-5-
Vergilər istehsalı axsadır
Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək. Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək. Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız. Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək (1 Şamuel 8:15-18).
İsrail xalqı padşah istəyirdi. Onlar ətrafdakı xalqlar haqqında eşitmişdilər, onlara bu xalqların güclü mərkəzləşmiş hökumətləri olduğunu demişdilər. Hər birinə öz milli hökumətinin qüdrətini, nüfuzunu və şöhrətini təcəssüm etdirən bir padşah rəhbərlik edirdi. Həmin vaxt İsraildəki mülki idarəetmə sistemi isə mərkəzləşməmiş qəbilələrə əsaslanırdı. Hər bir qəbilənin öz hakimlər sistemi var idi. Qanunverici orqan yox idi. Mərkəzləşmiş mülki hökumət yox idi.
Şamuel həm kahin, həm də mülki hakim idi. İsrail xalqının nümayəndələri onun yanına gəlib xahiş etdilər ki, padşah kimi xidmət edəcək birini məsh etsin. Şamuel isə onları buna qarşı xəbərdarlıq verdi. Onun xəbərdarlığı təhdid kimi səslənirdi: vergilər artacaqdı. Onların təkcə yerli qəbilə mülki hökumətlərinə vergi ödəməsi kifayət etməyəcəkdi, indi padşahda təcəssüm edən mərkəzləşmiş hökumətə də vergi verməli olacaqdılar.
Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun. Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin»” (19-20-ci ayələr).
Vergilərin artma təhlükəsinin onları qorxudacağını düşünə bilərik. Ancaq belə olmadı. Səlahiyyəti olan biri ilə təmsil olunmaq istəyirdilər və bunun qiymətini ödəməyə hazır idilər. Qiymət isə onların gəlirlərinin 10%-i həcmində əlavə vergi idi. Bu 10%-lik rəqəm kahinlər qəbiləsi olan Levililərə fermerlərin ödəməli olduğu onda bir hissə ilə eyni idi (Say. 18:21-24). Şamuel onları xəbərdar etdi ki, padşah onlardan kahinlər qəbiləsinin haqqı olan qədər sərvət alacaq. Sərvətin və səlahiyyətin bu cür mərkəzləşməsi çox böyük olacaq. Ancaq bu, onları narahat etmirdi. Onlar qüdrətli mərkəzləşmiş dövlət istəyirdilər və onu aldılar. Bu, dörd padşahın dövründə davam etdi. Dördüncü padşah Rexovamın hakimiyyətinin ilk illərində vergi üsyanı baş verdi. İsrail xalqı şimal və cənub padşahlıqlarına ayrıldı (1 Pad. 12). O, bir də heç vaxt İbrani bir padşahın hakimiyyəti altında birləşmədi.
Təhlükə ilə üz-üzə dayanan vergi sistemi mütənasib idi. Ondabirlər prinsipi ilə eyni qaydaya əsaslanırdı. Hamı eyni faizi ödəyirdi. Cəmiyyət daxilindəki heç bir qrup daha varlı başqa bir qrupdan daha yüksək faiz tələb edə bilməzdi. Varlıların üzərinə qoyulan iqtisadi yükə kasıblar da məruz qalacaqdı. İsrailin padşahı bərabər imkanları istismar edəcəkdi. Buna baxmayaraq, xalq padşah tələb edirdi.
Tək bir padşahla təzahür edən mərkəzləşmiş hökumətin hakimiyyəti altında İsrail xalqının məhsuldarlığının azalacağı aydın idi. Hər il sərvətlərinin onda biri onlardan alınacaqdı. Həm də padşah onların qullarını və qarabaşlarını əllərindən alırdı. Bu xidmətçilər artıq ev təsərrüfatının istehsal sistemində iştirak etməyəcəkdilər. Onlar sayəsində qazanıla biləcək sərvət indi padşaha və ailəsinə veriləcəkdi. Artıq ev təsərrüfatı əvvəlki kimi məhsuldar olmayacaqdı, çünki əldə edə bildikləri vəsaitlər indi padşah tərəfindən mənimsəniləcəkdi. Buna baxmayaraq, xalq padşah tələb edirdi.
Buradan özümüz üçün iki dərs çıxarırıq. Birincisi, əxlaqi üsyan içində olan adamlar tiranlığı azadlıqdan üstün tuturlar. Şamuel üçün bu gözlənilməz olmadı, çünki Allah belə olacağını ona əvvəlcədən söyləmişdi.
Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər».” (ayə 7)
İkincisi, daha yüksək vergilərin onların sərvətini azaldacağına dair arqument onların ağlını başına gətirmir. Daha artıq şəxsi məhsuldarlıqdan faydalanmaq yerinə, hakimiyyətin təcəssümü altında yaşamağa üstünlük verirlər. Onlar Şamuelin iqtisadi məntiqinə qulaq asmadılar. Şamuelin vəziyyəti qiymətləndirməsi doğru idi, lakin onlar buna əhəmiyyət vermədilər.
Mövcud vergi məcəlləsini tənqid edən seçicilərin problemi həmişə budur. Onlar vergi ödəməyə etiraz etmirlər. Hakimiyyəti mərkəzləşmiş hökumətə verməkdən məmnundurlar. Onlar sadəcə yeni bir vergi məcəlləsi qəbul etmək istəyirlər ki, başqa biri daha çox vergi yükü daşısın. Ondabir prinsipini – mütənasib vergi ödənişini rədd edirlər. Onlar elə hesab edirlər ki, öz təsirlərindən istifadə edərək, gəliri daha artıq olanlardan hakimiyyətin daha çox pul almasına nail ola bilərlər. Onların vergi islahatına çağırışları belə səslənir: “Özünüzdən vergi almayın. Məndən vergi almayın. Vergini ağacın arxasındakı adamdan alın”.
1. Pəncərə sahibi
Şəxsi mülkiyyət mülkiyyət hüquqları (oğurluğa qarşı qanuni toxunulmazlıq) ilə şəxsi məsuliyyət arasında qanuni əlaqəyə əsaslanır. Müqəddəs Kitab dünya görüşündə Allah insana mülkiyyət hüququ bəxş edir. Bununla O, insanın şəxsi məsuliyyətini artırır.
Mülkiyyətçilik etik və iqtisadi səmərəliliyi yoxlamağa imkan verir. Mülkiyyətçi öz sərvətini Allahın – sərvətin ilkin sahibinin adından artırmaq üçün məsuliyyət daşıyır. İsa talantlar haqqında məsəldə bunu öyrədirdi (Mat. 25:14-30). İlkin mal sahibi vəsaitlərin istifadəsinə görə məsuliyyəti üç nəfərin üzərinə qoyur. Sonra isə hesabat tələb etmək üçün qayıdır. Hər birinin mal sahibinin sərvətini artırıb-artırmadığını yoxlayır. İkisi belə etmişdilər; biri isə etməmişdi. Edən iki nəfər sonra daha çox sərvət alırlar, həmin sərvəti mal sahibi talantı torpağa basdıran – gəlir dərəcəsi sıfır olan idarəçinin vəsaitini yenidən bölüşdürərək verir.
İsa əsas fikri çatdırmaq üçün pul haqqında məsəldən istifadə etmişdi: əmək məhsuldarlığınızı artırmaq etik tələbdir. Bu, həm də Allahın hökmünə bağlı tələbdir. Bir kimsənin məhsuldarlığını artırmağın ən yaxşı yolu – onu mülkiyyətçi etməkdir. Onda Allah onun üzərinə məsuliyyət qoyur. Məsəldə Allah mülkiyyəti bir komitəyə verməmişdi. Onu ayrı-ayrı fərdlərə vermişdi.
2. Pəncərə
Sərvət istehsal aləti kimi xidmət edir. Şamuelin xəbərdarlığında əsas diqqət torpaq və ev təsərrüfatı məhsullarına – toxumlara, ev heyvanlarına və xidmətçilərə yönəlmişdi. Bu vəsaitlərdən bəziləri istehlak malları idi. Lakin onlar istehsal məhsuluna – sərmayəyə də çevrilə bilərdilər. Talantlar haqqında məsəldən aydın olur ki, Allah Öz investisiyasından müsbət gəlir gözləyir. Bu o deməkdir ki, mülkiyyətçilər öz sərvətlərinin bir hissəsini investisiya məqsədləri üçün ayırmalıdırlar.
Sərbəst bazar mülkiyyətçilərə imkan verir ki, müştərilərə xidmət göstərməklə öz sərvətlərini artırsınlar. Vəsait sahibləri – müştərilər – sərmayə istehsalı üçün bir-birinə qarşı təkliflər verirlər. Onlar vəsaiti əldə etmək istəyən ən güclü iddiaçılardır. Onların pulu var. Pul – ən yaxşı satılan məhsuldur. Sonra sərmayə sahibi kimin təklifini qəbul edəcəyinə qərar verir. Buna özünün təklifi də daxildir, çünki satmamağa da qərar verə bilər. O, geniş çeşidli iddiaçılar arasından seçim edə bilər. İstehlakçılar üçün arzu olunan məhsullar və xidmətlər istehsal edə bilsə, sonra öz məhsulunu hər hərracın qaydalarına uyğun olaraq bölüşdürəcək: daha yüksək təklif qalib gəlir.
Bu, vəsait sahiblərinə imkan verir ki, mülkiyyət və ya bir-birinin əmlakına müvəqqəti nəzarət üçün təklif versinlər. Pul sahibləri (alıcılar) bir-biri ilə rəqabət aparırlar. Məhsul sahibləri (satıcılar) bir-biri ilə rəqabət aparırlar. Rəqabət nəticəsində çoxsaylı qiymətlər ortaya çıxır. Hər məhsulun alışında, hər hərracda ən yüksək qiyməti təklif edən qalib gəlir. Vəsaitlərin könüllü bölüşdürülməsinin bu hüquqi sistemi istənilən miqdarda sərvəti olan hər kəsə imkan verir ki, sahib olduqları şeyləri sahib olmaq istədikləri şeylərlə mübadilə etsinlər. Bu, hüquqi müstəqillik sistemidir. O, iqtisadi mübadilə sistemi yaradır. Bəs mübadilə edilən şey nədir? Mülkiyyətçilik: qanuni toxunulmazlıq və iqtisadi idarəçilik.
Sərbəst bazar sistemində ən səmərəli – daha az bədxərclik edən – istehsalçılar cəmiyyətin sərvətinin getdikcə daha çox hissəsini əldə edirlər. Onlar rəqabət aparan müştərilərin tələbatlarını ödəməyə davam edərkən öz rəqiblərindən daha səmərəli olsalar, sərvət yığmağa davam edəcəklər. İstehlakçıların tələblərini qeyri-səmərəli şəkildə ödəyən istehsalçılar isə uduzan tərəf olacaqlar. Onlar daim sərmayələrinin tükəndiyini hiss edəcəklər. Sərmayə könüllü rəqabət vasitəsilə qeyri-səmərəli istehsalçılardan səmərəli istehsalçılara keçir. Bu keçidin hakimləri isə daha səmərəli istehsalçıları mükafatlandıran istehlakçılardır. Bu mülkiyyətçilik sistemi sərmayə sahiblərini istehsalı davam etdirməyə ruhlandırır. Bu isə sərmayə yığımı ilə – daha yaxşı vasitələrlə nəticələnir. Daha zəngin istehlakçılara meydana çıxır – daha yüksək məhsuldarlıq/gəlir və daha böyük seçim olur. Bu mülkiyyətçilik sistemi məhdud istehsal vasitələri üzərində nəzarəti istehlakçılara verir, bunu onların iqtisadi təmsilçiləri – səmərəli istehsalçılar vasitəsilə edir. İstehlakçılar bu hərrac prosesində öz nüfuzlarını saxlayırlar, çünki onlar pula – ən çox atılan məhsula sahibdirlər.
