vergi ödəyiciləri.
Lakin iş təkcə pulda deyil. Yerli istehlakçıların məruz qaldığı itkilər də var. Əcnəbi vətəndaş subsidiyalı məhsulu alanda, həmin məhsul ölkəni tərk edir. İndi yerli sakinlərin məhsul seçimi daha azdır. Bundan əlavə, onların yerli istehsalçıları da itkiyə məruz qalırlar. Onlar ixracat subsidiyası almayıblar. Deməli, onlar əcnəbi idxalçılardan sifarişlər almayıblar. Ona görə də öz əməkdaşlarını daha yüksək məvaciblərlə və ya bonuslarla mükafatlandıra bilmirlər. Onların investorları da dividend əldə etməyəcəklər. Bir də bu maliyyələşdirilməmiş istehsalçılara məhsul satan istehsalçıların heç biri bu işdən qazanc götürməyəcək. Bu, sınmış pəncərə effektidir. Baş verməyən şeyi heç kim görmür. Onlar yalnız baş verən şeyləri görürlər.
Yerli müştərilər sərfəli sövdələşmə axtarışında pərakəndə bazarlara gedirlər. Sərfəli sövdələşmələr haradadır? Heç bir yerdə. Niyə yoxdur? Çünki ixrac edilən malları ölkə sakinləri satın ala bilmirlər. Bir də ki, ixracat subsidiyalarını təmin etmək üçün hökumətə ödənilən vergilərə görə bəzi sakinlər daha kasıbdırlar.
Bunlar baş verərkən, sərhədin digər tərəfində bəzi müştərilər daha yaxşı yaşayırlar. Sərhədin bu tərəfindəki ixracatçılar üçün ayrılmış subsidiyalar olmasaydı, bu əcnəbi istehlakçılar bunsuz keçinərdilər. Sərhədin o biri tərəfindəkilər bu tərəfdə ixrac mallarına qoyulan subsidiyaları sevirlər. Lakin sözsüz ki, ixracatçı istehsalçılar daxili satışlardan qazana biləcək ikən, itirirlər. İdxal mallarına verilən subsidiyalar əcnəbi mənşəli məhsulları həddindən artıq cəlbedici edib. Məsələ yerli istehlakçılar üçün çalışan istehsalçıların səmərəsiz olmağında deyil. Onlar sadəcə xaricdən subsidiya almayıblar.
5. Nəticələr
İxrac məhsulları kateqoriyalarının əlçatanlığı azalır. Bu, qiymətləri həmin bazarlarda ola biləcəyindən daha yüksək səviyyədə saxlayır. Müştərilər bunun səbəbini başa düşmürlər. Bunun səbəbi sınmış pəncərə amilidir.
Xaricə göndərilən məhsul kateqoriyalarının qiymətləri daha yüksək olduğuna görə yerli istehlakçıların vəziyyəti daha pisdir. Onlar əks təqdirdə ola biləcəklərindən daha kasıbdırlar. Özlərinin iqtisadi təqsiri olmadan istehlaklarını məhdudlaşdırmalı olacaqlar. (Əgər onlar ixracat subsidiyalarını dəstəkləyən siyasətçilərə səs veriblərsə, onda bu vətəndaşlar siyasi cəhətdən təqsirlidirlər. İqtisadiyyatı başa düşməməkdə təqsirlidirlər.)
İndi, xaricdən gələn subsidiyalı məhsullarla toqquşan yerli istehsalçılar sərhədin bu tərəfində siyasi gərginlik yaradırlar. Sərhəd səbəbindən yaranmış bu ədalətsiz rəqabəti kompensasiya etmək üçün siyasətçiləri hərəkətə keçməyə çağıracaqlar. (Haqlıdırlar. Bu subsidiyalaşdırılmış rəqabət həqiqətən ədalətsizdir… sərhədin bu tərəfindəki vergi ödəyiciləri və istehlakçılara münasibətdə ədalətsizdir.) Onlar tariflər və kvotalar üçün israr edəcəklər. Ticarət müharibəsi başlaya bilər. Hadisələrin bu cür ardıcıllığı 1930-cu illərdə Böyük Böhran zamanı baş vermişdi və bu səbəbdən böhran daha uzun sürmüşdü.
Əgər siyasətçiləri ixracat subsidiyaları üçün səs vermiş bir dövlət həm də tarif və kvotalar tətbiq edirsə, onda bu iki siyasət əsl dəlilikdir. İxracat subsidiyaları ixracatçı şirkətlərə məxsus xarici valyutanın həcmini artırır. Bu şirkətlər bu əcnəbi pullarla əcnəbi banklarda nə edə bilərlər? Bu necə olsun? Onlar bu pulları məhsul ixrac edən əcnəbi müəssisələrə investisiya qoymaq üçün istifadə edə bilərlər. Vay-vay! İxracatı maliyyələşdirən ölkədəki tariflər və kvotalar hökmən idxalın həcmini azaldır. Beləliklə, həm tariflər üçün, həm də ixrac subsidiyaları üçün səs verən siyasətçilər – tütün yetişdirən yerli fermerlərə kənd təsərrüfatı subsidiyalarının verilməsini dəstəkləyən, sonra isə siqaret əleyhinə qanunlara səs verən siyasətçiərə bənzəyirlər.
Yekun
“Sərbəst bazar” ifadəsi sərbəst ticarəti nəzərdə tutur. Tərifinə görə şəxsi mülkiyyəti təsis edən qanuni nizam sərbəst ticarəti də təsis edir. Mülkiyyətə sahib olmaq hüququ ondan imtina etmək hüququnu da mütləq nəzərdə tutur. Sərbəst ticarət sərhədlərin – küçələrin, mahalların, əyalətlərin və ölkələrin – hər iki tərəfində mülkiyyətin sərbəst mübadiləsinə əsaslanır.
Şəxsi mülkiyyətə inandıqlarına bizi əmin etməyə çalışanların əslində inanmadığını görürük. Onlar hökumət tərəfindən tənzimlənən ticarətə inanırlar, bu isə mülkiyyətdən imtina (satmaq) hüququ qadağan edir. Kimsə “Bunu ala bilməzsiniz” dedikdə, bu, əslində “bunu sata bilməzsiniz” deməkdir. Əgər qanuni olaraq ölkə sərhədindən kənardan mal ala bilmərəmsə, onda sərhədin o biri tərəfindəki birinə pulumu hədiyyədən başqa heç bir şəkildə qanuni olaraq köçürə bilmərəm.
İxracat subsidiyaları – xaricilərə verilən hədiyyədir. Xarici yardım proqramlarıdır. Bu, maskalanmış xarici yardımdır: dövlətin pulları ixracatçılara verilir. Bu, məhsulların ölkə xaricinə əcnəbi alıcılara ötürülməsinə gətirib çıxarır.
Ancaq bu, iki tərəfli işləyir. Xarici yardım proqramları – maskalanmış ixracat subsidiyalarıdır. Hökumət vergi ödəyicilərinin pullarını xarici hökumətlərə verir. Bu xarici hökumətlər bu pulları – yardım edən ölkənin daxili valyutasını – istifadə edir ki, yardım edən ölkənin ixracatçılarından mal alsın. Bu, ixracatı dəstəkləyir. Yardım edəm ölkədəki məhsulların sayını mütləq şəkildə azaldır. Bu işdə həm vergi ödəyiciləri, həm də yerli müştərilər uduzur.
Siyasətçilərin bunu “xarici yardım” və ya “ixracat subsidiyaları” adlandırmağının heç bir fərqi yoxdur. İqtisadi nəticələr eynidir. Sərvət siyasətçilər tərəfindən xaricə köçürülür. Bu işdə müxtəlif şirkətlər udurlar: xarici yardım, ya da ixracat subsidiyaları şəklində. Lakin xalis nəticə milli sərvətin azalmasıdır.
“Yerli hökumət xarici yardımı dayandırmalıdır” deyən seçicilər var. Sonra həmin seçicilər ixracat subsidiyalarını dəstəkləyirlər. Onlar intellektual cəhətdən çaşqınlığa düşüblər.
Müqəddəs Kitab nöqteyi nəzərindən hansı baxış doğrudur? Sərbəst ticarət və sərbəst bazarlardır ki, hər ikisi eyni şeydir. Qoy fərdi israillilər və fərdi edomlular istədikləri kimi sövdələşsinlər. Sərhədin hər iki tərəfindəki hökumətlər bazarlardan kənarda qalmalıdırlar: idxal üçün heç bir satış vergisi və ixrac üçün heç bir subsidiya olmamalıdır.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-12 səhifəsinə baxın.
-13-
“Paritet” gəliri
Müştəri deyər: “Pisdir, pis maldır”, amma alıb gedəndə özünü öyər (Süleymanın Məsəlləri 20:14).
Hər bir könüllü mübadilə alqı-satqını nəzərdə tutur. Alıcı adlandırılan adam pul satıcısıdır. O, məhsul və xidmətləri satın alır. Satıcı adlandırılan adam pulun alıcısıdır. O, pulu satın almaq üçün dəyərli bir şey satır.
Süleymanın burada təsvir etdiyi təcrübə tanışdır. Danışıqlar vaxtı həm məhsulların alıcısı, həm də pulun alıcısı tələb olunan qiymətin çox baha olmasından şikayət edir. Bu, kifayət qədər yaxşı sövdələşmə deyil. “Pisdir, pis maldır”. Hər biri ümid edir ki, satıcı qiyməti endirəcək. Pulun alıcısı (məhsulun satıcısı) ümid edir ki, məhsulun alıcısı (pulun satıcısı) öz pullarının əvəzində daha az məhsul almaq qərarına gələcək. Süleyman bilirdi ki, bu cür danışıq aparmaq texnikası onun oxucuları və dinləyicilərinə tanışdır.
Bu texnika təşkilati quruluşa – təklif vermək hüququna əsaslanır. Bunu şəxsi mülkiyyətin (pəncərənin) müdafiə edildiyi bazarlarda görə bilərik. Siyasətlə idarə olunan (daş) bazarlarda da görürük.
Kiçik pərakəndə bazarı və ətrafında az sayda rəqibləri olan bir cəmiyyətdə danışıqlar satışın əsasını təşkil edir. Yüksək inkişaf etmiş iqtisadiyyatda danışıqlar çox aparılmır. Supermarketdə növbənin əvvəlinə çatanda kassa işçisi ilə danışıq aparmırıq. Kassa işçisi məhsulun üzərindəki ştrix kodunu skan edir və kompyuter onu aldığımız məhsulların siyahısına əlavə edir. Buradakı danışıqların qaydası aydındır: “Ya al, ya da alma”. Almamaq asandır. Hər kəs başqa bir mağazada alış-veriş edə və ya qiymətləri yoxlamaq üçün internetə daxil ola bilər.
Satıcılar (pulun alıcıları) satıcılara qarşı təklif verirlər. Alıcılar (pulun alıcıları) alıcılara qarşı təkliflər verirlər. Bu rəqabətli alqı-satqı prosesindən – nəhəng hərrac sistemindən – obyektiv qiymətlər yaranır. Çox az məlumatsızlıq olur. Üz-üzə danışıqlar qiymətlər və keyfiyyətlərlə bağlı məlumatsızlıq bölgələri ilə məhdudlaşır. Bazar qiymətləri haqqında məlumat nə qədər yaxşı olarsa, qiymətlər haqqındakı danışıqların diapazonu da o qədər daralar.
1. Pəncərə sahibləri
Həmişə olduğu kimi, bir neçə mülkiyyətçi qrupu mövcuddur.
Bir qrup ən çox satılan məhsul olan pula sahibdir. İqtisadçılar bu adamları istehlakçılar kateqoriyasına aid edirlər. Onlar pulun satıcıları və istehlak mallarının alıcılarıdırlar. Bu halda mallar qida məhsullarıdır.
Digər qrup təbii sərvətlərin – bu halda əmtəələrin sahibləridir. İqtisadçılar təbii sərvətləri ümumi torpaq kateqoriyasına aid edirlər. Bu halda torpaq sahibləri fermerlərdir.
Başqa mülkiyyətçilər də var. Onlar da əmtəələrə sahibdirlər, ancaq müvəqqətidir. Onlar torpaq sahibləri ilə son istehlakçılar arasında vasitəçidirlər. İstehsalçılardırlar. Onlar xammalı, əmək xidmətlərini satın alırlar və xammalı son məhsula çevirmək üçün sərmayəni ya satın alırlar, ya da icarəyə götürürlər. İstehsalçılar son istehlakçılar deyillər. Onlar alıcıdırlar, eyni zamanda da satıcıdırlar. Gəlir əldə etmək üçün alırlar: ucuz alıb, baha satırlar. Onları müştəri kateqoriyasına aid etmək olar. Bu halda onlar qida məhsullarının istehsalı və paylanması sisteminin bir hissəsidirlər. Bunun bariz nümunəsi çörəkçi ola bilər.
Dördüncü qrup var: pərakəndə satıcılar. Onlar quruluşu dəyişdirilmiş malları ehtiva edən məhsullar alırlar. Onları istehlakçılara satırlar. Bu məhsullara müvəqqəti sahib olurlar. Ərzaqların satıldığı supermarketi buna misal göstərmək olar.
Beşinci qrup da var: gələcəklə bağlı proqnoz sahibləri. Onlar informasiya sata bilərlər. Onu havayı vermək qərarına da gələ bilərlər. Bu subyektiv informasiya bazarın faktiki təkliflərinə təsir etmədikcə qiymət sistemi üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq bu adamlar əmtəə fyuçers müqavilələri ilə alqı-satqı edərək, hər dəfə öz pullarını proqnozlaşdırdıqları yerə yatıranda möhtəkirə (fərziyyələrlə yoldan çıxaran) çevrilirlər. Onların təklifləri son həddə olan qiymətlərə təsir edir: yuxarı və ya aşağı.
