Müasir Almaniyanın düz mərkəzində, Hesse əyalətində cəmi 15 min əhalisi olan kiçik təvazökar bir şəhər yerləşir. Həmin şəhərin ortasında 12-14-cü əsrlərdə qırmızımtıl daşlardan tikilmiş heyrətamiz qədim kilsə kafedralı ucalır. Bu kafedralın qarşısında əlində nəhəng sakson baltası ilə yeni kəsilmiş palıd kötüyünün üzərində durmuş, əynində rahib paltarı olan bir adamın heykəli var.
Bu təvazökar şəhər qədimdə Qezmer adlanan Fritzlardır. Bu şəhər Almaniyada iki başlanğıcın ana vətəni kimi tanınır: Almaniyanın məsihçiləşdirilməsi buradan başlamışdır və Almaniya imperiyası siyasi bir varlıq olaraq məhz burada doğulmuşdur. Heykəl isə, Almaniya və Niderlandın himayədarı müqəddəs Bonifase kimi də tanınan Anqlo-sakson rahibi və missioneri Uinfritin heykəlidir. Kötük isə ən böyük alman tanrısı Tor Palıdının qalıqlarıdır. Tor Palıdı o vaxtın ən bütpərəst almanlar olan yerli Hessi qəbiləsinin bütpərəst dininin mərkəzi idi.
723-cü ildə müqəddəs Bonifase Türingiyaya gedərkən yolüstü Qezmerdə dayandı. Bundan əvvəl o, beş il ərzində Friziya, Hesse və Türingiyada missionerlik etmişdi və məhdud uğur qazanmışdı. Onun bioqrafiyasını yazan Uallibaldın dediyinə görə, təəssüf ki, iman gətirən almanlar heç vaxt inanclarında davamlı olmurdular; sözdə Məsihə xidmət etsələr də, gizlicə öz bütpərəst ənənələrinə geri dönürdülər, öz bütpərəst allahlarına qurbanlar təqdim edirdilər, falçılıq və cadugərliklə məşğul olurdular və s.
Bonifase bu problemi birdəfəlik həll etmək qərarına gələrək onların bütpərəst dininin tam mərkəzinə hücum etdi. Bir səhər o, əlinə balta alıb, ətrafı bütpərəstlərlə dolu olan Tor Palıdının yanına getdi, adamlar onu lənətləyirdilər və tanrıların bu işə müdaxilə edəcəyini və onu öldürəcəyini gözləyirdilər. O, Tora qarşı əlini qaldırdı və ilk zərbəni endirdi. Uallibaldın sözlərinə görə, elə o an güclü bir külək qopdu və qədim palıd ağacını yerə yıxdı. Torun öz qədim müqəddəs ağacını qoruya bilmədiyini və Bonifaseni öldürmədiyini görən hesselilər Məsihə iman etdilər. Bu hadisə Almaniyanın məsihçiləşdirilməsinin başlanğıcı hesab edilir.
Hessedən xəbər yayıldə və digər alman tayfalar da məsihçiliyi qəbul etdilər. Bonifase bir çox yerlərə gedib bütpərəstlərin məbədlərini və yüksək yerlərini dağıdırdı və bununla dirilmiş Məsihin qana susamış alman tanrılarından daha üstün olduğunu sübut edirdi. 754-cü ildə bir qrup friziyalı bütpərəst döyüşçü tərəfindən qətlə yetirilənədək, Bonifase bütün Almaniyanın arxiyepiskopu və mitropoliti olub, özünün qurduğu bir neçə yepiskopluğa və digər missioner ərazilərinə rəhbərlik etmişdi və bu müddətdə saksonlar və friziyalılardan başqa bütün alman tayfaları Məsihə iman etmişdilər.
Bonifaseni nə məcbur etdi ki, özünü hesseli bütpərəstlərin qəzəbinə məruz qoysun və dinlərinin başlıca məbədini dağıdaraq onlar tərəfindən öldürülmək riskinə girsin?
Görünür, Bonifase uğursuzluqla keçən ilk beş ildən dərs çıxarmışdı: bir missioner nə qədər insanı şəxsən imana gətirə bilsə də, əgər o mədəniyyətin mərkəzi bütünə qarşı çıxmasa, yeni imana gəlmişlər uzaqlaşacaqlar və bütpərəstliyə geri dönəcəklər. Hər bir bütpərəst mədəniyyətinin mərkəzi bütü və ya bütləri var. Bu mərkəzi büt hər bir münasibəti, hər bir əməli, hər bir qurumu, hər bir sözü və cümləni, hər bir qanuni hüququ, hər bir elm və təhsil standartını təyin edir və müəyyənləşdirir. Yeni imana gələnlər Məsihə imanlarını etiraf etsələr də, hər bir münasibəti və əməli aid olduqları cəmiyyətin mərkəzi bütünə uyğun olaraq müəyyənləşdirmək məcburiyyətindədirlər. Bu da onların başlıca savaşıdır, imandan döndərən başlıca büdrəmə daşıdır. Məsihə iman etmək və mərkəzi bütün cəmiyyət üçün təyin etdiyi praktikaya uyğun yaşamaq arasındakı təzad yeni imana gələnlər üçün ən böyük mübarizədir.
