-9-
Qoşunların və bürokratların dağıdılması
Rəbb çox xalqlar arasında hakim olacaq, güclü millətlər haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi (Mika 4:3-4).
Bu, “axır zaman” haqqında peyğəmbərlikdir (ayə 1). Sülhün təsviri – qılınclardan kotanın düzəldilməsi – Qərb mədəniyyətinə ən çox tanış olanlardan biridir. Adamlar bu günü xəyal etdiklərini söyləyirlər.
Tutaq ki, o gün gəldi. Qılınc istehsalına davam etməyə çağırış edən bir qrup iqtisadçını təsəvvür edə bilərsinizmi? Onlar bunu belə əsaslandıracaqdılar: “Əgər qılınc istehsalını vaxtından əvvəl dayandırsaq, işsizlik baş qaldıracaq. Bu isə müharibədən sonrakı iqtisadiyyatı kəskin şəkildə dayandıracaq. Bizə silah istehsalını ardıcıl şəkildə azaldan, əmək bazarını pozmayan bir proqram lazımdır”.
Qoşunların evə qayıtmasına icazə vermək məsələsinə gəlincə, bu təklifin cavabı belə olacaqdı: “İşsizliyin artması müharibədən sonrakı iqtisadiyyat üçün dağıdıcı olacaq. İqtisadiyyat yenidən dinc istehsala çevrilənə qədər qoşunlarımızın əsas hissəsi fəal xidmətdə saxlanmalıdır”.
Bu müharibə sonrası şəraitdə qılıncları kotanlara çevirmək üçün nə qədər vaxt tələb olunacaqdı? Qoşunlar evlərinə qayıtmaq üçün olunmağı nə qədər gözləyəcəkdilər? Cavabın ucu açıq olacaqdı. Heç kim bilməyəcəkdi. Siyasət qərar verəcəkdi.
Əgər “sülh” sözünün mənası “əsgərlərin özəl sektorda yaxşı iş tapacaqları məlum olana qədər hərbi geyimi saxlamaq” deməkdirsə, onda sülh şübhəli şəkildə növbəti müharibəyə hazırlıq kimi səslənir.
Bu, Birləşmiş Ştatlar iqtisadiyyatının 1945-ci ilin sonunda üzləşdiyi vəziyyətdir. Yaponiya avqustda təslim oldu. Almaniya əvvəlki ilin may ayında təslim olmuşdu. Prezident Trumen, Yaponiya təslim olanda həqiqi hərbi xidmətdə olan 12 milyon əsgərin yarısını 1946-cı ilin yanvarında Birliyin vəziyyəti ilə bağlı çıxış etdiyi vaxta qədər artıq tərxis etmişdi. Prezident öz müraciətində vəd vermişdi ki, orduda qalanların əksər hissəsi iyun ayına qədər tərxis ediləcək. Hezlitt bu fəsli Trumenin çıxış etdiyi vaxtla bağlı yazmışdı.
Amerika ailələri qoşunların dağıdılmasını istəyirdilər. Oğullarının və ərlərinin uniformalarını soyunub, ölkəyə qayıtmalarını istəyirdilər. Trumen bunu anlayırdı. İşsizliklə bağlı narahatlıq onun əsgərləri evə qaytarmağına və tərxis etməyinə mane olmaq üçün kifayət deyildi. Onlar evə qayıtdılar. Uniformalarını dolaba asdılar. Tezliklə onları qatlayıb, sandıqlara qoydular. Uniformaları naftalinləmişdilər. Uniforma sahiblərinin müharibə vaxtındakı işləri də eyni cür naftalinlənmişdi.
Qoşunlar sürətlə yenidən özəl sektora inteqrasiya olundular. 1946-cı ildə işsizlik səviyyəsi aşağı idi: 3,9%. Onilliyin sonuna qədər həmin həddə qaldı. Hezlittin 1946-cı ilin əvvəlində verdiyi proqnozu dəqiq oldu:
Əvvəllər mülki şəxslər tərəfindən dəstəklənən əsgərlər sadəcə digər mülki şəxslərin dəstəklədiyi mülki şəxslərə çevrilməyəcəklər. Onlar özlərini təmin edən mülki şəxslər olacaqlar. Əgər əks təqdirdə hərbi qüvvələrdə saxlanılacaq kişilərin müdafiə üçün artıq lazım olmadıqlarını fərz etsək, onların orduda saxlanması xalis itki olardı. Orada onlar qeyri-məhsuldar olardılar. Vergi ödəyiciləri onları dəstəkləməyin müqabilində heç nə əldə edə bilməyəcəkdilər. Lakin indi vergi ödəyiciləri öz vəsaitlərinin bir hissəsini eyni dəyərdəki məhsullar və xidmətlər müqabilində mülki vətəndaş kimi onlara verirlər. Ümummilli istehsal, hər kəsin sərvəti daha yüksəkdir.”
Bəs müharibə dövrünün bürokratları? Belə bir sual doğur: “Özəl sektor onları da mənimsəyə biləcəkmi?” Hezlitt bunun mümkün olacağını söyləyirdi. İkinci sual isə belədir: “Onları işdən çıxarmaq yaxşı fikirdir?” Hezlitt bunun yaxşı fikir olduğunu əminliklə bəyan edirdi.
Bu əməkdaşların təxminən yarısı əməkhaqqı fondunda qaldılar. İxtisarlar müvəqqəti oldu. Sonra Koreya müharibəsi başladı (1950-ci il). “Oğlanları evlərinə qaytarın. Qoy həyatlarını yaşasınlar”. Demək olar ki, hamının qoşunlara müraciət etdiyinə dair bu arqument müharibə dövrünün bürokratlarına şamil edilmirdi. Siyasətçilər, bürokratlar və seçicilər belə bir nəticəyə gəldilər ki, uniformalı kişilərə tətbiq edilən məntiq müharibəyə getməyən, döyüşməyən bürokratlara aid deyil.
Bunu nəzərə alaraq, gəlin müharibə dövrü bürokratlarının federal hökumətin əməkhaqqı hesabında saxlanmasının iqtisadi aspektlərini nəzərdən keçirək.
1. Pəncərə sahibləri
Müharibə məcburiyyət məsələsidir. Bu, qeyri-bazar hadisəsidir. Lüdviq fon Mises 1944-cü ildə bu barədə yazmışdır: “Tarix müharibə yolu ilə sülhün, məcburiyyət yolu ilə əməkdaşlığın, müxalifləri qətl etmək yolu ilə yekdilliyin əldə edilməsinin çoxsaylı cəhdlərinin uğursuzluğuna şahid olub”.
Müharibə başlayana qədər vətəndaşlar mülkiyyətçilərdir. Onların başlıca sərvəti – həyatlarıdır. Onlar Allah qarşısında öz həyatlarının idarəçiləridirlər.
Bir neçə dövlət işçisi istisna olmaqla, vətəndaşlar könüllü mübadilə yolu ilə çörəkpulu qazanırlar. Onların işləri var. Öz işlərinin sahibi deyillər. İş yerləri rəqabətli alverin müvəqqəti məhsuludur. Lakin alverin iştirakçıları malik olduqları bacarıqların sahibidirlər. Sərbəst bazar sosial nizamında onların başqalarına təklif vermək hüquqları var. Onlar alırlar və satırlar. Onların aldıqları və satdıqları şeylər arasında məşğulluq bacarıqları da var.
Onlar həm də pul inflyasiyası və hökumətin iqtisadi nizamlamaları yaranan itkilər də daxil olmaqla, vergilərə çıxılmayan gəlirlərinin bir hissəsinə sahibdirlər.
2. Pəncərə
Hezlittin kitabının digər fəsillərindən fərqli olaraq, burada pəncərə – müharibədən əvvəlkidir. Pəncərə – sülhdür. İnsanların öz həyatlarının, istedadlarının və pullarının sahibləri kimi bir-biri ilə könüllü razılaşmalar əldə etmək hüququdur.
Dinc vaxtda adamlar harada və nə qədər pula işləyəcəklərinə qərar verirlər. İşəgötürənlər bir-biri ilə rəqabət aparırlar. İşçilər bir-biri ilə rəqabət aparırlar. Bu rəqabətdən çox çeşidli məvaciblər meydana gəlir. Əmək bazarı müəyyən qiymətlə təmizlənir: həmin məvaciblə işləmək istəyən heç bir adam işsiz qalmır və həmin məvaciblə işçiləri işə götürə bilməyən işəgötürənlər yoxdur.
Müharibə vaxtı isə vəziyyət belə olmur.
3. Daş
Daş – müharibədir. Mülki hökumətlər əcnəbi vətəndaşlara da, yerli vətəndaşlara da məcburiyyət tətbiq etməyə çalışırlar. Bu, vətəndaşların müharibədən əvvəlki prioritetlərini pozur. Ona görə də müharibədən əvvəlki əmək bazarlarını da pozur.
