Müqəddəs Kitab tələbələrinin əksəriyyəti görür ki, Əhdi-Cədiddə çox tez-tez Əhdi-Ətiqdən sitat gətirilir. Əslində, bu, yüz dəfələrlə edilir (əgər istinad və parafrazları saysaq, 2300 dəfə). Buradan biz haqlı olaraq nəticə çıxara bilərik ki, Allah Öz Kəlamını ciddi qəbul edir. Bəs bilirsinizmi ki, Allah Özü haqqında bir ayəni digərlərindən daha çox sitat gətirir? Həqiqətən də, daha çox.
Sadəcə olaraq, müqayisə üçün deyim ki, ikinci ən çox istinad edilən vacib təsirli ifadə budur: “…qonşunu özün kimi sev” (Lev. 19:18). Bu, Əhdi-Ətiqdə 7 fərqli yerdə qarşımıza çıxır. İstinad edilən digər ayələrin böyük əksəriyyəti yalnız bir və ya bir neçə dəfə görünür. Lakin Levililər 19:18-ci ayədən də çox istifadə edilən bir ayə vardır: bu, aşağıdakı ayədir:
Rəbb mənim Ağama dedi: “Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur” (Zəbur 110:1).
Bunun özü təəccüblü olduğu qədər, istifadə sayı da təəccüb doğuracaqdır. Bu ayəyə Əhdi-Cədiddə nə az, nə çox, düz 23 dəfə istinad edilmiş və ya o, qeyd olunmuşdur! Bu ayəyə 27 Əhdi-Cədid kitabından 11-ində və 9 Əhdi-Cədid müəllifindən 7-si tərəfindən istinad edilmişdir.
Həqiqətən də, əgər bizə azacıq icazə verilsəydi və bu ayəni istifadə sayına görə dəyərləndirsəydik, deyə bilərdik ki, Zəbur 110:1, doğrudan da, Allahın ən sevimli Müqəddəs Kitab ayəsidir.
Bu ayə “…qonşunu özün kimi sev” – kimi vacib bir ayədən üç dəfə artıq qeyd olunduğu üçün onun təkrar olunan mənasının – bəlkə də, bizim nəzərdən qaçırdığımız – böyük bir əhəmiyyəti olduğunu düşünə bilərik. Zəbur 110:1-də bu qədər vacib nə ola bilərdi?
Zəbur 110-un vacibliyi
Həvarilərin bu ayəyə verdiyi xüsusi məna indiyə qədər olandan daha çox diqqətə layiqdir. Əhdi-Cədiddə bu kəlama dair verilən istinadlarda biz esxatologiyaya və ya gələcək haqqında təlimə dair müəyyənedici vasitələr görürük. Peter, Paul və digərlərinin Zəbur 110-un istifadəsindən əldə etdiyimiz ortaya çıxan fikirlər peyğəmbərlik və “son günlər” haqqında təlimin hamıya məlum anlayışını xeyli təkzib edir. Daha sabit anlayış müasir Məsihçilərə ölüm və zülmət, apokaliptik (qiyamət gününə dair) fanatik isteriya vasitəsilə baxmağa və əksinə, çoxlarının hətta ağlına belə gətirmədiyi nikbin və məqsədyönlü Məsihçi həyatına tutunmağa yardım edəcəkdir.
Zəbur 110, sadəcə olaraq, öyrədir ki, Rəbb (ibrani dilində Adonay) Qüdrətli Allahın (ibrani dilində Yahveh) sağ tərəfində oturacaq və Rəbb taxtda oturduğu müddətdə Qüdrətli Allah Onun düşmənlərini məğlub edəcəkdir (1-ci ayə). Bu məğlubetmə Allahın Onun düşmənlərinin arasında[1]Bir çox ingilis dili tərcümələrində “üzərində” deyil, “arasında” sözü işlənir. tətbiq olunan gücünün qüdrəti vasitəsilə baş verir (başqa sözlə desək, Rəbbin taxtda oturması o demək deyil ki, O, ucalarda oturmuş və dünyanın işləri ilə əlaqəsi kəsilmişdir, tam əksinə) (2-ci ayə). Bu məqam 5-ci ayədə öz izahını tapır və təkrar vurğulanır. Taxtda oturanın hakimiyyəti dövründə Allahın xalqı könüllü surətdə Ona qoşulmaq və xidmət etmək üçün toplanacaqdır (3-cü ayə). Rəbb sıravi bir hökmdar kimi hökm sürmür, Melkisedeq vəzifəli (ibrani dilində Melki-Sedeq “Mənim Padşahım Salehdir” deməkdir) – İbranilər Kitabında məhz Məsihə aid edilən xüsusiyyət olaraq – əbədi kahin-Padşah kimi hökm sürür (4-cü ayə). Rəbb-Kahin-Padşah Öz taxtı olan yerindən Qüdrətli olanla birlikdə düşmənlərini tabe etdirməklə məşğuldur (5-ci ayə). Onun hakimiyyəti imansız millətlər və onların başçılarına da aiddir; O, həqiqətən, padşahların Padşahıdır (6-cı ayə). O, tamamlamayınca və tapşırığını yerinə yetirməyincə missiyasının gedişatına fədakarlığını ifadə edərək dayanıb dincəlməməli və ya döyüş yolundan kənara çıxmamalıdır (7-ci ayə). Bu, mətnin sadə oxunuşudur.