3. Daş
Bu vəziyyətdə daş – vergilərin artmasıdır. Yeni bir vergini ölkə və ya vergi ödəyiciləri üçün faydalı kimi qələmə verməyin asan yolu yoxdur. Adətən onu olduğu kimi nəzərdən keçirirlər: öhdəlik kimi. İnsanlar Keynsçi bir iqtisadçının “Vergilərin artımı yeni iş yerləri yaradacaq” sözlərinə nadir hallarda inanırlar. İş yerləri vergiyığanlar üçün yaradılır. Bu, seçicilərdə təəssürat yaratmır. Belə olduqda, “görünməyən şeylər” aydın görünür. Qaşıq dolusu Keynsçi şəkəri dərmanın acısını azaltmır.
Siyasətçilərin vergi artımını seçicilərin əksəriyyətinə qəbul etdirmək üçün istifadə etdiyi yol – orta təbəqədən olan seçiciləri yeni vergini yalnız varlıların ödəyəcəyinə inandırmaqdır. Orta təbəqədən olan seçicilər bu göz qabağında olan yalana inanmağa davam edirlər. Onlara deyirlər ki, bu gün iqtisadi qeyri-bərabərlik həddindən artıq böyükdür. Onlar isə düşünürlər ki, varlılar bu vergini ödəyə bilər. Deyəsən, bu sual heç vaxt amerikalı seçicilərin ağlına gəlmir: “Əgər varlılar 1914-cü ildən bəri öz ədalətli vergi borclarını heç vaxt ödəməyiblərsə, bəlkə yeni təklif olunan vergi artımını da ödəməyəcəklər”. Qısqanclıq hissi onları üstələyir. Yeni vergini qəbul edirlər. Bu vergini öz bank hesablarından ödəməsələr də, görəcəyik ki, yenə də onlar ödəyəcəklər.
Dövlət pulun bir hissəsini mövcud mülkiyyət sahiblərindən toplayır. Pulun mülkiyyət haqları – Allah qarşısında məsuliyyət daşıyan və sərmayə qoymağa hazır istehlakçıların mütləq iqtisadi təmsilçiləri olan – mülkiyyətçilərin əlindən alınıb, dövlətin təmsilçiləri olan bürokratların əlinə verilir. Mərkəzləşmiş hakimiyyətin ümumi idarəetməsi altında olan bürokratlar yenicə müsadirə etdikləri pulları dövlətin sərvəti üçün müxtəlif rəqibləri məmnun etməyə xərcləyirlər. Siyasətçilər artıq vergi məcəlləsini təsdiqləyiblər. Bürokratlar indi pulları yığırlar və paylayırlar.
Demokratik sistemdə dövlətin yeni müsadirə edilmiş vəsaitləri üçün çox təklif verən var. Onlar təkliflərini siyasi valyuta ilə – seçici səsləri ilə verirlər. Təklifi siyasi kampaniya fəallarına yardımlar şəklində də verirlər. Hətta təkliflərini müəyyən qanunvericilərə gizli masa altından ödəmələr şəklində verə bilərlər. Mübadilələr baş verir. Siyasətçilər siyasi cəhətdən bacarıqlı xüsusi maraq qruplarına nə qədər ödəməli olduqlarına qərar verirlər.
Əmək bölgüsü olan hər bir iqtisadiyyatda ixtisaslaşma mövcuddur. Siyasət də bunda istisna deyil. Xüsusi maraq qrupları öz üzvləri üçün xüsusi imtiyazlar əldə etmək üzrə ixtisaslaşırlar. Dövlət səxavətinin potensial alıcıları dövlətin müsadirə etdiyi sərvəti ələ keçirməyin yolları üzrə ixtisaslaşırlar. Əksinə, şəxsən onlardan müsadirə edilmiş pullarla nə edildiyini öyrənmək üçün vaxtı və ya marağı olmayan seçicilər isə dövlət tərəfindən həyata keçirilən böyük həcmli pul köçürmələrinin təfərrüatlarına daha da az diqqət yetirirlər. İctimaiyyət bir neçə il səs verərək, bu mütəxəssislərlə rəqabət aparmağa çalışırlar, ancaq xüsusi maraq qruplarının seçicilərin sərvətini almağı bacardıqları kimi, seçicilər öz sərvətlərini qorumağı bacarmırlar. Seçicilərin rəqabət apara biləcəyi yeganə yol – vergilərin artmasını dəstəkləyən siyasətçilərə səs verməkdən imtina etməkdir. Bu, “yox” deyə səs vermək ixtisasıdır. Çox az sayda seçici bu qabiliyyətə yiyələnə biliblər. Siyasətçilər belə seçiciləri asanlıqla görməzdən gələ bilərlər. Beləliklə, vergi əleyhinə çıxış edən namizədlərin sayı ciddi şəkildə məhdudlaşdırılıb.
Rəqabətli sərbəst bazar ilə dövlət arasındakı əsas fərq bundadır: rəqabətli sərbəst bazarda qanuniləşdirilmiş məcburiyyət yoxdur. Mülkiyyətçilərin təklifləri rədd etməyə qanuni haqları var. Əksinə, mülki hökumət təmsilçisi təklif edəndə, vergi ödəyicilərinin indi ən yüksək olan təklifi rədd etməyə haqları olmur. Bu təklif silahın köməyilə irəli sürülür. Nişanı olan birinin silahı var və vəsait sahibinin sərvətinin dövlət tərəfindən bəyan edilən hissəsini almağa onun imkanı var.
Vəsait sahibinin öz sərvətini boş yerə xərcləməmək üçün bilavasitə səbəbi var. Sərvəti paylayan bürokrat təmsilçilər isə sərvəti istehsalın gələcəyini yaxşılaşdırmaq məqsədli bölüşdürməklə maraqlanmırlar. Vergi daşı sərvət yaradılışının pəncərəsini sındırır.
4. Xərclər
Vəsaitlər fərdi mülkiyyətçilərdən siyasətçilərin ümumi səlahiyyəti altında fəaliyyət göstərən bürokrat təmsilçilərə keçdiyinə görə, iqtisadiyyatın diqqəti istehlakçı tələbatlarını ödəməklə sərmayə bazasının artırılmasından uzaqlaşıb, asan əldə edilmiş pullarla xüsusi maraq qruplarının tələbatlarını ödəməklə sərmayə bazasının azalmasına yönəlir.
Xüsusi maraq qrupları bazar qiymətini geniş ictimaiyyət ilə birbaşa rəqabət şəraitində ödəmirlər. Onlar dövlətin müsadirə etdiyi sərvət hesabına xalis artım əldə etmək üçün siyasətçilərə bazardan kənar qiymət ödəyirlər. Əgər onlar öz siyasi mübarizələrində uğur əldə etsələr, yenidən bölüşdürmə prosesinin sonunda onlar əvvəlkindən daha çox sərvət əldə edəcəklər. Vergi ödəyicilərinin isə daha az sərvəti olacaq.
Öz sərvətini artırmaq istəyən fərdi mülkiyyətçinin diqqət mərkəzində qənaət, dəqiq proqnozlaşdırma, səmərəli istehsal və mənfəətin yenidən investisiyası dayanır. Bürokratiyanın korporativ məqsədi – növbəti maliyyə ilində daha böyük büdcə əldə etməkdir. Bu pulları qanunverici orqan təmin edir. Bürokratiyanın daha bir vacib məqsədi özünün ümumi səlahiyyətlərini genişləndirməkdir. Bürokratiya bu ikiqat istəyində uğur qazananda bunun nəticəsi bürokratiyaya verilən sərvətin miqdarının artması və deməli, iqtisadi inkişafın sürətinin azalması olur. Pullar öz şəxsi sərvətini investisiya qoymaq həvəsində olan adamlardan dövlətin sərvətini xərcləməyə həvəsi olan başqa adamlara keçir. Bürokratlar ayrı-ayrı fərdlər olaraq dövlətin müsadirə etdiyi sərvətin bir hissəsinə şəxsən iddia edə bilməzlər, lakin bu sərvəti bölüşdürdükləri üçün ömürlük karyera maaşları alırlar.
Mülkiyyətçilər istehsalın artırılması üzrə ixtisaslaşıblar. Bürokratlar isə istehsalın azaldılması üzrə ixtisaslaşıblar. Beləliklə, müasir vergi sisteminin xərcləri istehsalın azaldılması ilə nəticələnir. Sərvətin bölüşdürülməsi üzrə mütəxəssislər məcburiyyət yolu ilə cəmiyyətin sərmayə bazası üzərində böyük nəzarət əldə edirlər. Bu, dövlət məcburiyyəti ilə qurulan əmək bölgüsünün fəaliyyətdə olan halıdır.
İstehsalçılar sərmayə artımı ilə bağlı uzunmüddətli görüşə sahibdirlər, çünki onlar və ya onların ailələri bu artımdan faydalanacaqlar. Siyasətçilərin vergi yığımına və xərclərə baxışı isə qısamüddətlidir – bu baxış növbəti seçkilərin çərçivəsindən kənara çıxmır. Beləliklə, vergi sistemi qərar qəbul etmək səlahiyyətini sərmayə yığımında və istehsal artımında uzunmüddətli öhdəliyi olan adamlardan alıb, gələcək seçkilərdə qələbə qazanmaq üçün qısamüddətli öhdəliyi olan adamlara verir.
Ağacın arxasındakı adama kəsilmiş vergi başqa vətəndaşların sərvətini azaldacaq. O, vergi ödəməkdənsə, pulunu daha məhsuldar şəkildə istifadə edirdi, ancaq indi pulunu özü bildiyi kimi xərcləməyəcək. Elə bir an gələcək ki, o, dövlət üçün işləməyə marağını itirəcək. Öz pulunu bu qədər riskə atmayacaq. Qaydanı bilir: “Udsam, dövlət də mənimlə birlikdə udacaq. Uduzsam, tək mən uduzacağam”.
5. Nəticələr
Vergiləri artırmağın nəticələri göz qabağında olmalıdır. İstehsal yavaşlayır, çünki sərmayə istehsal üzrə mütəxəssislərdən siyasi bölüşdürmə üzrə mütəxəssislərə keçir. Müsadirə edilmiş sərvəti ötürmək üçün maaş alan və iş yerlərini saxlayan mütəxəssislər isə məhdud vəsaitləri nəinki artırmaq, heç qorumağın da qayğısına qalmırlar. Onların münasibəti belədir: “Bu, haradan gəlibsə, orada həmişə daha çox var”. Ona görə ki, onların cəmiyyətin məhsuldar üzvlərinin sərvətini mənimsəmək üçün qanuni səlahiyyətləri var. Onlara bu səlahiyyəti seçicilər verir.
