-17-
Hökumət tərəfindən qiymətin müəyyənləşdirilməsi
Müştəri deyər: “Pisdir, pis maldır”, amma alıb gedəndə özünü öyər (Süleymanın Məsəlləri 20:14)
Hezlitt hökumət tərəfindən qiymətin müəyyənləşdirilməsi məsələsinə bir daha qayıtdı. 13, 15 və 16-cı fəsillərdə qiymətlərin bu cür sabitləşdirilməsi minimum qiymətlər şəklində həyata keçirilirdi. Bu fəsildə isə o, maksimum qiymətlərdən bəhs edirdi. Ancaq bütün bu fəsillərdəki nəzəri problem eynidir: hökumətin qiymətlər sisteminə müdaxiləsi. Qiymətlər sistemi isə iki hüquqi prinsipə söykənir: (1) mülkiyyətdən imtina etmək hüququnu da ehtiva edən şəxsi mülkiyyətçilik və (2) mülkiyyəti əldə etmək üçün təklif vermək hüququ. Mən “hüquq” deyərkən, kənarlaşdırmaq hüququnu qoruyan hüquq sistemində bir insanın sövdələşməyə razılaşmaq və ya ondan imtina etmək bacarığını nəzərdə tuturam. Hezlitt də bunu nəzərdə tuturdu.
Hezlitt müharibə vaxtı hökumətlərin qiymətlərin maksimum həddini təyin etməyə əl atdığını yazırdı. 1946-cı ildə Birləşmiş Ştatlar dörd illik qiymətlərin və əməkhaqqının maksimum həddini təyin etmə dövründən yeni-yeni çıxırdı. O, kitabını yazanda keçid hələ tamamlanmamışdı.
1. Pəncərə sahibləri
Mülkiyyətçilərin bir qrupunun üzvlərinin əmlak üzərində qanuni hüququ var. Buraya icarəyə verdikləri əmək də daxildir. Bu mülkiyyətçilər qanuni mülkiyyət hüququna sahib olduqlarına görə, bu mülkiyyət hüququnu başqasına ötürmək – ondan imtina etmək hüquqları da var. Bu mülkiyyətdən imtina hərəkətini satmaq adlandırırıq.
Mülkiyyətçilərin digər qrupunun üzvlərinin ən çox satılan məhsul olan pul üzərində qanuni hüququ var. Onların da öz pullarından imtina etmək hüquqları var. Bu mülkiyyətdən imtina hərəkətini almaq adlandırırıq.
2. Pəncərə
Bu mövzuya əvvəlki fəsillərdə dəfələrlə baxmışıq. Pulun alıcıları (xidmətlərin satıcıları) pulun satıcılarını (xidmətlərin alıcılarını) axtarırlar. Bazar illərlə baş verən mübadilələrin nəticəsində yaranan mürəkkəb təşkilati quruluşdur. Bu mübadilələr şəxsi mülkiyyətçiliyə əsasən baş vermişdir. Hüquqi və ənənəvi mexanizmlər fiziki şəxslərin məcburiyyət təhlükəsi olmadan (hökumətin səlahiyyətli orqanları tərəfindən məcburiyyət daxil olmaqla) almaq və satmaq üçün qanuni hüququnu müəyyənləşdirmişdir.
Qiymətlər zaman keçdikcə ortaya çıxmışdır. Qiymətləri qanun təyin etmir, amma iştirakçılar onlardan xəbərdardırlar. Qiymətlər iştirakçılara dəyərli məlumat verir. Qiymətlər onların daha dəqiq qərar verməyinə kömək edir. Adamlar öz qərarlarının keçmişdəki, cari və gələcəkdəki dəyərini daha asanlıqla hesablaya bilirlər. Qiymətlər dəyişir, amma adətən çox güclü dəyişikliklər baş vermir. Bu sabitlik əməliyyat xərclərini azaldır. Keçmişdəki qiymətlər gələcəkdəki qiymətlərə zəmanət vermir, ancaq bir qanunauyğunluq olduğunu göstərirlər. Bu qanunauyğunluq qeyri-müəyyənliyi azaldır. Qiymətlər nisbətən yüksək olduqda, satıcılar dərhal bazara çıxırlar. Qiymətlər nisbətən aşağı olduqda, alıcılar dərhal bazara çıxırlar.
Son alıcılar bazar qiymətlərini təyin edən mənbə olurlar. Onlar ən çox satılan məhsula – pula sahibdirlər. Onlar digər alıcılarla rəqabət aparırlar. Sərbəst bazar – həm nəzəriyyədə, həm də praktikada bir hərracdır.
İstehsal məhsullarını və xidmətləri satın alan sahibkarlar son alıcıların nə qədər və hansı miqdarda ödəyəcəklərini təxmin etməyə çalışırlar, amma heç kim bilmir. Yaxşı təxminlər gəlir gətirir. Pis təxminlər itkiyə səbəb olur. Son alıcılar öz təklifləri ilə istehsal və bölüşdürmə üzərindəki nəzarəti saxlayırlar. Yüksək təkliflər qalib gəlir.
3. Daş
Burada səhnəyə hökumət daxil olur. Seçicilər siyasətçilərə bəzi qiymətlərin həddindən artıq yüksək olmasından şikayətlənirlər. Alıcıların sözlərinə görə, satıcılar onları soyurlar. Alıcılar siyasətçilərə belə demirlər: “Biz alıcılar qiymətləri qaldırırıq. Nə qədər ki yenə pul xərcləməmişik, bizi dayandırın!” Xeyr, onlar sadəcə hər növbəti satışdakı ən yüksək qiymətlərə müvafiq hərəkət edən satıcıları günahlandırırlar.
Siyasətçilər qiymətlərin qalxmasına qarşı qanunlar qəbul edirlər. Bu qanunlar maksimum qiymət həddini müəyyənləşdirir. İnsanların çoxu “qiymətlərə nəzarət” haqqında düşünəndə məhz bunu nəzərdə tuturlar.
Seçicilər bu iqtisadi qanunu anlamırlar: qiymətlərə nəzarət deyə bir şey yoxdur. Yalnız adamlara nəzarət var. Almaq üçün təklif verənlər adamlardır. Qiymətlərə nəzarət qanunu satıcının əməliyyatı həyata keçirməsini qadağan edir. Alıcılar maksimum qiymət həddindən daha yüksək təkliflər verirlər, lakin həbs edilmək istəməyən satıcılar ən azından qanuni bazarlarda satmaq istəyinə müqavimət göstərirlər.
Hezlitt adamlara bu cür nəzarət istəyən seçicilərin arqumentlərini təsvir edirdi. Onlar varlılara nəzarət etmək istəyirlər.
Bu məhsulların qiymətlərinin endirilməsi ilə bağlı arqumentlər təxminən belə səslənəcək. Əgər mal ətini (belə deyək) sərbəst bazarın insafına buraxsaq, rəqabətli ticarət nəticəsində qiymət elə qalxacaq ki, onu yalnız varlılar əldə edə biləcəklər. Adamlar mal ətini öz tələbləri ilə deyil, öz alıcılıq qabiliyyətləri ilə mütənasib miqdarda əldə edəcəklər. Əgər qiyməti aşağı səviyyədə saxlasaq, hər kəsə ədalətli pay düşəcək.”
Etik bir arqumentə – ədalətliliyə istinad edilir. “Hökumət ticarətin iştirakçılarını dürüst olmağa məcbur etməlidir. Daha yüksək qiymət təklif edənlər pulu az olan insanlara qarşı təklif verməyi qanunla dayadırmalıdırlar”.
