Qeri Nort
MÜNDƏRİCAT
Ön söz
Giriş
1: Dərs
2: Sınmış pəncərə
3: Dağılmanın bərəkəti
4: İctimai işlər vergi deməkdir
5: Vergilər istehsalı axsadır
6: Kredit istehsalın yönünü dəyişdirir
7: Texnikanın lənəti
8: İş bölgüsü sxemləri
9: Qoşunların və bürokratların dağıdılması
10: Tam məşğulluq fetişi
11: Tariflər kimi “müdafiə edir”?
12: İxraca canatma
13: “Paritet” gəliri
14: X sənayesini xilas etmək
15: Qiymətlər sistemi necə işləyir
16: Əmtəələrin “sabitləşməsi”
17: Hökumət tərəfindən qiymət təyini
18: Minimum əmək haqqı barədə qanunlar
19: Həmkarlar ittifaqları həqiqətən maaşları artırırmı?
20: “Məhsulu geri almaq üçün kifayətdir”
21: Mənfəətin funksiyası
22: İnflyasiya ilğımı
23: Qənaətə hücum
24: Dərsin təkrarlanması
Yekun
Əlavə: Henri Hezlittin böyük töhfəsi
Ön söz
Yəqin ki, siz Henri Hezlittin “Bir dərsdə iqtisadiyyat” adlı kitabı barədə eşitmisiniz.
Zənnimcə, bu kitabın II Dünya Müharibəsindən sonra sərbəst bazar iqtisadiyyatının dirçəlişində bütün digərlərindən daha çox, yeganə ən əhəmiyyətli kitab rolunu oynadığını söyləsəm, şişirtmiş olmayacağam. İqtisadiyyatçılar arasında F.A. Hayekin “Təhkimçiliyə aparan yol” kitabı (1944-cü il) daha əhəmiyyətli idi, lakin Hayekin
kitabını yəqin heç vaxt oxumamış adi adam üçün “Bir dərsdə iqtisadiyyat” məhək daşı olmuşdur.
Karyeramın əvvəlində Hezlittin mənimlə maraqlanması məni çox sevindirdi. O, İqtisadi Təhsil Fondu (İTF) ilə 1946-cı ildə yarandığı vaxtdan sıx əməkdaşlıq edirdi. Mən İTF-un heyətinə 1971-ci ilin avqustunda qoşulmuşdum. Onda 29 yaşım var idi. Harri – dostları onu belə çağırırdılar – məni ruhl
andırmaq üçün əlindən gələni edirdi.
O, bazara müxtəlif dövlət müdaxilələrini “görünən və görünməyən şeylər” kimi də bilinən “sınm
ış pəncərə yalanı” bənzətməsi ilə təhlil edirdi. Görünməyən şeylər – görünən şeylərin iqtisadi xərcləridir: pulun ən dəyərli şəkildə istifadəsi itirilib. Bu metafora 1850-ci ildə Fransız jurnalisti Frederik Bastia tərəfindən irəli sürülmüşdür. Bu, Hezlittin bir dərsdə iqtisadiyyatı idi. Hezlittin kitabının məğzi bu idi və iqtisadi analiz sahəsində işə yarayırdı. Oxucular onun məntiqini anlaya bilirdilər.
Mises İnstitutu kitabın arzu edən hər kəs üçün pulsuz yayım haqlarını satın aldı. Onu aşağıdakı linkdən endirə bilərsiniz: http://mises.org/library/economics-one-lesson.
1. Hezlittin auditoriyası
Əgər Hezlittin bu kitabı yazdığı vaxtı düşünsək, təqdirəlayiqdir ki, bunu ümumiyyətlə yaza bilib. Kitabın
yaxşı satılması daha da təqdirəlayiqdir. 1945-ci ilin sonlarında Nyu-York Taymz tərəfindən ona məzuniyyət verildi. O, 45 gün ərzində hər iki gündə bir yazmışdı (http://bit.ly/hazlitt45days).
II Dünya Müharibəsi həmin ilin avqustunda başa çatmışdı. Prezident Truman qiymətlər və maaşlar üzərində müharibə vaxtından qalan nəzarəti hələ ləğv etməmişdi. Bunu yalnız təzyiq altında qaldıqdan sonra, daha dəqiq desək, 1946-cı ilin oktyabrında fermerlərin üsyanından sonra etdi. Oktyabr ayında o, ət qiymətlərinə nəzarəti ləğv etdi. Noyabr ayında isə maaşlar və əksər mallar üzərində qiymət nəzarətini aradan qaldırdı. Noyabrdan sonra yalnız şəkər, düyü və kirayə qiymətləri üzərində nəzarət qalmışdı.
Hezlitt bu kitabı yazanda Birləşmiş Ştatların sakinləri artıq beş il idi ki, qiymətlərə nəzarət şəraitində yaşayırdılar. Çatışmazlıq bir həyat tərzinə çevrilmişdi. Bütün bu dövr ərzində norma ilə satış tətbiq olunurdu. Qara bazar çiçəklənirdi. Beləliklə, Hezlitt qiymətlərə nəzarət haqqında bir fəsil də əlavə etdi.
Bir bazardan digərinə, bir müdaxilədən o birinə, “bir sınmış pəncərədən başqasına” – Hezlitt bu kitabı yazdı. Kitabda 24 fəsil var. O, onu altı həftə ərzində hər iki gündə bir yazdı. Bu, böyük bir nailiyyət idi. Kitabın göstərdiyi böyük təsiri nəzərə alsaq, bu, heyrətamiz bir nailiyyət idi.
Ancaq kitabla bağlı ciddi bir məsələ var və bu məsələ getdikcə ağırlaşır. Bu məsələ onun tarixidir. Kitab 1946-cı ildə yazılıb. Müəllif onu müəyyən bir auditoriya üçün yazmışdı və həmin auditoriya hələ II Dünya Müharibəsinin iqtisadi nəzarəti altında yaşayırdı. Kitabın ünvanlandığı auditoriyanın düşüncəsini məşğul edən məsələlər bu gün Birləşmiş Ştatlardakı seçiciləri düşündürən məsələlər deyildi. Zaman irəliləyir.
Kitabla bağlı ikinci məsələ isə belədir: Lüdviq fon Mises hələ “İnsan fəaliyyəti”ni yazmamışdı. Həmin kitab 1949-cu ildə dərc olunub. Hezlitt Misesin dostu idi. Mises Nyu-Yorka 1940-cı ildə nasistlərdən qaçan qaçqın olaraq gəlmişdi. Hezlitt “Sosializm” və “Pul və kredit nəzəriyyəsi”ni oxumuşdu. Bu kitablar II Dünya Müharibəsindən əvvəl Böyük Britaniyada nəşr olunmuşdular. Hər ikisi 1944-cü ildə Yel Universiteti Nəşriyyatı tərəfindən dərc olunan “Hər şeyə qadir hökumət” və “Bürokratiya”nı da oxumuşdu. Lakin Misesin şah əsəri hələ gələcəkdə olacaqdı.