Sosial nizam bunun üçün bir qiymət ödəyir. Birincisi, o, müstəqilliyini itirir, çünki sərvət məcburiyyət orqanının əlinə verilir. İkincisi, məhsuldarlıq azalır, çünki sərmayə öz pullarını investisiya qoyuluşuna xərcləyənlərə ötürülmür, bu pulları siyasi alverdə uğur qazanmış xüsusi maraq qruplarına ötürənlərin əlinə keçir.
Belə olduqda, sərvət artırmaqda uğur qazanmış adamlar öz sərvətlərinin xərcləyə biləcəklərindən daha az hissəsini sərmayə yaratmağa sərf edirlər. Niyə? Çünki onların səylərinin və qeyri-müəyyənliyin hökm sürdüyü bazardakı investisiyalarının nəticələri uğurlu olarsa, vergiyə məruz qalacaqlar. Siyasi təzyiqlərlə pul qazanmağı bacaran siyasi oliqarxlar ictimai nizamdakı nüfuzlarını artırırlar.
Belə bir vəziyyətdə istehlakçılar üçün seçim azalacaq, çünki vergi sistemi iqtisadi istehsalın həcmini azaldacaq. Nə qədər ki onların əksəriyyəti vergilərin artımını və ya hazırkı səviyyədə saxlanmasını dəstəkləyən siyasətçilərə səs verir, özlərini mirasdan məhrum etməyə davam edəcəklər.
Yekun
Vergilər artanda şəxsi sərvət artımının sürəti azalır. Sərvət yaratmağın sürəti azalır, çünki istehlakçıların seçim imkanları məhdudlaşır. Bəlkə daha geniş seçim nəticəsində onlar daha çox qənaət edə bilərdilər, lakin geniş çeşiddə seçim yoxdur. Dövlət onların pullarını müsadirə edib.
Vergilərin iqtisadi inkişafın sürətini azaltdığına seçiciləri inandırmaq çətindir. Niyə? Çünki bütövlükdə dünyada misilsiz iqtisadi artım müşahidə olunur. Təxminən 1800-cü ildən indiyə qədər Qərbdə sabit iqtisadi artımın müşahidə edilmədiyi yeganə onillik Böyük Böhran onilliyi idi: 1930-cu illər. Adamla iqtisadi səbəb-nəticə əlaqəsini başa düşmürlər. Onlar hətta bu əxlaqi prinsipi belə anlamırlar: “Oğurluq etmə, səs çoxluğu olsa belə”. Ona görə də onlar dövlət sərvətinin yenidən bölüşdürülməsi proqramlarına səs verməyə davam edərək, adi vergi ödəyicisindən fərqli olaraq, varlıların nəhayət öz gəlirlərinin daha böyük faizini ödəyəcəklərinə həmişə ümid edirlər. Ancaq dövlət heç vaxt təkcə varlılardan vergi almaqla kifayətlənmir. Dövlət istəyir ki, hər bir məhsuldar vətəndaş öz ədalətli payını ödəsin, bu isə həmişə daha çox demək olur.
Nə qədər ki adamlar ehtimal edilən vergi gəlirləri adı ilə yaranmış milli hökumət borcu tələsinə düşməyiblər, onların səsvermədəki davranışları dəyişməyəcək. Lakin vergi gəlirləri dövləti qanuni öhdəliklərini yerinə yetirmək üçün kifayət etməyəcək. Dövlət artıq aşağı faizlə borc ala bilməyəcək. Hiperinflyasiya işə yaramayacaq, çünki dövlət uzunmüddətli vədlər verib, hiperinflyasiya isə valyuta məhv edilənə qədər cəmi bir neçə il davam edə bilər. Ancaq siyasi vədlər hələ də qanun kitablarında qalmağa davam edir.
Seçicilər Şamuelin dövründəki İsrail xalqına çox oxşayırlar. Dövlətin onların sərvətinin böyük hissəsini müsadirə edəcəyi haqqında arqumentə qulaq asmırlar. Həmişə düşünürlər ki, siyasi sərvətin yenidən bölüşdürülməsi prosesində qalib gələn tərəf olacaqlar. Ancaq uduzan tərəf olurlar, çünki seçkilər arasında ixtisaslaşmayıblar. Qaliblər isə vergi ödənişindən qaçış və sərvətin yenidən bölüşdürülməsi üzrə mütəxəssislər – yüksək ixtisaslı hüquqşünasları, mühasibləri və lobbiçiləri işə götürən nəhəng şirkətlər və sənayelər olurlar. Seçici seçkilərin nəticələrinə təsir edə bilmir. Lobbiçi 1000 səhifəlik vergi qanun layihəsinin bir abzasının mətninə təsir göstərə bilər. Siyasi ixtisaslaşmadan ən çox kim faydalanır?
Seçicilərin bəlkə bir gün ağlını başına gətirməyin üç yolu var. Birincisi – əxlaqi dəyişimdir. Nəhayət, səsvermə kabinəsi vasitəsilə oğurlamamaq qərarına gələ bilərlər. İkincisi, vergi sisteminin onları daha kasıblaşdırdığına dair iqtisadi arqumenti, nəhayət, dərk edə bilərlər. Üçüncüsü və ehtimalı daha yüksək olanı, ibranilər padşah Rexovamın vaxtında dərs aldığı kimi, onlar da sərvətini dövlətə verməkdən asılı vəziyyətə düşən hər kəsə vergilərin artımı böyük ağrı gətirəndə dərs alacaqlar. Səslərin bazardan kənar hərracı iqtisadiyyata zərbə vuranda, seçicilər, nəhayət, sərbəst bazarın hərrac prosesinə – məcburiyyət yolu ilə deyil, könüllü mübadilə yolu ilə başqalarının vəsaitlərinə mülkiyyət hüququnun əldə edilməsi prosesinə – güvənməyi qərara ala bilərlər. Onlar, nəhayət, “Oğurluq etmə, amma səs çoxluğu varsa, olar” əmrindən imtina edə bilərlər.
Əlavə oxu
Köməkçi materiallar üçün (ingilis dilində) bit.ly/CEIOL-Doc-5 səhifəsinə baxın.
-6-
Kredit istehsalın yönünü dəyişdirir
Özgəyə zamin duran özünü bəlaya salar, belə zaminlikdən
zəhləsi gedən dinc yaşar (Süleymanın məsəlləri 11:15)
Qədim “zamin durmaq” termini bu gün geniş istifadə edilmir. Bu gün onun əvəzinə belə bir termin işlənir: birgə imza. Xəbərdarlıq isə bu gün də Süleymanın günlərində olduğu qədər aktualdır. Yad adam üçün sənədə birgə imza atmayın. Süleyman bunu söyləməklə kifayətlənməmişdi. O, dost üçün belə, zamin durmamağı məsləhət görürdü (Sül. Məs. 6:1-5).
Bir sənədə birgə imza atdığınız zaman kreditin girovuna çevrilirsiniz. Kreditor kredit üçün müraciət edən şəxsin kifayət qədər girovu olmadığına qərar verib. Kredit alanın borc aldığı pullarla bağlı planları baş tutmasa, onun borcu ödəmək imkanı yoxdur. Ehtiyatda kifayət qədər satıla bilən vəsaiti yoxdur. Başqa sözlə desək, onun kredit reytinqi aşağıdır. Kreditor bu əsaslarla kredit vermək istəmir. Odur ki, potensial borcalan kifayət qədər girovu və yaxşı kredit reytinqi olan birini axtarır. Həmin adamdan xahiş edir ki, kredit üçün zamin dursun. Beləliklə, əgər o, kreditini ödəyə bilməsə, kreditor indi ödəməyə qadir olmayan borclunun ödəməyə qadir dostunun yanına gedəcək. Borc məbləğini ödəməyə qadir dostdan alacaq.
Süleyman heç kimin öz dostu üçün zamin durmamağını məsləhət görürdü. Görünür, dost üçün zamin durmaq pis fikirdirsə, onda yad adam üçün zamin durmaq – daha da pis fikirdir.
Bu iki məsəldən aydın olmalıdır ki, kredit istehsalın yönünü dəyişdirir. Məhsuldar sərmayə bir investisiyadan başqasına keçir. Potensial borc alanın investisiyanın bu cür yer dəyişməsinə zəmanət vermək üçün kifayət qədər krediti yoxdur.
Yalnız onun borc ödəməyə qadir dostu sənədə imza atdıqdan sonra kreditor razılaşdı ki, istehsalı, yəni istehsalda istifadə olunan sərmayə vəsaitlərini əvvəlki yüksək reytinqli investisiya imkanından yenisinə yönəltsin. Əgər borc ödəməyə qadir şəxs sənədi imzalamaq istəməsəydi, kreditor öz sərmayəsinin istiqamətini dəyişməzdi. Dostun atdığı imza kreditor üçün öhdəliklərin yerinə yetirilməməsi riskini azaltdı. Bu, həmin krediti kreditorun investisiya imkanları şkalasında birinci yerə yüksəltdi.
Bunu diqqətə alaraq, gəlin biznes müəssisələrinə verilən dövlət kreditlərinin iqtisadiyyatını müzakirə edək.
1. Pəncərə sahibi
Mülkiyyət sahibləri kimlərdir və nəyə sahibdirlər?
İki cür mülkiyyət sahibi var: kreditor və borc götürən. Kreditor pula sahibdir. Bu, kapital vəsaitidir. Onu istehlak məqsədləri üçün istifadə edə bilərdi, lakin vəsait sahibi kapitalistdir. O, pulunu gələcəkdə daha çox pul qazanmaq üçün istifadə etmək istəyir. Kredit vermək üçün yaxşı kredit reytinqi olan borc götürənlər axtarır. Kreditor pula sahib olduğuna görə, onun sahib olduğu şeyi görmək və anlamaq asandır. Görmək və anlamaq asan olmayan isə borc götürənin sahib olduğu şeydir: kredit qabiliyyəti (müəyyən faiz dərəcəsi üçün). Bu, görünməyən şeydir. Henri Hezlitt bunu belə ifadə etmişdi:
Xaricdə bütün pul dəlilərinin mənimsədiyi qəribə bir fikir var ki, kredit – bankirin insana verdiyi şeydir. Kredit isə, əksinə, insanın artıq sahib olduğu şeydir. Ola bilsin ki, onun artıq istədiyi borcdan daha böyük nağd dəyərə sahib satıla bilən vəsaiti var. Ya da onun xarakteri və kredit tarixçəsi onu buna layiq edir. O, kredit tarixçəsini özü ilə banka gətirir. Məhz buna görə bankir ona kredit verir. Bankir heç bir şeyi elə belə vermir. O, borcun qaytarılacağına əminlik duyur. O, sadəcə vəsaitin və ya kreditin daha likvid formasını az likvid forma ilə əvəz edir. Bunu edərkən bəzən səhvə yol verir və onda təkcə bankir deyil, bütün icma əziyyət çəkir. Çünki kreditorun istehsal etməli olduğu dəyərlər istehsal olunmur, vəsaitlər isə boş yerə sərf olunur.”
