İyirmi il bundan əvvəl mən Şərqi Avropada Amerika İslahatçı Missioneri tərəfindən təşkil olunmuş “Ruhani bir insan necə olur” mövzusuna aid bir mühazirədə iştirak etmişdim. R. C. Raşduninin Cəmiyyətdə müasir nitqi təsvir edən bu mühazirəsi tipik “şişirdilmiş möminliyə” bənzəyirdi. Həmin missioner ruhaniliyin izahını sadə əxlaq qaydalarına və hisslərə qıdır cılızlaşdırırdı. Yadımdadır ki, onun bəzi fikirləri tamamilə qəribə, bəziləri isə hətta okkultizm[1]okkultizm – gizli məlumatlar mənasını verən okkultizm latın sözü olub “gizləmək”, “saxlamaq” mənasını verən occulare sözünün kökündən gələn … Continue reading ilə bağlı idi və o ruhaniliyi bir növ müasir asketizm[2]asketizm – (yun. askeo – cəhd edirəm) əxlaqi və yaxud dini ideala çatmaq məqsədi ilə yer üzərindəki nemətlərdən son dərəcə imtina edilməsi ilə səciyyələnən davranış … Continue reading kimi göstərirdi. Məncə onun dinləyiciləri buna aldanmadılar, axı, onların hamısı ənənəvi Şərqi Pravoslav ölkəsində yaşayan Protestant imanlılar idi və bütün bu ideyaların hamısının Şərqi Pravoslav rahibliyində necə işlədiyinin şahidi olmuşdular.
Sonda dinləyicilərdən biri bu missionerdən həqiqi ruhanilik haqqında Müqəddəs Kitabdan ayələri qeyd edə bilərmi – deyə xahiş etdi. Missioner bəzi ayələri qeyd etdi, lakin sonradan mən onlara baxanda gördüm ki, əslində heç biri ruhani insanın və ya ruhaniliyin izahını vermir. Təəssüflə qeyd etməliyəm ki, onun həmin ayələr haqqında verdiyi izahı mətnlərin konkret mənasından uzaq idi.
Digər tərəfdən, illər keçdikcə mən Amerikanın İslahatçı Seminariyalarından çıxmış İslah olunmuş missonerlərə etibar etməməyi öyrənmişəm. Onların əksəriyyətinin bir çox məsələlərə eyni pietistik[3]pietistik – məsihçilikdə dualist dünya görüşü, həyatı (səhvən) əsl “ruhani” və təbii / ümumi sahələrə ayıran və əxlaqi yanaşma tərzləri vardır. Əllincilərdən olan bir Bolqar pastor bir dəfə mənim məsləhətimlə Presviterian missioner tərəfindən təşkil olunan konfransda iştirak etdi. Onun konfransdan sonrakı reaksiyası “Presviterianlar da Əllincilər kimidir, sadəcə dillərdə danışmırlar” oldu. Hər nəysə, bu başqa vaxt danışacağımız fərqli bir problemdir.
Həqiqət odur ki, həqiqi ruhaniliyi və həqiqi ruhani insanı təsvir edən Müqəddəs Kitab ayələri var. Həmin ayələrlə bağlı problem odur ki, bu müasir seminariyaların pietist, sadələşdirilmiş əxlaq qaydaları, sensasiyaçı, müəmmalı hekayələrinə uyğun gəlmir.
Həmin ayələr 1 Kor. 2:14-16-cı ayələrdir:
Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır. Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. Axı “Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu? Amma biz Məsihin ağlına malikik.”
Beləliklə, biz burada bizə guya “həqiqi ruhaniliyi” öyrətdiklərini iddia edən müasir müəllim və təbliğçilər tərəfindən tamamilə məhəl qoyulmayan heyrətamiz bəyanatı görürük. Ruhani adam hər şeyi ayırd edir və özü haqqında isə heç kim tərəfindən qərar verilmir. Bu Müqəddəs Kitabda həqiqi ruhani insanın kim olduğunu təsvir edən yeganə ayədir. O araşdırır! O, Məsihin ağlına malikdir, buna görə də, araşdırır. Çünki … Məsih araşdırır. Deməli, Ruhanilik …hər şeydə xeyir və şəri ayırd etmək üçün araşdırma ilə əlaqəlidir!
Amma məsələ bununla bitmir. Növbəti fəslin başlanğıcı, 1 Kor. 3:1-də Paul Korinflilərə belə deyir: “Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim.” Paul, hələ də körpə, qeyri-yetkinsiniz deyir. Bu, ruhani insanın yetkin, həddi-buluğa çatmış insan olması deməkdir. Bəs onda həddi-buluğa çatmış insan olmaq nə deməkdir? İmanda yetkinliyə çatmaq nə deməkdir?