Ərzaq üçün tələb və təklifin rəqabətli proqnozlarının Müqəddəs Kitabda nümunəsi var. Paytaxt Samariya mühasirəyə alınmışdı. Ərzaqların qiymətləri kəllə-çarxa çıxmışdı. Bu vaxt peyğəmbər Elişa padşahın önünə çıxdı və ertəsi gün ərzaq qiymətlərinin aşağı düşəcəyini öncədən xəbər verdi. Bir məmur onu ələ salıb güldü. Elişa məmura dedi ki, o, həmin ərzaqlardan yeyə bilməyəcək. O gecə mühasirə başa çatdı. Ordu qaçıb getmişdi. Ərzaqlarını qoyub getmişdilər. Ertəsi gün şəhərdəki adamlar pulsuz yeməyi almaq üçün şəhərdən axışdılar. Onlar padşahın məmurunu ayaq altında tapdalayıb öldürdülər (2 Pad. 6-7). Əmtəə fyuçers bazarının terminologiyasına görə Elişa “qısa” idi. O, qiymətlərin düşəcəyini gözləyirdi. Məmur isə “uzun” idi. O, qiymətlərin yüksək qalacağını gözləyirdi. Bu vəziyyətdə gözətçi puldan daha artığını itirdi.
Mülkiyyətçilər sahib olmaq haqqına malik olduqlarına görə, sahib olduqları şeylərdən imtina etmək haqqına da sahibdirlər. Qanuni şəkildə sata bilərlər. Qanuni şəkildə mübadilə edə bilərlər. Bu, bizi pəncərə məsələsinə gətirib çıxarır.
2. Pəncərə
İstehlakçılar istehlakçılarla rəqabət aparır. İstehsalçılar istehsalçılarla rəqabət aparır. Xammal sahibləri xammal sahibləri ilə rəqabət aparır. Sərmayə sahibləri sərmayə sahibləri ilə rəqabət aparır. Əmtəə fyuçers möhtəkirləri bir-biri ilə rəqabət aparır: “uzun”lar “qısa”lara qarşı. Bu təklif prosesindən bir sıra qiymətlər yaranır. Sərbəst bazar sistemindəki iqtisadi nizam hərraclar silsiləsinə əsaslanır. Hamısı eyni bir mübadilə qaydasına tabe olurlar: “yüksək təklif qalib gəlir”.
Adi bir adam hərracın nə olduğunu bilir. Ən yüksək təklifin niyə qalib gəldiyini başa düşür. Təklifçilərin təklifçilərlə rəqabət apardığını anlayır. Lakin sərbəst bazar iqtisadçısının vacib maarifləndirici vəzifəsi var: hərracın nizamlı və ədalətli olmasının bütün iqtisadiyyat üçün praktik model olduğuna geniş ictimaiyyəti inandırmaq. Açıq təklif vermək prinsipi eyni dərəcədə nizamlı və ədalətli iqtisadiyyat yaradacaq. Bu məntiqi yerli hərracdan beynəlxalq hərraca qədər hər yerdə tətbiq etmək imkanı məhduddur. Bu, Adam Smitin “Xalqların sərvəti” (1776-cı il) adlı əsərində daha geniş müzakirə olunan sərbəst ticarət ideyasına qarşı iki əsrdən artıq davam edən müqavimətdə özünü göstərir.
Adi bir adam “yüksək təkliflə qalibiyyətin” hərracda bölüşdürülməsi prinsipini asanlıqla başa düşə və tez qəbul edə bilər. Bu kitabı yazarkən öz qarşıma qoyduğum vəzifələrdən biri – yerli hərracdakı “yüksək təkliflə qalibiyyətdən” hər bir əməliyyatda “yüksək təkliflə qalibiyyətə” konseptual keçiddə oxuculara kömək etməkdir. Bunu söyləmək etməkdən daha asandır.
Əmtəələrin hərrac bazarlarında (cəm halda) “yüksək təklif qalib gəlir” prinsipi qiymətdə razılığa gələn alıcılar və satıcılar üçün sərfəlidir. Bu bazarlarda və hər hansı digər bazarlarda bir çox alt bazarlar var. İlkin bazar əmtəə sahibləri və istehsalçılar arasında qurulur. Bazarın ikinci mərhələsi istehsalçılar və vasitəçilər – pərakəndə satıcılar – arasında qurulur. Sonuncu mərhələ – pərakəndə satıcılar ilə istehlakçılar arasındakı əməliyyatdır. Hər bir mərhələdə “yüksək təklif qalib gəlir” qaydası işləyir.
Bu bölüşdürmə prinsipi ən yüksək təklifi verməyənləri qıcıqlandırır. Bəzən onları o qədər qıcıqlandırır ki, “yüksək təkliflə qalibiyyətin” istifadəsini məhdudlaşdıran qanunvericiliyin qəbulunu dəstəkləyən siyasi fəaliyyət qrupu yaradırlar. Hərrac qurtarmamış pulu qurtaran adamlar hökumətin qanuni qiymət həddi tətbiq etməsini tələb edirlər. Lakin yüksək təkliflər əməliyyatın hər iki tərəfindən gəlir. Bəzən çox aşağı qiyməti qəbul etməyə məcbur olmuş və itkidən qaçmaq üçün hərracı tərk etmiş əmtəə satıcıları fürsət görürlər. Onlar hökuməti inandıra bilərlər ki, daha aşağı qiymət təkliflərini qeyri-qanuni elan etsin. Bu, bizi bu fəslin daşına gətirib çıxarır.
3. Daş
Sərbəst bazara inanan iqtisadçıların başlıca problemi budur. Onların sayı azdır. Onlar bütün resurslar üçün deyil, yalnız bəzi resurslar üçün sərbəst bazara inanan başqa iqtisadçıların məntiqi ilə mübarizə aparmalı olurlar. İqtisadiyyat haqqında çox kitablar oxumuşam. Hələ “Sərbəst bazar hərrac qismində” adlanan heç bir iqtisadiyyat kitabı görməmişəm. Düşünürəm ki, iqtisadçıların əksəriyyəti bazar prosesini bu cür görürlər, lakin bazar prosesi ilə bağlı bu anlayışı çox nadir hallarda müdafiə edirlər. Bunun niyə belə olduğunu bilmirəm, amma bəzi şübhələrim var. Məncə onları narahat edən şey budur: hökumət hərraca qiymət məhdudiyyəti qoymalıdır fikri açıq-aşkar gülüncdür. Belə bir şey hərracı məhv edərdi. Heç bir hərracçı gəlməzdi. Təklif verənlər də gəlməzdi. Heç kim saxta hərracda iştirak etmək istəmir. Lakin əgər qiymət hədləri hərracı dağıdırsa və əgər sərbəst bazar bir hərracdırsa, onda qiymət həddi üçün heç bir iqtisadi əsas yoxdur. Ona görə də istənilən vaxt qiymət həddinin zəruriliyini müdafiə etmək istəyən hər bir iqtisadçı sərbəst bazarın hərrac qismində müzakirəsindən qaçmağa üstünlük verir. Hər dəfə qiymət həddi üçün çağırış edəndə təqdimatının məntiqi onu pis vəziyyətdə qoyacaq. Heç kim fikirləri təzadlı fikirləri olan biri kimi görünmək istəmir. Ona görə də iqtisadçılar sərbəst bazarı hərrac kimi təsvir etməkdən çəkinirlər.
Belə düşünən iqtisadçı daha az məntiqlidir: “Açılış təklifini hər kəsin ödəmək istədiyindən daha yüksək olmağa məcbur edən hökumət nəzarəti olsaydı, alıcılar üçün sərfəli olardı”. Belə bir siyasət də hərracı məhv edərdi. Adamlar hərraca gələndə ümid edirlər ki, hərrac ilkin təkliflə başlayacaq. Əgər hökumət gəlib aşağı təklifləri qadağan etsəydi, sonra isə malları yüksək qiymətə alsaydı, potensial alıcılar gəlməyi dayandırardılar. Onlar biləcəkdilər ki, hökumət onların təkliflərini üstələyəcək. Hökumət onları üstələmək iqtidarındadır. Bu da saxtalaşdırılmış hərracdır.
İndi isə gəlin kənd təsərrüfatına nəzər yetirək. Fermerlər torpağa sahibdirlər. Onların biliyi var. İstehsal avadanlıqları almağa istifadə etdikləri pulları var. Kreditə sahibdirlər: borcları ödəmək üçün öz nüfuzları var. Onlar məhsullarını topdansatışçılara, topdansatışçılar istehsalçılara, onlar isə öz növbəsində istehlakçılara satırlar. İstehlakçılar pula sahibdirlər. Onlar bu xidmət zəncirindəki istehsalçılardan hansının onlara daha yaxşı xidmət etdiyini geriyə doğru müəyyənləşdirirlər. Onların bəzi istehsalçılardan alıb, digərlərindən almamaq qərarı bəzi fermerləri varlı, digərlərini isə kasıb edir.
Fermerlər son istehlakçıların iqtisadi vasitəçiləri rolunda çıxış edirlər. Bütün istehlakçılar da bunu edirlər.
Süleymanın dövründə hər bir alıcı və hər bir satıcı “Pisdir, pis maldır” deyə bəyan etmək imkanına sahib idilər. Qiymət danışmaq qərar vermənin sürətini azaldırdı. Müasir iqtisadiyyatda qiymət danışmaq demək olar ki, yoxdur. Bu, pəncərənin təbiətinə görədir: sərbəst bazarın hərraclar sistemi tələb və təkliflə bağlı məlumatsızlığı azaldır.
Kənd təsərrüfatı bazarları uzun müddətdir ki, ən inkişaf etmiş bazarlardır. Bu, xüsusilə dənli bitkilərə aiddir. Dənli bitkilərin keyfiyyətini və növünü qiymətləndirmək asandır. Bu qiymətləndirməni edən peşəkarlar var.
Kənd təsərrüfatı məhsullarının sərbəst bazarı beynəlxalqdır. Nəhəng bazardır. Yüz milyonlarla fermer və milyardlarla ərzaq istehlakçısı var. Fermaların çoxu kiçikdirlər. Çinin və Hindistanın kəndlərində yerləşirlər. Kəndlərindən kənarda az miqdarda ərzaq satırlar. Üç milyona yaxın ferma dünyanın şəhər əhalisinin əksəriyyətini doydurur. Birləşmiş Ştatlarda 200 000-ə yaxın ferma kənd təsərrüfatı məhsullarının 80%-i istehsal edirlər. Bu fermerlərin internetə çıxışları var. Bu o deməkdir ki, qiymət haqqında məlumat geniş yayılmışdır. Ərzaq bazarları beynəlxalqdır. Qiymətlər istənilən pul vahidinin bir payına qədər dəqiqliklə rəqabətli sövdələşmələr apararaq təyin edilir.
Taxıl bazarının daha bir vacib cəhəti var: əmtəə fyuçersləri ticarəti. Möhtəkirlər bu bazarlara aşağı ödəniş ilə daxil olub təkliflər verə bilərlər. Onlardan bəziləri gələcəkdə hansısa qiymətə böyük miqdarda taxıl almaq üçün təklif verirlər. “Uzun mövqe” tuturlar. Digərləri gələcəkdə hansısa qiymətə böyük miqdarda taxıl təhvilinə təklif verirlər. Onlar “qısa mövqe” tuturlar. Müəyyən bir taxılın gələcək qiymətini doğru tapanda bu möhtəkirlər külli miqdarda pul qazanırlar. Bu cür yüksək kreditli gəlirlər əldə etmək imkanı proqnozçuları şirnikləndirərək bu bazara cəlb edir. İtkilər uduzanları ələyir. Qalanlar – çox yaxşı proqnozçulardır.
Bu rəqabətli təkliflər sistemi hər bir dənli bitki üçün başlanğıc qiymətləri müəyyənləşdirir. Qiymətlər haqqındakı bu məlumatlar hamıya açıqdır. Fermerlər və taxılın topdan alıcıları bu məlumatı internetdən pulsuz əldə edirlər. Taxılın qiymətləri hər dəqiqə dəyişir. Bu o deməkdir ki, qiymət danışıqları üçün diapazon çox dardır. Məlumatsızlıq amili minimal həddədir. Heç kim “Pisdir, pis maldır” deyə qışqırmaq üçün özünü əziyyətə salmır. Cavab bəllidir: “Əgər haradasa daha ucuz ala bilsəniz, arbitrajla sərvət qazana bilərsiniz. Bir bazardan ucuz alın, digərində baha satın”. Bir sözlə, “sözünüzü əməlinizlə təsdiq edin”. Bu, çox adamları susmağa məcbur edir.
Bu mərkəzləşdirilməmiş beynəlxalq təsərrüfat sistemi çərçivəsində səmərəli fermerlər öz mükafatlarını alırlar. Səmərəsiz fermerlər sahəni tərk edirlər (hərfi mənada). 1800-cü ildə Amerika əhalisinin ən azı 90%-i fermalarda yaşayırdı. Bu gün bu rəqəm 2%-ə düşüb. Amerika taxılçılığı yer üzündə ən səmərəli kənd təsərrüfatıdır. 1840-cı illərdən bəri belə olub: bu, biçin, dəmir yolları və otlaqlar sayəsində belə olub. Amerka təsərrüfatlarının gəlirlərinin təxminən 30%-i ixracatdan əldə edilir.
Bunu nəzərə alaraq, Birləşmiş Ştatlarda kənd təsərrüfatı məhsullarının paritet qiymətlərinə baxaq. 1933-cü ilə aid Kənd Təsərrüfatının Tənzimlənməsi Qanunu fermerlər üçün federal kredit proqramı təsis etdi. Fermerlər bazar qiymətlərindən daha aşağı qiymətlərlə borc götürə bilərdilər. Sonra məhsul əkə bilərdilər. 1938-ci ildə qanuna dəyişiklik edildi. Bu kreditləri götürən fermerlərə paritet qiymətlər üçün zəmanət verilirdi – bu qiymətlərin bazar qiymətlərindən yüksək olduğu məlum oldu. Onların məhsulunun 75%-ə qədəri üçün bu qiymətlər ödəndi. Bu kredit/paritet qiymətləri proqramı hələ də fəaliyyətdədir. Növbəti əkin mövsümündə iştirakçı fermerlərin iqtisadi tənəzzülə uğramaq riski bu yolla azalır.
Dövlətin zəmanət verdiyi bu qiymətləri proqnozlaşdıra bilmək üçün mürəkkəb bir formul tətbiq edilir. Baza ili olaraq xüsusi bir il seçilir. Sonra həmin baza ilində məhsul üçün verilən ən yüksək qiymət növbəti il hökumətin satınalma qiyməti kimi müəyyənləşdirilir. Bazar qiyməti paritet qiyməti adlanan bu qiymətdən daha aşağı olarsa, hökumət məhsulu alır və anbarlarda saxlayır.