Hansı qiymət ədalətlidir? Bu qanunların qorunmasını təmin edən bürokratlar hansı ədalət kriteriyalarını rəhbər tutacaqlar? Əgər siyasətçilər bütün qiymətləri sabitləşdirməsələr, onda pərakəndə satış qiymətlərinin maksimum həddi siyahılarının sayı milyardlarla olacaq. Milyonlarla deyil, milyardlarla. ABŞ-da o qədər məhsullar var. Hələ xidmətləri saymırıq.
4. Xərclər
Seçicilərin qiymətlərin maksimum həddinin müəyyənləşdirilməsi tələbinin səbəbi hərracda həddindən artıq çox təklifçinin olmasıdır. Seçicilər buna son qoyulmasını istəyirlər. Amma problem hələ də qalır: bürokratlar kimin almasına icazə verməlidirlər? Süni şəkildə endirilmiş qiymət olanda tələb təklifi üstələyir. Ən yüksək qiyməti təklif edən, istədiyi malı alıb evə gedən bir iştirakçı yerinə, hələ də təklif verməyə gücü çatan və hələ də təklif vermək istəyən altı iştirakçı var. Onlardan beşi əliboş geri göndərilməlidir. Hansı hüquqi əsasla? Daha da vacibi, hansı əxlaqi əsasla? Ədalətli olan nədir? Həmin beş qeyri-alıcı bu standartla razılaşacaqmı? Bu standartı tətbiq etmək istəyən bürokratla razılaşacaqlarmı?
Nəticədə, kənarlaşdırılan təklifçilər arasında narazılıq getdikcə artır. Əgər bu bölüşdürmə işi davam etsə, münaqişə yarana bilər.
Təklif müharibələri başa çatanda məyus alıcıları II Dünya Müharibəsi zamanı dünyanın hər yerində istifadə edilən cümlə ilə başdan sovmaq artıq mümkün olmayacaq: “Məgər bilmirsiniz ki, müharibə gedir?”
Qiymətlərin maksimum həddi təyin edildikdə, alıcılar istehsal prosesi üzərindəki nəzarəti itirirlər ki, bu da bölüşdürmə prosesinin arxa üzüdür. Səlahiyyət getdikcə daha çox hökumətin və onun icraçı orqanlarının tərəfinə keçir. İstehlakçıların əlindən çıxır.
Maksimum qiymət həddinin nəticəsi qıtlıqdır: sabit qiymətdə tələb təklifi üstələyir. Onda hökumət məhsullara qiymətdən daha fərqli bir metodla norma tətbiq etməlidir.
Qiymətlərə nəzarət proqramı yayılır. Mises bunun səbəbini 1951-ci ildə “Yolun ortası siyasəti sosializmə aparır” məruzəsində açıqlamışdı. Əvvəlki müdaxilələrin əyər-əskiyini düzəltmək üçün yeni qaydalar qəbul edilir. Hezlitt bu prosesi belə təsvir edirdi:
Hökumət bu qiymət sabitləşdirmə işini əks istiqamətdə genişləndirdikcə, başlanğıcda bu istiqamətə gətirib çıxaran nəticələri də genişləndirir. Hökumətin qiymətləri sabitləşdirməyə və qərarının icrasına nail olmağa cəsarətinin çatacağını fərz etsək, onda o, öz növbəsində yekun məhsulun istehsalında iştirak edən bəzi amillərin – işçi qüvvəsi, yem məhsulları, taxıl və s. – çatışmazlığına səbəb olacaqdır. Beləliklə, hökumət getdikcə genişlənməyə davam edən dairələrə nəzarət etməyə məcbur olacaq və bunun da son nəticəsi qiymətlərin universal səviyyədə sabitləşdirilməsi ilə eyni olacaq.”
Ənənə aydındır: hökumətin daim bazarın hərrac prosesinə müdaxilə etməsi. Hezlitt bunu izah edirdi:
Bir sözlə, qiymətlərin müəyyən tarixi səviyyəsini əbədiləşdirmək üçün qiymətlər üzərində ciddi ümumi nəzarətin təbii nəticəsi – sonda tamamilə nəzarət altına alınmış iqtisadiyyat olmalıdır. Qiymətlər kimi məvacibləri də sərt şəkildə aşağı səviyyədə saxlamaq lazım gələcək. Xammal kimi əməyə də amansızlıqla norma tətbiq edilməlidir. Son nəticə bu olacaq ki, hökumət nəinki hər bir istehlakçının hər bir məhsula hansı miqdarda sahib ola biləcəyini dəqiq söyləyəcək, həm də hər bir istehsalçının hər bir xammala və əməyə hansı miqdarda sahib ola biləcəyini də söyləyəcək. İşçilər üçün rəqabətli təkliflərə materiallar üçün rəqabətli təkliflərdən daha çox dözmək olmaz. Nəticə – hər bir ticarət şirkətinin və hər bir işçinin hökumətin insafından asılı buraxıldığı, bildiyimiz bütün ənənəvi azadlıqlardan birdəfəlik imtina edilən daşlaşmış totalitar iqtisadiyyat olacaq.”
5. Nəticələr
Maksimum qiymət həddi tətbiq ediləndə təklif vermək qeyri-qanunidir. Qiymətlər artıq tələb və təklif haqqında dəqiq məlumat vermir. İstehsalat azalır. İqtisadi inkişaf azalır və ya yox olur. Norma tətbiqi genişlənir. Qıtlıq artır.
Təbii ki, mərkəzi bank deflyasiya etdiyi təqdirdə bunların heç biri baş verməyəcək. Ancaq o, bunu nadir hallarda edir.
Qərb II Dünya Müharibəsindən sonra təhkimçilik yolu ilə getmədi. Hələ 1946-cı il bitməzdən əvvəl mal əti istehsalçılarının tətili prezident Trumeni mal əti qiymətləri üzərindəki bütün nəzarəti ləğv etməyə vadar etdi. Bu, ölkədəki nəzarətlərin əksəriyyətinin sonu idi.
Amerika ictimaiyyəti qıtlıqdan yorulmuşdu. Norma talonlarından yorulmuşdu. 1941-ci ilin dünyasına geri qayıtmaq istəyirdilər.
Böyük Britaniyada 1945-ci il seçkilərində Leyboristlər partiyası qalib gəldi. Onlar qiymətlərə nəzarəti 1951-ci ilə qədər saxladılar. Hər yerdə qıtlıq var idi. Hər yerdə norma tətbiq edilirdi. Almaniyanın qərb zonasında nəzarət 1948-ci il iyunun 20-də iqtisadiyyat naziri Lüdviq Erxard tərəfindən ləğv edilənə qədər davam etdi. Almaniyanın iqtisadiyyatının bərpası ertəsi gün başladı.
İctimaiyyət qiymətlərə nəzarətin norma tətbiqi ilə nəticələndiyini bilmirdi. Amma seçicilər norma tətbiqinə son qoymaq istəyirdilər. Bu, hökuməti tədbir görməyə məcbur etdi. Hökumət nəzarəti ləğv etməli oldu. Məhz buna görə qiymətlərə və əməkhaqqına nəzarət dinc dövrdə uzunömürlü olmur. Seçicilər məhdud bazarlar istisna olmaqla, norma tətbiqinə dözməzlər.
