Yezekel 47:1-12-də məbədin qapılarından süzülən su kimi başlayan bir çay təsvir olunur. Bu məşhur fəsildə axan sular mənbəyindən min qulac[1]Tərcüməçinin qeydi: bir qulac – təxminən 150 cm-ə bərabər uzunluq vahidi. məsafədə topuğa qədər, min qulac sonra dizə qədər və min qulac daha sonra isə belə qədər çıxır. Oradan min qulac sora isə sular keçilməz səviyyəyə qədər artır (3-cü ayədən 5-ci ayəyə qədər oxuyun).
Yezekel bunu sahildən, quru və təhlükəsiz bir yerdən izləyərək deyil, suların tən ortasında ikən təcrübədən keçirmişdi. Yezekel dərin sularla üzləşib üzmək məcburiyyətində qalmayıncayadək, yanındakı mələk onu sahilə çıxartmadı. Peyğəmbər sahilə yalnız 6-cı ayədə qayıdır və çox güman ki, axıntıya qapılıb min qulac daha sürüklənməyəcəklərinə görə rahat nəfəs alır. Çaydan çıxarılmazdan əvvəl (indi o qədər dərin idi ki, ayaqları yerə çatmırdı) Yezekel mələyin sualını eşidir: “Ey bəşər oğlu, bunu görürsənmi?”
Mələklər: hər şeyi kiçiltməkdə ustadırlar.
Feyrbern qeyd edir ki, heç bir qolunun olmamasına baxmayaraq, çay genişlənir və dərinləşir, suların miqdarı isə artmağa davam edir:
Buradakı artım heç bir kənar və təsadüfi mənbələrdən qaynaqlanmır; bütün məbəd boyunca sular çay əmələ gətirir və sonda dənizə tökülür; bununla belə, başlanğıcda sadəcə kiçik bir axıntı olan sular öz-özünə artaraq bir mildən bir az böyük bir məsafədə keçilməz bir çaya çevrilir!”[2]Patrik Feyrbern, Yezekelin şərhi (Minneapolis, MN: Klock & Klock, 1979 [T. & T. Klark, 1851]), səh. 492–493. Patrick Fairbairn, An Exposition of Ezekiel (Minneapolis, Minnesota: Klock … Continue reading
Burada başa düşülməsi vacib olan məsələ Yezekelin dayandığı suların vəhdətidir. Suda heç bir ayrılma yoxdu: şırıldayan axıntıdan nəhəng çaya qədər o, Allahın Padşahlığını təmsil edən və onun zamanla böyüməsini göstərən vahid bir varlıqdır. Yezekel suyun harasında dayanmağından asılı olmayaraq eyni suyun içində idi: istər topuğa qədərki vəziyyətində, istərsə də daha sonrakı gur axan çayda o, həmişə Padşahlığın ortasında idi.
Padşahlıq haqqındakı bu görüntünün vəhdətini daha aydın vurğulamaq məqsədilə 12-ci ayədə deyilir ki, “Müqəddəs məkandan çıxan” sular böyük çayın sahilindəki ağacları suvarırdı, bu isə suların Yezekelin topuğuna çıxdığı yerdən min qulac əvvəldə baş verirdi. Yalnız bir çay var və bu çayda sadəcə bir mənbədən axan bir çeşid su var.
Hərəkət edən sular
Adətən Allahın Padşahlığı haqqında danışanda onun artıq gəldiyi, eyni zamanda da hələ gəlmədiyi deyilir. O buradadır, amma tamlığı ilə deyil. Yezekel də eynilə bu cür sular topuğa qədər olanda da, dizə qədər olanda da, belə qədər olanda da suyun içində idi. Amma görüntünün sonunda sular daha da dərinləşmişdi.
Allahın Padşahlığının “hələ gəlmədiyini”, bunun tamamilə gələcəklə bağlı olduğunu düşünəndə, tam ortasında olduğumuz Padşahlığın çıxış nöqtəsinə təyinat yerindən daha yaxın olduğunu unuduruq. Lakin içində dayandığımız eyni sular mütləq ağzınacan dolub daşacaq.