Xüsusi maraqları olan fermerlər qrupu siyasətçiləri məhsulun qiymətinin yüksək olduğu ili baza ili seçmək üçün tovlamağa çalışır. Niyə məhsulun daha aşağı qiymətlə satıldığı il olmasın? Xüsusi maraq qrupunun buna cavabı var: “Pisdir, pis maldır”.
Məhsulun qiymətini tələb və təklif baxımından anbaan müəyyənləşdirmək üçün beynəlxalq bazarlara imkan vermək yerinə, Amerika siyasətçiləri məsələyə müdaxilə etdilər. Onlardan çoxu hər il səs verirlər ki, proqrama yazılan təsərrüfatların məhsullarının əksəriyyətinin minimal qiymət həddinə zəmanət versinlər. Əgər beynəlxalq bazarlarda qiymətlər zəmanət verilən qiymətdən aşağı olarsa, onda subsidiya proqramında iştirak edən təsərrüfatlar öz məhsullarını hökumətə satacaqlar. Onlar dolayı yolla vergi ödəyicilərindən subsidiya alırlar.
Paritet qiymətlərinin rəsmi əsaslandırmalarından biri belədir: bu qiymətlər ailə təsərrüfatlarının iflasa uğramamasına zəmanət verir. Bəs bunun nəticəsi nə oldu? 1930-cu ildə ABŞ əhalisinin təxminən 25%-i fermalarda yaşayırdı. Bu gün bu göstərici 2% təşkil edir.
Digər bir əsaslandırma belədir: bu zəmanətli qiymətlər sabit, etibarlı ərzaq mənbəyini təmin edəcəklər. Bu arqumenti istifadə edənlər elə güman edirlər ki, nəhəng miqyaslarda olan və iki yüz ildən artıq bir dövrdə sabit ərzaq təminatını həyata keçirən beynəlxalq taxıl bazarlarına seçicilər heç bir fikir verməyəcəklər. 1840-cı illərdə İrlandiyadakı kartof qıtlığı istisna olmaqla, Qərb heç vaxt dinc dövrdə aclıq çəkməyib.
Paritet qiymətləndirmədə fermerlər istehlakçıların deyil, hökumətin iqtisadi vasitəçilərinə çevrilirlər. İstehlakçılar deyil, bürokratlar tərəfindən özbaşına təyin edilən qiymətlərdən asılı olaraq onlar ya gəlir əldə edirlər, ya da itirirlər. Səlahiyyət mərkəzi fikrini tez-tez dəyişdirən müştərilərdən ştatlı bürokratlara keçir. Ştatlı bürokratları proqnozlaşdırmaq istehlakçıları proqnozlaşdırmaqdan daha asandır. Bürokratlardan yuxarıda duran siyasətçiləri (ən azından nəzəriyyədə) inandırmaq istehlakçıları inandırmaqdan qat-qat asandır. Təsərrüfat bloku üçün siyasətçilərlə işləmək istehlakçılarla işləməkdən daha asandır.
4. Xərclər
Birincisi, paritet qiyməti olan bir ölkənin ərzaq istehlakçılarının ərzaq bazarlarında rəqibi var: yerli hökumət. Dünya bazarındakı qiymətlər paritet qiymətindən aşağı olan illərdə hökumət məhsulun böyük faizini satın almaq iqtidarındadır. Hökumətin satın aldığı məhsul bazara gətirilə bilərdi. Məhsul satıcıları bütün məhsulu satmaq üçün bir-biri ilə rəqabət apara bilərdilər. Ərzaq qiymətləri aşağı olardı. Lakin bu məhsul hökumət tərəfindən alınır və anbarda saxlanır. Bu, saxlama anbarlarının təminatını məhdudlaşdırır və bununla da xərcləri artırır.
İkincisi, vergi ödəyiciləri hökumətə pul ödəməlidirlər ki, hökumət, siyasi qiymətləndirmə prosesindən asılı olaraq, ölkənin məhsulunun hamısını və ya böyük hissəsini satın ala bilsin.
Əksər hallarda, bu ikisi eynidir. Beləliklə, vergi ödəyicilərindən vergi alınır ki, ərzaq üçün daha çox pul ödəsinlər. Onların xərcləməyə pulu daha azdır və ərzağa daha çox xərcləməli olacaqlar.
Geniş ictimaiyyət bütün bunlardan ümumiyyətlə xəbərsizdir. Əks halda, onlar kənd təsərrüfatı məhsullarına paritet qiymətinin tətbiqini dəstəkləyən təsərrüfat bloku siyasətçilərinin əleyhinə səs verən siyasətçiləri seçə bilərdilər. Vergi ödəyicisi istehlakçıların fəryadı belə olardı: “Pisdir, pis maldır”. Ancaq onlar hələ də xəbərsizdirlər.
6-cı fəsil “Kredit istehsalın yönünü dəyişdirir” adlanır. Paritet qiymətləri və kənd təsərrüfatı kreditlərinin bazar səviyyəsindən aşağı faizləri təsərrüfatçıları şirnikləndirir ki, iqtisadiyyatı əkinçiliyə yönləndirsin, halbuki əks təqdirdə başqa məhsullar və xidmətlər istehsal edilə bilərdi. Ərzaq istehlakçıları başqa şeyləri də istehlak etmək istəyirlər. Amma onların digər məhsul və xidmətlərə təklifləri azalır. Bunun birinci səbəbi təsərrüfat blokunun artıq qalan məhsullarının hökumət tərəfindən saxlanması və ya xarici yardım kimi paylanması üçün istehlakçıların ödədikləri vergilər, ikinci səbəbi isə supermarketdəki ərzaq məhsullarının daha yüksək qiymətləridir. Beləliklə, istehlakçıların seçim diapazonu daralır. Bu, istehlakçıların əks halda ola biləcəyindən daha çox kasıblaşdığını deməyin daha bir yoludur.
5. Nəticələr
Bu sistemin 1933-cü ildən bəri hökm sürdüyü ABŞ-da ailə təsərrüfatlarının sayında mütəmadi azalma müşahidə olunur. Bu gün bilavasitə kənd təsərrüfatı ilə məşğul olan Amerika əhalisi sayı təxminən 2%-ə yaxındır. Buna kənd təsərrüfatı ilə bağlı sənaye sahələrində işləyən 13% əhalini də əlavə etmək olar.
Son statistik göstəricilərə görə, bu təsərrüfat və rançoların təxminən 97%-i ailəyə məxsusdur. Lakin ildə 250 000 dollardan artıq məbləğdə məhsul satan nəhəng təsərrüfatlar bütün satışların 80%-dən artığını təşkil edir. Bu təsərrüfatlar bütün təsərrüfatların təxminən 10%-i təşkil edir. Necə bir bölüşdürmə olacağını təsəvvür edin. Məşhur 20-80 Pareto prinsipi 20% təsərrüfatın 80% məhsul istehsal edəcəyini hesablardı. Adətən istənilən qrupun və ya sənayenin üzvlərinin təxminən 20%-i məhsulun təxminən 80%-i təmin edir. Bu, 1897-ci ildə İtaliya iqtisadçısı Vilfredo Pareto tərəfindən kəşf edildiyi vaxtdan bəri məlumdur.
Niyə Amerikanın kənd təsərrüfatı istehsalı sistemi bərabərsizliyə doğru əyilib? Bu əyrilik artıq yuxarıda Paretonun əyrisinin proqnozlaşdıra biləcəyindən daha çox daralıb. Cavabı ilk növbədə hökumətin kənd təsərrüfatı sənayesinə müdaxiləsində axtarmaq lazımdır. Paritet sistemi kiçik təsərrüfatların böyüklərlə rəqabət aparmasına imkan yaratmaq üçün heç nə etməyib. Etdiyi tək şey – nəhəng təsərrüfatlara daha böyük subsidiyalar təklif etmək olub. Paritet proqramı – orta sinif ərzaq alıcıları hesabına varlı fermerlərə subsidiya verən bir proqramdır. Bu, əvvəldən belədir.
Yekun
Birləşmiş Ştatlarda dörd şirkətin üstünlük təşkil etdiyi çoxmilyardlıq aqrobiznes sənayesi vergi ödəyicilərinin və ərzaq istehlakçılarının sərvətini əllərindən almaq üçün ailə təsərrüfatı imicindən istifadə edib. Seçicilər buna diqqət yetirmirlər. Bu, xüsusi maraqlara xidmət edən qanunvericiliyin qüvvəyə minməsinin klassik nümunəsidir. Seçicilər xüsusi maraqlara xidmət edən hər bir qanunvericiliyin onlar üçün nəyin bahasına başa gəldiyinə diqqət yetirmirlər. Belə bir qanunvericiliyə qalib gəlmək üçün siyasi cəhətdən hazırlaşmırlar. Əksinə, kiçicik iqtisadi sektorun ən varlı üzvləri – ABŞ əhalisinin 2%-i – siyasi sistem vasitəsilə öz qanunvericilik gündəmlərinə nail olmağa ciddi diqqət yetirirlər.
İnformasiya və motivasiya nöqteyi-nəzərindən burada siyasi natarazlıq var. Mərkəzləşdirilməmiş seçicilər bazası təşkil etməyin xərcləri çox yüksəkdir. Onları etiraz səsləri blokuna yığmağın uğursuzluq riski də yüksəkdir. Əksinə, xüsusi maraqları olan istehsalçıların kiçik qrupunu təşkil etməyin xərcləri az, uğurlu siyasi kampaniyaların faydaları isə çoxdur.
Hər dəfə bir şey yeyəndə bunu yadınıza salacağınızı düşünmək istərdim. Ancaq siz bunu etməyəcəksiniz. Bu, iştahınızı pozar. Amma yemək duası edirsinizsə, bunu düşünün: Allahın lütfü o qədər böyükdür ki, federal hökumətin dörd nəhəng çoxmilyardlıq aqrobiznes şirkəti üçün faydasız paritet qiymətlərini üstələyib. Bu faydasız iş olmasaydı, daha az ödəyəcəyiniz yemək üçün indi daha çox ödəmisiniz, lakin Allah Öz lütfünə görə kənd təsərrüfatı məhsullarının az qala tamamilə sərbəst olan bazarı vasitəsilə yeməyi sizin masanızın üzərinə qoyub. Hərdən daha çox lütf və daha aşağı paritet qiymətləri üçün dua etsəniz, yaxşı olar.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-13 səhifəsinə baxın.
-14-
X sənayesini xilas etmək
O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı. Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi. O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: “Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır. Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz. Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar”. Oradakılar bunu eşidərək bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: “Efes ilahəsi Artemida uludur!” (Həvarilərin İşləri 19:23-28)
Həvari Paul, şübhəsiz, bütlərin allahlar olmadığını təbliğ edirdi. Şübhəsiz, Efesdəki gümüş ustaları məhsullarına tələbatın azalmasından ziyan çəkmək riski altında idilər. Paulun gətirdiyi müjdə insanların Efesli gümüş zərgərlərinin düzəltdiyi bütlərin gücünə inamına meydan oxuyurdu. Onların inamlarının itməsi bütün bütlərə olan tələbatı aşağı salardı. Efesdəki gümüş zərgərləri bunun cavabında iğtişaş yaratdılar.
Yerli Roma bürokratı camaata müraciət etdi. O, istehlak tələbatının azalması səbəbindən işi itirmək ehtimalı haqqında tanış şüarlara istinad etmədi. Bunun əvəzinə o, camaatı sakitləşməyə dəvət etdi.
İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: “Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir? Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır. Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü. Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər. Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır. Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz iğtişaşa bəraət qazandıra bilmərik”. O bu sözləri deyərək yığıncağı dağıtdı” (35-41-ci ayələr).
O, onlara Paula qarşı bütün ittihamlarını məhkəməyə verməyi tapşırdı. Qanunun aliliyinə istinad etdi. O, Roma hüququnu nəzərdə tuturdu, lakin qanunun eyni prinsipi çoxdan Musanın İsrailində standart olmuşdu: “Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir” (Çıx. 12:49).
Qanunun aliliyinin hüquqi prinsipi o deməkdir ki, mülki hökumət bir sənaye sahəsini digərindən üstün tutan xüsusi maraqları hədəf alan qanunvericiliklər yaratmamalıdır. Əgər alıcı kütlələrinin inanclarının və ya zövqlərinin dəyişməsi səbəbindən hər hansı bir sənaye sahəsi tələbatın azalmasından əziyyət çəkməyə başlayırsa, hökumət onu müdafiə etmək üçün müdaxilə etməməlidir. Məmur Paulu vəz etməyi dayandırmağa çağırmadı, büt hazırlamaqla məşğul olan gümüş zərgərlərinə birbaşa subsidiyalar da təklif etmədi.
Müasir hökumət də eyni müdaxilə etməmək prinsipini qəbul etsəydi, bu günkü istehlakçılar və vergi ödəyiciləri üçün daha yaxşı olardı.
1. Pəncərə sahibləri
Bütlərin satışından sabit gəlir əldə edən gümüş sahibləri var idi. Onlar ticarətdə istifadə etdikləri alətlərə sahib idilər. Öz sənətləri ilə bağlı müəyyən bacarıqlara, eləcə də büt bazarı ilə bağlı biliyə də sahib idilər. İkinci dərəcəli mülkiyyətçilər də var idi: gümüşə sahib olan adamlar, ticarətçilərə yer icarəyə verən adamlar və nəqliyyat işlərinə baxan adamlar.
Bunlardan başqa, pulu olan adamlar var idi. Onlar Artemida bütünün potensial alıcıları idilər. Onlar ən yaxşı satılan məhsula – pula sahib idilər.
2. Pəncərə
Bu bütlər üçün bazar var idi. Bu o deməkdir ki, satışlar tez-tez olurdu. Bu, müəyyən çərçivə daxilində proqnozlaşdırıla bilən bir bazar idi. Lakin bir gümüş zərgəri Paulun təbliğini bütöv büt ustaları ittifaqı üçün təhlükə kimi qəbul etdi. O, istehlak tələbatının bu cür dəyişikliyi səbəbindən yaranacaq işsizliyə görə narahat oldu. Nə etmək lazım olduğunu bilmirdi, ona görə də qışqırmağa başladı: “Efes ilahəsi Artemida uludur”. Bunun bazara necə təsir edəcəyi bəlli deyildi. Əgər potensial alıcılar almamaq qərarına gəlsəydilər, ittifaq nə edə bilərdi ki? Müştərilər öz pullarına nəzarət edirdilər. Öz səlahiyyətinə görə, ittifaqın yalnız belə bir taktikası vardı: daha yaxşı təbliğ etmək. Qısamüddətli iğtişaş heç nəyi həll etməyəcəkdi.
