Tez-tez sitat gətirilən bir ifadədə deyilir ki, “biz əxlaqı qanuniləşdirə bilmərik.” Bizə deyilir ki, qanunvericiliyin müəyyən növlərini qəbul etmək faydasız, hətta düzgün deyil, çünki onlar insanları qanuna görə əxlaqlı etməklə məşğuldurlar, bunun isə qeyri-mümkün olduğuna təkid edilir. Müxtəlif qruplar hər dəfə islahatlar keçirməyə cəhd edəndə onlar belə sözlərlə qarşılaşırlar: “Siz əxlaqı qanuniləşdirə bilməzsiniz.”
İndi etiraf etməliyik ki, bu fikirdə müəyyən qədər həqiqət var. Əgər insanlar qanunla əxlaqlı ola bilsəydilər, nəzarətçilər şurasına və ya Konqresə bütün amerikalıları əxlaqlandıran qanunları qəbul etmək asan olardı. Bu, qanuna görə xilas olardı. İnsanlar və xalqlar çox vaxt qanuna görə xilasa əl atıblar, lakin bunun yeganə nəticəsi daha böyük problemlər və sosial qarışıqlıq olmuşdur.
Qanunların hamısı əxlaqidir
Buna görə razılaşa bilərik ki, adamlar qanuna görə xilas ola bilməzlər, amma adamları qanuna görə xilas etməyə can atmaq bir işdir, əxlaq qanunvericiliyinin, yəni əxlaqa dair qanunların olması başqa bir işdir. “Əxlaqı qanuniləşdirmək olmaz” fikri təhlükəli yarı-həqiqət, hətta yalandır, çünki bütün qanunlar əxlaqla əlaqədardır. Hər bir mülki hökumətin qanun məcəllələrində olan hər bir qanunu ya qəbul olunmuş əxlaq nümunəsi, ya da ona münasibətdə prosessual qaydadır. Bizim qanunlarımız əxlaq sistemini təmsil edən əxlaqi qanunlardır. Ehtiyatsızlıqdan qətllərə və qəsdən adamöldürməyə qarşı qanunlar əxlaqi qanunlardır; onlar “Qətl etmə” əmrini əks etdirir. Oğurluğa qarşı qanunlar oğurluğa qarşı əmrlərdir. Böhtan atmaq və şərləmək haqqında qanunlar, yalan şahidlik haqqında qanunlar əxlaqi tələbi –“Yalandan şahidlik etmə” tətbiq edir. Yol hərəkəti qaydaları da əxlaqi qanunlardır: onların məqsədi həyatı və əmlakı qorumaqdır; yenə də, onlar On Əmri əks etdirir.
Polis və məhkəmə prosedurlarına aid olan qanunlar da ədaləti dəstəkləmək, qanun və qaydanı qorumaq üçün əxlaqi məqsədə malikdir. Qanun məcəllələrindəki hər bir qanun əxlaqla, yaxud da qanunun tətbiqi prosedurları ilə əlaqədardır və bütün qanun əxlaqla əlaqədardır. Biz hər hansı bir qanunun əxlaqı ilə razılaşmaya bilərik, amma qanunun əxlaqi mahiyyətini inkar edə bilmərik. Qanun doğru və yanlış haqqındadır; o, şəri cəzalandırır, qarşısını alır, xeyiri müdafiə edir və əxlaq da elə məhz budur. Arxasında əxlaq durmayan qanuna malik olmaq mümkün deyil, çünki bütün qanun sadəcə tətbiq olunan əxlaqdır.
Amma əxlaqın müxtəlif növləri mövcuddur. Müqəddəs Kitab əxlaqı bir, buddist, hindu və müsəlman əxlaqı isə tam fərqli əxlaq sistemləridir. Bəzi əxlaqi qanunlar ət istifadə etməyi günah sayaraq qadağan edir, məsələn, hinduizm kimi, digərləri isə müsəlman əxlaqında olduğu kimi bəyan edirlər ki, iman etməyənləri öldürmək yaxşı əməl ola bilər. Platonun əxlaqına görə bəzi cinsi pozğunluqlar sevginin nəcib formaları idi, lakin Müqəddəs Kitaba görə həmin pozğunluqlar ölüm cəzasına layiqdir.