Nikson qızıl mübadiləsi standartını ləğv etdiyi gün, 15 avqust 1971-ci il tarixli əmri ilə qiymətlərə və əməkhaqqına nəzarəti başlatdı. Tətbiq olunan nəzarət təchizatda tıxanmalara səbəb oldu və bu, yanacaqdoldurma məntəqələrindəki uzun növbələrdə özünü göstərdi. 1974-cü ilin aprelində nəzarət ləğv edildi.
Yekun
Qiymətlərə və əməkhaqqına nəzarət tarix boyu gəlib gedib. Bu nəzarətlər uzun müddət davam etmirlər. Qara bazarlar buna mane olur: məhsullar və xidmətlər bu qeyri-qanuni bazarlara axır. Hökumət tərəfindən normanın tətbiqi siyasi qarşıdurma yaradır. İctimaiyyət maksimum qiymət həddinin təyin edilməsindəki məntiqi başa düşmür, amma hökumətin buna norma tətbiqi ilə verdiyi cavabı ictimaiyyətə tanışdır. Seçicilər dinc dövrdə buna dözmürlər. Onların cavabı budur: “Məgər bilmirsiniz ki, müharibə yoxdur?”
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-17 səhifəsinə baxın.
-18-
Minimum əməkhaqqı barədə qanunlar
Müştəri deyər: “Pisdir, pis maldır”, amma alıb gedəndə özünü öyər (Süleymanın Məsəlləri 20:14)
Hezlitt hökumətin qiymətləri təyin etməsi məsələsinə yenidən qayıtdı. 13, 15 və 16-cı fəsillərdə qiymətlərin sabitləşdirilməsi minimum qiymət həddi formasında baş verir. Bu fəsildə də bundan bəhs edilir.
Minimum əməkhaqqı qanunu hökumətin əmək xidmətlərinə qoyduğu ən aşağı qiymət həddidir. Bunun texnologiyaya aidiyyəti yoxdur. Kompyuter proqramlarına da bunun aidiyyəti yoxdur. Beləliklə, bir texnologiya və ya kompyuter proqramının əmək xidmətlərini saatbaşı minimum əməkhaqqından daha ucuz yerinə yetirə bildiyi səviyyədə qanunun tətbiqi mümkün deyil.
2. Pəncərə sahibləri
Pullar mülkiyyətçilərin bir qrupuna – biznes sahiblərinə məxsusdur. Onlar torpaq və binaları da əhatə edən əsas avadanlıqlara da sahib ola bilərlər. Onların biznes-planları var. Bu planlar işçi götürməyi nəzərdə tutur.
Mülkiyyətçilərin digər qrupunun əmək xidmətləri göstərmək qabiliyyətləri var. Bu adamların bu xidmətləri icarəyə vermək hüququ var.
Üçüncü qrup mülkiyyətçilər isə hansısa anda qərar verəcəklər ki, biznes kapitalı və əmək xidmətlərinin birləşməsi sayəsində yaranan məhsulları və xidmətləri almağa dəyər, ya yox. Onlar hansı satıcıların uğur qazanacağını geriyə doğru müəyyən edəcəklər.
Mülkiyyətçiliyin əsas amili şəxsi məsuliyyətdir. Allah mülkiyyətçilərin üzərinə məsuliyyət qoyur, çünki ilk mülkiyyətçi Odur. Bu fərdlər Onun idarəçiləridirlər.
2. Pəncərə
Pəncərə cəmiyyətin əxlaqi, hüquqi və mədəni ənənələrinin və qurumlarının məhsuludur. Sərbəst bazar kimi tanınır. Xərcləməyə pulu olanlar öz məhsullarını alıcılara, yəni pul xərcləyənlərə satmaq istəyən adamlarla razılığa gəlirlər.
Bu sistemdə işçi götürən adamlar bu xidmətləri müəyyən qiymətə icarəyə verən adamları tapmağa çalışırlar. İqtisadi mübadilə həmişə razılaşdırılmış qiymətdən asılıdır. Alıcılar alıcılarla rəqabət aparırlar. Satıcılar satıcılarla rəqabət aparırlar. İşə götürmənin yalnız sonuncu mərhələsində üz-üzə danışıqlar baş tutur: potensial işə götürən potensial işçi ilə. Potensial işəgötürən potensial işçinin nə qədər az pulu qəbul edəcəyini, potensial işçi isə potensial işəgötürənin nə qədər pul verəcəyini bilmir. Bu məlumatsızlıq zonasında danışıqlar baş tuta bilər. Amma deyəsən, olmayacaq. Vaxt havayı vəsait deyil. İşəgötürən başlanğıc səviyyəli işçiyə adətən belə bir təklif edir: “Ya qəbul edin, ya da etməyin. Çox məşğulam və danışıqlar üçün vaxtım yoxdur”.
İşəgötürən gələcək müştərilərin iqtisadi vasitəçisi rolunda çıxış edir. Onlara özünün istehsal prosesinin məhsullarını almaq imkanı verəcək. İşəgötürən həm də öz işçilərinin iqtisadi vasitəçisi rolunu oynayır. Pul qazanmaq üçün işçilər öz xidmətlərini müştərilərə satmalıdırlar. İşçilər öz xidmətlərini bilavasitə müştərilərə satmağın yolunu bilmirlər, amma işəgötürən bunu bildiyinə əmindir. İşəgötürən özünə o qədər əmindir ki, müştərilərin yaxın zamandakı qərarlarından asılı olmayaraq, müəyyən işləri görmək üçün öz işçilərinə pul ödəməyə hazırdır. Müştərilərin yoxluğu işəgötürənin istehlakçı tələbini yanlış qiymətləndirdiyini göstərənə qədər, müəssisə işçilərinə pul ödəməyə davam edir. Yalnız onda işəgötürən işçilərin bir qismini və ya hamısını işdən azad edəcək.
Əməkhaqqı digər işçilər və digər işəgötürənlər üçün tələb və təklif şərtləri barədə xəbərdarlıq siqnalıdır. Əgər bu əməkhaqqı bazarı təmizləyən əməkhaqqıdırsa, onda eyni işi daha az əməkhaqqı ilə görməyi təklif edən rəqib işçilər də, daha çox əməkhaqqı təklif edən rəqib işəgötürənlər də olmayacaq.
3. Daş
İşçilər həmkarlar ittifaqlarının üzvlərinin istədiyindən daha aşağı məvaciblə işləməyə hazır olanda həmkarlar ittifaqları ciddi problemlə üzləşirlər. Həmkarlar ittifaqlarının bu üzvləri onlara bazar qiymətlərindən daha yüksək məvacib (işəgötürənlərin istədikləri bütün işçiləri işə götürməyinə imkan verən əməkhaqqı) verəcək kifayət qədər işəgötürən tapa bilmirlər. Üzvlər çıxış yolunu aşağı məvacibli işçilər tərəfindən rəqabəti azaltmaqda – hökuməti işəgötürənlərə minimumdan daha az əməkhaqqı verməyi qadağan edən qanun çıxarmağa məcbur etməkdə görürlər. Beləliklə, həmkarlar ittifaqı üzvləri onlara bazar qiymətlərindən daha artıq əməkhaqqı verəcək işəgötürənlər tapa bilərlər.
1938-ci ildə, Amerikada minimum əməkhaqqı haqqında ilk federal qanun qəbul ediləndə, Şimalda yaşayan həmkarlar ittifaqlarının üzvləri əməkhaqqının daha az olduğu Cənubun istehsalçılarının rəqabəti ilə üzləşdilər. Bu rəqabətlə üzləşməməyə qərar verdilər. Şimalda olan istehsalçılar öz ödədiklərindən daha aşağı, amma Cənublu istehsalçıların ödədiyindən daha yüksək olan minimum əmək haqqını məmnuniyyətlə dəstəklədilər.
