Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun” (1 Saloniklilərə 5:21).
Elə bir zəmanədə yaşayırsınız ki, gözünüzün qarşısındakı mətn birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu mətndəki həqiqətlər isə xüsusilə bu çağın həqiqətləridir. Diqqətinizi bir neçə dəqiqəlik mənə ayırsanız, nə demək istədiyimi sizə göstərməyə çalışacağam.
Protestant İslahatı savaşında qalib gələn üç ən böyük doktrina və ya prinsip var idi:
- birincisi, Müqəddəs Kitabın kafiliyi və aliliyi
- ikincisi, şəxsi mühakimə hüququ
- üçüncüsü, qanunun əməlləri ilə deyil, yalnızca imanla bəraət almaq.
Bu üç prinsip islahatçılarla Roma kilsəsi arasındakı bütün fikir ayrılığının açarı idi. Roma kilsəsi ilə mübahisə edərkən bu prinsiplərdən möhkəm yapışın, onda mövqeyiniz sarsılmaz olacaq; Roma kilsəsinin sizə qarşı hazırlaya biləcəyi heç bir silah uğur qazanmayacaq. Onlardan hər hansı birindən imtina etsəniz, məsələni uduzmuş olacaqsınız. Saçları kəsilmiş Şimşon kimi gücünüzü itirəcəksiniz. Fermopildə xəyanətə uğramış spartalılar kimi sizə də cinahlardan hücum edib, mühasirəyə almış olacaqlar. Artıq yerinizi qoruya bilməyəcəksiniz. Müqavimət göstərməyin faydası yoxdur. Gec-tez silahlarınızı yerə qoymalı və öz istəyinizlə təslim olmalı olacaqsınız. Bunu unutmayın.
Bir kərə daha Roma-Katolik mübahisəsi ilə qarşı-qarşıyasınız. Əgər imanınızın sarsılmasını istəmirsinizsə, köhnə zirehi yenidən geyinməlisiniz. Müqəddəs Kitabın kafiliyi, şəxsi mühakimə hüququ, yalnız imanla bəraət almaq – bu üç böyük prinsipi hər zaman rəhbər tutmalısınız. Onları möhkəm tutun və heç vaxt buraxmayın. Əziz oxucu, mənə elə gəlir ki, haqqında bəhs etdiyim bu üç böyük prinsipdən biri bu bölümün başlığında verilmiş Müqəddəs Kitab ayəsində görünür – şəxsi mühakimə hüququnu nəzərdə tuturam. Sizə bu prinsip haqqında bir neçə söz demək istəyirəm.
Müqəddəs Ruh Paulun dilindən bu sözləri bizə ünvanlayır: “Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun”. Bu sözlərdə iki böyük həqiqət gizlənir:
-
- Şəxsi mühakimə hüququ, vəzifəsi və zəruriyyəti. “Hər şeyi sınaqdan keçirin”.
- Həqiqətdən möhkəm tutmaq vəzifəsi və zəruriyyəti. “Yaxşı olandan möhkəm tutun”.
Bu iki başlıq üzərində bir qədər dayanmağı təklif edirəm.
İcazə verin əvvəlcə şəxsi mühakimə hüququ, vəzifəsi və zəruriyyəti haqqında danışım.
“Hər şeyi sınaqdan keçirin”. Şəxsi mühakimə hüququndan bəhs edərkən demək istəyirəm ki, hər bir fərdi məsihçi dini həqiqət adı ilə önünə qoyulan düşüncənin Allahın həqiqəti olub-olmadığına Allahın Kəlamı əsasında qərar vermək hüququna sahibdir. Şəxsi mühakimə vəzifəsindən danışarkən nəzərdə tuturam ki, Allah hər bir məsihçinin az öncə bəhs etdiyim hüquqdan istifadə etməsini – insan sözünü və insan yazılarını Allahın vəhyi ilə müqayisə etmələrini və aldanmamaq və yalançı təlimlərin toruna düşməmək üçün diqqətli olmalarını istəyir. Şəxsi mühakimə zəruriyyətindən bəhs edərkən isə demək istəyirəm ki, öz canını sevən və aldanmaq istəməyən hər bir məsihçinin bu hüquqdan istifadə etməsi və bəhs etdiyim vəzifəni yerinə yetirməsi zəruridir; çünki təcrübə göstərir ki, şəxsi mühakiməyə etinasız yanaşmaq həmişə Məsihin İmanlılar Cəmiyyətində böyük pisliklərə səbəb olub!