Bu sular isə hərəkət edirlər, axırlar və zamanla artırlar. Padşahlıq böyüməsi ilə əlamətdardır (Padşahlığın böyüməsi haqqında Məsihin danışdığı məsəllər bunu aydın şəkildə göstərir, Onun xardal toxumu haqqındakı məsəli isə Yez. 17:22-23-ə istinad edərək, Allahın əkdiyi kiçicik bir budağın böyüyərək göydə uçan bütün quşların yuva qurduğu böyük bir ağaca çevriləcəyindən bəhs edir). Bu görüntüdə sabit duran heç nə yox idi: sular öz gələcək formasına doğru axırdı, lakin mələk Yezekeli suların ortası ilə şərqə doğru yönəldib, peyğəmbər baş verənləri anlasın deyə onu sürətlə irəliyə aparıncayadək, o, bu məsələ ilə bağlı həqiqəti bilmirdi.[3]Məsələ bundadır ki, “Allahın Padşahlığı müşahidə ilə gəlməz” (Luka 17:20), ona görə də Yezekelinki istisna bir haldır. Burada Allah peyğəmbərə icazə vermişdi ki, … Continue reading
Padşahlıq sabit dayanmır. Zaman onunla yanaşı irəliləyir. Zaman axışında dayandığımız yerdən asılı olmayaraq fərziyyələr irəli sürməyimiz təbiidir. Bəlkə biz topuğa qədər olan suların içindəyik və suyun ya topuğa qədər qalacağına, ya da quruyacağına inanırıq. Biz qeyri-mümkün görünəni kortəbii şəkildə güman etmirik: suların irəliyə axdıqca möcüzəvi şəkildə artacağını düşünmürük. Müqəddəs Yazılarda həyat verən suların əzəmətli çayından, izzətli Padşahlıqdan bəhs edən ayələri bildiyimizə görə, topuğa qədər olan sulara asanlıqla nifrət edib belə düşünürük: “Bu, Allahın vəd etdiyi sular deyil. Biz Padşahlıqda deyilik. Mənim buradakı islaq ayaqlarım heç nə demək deyil, çünki Allah hələ əsl mənada Öz işini görmür, hələ hökmranlıq etmir. Bizim yanlış sularda dayandığımız aydın görünür”.
Beləcə, daha böyük bir səhvə yol verə bilməzdik.
Bu günü əhəmiyyətsiz hesab etmək təhlükəsi
Doktor R.C. Raşduni Allahın Padşahlığının indiki vəziyyətində öz yerimizi anlaya bilməməyimizin praktiki nəticələrinə diqqətimizi çəkir:
Bu, məsələyə aydınlıq gətirir: əgər indi padşahlıqda deyiliksə, onda bizim üçün padşahlıq yoxdur; əgər indi yeni yaradılışın içidə deyiliksə, onda əbədiyyətdə gözləyə biləcəyimiz yeni yaradılış da yoxdur. Padşahlıq var və gələcək; yeni göy və yeni yer var və gələcək. Tamlıq dövrün sonundadır, lakin o, həqiqətən bu gün buradadır. Bu o deməkdir ki, məsihçilər öz miraslarına etinasız yanaşırlar və Məsihdəki güclərindən istifadə etmirlər: onlar bu günün qələbəsi əvəzinə sabahın qələbəsi şərtlərində yaşayırlar…
Vəhy iztirab çəkən və narahat olan məsihçilərlə bərabər, padşahlığın gəlişini eynilə gözləyən və dünyəvi problemlərin Məsihə və Onun Padşahlığına mane olduğunu düşünən lovğa və özündən razı məsihçilərə də ünvanlanırdı. Lakin Vəhy aydın şəkildə başa salır ki, Padşahlıq artıq gəlib və məsihçilər və İmanlılar cəmiyyəti münaqişələrdən, məsuliyyətdən və iztirablardan qaçmaqla deyil, qəbul etməklə öz miraslarını alacaqlar.”[4]R.C. Raşduni, Padşahlığın gəlsin: Daniel və Vəhydə araşdırmalar (Vallesito, Kaliforniya: Ross House Books, 1970), səh. 251. R.J. Rushdoony, Thy Kingdom Come: Studies in Daniel and … Continue reading
Qısaca, pis əqidə öz ardıcıllarını həmişə şikəst edir. Bu vəziyyətdə əgər Allahın Padşahlığı haqqındakı anlayışımız qüsurludursa, o, məsihçi yolumuzdakı hər şeyi əyir və təhrif edir, buna görə də duz öz dadını itirir. Buradakı qüsur isə Onun Padşahlığının birliyini anlamamaqdadır: içində olduğumuz axın (1) doğru axındır – Allahın axınıdır – və (2) onun miqyası böyüməyə davam edəcəkdir və qarşısındakı bütün maneələri aşacaqdır. Əl dəymədən yerindən qopan daş kimi, bu sular Allahın Öz əlinin işidir: Onun Padşahlığı günah və zülmət dünyasına öz həyat verən suları ilə daxil olur.