Səsləri əldə etmək üçün Şimaldakı həmkarlar ittifaqı üzvləri və istehsalçılar özlərinin Konqresdəki nümayəndələrinə bəyan etdilər ki, Konqres minimum əməkhaqqı barədə qanun qəbul etməlidir. 1938-ci ildən başlayaraq Konqres minimum əməkhaqqı qanununu tətbiq etməyə başladı və hələ də davam edir.
Bu siyasi təzyiqə cavab verən siyasətçilərin belə bir qanun üçün münasib siyasi əsaslandırmaya ehtiyacı var. On illər boyunca istifadə edilən bir əsaslandırma budur: işçilərin yaşayış minimumuna ehtiyacı var. Hərfi mənada bu ifadənin iqtisadi mənası yoxdur. Həyatlarını təmin etməyəcək əməkhaqqına insanlar könüllü surətdə razılaşmırlar – ən azından uzun müddətlik razılaşmırlar. Çünki buna razılaşan işçilər tezliklə ölürlər. Onların ölümü qeyri-yaşayış minimumu ilə işləməyə hazır olan sağ qalmış adamların sayını azaldır. İşçi qüvvəsi təklifi azalanda, bazarın əməkhaqqı səviyyəsi digər bərabər şərtlərlə birlikdə yüksəlir. Beləliklə, “yaşayış minimumu” söz birləşməsi – iqtisadi fenomen deyil, siyasi şüardır. Bu ifadənin mənası budur: başqa işçilərin almağa hazır olduğu, lakin minimum əməkhaqqı qanunu qadağan etdiyinə görə ala bilmədiyi məvacibdən daha yüksək məvacib.
4. Xərclər
Yeni, daha yüksək əməkhaqqı artıq bazarı təmizləmir. Bu o deməkdir ki, daha yüksək məvaciblə işləməyi təklif edən işçi sayı işə götürmə təkliflərinin sayından daha çoxdur. Əməkhaqqının minimum həddi işçi qüvvəsinin təkliflərində izafilik yaradır. Bütün minimum qiymətlərin nəticəsi budur: tədarükçü sayı alıcı sayından çoxdur. İşləməyi təklif edən işçilər məyus olurlar. Onlar başqa yerdə iş axtarmalı olacaqlar. Hezlitt bu vəziyyəti təsvir etmişdi. (1946-cı ilin əməkhaqqı səviyyəsinə diqqət yetirin.)
Hər bir işçiyə qırx saatlıq iş həftəsinə görə 30 dollardan az məvacib verməyi qadağan edən qanun qəbul ediləndə baş verən ilk şey budur ki, iş sahibinə həftədə 30 dollar qazandırmayan heç kəs ümumiyyətlə işə götürülməyəcək. Bir insana daha az pul təklif etməyi qanunsuz elan etməklə, onu müəyyən bir qiymətə layiq edə bilməzsiniz. Siz sadəcə həmin şəxsi öz bacarıqlarının və vəziyyətinin imkan verdiyi qədər pul qazanmaq hüququndan məhrum edirsiniz, eyni zamanda da cəmiyyəti onun göstərə bildiyi sadə xidmətlərdən məhrum edirsiniz. Bir sözlə, aşağı məvacibi işsizliklə əvəz edirsiniz. Müqayisə edilə biləcək heç bir kompensasiya olmadan ətrafdakı hər kəsə zərər verirsiniz.”
Bu vəziyyətin işi olan işçilərə faydası var, amma bu da işəgötürənlər onların əvəzinə əməyə qənaət edən avadanlıqlar tapana qədər belə olacaq. Onlar artıq daha az məvaciblə işləməyə hazır olan adamların rəqabəti ilə üzləşmirlər.
Bu, qanunu pozmağa hazır olan işəgötürənlər üçün də faydalıdır. İndi onlar minimum əməkhaqqından aşağı – çox aşağı məvaciblə işləməyə hazır əmək qabiliyyətli işçilər tapa bilərlər. İşsiz işçi sayı çoxalıb. Onlar minimum əməkhaqqı qanunu qüvvəyə minməmişdən əvvəl rədd etdikləri iş təkliflərini indi qəbul etməlidirlər.
ABŞ-da minimum əməkhaqqından ən çox zərər görənlər minimal iş bacarığı olan qaradərili gənc kişilərdir. Bunlar daha az arzu olunan işçilərdir. Şəhərin yoxsul ərazilərində yaşayırlar. Minimum əməkhaqqı ilə iş təkliflərinin ola biləcəyi digər ərazilərə getməyə imkanları yoxdur. Öz ərazilərində işə düzəlmək üçün yeganə yol az məvaciblə işləməyə hazır olmaqdır. Bu yolla onlar daha yaxşı iş təklifi ala bilmək üçün lazım olan təcrübə və bacarıqları əldə edə bilərlər. Lakin indi işəgötürənlərin belə təklifləri qəbul etməsi qadağandır. Beləliklə, 1961-ci ildə, Kennedinin prezidentliyinin birinci ilində, minimum əməkhaqqı səviyyəsi başlanğıc əməkhaqqı səviyyəsindən xeyli yüksəyə qaldırıldı, qaradərili gənc kişilərin işsizlik səviyyəsi isə ağdərili gənclər və bütün digər qruplar arasındakı işsizlik səviyyəsindən daha artıq oldu. Onların işsizlik səviyyəsi digər qrupların işsizlik səviyyəsinə qədər heç vaxt enmədi. 1961-ci ilə qədər isə qaradərili gənc kişilər arasındakı işsizlik səviyyəsi ağdərili gənclərinkindən daha aşağı idi.
5. Nəticələr
İqtisadi inkişafın təməlində gənclər üçün başlanğıc səviyyəli işlər dayanır. Onlara lazım olan bacarıqlara burada yiyələnirlər. Adətən işəgötürənlər kiçik yerli müəssisələrdir. Amma rəsmi təhsil sertifikatı olmayan gənclər üçün açılan bu imkana minimum əməkhaqqı qanunları ilə mane olur. Bu, kiçik müəssisələrin, xüsusilə də yeni iş yerlərinin əsas mənbəyi olan start-up müəssisələrin zərərinədir.
1960-cı illərin əvvəlindən bəri Birləşmiş Ştatlarda qaradərili aşağı sinif daimi sosial problem olaraq qalırlar. Onlar heç vaxt qanuni əmək bazarlarına çıxmırlar. Minimum əməkhaqqı qanunlarının qüvvədə olduğu yerlərdə evli, işləyən ailə başçılarının toplumuna heç vaxt inteqrasiya olunmayan gənclərlə dolu aşağı sinif var. Bu qruplarda cinayətkarlıq orta səviyyədən xeyli yuxarıdır. Bu kişilər heç vaxt öz icmalarının məhsuldar üzvlərinə çevrilmirlər.
Bu gənclər quldur dəstələrinə asanlıqla cəlb edilirlər. Şəhərin yoxsul məhəllələrində cinayətkarlıq səviyyəsi artır. Əsas cinayətkarlar qaradərili yeniyetmələr və subay gənclərdir.