Müharibə vaxtı seçicilər daha yüksək vergilərə, hökumət borclarına və mərkəzi bankın pul inflyasiyalarına razı olurlar. Qiymətlərə və əmək haqqına nəzarətə də razılaşırlar.
Əmək bazarları əmək tələb və təkliflərinin yeni şərtlərinə uyğun tənzimlənir. Bu tənzimləmə hər zaman qiymət və məvaciblərin ən yüksək həddini təyin edən bürokratlar tərəfindən həyata keçirilir. “Qiymətlərə və əmək haqqına nəzarət” ifadəsi əslində adamlara nəzarət deməkdir. Dövlətin bürokratları qanunla qəbul edilmiş maksimumdan yuxarı qiymətlərlə alan və ya satan adamları zorakılıqla hədələyirlər. Bu cür müdaxilə həmişə qıtlığa yol açır. Sonra hökumət qeyri-qiymət norması tətbiq edir. Bu əmək səfərbərliyi sistemi hərbi çağırışla – ordu səfərbərliyi ilə də müşayiət oluna bilər. Müharibə dövründə əmək bazarları sərbəst bazar olmurlar. Müharibə vaxtı əmək bazarlarının təmizlənməsinin əsasını dövlət məcburiyyəti təşkil edir. Bu daxili məcburiyyətə müharibəyə istinad edilərək bəraət qazandırılır. Bunun qələbə üçün verilən qurban olduğunu deyirlər. Birləşmiş Ştatlarda qıtlığın cavabında səslənən universal ifadə belə idi: “Məgər bilmirsiniz ki, müharibə gedir?”
Bu fəsildə ortaya qoyulan iqtisadi sual isə budur: “Yerli mülki hökumət müharibə başa çatdıqdan sonra əmək bazarına daş atmağı dayandırmalıdırmı?” Hərbi xidmət bazarında hökumət çox güman ki, atdığı daşların miqdarını və ölçüsünü azaldacaq. Ancaq bu, müharibə dövrü bürokratlarının əmək bazarına şamil edilmir. Siyasətçilər müharibə dövrü bürokratlarını əmək haqqı hesabında saxlamaq üçün yeni bəhanələr irəli sürürlər.
Zorakılıq təhlükəsi ilə üz-üzə qalaraq silahlı qüvvələrə – səfərbərliyə – qoşulmağa məcbur qalan kişilər öz işlərinə sahib deyildilər. Yəqin ki, bu işləri istəmirdilər. Könüllü getməkdən imtina etmişdilər, ona görə də onları səfərbərliklə cəlb etmişdilər. II Dünya Müharibəsində kişilərin çoxu silahlı qüvvələrə çağırılmışdılar. Lakin bəziləri könüllü getmişdilər. Məcburiyyət təhlükəsi həmişə könüllülük sistemini möhkəmləndirib.
Bunun əksinə, müharibə dövrünün bürokratlarının hamısı könüllü idilər. Onlar Ştatlarda təhlükəsiz şəraitdə qalırdılar. Hər müharibədə bürokratların əksəriyyəti Ştatlarda qalır. XMB – xarici müharibələr bürokratları kimi bilinən bir təşkilat yoxdur.
Müharibədən əvvəlki məşğulluq modellərindən kütləvi şəkildə uzaqlaşmanın hüquqi əsaslandırması müharibənin əxlaqi təməli üzərində qurulur. Müharibə başa çatanda bu işləri davam etdirmək üçün əxlaqi əsaslar da başa çatır. Sağ qalan həyat sahiblərinə hökumət icazə verir ki, mülkiyyətlərini özlərinə qaytarsınlar. Yerli hökumət qoşunları tərxis edir.
Bunun əksinə, hökumət bürokratları yeni hərbi vəzifələrə, ya da ən azından yeni müəyyən edilmiş başqa vəzifələrə təyin edilirlər. Onların ilkin məşğulluğunun əxlaqi və hüquqi əsasları itir. Bunu iqtisadi əsasla əvəz edirlər: “Onları işdən çıxarsaq, daha pul xərcləməyəcəklər. Bu isə iqtisadiyyatı gerilədəcək”. Bu, Keynsçi bir arqumentdir.
Ona görə də vergi ödəyiciləri bu bürokratları əmək haqqın hesabında tuta bilmək üçün vergi ödəməyə davam etməlidirlər. Onların öz gəlirləri üzərində mülkiyyətçiliyi vergilərlə azalır.
Prezident Trumen silahlı qüvvələri tərxis etdi. O, həm də iki il ərzində mülki işçilərin sayını yarıdan çox azaltdı. 1945-ci ildə ABŞ hökumətinin 3,4 milyona yaxın mülki işçisi var idi. 1946-cı ildə onların sayı 2,2 milyona qədər azaldı. 1947-ci ildə isə bu say 1,6 milyona qədər endi. 1950-ci ildə onların sayı 1,4 milyonluq minimum həddə çatdı. Koreya müharibəsi vaxtı bu say yenidən 2 milyona yüksəldi. Hökumət özəl sektorda subpodratçı kimi işə götürülən böyük işçi ordusunu gizlədir.
4. Xərclər
Müharibə qurtaranda bəzi xərcləri azalır. Kişilərin əksəriyyətinin hərbi xidməti başa çatır. Vergilər də azala bilər. Mərkəzi bankın inflyasiyası başa çata bilər. Qiymətlərə və əmək haqqına nəzarət dayandırıla bilər.
Müharibə dövrü bürokratlarına gəldikdə isə onların maaşları ödənilməyə davam edir. Müharibə dövründəki vəzifələri də müharibə ilə birlikdə başa çatdığına görə, onlar üçün yeni vəzifələr açılır və ya ixtira edilir. Yerli hökumət vergi tutmağa, borc almağa və pul xərcləməyə davam edir. Əks təqdirdə dinc dövrün vergi ödəyiciləri və investorlarında qala biləcək pullar yerli hökumətin hesabına köçürülməyə davam edir. Bu pullar bürokratları əməkhaqqı hesabında saxlamaq üçün istifadə olunur.
Yenidən Bastianın görünən və görünməyən şeylər arasındakı təzadına – Hezlittin təhlilinin məğzinə qayıdırıq. Bürokratlar görünürlər. Onların aldıqları məhsullar və xidmətlər görünürlər. Görünməyən isə odur ki, bürokratlar işdən azad edilsəydilər və məvacibləri ləğv edilsəydi, müəyyən məhsulları və xidmətləri vergi ödəyiciləri alardılar. İndi vergi ödəyiciləri bu malları almırlar. Əks təqdirdə bu malları tədarük edəcək istehsalçılar indi bu məhsul və xidmətlərin istehsalı üçün işçiləri işə götürmürlər. Əks təqdirdə bu cür müəssisələrə sərmayə yatıra biləcək investorlar bunun yerinə dövlət istiqrazlarını almağa qərar verirlər. Hezlitt bu nəticəni təsvir edirdi:
Bir daha çaşqınlıq ona görə yaranır ki, bu addımın nəticələri yalnız işdən azad edilən məmurların özləri və onlardan asılı olan konkret ticarətçilər baxımından nəzərdən keçirilir. Bir daha unuduruq ki, əgər bu bürokratlar öz vəzifələrində qalmasalar, vergi ödəyicilərinin daha əvvəl bürokratları təmin etmək üçün verdikləri pulları indi özlərinə saxlamağına icazə veriləcək. Bir daha unuduruq ki, vergi ödəyicilərinin gəlirlərinin və alıcılıq qabiliyyətinin artması keçmiş məmurların gəlirlərinin və alıcılıq qabiliyyətinin azalması ilə düz mütənasibdir.”
Əgər onların hamısı özəl sektora geri dönsəydilər, müştərilərin müəyyən etdiyi kimi məhsuldar vətəndaşlara çevriləcəkdilər. Bürokratların müharibə vaxtı gördükləri iş hərbi qələbə adı altında siyasi cəhətdən əsaslandırılırdı. Lakin müharibədən sonra vergi ödəyiciləri artıq milli müharibə qurbanı adı ilə vergi ödəmək istəmirlər. Onlar öz işləri ilə məşğul olmaq istəyirlər. Belə bir şəraitdə onları necə inandırmaq olar ki, pullarını müharibə sonrası bürokratlarına maaş vermək üçün pullarını hökumətə versinlər?