Aydın idi ki, ictimai rəy dəyişməsəydi, ittifaq üzvləri istehsalın gələcəyinə bundan sonra daha az investisiya qoyacaqdılar. Gələcəyə baxanda, tələbatın düşmə ehtimalı var idi. Müştərilər ittifaqa qarşı mənfi sanksiyalar tətbiq edəcəkdilər. Satışların azalması bütlərin bazar qiymətlərinin düşməsinə səbəb olacaqdı: tələbdən daha çox təklif olacaqdı. Bu qiymət siqnalları dəqiq məlumat verəcəkdilər: tələbatın azalması. İqtisadi cəhətdən ağıllı cavab hasilatı azaltmaq olardı. Sənayedə işçi ixtisarları olacaqdı. Ən azından ittifaqın bir üzvü bunu başa düşürdü.
3. Daş
Roma dövləti Paulun təbliğini dayandırmaq üçün həmin vaxt heç bir hərəkətə keçmədi. Bunu eramızın 64-cü ilində etdi.
Müasir vaxtda ittifaq özünün tam ştatlı lobbiçilər qrupunu Konqresə göndərərdi. İnandırmaq üzrə peşəkar olan lobbiçilər ixtisara düşməkdə olan bu sənaye xilas edilsin deyə, iqtisadi müdaxilə üçün mümkün olan ən təsirli çağırışı edərdilər: “İş yerlərini qoruyun!” Əgər hər hansı istehlak məhsuluna tələbat azalırsa, həmin sənaye sahəsi isə daha az tələbat və daha az gəlirlə üzləşirsə, sənaye seçiciləri inandırmağa çalışır ki, onun tənəzzülü əmək bazarı üçün fəlakətə çevriləcək. “Hökumət dərhal müdaxilə etməsə, itiriləcək iş yerlərini düşünün”. Hezlitt fəsli bu sözlərlə başlamışdı:
Konqresin vestibülləri X sənayesinin nümayəndələri ilə doludur. X sənayesi xəstələnib. X sənayesi ölür. Onu xilas etmək lazımdır. Onu təkcə tariflə, yüksək qiymətlərlə və ya subsidiya ilə xilas etmək olar. Onun ölməsinə izin verilsə, işçilərini küçəyə atacaqlar. Onların kirayə sahibləri, baqqalları, qəssabları, geyim mağazaları və yerli kinoteatrlar biznesini itirəcək və böhran getdikcə daha geniş yayılacaq. Lakin əgər X sənayesi Konqresin təcili tədbirləri ilə xilas edilərsə – ah o zaman! o, digər sənayelərdən avadanlıq satın alacaq; daha çox adamın işi olacaq; qəssablar, çörəkçilər və lampa ustalarının daha çox işi olacaq və onda firavanlıq getdikcə daha geniş vüsət alacaq.”
Bu, hər bir siyasətçinin ürəyinə qorxu salır. Növbəti seçimlərdə işsiz qalan işçilər onun rəqiblərinə səs verməyə işi olanlardan daha meylidirlər. Lakin Efesdəki bürokratın belə bir təhlükədən ötrü narahat olmağına ehtiyac yox idi. Efeslilər səs vermirdilər.
Beləliklə, siyasətçilər pəncərəyə daş atırlar. Bu, rəqabət aparan sənayelərə məhdudiyyət tətbiq etmək ola bilər. Birbaşa subsidiya ola bilər. Lakin siyasətçilər bunu vicdanla edirlər: “hücuma məruz qalan” sənayeni xilas edirlər.
Ona hücum edən kimdir? İstehlakçılar. Onlar rəqibin məhsulunu alırlar. Ya da tamamilə başqa bir şey alırlar.
4. Xərclər
Azadlığın xərcləri tanışdır: kapital, xidmətlərinə əvvəlki kimi yüksək tələbat olan sahələrə keçdiyinə görə sənayedə qısamüddətli işsizlik yaranır. İnvestorlar sərmayə qoyuluşunun yerini dəyişdirəcəklər. Müdaxilənin xərcləri isə budur ki, qiymətlər sistemi müştərilərin tərcihləri ilə bağlı dəqiq məlumat verməyi dayandıracaq. Lakin bu qiymət siqnalları istehlakçıların istehsal olunan mallara təsirinin əsasını təşkil edir. Bu cür sanksiyalar – müsbət və mənfi – tətbiq etmək imkanı olmasa, onlar istehsalçılar üzərində nəzarəti itirəcəklər. Müdaxilə istehlakçıların iqtisadi nüfuzunu azaldır. Nüfuzu siyasətçilərin əlinə verir.
Sonra digər xərclər gəlir: müştərilərin üstünlük verdiyi xidmətləri istehsalçılarının əldən buraxdığı gəlir. Onlar mənfəət əldə etməyəcəklər. Xammal almayacaqlar, ya da yeni istehsal müəssisələri tikməyəcəklər. İşçi götürməyəcəklər.
Daha az yeniliklər olacaq. Müdafiə olunan sənaye sahəsində müştəriləri tutub saxlamaq üçün yeniliklər etməyə ehtiyac yoxdur.
Subsidiyalar birbaşa dövlət xəzinəsindən verilməyə başlasa, vergi ödəyiciləri uduzacaqlar. Hezlitt bizə səbəb və nəticəni xatırladır.
Bu, sərvətin və ya gəlirin X sənayesinə verilməsindən başqa bir şey deyil. X sənayesindəki adamlar nə qədər qazansalar, vergi ödəyiciləri də o qədər itirəcəkdilər. Subsidiyaların ictimai nöqteyi-nəzərdən böyük üstünlüyü, həqiqətən də, bu faktı bu qədər aydın göstərməsindədir. Tariflər, minimal qiymətlərin qoyulması və ya inhisarçı istisnalarla bağlı arqumentlərin intellektual çaşqınlıqla müşayiət olunması isə daha az mümkündür.”
O yazırdı ki, sərvətin bu cür köçürülməsindən yeni sərvət doğmur.
Bu subsidiyanın yeganə nəticəsi – sərvətin və ya gəlirin başqasına ötürülməsi, ya da X sənayesinin böyüdüyü qədər, digər sənayelərin ümumilikdə kiçilməsi deyil. Daha bir nəticə odur ki (və burada vahid tam kimi baxılan ölkənin xalis itkisindən söhbət gedir), kapital və işçi qüvvəsi daha səmərəli istifadə edildikləri sənayelərdən sıxışdırılaraq, səmərəsiz istifadə edildikləri sənayelərə yönləndirilirlər. Daha az sərvət yaranır. Orta həyat səviyyəsi ola biləcəyindən daha aşağı düşür.”
Müdaxilə sadəcə sərvəti bərabərləşdirmir. Onu azaldır.
Belə bir xərc də var: qanunun alilik prinsipinə inamın itirilməsi. Yeni qayda isə belədir: uğur cəzalandırılır, uğursuzluğa subsidiya verilir.
Sonra baş verən şey – əcnəbi istehsalçıların beynəlxalq bazarlarda udmasıdır. Subsidiya verilən sənaye yerli bazarda rəqabət aparmaya bilər, ancaq beynəlxalq bazarda rəqabət aparmalıdır. O, özünün rəqabət qabiliyyətini itirəcək. Sənayenin təsiri öz potensialına çatmayacaq. Yeni məhsullar, yeni istehsal metodları və yeni marketinq metodları əcnəbilərə üstünlük qazandıracaq.
Bu dəfə Hezlitt səhvə yol vermişdi. Yəqin ki, bu, onun kitabındakı ən böyük səhvdir. O, subsidiyaların ölməkdə olan sənayeləri xilas etmək üçün istifadə edildiyini güman edirdi. Axı əsaslandırma belədir. Əslində isə subsidiyalar ən uğurlu sənayelərə gedir. Bu sənayelərin siyasi nüfuzu daha çoxdur. Məsələn, Birləşmiş Ştatlarda 2010-cu ildə Fortune 500 siyahısında olan şirkətlərin təxminən 1%-i federal subsidiyaların – maliyyə, kommunal xidmətlər, telekommunikasiya, neft, qaz və boru xətlərinin – yarıdan çox hissəsini aldı. Bir sözlə, bu subsidiyaların qanuni əsaslandırması – X, Y və ya Z sənayesini xilas etmək – əslində sadəcə siyasi maska idi. Vətəndəki seçiciləri inandırmaq üçün idi.
Sərvətin yenidən bölüşdürülməsi sistemi kasıblara, incidilmişlərə və sıxıntıda olanlara yardım etmək adı ilə həyata keçirilir. Əslində isə varlılara, incidənlərə (siyasət vasitəsilə) və əziyyət verənlərə (siyasət vasitəsilə) subsidiya verir.
5. Nəticələr
İqtisadi artımda azalma müşahidə ediləcək. Bu kapitalın kiçik bir hissəsi daralan sənayeyə yatırılmış olacaq. Böyük hissəsi isə çox pul qazandıran və subsidiyaya ehtiyacı olmayan sənayelərə yatırılacaq.
ABŞ hökuməti onilliklər boyunca Amerika poladəritmə sənayesini qorudu. Bu, nəhəng bir sənaye idi. 1945-ci ildə böyük üstünlük əldə etmişdi. Lakin beynəlxalq rəqabətin önünü həmişəlik kəsmək mümkün deyil. Xaricdəki daha ucuz polad eyni dərəcədə müdafiə edilməyən avtomobillərin idxalı üçün rəqabət üstünlüyü yaratdı. Avtomobil sənayesində məşğulluq azaldı. Yeri gəlmişkən, hazırkı poladəritmə sənayesi 1950-ci ildəki sənayenin kiçicik bir qalığıdır. Xüsusi polad istehsalı şirkətləri çiçəklənirlər, lakin bunlar yüksək texnologiyaları olan şirkətlərdir. Onlar köhnə zavodlara nəzərən daha az sayda işçi götürürlər.
Klassik nümunə – araba qamçısı sənayesidir. Bu nümunəni başa düşmək asandır. Heyvan tullantılarını təmizləmə sənayesi də var idi. Avtomobillər və elektrik tramvayları 1920-ci ilə qədər artıq bu sənayeni aradan qaldırmışdılar.
Qeyd: bu sənayelərə federal subsidiyalar verilmirdi. Avtomobillərə verilən dövlət və yerli subsidiyalar – vergilərlə maliyyələşdirilən yollar – var idi. II Dünya Müharibəsindən sonraya qədər tramvaylara bələdiyyə subsidiyaları verilirdi.
Subsidiyalar rəsmi olaraq X sənayesini xilas etmək üçün verilir. Faktiki olaraq isə subsidiyalar X sənayesinin ən böyük şirkətlərinə verilir.
Yekun
X sənayesinin ölməkdə olduğunu eşidəndə özünüzə bu sualı verin: “Onu kim öldürür?” Sərbəst bazarda bunun aydın cavabı var: istehlakçılar. Lakin başqa bir mənbədən də qaynaqlana bilər: dövlətdən.
Siyasətçilər ölməkdə olan, yəni daralan bir sənayeni xilas etmək üçün müdaxilə edəndə – çox nadir hadisədir – belə bəyan edirlər: “Biz istehlakçıların qərarını qəbul etmirik. Onların mühakimələrini öz mühakimələrimizlə əvəz edirik”. Bu, hakimiyyət davasıdır: siyasi hakimiyyət bazar hakimiyyətinə qarşı. Başlıca uğur standartları haqqında mübahisədir: siyasi iqtisadiyə qarşı. Siyasi aləmin valyutası – səslərdir. Bazar aləminin valyutası – puldur.
Hezlittin gəldiyi nəticə tamamilə doğrudur:
Bəzilərinə nə qədər təzadlı görünsə də, dinamik bir iqtisadiyyatın sağlamlığı baxımından, tənəzzülə uğrayan sənayelərin ölməsinə icazə verilməsi, inkişaf edən sənayelərin böyüməsinə icazə verilməsi qədər vacibdir. Birinci proses ikinci üçün zəruridir. Köhnəlmiş istehsal metodlarını qorumağa çalışmaq kimi, köhnəlmiş sənayeləri qorumağa çalışmaq da ağılsızlıqdır: əslində, çox vaxt bu, eyni şeyi təsvir etməyin iki yoludur. Həm köhnə tələbatlar, həm də yeni istəklər ən yaxşı məhsullar və ən yaxşı vasitələrlə təmin edilsin deyə, təkmilləşdirilmiş istehsal metodları daim köhnəlmiş metodların yerini almalıdır.”
Ölməkdə olan sənayeni xilas etmək üçün heç bir subsidiya ayrılmamalıdır. Yaxşı ki, onların sayı çox olmayacaq. Burada əsas problem – varlı, yaxşı əlaqələri olan sənayelərə verilən nəhəng subsidiyalardır.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-14 səhifəsinə baxın.
-15-
Qiymətlər sistemi necə işləyir
Müştəri deyər: “Pisdir, pis maldır”, amma alıb gedəndə özünü öyər (Süleymanın Məsəlləri 20:14).
Sayıq oxucu düşünəcək: “Bir dəqiqə. Mən bunu artıq görmüşəm”. Doğrudan da görmüsünüz! 16, 17 və 18-ci fəsillərdə yenə də görəcəksiniz. Bunun əsaslı səbəbi var. Hezlitt hər bir fəsildə eyni bir hökumət siyasətini ələ alırdı: qiymətləri sərbəst bazarın yarada biləcəyindən daha yüksəkdə saxlamaq siyasəti.
Mən 13-cü fəsli bu ayə ilə başlamışdım. 13-cü fəsil paritet qiymətlərinə – açıq bazardakı rəqabətli ticarətlə deyil, hökumət tərəfindən kənd təsərrüfatı məhsullarına qoyulan minimal qiymət həddinə – həsr olunmuşdur. Bütün minimal qiymət hədlərinin qanuniliyini təkzib edərkən, mən sərbəst bazarın qiymət sisteminə istinad edirdim. Aşağıdakıları yazmışdım:
Hər bir könüllü mübadilə alqı-satqını nəzərdə tutur. Alıcı adlandırılan adam pul satıcısıdır. O, məhsul və xidmətləri satın alır. Satıcı adlandırılan adam pulun alıcısıdır. O, pulu satın almaq üçün dəyərli bir şey satır.