Həvari Paul “Hər şeyi sınaqdan keçirin” kimi əlamətdar sözlərdən istifadə edərkən hər üç məqamı diqqətinizə çatdırır. Həmin ifadəyə xüsusi diqqət yetirməyinizi xahiş edirəm. Bu sözlər hər baxımdan samballı və ibrətamizdir. Xatırlayırsınızsa, burada Paul məktubunu saloniklilərə, əsasını özünün qoyduğu imanlılar cəmiyyətinə yazır. Rəbbdən ilham almış Həvari bu sözləri gənc və təcrübəsiz məsihçilərə, həm adi imanlıların, həm də din xadimlərinin yaşadığı müəyyən bir şəhərdə peyğəmbərlik sözlərini təbliğ edən bütöv İmanlılar cəmiyyətinə ünvanlayır və doktrina və təbliğ məsələlərinə xüsusilə istinad edir. Bunu bir öncəki ayədən də bilirik: “Peyğəmbərlik sözlərinə xor baxmayın”. Bununla belə onun nə dediyinə diqqət yetirin: “Hər şeyi sınaqdan keçirin”. O, “Həvarilər, müjdəçilər, pastorlar və müəllimlər sizə nə desəıər, rəhbərləriniz, xidmətçiləriniz nə söyləsələr, hamısı həqiqətdir və siz buna inanmalısınız” demir. Xeyr! O deyir ki, “Hər şeyi sınaqdan keçirin”. O, “Ümumdünya Kilsəsinin dediyi hər şey həqiqətdir – onu rəhbər tutmalısınız” demir. Xeyr! O deyir ki, “Hər şeyi sınaqdan keçirin”.
Burada qoyulmuş prinsip belədir: “Hər şeyi Allahın Kəlamı ilə sınaqdan keçirin. Bütün xidmətçiləri, bütün təlimləri, bütün təbliğləri, bütün doktrinaları, bütün ayinləri, bütün yazıları, bütün fikirləri, bütün işləri – hər şeyi Allahın Kəlamı ilə sınaqdan keçirin. Hər şeyi Müqəddəs Kitab meyarı ilə ölçün. Hər şeyi Müqəddəs Kitab standartları ilə müqayisə edin. Hər şeyi Müqəddəs Kitab tərəzisi ilə çəkin. Hər şeyə Müqəddəs Kitab işığında baxın. Hər şeyi Müqəddəs Kitab alovunda yoxlayın. Müqəddəs Kitabın alovundan keçə bilənləri qəbul etməli, tutmalı, inanmalı və itaət etməlisiniz. Müqəddəs Kitabın alovundan keçə bilməyənləri isə rədd etməli, imtina etməli, inkar etməli və atmalısınız”.
Əziz oxucu, bu, şəxsi mühakimədir. Öz canınızı sevirsinizsə, bu hüququnuzdan istifadə etməlisiniz. Siz dində olan şeylərə yalnız papa və ya kardinallar, yepiskoplar və ya keşişlər, presviterlər və ya diakonlar, kilsələr, şuralar və ya sinodlar, atalar, puritanlar və ya islahatçılar tərəfindən deyildiyi üçün inanmamalısınız. “Bu və digər şeylər həqiqət olmalıdır, çünki bu adamlar belə deyirlər” deyə mübahisə etməməlisiniz. Belə etmək olmaz. Hər şeyi Allahın Kəlamı əsasında sübut etməlisiniz.
Bilirəm, belə bir təlim bəzi adamlar üçün təəccüblü səslənir. Lakin mən bunu bilərək yazıram və inanıram ki, təkzib edilə bilməz. Mən heç kəsi cəhalətdən irəli gələn təkəbbürə və ya hörmətsizliyə təşviq etmək istəmirəm. Müqəddəs Kitabı nadir hallarda oxuyan, amma yenə də xidmətçisinin təbliğlərində kiçik qüsurlar tapmağa çalışan adamı tərifləmirəm. Əhdi-Cədidin bir neçə ayəsindən başqa heç nə bilməyən, amma yenə də ilahiyyatla bağlı Allahın ən müdrik övladlarını çaşdıran sualları həll etməyə can atan adamı tərifləmirəm. Bununla belə, Bilsonun “bütün dinləyicilər həm ayırd etmək azadlığına sahibdirlər, həm də şirnikləndiricilərdən ehtiyat etmək məsuliyyəti daşıyırlar; bunu etməyənlərin isə vay halına” fikri ilə razıyam. Deyvnantla birlikdə mən də deyirəm: “İmanlılar cəmiyyətində öyrətməyi öhdəsinə götürən hər kəsə inanmalı deyilik, bunun əvəzinə diqqətli olmalı və onların təliminin sağlam olub-olmadığını ciddi şəkildə yoxlamalıyıq”.
Əziz oxucu, şəxsi mühakimə haqqında doktrina kimlərinsə xoşuna gəlməyə bilər, lakin onun Allahin Kəlamında daim təbliğ edildiyinə heç bir şübhə yoxdur. Bu, Yeşayanın kitabının səkkizinci fəslinin 19-cu ayəsində verilən prinsipdir. Yadınızdadırsa, bu sözlərin yazıldığı dövrdə Allah Öz İmanlılar cəmiyyətinin daha çox bilavasitə Padşahı idi və onunla indikindən daha çox birbaşa ünsiyyətdə olurdu. Bu sözlərin yazıldığı dövrdə yer üzündə Allahda birbaşa vəhy alan insanlar yaşayırdı. Amma bəs Yeşaya nə deyir? “Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq”. Əgər burada şəxsi mühakimədən söz getmirsə, onda nədən gedir?