Üçüncü bir məsələ də var idi. Onun auditoriyası illərlə Nyu-York Taymzda onun məqalələrini oxumuş savadlı adamlardan ibarət idi. O, həm də iş adamları üçün yazırdı. Lakin Amerika kilsələrində oturan adamlar üçün yazmırdı. Halbuki auditoriyanın həcmi nöqteyi-nəzərindən çox gözəl bir fürsəti əldən qaçırmışdı. Dövlətin bazara müdaxiləsinin pis fikir olduğuna amerikalıların əksəriyyətini inandırmaq baxımından deməyə sözü yox idi. Həmin auditoriyanın miqyasını qiymətləndirmirdi və onun terminologiyasından bixəbər idi. O, ziyalılar dünyasında Amerikanın ən görkəmli skeptiki H.L. Menkenin himayəsi altında idi. 1933-cü ildə Menken Hezlitti seçmişdi ki, onu “The American Mercury”də redaktorun yerinə qoysun. Menken Frederik Nitsşenin utancaq şagirdi idi. Amerikalı seçicilərin əksər hissəsini inandırmaq məqsədilə kitab yazan biri üçün yaxşı bir vərdiş deyildi.
Bu gün Hezlittin kitabının hər bir fəsli Birləşmiş Ştatlarda hələ də tətbiq edilə bilər. Bütün müdaxilələr hələ də mövcuddur. Bəzilərinin, məsələn həmkarlar ittifaqı hərəkatının təsiri azaldı, lakin hamısında hələ də sərbəst bazara mane olan federal bürokratiya qalmaqdadır. Hezlittin kitabı kütlələri, Keynsçi inzibati dövlətə geri qayıtmaq istəyən prezidentlər bir yana qalsın, heç Konqres üzvlərini və senatorları seçməyə belə, inandıra bilmədi. Vəziyyət 1946-cı ildə olduğundan daha yaxşıdır (ən azından, bank işindən kənarda), lakin bunun səbəbi Hezlittin kitabı deyil. 1946-cı ilin payızında vəziyyət yaxşılaşmağa başladı, çünki nəzarətin ləğv edilməsi məqsədilə Trumana siyasi təzyiq göstərilirdi.
Riçard Niksonun II Dünya Müharibəsi zamanı Qiymətlərin Tənzimlənməsi İdarəsində bürokrat qismində öz karyerasına başlaması həmin maraqlı faktlardan biridir. Solçu iqtisadçı Con Kennet Qelbreyt də belə etmişdi. Məhz Nikson 1971-ci avqustun 15-də birtərəfli qaydada Amerika iqtisadiyyatına qiymət və əməkhaqqına nəzarətin tam sistemini tətbiq etdi. O, bunu icraedici orqanın göstərişi ilə etdi. Bu nəzarət ciddi iqtisadi tənəzzüllərə gətirib çıxardı və 1974-cü ildə onlardan imtina etdilər. Amma Niksonun Hezlittin kitabında təqdim olunan həqiqətləri heç vaxt anlamadığı bəllidir. O, qiymətə və əməkhaqqına nəzarətə inanırdı və bunun pis fikir olduğuna öz şəxsi təcrübəsində əmin olana qədər bu inancından qurtula bilmədi. Heç bir kitab onu buna inandıra bilməmişdi.
2. Yeni auditoriya
2015-ci ildə bu qərara gəldim ki, hələ 1970-ci ildən düşündüyüm kitabı yazmağın vaxtı gəlib çatıb: “Bir dərsdə məsihçi iqtisadiyyatı”. Mən Hezlittin kitabının hər bir fəslini götürüb, onları məsihçiliyin təməl prinsipini – oğurluq etmə – nəzərə almaqla yenidən yazdım.
Hezlitt təsvir etdiyi hökumət müdaxiləsini heç vaxt həqiqətdə olduğu kimi, yəni “oğurluq” adlandırmırdı. O, təməl etik məsələdən ehtiyatla yayınırdı. Həmin məşhur pəncərəni kimin və niyə sındırdığı haqqında etik sualı qaldırmırdı. Pəncərə sındırıldıqdan sonra, yəni, hökumət hansısa xüsusi maraqları olan bir qrupun adından iqtisadiyyata müdaxilə etdikdən sonra nə baş verəcəyini təhlil edirdi. Hezlitt bu qrupları müəyyənləşdirir və onları təşviq edən səbəbləri açıqlayırdı: öz altlarını doldurmaq. Lakin o, iki düjün pəncərənin sındırılmasına yol açan etik motivasiyanı birbaşa açıqlaya bilmirdi. Bu, strateji bir səhv idi.
Əsas məsələ budur. Birinci kurs iqtisadiyyat tələbələrinə dərs verən hər bir müəllimin bildiyi kimi, Hezlitt də insanların çoxunun uzun mülahizə zəncirlərinin öhdəsindən gələ bilmədiyini bilirdi. Onlar qısa mülahizə zəncirlərini çətinliklə anlayırlar. Hezlitt sınmış pəncərə yalanından istifadə etdi ki, oxuculara nisbətən qısa mülahizə zəncirini izləməyə kömək etsin. Yalnız bu qədərinə nail olmağı gözləyirdi. Kitab buna nail oldu.
Hətta qısa mülahizə zəncirlərində belə, ikinci dərəcəli problemlər mövcuddur. Onlar ağılları inandıra bilərlər, lakin qoşunları səfərbər etmək üçün kifayət deyillər. İnsanlar çox nadir hallarda öz həyatlarını yenidən nəzərdən keçirir, sonra isə qısa mülahizə zəncirinə əsaslanaraq, həyatlarını yenidən həsr edirlər. Fərziyyələrimizi yenidən nəzərdən keçirmənin gətirdiyi bilavasitə səmərə minimaldır, xərclər isə yüksəkdir. İqtisadçıların iddiasına görə, insanlar həqiqətən də öz şəxsi maraqlarından çıxış edərək hərəkət edərlərsə, onlardan yalnız bir neçəsi öz həyatını sınmış pəncərə metaforasının tətbiqinə əsaslanaraq yenidən quracaq.