Odur ki, mədəniyyətin mərkəzi bütünə qarşı çıxmaq üçün əlindən gələni etməyən bir missioner həqiqi imanlılar deyil, gələcəyin dönüklərini yaradır. Bonifase bunu öz acı təcrübəsindən öyrənmişdi. Ona görə də o, öz strategiyasını dəyişdirdi. O, artıq almanların ayrı-ayrı fərdlərinin missioneri deyildi, bütöv Almaniyanın missioneri idi. O, Almaniyanın mərkəzi bütünə meydan oxudu. Öz ruhani övladlarını dönüklükdən qorumaq üçün başlıca rəqiblə – Torun özü ilə mübarizə aparmalı oldu. Bir-bir kiçik budaqları qırmaq əvəzinə, alman bütpərəst mədəniyyətinin düz kökünə baltasını sapladı. Bunun nəticəsində bütöv qəbilələr Məsihə iman etdilər.
Bu vacib prinsipi ilk anlayan Bonifase deyildi. Lukanın Həvarilərin İşlərində yazdığı kimi, ilk imanlılar cəmiyyəti təkcə yeni imanlıların şəxsi əxlaqının və şəxsi dini həyatının düzəlməsinin qayğısına qalmırdı. İlk imanlılar cəmiyyətinin təqib edilməsinin səbəbi nə Məsihə ibadət edən insanlar yetişdirməsi, nə də üzvlərinin fərdi əxlaqi təmizliyi deyildi. Məhz “İsa adlı başqa bir padşah var” kimi cəsarətli və güzəştə getməyən bəyanat sayəsində məsihçilər şirlərə yedirilmək və imperatorların ziyafətlərində yanan canlı məşəl olmaq imtiyazını qazandılar.
Məsihçi Müjdəsi, İsa Məsihin padşahların Padşahı və ağaların Ağası olduğunu bəyan edərkən xüsusilə o cəmiyyətin əsas bütünə – İmperatora pərəstişkarlığa qarşı yönəlmişdi. Yalnız ictimai nizamın mərkəzi doqmasına – yaxud bütünə qarşı bu cür əhatəli çağırış kontekstində, bir fərd öz gündəlik praktiki həyatında Rəbbinə və Xilaskarına sadiq qalmaq üçün lazımi emosional yanacağı və gücü tapa bilər. Yalnız mövcud mədəniyyətin hakim dünya görüşünə qarşı əhatəli dünya görüşü kontekstində, imanlı bir insan onu əhatə edən belə bir pis sivilizasiya parodiyasına qarşı alternativ bir sivilizasiya kimi Allahın Padşahlığında öz yerini tapa bilər.
Bir məsihçinin dindarlığı yalnız öz canını xilas etməkdən ibarətdirsə, amma müasir bütlərə qarşı çıxmaq üçün öz mədəniyyətində islahat aparmağı bacarmırsa, o, ikili həyat sürən bir məsihçidir: onun ruhu Allaha xidmət edəcəkdir, amma bədəni, düşüncəsi, işi və münasibətləri bütlərə xidmət edəcəkdir. Nəhayət, əgər o, bu boşluğu aradan qaldıracaq biliklə silahlanmasa, ruhunun da ağlının, bədəninin, pulunun, işinin və münasibətlərinin ardınca getməsi ilə şiddətli sınanacaq və o, bütlərə təslim olacaq.
Müqəddəs Bonifasenin missionerlik sahəsindəki ilk beş ilindən sonra onun ruhani övladlarının aqibəti məhz belə oldu. O, bundan ibrət dərsi çıxardı və bu dərsə uyğun hərəkət etdi.
Bu gün missionerlərin az bir qismi ölkə xaricindəki missiyaların bu vacib həqiqətini başa düşür. Bu günki missiyalar – millətlərə ünvanlanmış hərtərəfli missiyalar deyil. Onlar sadəcə “canları xilas etmək” üçün nəzərdə tutulublar. Öz missionerlərinə bir mədəniyyətin mərkəzi bütlərini müəyyən etməyi və ya onlara qarşı savaşmağı öyrədən və ya təşviq edən hər hansı bir missioner təşkilatı tapmaqda çətinlik çəkərsiniz. Bir mədəniyyətin bütlərinə nə vaxtsa qarşı çıxmış dəyərli missionerlərin sayı çox azdır. Əksəriyyətinin diqqəti yalnız “canı xilas etmək” mantrası üzərində cəmləşib. Guya insanın canını onun mədəniyyətindən, başqaları ilə münasibətlərindən, mədəniyyətinin hüquqi, iqtisadi və siyasi reallıqlarından ayırmaq mümkündür.