Bu, eyni zamanda Rəbbimiz İsa Məsihin Dağüstü vəzində əsasını qoyduğu prinsipdir. Onun sözlərini yadınıza salın: “Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar” (Mat. 7:15). Əgər insanlar bu yalançı peyğəmbərlərin bəhrələrini öz şəxsi mühakimələrindən keçirməsələr, onları necə tanıya bilərlər?
Bu, Həvarilərin İşlərində haqqında oxuduğunuz veriyalıların təriflədiyi bir təcrübədir. Paul onlara təbliğ etməyə gələndə, onun sözlərinə dərhal imanla qəbul etmədilər. Onların hər gün Müqəddəs Yazıları araşdırdığını, Paulun söylədikləri “düzgün təlimdirmi” deyə yoxladıqlarını oxuyursunuz. “Beləliklə onların arasından xeyli adam iman etdi” deyilir (Həv. İş. 17:11, 12). Yenə də, bu, şəxsi mühakimə deyilsə, bəs nədir?
“Allahın xalqı həqiqəti sınaqdan keçirməyə, həqiqətlə yalan, işıqla qaranlıq arasında mühakimə etməyə çağırılmışdır. Allah onlara Müqəddəs Ruhu vəd etmiş və Öz Kəlamını vermişdir. Veriyadakı məsihçilər Paulun təbliğini eşidəndə hər gün Müqəddəs Yazıları araşdırdılar ki, onun öyrətdiklərinin həqiqət olduğuna əmin olsunlar. Siz də belə etməlisiniz. Təlimatlara diqqət yetirin, amma Allahın Kəlamının sağlam doktrinası olduğuna dair sübutu olmayan və sınaqdan keçirilməyən heç bir təlimi qəbul etməyin” deyir Cuel.
1 Kor. 10:15-də verilmiş məsləhətin məğzi elə bundadır: “Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın”. Kolosselilərə 2:8: “Fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin”. 1 Yəyha 4:1: “Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin”. 2 Yəhya 10: “Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul etməyin”. Əgər yuxarıda qeyd etdiyim hissələr şəxsi mühakimədən istifadə etməyi tövsiyə etmirsə, ondan mən onların nə məna kəsb etdiyini bilmirəm. Mənim fikrimcə, onlar hər bir məsihçiyə fərdi şəkildə xitab edir: “Hər şeyi sınaqdan keçirin”.
Əziz oxucu, adamlar şəxsi mühakimənin əleyhinə nə deyirlərsə-desinlər, öz canınız üçün böyük təhlükə yaratmadan ona laqeyd qalmağın mümkün olmadığına əmin ola bilərsiniz. Şəxsi mühakimədən xoşunuz gəlməyə bilər, lakin ondan istifadə etməkdən imtinanın nələrə yol açacağını bilmirsiniz! Allahin sizdən tələb etdiyini yerinə yetirməsəniz və “hər şeyi sınaqdan keçirməsəniz”, yalan təlimlərin necə dərinliklərinə düşə biləcəyinizi heç kim deyə bilməz.
Fərz edək ki, şəxsi mühakimədən ehtiyat edərək, İmanlılar cəmiyyətinin inandığı hər şeyə inanmağa qərar vermisiniz. Yanlışlara qarşı müdafiəniz haradadır? İmanlılar cəmiyyəti qüsursuz deyil. Bir vaxtlar demək olar ki, bütün məsihçi dünyası Arian bidətini qəbul etmişdi və Rəbb İsa Məsihin hər şeydə Ataya bərabər olduğunu qəbul etmirdi. İslahatdan əvvəl bir vaxt var idi ki, Avropanın üz qarası hiss oluna bilən bir qaralıq idi. İmanlılar Cəmiyyətinin Ali Şuraları qüsursuz deyillər. Bütün İmanlılar cəmiyyəti Ali Şurada toplaşdığı zaman İyirmi Birinci Maddəmiz nə deyir? “Onlar yanıla bilərlər və bəzən hətta Allahla bağlı məsələlərdə də yanılıblar. Ona görə də xilas üçün zəruri saydıqları şeylərin, Müqəddəs Yazılardan alındığı bəyan etməyincəyədək, nə bir gücü, nə də bir səlahiyyəti var”.
İmanlılar cəmiyyətinin ayrı-ayrı qolları da qüsursuz deyillər. Onlardan hər hansı biri səhv edə bilər. Bir çoxları dəhşətli bir şəkildə yıxılıb və silinib gediblər. Efes kilsəsi bu gün haradadır? Sardik kilsəsi indi haradadır? Afrikadakı Begemot kilsəsi haradadır? Karfagen kilsəsi haradadır? Hamısı itib getdi! Onların heç izi də qalmayıb! Elə isə sırf İmanlılar cəmiyyəti səhv edir deyə, siz də səhv etməyə razılaşacaqsınızmı? İmanlılar cəmiyyəti ilə birlikdə yanlış yola sapmanız öz canınız üçün daşıdığınız məsuliyyətdən sizi azad edəcəkmi? Ah, əziz oxuyucu, bir adamın təkbaşına qalması və xilas olması, İmanlılar cəmiyyəti ilə birlikdə yanılmasından və məhv olmasından min dəfə yaxşı olardı! “Öz yerimə düşünməyə cəsarət etmirəm” deməkdən və cəhənnəmə getməkdənsə, hər şeyi sübuta yetirmək və cənnətə getmək yaxşı olardı!