İstənilən iqtisadi əməliyyatda mübadilə baş verir. Mübadilə – mülkiyyət hüququnun birdəfəlik və ya müvəqqəti mübadiləsidir. Baxdığımız vəziyyətdə mülkiyyət hüququnun müvəqqəti mübadiləsi baş verir. Pul sahibi pulu, yəni puldan istifadə haqqını borc götürənə borc verir. Bunun əvəzində o nə alır? O, ilkin kreditin qaytarılması və üstəlik, sonradan əlavə ödəniş vədi alır. Faiz dərəcəsi – kreditin qiyməti – müqavilədə qeyd olunur. Kreditin müddəti – ödənişin son tarixi də müqavilədə qeyd olunur.
Kreditor daha yaxşı bilir ki, bir şeyi havayı istəmək olmaz. Elə isə o, verdiyi şeyin əvəzində nə istəyir? O, kreditin ödənişinə dair yazılı vəd istəyir. Bunu yaxşı kredit keçmişi olan birindən almaq istəyir. Borc alanın kredit reytinqi – borcu ödəməyə dair yazılı vədi möhkəmləndirən vəsaitdir. Deməli, borc götürən – vəsaitə sahib bir adamdır. Bu vəsait – onun iqtisadiyyatın etibarlı iştirakçısı kimi qazandığı nüfuzdur.
Mübadilənin hər iki iştirakçısı vəsait sahibi olduqlarına görə, bu, mübadiləni onları hər ikisi üçün iqtisadi cəhətdən məqsədyönlü edir. Hər ikisi mülkiyyət sahibi olduqlarına görə, hər birinin mübadilədə iştirak etmək üçün qanuni suverenliyi var. Hər biri özünün müvafiq vəsait formasına mülkiyyət hüququna sahibdir. Mülkiyyət haqları fərdi vətəndaşlar və ya dövlət tərəfindən məcburiyyətə qarşı toxunulmazlıq deməkdir. Buradakı təhlükə isə bundadır: dövlət bu mülkiyyət haqlarının bəzisindən və ya hamısından məhrum edə bilər.
2. Pəncərə
İştirakçılardan hər birinin mübadilə aparmaq haqqı olduğuna görə, hər biri öz məqsədinə nail olmaq üçün hərəkətə keçə bilər. Hər biri öz vəziyyətini yaxşılaşdırmağa çalışır. Pul sahibi gələcəkdə daha çox pul qazanmaq istəyir. Yaxşı kredit sahibi müəyyən müddət ərzində pullardan istifadə edə bilər. Ona görə də o, borc aldığı pulları istədiyi şəkildə istifadə edərkən, pulu kreditora gələcəkdə qaytaracağını nəzərə alır. Bu, borc götürənin ya istehlak malları, ya da istehsal yönümlü mallar almasına imkan verir. Həmin pullardan öz məqsədinə çatmaq üçün istifadə edə bilər. Sonra o, vəsaitlər üçün təkliflər verir.
Əgər o, kapitalistdirsə, kapital avadanlıqları, xammal, əmək xidmətləri və bəlkə işini apara biləcəyi torpaqlar alır. O, bütün bunları gələcəkdə müştərilər üçün dəyərli olacaq məhsullar və ya xidmətlər istehsal edəcəyinə ümidlə edir. Düşünür ki, müştərilər onun istehlak mallarını və ya xidmətlərini istehsal etmək məqsədilə satın aldığı və ya icarəyə götürdüyü mallar və xidmətlər üçün xərclədiyindən daha çox ödəməyə hazır olacaqlar. Başqa sözlə, o, ucuz alıb, baha satır. Kapitalistdən aldığı borc ona imkan verir ki, gələcək müştərilərin tələbatlarını daha yaxşı ödəsin. Əgər planlarını doğru qurubsa, gəlir əldə edəcək, sonra isə krediti faizi ilə birlikdə ödəyəcək. Kreditor istədiyini alır. Borc götürən istədiyini alır. Müştərilər istədiklərini alırlar. İlkin investisiya istehsalın artması ilə nəticələnir, bu isə öz növbəsində daha çox müştəri məmnuniyyətinə gətirib çıxarır.
Hər bir halda, vəsait sahibi gələcək müştərilər, yəni pul sahibləri adından hərəkət edir. Hər bir vəsait sahibi iqtisadi nöqteyi-nəzərdən bu gələcək müştərilərin təmsilçisidir. Əlbəttə, bu gələcək müştərilər gələcəkdə müştəri olmamaq qərarı da verə bilərlər. Onların məhsul və xidmət almamağa qanuni haqları qalır. Lakin iqtisadi nöqteyi-nəzərdən kapitalistlər gələcək müştərilərin təmsilçiləri kimi hərəkət etməlidirlər. Müştərilərin pulu olduğuna görə, pul isə ən çox satılan məhsul olduğuna görə, səlahiyyət müştərilərin əlindədir.
3. Daş
Bu könüllü razılaşmaların könüllü silsiləsinə dövlət də daxil olur. Dövlət gəlir əldə etmək üçün fiziki və hüquqi şəxslərdən vergi tutur. Dövlət həmçinin kreditorlardan pul borc alır. Bezi hallarda o, pulu mərkəzi banklardan borc alır, onlar isə borc qəbzlərini hökumətdən satın almaq üçün olmayan yerdən yeni pullar yaradırlar.
Sonra dövlətin təmsilçiləri pulu biznes müəssisələrinə təklif edir. O, kreditləri elə faiz dərəcəsi ilə verir ki, borc götürənin özəl kapital bazarlarında ödəməli olduğundan daha az olsun. Borc götürənin özəl kapital bazarlarında daha yüksək məbləğ ödəməli olmasının səbəbi var: onun kredit reytinqi aşağıdır. Bu, kredit bazarındakı digər kreditçilərə nəzərən onun daha yüksək risk daşıyan kreditçi olduğunu söyləməyin başqa bir yoludur. Bankirlər və digər potensial kreditorlar bu adamın keçmiş kredit tarixçəsini araşdırıblar və bu adamın aşağı faiz dərəcəsi ilə pis kredit riski olduğunu müəyyənləşdiriblər. Kreditin əlverişli olması üçün o, daha yüksək faiz ödəməlidir ki, kreditorların onunla bağlı üzləşdiyi daha yüksək riski kompensasiya etsin. Bunun əvəzinə o, dövlətdən kredit almaq üçün alış-verişə gedir.
Sonra dövlət təmsilçisi bu kreditçinin kredit götürməyə layiq olduğunu müəyyənləşdirir. Dövlət vergi ödəyicilərindən müsadirə edilmiş pulun bir hissəsini götürüb, bu kreditçiyə verir. Bunu bazardakı faizdən aşağı faizlə baş edir. Özəl kreditorlar kreditçinin aşağı kredit reytinqini nəzərə alıb, daha çox faiz tələb edərdilər.
Dövlət orqanı bunu səbəbsiz etmir. Bu cür kreditlər seçicilər arasında çox populyardır. Həm də dövlət orqanı öz pullarını riskə atmır. Növbəti maliyyə ilində o, daha çox pul əldə edəcək. Nə qədər ki siyasətçilər dövlət orqanını daha çox müsadirə olunmuş pullarla maliyyələşdirməyin yaxşı siyasət olduğunu düşünürlər, dövlət orqanının zəmanətli gəlir mənbəyi olacaqdır. Başqa sözlə, dövlət təmsilçisi iqtisadi göstəricilər əsasında qərar qəbul etmir. Onun qərarı siyasətə əsaslanır.
4. Xərclər
Biz heç vaxt heç nəyi havayı əldə etmirik. Ona görə də pulu izləməliyik. Görünməyən şeyləri axtarmalıyıq.
Geniş ictimaiyyətin görə bilmədiyi şey budur. Birincisi, peşəkar kreditorların yüksək kredit reytinqi olan kreditçilərə verə biləcəyi pullara kreditorların əli çatmır, çünki dövlət həmin pulları müsadirə edib. İkincisi, öz yüksək kredit reytinqləri əsasında kredit ala biləcək kreditçilər bu kreditləri ala bilmirlər, çünki hökumətin vergi orqanı həmin pulları başqa bir dövlət orqanına yönləndirib. O orqan isə kreditləri bazar faizlərindən aşağı faizlərlə yüksək risk səviyyəli kreditçilərə verir.
Bir də həmin pulları istehsal üçün istifadə edə biləcək kreditçilərin gələcək müştəriləri var. Kredit əldə etmədikləri üçün istehsal etmirlər. Hökumət pulları müsadirə etdiyinə görə, özəl kreditorların əli daha az pula çatır, buna görə də kreditorlar pulu ixtisaslı kreditçilərə verə bilmirlər. Bu kreditçilərin gələcək müştəriləri üçün baha başa gəlir. Müştərilər bunun onlar üçün baha başa gəldiyini dərk etmirlər, çünki satış üçün təklif edilməyən məhsullardan və xidmətlərdən xəbərsizdirlər. Bunlar görünməyən şeylərdir.
Kreditçilər daha yüksək riskli kreditçilər olduqlarına görə, bu kreditlərin defolt səviyyəsi (vaxtında ödənilməmə) yüksəkdir. Bu gecikdirilmiş kreditlər üçün ödənişi kim edir? Sənədlərə kim zamin durub? Vergi ödəyiciləri. Onların bu sənədlər birgə imza atdıqlarından xəbərləri yoxdur, ancaq atıblar. Vergi ödəyicilərindən müsadirə etdiyi pulları kredit verən hökumət orqanı yenicə müflis olan kreditçilərin arxasınca düşmür. Hökumət orqanı həmin kredit borclarını silir. Bu, boş yerə israf edilmiş vəsaitdir. Ancaq sonra, saat dəqiqliyi ilə, dövlət orqanı növbəti maliyyə ilində həmin itirilmiş vəsaitin yerini siyasətçilər vasitəsilə doldurur. Uduzan tərəf vergi ödəyiciləri olur. Kredit verən orqanlar sənədləri vergi ödəyicilərinin adından imzalayıblar, ancaq vergi ödəyicilərinin bundan xəbəri yoxdur. Vergi ödəyiciləri növbəti maliyyə ilində dövlət orqanlarına ödəniş edirlər.
Müştərilər pullarını xərcləmək üçün məhdud seçimlə üzləşdirlərinə görə kasıblaşırlar. Onlar görünməyən şeyləri görə bilmədiklərinə görə kasıblaşdıqlarını anlamırlar. Bu görünməyən şeylər əks təqdirdə onlara təklif edilə biləcək, lakin istehsal edilməmiş məhsul və xidmətlərdir. Səbəbi isə odur ki, hökumət potensial kreditorların sərvətini əlindən alıb. Sonra isə hökumət müsadirə olunmuş pulları təcrübəsi və yaxşı kredit tarixçəsi olmayan, ancaq iqtisadi kriteriyalardan daha çox siyasi kriteriyalara uyğun gələn istehsalçılara borc verib. Siyasi nöqteyi-nəzərdən onlar doğru kreditçilər idilər.
Bəzi müştərilər, əlbəttə ki, bundan faydalanırlar. Bunlar hökumət orqanından kredit götürdükdən sonra müflis olmayan şirkətlərin müştəriləridir. Bu müştərilərin istəkləri yerinə yetirilib, lakin əgər hökumət vergi ödəyicilərinin pullarını müsadirə etməsəydi, bu müştərilər almaq istədikləri şeylər üçün daha çox pul ödəməli olacaqdılar. Çünki onlara daha az məhsul və xidmət təklif ediləcəkdi. Özəl bazarlardan kredit götürmək istəyən sahibkarlar və kapitalistlər fərqli məhsul və xidmətlər toplusu istehsal edəcəkdilər, ancaq edə bilmədilər. Edə bilsəydilər, daha fərqli müştərilərə xidmət göstərəcəkdilər.