Qanun əxlaqın tətbiqidir
Məsələ bundadır ki, bütün qanunlar əxlaqın tətbiqidir və əxlaq sistemini, əxlaq qanununu ehtiva edir, və bütün əxlaqın bünövrəsini din təşkil edir. Qanun əxlaqa əsaslanır, əxlaq isə dinə əsaslanır. Siz nə vaxtsa və haradasa hər hansı bir ölkənin və ya xalqın dini bünövrələrini zəiflədəndə, onun əxlaqını da zəiflədir və onun qanununun bünövrəsini də aradan qaldırırsınız. Nəticəsi də qanun və qaydanın tədricən iflası və cəmiyyətin dağılması olur.
Hal-hazırda yaşadığımız budur. Qanun və qayda pisləşir, çünki dini əsaslar, Müqəddəs Kitab əsasları məhkəmələr və insanlar tərəfindən rədd edilir. Bizim Amerika qanunlar sistemimiz qanunun Müqəddəs Kitab əsaslarına, Müqəddəs Kitab əxlaqına dayanır və indi biz humanizm üçün bu Müqəddəs Kitab əsasını inkar edirik. Müstəmləkə günlərindən bəri Amerika qanunu Müqəddəs Kitab imanını və əxlaqını təmsil etmişdir. Müqəddəs Kitaba əsaslandığına görə bizim qanunlarımız insanları qanuna görə xilas etməyə çalışmamışdır, lakin onlar daha çox saleh xidmətə təşviq edən qanun və qayda sistemini qurmağa və dəstəkləməyə can atmışdır.
Qanuna görə xilas
İndi bizim daha humanist qanunlarımız, məhkəmələrimiz və qanunvericilərimiz bizə yeni əxlaq verirlər. Onlar Müqəddəs Kitaba əsaslanan qanunları ləğv edəndə bizə deyirlər ki, əxlaq qanuniləşdirilə bilməz, lakin onların təklif etdiyi nəinki qanuniləşdirilmiş əxlaqdır, həm də qanuna görə xilas olmaqdır, bunu isə heç bir məsihçi qəbul edə bilməz. Hal-hazırda hara baxsaq, istər yoxsulluq, təhsil, mülki hüquqlar, insan hüquqları, sülh və sairə ilə əlaqədar olsun, görürük ki, qəbul edilmiş qanunlar insanı qurtarmağa çağıran qanunlardır. Güman ki, bu qanunlar bizə xurafatdan, cahillikdən, xəstəliklərdən, yoxsulluqdan, cinayətdən, müharibədən və şər sayılan digər hər şeydən azad olan cəmiyyət verəcək. Bu qanunvericilik proqramları bir şeyə – qanuna görə xilasa gətirib çıxarır.
Bu, bizi Müqəddəs Kitab qanunu ilə humanist qanun arasındakı mühüm fərqə gətirir. Müqəddəs Kitaba əsaslanan qanunlar insanı xilas etməyə və ya cəsarətli yeni bir dünyaya, gözəl cəmiyyətə, dünyada sülhə, yoxsul olmayan dünyaya və bunun kimi digər ideallara gətirməyə can atmır. Müqəddəs Kitab qanununun və Müqəddəs Kitab imanına əsaslanan bütün qanunların məqsədi şəri cəzalandırmaq və qarşısını almaq, həyatı və əmlakı müdafiə etmək, eləcə də, bütün adamlar üçün ədaləti təmin etməkdən ibarətdir. Dövlətin məqsədi və onun qanunu adamları dəyişmək və ya islah etmək deyil: bu, ruhani məsələdir və dinin məqsədidir. İnsan yalnız Allahın mərhəməti ilə Onun Kəlam xidməti vasitəsilə dəyişilə bilər. İnsan dövlət qanunvericiliyi ilə dəyişilə bilməz; o, qanunla yeni şəxsə dəyişdirilə bilməz. İnsanın şər iradəsinə və ya ürəyinə qanunla qadağa qoyula bilər, çünki insan itaətsizliklərinin aqibətindən qorxa bilər.