Əgər müharibə dövrü bürokratları hökumətin əməkhaqqı hesabında qalsalar, vergi ödəyiciləri özlərinin müharibədən sonrakı hədəflərinin bəzilərindən imtina etməli olacaqlar. Bürokratlara maaş verməyin əvəzində ödənilən qiymət budur. Bu qiyməti gizli saxlamaq üçün Keynsçi iqtisadçılar belə bir arqument tapmışdılar: “Əgər yerli hökumət onları əməkhaqqı hesabında saxlasa, onlar pul xərcləyəcəklər. Bu da iqtisadiyyatı stimullaşdıracaq. Bürokratlar işdən azad edilməsə, iş yerləri ləğv edilməsə, bunun nəticələri vergi ödəyiciləri üçün daha yaxşı olacaq”. Hezlitt bu iddiaya belə bir cavab yazdı: “Hər hansı bir qrup məmuru işdə saxlamaq üçün onların alıcılıq qabiliyyətini qorumaqdan daha yaxşı bəhanə tapa bilmiriksə, bu, onlardan qurtulmağın vaxtının gəldiyinə işarədir”.
5. Nəticələr
Müharibədən sonrakı Qərbi Almaniya və Yaponiya 1949-cu ildən sonra görünməmiş iqtisadi yüksəliş yaşadılar. Onların müharibə dövründəki nəzarətləri sona çatdı. Müharibəyə qədərki və müharibə dövrünün iqtisadi qaydalarının yerini sərbəst bazarlar tutdu. Bu iki ölkənin yenidən silahlanmasına icazə verilmirdi. Beləliklə, onların əhalisi ordunun maliyyə yükündən azad oldu. Bu, xüsusilə Yaponiya ilə bağlı gerçəklik idi. Bu yüksəlişlər xarici hərbi qüvvələr tətbiq etdiyi anti-militarizmin “sülhsevər təzminatı” idi. Militarizmdən bu cür azadlıq hər iki iqtisadiyyatın 1949-cu ildən sonra iqtisadi güc mərkəzinə çevrilməsinə imkan verdi. Onların ixracyönümlü müəssisələri II Dünya Müharibəsinin hərbi qaliblərinin güclü iqtisadi rəqiblərinə çevrildilər.
Birləşmiş Ştatlarda müharibə dövrünün iqtisadi nəzarəti 1946-cı ilin sonunda başa çatdı. Böyük Britaniyada isə o, başa çatmamışdı. 1951-ci ilin sonunda Leyboristlər hökuməti məğlub olana qədər britaniyalılar qiymətlərə və əmək haqqına nəzarətdən, eləcə də normanın tətbiqindən əziyyət çəkdilər.
Yekun
Hərbi səfərbərlik və müharibə dövründəki iqtisadi nəzarətin bəhanəsi müharibənin özüdür. Müharibə başa çatdıqda, bu bəhanə də başa çatmalıdır. Lakin iyirminci əsrdə bürokratiya həyat tərzinə çevrildi. Fironların dövründən bəri olmadığı qədər geniş vüsət aldı.
1940-cə ildə 700 000 mülki federal işçi var idi. Bu rəqəm heç vaxt 1,4 milyonun altına enmədi. Müqavilə ilə işləyən mülki işçilər əslində dövlətin əməkhaqqı hesabındadırlar. Bu, statistik cəhətdən gizlədilir.
Hökumət bürokratları işə götürmək üçün pul xərcləməyə başlayan kimi, siyasətçilər mövcud ştat yerlərini saxlasınlar deyə seçicilərin gözünü qorxuda bilərlər. Siyasətçilər belə bir arqumentdən istifadə edirlər: “Hökumət məşğulluğu milli işsizliyi azaldır”. Siyasətçilər sərbəst bazarın məvacibləri nizamlayacağına inanmırlar, ona görə də bazar məvacibi ilə işləmək istəyən hər kəs iş təklifi alacaq. Keynsçi iqtisadçılar da bu fikrə qoşulurlar. Seçicilər çiyinlərini çəkirlər, sonra isə bürokratları əməkhaqqı hesabında saxlamaq üçün vergi ödəyirlər. Görünməyən şeylər görünməz olaraq qalır. Buna vergi ödəyicilərinin əksəriyyətinin sərvətinin azalması da daxildir… amma bürokratların deyil.
1946-cı ildə amerikalı seçicilər artıq müharibə dövrü xərclərinə dözə bilmirdilər. Noyabr seçimlərində Respublikaçılar bilbordlardakı bu şüar ilə Konqresin hər iki palatasını geri aldılar: “Bəsdir?” Trumen bunu başa düşürdü və 1945-ci ilin sonunda qoşunları tərxis etdi. 1946-cı ildə isə o, 1,2 milyon bürokratı işdən azad etdi.
Hezlitt irəli sürdüyü iki iqtisadi tədbirin 1946-cı ilin sonunda həyata keçməsinin şahidi oldu: qoşunların tamamilə dağıdılması və bürokratların qismən dağıdılması.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-9 səhifəsinə baxın.
-10-
Tam məşğulluq fetişi
Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi: İndiyə kimi ediyinizdən fərqli olaraq, bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar. Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək” deyib fəryad edirlər. Bu adamlara daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər (Çıxış 5:6-9).
Bu hissə sizə tanış olmalıdır. Mən 7-ci fəslin – “Texnikanın lənəti”nin başlanğıcında ondan istifadə etmişdim. Onu yenidən istifadə etməyimin səbəbi – 10-cu fəslin 7-ci fəslin təkrarı olmasıdır. 10-cu fəsildə Hezlitt 7-ci fəsildəki arqumentin başqa bir variantını təqdim edib. 7-ci fəsildə o, guya işçiləri sıxışdırdığına görə əmək bazarlarının mexanikləşdirilməsini rədd edən sərbəst bazar tənqidçilərinə cavab vermişdi. Burada o, sərbəst bazar tənqidçilərini təkzib etmək üçün eyni düşüncə xəttini izləyib. Tənqidçilər israr edirlər ki, tam məşğulluğu təmin etmək üçün yerli hökumət əmək bazarına müdaxilə etməlidir, çünki sərbəst bazar bunu edə bilməyib.
Fironun üç iqtisadi məqsədi var idi. Birincisi, o, israillilər üçün tam məşğulluq, yəni asudə vaxtın olmamasını istəyirdi. İkincisi, o, eyni sayda kərpicin düzəldilməsini istəyirdi. Üçüncüsü, o, xərcləri azaltmaq istəyirdi – bu, daha əvvəl misirli nəzarətçilərin gətirdiyi samanın istehsalı ilə bağlı xərclər idi. Saman kərpic istehsalında istifadə edilirdi. Firon saman yığımı işini israillilərə verdi. Qısaca, o, nəyisə havayı əldə etmək istəyirdi: eyni sayda, lakin Misir üçün daha ucuz başa gələn kərpic. Ancaq firon bu günkü istənilən Keynsçidən daha yaxşı iqtisadçı idi. O bilirdi ki, dövlət fərmanı ilə heç nə müftə əldə edilməyəcək. İsraillilər daha çox işləməyə məcbur qalacaqlar.
Tam məşğulluq olacaqdı: israillilər üçün daha çox iş. Musa və Harun firona meydan oxumazdan əvvəl xalqın sahib olduğu bütün asudə vaxt indi əllərindən alınmışdı. Firon xalqın əhd nümayəndələrinin onun hüzurunda söylədiyi “yalanlar” üçün xalqı cəzalandırdı. Onlara kimin başçılıq etdiyini göstərəcəkdi. İsraillilər əlavə məşğulluqla mənfi sanksiyaya məruz qalacaqdılar. Bütün bunların sətiraltı mənası isə aydın idi: bir həftəlik məzuniyyətə getmək və Allaha qurban təqdim etmək üçün hər hansı yeni tələb əlavə mənfi sanksiyalara səbəb olacaqdı.
Firon tam məşğulluğu mənfi sanksiya hesab edirdi. İsraillilər də belə hesab edirdilər. Bunun əksinə olaraq, dövlətin əmək bazarına müdaxiləsinin müasir tərəfdarları tam məşğulluğu müsbət sanksiya hesab edirlər. Onların iddiasına görə, bu, o qədər müsbətdir ki, işəgötürənlə işçilər arasındakı könüllü müqavilələr qanunla qadağan olunmalıdır. Hökumət daş atmalıdır.
Sərbəst bazarın böyük üstünlüyü ondadır ki, o, təklif edilən məvaciblə işləmək istəyənləri tam məşğulluqla təmin edir, bunu istəməyənlərə isə asudə vaxt verir. İstənilən cəmiyyətin hər iki nəticəyə nail olmasının yeganə yolu – əmək bazarları üzərində dövlət tənzimləmələrinin olmamasıdır. Bu, əmək bazarında və bütün digər bazarlarda “bazar möcüzəsi”dir. “Dayanın! Bu hələ hamısı deyil!” Sərbəst bazar təkcə işçi qüvvəsinin deyil, bilinən bütün resursların tam məşğulluğunu təmin edir: torpaq, xammal, alətlər və iqtisadi şərtlər haqqında dəqiq məlumat – keçmiş, indiki və gələcək.