Beləliklə, sərvət müəyyən müştəri təbəqələri arasında yenidən bölüşdürülür. Bunu nə istehlakçılar, nə siyasətçilər anlamırlar, ancaq bu, dövlətin bazara ilkin müdaxiləsinin qaçılmaz nəticəsidir. Bu, istehsalın azalmasına, həm də yalnız müəyyən müştəri qruplarına subsidiya verilməsinə gətirib çıxarır. Bu müştərilərə krediti isə məhsulları və xidmətləri almaq istədikləri qiymətə tapmayan (bazara ilkin müdaxilə səbəbindən) başqa müştərilər verirlər.
Nəticələr
Müdaxilənin nəticəsi həmişəki kimi iqtisadi inkişafın azalmasıdır. Bazardakı yaxşı kredit reytinqi olan və kreditorlardan kredit götürmək istəyən və götürə biləcək istehsalçılar istehsalı başlamaq üçün lazım olan pulları ala bilmirlər. Bu da istehsalı aşağı salır.
Eyni zamanda, siyasi cəhətdən hökumətdən kredit almağa layiq olan kreditçilər isə həqiqətən istehsalla məşğul olublar, lakin onların daha yüksək kredit riski olduğuna görə, onların defolt səviyyəsi özəl kreditorlar arasındakı defolt səviyyəsindən yüksək olub. Bu sərmayə boş yerə israf edilib. Hökumət orqanı həmin pulu növbəti il kredit verə bilmir, çünki o pul heç vaxt hökumət orqanına qaytarılmır. Bunun yerinə, kreditçi kredit borcunu ödəməyib.
Hökumətin verdiyi kredit istehsalı yüksək məhsuldarlığı olan, müştərilərin tələbatlarını qarşılamağa qadir istehsalçılardan uzaqlaşdırır. İstehsalı yüksək kredit riski olan istehsalçılara verir. Bu, həmin yüksək risk daşıyan, biznesi tərk etməyən və kreditlərini ödəməyən istehsalçıların müştərilərinə subsidiya verir. Başqa sözlə, hökumətin müdaxiləsi ilə sərmayə yüksək məhsuldarlığı və az riski olan istehsalçılardan aşağı məhsuldarlığı və yüksək riski olan istehsalçılara keçir. Bu da istehsalın azalması ilə nəticələnir. İqtisadi inkişafın sürətini azaldır. Sərmayə tədarükünün azalmasına aparıb çıxarır. Beləliklə, bu, cəmiyyətdə adambaşına düşən sərvətin azalması ilə nəticələnir.
Yekun
Bizneslər, xüsusilə də ixracyönümlü bizneslər üçün müxtəlif növ subsidiyaların olması köhnə hekayədir. Onun kökləri XVI əsrdəki merkantilizmə qədər gedib çıxır. Adam Smit 1776-cı ildə əlindən gələni etmişdi ki, merkantilizmin səhvlərini aradan qaldırsın, lakin səhvlər hələ də qalmaqdadır.
Ümumiyyətlə, kredit təxribatındakı böyük pullar böyük bizneslərlə bağlıdır. Lakin siyasi cəhətdən buna həmişə hökumət kreditlərinin kiçik bizneslərə yardımı ilə haqq qazandırılır. Bunu fermerlərə verilən subsidiyaların əsaslandırılması ilə müqayisə etmək olar. Kəndə təsərrüfatı subsidiyaların böyük faizi irimiqyaslı aqrobiznes təşkilatlarına verilir, lakin əsaslandırma həmişə Amerika əhalisinin təxminən 2%-i təşkil edən kiçik fermerlərin adı ilə bağlı olur. Böyük bizneslər kiçik bizneslərə nəzərən lobbiçiliyi daha yaxşı bacarırlar. Onların xərcləməyə pulları çoxdur.
Seçicilər kiçik bizneslərə verilən kreditlər haqqında eşitdiklərinə görə hökumətin kiçik bizneslərə kredit verməsi fikrini qəbul edirlər. Bu, siyasi örtbasdırı təmin edir. Siyasi nöqteyi-nəzərdən görünməyən şey isə pulun böyük əksəriyyətinin irimiqyaslı bizneslərə verilməsidir.
Hökumət sözün əsl mənasında zamin durur, ona görə də irimiqyaslı bizneslər sonradan milli hökumətdən kredit alırlar. Kreditorlar bundan mənfəət əldə edirlər, çünki sənədlərə ödəmə qabiliyyəti olan birinin zamin durduğuna inanırlar. İrimiqyaslı banklar, irimiqyaslı bizneslər və irimiqyaslı hökumət əhalinin pullarını sömürürlər, müsadirə orqanı isə bunu zamin durmaqla edir.
Yaxşısını Süleyman bilirdi.
Əlavə oxu
Köməkçi materiallar üçün (ingilis dilində) bit.ly/CEIOL-Doc-6 səhifəsinə baxın.
-7-
Texnikanın lənəti
Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi: «İndiyə kimi etdiyinizdən fərqli olaraq, bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar. Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək” deyib fəryad edirlər. Bu adamlara daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər» (Çıxış 5:6-9).
Burada üç məsələyə toxunulur: ilahiyyatçı, hüquqi və iqtisadi. İlahiyyatçı nöqteyi-nəzərdən sual belə idi: “Allah kimdir: Misirin allahları, yoxsa Musanın Allahı?” Hüquqi nöqteyi-nəzərdən belə səslənirdi: “Tarixdə Allahı kim təmsil edirdi: firon, yoxsa Musa?” İqtisadi cəhətdən isə sual belə idi: “Əmək bölgüsünün azaldılması insanları daha da kasıblaşdırırmı?”
Misirin çoxallahlı ilahiyyatına əsasən, firon allahlardan biri idi. O, allahlar padşahlığı ilə bəşəriyyət arasındakı əsas birləşdirici halqa idi. Beləliklə, Misir dövləti ilahi dövlət idi. Firon yer üzündəki bu hakimiyyət ehramının zirvəsi idi. Musa bu ilahiyyatı şübhə altına qoydu. Firon da bunu başa düşdü. “Firon dedi: Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram” (ayə 2).
Qarşıdurmanın bu mərhələsində Musa çıxış üçün çağırış etmirdi. O, xahiş deyil, tələb edirdi ki, ibranilərin məcburi iş yerlərindən üç günlük məsafədə əhd bayramında iştirak etmələrinə, sonra da geri qayıtmalarına icazə verilsin. Firon bunun onun ilahiliyinə və deməli, Misir dövlətinin qanuniliyinə qarşı hücum olduğunu anlayırdı. Bu, azadlıq bayramı olacaqdı. O, xalqı buraxmaqdan imtina etdi. Bu, iki mədəniyyət arasında ictimai qarşıdurmanın başlanğıcı idi. Onlardan biri tamamilə dövlətçi idi. Digəri isə deyildi.
Firon ibranilərə mənfi sanksiyalar tətbiq etdi, lakin Musanı buna daxil etmədi. O, xalqın gözündə Musanın nüfuzdan salmaq istəyirdi. Cəza iqtisadi xarakter daşıyırdı: firon ibrani kölələrə saman verməkdən imtina edirdi. Saman kərpicin zəruri tərkib hissəsi idi. Bu yeni qayda kölələrin üzərinə əlavə iş qoydu: saman yığmaq. Bu, əmək bölgüsünü azaldırdı. İstehsal xərclərini isə artırırdı. Buna görə də kölələrin iş yükü artırdı. Fərmanın məqsədi də bu idi. Firon təməl iqtisadiyyatı başa düşürdü.
Bəs bu bəyanatdan sonra hansısa bir ixtiraçı saman yığanların məhsuldarlığını artırmağın yolunu tapsaydı, necə olardı? Samanı daha tez kəsən bir oraq maşını ixtira etsəydi, nə olardı? Bu maşın ibranilərin əmək bölgüsünü artırardımı? Əlbəttə. Kölələrin iş yükünü azaldardımı? Sözsüz. Bunun kölələrə bir faydası olardımı? Əlbəttə. Firon ibranilərin bu ixtiradan istifadəsini qadağan edərdimi? Sözsüz.
Bu gün üzləşdiyimiz bir problem budur ki, müasir siyasətçilər fironu yamsılayırlar. Onlar da əmək bölgüsünü artıran və bununla işçilərin məhsuldarlığını yüksəldən alətlərin tətbiqini məhdudlaşdıran bənzər siyasət yürüdürlər. Onlar bunu fironla eyni səbəbdən edirlər: tələb olunan işləri yerinə yetirmək üçün lazım olan əməyin miqdarını artırmaq. Fərq isə ondadır ki, onlar bunu humanitar tədbir kimi əsaslandırırlar. Firon daha yaxşı bilirdi. O, indiki adi bir siyasətçidən qat-qat yaxşı iqtisadçı idi.
Əməyə qənaət edən texnikaya nifrət iqtisadiyyatını gəlin gözdən keçirək.
1. Pəncərə sahibləri
Sahiblər (mülkiyyətçilər) kimlərdir və nəyə sahibdirlər?
Bir neçə növ sahib var: ideyası olan ixtiraçı, xərcləməyə pulu olan müştəri, investisiya qoyuluşu üçün pulu olan kapitalist, təşkilatçılıq qabiliyyəti olan, eləcə də iqtisadi gələcəyi qiymətləndirən iş adamı, xammal və ya torpaq sahibi, əməyini satan işçi. Hər biri sahib olduğu istənilən sərmayə üzərində qanuni suverenliyə malikdir. Başqalarını istisna etmək üçün qanuni haqları var – mülkiyyətçiliyin mahiyyəti budur. Hər biri öz mülkiyyətindən mənfəət əldə etmək istəyir. Hər birinin başqaları ilə əməkdaşlığa ehtiyacı var. Əməkdaşlıq yolu ilə öz sərvətlərini artırmaq potensialı var.
Şəxsi mülkiyyətin qanuni sistemindən hamısı yararlanırlar. Bu o deməkdir ki, sərbəst bazar özü iqtisadi sərmayədir. Mülkiyyətin qanuni haqları sərmayədir. Lakin bu sərmayələr hüquqi cəhətdən mülkiyyətin digər formalarından fərqlənirlər. Onları acıq bazarda almaq və ya satmaq mümkün deyil.
Məsələn, işçiləri götürək. Texnikadan narazılıqlarının səbəbi məhz iş yerlərini itirmələridir. İşçilərin öz əməklərini icarəyə vermək haqları var. Hansısa yeni texnologiya hamısı üçün daha çox gəlir gətirə və ya gətirməyə bilər. Əgər yeni texnikanı istifadə etmək bacarığına yiyələnsələr, artan maaşlardan faydalanacaqlar. Lakin əgər texnikanın marjinal hasilatının dəyəri işçi tutmağın dəyərindən azdırsa, onlar işdən qovula bilərlər. Texnika işçinin işə götürənə təklif vermək üçün qanuni haqqına heç bir şəkildə mane olmur. Onlar öz işlərinin sahibi deyillər. Onlar təkcə iş üçün təklif vermək haqqına sahibdirlər. Heç kim işin sahibi deyil. İş – uğurlu qarşılıqlı təkliflərin nəticəsidir: işə götürənlərlə işə götürənlər və işçilərlə işçilər arasında.