Sonra hökumətə siyasi təzyiqlər göstərilir ki, vəziyyətə müdaxilə etsin və bu kişiləri və onların evlənmədiyi qadınları dəstəkləmək üçün sosial təminat proqramları yaratsın. Bir neçə nəslə şamil edilən yardımlar bu adamları dövlətdən asılı həyatlara sövq edir.
Yekun
Minimum əməkhaqqı qanunu – mülkiyyətin və onu müşayiət edən nəticənin, yəni mülkiyyətdən imtinanın könüllü mübadilə bazarına hökumətin daha bir müdaxiləsidir. Onun əsasında duran ideya budur ki, insanların sərfəli, yəni mövcud vəziyyətdən daha yaxşı hesab etdikləri şeylər barədə bir-biri ilə razılığa gəlməsinə icarə vermək olmaz. İnsanların yaşadıqları yerlərdə üzləşdikləri vəziyyətlərdən bixəbər siyasətçilər və bürokratlar əmək xidmətləri üçün qanuni mübadilə şərtləri təyin edirlər.
Yerli iş imkanları haqqında ən yaxşı məlumata sahib olan adamlara öz vəziyyətlərini yaxşılaşdırmaq üçün imkanlardan istifadə etməyə icazə verilmir. Böyük həvəslə öz şəraitlərini yaxşılaşdırmağa çalışan bu adamlara uzaqdakı siyasətçilərin yerli təmsilçiləri deyirlər ki, dövlət minimumundan daha az məvaciblə hər hansı irəliləyişə nail olmalarına icazə yoxdur.
1980-ci illərin əvvəlindən etibarən əməyə qənaət edən texnika ilə əvəzetmə sürətlənmişdir. Bu gün kompyuterləşdirilmiş əməliyyatların və robot texnikasının sürətli inkişafı bacarıq səviyyəsi az olan işçiləri həmişəkindən daha çox təhdid edir. İnsan əməyini əvəzetmənin xərcləri hal-hazırda sürətlə azalır və 1978-ci ildə ilk kommersiya mikrokompyuterlərinin hazırlandığı andan bəri belədir. Bu, minimum əməkhaqqı qanununun nəticələrini başlanğıc səviyyəli gənc işçilər və minimal bacarıqları olan yaşlı işçilər üçün daha da dağıdıcı edir. Minimum əməkhaqqı qanunu bu əvəzetmə effektini maliyyələşdirir.
Bir daha görürük ki, hökumətin kasıblar və məzlumlar adına sərbəst bazara müdaxiləsi kasıbların və məzlumların faizini artırdı. Zərərçəkənlər ola biləcəklərindən daha kasıbdırlar və daha məzlumdurlar. Minimum əməkhaqqı qanununa gəldikdə isə, o, cinayətkarlığı da artırıb. Xərclərin əsas yükünü yoxsul məhəllələrinin sakinləri çəkir.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-18 səhifəsinə baxın.
-19-
Həmkarlar ittifaqları həqiqətən maaşları artırırmı?
Müştəri deyər: “Pisdir, pis maldır”, amma alıb gedəndə özünü öyər (Süleymanın Məsəlləri 20:14)
Hezlitt yenidən hökumətin qiymətləri müəyyənləşdirməsi məsələsinə qayıtdı. 13, 15, 16 və 18-ci fəsillərdə qiymətlərin sabitləşdirilməsi minimum qiymətlər şəklində həyata keçirilirdi. Bu fəsildə də belədir.
Bu, başlanğıcda hökumətin qiymətləri müəyyənləşdirməsi halı kimi görünməyə bilər. Ümid edirəm ki, bu fəslin sonuna yaxınlaşdıqca, söhbətin sırf qiymətlərin hökumət tərəfindən müəyyənləşdirilməsindən getdiyini anlayacaqsınız. Bu minimum qiymət həddinin daha bir nümunəsidir.
1. Pəncərə sahibləri (icmal)
Pullar mülkiyyətçilərin bir qrupuna – biznes sahiblərinə məxsusdur. Onlar torpaq və binaları da əhatə edən əsas avadanlıqlara da sahib ola bilərlər. Onların biznes-planları var. Bu planlar işçi götürməyi nəzərdə tutur.
Mülkiyyətçilərin digər qrupunun əmək xidmətləri göstərmək qabiliyyətləri var. Bu adamların bu xidmətləri icarəyə vermək hüququ var.
Üçüncü qrup mülkiyyətçilər isə hansısa anda qərar verəcəklər ki, biznes kapitalı və əmək xidmətlərinin birləşməsi sayəsində yaranan məhsulları və xidmətləri almağa dəyər, ya yox. Onlar hansı satıcıların uğur qazanacağını, hansıların qazanmayacağını geriyə doğru müəyyən edəcəklər.
Bütün iştirakçıların təklif vermək üçün qanuni hüququ var.
2. Pəncərə (icmal)
Pəncərə cəmiyyətin əxlaqi, hüquqi və mədəni ənənələrinin və qurumlarının məhsuludur. Sərbəst bazar kimi tanınır. Xərcləməyə pulu olanlar öz məhsullarını alıcılara, yəni pul xərcləyənlərə satmaq istəyən adamlarla razılığa gəlirlər.
Bu sistemdə işçi götürən adamlar bu xidmətləri müəyyən qiymətə icarəyə verən adamları tapmağa çalışırlar. İqtisadi mübadilə həmişə razılaşdırılmış qiymətdən asılıdır. Alıcılar alıcılarla rəqabət aparırlar. Satıcılar satıcılarla rəqabət aparırlar. İşə götürmənin yalnız sonuncu mərhələsində üz-üzə danışıqlar baş tutur: potensial işə götürən potensial işçi ilə. Potensial işəgötürən potensial işçinin nə qədər az pulu qəbul edəcəyini, potensial işçi isə potensial işəgötürənin nə qədər pul verəcəyini bilmir. Bu məlumatsızlıq zonasında danışıqlar baş tuta bilər. Amma deyəsən, olmayacaq. Vaxt havayı vəsait deyil. İşəgötürən adətən belə bir təklif edir: “Ya qəbul edin, ya da etməyin. Çox məşğulam və danışıqlar üçün vaxtım yoxdur”.
İşəgötürən gələcək müştərilərin iqtisadi vasitəçisi rolunda çıxış edir. Onlara özünün istehsal prosesinin məhsullarını almaq imkanı verəcək. İşəgötürən həm də öz işçilərinin iqtisadi vasitəçisi rolunu oynayır. Pul qazanmaq üçün işçilər öz xidmətlərini müştərilərə satmalıdırlar. İşçilər öz xidmətlərini bilavasitə müştərilərə satmağın yolunu bilmirlər, amma işəgötürən bunu bildiyinə əmindir. İşəgötürən özünə o qədər əmindir ki, müştərilərin yaxın zamandakı qərarlarından asılı olmayaraq, müəyyən işləri görmək üçün öz işçilərinə pul ödəməyə hazırdır. Müştərilərin yoxluğu işəgötürənin istehlakçı tələbini yanlış qiymətləndirdiyini göstərənə qədər, müəssisə işçilərinə pul ödəməyə davam edir. Yalnız onda işəgötürən işçilərin bir qismini və ya hamısını işdən azad edəcək.
Əməkhaqqı digər işçilər və digər işəgötürənlər üçün tələb və təklif şərtləri barədə xəbərdarlıq siqnalıdır. Əgər bu əməkhaqqı bazarı təmizləyən əməkhaqqıdırsa, onda eyni işi daha az əməkhaqqı ilə görməyi təklif edən rəqib işçilər də, daha çox əməkhaqqı təklif edən rəqib işəgötürənlər də olmayacaq.