Əhdi-Cədid müəllifləri bu sadə kəlamı məhz Məsih İsanın icra etdiyi kimi götürüb tətbiq etdilər. Peter nida edir ki, bu missiya – bu taxta oturtma – Məsihin Atanın yanına qaldırıldığı zaman başlamışdır (Həv. İş. 2:31–36). Beləliklə, Məsih hal-hazırda həmin taxtda oturur. Allahın padşahlığı öz rəhbərini təntənəli surətdə təyin etmək üçün gələcək zamanda heç bir “gəliş” və ya “zühur” gözləmir. O Öz taxtını birdəfəlik almışdır. Məsih aydın şəkildə bu kəlamı Özü üçün yaddaşında saxlamışdı: O, fariseyləri təkzib etmək üçün onun ilahi təbiətini (Mat. 22:41–45) və Yerusəlim rəhbərləri üzərinə gələcək mühakiməni bəyan etmək üçün Allahın sağında oturmağa bərqərar olunduğunu (Mat. 26:64) vurğulayırdı. Bu iki kəlam (çoxlarının arasında) Məsihin göylərə qaldırılması və bərqərar olması zamanı taxta çıxarılma haqqında peyğəmbərliyini necə icra etdiyini göstərməyə kifayət edir (İbranilərə Məktubun müəllifi buna da aydınlıq gətirir —İbr. 1:1–3, 13).
Beləliklə, biz peyğəmbərliyin qalan hissəsinin Qüdrətli Allahın Zəburda məntiqi və ardıcıl olaraq söylədiyi kimi, Məsihin məhz hazırkı hakimiyyətinin əyani nəticəsi olduğunu gözləməliyik. Əslində, biz Korinflilərə Birinci Məktubun 15-ci fəslində Həvari Paul tərəfindən bunun öyrədildiyini görürük. Məsihin müzəffər olaraq dirilməsi gerçəyini və onun nəticələrini müzakirə edərkən Paul aşağıdakıları söyləyir:
Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaqdır. Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaqdır. Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir” (1 Kor. 15:22–25).
Buradan biz öyrənirik ki, Məsih indiki padşahlığına qarşı duranları tamamilə aradan qaldıranadək Öz fəthinə davam edəcəkdir. Həmin vaxt – bir dəqiqə belə əvvəl deyil, bütün hakimiyyətləri və səlahiyyətləri aradan qaldırdıqdan sonra – O gəlib Öz xalqını son düşməndən – ölümdən dirildəcəkdir. İbranilərə məktubun müəllifi Məsihin həmin səmavi Padşahlıq zamanı düşmənlərinin Onun ayağı altında kətil olacağını gözləyərək, hal-hazırda padşahlıq etməsi fikrini təsdiqləyir (İbr. 10:12-13).
Mən bu Əhdi-Ətiq peyğəmbərliyinin Əhdi-Cədid müəllifləri tərəfindən esxatologiyanın sadə, lakin eyni zamanda çətin nöqteyi-nəzərini təqdim etmək üçün şərh edilib tətbiq edildiyini görürəm. Həvarilərin bunu açıq şəkildə göstərməsi çox sadə görünür: Məsih Zəbur 110:1-ci ayəni yerinə yetirdi və biz hal-hazırda gedən müharibənin tarixi gedişatını yaşayırıq (Zəb. 110:2-7). Biz Onun düşmənlərinin tarixdə tədricən və mütərəqqi şəkildə tabe olacağını görməyi gözləməliyik – Məsihin hal-hazırda gözlədiyi kimi (İbr. 10:13). O bütün qarşıduranları tamamilə aradan qaldıranadək bu proses davam etməlidir.