İbranilərə Məktubun müəllifi 5:11-14 ayələrində bizə belə söyləyir:
Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir. Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz. Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir. Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür.”
Burada yenə “ayırd etmək” sözü qeyd olunur. Ruhani insan hər şeyi ayırd edən insandır. Ruhani olmaq qeyri-yetkin və uşaq kimi olmağın əksidir; yetkin olmaq, gözlənildiyi kimi, xeyiri və şəri ayırd etmək deməkdir. Hər bir şeyi. Beləliklə, “ruhani insan”, həmçinin “yetkin insan” hər bir şeydə həm xeyiri, həm də şəri araşdıran və ayırd edən insanı təsvir edir. Ruhani, yetkin bir insanı məhz onun ədalətli qərar çıxarması müəyyənləşdirir. O, xeyir və şər arasındakı fərqi bilən və qarşısına çıxan hər bir şeydə öz duyğularını xeyir və ya şəri ayırd etməyə alışdıran bir insandır.
Lakin ruhani insan Allahın Əhdinə aid edilmiş bir insandır. Heç kim Allahın Əhdinin iştirakçısı olmadığı təqdirdə Müqəddəs Ruha malik ola bilməz, çünki məhz Yeni Əhdin çarmıxı üzərində İsanın qurbanı bizim üçün Müqəddəs Ruhu təmin etdi. Hətta bundan əvvəl belə, insan daim əhdə əsaslanan varlıq olmuşdur və Əhdi-Ətiq dövründə olan ruhani insanlar Allahın Əhdinin xalqı idi.
Bir neçə il bundan əvvəl Minilliyin təbiətinə dair simpozium üçün bir neçə məqalə yazmışdım. Yarandığı gündən insanın əhdə əsaslanan varlıq olduğunu orada qeyd etmişdim. O əhd vasitəsilə, əhd daxilində, əhdə aid yaradılmış və varlığı əhd ilə şərtlənmişdir. Müzakirə iştirakçılarından biri olan pastor və professor etiraz etdi ki, Müqəddəs Kitabda “əhd” sözü ilk 7-8 fəsildə qeyd olunmadığı üçün yaradılışda heç bir “əhd” yox idi. Mən ona yanlış düşündüyünü izah etməli oldum. Çünki Müqəddəs Kitab Yaradılış haqqında danışarkən onun əhd olduğunu açıq-aydın deyir: Yeremya 33:20, 25 “Rəbb belə deyir: “Necə ki gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum…” Huşə 6:7-də Yəhuda və Efrayim haqqında danışılır: “Ancaq onlar Adəm kimi əhdi pozdu…”
İnsan mütləq şəkildə əhdə aiddir: ona görə də, bu onun təbiətinin özəyindədir. Buna görə də ruhani insan Allahın Hökmranlıq Əhdinin, Allahın Lütf və Satın alma Əhdinin insanıdır. Ruhani insan hər şeyi həmin Əhdin meyarlarına əsasən ayırd edir. Ona görə də, əhdə əsaslanan düşüncə əxlaqi qərar çıxaran düşüncədir.
Bu tamamilə xeyirin şər ilə, ədalətin ədalətsizlik ilə, Allaha itaətin Allaha qarşı üsyan ilə, Allaha ibadətin bütlərə ibadət ilə müqayisəsinə bağlı olan düşüncə tərzidir. Əhdə bağlı qalan insan hər şeyi xeyir və şərə aid olduğunu ayırd etmək üçün yüksək əxlaqi standartlara əsasən araşdırır. Bütün digər anlayışlar – gözəllik, praqmatizm, effektivlik, insan qanunvericiliyi, kütlə və ya topluya sədaqət, irs, tarixi davranışlar və durğunluq əhdə bağlı qalan insan üçün ikinci dərəcəlidir. Bütün bunlar – gözəllik, praqmatizm, effektivlik və s. – yalnız xüsusi hallarda, əsas məsələ olan xeyirin şər ilə müqayisəsi üçün yardımçı vasitə kimi vacib ola bilər. Başqa hallarda biz gözəllik, praqmatizm, effektivlik, kütləyə və ya topluya sədaqət, irs və s. düşkünü olmaqdan imtina etməli ola bilərik, çünki Allahın Əhdinin əxlaqi prinsipləri, xeyir və şər məsələləri bunu tələb edir. Bildiyimiz kimi, Şeytan işıq mələyi cildinə girə bilir (2 Kor. 11:14) və Yeşaya 53:2-də İsanı “…nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi” deyə təsvir edir.