1. Pəncərə sahibləri
Bir neçə sahib – mülkiyyətçi var. Birinci mülkiyyətçi – sərmayə sahibi olan adamdır. Bu sərmayəyə müştərilərin gələcəkdə müəyyən məhsul və xidmətlərin əvəzində nə qədər ödəməyə hazır olduqlarının və ödəyə biləcəklərinin proqnozu daxildir. O, sahibkardır, çünki onun pulu, proqnozu və bu proqnoza nail olmaq üçün planı var. İkinci mülkiyyətçi – bu məhsulların və ya xidmətlərin istehsalı üçün tələb olunan qabiliyyətlərə malik işçidir. Üçüncü mülkiyyətçi işçi qüvvəsindən fərqlənən məhdud vəsaitlərə – sahibkarın istehsal planı üçün həlledici əhəmiyyət kəsb edən vəsaitlərə sahibdir. Dördüncü mülkiyyətçi – potensial gələcək müştəridir, məhsul və ya xidmət bazara çıxarılanda onun pulu olacaq.
Hər birinin vəsaitləri var. Hər birinin məqsədi var, bu məqsədlərə özlərinin şəxsi mülkiyyət hüquqularından ağıllı istifadə etməklə nail ola bilərlər. Qısaca, onların əmək bölgüsündə əməkdaşlıq etmək imkanları var.
2. Pəncərə
Bu vəsait sahibləri mürəkkəb birgə müəssisələr silsiləsində birləşirlər. Hər hansı mərkəzi plan yoxdur. İşəgötürən müəyyən məvaciblə işçi axtarırlar, işçilər isə öz növbələrində müəyyən məvaciblə iş axtarırlar. Əgər məvacib rəqabətli sövdələşmələrlə nizamlansa, bu məvaciblə işləmək istəyən potensial əməkdaşlar olmayacaq. İşəgötürənin əlavə işçilər götürərək gözlənilən gəlir səviyyəsini artırmaq imkanı da olmayacaq. Bu, işdən işə bazarı təmizləyən məvaciblərdir. Sonra işəgötürən onları işlədəcək. Onlar üçün əlavə istehsal amillərini də təmin edəcək: kommersiya sahəsi, alətlər və xammal. O, bütün bunları mümkün etmək üçün öz pullarını və ya investorlardan və kreditorlardan cəlb etdiyi pulları qoyur.
Bütün bunlar tamamilə könüllü olan müqavilələr silsiləsinin bəhrəsidir. Bu tənzimləmələr hansısa dövlət məmuru və ya orqanı tərəfindən tərtib edilmiş mərkəzi iqtisadi planın tərkib hissələri deyillər. Vəsait sahibləri ümumi əmək bölgüsündə bir araya gəlirlər. Hər kəs istehsal qarışığına universal vəsait gətirir. Hər kəs öz mənfəətini axtarır.
Bu layihə tamamilə işə cəlb olunmanı nəzərdə tutur. Bu işə cəlb olunma – sadəcə işçi qüvvəsinin işə cəlb olunması deyil. Bu, gələcəyi görmənin, pulun, sərmayənin, əməyin, alətlərin, xammalın və torpağın işə cəlb olunmasıdır.
Bütün bunlar rəqabətli sövdələşmə məsələsidir. İşəgötürənlər işəgötürənlərlə rəqabət aparır. İşçilər işçilərlə rəqabət aparır. Vəsait sahibləri vəsait sahibləri ilə rəqabət aparır. Müştərilər isə bu vaxt səbirlə gözləyirlər ki, nəhayət alış-verişə getməyə qərar verdikləri zaman kimin onlara ən yaxşı qiymətləri təklif edəcəyini görsünlər.
Müəyyən qiymətlərlə… tam məşğulluq var. Niyə? Çünki bir şeyin olması heç nəyin olmamasından daha yaxşıdır. Hər kəs daha yaxşı sövdələşmə istəyir, amma elə bir vaxt gəlir ki, istənilən sövdələşmə heç bir sövdələşmənin olmamağından daha yaxşı olur. Bütün sərbəst bazar sistemi bəşəriyyət tarixinin iqtisadi cəhətdən ən məhsuldar ifadəsi ilə tənzimlənir və motivasiya edilir: “Gəlin sövdələşək”. (Bu, 1625-ci ildən bəri Amerikanın qeyri-rəsmi milli şüarıdır.)
Sərbəst bazarın pəncərəsi şüşədən baxırmış kimi, tutqun şəkildə görməyimizə imkan verir. Hansısa qiymətə… daha yaxşı sövdələşmə axtarırıq.
3. Daş
Vəzifədə olan siyasətçilər də sövdələşmə istəyirlər. Seçicilərin onları yenidən seçməyini istəyirlər. Ona görə də seçiciləri növbəti seçkilərdə onlara yenidən səs verməyə inandıracaq vədlər axtarırlar.
Cəzbedici vədlərdən biri belə səslənir: yerli hökumət çoxsaylı iş yerlərinə zəmanət verə bilər. Sərbəst bazar, onların iddiasına görə, tam məşğulluğu təmin etməyi bacarmayıb. Amma bir ulduz işarəsi var: “yaşayış minimumunda”. Bu, işəgötürənlərin ödəməyə hazır olduqları məvacibdən daha yüksəkdir. Beləliklə, boş oturub gözləyən işsiz işçilər var. İşə cəlb olunmayan xammal materialları, alətlər və kommersiya sahəsi də var. Lakin çox az siyasətçi bu başqa bazarlara yaxından diqqət yetirir. Onları maraqlandıran şey – sayı xammalın, alətlərin və kommersiya sahəsinin sahiblərindən daha çox olan işçilərin tam məşğulluğuna təşviq etməkdir.
1930-cu illərin Böyük Böhranı, 1920-ci illərdə xüsusilə Birləşmiş Ştatlar, Böyük Britaniya və Qərbi Avropadakı mərkəzi bankların inflyasiyasının nəticəsi idi. Bu yüksəliş 1930-cu ildən sonra çöküşə çevriləndə hökumətlər Keynsçi siyasəti qəbul etdilər – bundan beş il sonra Keyns “Ümumi nəzəriyyə” (1936-cı il) adlı əsərində çətin anlaşılan nəsrlə onlara haqq qazandırdı. Herbert Huver və Respublikaçılar Konqresi bu baxımdan Yeni Kursdan öncəyə aid idilər. Qərbdəki hökumətlər əmək qiymətlərinə, sərmayə bazarlarına və beynəlxalq ticarətə müdaxilə etdilər. Bütün bunları tam məşğulluq naminə etdilər. Bununla belə, ya qul əməyini (SSRİ), ya da sərt tənzimlənən əməyi (Faşist Almaniyası) qəbul etmiş sosialist tiranları tərəfindən məcburi əməyin tətbiq edilmədiyi hər yerdə işsizlik yüksək səviyyədə qalırdı.
Daha sonra, təxminən on il sürən yüksək işsizlikdən sonra, 1939-cu il sentyabrın 1-dən başlayaraq, Avropadakı siyasətçilər Böyük Böhranın işsizliyini aradan qaldırmaq üçün siyasi cəhətdən səmərəli yol tapdılar: II Dünya Müharibəsi. Bu müharibə bəşəriyyət tarixində daha əvvəl görünməmiş miqyaslarda sərt tənzimlənən əməyə gətirib çıxardı. Hökumətlər on milyonlarla kişini silahlı qüvvələrə çağırdılar. On milyonlarla qadını isə silah istehsalı zavodlarında bu kişiləri əvəz etməyə təşviq etdilər. Sonra isə silahlı qüvvələrdə xidmət etməyən bütün yetkin yaşda adamlardan vergi aldılar. Seçicilər hərbi qələbə naminə bu vergilərə və sərt tənzimləmələrə razı idilər. Bu, “hamıya iş” idi. Bombalar düşənə qədər hamıya yaşayış minimumunu ödədilər. Bilavasitə bombaların altında olanlara isə əmək haqqının verilməsi sona çatdı.
Mərkəzi bank bankirləri müxtəlif pul ehtiyatlarını şişirdilər. Bu, qiymətlərin və əməkhaqqının yüksəlişinə gətirib çıxardı, lakin bütün hökumətlər qiymətlərə və əməkhaqqına nəzarəti – xalqa nəzarəti ələ aldılar və siyasi norma tətbiq etdilər. Bu, həqiqi əməkhaqqını aşağı saldı, bununla da işçi qüvvəsinə tələbatı artırdı. (İqtisadiyyatın əsas qanununu xatırlayın: “Qiymət nə qədər az olsa, tələbat o qədər çox olar”.) Ale-hop: artıq heç bir işsizlik yoxdur.
Sonra döyüş meydanındakı ölümlər işçi qüvvəsinin azalmasına səbəb oldu. Sağ qalanlar üçün daha çox iş var idi. “Hamıya iş!”
Bunun ardınca məhvedici bombardmanlar gəldi. Şəhərlər yerlə yeksan oldu. Yenidən bərpa üçün daha çox iş yarandı. “Hamıya iş!”