Digər tərəfdən, əgər bir insanı başqasının pəncərəsini sındırmağa kömək etdiyinə, hətta bu işin fəal iştirakçı olduğuna inandıra bilsəniz, bəlkə onun diqqətini cəlb edə bilərsiniz. Bəlkə bu prinsipi diqqətlə nəzərdən keçirməklə onu həvəsləndirə bilərsiniz: oğurluq etmə. Əgər müzakirəni iqtisadi təhlildən etik təhlilə yönəltsəniz, bəhsi kəskin şəkildə artırarsınız. Əgər müzakirəni Adam Smitin görünməz əli ilə bağlı fikirdən dəmir əsalı görünməz Allaha yönəltsəniz, insanların diqqətini daha çox çəkəcəksiniz. İstənilən halda bazar səhərini kilsə sıralarında oturaraq keçirən milyonlarla insanın diqqətini cəlb etmək şansınız daha çoxdur.
3. Sosial müjdə
1980-ci illərdən etibarən sosial müjdə kimi tanınan cərəyan Birləşmiş Ştatlarda nüfuz qazanmağa başladı. Bu cərəyan liberal ilahiyyatçılar tərəfindən sosial dövlət iqtisadiyyatını qəbul etmiş liberal ilahiyyatçılar tərəfindən hazırlanmışdı. İsanın və məsihçiliyin adı ilə onlar savadlı məsihçiləri və pastorları sosial rifah dövləti prinsiplərini və siyasətini Müqəddəs Kitab naminə qəbul etməyə inandırırdılar. Bu cərəyan I Dünya Müharibəsindən sonra əsas protestant dinlərində başlıca intellektual qüvvəyə çevrildi. Sosial müjdənin bəzi variantları hələ də bütün əsas protestant dinlərində üstünlük təşkil edir. Roma-katolik kilsəsində azadlıq teologiyası formasında üstünlük təşkil edir. Hazırki Papa – azadlıq ilahiyyatçısıdır. Bu, onun Argentinadakı keşiş həyatına güclü təsir göstərib.
Sosial müjdə cərəyanı cənub baptistlərinə, fundamentalistlərə və II Dünya Müharibəsindən sonra yeni müjdəçilik kimi tanınan axının tərəfdarlarının əksəriyyətinə xitab etmədi. Lakin müjdəçilər düşərgəsində əslində dövlətçi müjdə olan sosial müjdənin tərəfdarları var idi. Bu gün onlardan ən tanınmışı Cim Uollisdir. GaryNorth.com-da Uollisi təkzib edən bir bölməm var.
1970-ci illərin sonlarında ən görkəmli şəxs “Aclıq dövründə varlı məsihçilər” kitabını (1977) yazmış Ronal Sayder idi. 1980-ci ildə Devid Çiltonu təkzib yazsın deyə işə götürdüm. Hesab edirəm ki, onun kitabı nə vaxtsa yazılmış bütün sosial müjdələrə ən güclü ritorik cavabdır: “Təqsikarlıqdan sui-istifadə edənlərin dövründə məhsuldar məsihçilər” (Vəsaiti və kitabın adını mən vermişdim.) Kitabı buradan endirə bilərsiniz: https://www.garynorth.com/freebooks/docs/21b6_47e.htm
1990-cı illərin ən nüfuzlu şəxsi sosiologiya üzrə professor Toni Kampolo idi. 1998-ci ildə Monika Levinski qalmaqalından sonra nüfuzunu bir qədər itirdi, çünki Bill Klintonun ruhani məsləhətçisi idi. Amma 2014-cü ildə təqaüdə çıxana qədər hər il 200 konfransda çıxış etməyə davam etdi.
4. Heç nəsiz qalib gəlmək
Bu siyasi prinsip bütün yetkinlik həyatım üçün başa düşdüm: “Bir şeyə heç nəsiz qalib gəlmək mümkün deyil”.
Sərbəst bazar iqtisadçıları sosial rifah dövlətin iqtisadiyyatının təsirinə sosial rifah dövlətin iqtisadiyyatının qeyri-səmərəliliyi haqqında ciddi müzakirələrlə son qoymağa çalışmışlar. Lakin bu, sosial rifah dövləti proqramlarından qazanc əldə edən insanlarda xoş təəssürat yaratmır. Onlar seçicilərin qarşısına daha yüksək mövqelərdən çıxdıqlarına inanırlar. Yüksək etik yer tutduqlarına inanırlar.
Sərbəst bazar iqtisadçıları hesab edirlər ki, iqtisadiyyat dəyərlərdən azaddır. Onlar heç vaxt etik üstünlük naminə hərəkət etmirlər, buna görə də iqtisadi məsələlərdə etik üstünlüyün olmadığına inanırlar. Etika ümumiyyətlə yoxdur. Onlar iqtisadi ictimai meydana yalnız şəxsi azadlıq və iqtisadi səmərəliliklə əlaqədar olan bir oyun sahəsi kimi baxırlar. Bu səbəbdən onlar məsələni uduzublar. Adamların əksəriyyəti iqtisadi səmərəlilik baxımından səs vermirlər. Onlar şəxsi azadlıq baxımından səs verə bilərlər, ancaq bu, başqa birisi hökuməti onların şəxsi azadlığına müdaxilə etməyə inandırdığı zaman ola bilər. Onlar zülmdən müdafiə üçün səs verirlər. Sonra isə geri dönürlər və səs verirlər ki, başqalarına zülm edilsin. Bunu etik üstünlük naminə edirlər.
Bizim ehtiyacımız olan şey kilsə sıralarında oturan insanları inandırmaq üçün sistemli iqtisadi yanaşmadır. Onları inandırmalıyıq ki, sosial rifah dövlətin prinsiplərini və siyasətini qəbul etmək “oğurluq etmə” əmrinin pozulmasıdır. Sərbəst bazarı dəstəkləyən adamlar kilsədəki adamları hökmən inandırmalıdırlar ki, sonuncuların sosial rifah dövlətin siyasətinə, Keynsçi yenidən bölüşdürmə siyasətinə və xüsusi maraqlar qanunvericiliyinə bağlılığı “oğurluq etmə” əmrinin pozulmasıdır. Misesin, Hayekin, Fridmanın və təəssüf ki, Hezlittin də etməkdən imtina etdiyi şey budur.
Mən bunu etmək qərarına gəldim. Mənim çox böyük bir üstünlüyüm var. 21 yaşıma qədər mən Hezlittin kitabını və “İnsan fəaliyyəti”ni oxumuşdum. Rotbardın “İnsan, iqtisadiyyat və dövlət” (1962-ci il) kitabını da oxumuşdum. Bu, 1963-cü ilə təsadüf edirdi. Hezlitt qarşısında üstünlüyüm var idi, çünki Hezlitt öz əsərini 1946-cı ildə yazmışdı. “Nəhənglərin çiyninə çıxmaq lazımdır” deyən köhnə məsəl doğrudur.