İşçilər – yeni texnologiyanın tətbiqinə cəlb edilmiş yeganə mülkiyyətçilər deyillər. Bu, bütün mülkiyyətçilərə təsir edə bilər. Lakin qarşımızda dayanan hüquqi və əxlaqi məsələ bütün mülkiyyətçilərin təklif vermək hüququdur.
2. Pəncərə
Biznes sahibi, yeni texnika ixtiraçısı, vəsait sahibi, kapital sahibi və işçi – hamısı gələcək müştərilərin iqtisadi təmsilçiləri rolunu oynayırlar. Səlahiyyət müştərilərdədir, çünki onlar ən çox satılan məhsula – pula sahibdirlər. Müştərilərin gələcək tələbatını dəyərləndirərkən, hansı şirkətlərin, ixtiraçıların və işçilərin haqlı olduğunu yenə də müştərilərin gələcəkdəki qərarı müəyyənləşdirəcək.
Sərbəst bazar iqtisadiyyatındakı iqtisadi nəticələr sistemi istehsalçıların müştərilərin tələblərinə xidmət etmələrini tələb edir. Deməli, müştərilər nöqteyi-nəzərindən onların almaq istədiklərini texnikanın və ya insanın istehsal etməsinin fərqi yoxdur. Müştərilər mümkün olan ən yaxşı sövdələşməni istəyirlər. Əgər texnikanın tətbiqi müəyyən işçilərin məşğulluğunun azalmasına səbəb olursa, yəqin ki, müştərilər bundan xəbərsiz olurlar. Hətta xəbərləri olsa da, əksəriyyətinin vecinə olmur. Onları təkcə özləri maraqlandırır. Bu mənada onlar, əməyə qənaət edən texnikanı almaq qərarına gələn iş adamından, texnikanı satan ixtiraçıdan, öz şəxsi məhsuldarlığını artırmaq üçün texnikadan istifadə edəcək və bununla öz iş yerlərini qoruyacaq işçilərdən heç nə ilə fərqlənmirlər.
Əgər əməyə qənaət edən texnika və ya proses biznes üçün əməyin maya dəyərini aşağı salırsa, onda iş adamı, çox güman ki, bu məhsulu daha çox müştəriyə satmaq üçün istehsalın ümumi həcmini artırmaq qərarına gələcək. Daha çox müştəriyə satmaq üçün biznes son məhsulun qiymətini azaltmalı olacaq. Bu, rəqabət aparan müəssisələr, rəqabət aparan işçilər və rəqabət aparan texnika satıcıları üçün faydalı olmasa da, müştərilər üçün faydalıdır. Lakin sərbəst bazar sistemi müştərilər sayəsində istehsalçılara fayda gətirəcək şəkildə qurulmayıb; bu, mahiyyət etibarilə müştərilərə fayda gətirən özəl mülkiyyət sisteminin nəticəsidir. Müştərilərin şüarı budur: “Qoy bizim təyin etdiyimiz kimi, yaxşı olan qalib gəlsin”.
3. Daş
Daş texnikaya atılır. Siyasətçilər bunu mövcud iş yerlərini qorumaq üçün edirlər. Siyasətçilər müştərilərə məhəl qoymurlar. Gələcək iş yerləri onları maraqlandırmır. Bu şeyləri siyasətçilər görmürlər. “İşlərin sahibi işçilərdir!” Əslində isə belə deyil.
Hökumətlər əməyə qənaət edən avadanlıqların istifadəsini yalnız nadir hallarda birbaşa, yəni konkret texnikaya qarşı qanun qəbul edərək, qadağan edirlər. Bunun əvəzinə, hökumətlər müəyyən qruplara inhisarçı səlahiyyətlər verirlər, sonra bu qruplar özləri üçün münasib şərtlər istisna olmaqla, əməyə qənaət edən yeni avadanlıqların tətbiqini məhdudlaşdıra bilərlər.
Yeni istehsal texnologiyası yeni maşınların istifadə edilməsini nəzərdə tutursa, onda o, xüsusilə həmkarlar ittifaqlarının üzvlərinin ciddi tənqidinə məruz qala bilər. Həmkarlar ittifaqları hökumət tərəfindən verilən xüsusi imtiyazlardan istifadə edirlər. Həmkarlar ittifaqı həmin vaxtdan etibarən bütün işçiləri təmsil etmək üçün müəssisənin mövcud əməkdaşları arasında səs çoxluğunu qazananda, hökumət müəssisəyə icazə vermir ki, əməkdaşlarını işdən azad etsin, sonra isə yerinə başqalarını götürmək üçün bazara çıxsın. Bu, inhisarçı imtiyazın verilməsidir. Ona görə də müəssisə yeni texnikanın tətbiqinə tərəddüdlə yanaşa bilər. O, işçilərin etiraz tətili etməsini istəmir. Əgər işəgötürən yeni texnikanın artan məhsuldarlığı nəticəsində işdən çıxarma hallarının olmayacağına zəmanət vermirsə, işçilər yeni texnikanın tətbiqinə qarşı çıxa bilərlər. Bu, işəgötürənin yeni texnikanı istehsala daxil etməsini daha baha başa gətirir.
Hökumətlər çox vaxt öz məhsuldarlıqlarını artırmaq üçün yeni texnika və ya texnologiya tətbiq etmirlər. Onların əməkdaşları bu cür tətbiqlərə müqavimət göstərirlər. Bu, özəl sektorun üstünlüyüdür, çünki yeni istehsal texnologiyasını tətbiq edə bilər və edir və onlar hökumətin tənzimləyici strukturundan qaçmağa meylidirlər. Hökumətin tənzimləyici orqanları daim özəl sektordakı yeni texnologiyalarla qaçdı-tutdu oynayırlar.
Yeni texnikanın tətbiqinə düşmən münasibətə qarşı durmağın yollarından biri tənqidçiyə bu sualı verməkdir: “Yeni avtomobil magistrallarının tikintisində kürəkdən istifadəni qadağan edib, qaşıqlardan istifadəyə göstəriş vermək ağıllı hərəkətdir?” Deyil? “Bəs buldozerlərdən istifadəni qadağan edib, daha sonra yalnız kürəkdən istifadə edəcək daha çox işçi götürmək ağıllı hərəkətdir?” Deyil? “Bəs onda yeni texnikanı qadağan etməyin mənası nədir?”
Bu daş həm də hüquqi mülkiyyətçilik sistemini pozur. Müdaxilənin özəl mülkiyyətçiliyə yaratdığı təhlükə bütün iştirakçıların sərvətini azaldır. Şəxsi mülkiyyəti hökumətdən qorumağın dəyəri artdığına görə, mülkiyyətin dəyəri azalır.
4. Xərclər
Hər dəfə hökumət qaydaları yeni texnikanın və ya yeni istehsal metodlarının tətbiqini məhdudlaşdıranda biznes sahiblərinin, ixtiraçıların və müştərilərin mülkiyyət haqları pozulur, sonra isə satın aldıqları hər şeyə daha yüksək qiymət ödəmək lazım gəlir. Halbuki, yeni texnikanı tətbiqi nəticəsində aşağı qiymətlərdən faydalana bilərdilər.
Hökumətin bütün müdaxilələrinin bir qiyməti var, bu da mülkiyyət hüquqlarının pozulmasıdır. Bu, zərərçəkmişlərin narazılığına səbəb olur. Bu qiymətə heç vaxt laqeyd yanaşılmamalıdır. Adətən ona laqeyd yanaşılır, laqeyd yanaşılmayanda isə onu varlıların bəhanəsi kimi rədd edirlər. İstənilən halda bu, qanunun aliliyinin inkarıdır. Bu, həm də əməliyyat xərcidir.
Düzdür, bəzi işçilər yeni texnikanın tətbiqinin qadağası səbəbindən işlərini itirməyə bilərlər. Lakin bu, sadəcə qısamüddətli bir nəticədir. Sonra rəqabət aparan şirkətlərin texnika almaq və istehsala başlamaq imkanı yaranır. Hökumətin yeni texnika tətbiq etməyə icazə vermədiyi firmaların təklif etdiyi məhsulların və xidmətlərin qiyməti başqa firmaların daha ucuz təklifləri ilə bazardan sıxışdırıla bilər.
Əgər bu qadağa milli səviyyədə olarsa, onda əcnəbi müəssisələr texnika əldə edə, istehsalı artıra və yeni texnologiya və ya yeni avadanlıqdan istifadəsinə qadağa qoyulmuş yerli istehsalçıların qiymətlərini aşağı sala biləcəklər. Rəqabət beynəlxalq səviyyədə baş verir. Ölkə hüdudlarından içəridə atılan daşlar yerli işçilərin və biznes sahiblərinin rəqabət qabiliyyətini zəiflədir. Sonra bu müəssisələrin əməkdaşları onsuz da işlərini itirəcəklər, çünki müəssisələr daralan bazarlarla üzləşəcəklər. Müəssisələr hətta öz fəaliyyətlərini dayandıra bilərlər.
5. Nəticələr
Yeni texnikanın və ya yeni istehsal proseslərinin tətbiqinə qoyulan hüquqi məhdudiyyətlərin nəticəsi qaçılmaz şəkildə o müştərilərin sərvətinin azalması olur ki, onlar yeni texnikanın istehsal etdiyi məhsulları ala bilərdilər, lakin qiymətlər yüksək qaldığına görə almaqdan imtina edirlər. Qiymətlərin yüksək qalmasının səbəbi isə yeni texnikanın tətbiqinə icazənin verilməməsidir.
Pula qənaət edən müştərilər sonra həmin pulları başqa şeylərə xərcləyə bilərdilər. Başqa istehlak malları ala bilərdilər. İstehsal məhsullarına investisiya qoyuluşu üçün kənara pul ayıra bilərdilər, bu isə öz növbəsində daha çox məhsul və xidmətlərin istehsalı ilə nəticələnərdi. Ancaq hökumət əməyə qənaət edən texnikanın tətbiqini məhdudlaşdıranda bütün bunlar baş vermir.
Hökumətin əməyə qənaət edən avadanlıqlara qoyduğu qadağaların ümummilli nəticəsi məhsulların maya dəyərinin artması və deməli, istehsalının azalması olur. Bu, bütövlükdə əhali üçün iqtisadi inkişafın sürətini azaldır. Uzunmüddətli perspektivdə isə insanların sərvətini azaldır.
Yekun
Əməyə qənaət edən vasitələrin tətbiqinə qarşı düşmənçilik bu cür avadanlıqları almağı düşünən firmaların işçiləri arasında baş verir. Yeni əməyə qənaət edən avadanlıqlar adətən əhalinin əsas hissəsini narahat etmir. Məhsulların və xidmətlərin necə istehsal edildiyi ümumi əhalini doğrudan da narahat etmir.