Biz hamımız patrul avtomobillərini görəndə magistral yolda sürəti bir qədər azaldırıq və sürət qaydalarına daim fikri veririk. Qanun faktı və qanunun ciddi icrası insanın günahlı şövqlərinin məhdudlaşdırılması deməkdir. Amma insana ciddi qanun və qayda ilə qadağa qoyulsa da o, qanun vasitəsilə dəyişilə bilməz; o, qanuna görə xilas ola bilməz. İnsan yalnız Allahın lütfü ilə İsa Məsih vasitəsilə xilas ola bilər.
Deməli, humanist qanunun başqa məqsədi var. Humanist qanunun məqsədi insanın xilası və cəmiyyətin bərpasıdır. Humanizm üçün xilas dövlət aktıdır. İnsanı və cəmiyyəti bərpa edən və insanı yer üzərində cənnətə gətirib çıxaran mülki hökumətidir. Nəticədə humanist üçün sosial fəaliyyət hər şeydir. Düzgün qanunlar dəstini qəbul etmək üçün insan işləməlidir, çünki onun xilası bundan asılıdır. Qanuna görə xilas planında humanistə, mülki hökumətin əməlləri vasitəsilə xilasa qarşı çıxan hər bir kəs cəmiyyətin rifahına qarşı fitnə quran pis adam olur. Bu gün vəzifədə olan insanların əksəriyyəti– son dərəcə əxlaqlı və dindar, insanı qanunla xilas etmək istəyən adamlardır. Müqəddəs Kitab nöqteyi-nəzərindən, məsihçi nöqteyi-nəzərindən onların proqramları əxlaq qaydalarına zidd və riyakardır, amma bu adamlar özlərinin humanist nöqteyi-nəzərlərindən sadəcə çox fədakar deyil, həmçinin həqiqətən humanist imana və əxlaqa malik adamlardır.
Nəticədə bu gün əsas problemimiz bundan ibarətdir ki, bizim hər birinin öz əxlaqı və əxlaq qanunları olan münaqişəli iki dinimiz – humanizm və məsihçilik vardır. Buna görə humanist bizə “Siz əxlaqı qanuniləşdirə bilməzsiniz” deyəndə əslində o, bizim Müqəddəs Kitab əxlaqını qanuniləşdirməməli olduğumuzu nəzərdə tutur, çünki o, humanist əxlaqın qanuniləşdirilməsini istəyir. Müqəddəs Kitab dini olaraq məktəblərdə qadağan edilib, çünki məktəblərin qurulmuş başqa dini, humanizm var. Məhkəmələr məsihçiliyi Amerika həyatının və mülki hökumətin ümumi qanununun[1]Ümumi qanun– Uilyam Blekston (1723-1780) İngilis Qanunu haqqında öz şərhlərində göstərdi ki, ümumi ingilis qanunu orta əsr kralı Alferdlə əsasını qoymuşdur. Alferd (849-899) … Continue reading əsası kimi tanımayacaq, çünki artıq məhkəmələr humanizmi Amerika həyatının dini əsası kimi qurublar. Çünki humanizm Allaha inanmasa da, dindir. Dinin din olması üçün Allaha inanmağa ehtiyac yoxdur; əslində, dünya dinlərinin əksəriyyəti əsasən humanist və Allaha qarşıdır.