Kilsə sıralarında oturan adi bir adam heç vaxt Hezlitt, Mises və ya Rotbard haqqında eşitməyib. Amma bu sözü eşidib: “Oğurluq etmə”. Mən elə bundan başlayacağam. Yolüstü oxucularımı iki düjün sınmış pəncərənin yanına aparacağam. Sonra oxucularımı dəvət edəcəyəm ki, ədalət və yüksək etika naminə pəncərələrə daş atan siyasətçilərə səs verməkdən əl çəksinlər.
Köməkçi materialları müvafiq hallarda hər bir fəslin sonundakı “Əlavə oxu” bölməsində tapa bilərsiniz.
Əlavə oxu: Köməkçi materiallar üçün https://www.garynorth.com/public/13587.cfm səhifəsinə baxın.
Giriş
“Bir dərsdə məsihçi iqtisadiyyatı” – Henri Hezlittin iqtisadi düşüncəyə klassik giriş əsəri olan “Bir dərsdə iqtisadiyyat” kitabına redaktəmdir. Bu kitab iqtisadiyyata giriş kitabı kimi standartı müəyyənləşdirir. 1946-cı ildə ilk dəfə nəşr olunduğundan bəri onu əvəz etməyə yaxınlaşan heç bir kitab olmayıb.
Elə isə niyə mən bu klassik kitabı əvəz etmək lazım olduğunu düşünürəm? Bir neçə səbəbi var. Birincisi, bu kitab 1946-cı ildə yazılıb. O vaxtdan bəri çox şey baş verib, Lüdviq fon Misesin “İnsan fəaliyyəti”nin (1949-cu il) nəşri də buna daxildir. İkincisi, bu kitab çox ciddi vaxt məhdudiyyəti ilə yazılıb. Hezlittə altı həftəlik məzuniyyət vermişdilər və həmin müddətdə o, kitabı başdan-ayağa yazmalı oldu. Bu, mümkündür. Mən bir neçə kitabımı bir aydan daha qısa bir müddətdə yazmışam. Məsihçi iqtisadiyyatına giriş kitabım olan “Yer üzünü irs alın”ı (1987-ci il) iki həftədə yazmışdım. Onda çox böyük bir üstünlüyüm var idi ki, bir il əvvəl olsaydı, ondan istifadə edə bilməzdim. Aşağıda izah edəcəyim kimi, onda bir quruluşum var idi. Hezlittin bununla müqayisə ediləcək bir quruluşu yox idi. Bu da onun işini çətinləşdirirdi və kitabını mümkün olduğundan daha az təsirli etdi. Üçüncüsü, o, başqa bir auditoriyanı hədəf almışdı: onun işgüzar məqalələrinin oxucularını. Mənim hədəfim isə məsihçilərdir. (Ənənəvi yəhudilər də bu səyahətimizə qoşulmağa dəvətlidirlər). Dördüncüsü, mənim təhlilimin mərkəzində etika dayanır: pəncərənin qəsdən sındırılması. Hezlitt bunu etməmişdi – hər halda, açıq şəkildə deyildi.
1. Sınmış pəncərə
O, kitabı klassik metafora – Frederik Bastianın sınmış pəncərəsi ilə başlamışdı. Bu metafora müəllifin ölüm ili olan 1850-ci ildə ilk dəfə dərc olunanda çox güclü təhlil aləti idi. Peşəkar iqtisadçılar ona uzun müddət etinasız yanaşmışdılar, görünür bunun səbəbi Bastianı ən yaxşı halda sadəcə jurnalist kimi qəbul etmələri idi. Onun istedadlı esse yazıçısı və ritorika – inandırma sənətində usta olduğunu hamı bilirdi. Lakin yazıçılar onun esselərini o vaxtlar siyasi iqtisad adlanan sahədə heç vaxt qəbul etmirdilər. 1900-cü ildən sonra iqtisadiyyat ayrıca bir elm sahəsinə çevriləndə isə onu artıq unutmuşdular.
Sonra Hezlittin kitabı gəldi. Hezlitt Bastianın möhtəşəm metaforasına yenidən həyat verdi, sonra isə onu fəsildən-fəslə, hər dövlət müdaxiləsinin təsvirində istifadə etdi. İlkin müşahidənin təhlil gücünü nümayiş etdirdi. Bastianın təməl anlayışı bundan ibarət idi: xərcləri gözlə görünən nəticələri iqtisadi məsələlərin tipik müşahidəçisinin gözlərini kor edir. O, həmin vəsaitlərlə başqa nələr edilə biləcəyini araşdırmır. Bu anlayış iqtisadi dəyərin ən yayılmış tərifinə çevrildi: vəsaitin ən dəyərli şəkildə istifadəsi imkanı əldən buraxılıb, çünki alıcı pulunu başqa bir şeyə xərcləyir. İqtisadi məntiq nümayiş etdirmək istəyən hər kəs sınmış pəncərə metaforasından istifadədən daha yaxşısını edə bilməz.
İstənilən iqtisadi qərar – sınmış pəncərə kimidir. Bu, köhnə şərtlər toplusunun yeni şərtlər toplusu ilə əvəz olunmasıdır. Ola bilsin, biz köhnə pəncərəni sındırmırıq, onu daha yaxşı olacağını düşündüyümüz başqa bir şeylə əvəz edirik. Hər bir aldığımız qərarla yol ayrıcına yaxınlaşırıq. Yolun müəyyən bir istiqamətini seçdikdən sonra heç vaxt eyni yol ayrıcına qayıda bilmərik. Dünyamız marjinal dəyişikliyə uğrayır. Bizim qəbul etdiyimiz qərarlarla dəyişir. Beləliklə, hər hansı bir qərarın dəyərini düşündüyümüz zaman, həmişə bunu başqa bir yolla deyil, məhz bu yolla getmək qərarı kimi düşünməliyik. Biz pulumuzu və vaxtımızı bir şeyə xərcləyirik, çünki buna görə də başqa bir şeyə xərcləyə bilmərik. O başqa şey – bizim xərclərimizdir.
1850-ci ildə ictimai işlərə dair layihələr Fransada və digər hər yerdə məşhur olduğundan, Bastianın müşahidələri mülkiyyət sahibinə qarşı zorakılığın tətbiqi hallarında ayrı-ayrı fərdlərin və cəmiyyətlərin çəkdiyi real xərcləri anlamağa kömək etdi. Zorakılığı tətbiq edən tərəfin hökumət olması faktı sınmış pəncərəni yenisi ilə əvəz etmə xərclərinin iqtisadi təhlilini dəyişdirmir.