II Dünya Müharibəsi XX əsrdə hökumət tərəfindən qoyulmuş ən böyük tam məşğulluq proqramı idi. Müharibə dövründə istənilən vaxt hökumətlər tam məşğulluğa nail ola bilirlər. Seçicilərin etməli olduğu yeganə şey – dilə gətirilməyən iki sözün gerçəkliyini qəbul etməkdir: “nəyinsə bahasına”. II Dünya Müharibəsi 60 milyon ölüm – işçi qüvvəsinin əhəmiyyətli dərəcədə azalması və bu səbəbdən məşğulluq səviyyəsinin artması bahasına başa gəldi.
Hezlittin öz əlyazmasını yazdığı dövrdə çoxları müharibədən əvvəlki işsizlik göstəricilərinin yenidən ortaya çıxacağından çox qorxurdular. 1946-cı ilə aid Tam Məşğulluq Haqqında Qanunun qüvvəyə minməsi Hezlittin öz kitabını yazdığı vaxta təsadüf edirdi.
O, tam məşğulluğu fetiş[1]Tərcüməçinin qeydi: Korkoranə bağlılıq, qeyri-sağlam aludəçilik. adlandırırdı. Fetiş hesab edilməsinin iki səbəbi var idi. Birincisi, geniş yayılmış yeni bir böhran qorxusu var idi: “müharibə yoxdursa, tam məşğulluq da olmayacaq”. İkincisi, Keynsçi iqtisadçılar və onların ardıcılları qorxurdular ki, ictimaiyyətin yalnız hərbi qələbə naminə dözdüyü, müharibə ilə əlaqədar mərkəzləşmiş plan olmadan, əmək bazarları könüllü mübadilə yolu ilə təmizlənməyəcək. Bu, Keynsçi iqtisadçıların hamısının qorxusudur. Onların səciyyəvi cəhətidir. Klauzevits yazırdı: “Müharibə – sadəcə siyasətin başqa vasitələrlə davamıdır”. Keynsçilik – sadəcə müharibə dövrünün mərkəzləşmiş planının başqa vasitələrlə davamıdır. Keynsçilər bilirlər ki, dinc vaxtda ictimaiyyət qiymətlərə nəzarəti və normanın tətbiqini qəbul etməyəcək. Odur ki, onlar müharibə dövrünün başqa siyasətlərini irəli sürürlər: hökumət kəsirləri və mərkəzi bankın borcu nağdlaşdırması.
Siyasətçilər, o vaxtkı kimi, indi də səslərə əhəmiyyət verirlər. İşsiz seçicilər vəzifədə olan siyasətçilərin vəzifədən azad edilməsi üçün səs verə bilərlər. Siyasətçilər məhsuldarlığa çox önəm verirlər, ancaq təkcə xüsusi bir növ məhsuldarlığa: səs toplamağa. Tam məşğulluq, istənilən iqtisadi və ya digər vəziyyətdən daha yaxşı səs toplayır. Tam məşğulluq – həm seçicilər, həm də siyasətçilər üçün – həqiqətən bir fetişdir.
4. Xərclər
İqtisadiyyata siyasi müdaxilə azadlığın itirilməsinə səbəb olur. Bu, həmişə ödənən ən böyük qiymətdir. Bunu nadir hallarda dilə gətirirlər. Görünməyən şeylərin ən görünməyənidir.
Adamlar çəkdikləri zəhmətin əvəzində varlanmaq istəyirlər. Bunun üçün vəsait – sərmayə lazımdır. Bunun üçün daha yaxşı informasiya lazımdır. Bu, bir sözlə, adambaşına daha çox investisiya tələb edir. Adamlar həyatlarının daha çox hissəsini işləmək istəyirlər. Ancaq sonra saatbaşı gəlirləri artanda, daha az işləmək istəyirlər. Daha bir iş saatının gəlirindən imtina edərək, özlərinə asudə vaxt satın alırlar. Asudə vaxt – dəyərli istehlak məhsuludur, Misirdəki israillilər bunu anlayırdılar. Firon tam məşğulluğun sirrini bilirdi: tiranlıq. Hezlitt də bunu başa düşürdü.
Tam məşğulluğu tam istehsal məqsədindən ayırdıqdan və özlüyündə əsas məqsəd kimi qəbul etdikdən sonra ona nail olmaqdan daha asan heç nə yoxdur. Hitler nəhəng silahlanma proqramı ilə tam məşğulluğu təmin etmişdi. Müharibə iştirak edən hər bir xalq üçün tam məşğulluğu təmin etmişdi. Almaniyadakı qul əməyi tam məşğulluğu təmin etmişdi. Həbsxanalar və əli qandallı məhbuslar üçün tam məşğulluq təmin edilib. Məcburiyyət həmişə tam məşğulluğu təmin edə bilər.”
Bu, 1946-cı ildə görünməyən bir hal idi. Ancaq seçicilərin düz burnunun dibində idi. Corc Oruell haqlı idi: “Burnunun dibindəkini görmək üçün daimi mübarizə lazımdır”.
Biz tam məşğulluq istəmirik. Biz daha məhsuldar – saatbaşına daha yüksək həcmli istehsal istəyirik. Daha asan məşğulluq istəyirik. Yenə də Hezlittən sitat gətirək:
Bəşəriyyətin bütün iqtisadi tərəqqisi eyni əməklə daha çox istehsala nail olmaqdan ibarət olub. Məhz bu səbəbdən adamlar yüklərini özlərinin deyil, qatırların belinə yükləməyə başladılar; məhz bu səbəbdən təkər və araba, dəmir yolu və yük maşını icad etdilər. Məhz bu səbəbdən öz bacarıqlarında əməyə qənaət edən yüz min ixtiranı hazırlamaq üçün istifadə etdilər.
Heç bir gəlirimiz olmayanda daha çox məşğulluq istəyirik. Amma tam məşğulluq – gündə 16 saat iş istəmirik. Arada asudə vaxt da istəyirik. Bəzi adamlar ölənə qədər əmək bazarında olmaq istəyirlər. Bəziləri təqaüdə üstünlük verirlər. Sərbəst bazarda, işi olmayan adamlar asudə vaxtı satın ala bilərlər. Asudə vaxta sahib olmadan gəlir də satın ala bilərlər.
Qayda budur: bir şeyi heç nəsiz əldə etmək olmaz. Müftə nahar olmur. Havayı istirahət günləri də olmur.
Azad cəmiyyətin əsas ideyası – azadlıqdır. Qoy insanlar özləri qərar versinlər ki, tam məşğulluq, qismən məşğulluq, yoxsa sıfır məşğulluq istəyirlər. Sərbəst bazarlar bu seçimlərə – müəyyən qiymət bahasına – imkan yaradır.
Əmək bazarlarında dövlət müdaxiləsi iş təkliflərinin sayını azaldır. Niyə? Çünki hər bir müdaxilə mübadilə qiymətlərini artırır. Onda təməl iqtisadi qanun qüvvəyə minir: “Qiymət nə qədər yüksək olarsa, tələbat o qədər aşağı olar”.
Resurs sahiblərinin sövdələşə biləcək müxtəlif aktiv sahiblərini axtarmağı daha baha başa gəlir. Həmin mülkiyyətçiləri tapsalar belə, qanunvericilik bu cür mübadilənin təşkilini riskli vəziyyətə çevirib. Ona görə də qara bazar mübadilələri daha tez-tez baş verir. Resurslar dövlətin nəzarət etdiyi qanuni bazarlardan nəzarət edilməyən qeyri-qanuni bazarlara keçir. Aşkara çıxma riski artır. Bütün bazarlarda qiymətlər qalxır. Sövdələşmələrin sayı getdikcə azalır.
Qara bazardan uzaq durmaq istəyən işəgötürənlər üçün bir çarə var: mexanikləşdirmə. Sərbəst bazarda məvacibi yetərincə az olan, əməyə qənaət edən avadanlıqların tətbiqini səmərəsizləşdirməyə kifayət etməyən işçilərin daha aşağı məvaciblə öz xidmətlərini təklif etmələrinə icazə verilmir. Ona görə də işəgötürənlər texniki avadanlıqlar alırlar. İş təklifləri tədricən yox olur.
Kütləvi məşğulluq layihəsində hökumətin xərcləri ödənməlidir. Vergilər artır. Hökumətin borcları artır. Mərkəzi bankın pul inflyasiyası artır. Bütün bunlar əks təqdirdə özəl sektora xərclənə biləcək sərmayəni azaldır. Beləliklə, sərmayə çatışmazlığı səbəbindən əməyin məhsuldarlığı azalır. İşçilər daha keyfiyyətsiz alətlərlə kifayətlənməyə məcburdurlar. Tanış hekayədir: buldozerlər yerinə kürəklər. Kürəklərlə icra üçün hazırlanmış hökumət layihələri səslər baxımından məhsuldar olsa da, ümumilikdə qeyri-məhsuldardır. Lakin kürəklə icraya hazır hökumət layihələrinə səs verən siyasətçilərin məqsədi iqtisadi məhsuldarlıq deyil, toplayacaqları səslərdir.