Süleymanın burada təsvir etdiyi təcrübə tanışdır. Danışıqlar vaxtı həm məhsulların alıcısı, həm də pulun alıcısı tələb olunan qiymətin çox baha olmasından şikayət edir. Bu, kifayət qədər yaxşı sövdələşmə deyil. “Pisdir, pis maldır”. Hər biri ümid edir ki, satıcı qiyməti endirəcək. Pulun alıcısı (məhsulun satıcısı) ümid edir ki, məhsulun alıcısı (pulun satıcısı) öz pullarının əvəzində daha az məhsul almaq qərarına gələcək. Süleyman bilirdi ki, bu cür danışıq aparmaq texnikası onun oxucuları və dinləyicilərinə tanışdır.
Bu texnika təşkilati quruluşa – təklif vermək hüququna əsaslanır. Bunu şəxsi mülkiyyətin (pəncərənin) müdafiə edildiyi bazarlarda görə bilərik. Siyasətlə idarə olunan (daş) bazarlarda da görürük.
Kiçik pərakəndə bazarı və ətrafında az sayda rəqibləri olan bir cəmiyyətdə danışıqlar satışın əsasını təşkil edir. Yüksək inkişaf etmiş iqtisadiyyatda danışıqlar çox aparılmır. Supermarketdə növbənin əvvəlinə çatanda kassa işçisi ilə danışıq aparmırıq. Kassa işçisi məhsulun üzərindəki ştrix kodunu skan edir və kompyuter onu aldığımız məhsulların siyahısına əlavə edir. Buradakı danışıqların qaydası aydındır: “Ya al, ya da alma”. Almamaq asandır. Hər kəs başqa bir mağazada alış-veriş edə və ya qiymətləri yoxlamaq üçün internetə daxil ola bilər.
Satıcılar (pulun alıcıları) satıcılara qarşı təklif verirlər. Alıcılar (pulun alıcıları) alıcılara qarşı təkliflər verirlər. Bu rəqabətli alqı-satqı prosesindən – nəhəng hərrac sistemindən – obyektiv qiymətlər yaranır. Çox az məlumatsızlıq olur. Üz-üzə danışıqlar qiymətlər və keyfiyyətlərlə bağlı məlumatsızlıq bölgələri ilə məhdudlaşır. Bazar qiymətləri haqqında məlumat nə qədər yaxşı olarsa, qiymətlər haqqındakı danışıqların diapazonu da o qədər daralar.”
Qiymətlər sisteminin necə işlədiyini anlamağın ən yaxşı yolu hərracı anlamaqdır. Sərbəst bazar – nəhəng hərracdır. Bütün dünyada, günün 24 saatı bu hərrac davam edir. Pul sahibləri sahib olmaq və ya icarəyə götürmək istədikləri hər şey üçün bir-birinə qarşı təkliflər verirlər. Əlində satmaq üçün müəyyən vəsaiti (aktivi) olan hər kəs hərracçıdır. “Daha yüksək təklif eşidirəm?”
Hərrac vəsaitlərin bu cür bölüşdürülməsi qaydası ilə idarə olunur: yüksək təklif qalib gəlir. Sərbəst bazarda da belədir.
1. Pəncərə sahibləri
Məhdud iqtisadi resurslara sahib olanlar var. Məhdud resurs nədir? Bu, qiyməti sıfır ikən belə, təklifdən çox tələbin olduğu hər hansı resursdur. Buraya əməyi aid etmək olar, o da öz növbəsində əqli əməyi – məlumat toplamağı və mühakimə yürütməyi əhatə edir.
Pul – ən yaxşı satılan məhsul – sahibləri də var. Bu adamları istehlakçılar adlandırırıq, ancaq onlar investor da ola bilərlər.
Pul alıcıları (məhsul və xidmət satıcıları) mümkün olan ən yüksək qiyməti, yəni ən az miqdarda məhsulla təmin etmə öhdəliyi əldə etmək istəyirlər. Əksinə, məhsul və xidmət alıcıları (pul satıcıları) ödəmək istədikləri pulun əvəzində daha çox məhsul və xidmət əldə etmək istəyirlər.
Sərbəst bazarda mülkiyyətçiliyin üçüncü bir cəhəti var: təklif vermək üçün qanuni hüquq.
Bu, mülkiyyətçilərin sahib olduqları mülkiyyət formasından – pul və ya pulla alına biləcək hər şey – asılı olmayaraq, öz əmlakından imtina etmək qanuni hüququna malik olduğunu söyləməyin başqa bir yoludur.
2. Pəncərə
Pəncərə – sərbəst bazar adlandırdığımız bazarın yaratdığı bütün hüquqi və rəsmi anlaşmalardır. Sərbəst bazar – məhsullar və xidmətlər üzərində mülkiyyət hüququnun könüllü şəkildə mübadilə edildiyi sistemdir. Mülkiyyət hüququ – mülkiyyət üzərindəki qanuni haqlardan imtina etmək hüququdur.
Bu imtina etmək hüququ, səs vermək hüququ və ya andlılar heyətində oturmaq hüququ kimi siyasi suverenliyə şamil edilmir. Bunlara bəzən ayrılmaz hüquqlar deyilir, yəni qanuni yolla başqasına ötürülə bilməz. Onlar üçün qanuni bazar mövcud deyil. Siyasi suverenliklə mülkiyyətçilik arasında fərq var. Mülkiyyətçilik – sahib olduğunuz şeyi satmaq hüququdur. Məsələn, siz öz uşağınızı sata bilməzsiniz, çünki uşağınız üzərində mülkiyyət hüququna sahib deyilsiniz.
Alıcılar alıcılara qarşı təklif verirlər. Satıcılar satıcılara qarşı təklif verirlər. Bu rəqabətli ticarət prosesindən çoxsaylı qiymətlər əmələ gəlir.
Ən son vəsait (aktiv) mübadiləsinin pul qiyməti bu kateqoriyadakı bütün aktivlərə tətbiq olunur. Əgər səhmlərin bir payını alırsınızsa, onda başqa bir qiymətlə başqa bir mübadilə baş verənə qədər, bu qiymət həmin səhmin bütün digər paylarına da şamil edilir. Son hədd qiyməti – ən son qiymət – bütün digər mübadilələr üçün qiyməti müəyyənləşdirir. Bu qiymətlər yüksək inkişaf etmiş bazarlarda müntəzəm şəkildə dəyişir.
Məhz buna görə qiymətlər müəyyən bir bazardakı bütün fəal iştirakçıları məlumatlandırır. Heç kim lazım olduğundan artıq pul ödəmək istəmir. Ən son mübadilə qiyməti bütün iştirakçıları mübadilənin şərtlərindən xəbərdar edir. Bu, bazarı təmizləyən qiymət idi. Heç kim bu aktivi almaq üçün daha çox pul ödəməyə hazır olmadığı kimi, heç kim də onu daha ucuz qiymətə satmağa hazır deyildi.
Bu, hüquqi cəhətdən sərbəst bazar olduğuna görə, təklif bazarı pulu və ya pulla satılan aktivləri olan hər kəs üçün açıqdır. Aktivin gələcək qiyməti haqqında daha yaxşı məlumatı olduğunu düşünən hər kəs pulunu proqnozlaşdırdığı yerə yatıra bilər. Daha yüksək qiymət ödəmək üçün qanuni şəkildə təklif verə bilər. Beləliklə, adamlar bundan sonra nə olacağına dair özlərinin ən yaxşı ehtimalları əsasında planlarını həyata keçirmək üçün qanuni hüquqa sahibdirlər. Onlar gəlir əldə etməyə ümid edirlər. Lakin gəlir əldə etmək üçün onlar qəbul ediləcək təklif verməlidirlər. Bu mübadilə onların iqtisadi dəyər haqqındakı subyektiv ehtimallarını obyektiv qiymətlərə çevirəcək. Bu yeni satış qiyməti bazara yeni məlumat gətirir. İştirakçılara xəbərdarlıq edilir ki, pulu olan (alıcı) və ya aktivləri olan (satıcı) biri əvvəlki qiymətlərin yanlış məlumata əsaslandığını düşünürdü. İndi başqa təklif verənlər öz planlarını müvafiq qaydada tənzimləməlidirlər.
Sərbəst bazar mülkiyyətçilik mübadiləsinə icazə verir. Başqa mülkiyyətçilərdən və təklifçilərdən daha yaxşı məlumata sahib olduğunu düşünənlər sərbəst bazarda öz etirazlarını qanuni şəkildə qeyd edə bilərlər. “Siz hamınız yanılırsınız. Mən daha yaxşı bilirəm. Bunu sizə sübut edəcəyəm. Mən daha çoxunu təklif edirəm”.
Mülkiyyətçiliyin hər mübadiləsi məhdud vəsaitləri yeni şəkildə ayırır. Bu bazarda gəlir əldə etməyə ümid edən digər iştirakçılar indi öz vəsaitlərini daha yaxşı istifadə etmək haqqında qərar qəbul etməlidirlər: alsınlar, satsınlar, yoxsa saxlasınlar. Amma saxlamaq elə almaq deməkdir. Mülkiyyətçi daim öz təklifini müdafiə etməlidir. O, sahib olduğu mal üçün ən yüksək qiyməti təklif edən şəxs olaraq qalır. Qiyməti o ödəyir: rəqibin ən yüksək təklifi verdiyi mal üzərində mülkiyyətçilik hüququnu itirir. “Mən bunu satmayacağam”, – deyir. Onda potensial alıcı belə cavab verir: “Onda mənim indicə təklif etdiyimi əldə edə bilməyəcəksiniz”.
İnsanlar gələcəyə dair ən yaxşı ehtimallarını aktivlər şəklində bir-bir bazara gətirirlər. Almağa, satmağa və ya saxlamağa qərar verirlər. Onların təklif vermək və ya təklifdən geri çəkilmək haqqında şəxsi qərarları bazardakı obyektiv qiymətləri müəyyənləşdirir.
Bir sözlə, pəncərə nəhəng bir hərracdır.
3. Daş
İnsanlar siyasətçiləri seçmək üçün səs verirlər, ikincilər isə sonra ədalət naminə oğurluq etmək üçün dövlətdən istifadə edirlər. Başqa mallar almaq üçün öz mallarından imtina etmək istəyən mülkiyyətçilərin qərarlarını ləğv etmək üçün siyasətçilər məcburiyyət tətbiq edirlər.
Hezlitt bu kitabda heç vaxt etikadan bəhs etməyib. Sərbəst bazar iqtisadçılarının əksəriyyəti də bunu qeyd etməkdən imtina edirlər. Halbuki, etibarlılıq həmişə müəyyən qədər etikaya əsaslanır. Seçicilər tərəfindən etibarsız kimi qəbul edilən istənilən hökumət müqavimət doğuracaq. Razılıq əldə etmək üçün daha çox ödəməli olacaq. Əməliyyat xərcləri artacaq. Dünənin siyasi qiymətləri ilə öz hədəflərinin daha azına çatacaq.
Hökumətin sərbəst bazara müdaxiləsi nəticəsində planları pozulan mülkiyyət sahibləri, şəxsi mülkiyyətçiliyin vahid sistemini, öz mülkiyyətindən imtina etmək hüququnu və açıq təklif vermək hüququnu müdafiə etməkdən imtina edən hökumətə inamını itirməyə meyllidir.
Mülki hökumət orqanları sərbəst bazarın hərrac prosesinin qiymət nəticələrini idarə etmək qərarına gəlirlər. Bəzi mübadilələri qeyri-qanuni elan etmək üçün müəyyən addımlar atmaq qərarına gələ bilərlər. Bu, qanuni bazarda tələbi azaldır. Ya da onlar bazara hökumətin adından təklifçi iştirakçılar kimi çıxmaq qərarına gələ bilərlər. Bu, qanuni bazarda tələbi artıracaq. Onlar öz təklifləri vasitəsilə mövcud çoxsaylı qiymətləri dəyişdirəcəklər. Hətta yeni norma tətbiqi sistemi müəyyənləşdirmək qərarına gələ bilərlər. İqtisadiyyatın bütün sistemləri norma tətbiqinin – aktivlərin bölüşdürülməsinin formalarıdır. Hökumətin fərmanı ilə norma tətbiqi mövcuddur. Rəqabətli ticarətlə yaranan norma tətbiqi də var: qiymətlər.
Müdaxilə digər iştirakçılara xəbərdarlıq göndərir: “İqtisadi şərtlər dəyişmişdir. Tələb fərqlidir”. Bu məlumat digər iştirakçıların davranışını dəyişdirir. Onların obyektiv təkliflərini də dəyişdirir. Gölməçəyə atılan daş kimi, hökumətin bu bazardakı iştirakı dalğalar yaradır. Köhnə tələb və təklif şərtlərində mövcud olan çoxsaylı qiymətlər indi dəyişirlər. Bu yeni məlumatın cavabında insanların davranışları da dəyişir.
Siyasətçilər hərrac qiymətlərinə niyə müdaxilə edirlər? Çünki onlar itirdikləri səslərdən daha çox səs qazanacaqlarını düşünürlər. Siyasətin valyutası sayılan səslər üçün yeni tələb və təklif şərtləri kimi qəbul etdikləri şeyə münasibət göstərirlər.
Hezlitt bu müdaxiləyə görə bir arqumenti günahlandırırdı: “İstifadə etmək üçün istehsal etmək, gəlir əldə etmək üçün istehsal etməkdən daha yaxşıdır”.
“İstifadə etmək üçün istehsal, gəlir əldə etmək üçün deyil” nəzəriyyəsi mahiyyət etibarilə məhz təcrid yalanına əsaslanır və pis olduğu iddia edilən “qiymətlər sisteminə” hücum edir. Bu nəzəriyyənin tərəfdarları deyirlər ki, istehsal problemi həll olunub. (Görəcəyik ki, bu səsli-küylü səhv, həm də əksər valyuta fırıldaqçılarının və sərvəti bölüşən saxtarakarların dayaq nöqtəsidir.) İstehsal problemi həll olunub. Onu alimlər, səmərəlilik üzrə mütəxəssislər, mühəndislər, texniki işçilər həll ediblər. Onlar demək olar ki, adını çəkdiyiniz hər şeyi böyük və qeyri-məhdud sayda istehsal edə bilərlər. Lakin, əfsuslar olsun ki, dünyanı təkcə istehsal haqqında düşünən mühəndislər deyil, təkcə gəlir haqqında düşünən iş adamları idarə edir. İş adamları göstərişlərini mühəndislərə verirlər, əksinə deyil.”