Ona görə də metaforanın gücü sadədir: biz onu anlaya bilirik. Bunun üçün uzun mülahizə zənciri tələb olunmur. Uzun mülahizə zəncirlərini izləməkdə çətinlik çəkirik, iqtisadi təhlil isə bir qayda olaraq, digər hər hansı sosial elmdən daha çox, uzun mülahizə zəncirlərini özündə ehtiva edir. Adamlar anlamağa çalışarkən yolda azırlar. Həm də mülahizələr mürəkkəbləşdikcə, adamların mülahizə zəncirinin təfərrüatlarına bağlılığı zəifləyir. Bir nöqteyi-nəzəri zəncirdə heç bir halqanı itirmədən və ya yanlış istifadə etmədən əsaslandırmaq lazım gələndə, mülahizə zəncirinin gəldiyi nəticə nə arqumenti irəli sürən şəxsə, nə də onu (əvvəlcə) diqqətlə dinləyən və izləməyə çalışan adama aydın olmur. Arqument nə qədər uzun olsa, inandırıcı gücü bir o qədər az olar. Adamlar təfərrüatlar içində boğulurlar. Təfərrüatların aydınlığını qoruya bilmirlər. Təfərrüatları aydın saxlaya bilmirsinizsə, A nöqtəsindən Z nöqtəsinə sistemli və dəqiq şəkildə hərəkət etdiyinizə əmin ola bilməzsiniz.
Sınmış pəncərə metaforasından səmərəli istifadə etmək üçün yalnız bir-iki qısa mülahizə zəncirinə işarə etmək lazımdır. Zəncirlərin sayı çoxdur və uzun ola bilərlər, ancaq öz fikrinizi çatdırmaq üçün zəncirlərin hamısını izləməyə ehtiyac yoxdur. Adamların əksəriyyəti bu zənciri izləyə bilirlər, onu izləyə bilmə səbəblərindən biri isə metaforanın sadəliyidir. Sınmış pəncərəni anlaya bilirik. Həmin pəncərənin dəyişdirilməsinin iqtisadi yükünü anlaya bilərik. Uzun-uzadı mülahizələr zənciri ilə boğulmuruq.
Bu səbəbdən Hezlittin kitabı uğur qazandı. Bastia sağ ikən bunu edə bilmədi. O, bu fikri tapdığı il dünyasını dəyişdi. Yüz il sonra Henri Hezlitt buna nail oldu.
Mənim kitabım – velosipedi yenidən kəşf etmək cəhdi deyil. Mənim kitabım – onu yenidən tarazlamaq, yeni təkərlər taxmaq və yeni alıcılara satmaq cəhdidir.
2. Mülkiyyətçilikdən başlayıram
Hesab edirəm ki, məsihçi iqtisadiyyatı son mülkiyyətçilikdən başlamalıdır. Bu, onu qıtlıq problemi ilə başlayan müasir iqtisadi təhlildən fərqləndirir. İkincisi, bu, oğurluq probleminə gətirib çıxarır ki, o da öz növbəsində etika məsələsini gündəmə gətirir.
Zənnimcə, bəşəriyyət tarixində səbəb-nəticə əlaqəsinin ən ali forması etik məsələdir: doğru və ya yanlış. Müasir iqtisadçılar nəinki mənim bu fikrimlə razı deyillər, hətta onu açıq şəkildə rədd edirlər. İqtisadi təhlilin dəyərlərdən azad olduğunu bəyan edirlər. Mən bunu özünü aldatma kimi qiymətləndirirəm. Bu, qədim sınağın başqa bir şəklidir: “Doğrudanmı, Allah deyib?” Bəli, deyib. “Oğurluq etmə”. Bu əmrlə bağlı mənfi xarakterli sanksiyalar var. Həmin mənfi sanksiyalar həm endogen (iqtisadiyyata xas), həm də ekzogen (Allahın iqtisadiyyata tətbiq etdiyi) xarakter daşıyır.
A. Adam Smitin strateji səhvi
İndi mən həlledici ana yaxınlaşıram. Bu fikri irəli sürən ilk adam mən deyiləm, Tom Betolldur. Bunu özünün “Ən nəcib zəfər” adlı kitabının (1998-ci il) 7-ci fəslində edib. Adam Smit iqtisadi təhlilin təməli olaraq qıtlıqdan başlamışdı: “Xalqların sərvəti”nin məşhur üçüncü fəsli (1776-cı il). Söhbət əməyin/ixtisas bölgüsündən gedirdi. O, özündən sonra gələn iqtisad nəzəriyyəçiləri üçün bir nümunə qoydu.
Smit mülkiyyətçilikdən başlamalı idi. Şəxsi mülkiyyəti öz təhlilin təməl daşına çevirməli idi. Əmək bölgüsündən başlamaqla, strateji səhvə yol vermişdi. Solçu tənqidçilər dərhal ona meydan oxudular. Üstəlik, onlar əmək bölgüsündən də istifadə edə bildilər. Onlar əmək bölgüsünün təşkili problemlərin həlli kimi dövlət planlaşdırmasına istinad edirdilər. Bu, Betollun arqumenti idi.
Təməl iqtisadi məsələ olan mülkiyyətçilik 1950-ci illərə qədər iqtisadi nəzəriyyələrin əsas istiqaməti ola bilməmişdi. Beləliklə, təxminən iki əsr boyunca mühüm iqtisadi məsələ sərbəst bazarın iqtisadi təhlilində mərkəzi yeri tutmadı.
B. Bastianın iki essesi
1850-ci ildə, özünün vəfat etdiyi il, Bastia “Görünən və görünməyən şeylər” adlı uzun essesini yazdı. Həmin essedə o metaforanı təqdim etdi: sınmış pəncərə. Kimsə başqa bir adamın pəncərəsinə daş atır. İndi həmin adam pəncərəsini dəyişdirməlidir. Bunun üçün pəncərə təmirçisi tutmalı olacaq, pəncərə təmirçisi də öz növbəsində başqalarını işə götürməli olacaq. Beləliklə, sınmış pəncərə xərclərin artmasına gətirib çıxardı. Bu, iqtisadiyyata fayda gətirir.