5. Nəticələr
Bu cür siyasi davranışların qaçılmaz nəticəsi – istehsalın azalmasıdır. Niyə? Daha yüksək qiymətlər iqtisadi artımı aşağı salır. Cəmiyyət əks təqdirdə ola biləcəyindən daha kasıb vəziyyətə salınır.
Bu vaxt yerli bürokratiya isə artır. Dövlət Qulluğu haqqında qanunlar bürokratların işdən çıxarılmasını çətinləşdirir.
Keynsçi Qərbə bənzəməyə çalışmayan ölkələrin əcnəbi işçiləri işəgötürənlərlə qarşılıqlı səmərəli razılaşmalar əldə edə bilirlər. Bu ölkələrin məhsuldarlığı artır. Bu ölkələrdən ixrac artır. Tam məşğulluq qanunlarının yükü altında olan ölkələrdəki müştərilər görürlər ki, iqtisadiyyatın idxalla xarakterizə olunan sahələrində əlverişli sövdələşmələr əldə edə bilərlər. Əcnəbilərin məhsuldarlığının təsiri tam məşğulluq haqqında qanunvericiliyi qəbul etmiş ölkələrdə hiss edilir. İdxal məhsulları bazarında da hiss olunur.
Xarici ixracatçılar görürlər ki, dolay subsidiyalardan mənfəət əldə edirlər. Tam məşğulluq haqqında qanunların səciyyəvi olduğu ölkə əmək məhsuldarlığının azalmasından və işçi qüvvəsi üçün xərclərin artmasından əziyyət çəkir. Bu, belə qanunvericilikdən əziyyət çəkməyən xarici ixracatçılara imkan yaradır. Nəticədə, tam məşğulluq haqqında qanunların olmadığı ölkələrdə tam məşğulluq əldə edilir.
Lüdviq fon Misesin iddia etdiyi kimi, hökumətin sərbəst bazarlara müdaxiləsinin iqtisadi nəticələri müdaxilənin ilkin əsaslandırması ilə təzad təşkil edir. Lakin əmək bazarlarındakı nəticələr, qanunvericiliyin rəsmi əsaslandırmasından fərqli olaraq, siyasətçilərin əsl məqsədinə uyğundur. Əsl məqsəd isə daha çox səs toplamaqdır.
Əgər daha çox seçici iqtisadiyyatı başa düşsəydi, siyasətçilər bu cür qanunları qəbul etdiklərinə görə səsləri itirərdilər. Amma seçicilər iqtisadiyyatı başa düşmürlər. Buna məsihçi seçicilər də daxildir. Onlar istər məsihçi olsun, istərsə də başqa iqtisadiyyatı başa düşmürlər.
Yekun
1946-cı ilin Tam Məşğulluq Haqqında Qanunu 1946-cı il fevralın 20-də prezident Trumen tərəfindən imzalandı. Hezlitt öz əlyazmasını yenicə bitirmişdi. 1946-1950-ci illərdə Amerikadakı işsizliyin aşağı səviyyəsini bu qanunla əlaqələndirmək olardı. Lakin 1946-cı ildə müharibə dövrünün iqtisadi tənzimləmələrinin ləğvi də davam edirdi. Keynsçilər işsizliyin aşağı səviyyəsini özlərinin qələbəsi hesab edirlər. Sərbəst bazar iqtisadçıları da eynilə.
Qərbi Almaniyada daha yaxşı sınaq nümunəsi var idi. Müttəfiq hökumətlərin müharibə dövründə qiymətlərə nəzarət sistemi, kağız pulların inflyasiyası (müttəfiqlərin işğal valyutası üçün xüsusi çap maşınları var idi, Sovet İttifaqı bu maşınları tələb etmiş və almışdı) və normanın tətbiqi. Qanuni bazarlardakı məşğulluğun səviyyəsi aşağı idi. Hər yerdə qara bazar var idi.
1947-ci ildə Lüdviq Erhard iki zonalı İqtisadi İmkanlar İdarəsinin direktoru oldu. Doktor Erhard Uilhelm Röpkenin şagirdi idi, sonuncu isə öz növbəsində Misesin şagirdi olmuşdu. Bazar günü, 20 iyun 1948-ci ildə Erhard radioda çıxış edərək, 90%-dən artıq valyuta daralmasını elan etdi. Qərb zonasında qiymətlərə nəzarət ləğv edildi. Ertəsi gün Qərb zonasında işsizliyin səviyyəsi kəskin şəkildə endi. Adamlar qanuni bazarlardakı işlərə qayıtdılar. Bu, alman iqtisadi möcüzəsinin başlanğıcı idi. Bu möcüzə Sovet zonasında baş vermədi. Həmin möcüzə 1978-ci ilə qədər tarixin ən sürətli iqtisadi inkişafına gətirib çıxardı. 1978-ci ildə Den Syaopin Çinin kənd təsərrüfatı sektorunun tənzimlənməsini ləğv edən bənzər sistemi elan etdi. Artım 1979-cu ildə başladı.
Tam məşğulluğun məqsədi qanunidir. Daha çox asudə vaxtın məqsədi də belədir. Əmək haqqı sistemindən kənar xidmətin məqsədi – mənfəət güdməyən könüllülük də qanunidir. Hər üç məqsədə nail olmaq üçün insanlara azadlıq lazımdır. Onlar özləri üçün sərfəli hesab etdikləri sövdələşmələri aparmağı bacarmalıdırlar. Onlara sövdələşmə imkanı – çoxlu-çoxlu sövdələşmə imkanı lazımdır. Özlərinin münasib bildiyi şəkildə… müəyyən qiymətə… tam məşğulluğa, qismən məşğulluğa, yaxud sıfır məşğulluğa nail ola bilərlər. Qiymətdə razılığa gələrlər.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-10 səhifəsinə baxın.
-11-
Tariflər kimi “müdafiə edir”?
Rəbb mənə belə dedi: Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün. Xalqa belə əmr et: <Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun. Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm. Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun> (Qanunun Təkrarı 2:2-6).
Allah Musaya, o da öz növbəsində israillilərə aydın şəkildə başa saldı ki, İsrail xalqı ilə Esav nəsli arasında sərbəst ticarət olmalıdır. Heç bir məcburiyyətə yol verilməməlidir. Esav nəslində israillilərin istədiyi məhsullar var idi: ət və su. İsrail xalqında Esav nəslinin istədiyi şey var idi: pul. Könüllü mübadilə üçün imkanlar var idi. İsrail xalqının Esavın ətinə və suyuna, yəni tariflərə qarşı “müdafiəyə” ehtiyacı yox idi.
Əhdi-Ətiqdə qeyd olunmuş İsrailin tarixində heç bir tarifdən bəhs edilmir. Əhdi-Cədiddə də bu barədə heç bir xatırlatma yoxdur. Roma imperiyası nəhəng sərbəst ticarət zonası idi. Onun zənginliyi bu fakta əsaslanırdı. Aralıq dənizi ərazisi e.ə. 66-cı ildə Pompey tərəfindən dəniz quldurlarından təmizləndi. Bu, ticarəti artırdı. Yollar Romaya aparırdı. Bu da ticarəti artırdı.
1. Pəncərə sahibləri
Bu hadisədə mülkiyyətçilər Esavın milli sərhədlərinin hər iki tərəfində idilər. Suya və ətə sahib olan Esav nəsli var idi. Misirdən gətirdikləri (Çıxış 12:36) pula sahib olan İsrail xalqı var idi. Öz mülkiyyətləri üzərində qanuni mülkiyyət hüququna sahib olduqlarına görə, mülkiyyətləri sayəsində mümkün olan ən yaxşı yolu seçə bilərdilər.
Onlar öz mülkiyyətlərinə sahib olduqları üçün ondan imtina etməyə də qanuni haqları var idi. Hər bir mülkiyyət hüquqlar silsiləsi ilə müşayiət olunurdu. Mülkiyyətçiliyin mahiyyəti elə bundadır: mülkiyyətdən müəyyən üsullarla istifadə etmək hüququ. Belə üsullardan biri mübadilədir. Bu haqların sahibləri mübadilə yolu ilə daha arzu olunan məhsullar əldə edərək öz mülkiyyətlərini artırmağın yollarını axtarırdılar. Hansı məhsulların daha arzu olunan olduğuna kim qərar verirdi? Məhsulların sahibləri.