Qısacası, fərz edək ki, xidmətçinizin inandığı hər şeyə inanmağa qərar vermisiniz. Onda yenə soruşuram: Bəs təhlükəsizliyiniz haradadır? Müdafiəniz haradadır? Kilsələr kimi, xidmətçilər də qüsursuz deyillər. Heç də hamısı Müqəddəs Ruha sahib deyillər. Ən yaxşıları belə, sadəcə insandırlar. Adımız istər yepiskop, istər kahin, istər diakon və ya başqa bir şey olsun, hamımız sadəcə gildən yaranmış qablarıq. Mən təkcə dəhşətli xürafatlar yayan və iyrənc həyat tərzi sürən papalardan bəhs etmirəm. Daha çox ən yaxşı protestantları hədəf alaraq deyərdim: “Onları qüsursuz hesab etməkdən ehtiyat edin, bir kimsənin (kim olursa olsun) səhvə yol verməyəcini düşünməkdən özünüzü qoruyun!”
Lüter konsubstansiasiya[1]Tərcüməçinin qeydi: Rəbbin Süfrəsi ayininin elementləri (çörək və şərab) ilə birgə/yanında İsa Məsihin də hərfi mənada və cismən iştirakına inanan doktrina tərəfdarı idi – bu, çox ciddi bir səhv idi. İsveçrə islahatçısı Svinqli müharibəyə qatıldı və döyüşdə həlak oldu – bu da çox ciddi bir səhv idi. Cenevrəli islahatçı Kalvin Serveti yandırmağı tövsiyə etdi – çox böyük bir səhv idi. Krenmer və Ridli geyimlərlə bağlı hansısa əhəmiyyətsiz mübahisədən ötrü Huperin həbsə atılmasına israr edirdilər – bu da çox böyük bir səhv idi. Uitqift puritanları təqib edirdi – böyük bir səhv idi. Keçən əsrdə Uesli və Topleydi doktrinalarla bağlı qızğın mübahisə edirdilər – bu da böyük səhv idi. Əgər diqqətə alsanız, bütün bunlar xəbərdarlıqdır. Hamısı yalnız bir şeyi deyir: “İnsana güvənməkdən əl çəkin”. Hamısı bizə göstərir ki, insanın dini Allahın Kəlamından deyil, kimliyindən asılı olmayaraq, xidmətçilərdən asılıdırsa, onda o, sınıq qamışdan asılıdır!
Heç vaxt xidmətçiləri gözünüzdə böyüdüb papalara çevirməyin. Onların ardınca Məsihin ardınca getdiyimiz qədər gedin, bir qarış belə artıq olmasın. Müqəddəs Kitabda sizə göstərə biləcəyimiz şeylərə inanın, ondan artıq bir sözə belə inanmayın. Şəxsi mühakimə vəzifəsinə laqeyd yanaşsanız, Uitbinin söylədiyi həqiqəti öz həyatınız bahasına başa düşəcəksiniz: “Ən yaxşı nəzarətçilər bəzən nöqsanlara yol verirlər”. Rəbbin fariseylərə söylədiyi həqiqəti həyatınızda təcrübədən keçirmək üçün yaşaya bilərsiniz: “Əgər kor koru aparsa, ikisi də çuxura düşər!”
Əziz oxucu, sizi əmin edə bilərəm ki, Paulun nəsihətinə görə davranmayan, “hər şeyi Allahın Kəlamı ilə sınaqdan keçirməyən” heç bir insan səhvə yol verməkdən sığortalanmayıb. Əziz oxucu, öz şəxsi mühakimənizə laqeyd qaldığınız təqdirdə yarana biləcək pislikləri şişirtməyin qeyri-mümkün olduğunu daha əvvəl də söyləmişdim. Daha da irəliyə gedərək deyə bilərəm ki, şəxsi mühakimənin həm dünyaya, həm də İmanlılar cəmiyyətinə gətirdiyi xeyir-duaları şişirtmək qeyri-mümkündür. Elm və fəlsəfədəki ən böyük kəşflərin şəxsi mühakimədən istifadə sayəsində baş verdiyini xatırlamağınızı xahiş edirəm. Qalileyin günəşin yerin ətrafında deyil, yerin günəşin ətrafında fırlandığını kəşf etməsini buna borcluyuq. Kolumbun yeni Amerika qitəsini kəşf etməsini buna borcluyuq. Harveyin qan dövranını kəşf etməsini buna borcluyuq. Cennerin peyvəndi kəşf etməsini buna borcluyuq. Mətbəəni, buxar mühərrikini, elektrikli toxuma dəzgahını, elektrikli teleqrafı, dəmiryollarını və benzini buna borcluyuq. Bütün bu kəşflərə görə sərbəst düşünməyə cəsarət etmiş adamlara borcluyuq. Onlar özlərindən əvvəlkilərin açdığı tapdanmış cığırla getməklə kifayətlənmədilər. Dədə-babalarının inandığı şeylərin mütləq doğru olduğunu düşünmək onları qane etmədi. Onlar özləri üçün təcrübələr apardılar. Qoyulmuş köhnə nəzəriyyələrin doğruluğunu sınaqdan keçirdilər; onların dəyərsiz olduğunu aşkar etdilər. Onlar yeni sistemləri bəyan edirdilər və insanları bu yeni sistemləri araşdırmağa və doğruluğunu yoxlamağa dəvət edirdilər. Onlar təhqir və rişxənd fırtınalarına dözüb dayanırdılar. Köhnə adət-ənənələrin qərəzli həvəskarlarının hay-küyünü çəkinmədən dinləyirdilər. Beləcə, onlar uğurlu oldular və gördükləri işdə müvəffəqiyyət qazandılar. Bunu indi görürük. On doqquzuncu əsrdə yaşayan bizlər onların şəxsi mühakimə yürütmələrinin bəhrəsini görürük.