Halbuki, hadisənin qurbanı itki ilə üzləşib. Pis bir şeydən yaxşı nə çıxa bilər? Dağıdıcı hərəkət necə sərvət gətirə bilər? Bu, Bastianın qarşısında duran bir paradoks idi. O, bu məsələni əla həll etdi. Pəncərə sahibi pulunu başqa məqsədlər üçün istifadə edəcəkdi. Həmin məqsədləri daha yaxşı istifadə yolu olaraq görürdü. Ya puluna qənaət edib yığacaqdı, ya da yeni pəncərə yerinə, başqa şeylər üçün xərcləyəcəkdi. İstənilən halda iqtisadiyyata fayda gələcəkdi. Başqa istehsalçılar bu işdən qazanclı çıxacaqdılar. Bu, Bastianın dediyinə görə, görünməyən tərəfdir. Adamların gördüyü isə yeni pəncərə üçün çəkilən xərclərdir. Bir sözlə, “pulun arxasınca gedin”. Pulun arxasınca əks istiqamətdə gedin: o adam paxıllıqla həmin pəncərəyə daşı fırlatmasaydı, ev sahibi nə edəcəkdi, ona baxın.
Bu, iqtisadi təhlil strategiyasıdır. Bastia öz essesini fransız yazıçıdan sitatla bitirdi.
Mən bir çox başqa sualları da eyni imtahana çəkə bilərəm: lakin mən daim yeknəsəq nümayişlərin monotonluğundan qaçıram və Şatobrianın tarix haqqında söylədiklərini siyasi iqtisadiyyata şamil etməklə sözümü yekunlaşdırıram:
“Tarixdə, – o deyir, – iki nəticə var; dərhal bilinən ani nəticə və ilk öncə dərk olunmayan uzaq nəticə. Bu nəticələr çox vaxt bir-birinə zidd olurlar; birincilər – öz məhdud hikmətimizin məhsullarıdır, ikincilər – əbədi hikmətin nəticələridir. İlahi hadisələr bəşəri hadisələrdən sonra baş verir. Tanrı insanların arxasında yüksəlir. İstəyirsinizsə, ali müdaxiləni inkar edin; onun işini rədd edin; sözləri barədə mübahisə edin; adi adamların Allahın İşi dediyi şeyi terminlərlə, hadisələrin gücü ilə və ya ağılla təyin etməyə çalışın; amma başa çatmış gerçəkliyə sonadək baxın və görəcəksiniz ki, əxlaq və ədalət üzərində qurulmadığı zaman o, həmişə gözlənilənin əksini yaradıb” (“Şatobrianın ölümdən sonrakı xatirələri”).”
Mənim kitabım üçün daha vacib olan, lakin Hezlittin kitabı üçün olmayan ikinci bir fakt var: etika problemi. Bastia 1850-ci ildə bir esse daha yazmışdı: “Qanun”. Bu essedə o, etika məsələsinə, daha dəqiq desək, oğurluq probleminə toxunurdu. O, sosial rifah dövləti təsvir edirdi. Eləcə də onun əsas motivini müəyyən edirdi. O, bunu soyğun siyasəti adlandırırdı. Belə yazırdı:
Ölümcül təhlükəli qanuniləşdirilmiş soyğun
Amma digər tərəfdən təsəvvür edin ki, belə bir ölümcül prinsip ortaya atılıb: təşkilat, tənzimləmə, müdafiə və ya təşviq bəhanəsi ilə qanun bir adamın əmlakını əlindən alıb başqa birinə verir; qanun hamının sərvətini əlindən alıb az sayda bir qrup adama verir – bunlar fermerlər və ya istehsalçılar, gəmi sahibləri, rəssamlar və ya komediyaçılar ola bilər. Belə bir şəraitdə hər bir təbəqə, şübhəsiz, qanunu idarə etməyə çalışacaq ki, bu da məntiqlidir.Kənarda qalmış təbəqələr qəzəblə öz səsvermə hüquqlarını tələb edəcəklər və öz haqlarını əldə etməsələr, cəmiyyəti alt-üst edəcəklər. Onda hətta dilənçilər və avaralar belə sizə sübut edəcəklər ki, onların danılmaz səsvermə hüquqları var. Belə deyəcəklər:
“Biz vergi ödəmədən özümüzə şərab, tütün və ya duz ala bilmirik. Ödədiyimiz verginin bir hissəsi qanun vasitəsilə imtiyaz və ya subsidiya şəklində bizdən daha varlı adamlara verilir. Başqaları qanundan çörəyin, ətin, dəmirin və ya geyimin qiymətini artırmaq üçün istifadə edirlər. Beləliklə, hər kəs qanunu öz mənfəəti üçün istifadə etdiyinə görə, biz də qanunu öz xeyrimizə istifadə etmək istərdik. Biz qanundan sosial yardım alma hüququ tələb edirik, bu da kasıbların qənimətidir. Bu hüququ əldə etmək üçün biz seçici və qanunvericilər də olmalıyıq ki, siz öz təbəqəniz üçün Müdafiəni geniş miqyasda təşkil etdiyiniz kimi, biz də öz təbəqəmiz üçün Dilənçiliyi geniş miqyasda təşkil edək. İndi biz dilənçilərə bizim adımızdan hərəkət edəcəyinizi söyləyib, sonra da cənab Mimerelin təklif etdiyi kimi, bizi susdurmaqdan ötrü üstümüzə gəmirmək üçün sümük atarmışcasına 600 000 frank atmayın. Bizim başqa iddialarımız var. Üstəlik, başqa təbəqələr özləri üçün bazarlıq etdiyi kimi, biz də özümüz üçün bazarlıq etmək istəyirik!”
Belə bir arqumentin cavabında nə deyə bilərsiniz!
Təhrif edilmiş qanun münaqişələr doğurur
Qanunun öz həqiqi məqsədindən yayınmasının mümkün olduğu, yəni qanunun mülkiyyət hüququnu qorumaq yerinə poza bildiyi düşüncəsi qəbul edilirsə, hər kəs iki səbəbdən biri üçün qanunun yaradılmasında iştirak etmək istəyəcəkdir: ya özünü soyulmaqdan qorumaq üçün, ya da başqalarını soymaq üçün. Siyasi məsələlər həmişə qərəzli, dominant olacaq və hər şeyi əhatə edəcəkdir. Qanunvericilik sarayının qapısı ağzında qarşıdurmalar yaşanacaq, içəridəki mübarizənin şiddəti də bundan az olmayacaq. Bunu başa düşmək üçün fransız və ingilis qanunvericilik orqanlarında baş verənləri araşdırmağa ehtiyac yoxdur. Problemi sadəcə başa düşmək cavabı bilmək deməkdir.”