Hələ onun ayağının altında olmayan “Son günlər” anlayışı
Çox sadə, aydın və dəyişməz olan bu anlayışı Con Makartur, Tim Lahaye və Skofildin “Skofildin şərh etdiyi Müqəddəs Kitab”ında kütləviləşdirilən “dispensasional”[2]dispensasionalizm – (ingilis dilində dispensation — paylanma, dövr) Məsihçilikdə Allahın Vəhyinin bəşəriyyətin Allahla xüsusi razılaşdırılmış münasibətlərinin aid … Continue reading və “premillenial”[3]premillenializm – İsanın minillik padşahlıqdan öncə yer üzünə qayıdıb, Öz Padşahlığını fiziki olaraq quracağına inanan dünya görüşü baxışlarla müqayisə edin. Zəbur 110 haqqında qeydlərində Skofild bir neçə əsaslı səhvə yol verir və ən vacib məqamları nəzərdən qaçırır. O yazır:
Zəbur 110-un vacibliyi Əhdi-Cədiddə ona verilən böyük diqqət vasitəsilə təsdiq edilir.
(1) O, İsanın ilahiliyini təsdiq edir, bununla da, Ona Əhdi-Cədiddə deyilən “Rəbb” adının tam ilahi mənasını inkar edənlərə cavab verir (1-ci ayə; Mat. 22:41-45; Mark. 12:35-37; Luka. 20:41-44; Həv. İş. 2:34,35; İbr. 1:13; 10:12,13).
(2) Bu Zəbur Məsihin əbədi kahinliyini – Müqəddəs Yazının ən vacib bəyanatlarından birini bəyan edir (4-cü ayə; Yar. 14:18-də müəllifin qəydinə baxın; İbr. 7:1-28; 1 Tim. 2:5,6; Yəh. 14:6).
(3) Tarixən Zəbur Məsihin Atanın yanına qaldırılması ilə başlayır (1-ci ayə; Yəh. 20:17; Həv. İş. 7. 56; Vəhy 3:21).
(4) Peyğəmbərlik baxımından Zəbur (a) Məsihin Rəbbin qüdrətli əsası kimi, Siondan Qurtarıcı kimi gəldiyinə (Rom.11:25-27) və İsrailin Rəbbə gəlməsi dövrünə (3-cü ayə, Yoel 2:27; Zək.13:9; Qan.Tək.30:1-9, qeyd) və (b) padşahlığın qurulmasından əvvəl yadellilər üzərinə gələn mühakiməyə (5-6-cı ayələr; Yoel 3:9-17; Zək. 14:1-4; Vəhy 19:11-21) baxır.”[4]C. I. Scofield, The Scofield Reference Bible (New York: Oxford University Press, 1945), 645–5n1.
(1) və (2)-ci bəndlərlə, əsasən razıyam. Mən (3)-cü bənd ilə də razıyam ki, Məsihin Atanın yanına qaldırılması ilə Müqəddəs Yazı tarixən yerinə yetməyə başlamışdır – bu da öz növbəsində, Skofild tərəfindən maraqlı bir etirafa gətirib çıxarır. O, Həv. İş. 2:34-35-i yalnız (2)-ci bənddə deyil, məhz bu bənddə sübut kimi daxil etməli idi. Həv. İş. 2:32-36-da Peter öyrədir ki, Zəbur 110:1 İsa Məsihin Atanın yanına qaldırılması və bərqərar olması vasitəsilə yerinə yetir.
(3) və (4)-cü bəndlərdə ən böyük problem, Skofildin “tarixilik” və “peyğəmbərlik” arasındakı müəyyən etdiyi əsassız və süni təzadın bu şərhi sual altına qoymasıdır. Məzmurçunun nöqteyi-nəzərindən bütün Zəbur “peyğəmbərliy”ə əsaslanır. Hətta Məsihin Atanın sağ tərəfində oturmağa bərqərar olması onun üçün uzaq gələcək olaraq qalırdı. Əsassızlıq Skofildin bir cizgi çəkmək qərarına gəldiyi zaman meydana çıxır. O, Məsihin Atanın yanına qaldırılmasını yalnız 110-cu Zəburun 1-ci ayəsinin yerinə yetirilməsi kimi qəbul edir. Ayənin qalan hissəsi, padşahlıqların fəth edilməsini isə yalnız uzaq gələcəyə dair etnik – İsrailə yönəlmiş “peyğəmbərliy”ə aid edir. Birinci və ikinci ayələr arasında 2000 il qədər müddət qoymaq əsassızdır və birinci ayənin bütün dünyaya, ikinci ayənin isə yalnız etnik İsrailə aid olduğunu deməyə heç bir əsas yoxdur. Bunlar iki böyük problemdir. Bu ənənəvi dispensasional sistemi ümumilikdə xarakterizə edir. Lakin bu heç Zəburun haqqını vermir, o ki qalsın, Əhdi-Cədid boyu həvari müəlliflərin onu 23 dəfə şərh etməsinə.