Bir də, əziz oxucu, elmdə necə baş verirdisə, məsihçi dini tarixində də elə baş verirdi. Öz dövründə təkbaşına mübarizə aparan, öz qanını tökərək bütün dünyaya Məsihin Müjdəsinin toxumlarını yayan əzabkeşlər – bir-birinin ardınca qüdrətlə yüksələn və Roma Kilsəsinə qarşı mübarizə aparan islahatçılar – hamısı məhz Məsihin həqiqətinin nə olduğuna dair öz şəxsi mühakimələrini yürütdüklərinə görə, etdiklərini etdilər, çəkdikləri iztirabları çəkdilər, bəyan etdiklərini bəyan etdilər.
Şəxsi mühakimə Valdenləri, Albigenləri və Lollardları vadar etdi ki, Roma Kilsəsinin doktrinalarına inanmaq yerinə, öz həyatlarını heçə saysınlar. Şəxsi mühakimə Uikliffi vadar etdi ki, bu torpaqlarda Müqəddəs Kitabı araşdırsın, Roma rahiblərini və onların bütün saxtakarlıqlarını pisləsin, Müqəddəs Yazıları lori dilə tərcümə etsin və İslahatın “dan ulduzuna” çevrilsin. Şəxsi mühakimə Lüteri Tetzelin iyrənc indulgensiya[2]Tərcüməçinin qeydi: İndulgensia – (latınca indulgeo) “səbr etmək”, “icazə vermək” — katolik kilsələrində günaha görə müvəqqəti cəzalardan azad olunma sistemini Kəlamın işığında araşdırmağa vadar etdi. Şəxsi mühakimə onu eyni işığı rəhbər tutaraq addım-addım, bir məsələdən digərinə doğru o qədər apardı ki, nəhayət, onunla Roma arasındakı fikir ayrılığı keçilə bilməyəcək bir uçuruma çevrildi və Papanın Almaniyadakı nüfuzu tamamilə sarsıldı. Şəxsi mühakimə bizim öz ingilis islahatçılarımızı vadar etdi ki, özlərinin də içində doğulub böyüdükləri pozğun sistemin həqiqi mahiyyətini özləri araşdırsınlar və suallarına cavab axtarsınlar. Şəxsi mühakimə onları papalığın iyrəncliklərindən imtina etməyə və Müqəddəs Kitabı adi imanlılar arasında yaymağa vadar etdi. Şəxsi mühakimə sayəsində ənənələrin buxovlarını qırdılar və sərbəst düşünməyə cəsarət etdilər. Romanın iddialarını və bəyanatlarını sorğu-sualsız qəbul etməkdən imtina etdilər. Hamısını Müqəddəs Kitabla yoxlayırdılar və Romanın fikirləri bu sınaqdan keçə bilmədiklərinə görə onlar Roma ilə əlaqəni birdəfəlik kəsdilər. İngiltərədə protestantlığın bütün xeyir-dualarını, bu gün zövqlə faydalandığımız hər şeyi şəxsi mühakimədən doğru istifadəyə borcluyuq.