Bu gün tariflərin təsirinə məruz qalan mülkiyyətçilər var. Milli sərhədlərin hər iki tərəfindəki alıcılar (müştərilər) pul sahibləridir. Hər iki tərəfdəki satıcılar (istehsalçılar) məhsul sahibidirlər. Onlar əxlaqi və hüquqi nizamdan faydalanan şəxslərdir. Bu sayədə sahib olduqları şeylərlə istədiklərini edə bilərlər və buna mülkiyyət hüququndan imtina da daxildir.
Sərhədin hər iki tərəfində məhsul istehsalçıları da var, onlar digər tərəfdəki satıcıların rəqabəti ilə üzləşirlər. Onlar resurslara sahibdirlər. Bu resurslardan maksimum gəlir əldə etməyə çalışırlar. Rəqabəti məhdudlaşdırmaq üçün stimulları var.
2. Pəncərə
Pəncərə – hər iki xalqı idarə edən hüquq sistemi idi. Mübadilə sahəsində hər bir mülki sərəncam milli sərhədindən mal mübadiləsinə icazə verirdi. Heç bir qanun sistemi mübadiləyə məhdudiyyət qoymurdu. Sərbəst ticarət budur. Mülkiyyətçilər Allahı təmsil edən idarəçilər idilər.
“Sərbəst ticarət” adətən “sərbəst bazardan” daha dar istiqamətə malik olur. Amma onların məğzi eynidir. Sərbəst bazar sərbəst ticarətə – küçənin o tayında, mahal hüdudlarından kənarda, əyalət hüdudlarından digər tərəfində və dövlət sərhədindən boyunca – icazə verən hüquq sisteminin məhsuludur. Təşkilati tənzimləmə mülkiyyətçilərə sahib olduqları hər şey üzərində qanuni suverenlik verir. Sərhədlər kimi bilinən görünməz hüquqi xətlər bu sərhədlərin müxtəlif tərəflərindəki adamların məhsul mübadiləsinə qanuni haqlarına iqtisadi təsir göstərmir.
Xüsusi mülkiyyətlərə sahib olmaqla bağlı hüquqlar silsiləsi bütün sərhədlərlə – küçə, mahal, əyalət və ölkə – ötürülür. Mülkiyyətin bir növünü – məhsulları – sərhədin digər tərəfinə satan adama heç bir ayrı-seçkilik vergisi tətbiq edilmir. Qanun qarşısında bərabərlik var. Bu, Musanın ən əsas mülki qanununa – qanun qarşısında bərabərliyə uyğundur. “Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir” (Çıxış 12:49).
Sərhədin hər iki tərəfindəki azad insanlar məhsulların satışına dair təklif vermək (istehsalçılar), habelə məhsulları almaq (müştərilər) üçün qanuni haqlara sahibdirlər. Bu qanuni nizam onlara imkan verir ki, mülkiyyət hüquqlarını həyata keçirsinlər. Ticarət hüququna sahib olduqlarına görə, bazarda ən yaxşı bacardıqları istənilən fəaliyyətdə ixtisaslaşa bilərlər. Bu “ən yaxşı”nı isə ödəniş edən müştərilər müəyyənləşdirir. Mülkiyyətçilər idarəçilər olaraq Allahı təmsil edirlər.
3. Daş
Tariflər – idxal mallarının satışına qoyulan vergilərdir. Bu satış vergiləri yerli mülki hökumət tərəfindən tutulur. Cinayət dəstlərinin dili ilə desək, bu pullar müdafiə üçün ödənən pullardır. Lakin müştəriləri idxal mallarından qorumaq yerinə, idxalçılara tariflər tətbiq edilir. Bu, “Qiymətlər artanda, tələbat azalır” təməl iqtisadi nəzəriyyəsinə əsasən, idxal mallarına tələbatı azaldır. Yəni, “müdafiə pulu” idxalçılardan toplanır. Elə isə kim müdafiə olunur? Vergi tutulan malların yerli istehsalçıları. Onlar idxal mallarının qiymətlərini, üstəgəl tarifləri daha asanlıqla endirə bilərlər.
Yerli hökumətin siyasətçiləri seçicilər qarşısında çıxış edirlər və ölkəyə xaricdən idxal edilən malların satışından vergi tutulmasını təklif edirlər. Siyasətçilər bu satış vergilərini satış vergiləri adlandırmaqdan çəkinirlər. Həddindən artıq seçici nəinki yeni satış vergisi, vergilərin mövcud səviyyəsini belə, ödəməkdən yorulublar. Ona görə də siyasətçilər bu satış vergilərini yeni adla – tariflər adlandırırlar.
Siyasətçilər təkcə söz oyunları deyil, məntiqi oyunlar da oynayırlar. Onlar seçicilərə deyirlər ki, bu satış vergiləri – heç vaxt satış vergiləri adlandırılmayan – ölkəni varlandıracaq. Normalda istehza ilə gülən seçicilər, bu satış vergilərini dəstəkləmək üçün sıraya düzülürlər. Axı bu vergilər ölkəni daha da varlandıracaq. Necə? Yerli əhalini vicdansız və amansız əcnəbilərdən qoruyacaq. “Amansız” ifadəsi “endirim” üçün kod ifadədir.
Həmişə endirim axtarışında olan seçicilər “amansız rəqabət” ittihamı qarşısında dəhşət içində geri çəkilirlər. Sonra siyasətçilər “ədalətsiz” sifətini də əlavə edirlər. Seçicilər siyasətçilərdən onları müdafiə etmək üçün tədbir görmələrini tələb edirlər. Tariflərin tətbiqini tələb edirlər. Belə qənaətə gəlirlər ki, tariflər onları varlandıracaq. Bu, vegetarian bir xalqın siyasətçilərdən kannibalizmi qanuniləşdirməyi tələb etməsinə bənzəyir, lakin bunu yalnız siyasətçilər kannibalizmin adını “qida zülal əlavələri” ilə dəyişdirdikdən sonra edirlər.
4. Xərclər
İlkin itkilər, idxal mallar üçün satış vergisi ödəmək məcburiyyətindən irəli gəlir, halbuki həmin mallar sərhədin bu tərəfində istehsal olunduğu təqdirdə vergidən azad olacaqdı. Dövlət idxal mallarının alıcıları hesabına varlanır. Bu, öz ailə büdcələrindən daha çox pul xərcləmək iqtidarında olan dövlət işçilərini sevindirir. Bununla da dövlət bürokratlarının büdcələri xaricdən mal alan ictimaiyyət nümayəndələrinin ağlasığmaz xərclərindən müdafiə olunur.
Lakin bu, seçiciləri yerli müdafiə proqramını qəbul etməyə inandıran siyasətçilərin arqumenti deyildi. Seçicilər bürokratların gəlirini müdafiə etmək barədə düşünmürdülər. Seçicilərin gözdən qaçırdığı ilk amil bu idi.
Sonra, idxal malını almağa hazır olan, lakin satış vergiləri satış qiymətlərinin artmasına səbəb olduqdan sonra həmin malı almayan seçicilərin məruz qaldığı itkilər var. Yüksək qiymətlərə görə onların seçim diapazonu daralır. Seçicilərin gözdən qaçırdığı ikinci amil budur.
Sonra, malları idxal əvəzinə yerli tədarükçüdən alan seçicilər var. Halbuki, yerli tədarükçü, satış vergisi tətbiq edilmədiyi halda idxal malının ola biləcəyindən daha yüksək qiymət tələb etməyə və əldə etməyə nail olub. Qiymət fərqi alıcıların büdcəsindən yerli istehsalçıya ötürülüb. Seçicilərin gözdən qaçırdığı üçüncü amil budur.
Sonra, seçicilər üçün məhsul və xidmətləri təmin edən tədarükçülər var. Seçicilər qiymətlərin aşağı olması nəticəsində daha ucuz qiymətə alış-veriş edə bilsəydilər, qənaət edəcəkləri pulu xərcləyəcəkdilər. İndi tədarükçülər satışları həyata keçirə bilməyəcəklər. Onların potensial müştəriləri artıq daha kasıbdırlar. Seçicilərin gözdən qaçırdığı dördüncü amil budur.
Sonra, sərhədin digər tərəfində mallarını idxalçıya satmayan satıcılar mövcuddur. Əlbəttə, o murdar amansız heç seçicilərin vecinə deyil. Amma indi o amansız qəddarın sərhədin bu tərəfindəki alıcılardan əldə edə biləcəyi yerli valyutası yoxdur. Sərhədin o tərəfində həmin pulu xərcləməyin yolu olmadığına görə – sərhədin o tərəfindəki adamlar üçün bütün bunlar oyuncaq pullar kimi görünür – sərhədin bu tərəfində alış-veriş etməyi planlamışdı. Beləliklə, sərhədin bu tərəfindəki ixracatçılar xaricə mal satmayacaqlar. Seçicilərin gözdən qaçırdığı beşinci amil budur.
Sonra bütün o müəssisələr gəlir ki, əks təqdirdə mallarını ixracatçılara satacaqdılar. İndi onlar üçün heç bir satış yoxdur. Bu, seçicilərin gözdən qaçırdığı altıncı amildir.