Daha müasir “açıq fikirli” dispensasionalistlər Zəbur 110-dakı peyğəmbərliyin vəhdətini qəbul ediblər:
Efeslilərə 1:20-22 və Kolosselilərə 3:1 ayələri də son hissəsi ilə hər şeyin hal-hazırda Ona tabe olduğu faktını vurğulayaraq Məsihin Allahın sağında oturduğunu bəyan edir. . . . Peter də hakimlərin və qüvvələrin Ona tabeliyini vurğulayaraq Paula qoşulur [1 Pet. 3:22]. . . . Bəzi dispensasionistlər iddia edirlər ki, Zəbur 110:1-də deyilən taxta oturtma Məsihin Atanın yanına qaldırılması zamanı baş verdi, lakin Zəbur 110:2-dəki hakimiyyət gələcək zamandan əvvəl baş verməyəcəkdir. … Bu şərh nə Məzmurlarda qeydin ədəbi məzmununa, nə də Əhdi-Cədiddə bütün mətnin İsaya tətbiqi üsuluna məhəl qoymur.”[5]Craig Blaising and Darrell L. Bock, Progressive Dispensationalism (BridgePoint, 1993), 178, 312n.
Skofildin əsassız cizgisi Zəburun qalan hissəsini dünyanın müəyyən gələcək, fiziki İsrail dövlət idarəçiliyinə səhvən tətbiqinə gətirib çıxarır (və ya imkan verir?). Beləliklə, (4)-cü bənddə o, Məsihin hazırkı taxtını “…Siondan Sənin qüdrətli əsanı … düşmənlərinin üzərində…” hissəsindən ayırır. O, Zəbur 110:2-dən bu parçanı yalnız Məsihin yer üzünə gələcəkdə fiziki qayıdışından sonra tətbiq etmək üçün götürür, hal-hazırda Onun düşmənlərinin tabe etdirilməsi üçün deyil. Bu, həvarilərin dediyinə ziddir (Efes. 1:20–22; 1 Pet. 3:22).
Bundan əlavə, Skofild Zəbur 110:3-də qeyd edilən “xalqın” sözünü yalnız yəhudi xalqını ifadə etməsi ilə məhdudlaşdırır. Bu, Allahın xalqına həm yəhudi, həm də qeyri-yəhudilərin aid olduğunu müntəzəm olaraq bizə öyrədən Əhdi-Cədidə (Rom. 2:26-29; Qal. 3:26-29; Efes. 2:13-22) və bu Əhdi-Cədid xalqının Kahin-Padşahın seçilmişlərinin varisi, istəkli xalqı olmasına (1 Pet. 2:9-10; Vəhy 1:5-6) ziddir. Skofild “yəhudilərin imana gəlməsini” Məsih yer üzərində Öz qələbəsini icra etməzdən əvvəl gözləyir. Bu arada Məsih dünya üzərində Öz xalqından “ruhani yəhudilər”, “padşah və kahinlər” hazırlayır və onların imanı vasitəsilə Öz hakimiyyətini genişləndirir.
Sonda Skofild qeyri-yəhudi qüvvələrinin gələcək mühakiməsinin “padşahlığın qurulmasından” əvvəl baş verməli olduğunu görür. İndiyə qədər dediklərim artıq bu anlayışı təkzib edir; Məsih artıq Öz taxtında oturmuş, Öz padşahlığını qurmuşdur və indi, hal-hazırda, davamlı şəkildə həmin “yadelli qüvvələri” mühakimə edir.
Bu sadə Məzmur və həvarilər tərəfindən ona verilən aydın şərh müasir məsihçilərə dönüş nöqtəsi kimi xidmət etməlidir. Biz gələcəkdə olacaq padşahlığı gözləmirik. Biz Məsih tərəfindən tamamilə gələcəkdə olacaq fəthi gözləmirik. Əksinə, Məsih Öz padşahlığını qurmuşdur. O, göylərdə və yer üzərində bütün səlahiyyətə malikdir (Mat. 28:18). Biz artıq fəthin ortasında dayanmışıq. Bunun bir hissəsi tamamlanmasını gözləyir, lakin artıq başlayıb və hal-hazırda davam etməkdədir.