Müasir cəmiyyətlərin öz müqəddəs palıdları var. Cəmiyyət nə qədər inkişaf və tərəqqi etmiş olarsa, onun bütləri də bir o qədər təkmil və nöqsansız olar, insanların ruhuna da daha məharət və hiyləgərliklə hökm edərlər. Avropa, Latın Amerikası və ya Şərqi Asiya, hətta Birləşmiş Ştatlar kimi cəmiyyətlərin artıq rəsmi müqəddəs ziyarətgahları yoxdur. Onları daha təkmil bir bütlə əvəz ediblər: firavanlıq dövləti bütü ilə. Onun müqəddəs palıd ağacları, gözlə görünən və maddi məbədləri, rəsmi qurban təqdimləri, falı və ya cadusu yoxdur. Amma onun öz gözəgörünməz qurbanları və məbədləri var. Özünü “ağılla düşünən” və ya “elmə əsaslanan” kimi qələmə verən bütöv mədəniyyətlər tarixdəki bütün bütlərin ən ağlasığmazının toruna düşüblər. Bu bütün insanların düşüncəsi üzərindəki hakimiyyəti o qədər güclüdür ki, bu cəmiyyətlərdə ona qarşı heç bir müxalifət yoxdur. Hətta bu sosialist firavanlıq dövləti verdiyi vədlərdən bircəciyini də yerinə yetirmək iqtidarında olmadığını sübut etsə belə, bu cəmiyyətlərdəki kişilər və qadınlar öz inam və ümidlərini bu bütə bağlamağa davam edirlər, inanclarının yanlış yöndə və aldadıcı olduğunu bir an belə düşünmürlər.
Buna rəğmən cəmiyyətlərin bu mərkəzi bütünə qarşı çıxan missionerləri nadir hallarda görürük. Təəccüblü deyil ki, bu bütün cəmiyyətə ən güclü şəkildə hökm etdiyi Avropanı “missionerlərin məzarlığı” hesab edirlər. Burada missionerlər gələr və təbliğ edərdilər, imanlılar cəmiyyətlərinin təməlini qoyar, canları imana gətirər və müntəzəm xidmətlər təşkil edərdilər. Onlar evlərinə döndükdən sonra bu imanlılar cəmiyyətlərinin dağılması üçün cəmi bir-iki il bəs edirdi. Bu da təəccüblü deyil: yeni imana gəlmiş biri bazar günü səhər Məsihə ibadət edir, amma bazar ertəsi səhərdən şənbə günü axşama qədər o, qüdrətli firavanlıq dövlətinin bütü tərəfindən formalaşır, təyin olunur və idarə edilir. Missioner isə adətən susur və bu mərkəzi bütə heç vaxt qarşı çıxmır, ona görə də yeni imanlının nə ideologiyası, nə dünya görüşü, nə də alternativi olur, bu idarəetməyə qarşı çıxmaq üçün əlində heç bir vasitə qalmır.
Nəhayət, müqəddəs Bonifase başa düşdü ki, bazar ertəsinin tanrısı üstünlüyü ələ keçirir, bazar səhərinin allahı isə yalnız içi boş dini qabıq olaraq qalır. Öz imanını qüdrətli bütdən müdafiə etmək üçün heç bir vasitəsi olmayan imanlı insan əvvəl-axır təslim olacaq. Hər hansı bir mədəniyyətdəki minlərlə missioner çəkdikləri ciddi zəhmətin bəhrələrinin məhv olduğunu görəndə o mədəniyyəti “missionerlərin məzarlığı” adlandırırlar.
Ancaq bu cür təsvir yanlışdır. Heç bir mədəniyyət “missionerlərin məzarlığı” deyil. Təqsir missionerlərin özündədir. Həqiqət isə budur ki, onlar əsl missioner işini heç başlamayıblar. Bir missioner öz baltasını mədəniyyətin müqəddəs palıdının kökünə vurmayıbsa, o, missioner deyil. Nə qədər ki mədəniyyətin mərkəzi bütlərinə qarşı çıxmayıb, o, missioner deyil. Bir fərdin mövcud olduğu cəmiyyətə deyil, fərdin özünə ünvanlanan missiya faydasız məşğuliyyətdir. Yalnız İsa Məsihi, bütün hökmdarlar və hakimiyyətlər də daxil olmaqla, hər şeyin Rəbbi elan edən bir müjdə, hərtərəfli bir çağırış millətləri Məsih üçün qazana bilər.
Bu, müasir missionerlərin mənimsəməli olduğu bir dərsdir.
Müqəddəs Bonifasenin bütpərəst allahlarının məbədlərini dağıtmaq strategiyası ona həyatı bahasına başa gəlmişdi. Tor Palıdı kəsildikdən otuz il sonra yaşlı arxiyepiskop friziyalı bütpərəslərin hücumuna məruz qaldı. O, bu hadisədən bir neçə gün əvvəl onların məbədini dağıtmışdı. Onun bioqrafı iddia edir ki, onlara yalnız onun sandıqlarda apardığı xəzinələr lazım idi. Halbuki, sandıqları açanda təkcə onun özü ilə daşıdığı kitabları tapdılar.
Kitabları və missiyaları isə başqa bir məqaləyə saxlayaq.
İngilis dilində: http://web.archive.org/web/20120725042424/http://americanvision.org/664/missionaries-of-ax/
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/