3. Daş
Həmkarlar ittifaqı təşkilatçısı işçilərin qarşısında belə bir arqumentlə çıxış edir. “İşəgötürən səni istismar edir. O, səni istismar edə bilir, çünki sən təkcə bir nəfərsən. Sənin işəgötürənin varlıdır. O, ailəsini dolandırmağın dərdini çəkmir. Sən varlı deyilsən. Maaşdan-maaşa yaşayırsan. Sən təkbaşına işçi kimi zəif vəziyyətdəsən. Amma digər işçilərlə birləşsən, bu istismara etiraz edə bilərsən. Hamınız birlikdə sövdələşə bilərsiniz. İşəgötürəniniz hamınızı birdən işdən azad edə bilməz. Onda sizə həqiqətən layiq olduğunuz qədər pul verərlər”.
Bu, inandırıcı səslənə bilər. İşçilərin ayrı-ayrılıqda təsir gücü azdır. İşəgötürən tək adamı işdən azad edə bilər. İşdən azad edilənin yerini başqası ilə doldura bilər. Əvəzedici işçi işi qəbul etməyə hazırdır. Bu, ədalətsiz görünür.
Niyə ədalətsizdir? İki nəfər razılığa gəlirlər: işəgötürən və əvəzedici işçi. Əvəzedici işçinin təklif vermək hüququ var. İşçilər işçilərlə rəqabət aparır. İşəgötürənlər işəgötürənlərlə rəqabət aparır. Burada hansı əxlaqsızlıq var? Burada hansı ədalətsizlik var? Amma həmkarlar ittifaqı təşkilatçısı bunun ədalətsiz olduğunu deyir.
Hökumət müdaxilə etmirsə, həmkarlar ittifaqı təşkilatçısı özünün əməkhaqqını formalaşdırma nəzəriyyəsini bazarda sınaqdan çıxara bilər. O, işçiləri inandıra bilər ki, işəgötürənləri işdən çıxmaqla hədələsinlər. Onda bəlkə işəgötürən güzəştə gedər. Bəlkə də getməz. Hədələyən bütün işçiləri başqaları ilə əvəz etmək qərarı verə bilər. 1981-ci ildə Hava Nəqliyyatı Nəzarətçilərinin həmkarlar ittifaqı (PATCO – Professional Air Traffic Controllers Organization) tətil elan edəndə prezident Ronal Reyqan məhz bu cür hərəkət etdi. Onlara düşünmək üçün vaxt verdi. Əgər işə qayıtmaqdan imtina etsələr, hamısını başqa işçilərlə əvəz edəcəyini söylədi. Əksəriyyəti bundan imtina etdilər. Elə həmin gün o, onların hamısını başqa işçilərlə əvəz etdi. Heç biz təyyarə qəzası baş vermədi. Həmkarlar ittifaqı öz gücünü həddən artıq şişirmişdi. Partiya üzvləri Reyqanın yalandan hədə-qorxu gəldiyini düşünürdülər. Yanıldılar. Heç bir başqa hökumət ittifaqı buna bir daha cəhd etmədi.
İş nə qədər bəsitdirsə və bu işi görə biləcək işsiz adamların sayı nə qədər çoxdursa, işəgötürənin tətili dayandırması bir o qədər asandır.
Həmkarlar ittifaqı təşkilatçıları bunu bilirlər. Həmkarlar ittifaqı üzvləri də bilirlər. Odur ki, həmkarlar ittifaqı hökumətə təzyiq göstərir ki, əgər işçilərin yarısı və üstəgəl bir nəfər həmkarlar ittifaqının onları təmsil etməsinə səs verərsə, hökumət işəgötürənləri həmkarlar ittifaqı üzvləri ilə “vicdanlı” danışıqlar aparmağa məcbur etsin. Bu, 1935-ci ildə ABŞ-da başladı. Hökumət Vaqner Qanununu qəbul etdi. Yeni qaydalara əməl olunmasını təmin etmək üçün Milli Əmək Münasibətləri Şurası yaradıldı. Həmkarlar ittifaqının özünə üzvlər yığmasına icazə vermədiyi təqdirdə hər bir işəgötürən hökumət tərəfindən zorakılıqla – cərimələrlə hədələnirdi. Onlar seçkilərdə qalib gəlirdilərsə, işəgötürənin tətil edən işçiləri başqaları ilə əvəz etməsi qeyri-qanuni hesab edilirdi.
Beləliklə, 50% və üstəgəl bir səs toplayan həmkarlar ittifaqları hökumətin minimal əməkhaqqı təyin etdiyi hüquqi sistemdə fəaliyyət göstərir. Həmkarlar ittifaqına üzv olmayanlar iş yerləri üçün təklif verə bilərlər, lakin işəgötürənlərin bu təklifləri qəbul etmək hüququ yoxdur. O işçilər həmkarlar ittifaqına qoşulmalıdırlar. Həmkarlar ittifaqı rüsumlarını ödəməlidirlər. Onlara həmkarlar ittifaqının hökumət məcburiyyəti vasitəsilə işəgötürənin boynuna qoyduğu əməkhaqqından daha az əməkhaqqı verilə bilməz.
4. Xərclər
Minimum qiymətlər izafilik yaradır. Hökumət həmkarlar ittifaqı ilə danışıqlar vasitəsilə yeni əməkhaqqı səviyyələrini təyin edəndə, bu məvaciblər potensial işçiləri cəlb edir. Həmkarlar ittifaqı onları ittifaqa qəbul edə bilməz. Onda müəssisənin hökumət məcburiyyəti ilə bazar qiymətlərindən daha yüksək maaşlarla işə götürməsi üçün həddindən çox ittifaq üzvü olardı. Bir sözlə, tələb və təklif tarazlığı pozulur, amma bu, xərcsiz ötüşmür.
Potensial işçilər – bazar qiymətlərindən daha yüksək maaşlı izafi işçilərdir. Bazar qiymətlərindən yüksək maaşlar əmək bazarını təmizləmir. İşçi qüvvəsi təklifi bazar qiymətlərindən artıq məvacib alan işçi qüvvəsinə tələbdən daha çoxdur.
Həmkarlar ittifaqına daxil ola bilməyən işçilər yüksək maaşlı işlərə girə bilmirlər. Ona görə də başqa yerdə iş axtarmalı olurlar. Onları kim işə götürəcək? Cavab aydındır: hələ işçilərinin 50%-i, üstəgəl biri həmkarlar ittifaqını öz təmsilçisi seçməyən işəgötürənlər. İndi işsizləri işə düzəltmək lazımdır. Əgər həmkarlar ittifaqına daxil olmayan bu işçilərə rəqib işəgötürənin iş təklif etməyinə icazə verilsəydi, onların işi olardı. Onları yalnız rəqibdən daha yüksək maaşla işə götürmək mümkün olacaq. Amma bu işçilər belə yağlı işi əldə edə bilməzlər. Odur ki, onlar həmkarlar ittifaqı olmayan müəssisədəki iş yerləri üçün bir-birilə rəqabət aparırlar. Həmin işəgötürən indi ideal vəziyyətdədir. O, bu işsizlərə daha aşağı məvacib təklif edə bilər. İşsizlər başqa alternativ bilmirlər. Əgər daha sərfəli təkliflər olsaydı, onları qəbul edərdilər.