Müştərilər öz şəxsi maraqlarından çıxış edərək hərəkət edirlər. Onlar həmişə daha əlverişli sövdələşmələr axtarırlar. Bu sövdələşmələrin hansı avadanlıqlar sayəsində mümkün olacağını soruşmurlar. Bu avadanlıqların tətbiqi nəticəsində neçə əməkdaşın işə götürüldüyünü və ya işdən çıxarıldığını soruşmurlar. Belə olduqda, görünməyən şeylər – işsiz qalan işçilər – sərbəst bazarı dəstəkləyənlərin tərəfinə keçirlər.
Son 250 ildə Qərb hökumətləri əməyə qənaət edən yeni avadanlıqların tətbiqini məhdudlaşdırmaqda uğur qazana bilməyiblər. Məhz buna görə Qərb onilliklər keçdikcə belə gözəl iqtisadi artım yaşamışdır. İşçiləri belə avadanlıqların tətbiqi narahat edir, lakin əgər onlar həmkarlar ittifaqlarının üzvləri deyillərsə, müəyyən bir sənaye sahəsində, müəyyən bir şirkətdə müəyyən bir texnikanın tətbiqini məhdudlaşdırmaq üçün hökuməti yola gətirə bilməyəcəklər. Əgər işçilər növbəti seçkilərdə daha çox seçici cəlb edə bilməyəcəklərsə, siyasətçilər onlara fikir vermirlər. Müəyyən bir sənaye sahəsindəki müəssisələr seçki kampaniyalarına həmin sahədəki işçilərdən daha çox pul ayıra bilərlər.
Yeni texnikanın tətbiqinə heç bir ciddi məhdudiyyətlərin olmayacağı ehtimalını artıran daha bir vacib iqtisadi amil var. Bu, istehsaldakı artımların əksəriyyətinin yeni texnikanın tətbiqi nəticəsində deyil, kompüterlərin və proqram təminatının səmərəliliyinin artması nəticəsində baş verməsi faktıdır. Yeni bir texnika ixtira etmək, patentini almaq, istehsal etmək, satmaq və tətbiq etməkdənsə, proqram təminatını yaxşılaşdırmaq daha ucuz başa gəlir. İstehsal sənaye istehsalından xidmət istehsalına keçdikcə, texnikanın tətbiqinə qoyulan məhdudiyyətlər də öz aktuallığını yavaş-yavaş itirir. Müəyyən bir biznes sahəsində müəyyən bir proqram təminatının tətbiqinə siyasi müqavimət demək olar ki, yoxdur. Bu, yaxşı xəbərdir.
Bizə deyirlər ki, kompüterləşmiş robot texnikasının tətbiqi kütləvi işsizliklə nəticələnəcək. Hələlik bunun heç bir sübutu yoxdur. Hər halda, hökumət bununla bağlı nə edə bilər? Hökumət proqram təminatının təkmilləşdirilməsini necə məhdudlaşdıra bilər?
Əlavə oxu
Köməkçi materiallar üçün (ingilis dilində) bit.ly/CEIOL-Doc-7 səhifəsinə baxın.
-8-
İş bölgüsü sxemləri
Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan? (Matta 20:15)
Bu, Əhdi-Cədiddə şəxsi mülkiyyətin ən güclü təsdiqidir. Bundan daha nüfuzlu yeganə təsdiq – Allahın qadağan olunmuş ağacın ətrafındakı mülkiyyət sərhədini elan etməsidir (Yaradılış 2:17).
Razılaşmanın narazı qalan tərəfinin – səhər erkəndən işləyən işçinin – onunla razılığa gəlmiş, sonra isə razılığın şərtlərini yerinə yetirmiş işəgötürənə qarşı geriyə dönük əxlaqi tələb irəli sürmək fikrinə İsa bu iki ritorik sualla meydan oxudu.
Bu mülkiyyət hüququ bəyanatının konteksti məsəl idi. İsa üzüm bağı olan bir adamı təsvir edirdi. Bağ sahibi işi bölmək istəyirdi. Üzüm bağına mümkün qədər çox işçi gətirmək istəyirdi ki, işləri olsun. Əlbəttə, onun öz məqsədləri də var idi. Üzüm bağının qayğısına qalacaqlarından və bağın daha məhsuldar olacağından əmin olmaq istəyirdi. Ancaq onun ilkin motivasiyası başqalarına iş tapmağa kömək etmək idi.
Beləliklə, bir gözəl səhər bağ sahibi bir qrup işsiz adamın yanına gəlib, onlara iş təklif etdi. Onları günü bir dinara işə götürəcək. (Bu, mərkəzi bankdan əvvəlki vaxta təsadüf edirdi; təklif İsanın dinləyicilərinə inandırıcı görünürdü.) Üçüncü saat radələrində, yəni səhər saat 9-da o, yenidən işçi axtarışına çıxdı. İşsiz durub gözləyən bir neçə adam tapdı. Onları işə götürüb, gündəlik haqlarını düz verəcəyinə söz verdi. Onlar onun sözünə etibar etdilər və üzüm bağına işləməyə getdilər. Bağ sahibi altıncı saat, doqquzuncu saat və on birinci saat radələrində də eyni şeyi etdi. Hər dəfə də haqlarını düz verəcəyinə söz verdi.
İş gününün sonunda o, adambaşına bir dinar ödədi. Səhər işə götürdüyü adamlara bu məbləği təklif etmişdi. Sonradan işə götürülənlərin bir şikayəti yox idi, çünki onların yarımçıq iş günü üçün də birinci işçilərə tam iş günü üçün verdikləri qədər ödədilər.
Birinci işə götürülənlər şikayət etdilər. Onların şikayəti isə bu idi ki, digərləri daha az saat işləsələr də, onlara da eyni məbləğ ödəndi. Digərləri şikayət etmədilər, halbuki, onların əksəriyyəti on birinci saat radələrində işə götürülən və bir dinar alan axırıncı qrupdan daha çox işləmişdilər. Gec gələnlər bunun yaxşı sövdələşmə olduğunu bilirdilər, çünki onlara günün əvvəlində işə götürülənlərdən daha çox saatbaşı zəhmət haqqı verilirdi. Niyə şikayət etsinlər ki?
Birinci qrup doğrudan da şikayət etdilər. Bağ sahibinin cavabı isə konkret idi: “O isə onlardan birinə cavab verib dedi: Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm” (13-14-cü ayələr). Sonra isə o, özünün mülkiyyətçilik prinsipini bəyan etdi: sahib olduğu şeylə istədiyini etməyə ixtiyarı çatırdı.
Onun məqsədi işi bölmək idi. Rəqabətli məvacib ilə tapa biləcəyi qədər çox adam işə götürmək istəyirdi. O, həm icmaya, həm də işə götürdüyü adamlara fayda gətirirdi. Özü də fayda götürürdü. Bu, hər bir tərəf üçün qazanclı müqavilə idi. Ancaq yenə də şikayətlər var idi. “Bu, sadəcə haqsızlıqdır!”
Bu məsəldən iki dərs alırıq. Birincisi, işi bölməyin ən yaxşı yolu könüllü danışıqlara icazə verməkdir. İkincisi, münasib məvacib – bazarı təmizləyən məvacibdir. Bu o deməkdir ki, işləmək istəyib, işlə təmin olunmayan yoxdur, orada dayanıb işə götürmək üçün adam axtaran işəgötürən də yoxdur. Gün ərzində məsəldəki işəgötürən həmin saatda işləməyə hazır olan bütün adamları işə götürməyi təklif edirdi. Onun təklifi hər dəfə bazarı təmizləyirdi. Yalnız ən birinci işə götürülənlər günün sonunda şikayət etdilər.
1. Pəncərə sahibi
Məsəldə icarəyə verilən əməyin mülkiyyətçiləri var idi, eləcə də onlara pul ödəməli olan mülkiyyətçi var idi. Qarşılıqlı razılaşdırılmış müqavilə mümkün idi. Bütün əmək mülkiyyətçiləri razılaşdıqlarını aldılar. Gün ərzində onları bir-birinə bağlayan müqaviləni bütün tərəflər yerinə yetirmişdi.
Əgər əmək mülkiyyətçiləri istədikləri məvacibi ödəyəcək işəgötürəni tapmasaydılar, pul qazanmayacaqdılar. Gələcəkdəki konkret müştərilərə və bütövlükdə cəmiyyətə fayda gətirmək üçün məhsuldarlığın artmasına da töhfə verə bilməyəcəkdilər. Onların bacarıqları işsizlikdə hədərə gedəcəkdi. Məhsuldarlıqları sıfıra bərabər olacaqdı. Bu isə istehsalın azalmasına gətirib çıxaracaqdı ki, bunun nəticəsində də gələcəkdə müştərilərin sərvəti azalacaqdı. Gələcək müştərilərin seçə biləcəkləri daha az çeşiddə məhsul olacaqdı.
Üzüm bağının sahibi öz sərmayəsini istifadə etməyin yaxşı yolunu tapdı. Onun torpağı, üzüm bağı və pulu var idi. Öz torpağına işçi qüvvəsi əlavə edərək, məhsuldarlığı artıra bildi. Bu, onun məqsədlərindən biri idi. Üstəlik, torpağın məhsulu, üzüm bağları və muzdlu əmək üçün gələcək müştərilərin ödəmək istədikləri məbləğlə bağlı onun haqlı olduğunu düşünsək, gələcəkdə daha çox gəlir əldə etməyi də mümkün etdi.
Eyni təhlili hər bir əmək müqaviləsinə şamil etmək olar. Kimsə müəyyən bir qiymətə işçi qüvvəsi əldə etmək istəyir, onun bu işçi qüvvəsini müəyyən məbləğə təmin etmək istəyənlərə təklif vermək hüququ var. İşçilər də eyni təklif vermək hüququna malikdirlər.
2. Pəncərə
Potensial işəgötürən potensial işçilər qrupunun yanına gəlir. Onlara təklif verir: müəyyən məbləğdə pul müqabilində konkret növ işdə bu qədər saat.
Bəzən yanlış anlaşılan şey budur. Bu, iş deyil. Bu, iş təklifidir. İnsanlar çox vaxt bu iki anlayışı qarışdırırlar.
Evliliyi müzakirə edərkən bu konseptual səhvə heç vaxt yol vermirlər. Kişi qadına evlilik təklif edə bilər, ancaq bu, evlilik deyil. Hər iki tərəf birgə səylə bir araya gəlməyənə qədər evlilik ola bilməz. Eyni şey işə də aiddir.
Eynilə, potensial işçi də potensial işəgötürənə iş təklif edə bilər. Onun potensial işəgötürənə təklifi də potensial işəgötürənin işçi qrupuna iş təklif ilə eyni hüquqi qüvvəyə malikdir. Bu, bir təklifdir – təklif. Rədd edilə bilər.
Təklif etmək üçün qanuni hüquq azad cəmiyyətdəki iş yerlərinin mənbəyidir. Bu qanuni hüquq əmək bölgüsünü mümkün edir. Hökumətin təklif vermək hüququna hər hansı müdaxiləsi qanuni təkliflərin sayını azaldacaq. Əlbəttə, hökumətin əmək bazarına müdaxiləsinin məqsədi elə budur: qanuni təkliflərin sayını azaltmaq. Bu qanun qanuni təkliflərin sayını azaltdığına görə iş yerlərinin sayını da azaldacaq. Əlbəttə ki, mən burada qara bazardakı iş təkliflərindən bəhs etmirəm. Onlar qanunsuzdur və onlarla bağlı böyük risklər var.