Doğrudan da, əgər şəxsi mühakiməyə hörmətlə yanaşmırıqsa, onda həqiqətən nankor və qədir bilməzik! Əziz oxucu, sizi xəbərdar etmək istəyirəm ki, şəxsi mühakimə hüququndan sui-istifadə etməyin mümkünlüyünü vurğulayan, şəxsi mühakimənin böyük zərər vurduğunu və ondan təhlükəli bir şey kimi uzaq durmaq lazım olduğunu söyləyən geniş yayılmış bəhanəli fikirlərin təsirinə düşməyəsiniz. Bundan daha acınacaqlı bir bəhanə heç vaxt olmamışdı! Bu qədər içi boş bir düşüncə olmamışdı! Şəxsi mühakimədən sui-istifadə edilib! Qoy etiraz edən adam mənə desin ki, Allahın hansı yaxşı ənamından sui-istiadə edilməyib! Ən pis məqsədlər üçün istifadə edilməyən hansı ali prinsipin adını çəkə bilərsiniz? Daha güclü biri daha zəifi məcburiyyət qarşısında qoymaq üçün istifadə edəndə, güc tiranlığa çevrilə bilər, halbuki güc, doğru istifadə edildiyi təqdirdə, xeyir-duadır. Hər adam başqalarının hüquq və hisslərini nəzərə almadan öz gözündə doğru olanı edəndə, azadlıq əxlaqsızlığa çevrilə bilər; halbuki, düzgün istifadə edilən azadlıq böyük nemətdir. Çox şeylərdən yanlış istifadə edilə bilər deyə, onlardan tamamilə imtina etməliyik? Bəziləri tiryəkdən yanlış məqsədlərlə istifadə edirsə, ondan ümumiyyətlə heç bir halda dərman kimi istifadə etmək olmaz? Pul çox yanlış şəkildə istifadə edilə bilərsə, onda bütün pulları dənizə tökmək lazımdır? Bu dünyada şər olmadan xeyir ola bilməz. Şəxsi mühakimə varsa, bəziləri tərəfindən sui-istifadə edilməsi və zərərli bir şeyə çevrilməsi ehtimalı da var, bunsuz olmaz.
Amma deyirlər ki, şəxsi mühakimə xeyirdən çox zərər gətirib! Bilmək istəyirəm ki, dini məsələlərdə şəxsi mühakiməyə laqeydliklə müqayisədə ondan istifadə etmək nə kimi zərər gətirib? Bir anlıq deyək ki, şəxsi mühakimə yürüdən protestantlar arasında fikir ayrılıqları mövcuddur. Şəxsi mühakimənin qadağan edildiyi Roma Kilsəsində isə fikir ayrılıqlarının olmadığını qəbul edək. Roma birliyinin gerçək olmaqdan daha çox görünüşdə elə olduğunu asanlıqla göstərə bilərəm. Yepiskop Holl özünün “Romanın sülhü” adlı kitabında Roma Kilsəsində mövcud olan üç yüzdən artıq fikir ayrılığını sadalayır. Protestanlar arasındakı fikir ayrılıqlarının həddindən artıq şişirildiyini, əksəriyyətinin az əhəmiyyət kəsb edən məsələlərdə olduğunu asanlıqla göstərə bilərəm. Adamların dediyi kimi, protestantlığın çoxlu müxtəlif növləri olsa da, protestantlar arasında yenə də böyük miqdarda fundamental birlik və əsaslı razılığın mövcud olduğunu göstərə bilərəm. “Protestant etiraflarının harmoniyası” kitabını bu həqiqəti görmədən oxumaq qeyri-mümkündür.
Lakin bir anlıq deyək ki, şəxsi mühakimə bölünmələrə səbəb olub və fərqliliklərin yaranmasına gətirib çıxarıb. Roma Kilsəsinin şəxsi mühakiməni tamamilə qadağan etməsindən doğan iyrəncliklər seli ilə müqayisədə bu bölünmələrin və fərqliliklərin dəryada bir damla olduğunu deyə bilərəm! Pislikləri tərəzinin iki gözünə qoyun – şəxsi mühakimədən doğan pisliklər və insanın sərbəst düşünməsinə icazə verilmədiyinə görə yaranan pisliklər. İkisini bir-biri ilə müqayisə edin, hansının daha çox olacağına heç şübhəm yoxdur. Mən gətirdiyi bəhrələri ilə birlikdə papalıq birliyi yerinə protestant bölünmələrini seçirəm! Roma cəhalətini, Roma xürafatını, Roma qaranlığını və Roma bütpərəstliyini deyil, protestant fərqliliyini seçirəm!
Qoy hər iki sistem bəhrələri ilə sınansın – “Hər şeyi sınaqdan keçirin” deyən sistemlə “Öz fikrinizə sahib olmağa cürət etməyin” deyən sistem – qoy hər ikisi insanların ürəklərində, təfəkkürlərində, həyatlarında və bütün yollarında verdikləri bəhrələri ilə sınansın – mənim isə nəticə ilə bağlı heç bir şübhəm yoxdur!
Əziz oxucu, hər şeydən əvvəl sizi xəbərdar etmək istəyirəm ki, qulağa xoş gələn, “şəxsi mühakiməni rədd etmək təvazökarlıqdır, öz şəxsi fikrinə sahib olmamaq həlimlikdir, sərbəst düşünməmək əsl məsihçiliyin bir hissəsidir” deyən fikirlərin təsirinə düşməyəsiniz! Sizə deyirəm ki, belə təvazökarlıq saxta təvazökarlıqdır, bu cür mübarək ada layiq olmayan təvazökarlıqdır. Bunu daha çox tənbəllik adlandırmaq olar! Buna daha çox boş-boş gəzmək deyin! Buna daha çox ərincəklik demək olar! Bu, adamı məcbur edir ki, bütün məsuliyyəti öz üzərindən atsın və qəlbinin bütün yükünü xidmətçinin və Kilsənin əlinə versin! Bu, insana yalnız əvəzedici din verir, bu din vasitəsilə o öz vicdanını və bütün ruhani qayğılarını başqalarının öhdəsinə buraxır. Özünü çətinliyə salmağa ehtiyacı yoxdur! Sərbəst düşünməyə artıq ehtiyacı yoxdur! O, etibarlı bir gəmiyə minib və ruhunu etibarlı bir kapitanın əlinə verib – və beləcə cənnətə gedəcək!