Sərbəst bazar tənqidçiləri Böyük Böhran zamanı bu arqumenti mənimsəmişdilər. Bu günlərdə onu çox eşitmirik.
Hökumətin iqtisadi planlaması üçün digər motivasiya insanların “istifadə üçün istehsal” fikrinə inamından daha böyükdür. Bu motivasiya heç vaxt ictimaiyyətdə açıq şəkildə dilə gətirilmir, ancaq hökumətin sındırdığı bütün pəncərələrin əsas səbəbidir. “Mövcud mülkiyyətçilər məndən daha artığına sahibdirlər. Daha çox istəyirəm. Əgər hökumət bölüşdürmə sistemini öz əlinə götürsə, mən daha çox ala bilərəm”. Bu cür düşüncə geniş yayılmışdır. Bu, qısqanclığa əsaslanan arqumentdir: başqa birinin, xüsusilə də satıcıların hesabına faydalanmaq.
Sonra belə bir motivasiya da var. “Mövcud mülkiyyətçilər məndən daha artığına sahibdirlər. Mən heç vaxt bu qədərinə sahib ola bilmərəm. Ona görə də mən heç bir fayda götürməsəm də, hökumət mülkiyyətin bölüşdürülməsi ilə məşğul olmalıdır. Mən uduza da bilərəm. Uduzsam da, heç vecimə deyil. Mövcud mülkiyyətçilər udmayacaqlar”. Bu, paxıllıqdan irəli gələn arqumentdir.
Hezlitt yazırdı:
Bu cür düşüncə tərzində o qədər yanlışlıqlar var ki, onların hamısını bir anda həll etmək mümkün deyil. Ancaq qeyd etdiyimiz kimi, əsas səhv ondan irəli gəlir ki, biz bir sənayeni, yaxud hətta ardıcıl şəkildə bir neçə sənayeni gözdən keçiririk, sanki onların hər biri təcrid olunmuş şəkildə mövcuddurlar. Əslində onların hər biri digərləri ilə əlaqəli şəkildə mövcuddur və bir sənayedə qəbul edilmiş hər bir ciddi qərar bütün digər sənayelərdə qəbul edilmiş qərarlardan asılıdır və bütün hamısına təsir edir.”
Bu arqument Bastiaya məxsusdur. Bu, sınmış pəncərə yalanını üzə çıxarır. Çıxış yolu: pulun ardınca getməkdir. Bütün pulların ardınca.
Sonra Hezlitt qiymətlərin nə etdiyini izah etmək üçün əmək bölgüsünə müraciət etdi. Hər bir işçi öz ixtisasına uyğun nə isə istehsal edir. Hər bir muzdlu işçi bu yolla daha böyük nəticə və deməli, daha böyük gəlir əldə edir. Biz öz əməyimizin nəticəsini başqa birinin əməyinin nəticəsi ilə mübadilə edirik. Təkliflər veririk. Təkliflərimizin nəticəsi hərrac prosesinin genişlənməsidir, bu da öz növbəsində rəqabətli qiymətlər vasitəsilə tənzimlənir. Hezlitt yazırdı: “Qiymətlər tələb və təklif əlaqəsi ilə müəyyən edilir və öz növbəsində tələb və təklifə təsir göstərir”. Daha səmərəli istehsalçılar gəlir əldə edirlər. Daha az səmərəli istehsalçılar biznesi tərk edirlər.
O, həm də belə yazırdı: “Qiymətlər tələb və təkliflə müəyyən edilir, tələb isə insanların məhsulu nə qədər çox istəməsi və onun əvəzində təklif etdiyi şeylərlə müəyyən edilir”. Doğrudur, lakin bu həqiqət Adam Smit “Xalqların sərvəti”ni (1776-cı il) yazdığı vaxtdan bəri həmişə başa düşülüb. Amma hökumətin müdaxiləsinin və bölüşdürməsinin davam etməsi onu göstərir ki, əksər seçicilər ya Smitə inanmırlar, ya da veclərinə deyil (paxıllıq edirlər).
4. Xərclər
Hökumətin bazar prosesinə müdaxiləsinin ən böyük xərcləri – etik xərclərdir. Şəxsi mülkiyyətə inanan adamların əksəriyyəti etiraf edir ki, hökumət bazar mübadilələrinə müdaxilə etmək üçün məcburiyyətdən istifadə edəndə əxlaqsız davranır. Siyasətçilərin “Oğurluq etmə, amma səs çoxluğu varsa, olar” əmrini qəbul etdiklərinin şahidi olurlar. İqtisadçılar hökumətin müdaxiləsinin başlıca zərəri kimi bu etik zərərdən nadir hallarda bəhs edirlər. Özlərini heç bir dəyərə inanmayan təhlilçilər kimi aparmağa üstünlük verirlər. Bu, belə deyil. Onlar sadəcə daimi etik standartlara, xüsusilə də proqnozlaşdırıla bilən müsbət və mənfi rəsmi nəticələrlə bağlı olan etik standartlara inanmayan təhlilçilərdir.
İqtisadçılar şəxsi mülkiyyət anlayışının əsasında dayanan hüquqi prinsipi – mülkiyyət və şəxsi məsuliyyət arasındakı əlaqəni də müzakirə etmirlər. İnsanlar Allah qarşısında hüquqi məsuliyyət daşıyırlar. Onlar həm də ticarətin digər iştirakçıları qarşısında iqtisadi məsuliyyət daşıyırlar. “Satmaram” deyən adam hökmən “Mülkiyyətim üçün tam məsuliyyəti öz üzərimdə saxlayacağam” deyir. Ticarətin digər iştirakçıları öz təklifləri ilə sözlərini deyirlər: “Mən mülkiyyətçi olaraq bunun öhdəsindən daha yaxşı gələrəm”. Satmaqdan imtina edən adam mütləq öz mülkiyyəti üçün qiymət ödəyir: ən yüksək təklif verənin ona ödəyəcəyi məbləği. Sərbəst bazarın qiymət sistemi hər bir mülkiyyətçini məcbur edir ki, satışdan imtina üçün qiymət ödəsin. Beləliklə, hüquqi məsuliyyət iqtisadi cəhətdən möhkəmləndirilir.
Dövlət müdaxiləsinin başqa xərcləri də var. Əsas xərclər istehsalçıların davranışının formalaşdırılmasında istehlakçıların (müştərilərin) nüfuzunu sarsıtmaqla bağlıdır. İstehlakçılar satın almaqla bəzi istehsalçıları mükafatlandırırlar. Satın almamaqla isə başqa istehsalçıları cəzalandırırlar. Hökumətin bazar qiymətlərinə müdaxiləsi hərrac prosesini pozur. Bu müdaxilə istehlakçıların istehsalçıları hər şeyi onların istəyinə uyğun etməyə inandırmaq gücünü azaldır. İstehsalçılar hökumətin ən son qaydalarına və ya ən son təkliflərinə, eləcə də, gələcək təkliflərlə bağlı vədlərinə baxırlar. Satıcılar hərracın “daha yüksək təklif qalib gəlir” prinsipinə əməl edirlər. Hökumət ən yüksək təklifi verəndə, qalib gəlir. Amma onda kimsə mütləq uduzmalıdır: vergi ödəyicisi.
Hezlitt 14-cü “X sənayesini xilas etmək” fəslində istifadə etdiyi arqumenti təkrarladı.
Deməli, dinamik iqtisadiyyatın sağlamlığı baxımından, tənəzzülə uğrayan sənayelərin ölməsinə icazə verilməsi, inkişaf edən sənayelərin böyüməsinə icazə verilməsi qədər vacibdir. Böyüməkdə olan sənayelər üçün buraxılmalı olan işçi qüvvəsini və sərmayəni ölməkdə olan sənayelər mənimsəyirlər.”
Hökumət bir sənaye sahəsini başqa sənayelərin hesabına xilas edir. Bunu bir istehlakçı qrupundan oğurlayıb, oğurladıqlarını başqa istehlakçı qrupuna verməklə edir – əlbəttə ki, əməliyyat xərcləri çıxılmaqla. “Müftə işləyən oğru yoxdur”. Əgər vasitəçi olaraq silahlı quldurdan istifadə etsəniz, o, sizdən ödəniş tələb edəcək.
5. Nəticələr
Qiymət sisteminə dövlətin müdaxiləsinin başlıca nəticələri hökumətin yenə müdaxilə etməsini istəyən daimi siyasi çağırışlar oldu. Xüsusi maraq qruplarının üzvlərinin sövdələşməyə nail olmaq arzusu da buraya daxildir. Havayı pullar və ya havayı məhsullar həmişə siyasi cəhətdən populyar olur.
Lüdviq fon Misesin 1951-ci ildə “Yolun ortası siyasəti sosializmə aparır” nitqində təsvir etdiyi şey daha məkrlidir. Dövlətin müdaxiləsi istehsalı pozur. O, istehsalı idarə edən bazar hərracı prosesini pozur. Bu pozuntular bəzi qruplar üçün itkilərə səbəb olur. Onlar bu pis təsirlərdən şikayət edirlər. Ona görə də hökumətdəki siyasətçilər əvvəlki müdaxilənin vurduğu görünən zərəri aradan qaldırmaq üçün yenidən müdaxilə edirlər. Bu, daha bir mənfi əlavə təsirlər silsiləsi yaradır. Hökumət özünün yaratdığı qarışıq vəziyyəti düzəltmək üçün hər dəfə müdaxilə edəndə, qarışıqlıq daha da yayılır.
Bu, bizi məşhur nəzərdə tutulmayan nəticələr qanunu məsələsinə qaytarır. Onu aşağıdakı kimi ümumiləşdirmək olar: “Heç bir əlavə təsir yoxdur. Yalnız təsirlər var. Xoşumuza gəlməyən təsirləri təsvir etmək üçün “əlavə təsirlər” ifadəsini istifadə edirik”.
1914-cü ilin payızında I Dünya Müharibəsinin əvvəlində Qərbi Avropa hökumətin zəmanət verdiyi qızıl sikkə standartından çəkiləndə, yerli hökumətlər qiymətlərin qoyulmasına müdaxilə etmək üçün Misir fironlarının vaxtından bəri görünməmiş miqyaslarda imkan əldə etdilər. Bu müdaxilə silsilə şəklində yüksəliş və eniş dövrlərinə səbəb oldu ki, Mises bunları 1912-ci ildə yazdığı “Pul və kredit nəzəriyyəsi” kitabında proqnozlaşdırmışdı. Onun xəbərdarlıq verdiyi kimi, mərkəzi bankların genişlənməsi yüksəlişləri daha iri miqyaslı, enişləri isə daha dərin etdi.
Hökumətin qiymət sisteminə müdaxiləsi II Dünya Müharibəsi vaxtı daha da gücləndi: norma tətbiqi başladı. Bu müharibə amerikalılar üçün 1945-ci ilin avqustunda başa çatdı. Hezlittin kitabının işıq üzü gördüyü il hökumət müdaxiləsi və norma tətbiqi ilə bağlı ictimai rəy azalmağa başladı. Trumen administrasiyası 1946-cı ilin sonuna qədər qiymətlərə nəzarət tədbirlərinin əksəriyyətindən imtina etməyə siyasi cəhətdən məcbur edildi.
Yalnız Niksonun qiymətlərə iki il yarımlıq nəzarəti dövründə, 1971-1974-cü illərdə, Birləşmiş Ştatlar yenidən qiymətlərə və əməkhaqqına irimiqyaslı nəzarətlə üzləşdi. 15 avqust 1971-ci il – Nikson qiymətlərə və əməkhaqqına nəzarəti elan etdiyi gün, köhnə qızıl standartın son qanuni izlərindən birtərəfli surətdə imtina etdi. O, xarici dövlətlərin və mərkəzi bankların ABŞ Xəzinəsindən unsiyası 35 dollara qızıl almasını qadağan edərək, “qızıl pəncərəsini bağladı”. Dinc dövrün böyük qiymət inflyasiyası dərhal başladı. Bu inflyasiya on ildən artıq davam etdi.
Artan borc hesabına federal xərclərin ÜDM faizləri artdı, lakin federal gəlirlərin ÜDM faizləri 1945-ci ilin səviyyəsinə heç vaxt çata bilmədi. Hələ o vaxt bu nisbət 20%-dən yalnız bir qədər artıq idi. İndi isə bir az aşağıdır. Amerika ictimaiyyəti vergilərin artımına müqavimət göstərir. Konqresdə lobbi yaradan lobbiçilər super varlıların orta təbəqədən daha az faiz ödəməsinə nail olurlar. Lakin federal borclar sahəsində, həddən ziyadə siyasi vədlər prosesi bütün Qərbdə kəskin hal alıb. Bu vədləri həyata keçirmək mümkün deyil. Ya vergilər həddən artıq yüksələcək, ya da Böyük Defolt[1]Tərcüməçinin qeydi: ödəniş öhdəliklərinin pozulması. baş verəcək. Sonuncunun ehtimalın daha çox olduğunu düşünürəm.
Yekun
Bazar qiymətlərinə hökumət müdaxiləsi çağırışının tarixi qədimdir. I Dünya Müharibəsindən on il əvvələ qədər bu çağırış Qərbdə siyasi müqavimətlə qarşılaşırdı. Müharibə 1918-ci ildə başa çatdıqdan sonra Qərb “izm”lərin qələbəsinin şahidi oldu: kommunizmin, faşizmin, milli sosializmin, fabianizmin və daha böyük “izm”lərin ardından törəyən daha kiçik “izm”lərin.