Buna görə də, əhdə əsaslanan düşüncə tərzi əxlaqa aid olaraq bütün bu digər anlayışları ya bir kənara qoyur ya da onları aşağıdakı suallar vasitəsilə daim yoxlayır və araşdırır:
Birincisi, bu hansı allaha xidmət edir? Bu Allaha Allah kimi xidmət edir, yoxsa insana və onun insan əli ilə düzəltdiyi allahlara xidmət edir? Görəsən, siyasət və ya elmi nəzəriyyə, yaxud biznes təcrübəsi və s. Ali Yaradan Allahın Müqəddəs Kitaba əsaslanan dünya görüşündənmi irəli gəlir? Yoxsa müstəqil insan və ya müstəqil təbiət, ya da ruhani varlıqlar kütləsi tərəfindən idarə olunan dualist[4]dualism – (lat. dualis – ikili) dünyanın və yaradılışın əsasını iki bir-birindən asılı olmayan başlanğıcların təşkil etdiyini iddia edən dini düşüncə tərzi. Onlar … Continue reading reallıq və ya heç bir şəxslə əlaqəsi olmayan monistik[5]monizm – (yun. monos – vahid) bütün mövcudatın əsasında bir başlanğıcın dayandığını qəbul edən fəlsəfi təlim kainata olan inancdan törəyən dünya görüşündən irəli gəlir?
İkincisi, bunun arxasında hansı növ insani baxışlar durur? Burada insan Allah və Onun Əhdinə bağlı olan varlıq, Allahın yaratdıqları üzərində Allahın təyin etdiyi idarəçisidirmi? Bu həmin insanın Allahın Qanunundan gələn qanunlar çərçivəsində yaratdığı qurumlardırmı? Həm insan, həm də onun yaratdığı qurumlar öz məhdudiyyətlərinə və insanın günaha düşdüyü vəziyyətinə diqqət yetirirlərmi və buna görə də, Məsihin xilasetmə əməlinin tələblərinə tabe olmağa can atırlarmı? Yoxsa bunun arxasında qürurlu və müstəqil olan, insanlar üzərində ilahi statusu və qəddar səlahiyyətə iddia edən insan durur?
Üçüncüsü, buraya hansı əxlaqi normalar tətbiq olunub? Bu həyatın və əməlin hər bir sahəsinə tətbiq olunmuş Allahın təbiəti olan Allahın Qanunudurmu? Yoxsa bu insanlığın Allahdan kənar, müstəqil şəkildə xeyir və şəri müəyyən etməyə cəhd edən, Allahın Qanununa rişxənd edən insani qanunlardır?
Dördüncüsü, mükafatlandırılan və cəzalandırılan kimdir? Hansı əxlaqi əməllər artmalı və böyüməlidir, hansılarının isə qarşısı alınmalı və dayandırılmalıdır?
Nəhayət, beşincisi, biz tarixdə Allahın nə etməsini gözləyirik? Tarixdə gələcək kimə məxsusdur? O, əhdi pozanlara aiddir, yoxsa 1 Kor. 3:21-22-də “… dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir” deyildiyi kimi Allahın xalqına aiddir?
Bunlar ruhani insanın, yetkin şəxsin, əhdə əsasən düşünən kəsin verdiyi suallardır. Eləcə də, əksinə, bütlər bizim düşüncəmizi bu əxlaqi suallardan uzaqlaşdıran cismlər, ruhlar və ideologiyalardır. Bu şeylər bizim beynimizi xeyir və şər, salehlik və günahkarlıq, ədalət və haqsızlıqla heç bir əlaqəsi olmayan suallarla məşğul etmək üçündür. Bu cür şeylər dünyanı gözəllik və ahənglik kimi məsələlər səviyyəsinə cılızlaşdıran cism və ruhlardır, məsələn, bu Hollivud tərzi və ya Rəbbin Cəmiyyətində liturgiyada[6]liturgiya – (yun. leitourgiya – «xidmət», «ümumi iş») tarixi cəmiyyətlərdə, Rəbbin süfrəsinin və digər ənənələrin yerinə yetirilməsi ilə məsihçi ibadəti. Bu gün bəzi … Continue reading ənənəvi atributlardır. Yaxud siyasətin bu gün dolu olduğu praqmatizm və effektivlik məsələləri səviyyəsinə kiçildir. Yaxud da, insan qanunvericiliyi və rəsmiyyətçilik məsələlərinə cılızlaşdırır. (Polisin təqsiri olmayan silahsız zərərsiz bir insana atəş açmasının prosessual hüquqi rəsmi səbəbi olduğu üçün kiminsə təqsirsiz insanın polislər tərəfindən öldürülməsinə bəraət verdiyini eşitmisinizmi? Polis işçisi özünü təhlükəsiz hiss etməmişdi və s. kimi?) Yaxud bir kütlə və ya topluya sədaqət məsələsi: istər iqtisadi qrup olsun (Marksizm), istər genetik qrup (rasizm), istərsə də, mədəniyyət qrupu (biz amerikalılar digər hamıya qarşı). Ya da sensasionalist okkult gözləntiləri məsələlərinə (vəhşi heyvana məxsus ədədin mikroçip şəklində olması kimi). Və sair və ilaxır. Sizin fikrinizi Müqəddəs Kitabın aydın göstərdiyi əxlaq məsələlərindən uzaqlaşdırmağa çalışan hər bir şey, hər ruh, hər ideologiya: Allaha ibadət, Allahın qurduğu nizamı, Allahın əxlaqi qaydaları, Allahın əhddən törəyən cəza tədbirləri və tarixdə Məsihin Müjdəsinin qələbəsi kimi hər bir şey, hər ruh, hər ideologiya yetkin, əhdə bağlı qalan insanın rədd və tənqid etməli olduğu bütlərdir.