Bunun təvazökarlıq adlandırılmağa layiq olduğunu düşünməkdən çəkinin. Bu, Allahın sizə bəxş etdiyi ənamdan imtina etməkdir. Bu, Allahın əlinizə almağınız üçün hazırladığı Ruhun qılıncından istifadəni rədd etməkdir. Rəbbə şükürlər olsun ki, atalarımız bu prinsiplərlə hərəkət etmirdilər! Əgər belə etsəydilər, heç vaxt İslahat olmazdı. Əgər belə etsəydilər, biz indi bakirə Məryəmin surətinə səcdə edirdik, ya da ölmüş müqəddəslərin ruhlarına dua edirdik, yaxud da latın dilində bir xidmət keçirirdik. Xeyirxah Rəbbimiz bizi həmişə bu cür təvazökarlıqdan qorusun!
Əziz oxucu, nə qədər ki sağsınız, qərar verin ki, özünüz oxuyacaqsınız, özünüz fikirləşəcəksiniz, Müqəddəs Kitab haqqında özünüz mühakimə yürüdəcəksiniz, canınızla bağlı bütün böyük məsələlərdə özünüz düşünəcəksiniz. Öz fikriniz olsun. “Məncə bu doğrudur, çünki bunu Müqəddəs Kitabda görürəm” və “Məncə bu yanlışdır, çünki bunu Müqəddəs Kitabda görmürəm” deməkdən heç vaxt utanmayın. “Hər şeyi sınaqdan keçirin” və hamısını Allahın Kəlamı ilə sınayın. Nə qədər ki nəfəs alırsınız, bu gün bir çoxlarının təriflədiyi gözüqapalı sistemdən – liderin arxasınca gedib, öz fikri olmayan sistemdən özünüzü qoruyun. Bu sistemin təqin etdiyi düşüncə əslində belədir: “Yalnız kilsənizi qoruyun, yalnız müqəddəs ayinlərdə iştirak edin, yalnız sizə rəhbərlik etsinlər deyə məsh edilmiş xidmətçilərin dediklərinə inanın, onda hər şey yaxşı olacaq”.
Sizi xəbərdar edirəm ki, bu, yetərli deyil. Sizi xəbərdar edirəm ki, əgər belə bir dinlə kifayətlənirsinizsə, onda ölümsüz ruhunuzu təhlükəyə atırsınız. Qoy yer üzündəki hər hansı bir kilsə deyil, dünyadakı hər hansı xidmətçi deyil, məhz Müqəddəs Kitab imanınız üçün qanun olsun.
Allahın Kəlamı ilə “hər şeyi sınaqdan keçirin”. Hər şeydən əvvəl, nə qədər ki həyatdasınız, böyük məhkəmə gününü gözləyin. O gün hər birimizin Məsihin hökm kürsüsü qarşısında verəcəyi o böyük hesabatı düşünün. Bizi kilsələr mühakimə etməyəcək. Bizi imanlı yığıncaqları mühakimə etməyəcək. Hər birimiz fərdi şəkildə, hər kəs özünə görə hesab verəcək! “Ya Rəbb, ya Rəbb, mən İmanlılar cəmiyyətinin mənə söylədiyi hər şeyə inanırdım. Məsh olunmuş xidmətçilərin mənə öyrətdiyi hər şeyi qəbul edir və inanırdım. Mən düşünürdüm ki, Kilsənin və xidmətçilərin dediyi hər şey doğru olmalıdır” deməyin o gün sizə nə kimi faydası ola bilər? Əgər ölümcül bir səhvə yol vermişiksə, onda bunu deməyin bizə nə faydası var? Şübhəsiz, taxtda Oturanın səsi belə cavab verəcək: “Sənin əlində Yazılar var idi. Oxumaq və uşaq ruhu ilə araşdırmaq istəyənlər üçün sadə və asan kitabın var idi. Allahın Kəlamı sənə veriləndə niyə ondan istifadə etmədin? Müqəddəs Kitabı başa düşmək üçün sənə ağıl verilmişdi. Niyə “hər şeyi sınaqdan keçirmədin” və beləcə səhvlərdən özünü qorumadın?” Ah, əziz oxucu, əgər öz şəxsi mühakimənizi yürütməkdən imtina edirsinizsə, o dəhşətli günü düşünün – və ehtiyatlı olun!
İndi isə icazə verin həqiqətdən möhkəm tutmaq vəzifəsindən və zəruriyyətindən bəhs edim.