Qiymətlər sisteminə hökumət müdaxiləsi çağırışlarının sayı artdı. Hezlittin kitabı bu cür çoxsaylı çağırışlardan bəhs edirdi. Lakin Qərbdə hökumətləri iflasa gətirən üç ideyaya – hökumət təqaüdləri, yaşlılar üçün hökumətin səhiyyə xidməti və hərbi imperiyaya münasibətdə bu çağırışlar ikinci dərəcəli əhəmiyyət kəsb edirdi. Avropa bütün əhali üçün hökumətin səhiyyə xidməti ilə birlikdə ilk iki proqram səbəbindən iflasın astanasındadır. Birləşmiş Ştatlar 1946-cı ildən bəri müharibə sahəsində ixtisaslaşıb.
Mərkəzi bankların və qismən ehtiyatları olan bankların (hər ikisi hökumətdən lisenziya almış monopoliyalardır) qiymət pozucu təsirləri səbəbindən, hökumətin bu iki sıx əlaqədar iqtisadiyyat sektoruna müdaxiləsi sərmayənin başqa istiqamətdə paylanmasını maliyyələşdirdi. Siyasi cəhətdən üstünlük verilən xüsusi maraq qrupları kağız pullarla təmin edilməsəydi, istehlakçılar həmin istiqaməti seçməyəcəkdilər. Dünya iqtisadiyyatı indi pul inflyasiyasına aludə olmuş vəziyyətdədir. Müasir iqtisadçılar arasında yalnız Avstriya məktəbinin iqtisadi analizi bu dağıdıcı təsirlərə diqqət yetirir. Bu nöqteyi-nəzər ictimaiyyətə tanış deyil və iqtisadçı alimlər tərəfindən rədd edilir. Beləliklə, Qərb Böyük Defolta doğru addımlayır.
Pəncərə çatlayıb. Sınıb tökülməsi qabaqdadır.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-15 səhifəsinə baxın.
-16-
Əmtəələrin “sabitləşməsi”
Müştəri deyər: “Pisdir, pis maldır”, amma alıb gedəndə özünü öyər (Süleymanın Məsəlləri 20:14)
Bu fəsildə 13-cü və 15-ci fəsillərdəki eyni məsələyə diqqət yetirilir: əmtəə qiymətlərinin enməsinin qarşısını almaq məqsədilə hökumətin iqtisadiyyata müdaxiləsi. Belə bir siyasət istehlakçıların hesabına mövcud istehsalçılara kömək edir.
Siyasətçilər əslində nə işlə məşğul olduqlarını (mövcud istehsalçıları dəstəklədiklərini) və bunu niyə etdiklərini (seçkiqabağı kampaniyaya yatırım) seçicilərə etiraf etməkdən çəkinirlər. Yadda saxlayın: xüsusi maraqlarla bağlı qanunvericilikdən faydalananlar həddindən artıq acgözdürlər.
Zərərçəkənlər – eyni zamanda seçicilər də olan müştərilər – bəlkə də bu siyasət haqqında heç vaxt eşitməyiblər, bu barədə eşitsələr də maraqlanmazdılar. Siyasi sistemdə tarazlıq yoxdur. Siyasi təzyiqdən faydalananlar sistemi öz xeyirlərinə istifadə etmək üçün seçicilərdən daha yaxşı məlumata və daha çox motivasiyaya sahibdirlər. Faydalananlar çox diqqətlidirlər. Vergi ödəyicilərinin pullarını özlərinə yönləndirmək üçün siyasi məmurları dilə tuturlar. Seçicilər pulun hara getdiyinə baxmırlar. Siyasətçilər və xüsusi maraq qrupları bunu başa düşürlər.
1. Pəncərə sahibləri
Bu, 13-cü fəsildəki arqumentlərimin xülasəsidir. Həmişə olduğu kimi, bir neçə mülkiyyətçi qrupu var.
Bir qrupun ən çox satılan məhsul olan pulu var. İqtisadçılar bu adamları istehlakçılar kateqoriyasına aid edirlər. Onlar pul satıcısı və istehlak malları alıcısıdırlar.
Digər qrup təbii sərvətlər – bu vəziyyətdə əmtəə sahiblərindən ibarətdir. İqtisadçılar təbii sərvətləri ümumi torpaq kateqoriyasına aid edirlər.
Başqa mülkiyyətçilər də var. Onlar da əmtəələrə sahibdirlər, ancaq müvəqqətidir. Onlar torpaq sahibləri ilə son istehlakçılar arasında vasitəçidirlər. İstehsalçılardırlar. Onlar xammalı, əmək xidmətlərini satın alırlar və xammalı son məhsula çevirmək üçün sərmayəni ya satın alırlar, ya da icarəyə götürürlər. İstehsalçılar son istehlakçılar deyillər. Onlar alıcıdırlar, eyni zamanda da satıcıdırlar. Gəlir əldə etmək üçün alırlar: ucuz alıb, baha satırlar. Onları müştəri kateqoriyasına aid etmək olar.
Dördüncü qrup da ola bilər: pərakəndə satıcılar. Onlar quruluşu dəyişdirilmiş malları ehtiva edən məhsullar alırlar. Onları istehlakçılara satırlar. Bu məhsullara müvəqqəti sahib olurlar.
Beşinci qrup da var: gələcəklə bağlı proqnoz sahibləri. Onlar bu informasiyanı sata bilərlər. Onu havayı vermək qərarına da gələ bilərlər. Bu subyektiv informasiya bazarın faktiki təkliflərinə təsir etmədikcə qiymət sistemi üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq bu adamlar əmtəə fyuçers müqavilələri ilə alqı-satqı edərək, hər dəfə öz pullarını proqnozlaşdırdıqları yerə yatıranda möhtəkirə (fərziyyələrlə yoldan çıxaran) çevrilirlər. Onların təklifləri son həddə olan qiymətlərə təsir edir: yuxarı və ya aşağı.
Mülkiyyətçilər sahib olmaq haqqına malik olduqlarına görə, sahib olduqları şeylərdən imtina etmək haqqına da sahibdirlər. Qanuni şəkildə sata bilərlər. Qanuni şəkildə mübadilə edə bilərlər. Bu, bizi pəncərə məsələsinə gətirib çıxarır.
2. Pəncərə
Bu, 13-cü fəsildəki arqumentlərimin xülasəsidir.
İstehlakçılar istehlakçılarla rəqabət aparır. İstehsalçılar istehsalçılarla rəqabət aparır. Xammal sahibləri xammal sahibləri ilə rəqabət aparır. Sərmayə sahibləri sərmayə sahibləri ilə rəqabət aparır. Əmtəə fyuçers möhtəkirləri bir-biri ilə rəqabət aparır: “uzun”lar “qısa”lara qarşı. Bu təklif prosesindən bir sıra qiymətlər yaranır. Sərbəst bazar sistemindəki iqtisadi nizam hərraclar silsiləsinə əsaslanır. Hamısı eyni bir mübadilə qaydasına tabe olurlar: “yüksək təklif qalib gəlir”.
Adi bir adam hərracın nə olduğunu bilir. Ən yüksək təklifin niyə qalib gəldiyini başa düşür: mübahisə yaratmadan malı kimin alacağına qərar vermək üçün. Təklifçilərin təklifçilərlə rəqabət apardığını anlayır. Lakin sərbəst bazar iqtisadçısının vacib maarifləndirici vəzifəsi var: hərracın nizamlı və ədalətli olmasının bütün iqtisadiyyat üçün münasib model olduğuna geniş ictimaiyyəti inandırmaq. Açıq təklif vermək prinsipi eyni dərəcədə nizamlı və ədalətli iqtisadiyyat yaradacaq. Bu məntiqi yerli hərracdan beynəlxalq hərraca qədər hər yerdə tətbiq etmək imkanı məhduddur. Bu, Adam Smitin “Xalqların sərvəti” (1776-cı il) adlı əsərində daha geniş müzakirə olunan sərbəst ticarət ideyasına qarşı iki əsrdən artıq davam edən müqavimətdə özünü göstərir.
Adi bir adam “yüksək təkliflə qalibiyyətin” hərracda bölüşdürülməsi prinsipini asanlıqla başa düşə və tez qəbul edə bilər. Bu kitabı yazarkən öz qarşıma qoyduğum vəzifələrdən biri – yerli hərracdakı “yüksək təkliflə qalibiyyətdən” hər bir əməliyyatda “yüksək təkliflə qalibiyyətə” konseptual keçiddə oxuculara kömək etməkdir. Bunu söyləmək etməkdən daha asandır.
Əmtəələrin hərrac bazarlarında (cəm halda) “yüksək təklif qalib gəlir” prinsipi qiymətdə razılığa gələn alıcılar və satıcılar üçün sərfəlidir. Bu bazarlarda və hər hansı digər bazarlarda bir çox alt bazarlar var. İlkin bazar əmtəə sahibləri və istehsalçılar arasında qurulur. Bazarın ikinci mərhələsi istehsalçılar və vasitəçilər – pərakəndə satıcılar – arasında qurulur. Sonuncu mərhələ – pərakəndə satıcılar ilə istehlakçılar arasındakı əməliyyatdır. Hər bir mərhələdə “yüksək təklif qalib gəlir” qaydası işləyir.
Bu bölüşdürmə prinsipi ən yüksək təklifi verməyənləri qıcıqlandırır. Bəzən onları o qədər qıcıqlandırır ki, “yüksək təkliflə qalibiyyətin” istifadəsini məhdudlaşdıran qanunvericiliyin qəbulunu dəstəkləyən siyasi fəaliyyət qrupu yaradırlar. Hərrac qurtarmamış pulu qurtaran adamlar hökumətin qanuni qiymət həddi tətbiq etməsini tələb edirlər. Lakin yüksək təkliflər əməliyyatın hər iki tərəfindən gəlir. Bəzən çox aşağı qiyməti qəbul etməyə məcbur olmuş və itkidən qaçmaq üçün hərracı tərk etmiş əmtəə satıcıları fürsət görürlər. Onlar hökuməti inandıra bilərlər ki, daha aşağı qiymət təkliflərini qeyri-qanuni elan etsin. Bu, bizi bu fəslin daşına gətirib çıxarır.
3. Daş
Hökumət əmtəələrə minimal qiymət həddi təyin etmək üçün müdaxilə edir. Siyasətçilər qiymətlərin həddindən artıq dəyişkən olduğunu bəyan edirlər. İctimaiyyət “dəyişkənlik” sözünü eşidərkən belə düşünür: “Qiymətlər çox bahalaşır. Sonra çox aşağı düşürlər. Bunda nizam yoxdur. Bizə nizamlanmış qiymətlər lazımdır. Hökumət qiymətləri sabitləşdirəcək”. Bu, əslində siyasətçilərin öz davranışlarına haqq qazandırmaq üçün söylədikləridir. Lakin “dəyişkən qiymətlər” dedikdə, əslində nəzərdə tutduqları şey budur: “Ən böyük xüsusi maraq biznes qruplarımızdan birinin yüksək mənfəətini qorumaq məqsədilə qiymətlər daim çox aşağı tutulur”. Hezlitt minimal qiymət həddi üçün müdaxilə ilə bağlı siyasətçilərin rəsmi müdafiəsini ümumiləşdirmişdi.
Onlar X məhsulun qiymətini daim təbii səviyyəsindən yuxarı qaldırmaq istəmədiklərini bəyan edirlər. Bunun istehlakçılara münasibətdə ədalətsiz olacağını etiraf edirlər. Amma indi həmin məhsulun satışları təbii səviyyədən çox aşağıdır. İstehsalçılar dolana bilmirlər. Dərhal tədbir görməsək, onlar iş dünyasından atılacaqlar. Onda əsl qıtlıq yaranacaq, istehlakçılar isə əmtəə üçün həddindən artıq yüksək qiymətlər ödəməli olacaqlar. İstehlakçıların indi əldə etdikləri görünən sövdələşmələr sonda onlar üçün baha başa gələcək. Mövcud “müvəqqəti” aşağı qiymətlər uzun müddət davam edə bilməz. Amma biz oturub təbii bazar qüvvələrinin, yaxud tələb və təklifin “kor” qanununun vəziyyəti düzəltməsini gözləyə bilmərik. Çünki o vaxta qədər istehsalçılar müflis olacaqlar, bizi isə böyük qıtlıq öz çənginə alacaq. Hökumət hərəkətə keçməlidir. Həqiqətən etmək istədiyimiz şey qiymətlərin bu kəskin, mənasız dalğalanmalarını düzəltməkdir. Qiymətləri artırmağa çalışmırıq; sadəcə onları sabitləşdirmək istəyirik.”
Hökumət bunu necə edə bilər? Hezlitt bu nümunəni təqdim edirdi. Həll yollarından biri fermerlərə məhsulu bazardan kənarda saxlaya bilmələri üçün borc verməkdir. Doğrudur, amma bu, sadəcə onun 13-cü fəsildə paritet qiymətləri haqqında yazdığının təkrarıdır. Sonra o, kənd təsərrüfatı subsidiyalarının lehinə digər arqumentləri təkrarlayırdı. Bu, 1-ci hissənin qalanını və bütövlükdə 2-ci hissəni əhatə edir.
Fəsil kifayət qədər uzun olsa da, Hezlitt kənd təsərrüfatı üçün paritet qiymətlər proqramı kimi başqa bir misal göstərməyib. Bunun səbəbi var idi. Başqa bu cür proqram yox idi. 1946-cı ilin əvvəlində qiymətlərin maksimal həddi hələ qüvvədə idi. İstehsalçılar satışa çıxardıqları hər şeyi sata bilirdilər. Onların problemi tələbin olmamağı deyil, hökumətin norma tətbiqi idi. Hökumətin təyin etdiyi maksimal qiymət həddi qoyulan hər şeydə böyük çatışmazlıq var idi. Ona görə də bu fəsil mövcud siyasətin təsvirindən daha çox nəzəri xarakter daşıyırdı.
Qiymətlərin dəyişkənliyi ilə mübarizə adı ilə qiymətlərin ümumi nizamlanmasının daha bir vacib nümunəsi var idi: qızıl standart. ABŞ hökuməti ona təklif edilən qızılın hamısını satın almışdı. 1933-cü ildən sonra hökumət pul məqsədləri üçün qızıl almağı bütün amerikalılara qadağan etdi: bu saxtalaşdırılmış bazardır. 1934-cü ildən başlayaraq, o, qızılı xüsusi bir qiymətə alırdı: bir unsiyası 35 dollara. 1946-cı ilin əvvəlində ABŞ hökumətinin böyük qızıl ehtiyatları var idi, dünyadakı ən böyük ehtiyatlar idi. Bu qızıl mübadiləsi standartı – nə sikkələr, nə amerikalıların qanuni mülkiyyətçiliyi – 1933-cü ilin qızıl sikkə standartının zəifləmiş qalığı idi. Ancaq Hezlitt bu fəsildə qızıl standartı müzakirə etmirdi.