Biz hər şeyi – ilahiyyat elmləri, kitablar, dünya hadisələri, siyasətləri, elmi və texnoloji inkişafları, məhkəmə hökmləri, iqtisadi və işgüzar fəaliyyətləri bunun əsasında qiymətləndirməliyik. Etdiyimiz hər bir işdə bütpərəstlər kimi deyil, əhdə əsasən düşünmək; həyatımız və yaşayışımızın bütün tərəfləri üçün əhdə əsaslanan, əxlaqi təməl qoymaq. Allahın lütfü ilə biz bunu edəcəyik.
Sizə bu həftə oxumaq üçün məsləhət görəcəyim kitab Herbert Şlossberqin Dağıdılmalı Bütlər (Idols for Destruction) kitabıdır. Bu heyrətamiz kitabdır və əgər sizin pastorunuz bu kitabı oxumayıbsa, onu buna məcbur etməyiniz məsləhətdir. Əgər o, imtina edərsə, öz pastorunuz kimi başqa birisini axtarın. Kitab bizi bu gün cəmiyyətimizdə əhddən törəyən mədəniyyət və Allaha xidmətdən kənarlaşdıran bütün bu bütlər haqqında çox təfərrüatlı məlumat verəcəkdir. Kitabı oxuyarkən hətta təəccüblənəcəksiniz ki, onlardan bəzilərini hələ də sizin ürəyinizdə yer tutur.
“Axe to the Root” (Kökə çalınan balta) radio verilişinin 1-ci hissəsindən tərcümə olunmuş transkript.
Baxın: https://www.reconstructionistradio.com/podcasts/axe-to-the-root/covenantal-thinking/
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/
Qeyd
↑1 | okkultizm – gizli məlumatlar mənasını verən okkultizm latın sözü olub “gizləmək”, “saxlamaq” mənasını verən occulare sözünün kökündən gələn “okkultus” (gizli) sözündən götürülərək, keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir. |
---|---|
↑2 | asketizm – (yun. askeo – cəhd edirəm) əxlaqi və yaxud dini ideala çatmaq məqsədi ilə yer üzərindəki nemətlərdən son dərəcə imtina edilməsi ilə səciyyələnən davranış prinsipi və həyat tərzi. |
↑3 | pietistik – məsihçilikdə dualist dünya görüşü, həyatı (səhvən) əsl “ruhani” və təbii / ümumi sahələrə ayıran |
↑4 | dualism – (lat. dualis – ikili) dünyanın və yaradılışın əsasını iki bir-birindən asılı olmayan başlanğıcların təşkil etdiyini iddia edən dini düşüncə tərzi. Onlar əməkdaşlıq, bir-birini tamamlayan və ya bir-birinə düşmən kimi anlaşıla bilər. |
↑5 | monizm – (yun. monos – vahid) bütün mövcudatın əsasında bir başlanğıcın dayandığını qəbul edən fəlsəfi təlim |
↑6 | liturgiya – (yun. leitourgiya – «xidmət», «ümumi iş») tarixi cəmiyyətlərdə, Rəbbin süfrəsinin və digər ənənələrin yerinə yetirilməsi ilə məsihçi ibadəti. Bu gün bəzi məsihçilər ibadətin ənənəvi atributlarına, məhz Bazar günü ibadətlərinin keçirilməsi strukturuna həddindən artıq çox diqqət yetirir. |