Padşahlığın bu təməli birliyi Herman Ridderbos tərəfindən aydın şəkildə diqqət mərkəzində saxlanır:
Çünki insanın sonda Allahın Padşahlığında alacağı şeylər indi sahib olduğu şeylərdən asılıdır. Çünki “kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq”. İnsanın padşahlığa dair “sahib olduğu” şeylər isə eşitməkdən, yəni Padşahlıq haqqındakı toxum kimi səpilmiş kəlama görə daşıdığı məsuliyyətdən asılıdır. Bu eşitmək indi “insanın ölçdüyü ölçüdür” (Mk. 4:24)… Burada da hər şey padşahlığın indi və gələcəkdəki birliyi üzərində cəmləşir. İnsan Əkinçidən aldığının iki qatını Hakimdən alacaq.”[5]Herman N. Ridderbos, Padşahlığın gəlişi (Filadelfiya, Pensilvaniya: Presbyterian and Reformed, 1962), səh. 135. Herman N. Ridderbos, The Coming of the Kingdom (Philadelphia, PA: Presbyterian … Continue reading
Sonra Ridderbos soruşur ki, xardal toxumu haqqındakı məsəl təkcə kiçicik bir toxum və sondakı nəhəng ağac haqqındadır və bu ikisinin arasında baş verən hər şeyi diqqətdən kənarda qoyur, yoxsa “elə həmin vaxt baş verməyə davam edən Padşahlığın inkişaf prosesinə də işarə edir”?[6]həmin yerdə, səh. 145 Son nəticə (nəhəng ağac) Padşahlığı yalnız təvazökar başlanğıc vəziyyətində təsəvvür edənlərə sadəcə təsəlli vermək[7]Ridderbos “böyük esxatoloji gərginlik”lə bağlı H. M. Matterdənə sitat gətirir. Bu gərginlik bəzilərini “padşahlığı hələ gözləyən şeylərlə Məsihin etdiyi işlər … Continue reading üçündür? Yoxsa bu, Ridderbosun da dediyi kimi, hekayənin bir hissəsidir:
Bununla belə, yalnız başlanğıca və sona nəzər yetirib, bunların arasında olanları isə hər vəchlə aradan qaldırmaq qeyri-təbii bir şeydir. Hər şey kiçik başlanğıcdan gözəl sonluğa doğru irəliləməyin yolunu bilməkdən asılıdır.”[8]həmin yerdə, səh. 145.
Bir sözlə desək: başlanğıcla sonun arasında nə var? Biz varıq. Biz Padşahlığın ortasındayıq və bu məsələ ilə bağlı hər hansı yanlış anlayışa yol verə bilmərik. Bunun əksini iddia edən istənilən təlim bizi bu Padşahlığın ortasında yoldan çıxarır, Onun Padşahlığı üçün çalışmaq həvəsini əlimizdən alır və hazırkı vəzifə və öhdəliklərimizi təyin edərkən “insanın ölçdüyü ölçünü” təhrif edir.
Əgər Məsih indi Padşah deyilsə, onda qeysərdən başqa padşahınız yoxmuş kimi hərəkət edə və məsuliyyətdən boyun qaçırmağınıza haqq qazandırmaq üçün fəsillərdən və ayələrdən misal gətirə bilərsiniz. Amma Yezekel güclənən axını izlədiyi hər yerdə, həm dayaz və sakit, həm də böyük və coşğun yerində Allahın Padşahlığını izləyirdi. Bu, heç bir fasiləsi, kəsintisi və ya mötərizəsi olmayan bir vəhdət idi.
Rəbbin Padşahlığının ortasında, Onun axınında dayanarkən onu inkar etmək gözlərini yummaq deməkdir. İnkar xəbərçiləri Padşahlığın gəlmədiyini necə təbliğ etdiklərini izah etmək üçün bir gün Allahın qarşısına çıxanda, O, onlardan sadəcə bunu soruşa bilər: “Məgər sizin ayaqlarınız islanmayıb?”
Orijinal ingiliscə versiya, 19 iyul, 2019: https://chalcedon.edu/resources/articles/standing-in-the-waters-of-the-kingdom-of-godma
Müəllif: Martin Selbrede
Qeyd
↑1 | Tərcüməçinin qeydi: bir qulac – təxminən 150 cm-ə bərabər uzunluq vahidi. |
---|---|
↑2 | Patrik Feyrbern, Yezekelin şərhi (Minneapolis, MN: Klock & Klock, 1979 [T. & T. Klark, 1851]), səh. 492–493. Patrick Fairbairn, An Exposition of Ezekiel (Minneapolis, Minnesota: Klock & Klock, 1979 [T. & T. Clark, 1851]), pp. 492–493. |
↑3 | Məsələ bundadır ki, “Allahın Padşahlığı müşahidə ilə gəlməz” (Luka 17:20), ona görə də Yezekelinki istisna bir haldır. Burada Allah peyğəmbərə icazə vermişdi ki, padşahlığın böyüməsini bizim tərbiyəmiz üçün verilmiş ilahi görüntüdə müşahidə etsin. |
↑4 | R.C. Raşduni, Padşahlığın gəlsin: Daniel və Vəhydə araşdırmalar (Vallesito, Kaliforniya: Ross House Books, 1970), səh. 251. R.J. Rushdoony, Thy Kingdom Come: Studies in Daniel and Revelation (Vallecito, CA: Ross House Books, 1970), p. 251. |
↑5 | Herman N. Ridderbos, Padşahlığın gəlişi (Filadelfiya, Pensilvaniya: Presbyterian and Reformed, 1962), səh. 135. Herman N. Ridderbos, The Coming of the Kingdom (Philadelphia, PA: Presbyterian and Reformed, 1962), p. 135. |
↑6 | həmin yerdə, səh. 145 |
↑7 | Ridderbos “böyük esxatoloji gərginlik”lə bağlı H. M. Matterdənə sitat gətirir. Bu gərginlik bəzilərini “padşahlığı hələ gözləyən şeylərlə Məsihin etdiyi işlər arasındakı böyük məsafəni görərək səbirsizlik və ümidsizliyə qapılmağa vadar edir”, həmin yerdə, səh. 180, №104. |
↑8 | həmin yerdə, səh. 145. |