Sonra gələcəyin potensial müştəriləri var. Onların pulu olacaq. Bu gün müştərilər almaq istədikləri gələcək məhsul və xidmətlərin tədarükünün artmasını gözləyirlər. Onlar iqtisadi yüksəliş arzusundadırlar. Sərbəst bazar – cəmiyyətin müştərilərə tələblərini təkliflə uyğunlaşdırmaq imkanı verməsinin bir yoludur.
3. Daş
Siyasətçilər pəncərəyə daş atırlar. Bunu siyasi vədlə edirlər: Daha çox işçi üçün iş yerləri olacaq.
Birincisi, siyasətçilər deyirlər ki, iş təkliflərini qəbul etmək istəyən adamlar var, lakin onlar üçün iş təklifləri yoxdur. Siyasətçilər bu qanunun iş yerləri yaradacağını söyləyirlər.
İkincisi, siyasətçilər deyirlər ki, əgər hökumət, standart iş həftəsindən artıq işləyən hər bir əməkdaşına daha yüksək saatbaşı əmək haqqı verməyə müəssisələri məcbur etsə, onda müəssisələr yeni işçiləri normal həftəlik saatbaşı məvacib ilə işə götürəcəklər. Aydındır ki, bu, həftədə 40 saat işləyən və daha çox pul qazanmaq üçün eyni saatbaşı əməkhaqqı ilə iş vaxtından əlavə işləmək istəyən işçilərdən gələn subsidiyadır. Onları cərimələyirlər. Onların təkliflərini qanunsuz elan edirlər. Həftədə 40 saat işləməmiş digər işçilərə həftənin qalan iş saatları üçün təklif vermək haqqı verilir.
Bu, minimum əmək haqqı qanunudur. Onu belə terminlərlə nadir hallarda müzakirə edirlər, amma elə budur. Müəyyən bir işdə həftədə 40 saat işləyən hər bir işçiyə tətbiq edilir. Bu dəfə siyasətçilər minimum əmək haqqı qanununun qaçılmaz təsirini dəqiq qiymətləndirirlər: məşğulluğun azalması. Onlar başa düşürlər ki, bu qanun müəyyən işçi qrupu üçün – indiyə qədər həftədə 40 saat işləmiş və eyni saatbaşı məvacib üçün daha çox işləmək istəyən işçilər üçün – iş yerlərinin sayını azaldacaq.
Siyasətçilərin iddiasına görə, bu qanun müəssisələri məcbur edəcək ki, 40 saatlıq iş həftəsi işçilərinə ödənilən saatbaşı məvacib ilə yarımgünlük işçilər götürsün. Bu yarımgünlük işçilər əlavə işləri görmək üçün işə götürüləcəklər. Siyasətçilər iddia edirlər ki, yarımgünlük işçiləri işə götürmək müəssisələrə daha ucuz başa gələcək, çünki indi onlar həftəlik 40 saatını işləyib qurtarmış işçilərə daha çox saatbaşı məvacib ödəməlidirlər. Siyasətçilərin dediyinə görə, iş vaxtından artıq işləyənlərin əmək xərclərini artırmaqla, qanun iş bölgüsünü həyata keçirəcək.
Bəs eyni saatbaşı qiymətə əlavə saatlar işləmək istəyən mövcud işçisinə həmin pulu ödəməyə hazır olan və ödəmək istəyən iş adamı necə olsun? Bəs daha çox pul qazanmaq üçün bu əlavə saatları işləmək istəyən və bacaran mövcud işçi necə olsun? Onların hər biri dolayı yolla bu sualı verir: “Məgər öz mülkiyyətimlə istədiyimi etməyə ixtiyarım yoxdur?” Bu qanuna səs verən siyasətçilərin cavabı var: “Xeyr”.
4. Xərclər
Əgər iş adamı həftəlik 40 saatdan əlavə işləyən işçiyə daha çox məvacib vermək qərarı versə, belə bir razılaşmaya yalnız ən məhsuldar işçilərlə gələcək. Bu cür işçilər həmişə azlıq təşkil edir. Onlar əlavə pula dəyərlər və əlavə pulu yalnız ona görə alırlar ki, hökumət müdaxilə edir və iş adamının və işçi qüvvəsinin digər üzvlərinin standart saatbaşı məvaciblə razılaşma əldə
etməsini qanunsuz edir.
Qanun biznesin xərclərini artırır. Sonra bizneslər məcbur olurlar ki, istehsalın həcmini əks halda istehsal edə biləcəklərindən daha aşağı salsınlar. Yeganə alternativ yarımgünlük işçilər işə götürməkdir. Aydındır ki, bu işçilər tam günlük işçilərdən daha az səmərəlidirlər, elə buna görə də yarımgünlük işçidirlər. Ona görə də 40 saatdan çox işləyən işçilərin əksəriyyəti bu işləri ala bilməyəcəklər. Onlar daha az gəlirlə kifayətlənməli olacaqlar.
İş adamı yarımgünlük işçiləri standart məvacib ilə işə götürmək qərarı verə bilər. Ancaq yarımgünlük işçilər artıq məvacib hesabında olan tam günlük işçilərdən daha az məhsuldardırlar. Onlar ikinci dərəcəli işçilərdir. Heç kimin onları tam gün üçün işə götürməməyinin səbəbi budur. Odur ki, bu vəziyyətdə istehsal xərcləri də artır. Daha az istehsal edilir. Müştərilər itirirlər.
Əcnəbi istehsalçılar və əcnəbi işçilər indi aşağı qiymətləri saxlayaraq istehsalın həcmini artıra bilərlər. Onların daxili bazardakı rəqabət qabiliyyəti artır, çünki həftədə bir neçə saat artıq iş üçün tam saatlı işçiləri işə götürməyə qarşı bənzər qanuni qadağaya tabe deyillər. Əcnəbilər qazanırlar; yerli müəssisələr və işçilər isə yox. Qanun işi bölür – buna heç bir şübhə yoxdur. O, işi əcnəbi işçilər arasında bölür. Lakin siyasətçilərin vəd etdiyi şey bu deyildi.
Bu qanuna görə əmək bazarlarında hər kəs azadlığını itirir, bu isə əməyin mülkiyyət hüquqlarının dəyərinin azalması deməkdir. Normal iş həftəsindən artıq iş üçün əlavə ödəniş tələb edən qanunların müdafiəsində buna nadir hallarda rast gəlinir və ya qeyd edilir. Qanun demək olar ki, cəmiyyətdəki hər kəsi daha kasıb edir. Qanun işəgötürənlər və işçilər üçün qarşılıqlı faydalı olan könüllü razılaşmaların potensialını azaldır.
5. Nəticələr
Bir az da əlavə iş qanunun nəticəsi kimi baş verəcək şeyləri Hezlitt 1946-cı ildə görə bilmədi: mavi yaxalıqlılar[1]Tərcüməçinin qeydi: daha çox fiziki işi icra edənlər – məs. zavod işçiləri. üçün iş yerlərinin davamlı şəkildə azalması. Birincisi, müəssisələr işçilərin görə biləcəyi işləri yerinə yetirmək üçün texnikalar almağa başladılar. İndi texnika daha çox gəlir gətirməyə başladı, çünki hökumət əmək bazarlarının işinə müdaxilə etdi, bu isə əlavə işin qiymətini qəsdən qaldırdı. Əlavə iş üçün texnikaya pul ödənmir. Bu, federal hökumətin bölə biləcəyi hissə-hissə ödənən iş miqdarını azaltdı.
İkincisi, iş adamları qismən yığılmış hissələri xaricdən idxal etdilər. ABŞ-ın hüdudlarından kənardakı işçilər yerli işçilərin ala bilmədiyi işləri aldılar, çünki qanun yerli işçilərin əlavə iş saatlarında işləməyinə məhdudiyyət qoymuşdu. Bu isə federal hökumətin bölə biləcəyi hissə-hissə ödənən iş miqdarını azaltdı.
Müəssisələrin üçüncü strategiyası həlledici idi. Birləşmiş Ştatların bütün ərazisində müəssisələr mavi yaxalıqlıların iş yerlərini ağ yaxalıqlıların[2]Tərcüməçinin qeydi: fiziki olmayan işlər görənlər. iş yerləri kimi yenidən təyin etməyə başladılar. Bu, federal hökumətin bölə biləcəyi hissə-hissə ödənən iş miqdarını azaltdı. Menecerlər məvacib alırlar. Onlara saatbaşı hesabla pul ödənmir. Ona görə də müəssisələr istehsalı emal sənayesindən iqtisadiyyatın xidmət sektoru tanınan sahəyə keçirdilər. Muzdlu işçilər həftədə 40 saatdan çox işləmək üçün digər işçilərin təzyiqinə məruz qala bilərlər. Ağ yaxalıqlı işçilər sabit məvacib aldıqlarına görə, ödəniş dövründə işlədikləri hər bir əlavə saat onların saatbaşı əmək haqqı səviyyəsini aşağı salır. Bu, tamamilə qanunidir. Nə qədər ki kiməsə saatbaşı məvacib verilmir, eyni saatbaşı məvaciblə vaxtından artıq işləməyə qarşı qanun artıq tətbiq edilmir.
Birləşmiş Ştatlardakı həmkarlar ittifaqları işçilərin rəhbər vəzifələrdə təşkilatlanmasında az uğur qazanıblar. Onlar ümumiyyətlə ağ yaxalıqlıların təşkilatlanmasında az uğur qazanıblar. Həmkarlar ittifaqları Qərbi Avropada daha böyük siyasi gücə malik olduqlarına görə əmək bazarlarına nəzarətdə böyük uğur qazanıblar, lakin 1955-ci ildən bəri hər bir Qərb dövlətində emal sənayesinin ümumi iqtisadiyyata verdiyi məhsul töhfəsinin faizi aşağı düşüb. Düşməyə də davam edir. Həmkarlar ittifaqları hökumətlərin dəstəyi ilə mavi yaxalıqlıların işçi qüvvəsini sıxışdıraraq bazardan kənarlaşdırıblar. Mavi yaxalıqlılar üçün iş yerlərinin sayı durmadan azalıb. Həmkarlar ittifaqlarının ümumi iqtisadiyyata təsiri də durmadan azalmışdır.
Yekun
İsanın üzüm bağının sahibi və işçilər haqqındakı məsəli tamamilə düz idi. Məşğulluğu maksimum həddə çatdırmağın yolu – əmək xidməti satıcılarının və alıcılarının qarşılıqlı faydalı məşğulluq şərtlərini birlikdə hazırlamalarına imkan verməkdir. Bu danışıqlar prosesi əmək bazarlarının təmizlənməsinə imkan verir. Təklif olunan məvaciblə işləməyə razı olan işçilər iş tapa bilirlər, bu məvacibi verməyə hazır olan işəgötürənlər isə istədikləri qədər işçini işə götürə bilərlər.
“Sahib olduğum şeylə istədiyimi etməyə ixtiyarım yoxdurmu?” sualının cavabını məsihçi iqtisadiyyatı verir. Məsihçi iqtisadiyyatının cavabı isə belədir: “Var”.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-8 səhifəsinə baxın.