Bastia öz təhlilini etika probleminə əsaslandırırdı: dövlətdən soyğun məqsədilə istifadə etməkdən imtina. O, yazırdı:
Bu qanuniləşdirilmiş soyğun məsələsi birdəfəlik həll edilməlidir və bunu həll etmənin yalnız üç yolu var:
Azlıq çoxluğu soyur.
Hamı bir-birini soyur.
Heç kim heç kimi soymur.”
Bastianın görünməyən şeylər haqqındakı essesini düzgün başa düşmək üçün, müəllifin soyğunçuluq vasitəsi kimi fəaliyyət göstərən dövlət haqqındakı fikri ilə essenin əlaqəsini başa düşməliyik. O, özünün sınmış pəncərə siyasəti haqqındakı təhlilini onu narahat edən daha geniş məsələyə əsaslandırırdı: insanları soyğun siyasətini qəbul etməməyə inandırmaq.
O, müasir sosial dövlətçilərin Allahın “Oğurluq etmə” əmrini təhrif etməyinə qarşı çıxırdı. Onlar əmri bu cür dəyişdirmişdilər: “Oğurluq etmə, amma səs çoxluğu varsa, olar”.
C. Hezlittin Bastiadan qismən istifadəsi
İndi isə Hezlittin kitabına qayıdaq. Hezlitt də Bastiadan nümunə götürərək, şəxsi mülkiyyət hüququnun pozulmasından – sınmış pəncərədən başladı. Bu əməl mülkiyyət hüququnun pozuntusudur, lakin Hezlitt diqqəti mülkiyyət hüququ üzərində cəmləşdirmirdi. Başqa sözlə desək, o, təməl iqtisadi sualdan başlamamışdı: “Mülkiyyətin bölgüsündə hüquqi məsuliyyət kimin üzərinə düşür və niyə?” Ancaq Hezlittin yanaşmasında əsaslı bir fərq mövcud idi. O, dövlətin müdaxiləsini tənqid edərkən, bunu etika nöqteyi-nəzərindən əsaslandırmırdı. O, sınmış pəncərə metaforasından istifadəni məhdudlaşdıraraq, təkcə dövlət müdaxiləsinin iqtisadi inkişafın əsası olduğunu təkzib edirdi.
Hər iki şəxs mənfi vəziyyətdən – pəncərəyə daşın atılmağından başlamışdılar. Bu, mülkiyyət hüququnun pozulmasıdır, lakin onlar mülkiyyət hüququndan heç vaxt bəhs etmirdilər. Bunu etsəydilər, mülkiyyət məsələsi gündəmə gələrdi.
Sonra onlar pulun arxasınca getdilər. Onlar göstərirdilər ki, ev sahibi sınmış pəncərəni dəyişdirmək üçün maliyyə büdcəsini yenidən bölüşdürməli olub. Onsuz da o, uduzan tərəf idi. Çünki o, mülkiyyət hüququna zorakı müdaxilənin qurbanı olmuşdu.
Bastia görünməyən şeylər haqqında essesində dövlət müdaxiləsini tənqidini sonradan “Qanun” əsərində genişləndirmişdi. Onun essedə dövləti tənqid etməsi əxlaqla bağlı deyildi. O, sadəcə iqtisadi səbəbləri və nəticələrini izləyirdi: sərvətin məcburi şəkildə yenidən bölüşdürülməsi. Hezlitt bu mövzuya toxunurdu, ancaq Bastianın “Qanun”da təqdim etdiyi dövlət müdaxiləsinin etik əsaslarla təkzibini qəbul etmirdi.
Mənim kitabımla Hezlittin kitabı arasındakı təməl fərq bundadır. Mən Bastianın “Qanun” kitabındakı etik əsaslı təhlilinə geri qayıdıram.
Mən mülkiyyətçilikdən başlayıram. Xüsusilə də, Tanrının hər şeyin sahibi olması ilə başlayıram. İnsanın mülkiyyətçiliyi – onlara həvalə edilmiş mülkiyyətçilikdir. Mahiyyət etibarilə, bu, idarəçiliyin bir formasıdır. Bu, çoxmərhələli idarəçilikdir: yuxarıya – Allaha münasibətdə, bayıra – iqtisadiyyatın digər iştirakçılarına münasibətdə, aşağı – onun hüquqi və iqtisadi hakimiyyəti altında olanlara münasibətdə, daxilə – onun özünə münasibətdə. Bu idarəçiliyin hər hansı şəkildə pozulması – oğurluqdur. Etikanın pozulmasıdır. Beləliklə, mülkiyyətçilik ilə bağlı öz anlayışımı Tanrının mülkiyyətçiliyi anlayışına əsaslandıraraq, mən mütləq etika məsələsinə toxunmalıyam: “Oğurluq etmə”.
3. Fəsillərimin beş müddəalı strukturu
Bastianın sınmış pəncərə metaforasını Hezlitt öz fəsillərinin analitik təməli kimi istifadə etmişdi. Pulu analitik şəkildə izləyirdi. O da, Bastia da pulu pəncərəsinə daş atılmazdan əvvəl pəncərə sahibinin sahib olduğu pula qədər izləyirdilər.
Hezlitt Bastianın analitik gedişatına ümumi şəkildə etibar etməkdən başqa onun fəsillərindəki heç bir struktura riayət etməyib. O, aydın yazıçı idi. Bu mənada unikal idi. Lakin fəsillər mövzular silsiləsi baxımından düşünülmüş struktura sahib deyillər. Mən belə strukturları peçenye kəsən qəlib adlandırıram. Onlardan həmişə istifadə edirəm. Bunsuz Hezlittin hər fəslindəki arqumentlərinin səciyyəvi cəhətlərini xatırlamaq çətindir.
Mən hər şeyi sadə saxlamağı xoşlayıram. Ona görə də beş müddəalı modeli qəbul etmişəm. Hər fəsli bu beş bir-birinin eyni olan peçenyelərə bölmüşəm:
-
- Ev sahibi
- Pəncərələr
- Daş
- Xərclər
- Nəticələr
Belə bir yanaşma ilə “Məsihçi iqtisadiyyatının əhdə əsaslanan quruluşu” (2015-ci il) adlı kitabımı yazmışam. O kitabda iqtisadiyyatı beş kateqoriyaya ayırıram:
-
- Mülkiyyətçilik
- İdarəçilik
- Qanun
- Sanksiyalar
- Miras
Ümumilikdə sosial nəzəriyyə baxımından bunlar aşağıdakılardır:
-
- Suverenlik
- Səlahiyyət / İyerarxiya / təmsil olunma
- Etika / hüquq
- Sanksiyalar: müsbət və mənfi
- Varislik
Arxetip belədir:
-
- Allah
- İnsan
- Qanun
- Mühakimə
- Zaman
Bu barədə kitab yazmışam: “Qeyd-şərtsiz təslimiyyət” (5-ci nəşr 2010-cu il).