O, öz iqtisadi məntiqinin tələsinə düşmüşdü. O, 1946-c ilin qızıl standartını müdafiə edirdi, halbuki 1932-ci il versiyasına üstünlük verərdi. Bununla belə, onun bu fəsildəki iqtisadi təhlili nöqteyi-nəzərindən qızıl standart həmişə qiymətləri saxtalaşdırma sistemi olub – bu sistem Kənd Təsərrüfatını Tənzimləmə Administrasiyasından yüz il əvvəl yaranmışdı. Bu fəslə əsasən, bu, sərbəst bazarın əleyhinə idi. Sadəcə hökumətin qurduğu daha bir mimimum qiymətlər sistemi idi. Amerikanın qızıl standartı, bir unsiya qızılın sabit qiymətə alqısı üçün hökumət zəmanətinə sahib olduğuna görə, həmişə hərracın “saxtalaşdırılmış aşağı qiymətlər olmasın” prinsipini pozurdu. Bu, hökumətin zəmanət verdiyi qızıl standartın qaçılmaz nəticəsidir. Hökumətin sərbəst bazara daha bir müdaxiləsidir. Qızılın qiymətinin sərbəst bazarı yer üzündə heç bir yerdə artıq mövcud deyil. Köhnə qızıl sikkə standartı adamlardan qızıl satın almaq üçün istifadə olunurdu. Sonra bütün hökumətlər xalqın qızıllarını oğurladılar. Onların hamısı müəyyən miqdar qızılın, eləcə də qızıl sikkələrin kağız pullarla mübadiləsi haqqında vədlərini pozdular. Bütün hökumətlər ən yaxşı bacardıqları şeyi etdilər: seçiciləri aldatdılar və onlardan oğurladılar.
4. Xərclər
Bu cür minimum qiymətlər sistemində istehlakçılar üçün qiymətlər daha yüksək olacaq. Məhz bu səbəbdən siyasətçilər müdaxilənin lehinə səs verdilər. Xüsusi maraq qrupunun istədiyi bu idi. Sonra Hezlitt yenidən Bastianın məntiqini tətbiq etdi. İstehlakçılar uduzurlar. Onların almaq istəyib ala bilmədikləri malların istehsalçıları və satıcıları da uduzurlar.
Lakin daha aşağı qiymətlər nəticəsində onların əlində əvvəl sahib olmadıqları pul qalacaq və həmin pulu başqa şeylərə xərcləyə biləcəklər. Beləliklə, istehlakçılar açıq-aydın daha yaxşı vəziyyətdə olacaqlar. Ancaq onların başqa sahələrdə daha çox xərcləməsi başqa sahələrdəki məşğulluğun artmasına səbəb olacaq. Sonra işləri pis gedən keçmiş fermerləri də səylərinin daha çox gəlir gətirdiyi və daha səmərəli olduğu işlərə cəlb edəcək.”
İş dünyasında itirənlər – daha əvvəl aşağı qiymətlərdə rəqabət apara bilməyən müəssisələrdən daha səmərəli olan kəslərdir.
Vahid mütənasib məhdudiyyət (hökumət müdaxiləsi sxemimizə qayıtsaq) bir tərəfdən o deməkdir ki, az xərclə çalışan səmərəli istehsalçıların bütün mümkün məhsulları aşağı qiymətlə istehsal etməsinə icazə verilmir. Digər tərəfdən bu o deməkdir ki, çox xərclə çalışan qeyri-səmərəli istehsalçılar süni yollarla iş dünyasında saxlanır. Bu, məhsulun istehsalının orta maya dəyərini artırır. Məhsul ola biləcəyindən daha az səmərə ilə istehsal olunur. İstehsalın bu sahəsində süni şəkildə saxlanan qeyri-səmərəli, işləri pis gedən istehsalçı torpağı, işçi qüvvəsini və sərmayəni istifadə etməyə davam edir. Halbuki bütün bunları daha gəlirli və daha səmərəli şəkildə başqa ehtiyaclara yönəltmək olardı.”
Bu işdə udanlar var: çox xərclə çalışan istehsalçılar. İtirənlər isə bunlardır: (1) bu məhsulların daha yüksək qiymət ödəyən bütün istehlakçıları; (2) bu məhsulların daha səmərəli istehsalçıları; (3) o istehsalçılar ki, onların məhsulları istehlakçılar tərəfindən alına bilərdi, lakin iqtisadiyyatın bir sahəsindəki yüksək qiymətlər səbəbindən alınmadı. Beləliklə, cəmiyyətdə xalis sərvət itkisi baş verir. Bu, Hezlittin gəldiyi nəticədir. Mənim gəldiyim nəticə də belədir. Amma bu, seçicilərin əksəriyyətinin gəldiyi nəticə deyil. Siyasətçilərin qənaəti belə ola da bilər, olmaya da bilər. Tərəfi tutulan xüsusi maraq qruplarının üzvləri bunu anlamaya bilərlər, lakin təşkilatda maaşlı işləyən istənilən iqtisadçı bunu anlayır. Ona yaxşı maaş verirlər ki, tənzimləmənin mahiyyəti barədə ictimaiyyəti yanlış yönləndirsin.
Hezlitt yaxşı adam idi. O, oğurlanmış pulların arxasınca muzdlu iqtisadçıların maaşlarına qədər gedib çıxmaq istəmirdi. Mən isə o qədər də yaxşı adam deyiləm.
5. Nəticələr
Hezlitt əmtəə istehsalçılarının siyasi agenti kimi çıxış edəcək beynəlxalq təşkilatın yaradılmasından qorxurdu.
Əlbəttə, bizə deyilir ki, indi təklif olunan beynəlxalq əmtəə nəzarəti bütün bu yanlışlıqların qarşısını alacaq. Bu dəfə təkcə istehsalçılar üçün deyil, istehlakçılar üçün də “ədalətli” olan qiymətlər təyin ediləcək. İstehsalçı ölkələr və istehlakçı ölkələr ədalətli qiymətlər üzərində razılığa gələcəklər, çünki heç kim ağılsız davranmayacaq. Sabit qiymətlər istehsalın və istehlakın ölkələr arasında “ədalətli” bölgüsü və təyinatını da mütləq şəkildə nəzərdə tutur. Təkcə şübhə ilə yanaşanlar bu məsələlərlə bağlı hansısa yersiz beynəlxalq mübahisələrin baş verməsini gözləyəcəklər. Nəhayət, böyük möcüzə sayəsində, müharibədən sonrakı bu super-beynəlxalq nəzarət və məcburiyyət dünyası həm də “sərbəst” beynəlxalq ticarət dünyasına çevriləcək!”
Burada o, çox yanılmışdı. O, Yeni Dünya Nizamı adlanan uzunmüddətli proqramı başa düşmürdü. Bu proqramın məqsədi, 1920-ci illərdən başlayaraq, aşağı tariflərlə idarə oluna bilən beynəlxalq ticarət yaratmaq idi. Yerli sənayeləri müflis ediləcəkdi.
Əvvəldən məqsəd üzv olmayan ölkələrə qarşı tariflərlə önə çıxan beynəlxalq siyasi nizam qurmaq və beynəlxalq konfederasiya daxilində aşağı tariflərlə sərbəst ticarət zonaları yaratmaq idi. Bu plan 1786-cı ildən etibarən ilk olaraq Birləşmiş Ştatlarda sınaqdan keçirildi. 1786-cı ildə Ceyms Medison Annapolis Konvensiyasının planını hazırladı, 1787-ci ildə onu Konstitusiya konvensiyasından keçirdi və 1787-88-ci illərdə ştatların ratifikasiya konvensiyalarında tanınmasına nail oldu. Onun siyasi məqsədi – mərkəzləşməmiş Konfederasiya Maddələrini siyasi hakimiyyəti mərkəzləşdirən yeni konstitusiya ilə əvəz etmək idi. Bunu əvvəlcə 1786-cı ildə koloniyalar arasındakı ticarəti artırmağın bir yolu kimi irəli sürmüşdü.
Bu iki mərhələli strategiya – iqtisadiyyatdan (açıq gündəm) siyasətə qədər (gizli gündəm) – daha sonra alman milliyyətçiləri tərəfindən təqlid edildi. 1833-cü ildə onlar alman knyazlıqları tərəfindən imzalanmış müqavilələr əldə etdilər: Gömrük İttifaqı. Bu ittifaq daxili tarifləri ləğv etdi, lakin xarici ixracata tətbiq etdi. Yeni sistem – Zollverein – 1834-cü il yanvarın 1-dən başladı. Siyasi birləşmə isə 1871-ci ildə baş verdi.
I Dünya Müharibəsindən dərhal sonra fransız bürokrat Jan Monne və tərəfdaşları eyni siyasi proqramı pərdə arxasında qurmağa başladılar. 1919-cu ildə Versalda keçirilən sülh konfransında Jan Monne kiçik Con D. Rokfeller uzun müddət agenti olmuş Reymond Fosdiklə yaxın əməkdaşlıq etdi. Onlar və onların maliyyə tərəfdaşları mərkəzləşmiş şəkildə idarə edilən beynəlxalq nizam yaratmaq istəyirdilər. ABŞ Senatının 1920-ci ildə Millətlər İttifaqının müqaviləsini ratifikasiya etməkdən imtina etməsi ilə bu plan uğursuzluğa düçar oldu. Fosdik 1920-ci ildə Fransadan öz vətəninə geri qayıtdı ki, Rokfellerin fondlarına rəhbərlik etsin və bu rəhbərlik növbəti 28 il ərzində davam etdi.
Yeni Dünya Nizamının regional siyasi birləşmə ilə bağlı planları müharibələrarası illərdə başlamadı, lakin maliyyələşdirmə sayəsində proqramın iqtisadi tərəfinin konseptual əsasları qoyuldu. Rokfeller fondu bu işdə fəal iştirak edirdi. 1936-cı ildən başlayaraq, həmin fond sənaye və kənd təsərrüfatı proteksionizmi üzrə elmi konfranslara vəsait ayırırdı. Fond sərbəst ticarət üzrə iqtisadçı mütəxəssis Uilhelm Röpkeni birgə maliyyələşdirdi. Röpke özünün “Beynalxalq İqtisadi Dezinteqrasiya” (1942-ci il) kitabının ön sözündə bu maliyyələşdirmədən bəhs etmişdi. Beynəlmiləlçilərin siyasi gündəmi 1945-ci ildə II Dünya Müharibəsi bitdikdən sonra başladı. İlk addım 1951-ci il müqaviləsi oldu ki, onun əsasında iqtisadi Avropa Kömür və Polad Birliyi yaradıldı. Proses davam etdi, bir-birinin ardınca müqavilələr bağlandı. 1994-2004-cü illərdə Avropa İttifaqı ilə başa çatdı.
Avropada bu sistemin başlıca istisnaları fermerlər, xüsusilə də fransız fermerləridir. Lakin, kənd təsərrüfatı istisna olmaqla, tariflərin azalması, ticarətin genişlənməsi və əmtəə qiymətlərinin azalması meylləri müşahidə olunur. Əmtəə qiymətlərinin azalması istehsalın xeyirinədir.
Burada belə bir tələ yemi var idi: aşağı tariflərlə və ya heç bir tarifsiz beynəlxalq iqtisadi inteqrasiya olacaq, lakin qaydaları tənzimləyən seçilməmiş bürokratların olması şərtilə. Sonra dəyişiklik baş verdi: siyasi birləşmə. İqtisadi üstünlüklər – aşağı tariflər, daha çox var-dövlət – siyasi birləşməyə aparan yolda aldadıcı yem oldu. Bürokratlar tərəfindən idarə edilən ticarətin tərəfdarları bizi inandırırlar ki, ticarətin genişlənməsindən iqtisadi mənfəət əldə etmək üçün ölkələr öz siyasi suverenliyinin böyük hissəsindən imtina etməlidir. Lakin iqtisadi təhlil nöqteyi-nəzərindən bu siyasi birləşmə çağırışı konseptual səhvdir. O, iqtisadi hakimiyyəti siyasi suverenliklə qarışdırır. İstənilən ölkə sadəcə öz tariflərini birtərəfli qaydada aşağı salmaqla sərbəst ticarətdən mənfəət əldə edə bilər. Hansısa beynəlxalq siyasi qurum naminə millətin siyasi suverenliyindən imtina etməyə ehtiyac yoxdur.
Hezlitt bu yem və dəyişiklik əməliyyatını 1946-cı ildə görə bilmirdi. Ona görə də sonra nə olacağını proqnozlaşdıra bilmədi: minimum qiymətlər hesabına əmtəə qiymətlərinin stabilləşdirilməsi yerinə, Yeni Dünya Nizamının arxasında dayanan yüksək səmərəli çoxmillətli şirkətlər üçün azaldılmış tariflər və yüksək gəlirlər.
Yekun
Milli kartellərin istəyi məhdudlaşdırılmış girik, yüksək tarif və yüksək qiymətlərdir. ABŞ-da buna nail olmuş yeganə nəhəng milli kartel – kənd təsərrüfatı kartelidir. Model rolunu isə hələ 1790-cı illərdə yaranmış şəkər karteli oynayır.
Xammal əmtəələri beynəlxalq bazarın bir hissəsidir. ABŞ-da qeyri-kənd təsərrüfatı xammallarına aşağı tariflər üstünlük təşkil edir. Bu aşağı tariflər sistemi Amerika iqtisadiyyatının xarici ticarət payının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Hazır məhsullara tariflərin azalması sayəsində 1970-ci ildən sonra xarici ticarət sürətlənmişdir. Amerikalı istehlakçılar bundan faydalanıblar. Lakin siyasi cəhətdən onlar beynəlxalq iqtisadi müqavilələr bağlamaq yönündə sıxışdırılırlar. Yəqin ki, bunlar seçicilərin boynuna qoyulacaq.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-16 səhifəsinə baxın.

Qeyd
| ↑1 | Tərcüməçinin qeydi: ödəniş öhdəliklərinin pozulması. |
|---|