Beləliklə, həmkarların bazar qiymətindən artıq maaşını verən işverənlərin ödədiyi yüksək maaşların nəticəsi həmkarlar ittifaqı olmayan müəssisələrdəki qeyri-üzv işçilərin aşağı maaş almasıdır. Həmkarlar ittifaqına üzv olanların maaşı yüksək, olmayanların maaşı isə nisbətən azdır.
Bəs bu üzv olmayan işçiləri həmkar ittifaqı bir yerə toplasa necə? Əgər 50%, üstəgəl bir səs olsa, onlar daha artıq maaş ala biləcəklər. Onda həmkarlar ittifaqında yenicə birləşən şirkət eyni sayda işçini daha yüksək maaşla işə götürə bilməyəcək. Eyni proses o vaxta qədər davam edəcək ki, həmkarların əlində daha yüksək maaş vermək iqtidarında olan heç bir şirkət qalmayacaq. Sonra zərərə işləyən şirkətlər iflas etməyə başlayacaqlar. İş axtaran işsizlər ortaya çıxacaq.
Həmkarlar ittifaqına üzvlük ayrı-seçkiliyinin qurbanı olan işçilər arasında işsizlik səviyyəsi artacaq. Həmkarlar ittifaqı olmayan sektorlarda məvaciblər azalacaq. Həmkarların bir neçə üzvünün daha yüksək maaş ala bilməsi – həmkarlara üzv olmayanların həmin sənaye sahəsində daha əvvəl mövcud olan aşağı məvaciblə iş tapa bilməməsi bahasına başa gələcək. Maaşlar azalacaq.
Həmkarlar ittifaqı olmayan şirkətlər indi müştərilərə daha aşağı qiymətlər təklif edəcəklər. Daha ucuz işçi qüvvəsi işə götürə bilərlər. Ya onların gəliri artır (daha yüksək gəlir faizi), ya da onların bazardakı payı artır (daha aşağı qiymətlər). Bu şirkətlər həmkarlar ittifaqına sahib şirkətlər hesabına böyüyürlər.
İndi işsiz qalan işçilərin məhsuldarlığından fayda götürə biləcək müştərilər heç bir fayda götürə bilməyəcəklər.
Hökumət işsizlərə dəstək olmaq üçün qanunlar qəbul edə bilər. Bu xərcləri vergi ödəyiciləri ödəyəcək.
5. Nəticələr
Hökumətin həmkarlar ittifaqı siyasətini dəstəklədiyi ölkələrdə nəticə – həmkarların üzvü olmasına imkan verilməyən qruplar arasında genişmiqyaslı işsizlik oldu. Bəzi ölkələrdə gənc işçilər yüksək işsizlik səviyyəsindən əziyyət çəkirlər – səviyyə 50%-ə çatır. Digər ölkələrdə daha yüksək işsizlik səviyyəsi irqi qruplarda müşahidə olunur.
İşəgötürənlər işçiləri qova və əvəz edə bilməyiblər. Bu isə əməl məhsuldarlığını və müştəri məmnuniyyətini aşağı salıb.
Bir ölkənin daxilində, bəzi yerli qanunvericiliklərdə həmkarlar ittifaqı dükanlarını, yəni həmkarlara üzv olmayanların üzünə qapılarını bağlayan müəssisələri qadağan edən qanunlar fəaliyyət göstərir. Birləşmiş Ştatlarda “işləmək hüququ”nun mövcud olduğu ştatlar sərbəst müqavilələr istəyən müəssisələrin diqqətini çəkir. Bəzi yerini möhkəmlətmiş müəssisələr bu ştatlara köçürlər. Digər hallarda köhnə müəssisələr həmkarlar ittifaqı dükanlarına icazə verən ştatlarda qalırlar, amma yeni müəssisələrin yaranma halları “işləmək hüququ”nun olduğu ştatlarda daha çoxdur. Bu ştatlarda biznesin daha yüksək gəlir faizi mövcuddur. Birləşmiş Ştatlarda bu yerli qanunlar nəticəsində avtomobil sənayesi Miçiqandan Cənub-şərqə keçmişdir.
Həmkarlar ittifaqlarının iş yerlərinə girişinin məhdudlaşdırılması offşorinqlə də nəticələnib: müəssisələr öz zavodlarını güclü həmkarlar ittifaqları olmayan ölkələrdə açırlar. Sonra şirkətlər xaricdəki filiallarında istehsal olunan məhsulları ölkəyə idxal edirlər.
Xaricdən idxal artır. Əcnəbi istehsalçılar öz işçilərinə həmkarları olan şirkətlərin qanunla ödədiklərindən daha az pul ödəyəməklə məhsul istehsal edə bilirlər. Bu məhsulları həmkarları olan şirkətlərin təklif etdiyindən daha ucuz qiymətə satırlar. Bu, həmkarlar ittifaqlarının idxalı məhdudlaşdırma çağırışlarına gətirib çıxarır ki, bu da, müştərilərin seçimini azaldır.
Əhali daha çox təhsil aldıqca, işçilər həmkarlar ittifaqlarının daxil olmadığı idarəetmə və kargüzarlıq vəzifələrinə keçirlər. İstehsal ölkə xaricinə keçir. Həmkarlar ittifaqı üzvlərinin işçi qüvvəsi faizi azalır. 1953-cü ildə Birləşmiş Ştatlarda həmkarlar ittifaqına üzvlüyün ən yüksək göstəricisi təxminən 35% idi. İdxalın artması və təhsil səviyyəsinin yüksəlməsi nəticəsində bu rəqəm 10%-ə qədər enmişdir.
Yekun
Həmkarlar ittifaqları maaşları artırmaq imkanını yalnız o vaxt əldə edirlər ki, hökumət, müəssisələri kollektiv danışıqlara məcbur etsin. Həmkarların üzvləri yüksək maaşlardan faydalanırlar, ancaq bu yüksək maaşlar uğurlu həmkarlar ittifaqlarına qoşula bilməyən işçilərin cibindən çıxır. Həmin işçilər həmkarlar ittifaqları öz üzvləri üçün bazar qiymətindən daha yüksək maaşlara nail olmazdan əvvəl mümkün olan işlərin yerinə, daha pis şərtlərdə iş axtarmalı olublar. Məşğulluğa bu cür təsir, şirkətləri həmkarlar ittifaqları ilə birləşməyən işəgötürənlərə fayda gətirir. Hökumətin həmkarlar ittifaqlarında birləşən işəgötürənləri məcbur etməsi, həmkarlarda olmayan şirkətlər üçün subsidiya rolunu oynayır. Bu şirkətlərdə maaşlar azalır.
Beləliklə, iqtisadi təhlil nəticəsində əminliklə deyə bilərik ki, yalnız hökumət kollektiv danışıqları təmin etdiyi zaman həmkarlar ittifaqları maaşları artıra bilirlər. Nəticədə bəzi şirkətlərdə əməkhaqqı səviyyələri daha yüksək olur, lakin şirkətlərin əksəriyyətində əməkhaqqı daha aşağıdır. Bu isə hökumətin təyin etdiyi və seçilmiş qaydada tətbiq edilən minimum əməkhaqqı səviyyəsinin bilavasitə nəticəsidir.