Fərz edək ki, çoxlu sayda siyasətçi ölkə üçün belə bir idman strategiyası təklif edir. Bu andan etibarən, ölkə sərhədləri daxilində yerli idmançılarla yarışmaq qərarına gələn bütün əcnəbilər, yerli yarışçıların bacarıqlarından asılı olaraq, ayaqlarına iki funtdan beş funta qədər ağırlığı olan topuq breketləri taxmalı olacaqlar. Ölkə idmançıları yerli yarışlarda daha çox medal qazanacaqlarmı? Buna şübhə yoxdur. Siyasətçilərin dediyinə görə, bu, onların özünü qiymətləndirmə duyğusunu artıracaq. “Özünü qiymətləndirmə duyğusu olmayan gənclərimizi dünya yarışlarına göndərmək istəmirik”.
Ancaq bu strategiyanın Olimpiadada daha az qızıl medalla nəticələnəcəyini deyirsiniz. İdmançılarımız dünya səviyyəli idmançılarla yarışa bilməyəcəklər. Görünür, siz yerli idmanda ədalətli rəqabət ideyasını başa düşmürsünüz. Bu əcnəbi idmançılar – həmin o amansız rəqiblərdir. İctimaiyyət daha yavaş qaçış vaxtlarına və aşağı hündürlüyə tullanmağa, amma yerlilərin daha çox qələbə qazanmağına üstünlük verir. Onda Olimpiadanı unutmaq yaxşıdır. Hətta ən yaxşısı Olimpiadanı boykot etməkdir. Olimpiada kimə lazımdır?
İndi isə eyni məntiqi xarici iqtisadi rəqabətə tətbiq edək. Gəlin əvvəlcə daxili iqtisadi rəqabətə geri dönək. İdxal məhdudlaşdırıldığına görə, yerli sənayelər xaricdən rəqabətlə üzləşməli olmurlar. Yerli istehsalçılar ən son yeniliklərlə ayaqlaşmırlar. Buna ehtiyac yoxdur.
Bu arada, idxal üzərinə qoyulan satış vergisi ixracatı azaltdığına görə, yerli iqtisadiyyatın ixracat sektoru ola biləcəyindən daha yavaş inkişaf edir. Yerli sənayelər getdikcə beynəlxalq bazarlardan təcrid olunur. Bu, beynəlxalq bazarları xarici istehsalçıların əlinə verir. Seçicilərin gözdən qaçırdığı yeddinci amil budur.
Nəhayət, qaliblərə – sərhədin bu tərəfində bahalı malların uğurlu satıcılarına gəlib çatırıq. Onlar, onların əməkdaşları və onların tədarükçüləri pul içində üzürlər. Siyasətçilərin vəd etdiyi kimi, onlar müdafiə olunublar. Lakin onların müdafiəsi əhalinin böyük əksəriyyəti üçün havayı başa gəlməyib. İctimaiyyət öz müdafiə pulunu dövlətə və dövlətin yan çıxdığı azlıqda olan xüsusi maraq qruplarına xərcləyib. Bu qaliblər görünən qaliblərdir. Dövlət pəncərəyə daş atanda həmişə görünən qaliblər olur.
İndi isə bu fəslin başlığındakı “Tariflər kimi müdafiə edir?” sualına cavab verə bilərik. Müdafiə olunanlar seçicilərin böyük əksəriyyəti deyil. İdxal üzərindəki satış vergilərindən əhalinin ümumiyyətlə faydalandığını düşünmək yanlışdır. Hezlitt haqlı idi.
Bu yanlış təkcə bir istehsalçıya və onun işçilərinə, ya da təkcə Amerika sviter sənayesinə baxmaqdan irəli gəlir. Təkcə dərhal görünən nəticələri görməkdən və yaranmasına izin verilməyən görünməz nəticələrə etinasız yanaşmaqdan irəli gəlir.”
5. Nəticələr
Tarif siyasəti – xüsusi maraqlar siyasətidir. Pərdə arxası sövdələşmələr siyasətidir. Hansısa Consu yenidən seçmək üçün siyasi fəaliyyət komitələri və komitəyə ianələr siyasətidir.
Mahiyyət etibarilə, seçicilərin böyük əksəriyyətini konkret qanunvericilik aktları maraqlandırmır. Heç bir siyasətçinin oxumadığı 1000 səhifəlik qanun layihələri heç bir siyasətçinin oxumadığı 2000 səhifəlik qanun layihələrinə belə çevrilir. Seçicilər bu qanun layihələrində yazılan bütün xüsusi maraq qanunlarının iqtisadi məntiqini izləmirlər. Lakin xüsusi maraq qrupları bununla yaxından maraqlanırlar. Ortaya böyük pullar qoyulub.
Tariflər heç vaxt satış vergiləri olaraq müzakirə edilmir. Tariflərin adı düzgün qoyulsaydı, daha çox seçici tarif iqtisadiyyatından xəbərdar olardı. İş Konqresə gələndə, adının dürüstlüklə qoyulmasını tələb edən heç bir hökumət qanunu yoxdur.
Buna baxmayaraq, 1947-ci ildən etibarən, xüsusilə də 1960-cı ildən sonra tariflərdə ardıcıl azalmalar olmuşdur. Ticarət və Tariflər üzrə Baş Saziş (GATT) 1947-ci ildə imzalanmışdır. ABŞ-ın ÜDM-un idxal və ixracdan əldə olunan faizi təxminən dörddə biri qədər yüksəlmişdir. 1946-cı ildə bu rəqəm təxminən altı faiz təşkil edirdi. GATT beynəlxalq təşkilat idi. Öz varisi olan Ümumdünya Ticarət Təşkilatı kimi, GATT da tənzimlənən ticarətə təşviq edirdi. Lakin tariflər , ticarət isə artırdı.
İqtisadçıların çoxu sərbəst ticarətin lehinə çıxış edirlər. Yüksək tarif tərəfdarlarının iqtisadçı alimlərin dəstəyini ala bilmədiyi iqtisadiyyat sahələrindən biri budur. Bir də ki, çoxmillətli Amerika korporasiyaları siyasi fəaliyyət komitələrinə kiçik xüsusi maraq qruplarından daha çox töhfə verirlər.
Yekun
Hezlitti 1946-cı ildə narahat edən məsələ hələ mövcud olmayan tənzimlənən ticarət ilə deyil, tariflərlə bağlı idi. O, geniş yayılmış ictimai rəyə cavab verirdi. İqtisadi problemi müəyyənləşdirmişdi: sınmış pəncərə yalanı.
Beləliklə, bütün başlıca tarif yalanlarının kökündə bu kitabın həsr olunduğu mərkəzi yalan dayanır. Bu yalanlar – yalnız bir qrup istehsalçıya tətbiq edilən vahid tarif dərəcəsinin bilavasitə təsirlərinə baxmağın və həm bütövlükdə istehlakçılar, həm də bütün digər istehsalçılar üçün uzunmüddətli təsirlərini gözdən qaçırmağın nəticələridir.”
Bu, yerli hökumətin daşların sayını azaltmaq qərarına gəldiyi vəziyyətlərdən biridir. Hezlittin onları inandıra bildiyini düşünmürəm. Onları inandıran başqa bir şey oldu. ABŞ iqtisadiyyatının II Dünya Müharibəsindən sonrakı üstünlüyü o qədər böyük idi ki, ixracat sektoru çiçəkləndi. Müharibədən sonrakı Avropa və Yaponiya rəqabət apara bilmədilər. Amerika şirkətləri xaricdə sərmayə qoydular. Çoxmillətli şirkətlərə çevrildilər. Sonra malları geriyə Birləşmiş Ştatlara göndərdilər. Bu, idxalı artırdı. İxracat artanda həmişə idxal da artır. 1970-ci ildə, Yaponiya və Qərbi Avropanın rəqabəti nəhayət Birləşmiş Ştatlarda rəqabətədavamlı səviyyəyə gələndə, siyasətdə üstünlük təşkil edən xüsusi iqtisadi maraqlar aşağı tarifləri dəstəklədilər. GATT da eynisini etdi. Konqres də bununla ayaqlaşdı. Bunun nəticələrindən biri özəl sektorda həmkarlar ittifaqı hərəkatının dayandırılması oldu. İstehsal sənayesindəki məşğulluq Amerika iqtisadiyyatının faizi kimi azaldı. 1953-cü ildən sonra həmkarlar ittifaqlarındakı üzvlük də azaldı.
Seçicilər bu vəziyyətə az əhəmiyyət verərək, mübarizə aparmadılar.
Əlavə oxu
Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-11 səhifəsinə baxın.

Qeyd
| ↑1 | Tərcüməçinin qeydi: Korkoranə bağlılıq, qeyri-sağlam aludəçilik. |
|---|