110-cu Məzmurun son ayəsində çox vaxt gözdən yayınan və qaranlıq qalan bir istinad görünür. 7-ci ayə fəth edən Kahin-Padşahımız haqqında deyir: Yol kənarında olan vadidən su içəcək, buna görə güclənib yüksələcəkdir. Cenevrə Müqəddəs Kitabında[6]Cenevrə Müqəddəs Kitabı – 1560-ci ildə Cenevrədə sürgündə yaşayan ingilis protestantları tərəfindən qədim ibrani, arami və yunan dilindən ingilis dilinə tərcümə edilmiş … Continue reading qeyd edilir: “Öz düşmənlərini məhv etməyə susayan bir sərkərdə kimi o, yolundan çıxıb su içmədiyi kimi, Allahın düşmənlərini necə məhv edəcəyini göstərir.” Başqa sözlə desək, bu döyüşən, fəth edən Padşah hətta sərinlənmək üçün belə döyüş yolundan çıxmayacaqdır. O, düz yolun üstündə su içəcək və yolundan kənara çıxmayacaqdır. O, Öz missiyasının bir anını belə boş buraxmayacaq və işini bitirməyincə yolundan kənara çıxmayacaqdır.
Məsihimizin bu nümunəsinə uyğun olaraq, Məsihçilər onları Allahın Padşahlığını təbliğ etməkdən heç nəyin yayındırmasına imkan verməməlidirlər. Bizim fəth edən Padşahımız hal-hazırda hökmranlıq edir və zaman keçdikcə, Öz iradəsinə və gücünə əsasən daha çoxlarını Özünə tabe etdirir. Müqəddəs Yazının yanlış bölgü və şərhlərinə imkan verməməliyik ki, bizi Onun yolundan yayındırsın. Həddindən artıq çoxları Skofild və onun ardıcıllarının arxından içmək üçün yollarından kənara çıxıblar. Məsihin buyurduğu, həvarilərin anladığı kimi, Allahın xalqının indiyə qədər aparmağa davam etdiyi kimi döyüşə qayıtmalıyıq.
İngilis dilində: https://www.lambsreign.com/blog/gods-favorite-bible-passage
Joel McDurmon – Fəlsəfə Doktoru, on ildən artıq bir Məsihçi ilahiyyatçısı və yazıçısı kimi çalışmışdır. O, çox saylı kitabların müəllifi və redaktorudur. Bu kitablara “Xristian amerikasında Köləlik problemi”, “Nəzəriyyə və Praktikada Müqəddəs Kitaba aid Məntiq”, “Sevginin Hüdudları: Allahın Azadlıq Qanunlarına Giriş”. Joel həyat yoldaşı və beş uşağı ilə Corciya ştatının Atlanta şəhəri yaxınlığında yaşayır.
Qeyd
↑1 | Bir çox ingilis dili tərcümələrində “üzərində” deyil, “arasında” sözü işlənir. |
---|---|
↑2 | dispensasionalizm – (ingilis dilində dispensation — paylanma, dövr) Məsihçilikdə Allahın Vəhyinin bəşəriyyətin Allahla xüsusi razılaşdırılmış münasibətlərinin aid edildiyi dövrlərə bölündüyünü və həmin dövrlərin də ardıcıl olaraq ayırd edildiyi tarixi bir proses kimi şərh olunan teoloji fikirlərin ümumiliyini nəzərdə tutur. |
↑3 | premillenializm – İsanın minillik padşahlıqdan öncə yer üzünə qayıdıb, Öz Padşahlığını fiziki olaraq quracağına inanan dünya görüşü |
↑4 | C. I. Scofield, The Scofield Reference Bible (New York: Oxford University Press, 1945), 645–5n1. |
↑5 | Craig Blaising and Darrell L. Bock, Progressive Dispensationalism (BridgePoint, 1993), 178, 312n. |
↑6 | Cenevrə Müqəddəs Kitabı – 1560-ci ildə Cenevrədə sürgündə yaşayan ingilis protestantları tərəfindən qədim ibrani, arami və yunan dilindən ingilis dilinə tərcümə edilmiş Müqəddəs Kitab. |