Təəssüf ki, Hezlitt bu fəsildə bunu başdan axıra qədər təsdiqləməkdən imtina etdi. Bu, Hezlittin kitabındakı ən pis fəsildir. Həmkarlar ittifaqlarının əməkhaqqı səviyyələrini təyin etməsi hökumətin minimum qiymətlər tətbiqinin daha bir nümunəsidir – Hezlitt bunu bu fəslin əsas prinsipi etməkdən imtina etdi. O, fəsli belə başladı:
Maaşların uzunmüddətli perspektivdə və bütün işləyən əhali üçün artırılmasında həmkarlar ittifaqlarının gücü həddindən artıq şişirdilmişdir. Bu şişirtmə daha çox maaşların adətən əməyin məhsuldarlığı əsasında təyin edildiyini anlamamağın nəticəsidir.”
Həmkarlar ittifaqlarının maaşları artırmaq gücü sadəcə şişirdilmir; hökumət məcburiyyəti olmadan o, ümumiyyətlə mövcud deyil. Həmkarlar ittifaqları ümumiyyətlə maaşları artıra bilməzlər. Hər hansı iqtisadiyyat sahəsində bunu edə bilmələri yalnız hökumət məcburiyyətinə – minimum qiymətlərə – əsaslanır. Bütün minimum qiymətlər eyni bir nəticəyə gətirib çıxarır: qorunan əmtəə izafiliyi, yəni istifadə olunmayan resurslar. Hezlitt həmkarların əməkhaqqı səviyyələrini hökumətin qoyduğu minimum qiymət kimi təhlil etməklə başlamalı idi. Bununla da bitirməli idi.
Getdikcə pisləşir.
Bütün bunlar o demək deyil ki, həmkarlar ittifaqları heç bir faydalı və ya qanuni fəaliyyət həyata keçirə bilmirlər. Yerinə yetirə bildikləri başlıca funksiya – bütün üzvlərinin öz xidmətlərinə görə həqiqi bazar dəyərini almalarına zəmanət verməkdir.”
Necə? Həmkarlar ittifaqları bütöv iqtisadiyyatdakı əməkhaqqı səviyyələri haqqında dəqiq məlum mənbəyidirlərmi? Bunu nə ilə sübut etmək olar? Onlar digər sənaye sahələrindəki daha yüksək məvaciblər haqqında işçilərə məlumat verirlərmi? Yuvarlaq şəkildə desək, heç vaxt. Bəşəriyyət tarixində dəqiq informasiyanın ötürülməsinin ən böyük sosial və hüquqi mexanizmi sərbəst bazarın qiymətlər sistemidir. Hökumətin yaratdığı istehsalçı kartellərin məhsulların dəqiq qiymətləri barədə öz üzvlərinə düzgün məlumat verdiklərinə inanmadığımız kimi, həmkarlar ittifaqlarının da əməkhaqqının dəqiq qiyməti barədə öz üzvlərinə düzgün məlumat verdiyinə inanmamalıyıq. Həm həmkarlar ittifaqı, həm də kartel hökumətin yaratdığı giriş məhdudiyyətləridir.
Getdikcə pisləşir. Getdikcə daha da pisləşir.
Lakin son illərdə, onların səlahiyyətləri artdıqca, yanlış yönləndirilən ictimai rəğbət isə antisosial praktikalara münasibətdə tolerantlığa və ya təqdirə gətirib çıxardıqca, həmkarlar ittifaqları öz qanuni məqsədləri çərçivəsindən çıxıblar. Yetmiş saatlıq iş həftəsini altmış saata endirmək nəinki sağlamlıq və rifah üçün, həm də uzunmüddətli perspektivdə istehsal üçün də qazanc idi. Altmış saatlıq iş həftəsini qırx səkkiz saata endirmək sağlamlıq və asudə vaxt üçün qazanc idi. Qırx səkkiz saatlıq iş həftəsini qırx dörd saatlıq iş həftəsi ilə əvəz etmək istehsal və gəlir üçün olmasa da, asudə vaxt üçün qazanc idi.”
Hezlittin iqtisadi təhlilinə inansaq, bu qazanclara həmkarlar ittifaqlarının heç bir aidiyyəti yox idi. Bu fəslin tezisi ondan ibarətdir ki, əməkhaqqı artılır – yəni iş saatları azaldılır, amma bu, eyni ödənişlə – yalnız investisiya hesabına baş verir. Hezlitt düşüncəsini belə davam etdirirdi:
Beləliklə, bu nəticəyə gəlirik ki, həmkarlar ittifaqları bir müddət öz üzvlərinin maaşlarının artırılmasını təmin edə bilsələr də (qismən işəğötürənlərin və əsasən həmkarlara üzv olmayan işçilərin hesabına), uzunmüddətli perspektivdə bütün işçilər üçün həqiqi maaşları artırmırlar.”
Hezlittin məhsuldarlıq və əməkhaqqı təhlilinə, eləcə də həmkarlar ittifaqlarının kartel təbiəti haqqında arqumentlərinə inansaq, onda həmkarlar ittifaqlarının bütün işçilərin maaşlarını qısamüddətli perspektivdə artırdığına dair də sübut yoxdur.
Onların bunu etdiklərinə inam bir sıra yanılqılara əsaslanır. Bunlardan biri – post hoc, ergo propter hoc[1]Tərcüməçinin qeydi— latıncada: bundan sonra, deməli, bu səbəbdən. yanılqısıdır. Bu yanılqı son yarım əsrdə kapital qoyuluşu və elmi-texniki tərəqqi sayəsində əməkhaqqının böyük artımını görür və bunu həmkarlar ittifaqlarının ayağına yazır, çünki həmkarlar ittifaqları da eyni dövrdə inkişaf edirdilər.”
Nəticə: əməkhaqqı yalnız əmək məhsuldarlığının artması hesabına arta bilər. Burada əsas analitik məsələ doğur: investisiyaların və texnoloji yeniliklərin artmasına həmkarlar ittifaqlarının heç bir aidiyyəti yoxdur. Buradan belə bir nəticəyə gəlirik: əmək məhsuldarlığının artmasına həmkarlar ittifaqının heç bir aidiyyəti yoxdur. Bu səbəbdən onlar ümumiyyətlə işçilər üçün maaşları artırmayıblar. Onlar təkcə həmkarlar ittifaqlarına qoşulan müəssisələrdə öz üzvlərinin maaşlarını artırıblar. Buna həmkarlara üzv olmayan başqa işçilərin aldığı daha az maaşın hesabına nail olublar. Hökumət rəqib işçilərin rəqabətli təkliflərini qəbul etməyi müəssisəyə qadağan etdiyinə görə, o işçilər əks təqdirdə istəməyəcəkləri işləri indi qəbul etməyə məcbur qalıblar.
Hezlitt bu fəsli əməkhaqqı artımı ilə əmək məhsuldarlığı arasındakı sabit əlaqə haqqında bəyanatla başlamışdı, lakin bu düşüncə xəttini sonadək müdafiə edə bilmədi. Bunu etsəydi, həmkarlar ittifaqlarının əvvəllər iş saatlarının azalmasında və daha sağlam iş yerlərinin yaradılmasındakı “qanuni funksiyasına” heç vaxt istinad etməzdi.
Beləliklə, Hezlittin əmək məhsuldarlığı və əməkhaqqı haqqındakı müzakirəsinin doğru olduğunu fərz etsək – sizi əmin edirəm ki, bu, doğrudur – onda onun həmkarlar ittifaqlarının “qanuni funksiyası” ilə bağlı bəyanatı cəfəngiyatdır.
Nəticə: Hezlitt həmkarlar ittifaqları məsələsində üzü yumşaq davranıb.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-19 səhifəsinə baxın.

Qeyd
| ↑1 | Tərcüməçinin qeydi— latıncada: bundan sonra, deməli, bu səbəbdən. |
|---|