Bizim Yeni Amerika
Ətrafımızda formalaşan yeni Amerika çox dindar Amerikadır, amma onun dini məsihçilik deyil, humanizmdir. Bu, çox əxlaqa köklənmiş Amerikadır, amma onun etikası yeni əxlaqdır, məsihçilik üçün isə bu sadəcə köhnə günahdır. Bu yeni, inqilabi, humanist Amerika həm də çox missioner düşüncəlidir. Humanizm qanunun işləri ilə xilasa inanır və nəticədə bir millət olaraq biz dünyanı qanunla xilas etməyə çalışırıq. Külli miqdarda pulun mənimsənilməsi və əməyin bölüşdürülməsi vasitəsilə bütün millətləri və irqləri xilas etməyə, bütün adamları yerdə cənnət yaratmaq ümidi ilə bütün problemlərdən azad etməyə cəhd edirik. Biz İsa Məsih vasitəsilə deyil, dövlətin fəaliyyəti və qanunun işləri ilə yer üzərinə sülh və insanlar arasına yaxşı münasibət gətirməyə çalışırıq. Amma Qalatiyalılara Məktub 2:16-da həvari Paul yazırdı: “Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.”
Qanun öz yerində yaxşı, münasib və vacibdir, amma qanun nə bir nəfəri xilas edə bilər, nə də insanı və cəmiyyəti dəyişdirə bilər. Qanunun əsas vəzifəsi bərpa etmək deyil, qadağan etməkdən ibarətdir (Rom. 13:1-4). Qanunun vəzifəsi olan şərin qarşısının alınması insan və cəmiyyətin yenidən doğulması və dəyişdirilməsi ilə əvəz olunanda qanunun özü dağılmağa başlayır, çünki onun üzərinə daşınması qeyri-mümkün olan yük qoyulur. Bu gün, qanundan həddindən artıq çox şey gözlənildiyinə görə get-gedə qanundan daha az nəticələr alırıq, çünki qanun lazım olmayan məqsədlərlə istifadə edilir. Yalnız qanunun Müqəddəs Kitab əsasına qayıtdığımız təqdirdə qanuna uyğun ədalətə və qaydaya yenidən qayıda bilərik. “Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər” (Zəb. 127:1).
İngilis Dilində Mövcuddur: https://chalcedon.edu/magazine/can-we-legislate-morality-1
İlk dəfə burada nəşr edilmişdir: Qanun və Azadlıq (Law and Liberty) [Vallecito, CA: Ross House Books, 1984], 1-5–da çap edilmişdir.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya[2]teonomiya– teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. hərəkatına başladı. Buna görə, o, Allahın Qanununu, mədəniyyət tənəzzülünə müasir məsihçinin cavab reaksiyasının əsası olaraq gördü, bunu kilsənin Allahın qanununun Onun lütfünə qarşı çıxdığı ilə bağlı səhv dünyagörüşü ilə əlaqələndirdi. Bu ətraflı məsihçi cavabını o, “Məsihçi Yenidənqurması” olaraq xarakterizə etdi. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir. O, həmçinin mühazirələr oxuyaraq və dini etiqad azadlığı ilə bağlı çoxsaylı məhkəmə işlərində ekspert şahidi kimi xidmət edərək çox səyahətlər etmişdir. Bu gün də davam edən bir çox xidmət və təhsil səyləri öz fəlsəfi və Müqəddəs Kitaba əsaslanan köklərini Onun mühazirələrindən və kitablarından götürmüşdür.
Qeyd
↑1 | Ümumi qanun– Uilyam Blekston (1723-1780) İngilis Qanunu haqqında öz şərhlərində göstərdi ki, ümumi ingilis qanunu orta əsr kralı Alferdlə əsasını qoymuşdur. Alferd (849-899) Müqəddəs Yazılara əsaslanmış hüquqi sistem yaratdı. Vikinqlər məğlub edilib İngiltərəni tərk edəndə İngiltərə bu sistemlə idarə olunurdu. Bu qanun növbəti əsrlərdə xüsusi hallarda tətbiq olunaraq inkişaf etdirildi. |
---|---|
↑2 | teonomiya– teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. |