Bu strukturla 1986-cı ildən bəri işləyirəm. İşlərimin əksər hissəsinə təsir edir. Şübhəsiz ki, bu, mənim düşüncəmi məhdudlaşdırır, ancaq eyni zamanda onu bir yerə cəmləşdirir. Bu kitab kimi sürətli təhlilləri yazmağı kifayət qədər asanlaşdırır, onu yazma yüz saatdan bir qədər az vaxt sərf etmişəm. Çoxlu vacib məsələləri gözdən qaçıra bilərəm, ancaq bu beşi həmişə ən vacibləridir. Bu beş müddəadan hər hansı birinə laqeyd yanaşan sosial nəzəriyyə doğru ola bilməz. Ciddi çatışmazlıqları var.
Yeri gəlmişkən, məlumat üçün deyim ki, Tövrat bu struktur əsasında qurulmuşdur:
Yaradılış (yaradılış / suverenlik)
Çıxış (İyerarxiya: Musa firona qarşı)
Levililər (qanunlar)
Saylar (sanksiyalar / müharibə)
Qanunun təkrarı (miras / fəth)
Mən iqtisadi şərhlərimin 31 cildindən 16-nı Müqəddəs Kitabı müzakirə etmişəm ki, bunu sübut edim, sonra isə onun təsirlərini araşdırım. Bu strukturu haradan götürdüyümü bilmək istəyənlərə deyim ki, onu Ray Sattonun mənim Məsihçi İqtisadiyyatı İnstitutum tərəfindən nəşr olunmuş “Çiçəklənəsiniz deyə” adlı kitabından (1987-ci il) götürmüşəm. O isə onu Meredit Klaynın “Böyük kralın müqaviləsi” (1963-cü il) əsərindən götürüb. Klayn onu Corc Mendenhollun “İsraildə və qədim Yaxın Şərqdə qanun və əhd” (1955-ci il) əsərindən götürüb. Mendelhollun da bu fikir üçün Tanrıdan bəhrələndiyini düşünmək xoşuma gəlir.
Yazdığım fəsillərin bir neçəsini oxumaqla növbəti fəsillərin hər birində nədən bəhs edəcəyimi əvvəlcədən öyrənə bilərsiniz. Artıq söylədiyim kimi, mən qəlibdən istifadə edirəm. Bunu anladığınız zaman təhlilimin sadə olduğunu görəcəksiniz.
Yekun
Hezlitt 1946-cı ildə çox çətin bir işi həyata keçirib. O da qəlibdən – Bastianın sınmış pəncərə metaforasından istifadə edirdi. Onun istifadə edə biləcəyi daha bir fikir var idi: Bastiyanın soyğun siyasəti məfhumu. O, bunu götürüb istifadə etmədi. Mən isə edirəm.
Birinci müddəadan başlayacağam: Allah – əsl mülkiyyətçidir. Mənim təhlilim subyektiv iqtisadi hesablama doktrinasına aiddir: unitar, ancaq eyni zamanda korporativ. Allah dəyəri təyin edir. Mən iqtisadi idarəçiliyi (həvalə olunmuş mülkiyyətçilik) də müzakirə edirəm: fərdi, ancaq eyni zamanda korporativ. Bu kitabda bu doktrinalardan bəhs etsəm də, geniş şəkildə izahını vermirəm. Şəxsi mülkiyyətin korporativ şəkildə pozulması ilə bağlı korporativ mühakimənin mövcud olduğunu güman edirəm.
Allah mülkiyyətçilik hüququnu ayrı-ayrı fərdlərə və qurumlara həvalə etdiyinə görə, bu mülkiyyətçilik qanunidir. Bu, cəmiyyətdə mülkiyyətçiliyin – idarəçilik funksiyasının əsasını qoyur. Beləcə mən hər fəsli belə başlayıram: birinci müddəa.
İkinci müddəa pəncərədir: şəxsi mülkiyyətə əsaslanan hüquqi və təşkilati tənzimləmələr. Şəxsi mülkiyyət Müqəddəs Kitabdakı idarəçilik anlayışının qanuni davamıdır. Allah Öz mülkiyyətinin idarəetməsinin məsuliyyətini mülkiyyətçilərin üzərinə qoyur. Beləliklə, oğurluq – Allahın Öz qanuni səlahiyyət verdiyi hüquqi və iqtisadi nümayəndələrinin hücumuna məruz qalmasıdır.
Dövlətin pəncərəni sındırmasını oğurluq kimi qiymətləndirirəm. Bu, Allahın şəxsi mülkiyyət ətrafında qurduğu qanuni sərhədlərin pozulmasıdır. Mən Hezlittin dilə gətirməkdən imtina etdiyi şeyi söyləyirəm: dövlətin şəxsi mülkiyyət nizamına müdaxiləsi mütəşəkkil oğurluqdur. Bu mənim modelimin üçüncü müddəasıdır: qanun.
Oğurluğun öz xərcləri var: mənfi sanksiyalar. Bu, dördüncü müddəadır. Mən dövlət müdaxiləsinin xüsusi səbəb-nəticə əlaqəsinin nəticələrini fəsil-fəsil müzakirə edərkən Hezlittin nümunəsini rəhbər tuturam. Bu müdaxilə insanların əksəriyyətini daha da kasıblaşdırır: dövlət müdaxiləsinin tərəfdarlarının seçicilərə vəd etdiyinin tam əksi baş verir. Bəzi adamlar doğrudan da varlanırlar: müdaxilədən faydalananlar.
Sərvətin bu cür azalması iqtisadi inkişafın azalması ilə nəticələnir: modelimin beşinci müddəası.
Arxa planda bu var ikən kitabımı oxumağa hazırsınız.
[Qeyd: Hezlittin kitabının 1979-cu ildə Arlinqton Haus tərəfindən nəşr olunan redaktəsinə XVIII fəsil kimi qeyd olunan əlavə bir fəsil daxil edilmişdi: “Kirayəyə nəzarətin nəticəsi nədir”. Bu fəsil Mises İnstitutu tərəfindən 2008-ci ildə nəşr olunan redaktədə yoxdur. 1946-cı il nəşrində də yox idi.]
Əlavə oxu: Köməkçi materiallar üçün bit.ly/CEIOL-Doc-Intro səhifəsinə baxın.
Qeri Nort (Gary North)