Həvari Paulun bu barədə sözləri mahiyyətli və güclü sözlərdir. “Yaxşı olandan möhkəm tut”, – deyir o. Sanki bizə deyib: “Özün üçün həqiqəti tapanda və onun Məsihin həqiqəti olduğuna – Müqəddəs Yazıların açdığı həqiqət olduğuna əmin olanda, onda ondan möhkəm tutun, onu qavrayın, ürəyinizdə qoruyun və heç vaxt buraxmayın!” O, bütün məsihçilərin qəlblərini bilən biri kimi danışır. O bilirdi ki, Müjdəni qavramağımız, ən yaxşı halda belə, çox soyuqdur; məhəbbətimiz tez bir zamanda zəifləyir, imanımız tezliklə sarsılır, səylərimiz tezliklə gücünü itirir; Məsihin həqiqəti ilə yaxın tanışlıq çox vaxt özü ilə bir növ ikrah da gətirir; İsrail xalqı kimi biz də yolun uzunluğuna görə ruhdan düşürük; Peter kimi biz də, bir göz qırpında yatmağa, bir dəqiqə sonra isə döyüşməyə hazırıq, amma Peter kimi biz də, oyaq durmağa və dua etməyə hazır deyilik.
Paul bütün bunları xatırlayırdı və sadiq bir gözətçi kimi Müqəddəs Ruhdan ilham alaraq nida edir: “Yaxşı olandan möhkəm tutun!” O elə danışır ki, sanki Müqəddəs Ruh hər şeyi ona əvvəlcədən açıb, Müjdənin xoş xəbərinin tezliklə təhrif ediləcəyini, pozulacağını və Saloniklilər cəmiyyətinin əlindən alınacağını bildirib. O, şeytanın və onun bütün əlaltılarının Məsihin həqiqətini alt-üst etmək üçün çox çalışacağını qabaqcadan görən bir adam kimi danışır. O, sanki insanları bu barədə əvvəlcədən xəbərdar etməyə çalışırmış kimi yazaraq bəyan edir: “Yaxşı olandan möhkəm tutun”. Əziz oxucu, nə qədər ki dünya durur, bu məsləhətə həmişə ehtiyac var.
Ən yaxşı bəşəri qurumlarda da süquta meyl vardır. Məsihin ən yaxşı görünən imanlılar cəmiyyəti də tənəzzülə meyldən azad deyil. Bu cəmiyyət günahlı insanlardan ibarətdir. Onda həmişə pozulmağa meyl var. Hətta həvarilərin dövründə belə, bir çox imanlılar cəmiyyətlərinə sızan şər mayasının şahidi oluruq. Korinf cəmiyyətinə də, Efes cəmiyyətinə də, Qalatya cəmiyyətinə də şər daxil olmuşdu. Bütün bunlar sonrakı vaxtlarda bizə xəbərdarlıq və mayak olmalıdır! Bütün bunlar həvarinin “Yaxşı olanda möhkəm tutun!” sözlərinin İmanlılar cəmiyyəti tərəfindən həmişə xatırlanmasının zəruri olduğunu göstərir.
O vaxtdan bəri çox məsihçi cəmiyyətləri bu prinsipi xatırlamadıqlarına görə yıxıldılar. Onların xidmətçiləri və üzvləri şeytanın həmişə yalan təlimləri cəmiyyətə gətirməyə çalışdığını unutdular. Onun nur mələyi cildinə girə bildiyini, qaranlığı işıq, işığı isə qaranlıq kimi; həqiqəti yalan, yalanı isə həqiqət kimi göstərməyə qadir olduğunu unutdular. Əgər o, Məsihçiliyi məhv edə bilmirsə, onda həmişə onu korlamağa cəhd edir. Əgər möminliyin formasını poza bilmirsə, onda imanlılar cəmiyyətinin gücünü əlindən almağa çalışır. Bu şeyləri unudan və həvarinin “Yaxşı olandan möhkəm tutun!” öyüdünü yadında saxlamayan İmanlılar cəmiyyətində heç vaxt təhlükəsizlik olmur.
Əziz oxucu, dünyada imanlılar cəmiyyətlərinin həqiqətdən möhkəm tutub-tutmamaq məsələsində sınandığı bir zaman varsa, o zaman elə indiki zamandır, o cəmiyyətlər isə bizim torpağımızdakı protestant kilsələridir. Xalqımızın qədim düşməni olan papalıq bu gün sel kimi üzərimizə şığıyır. Xaricdən açıq düşmənlərimizin hücumlarına məruz qalırıq, daxildə isə yalançı dostlar daim xəyanət edirlər. Ətrafımızda Roma Katolik kilsələrinin, məbədlərinin, məktəblərinin, rahib və rahibə monastırlarının sayı durmadan artır. Aydan-aya İngiltərə kilsəsini tərk edib Roma kilsəsinin sıralarına daxil olan yeni insanlar haqqında xəbərlər gəlir. Roma kilsəsinin din xadimləri artıq gələcəklə bağlı bəlağətli sözlər söyləyirlər və lovğalanırlar ki, gec ya tez, İngiltərə tərk etdiyi orbitə yenidən qayıdacaq və katolik sistemində öz yerini tutacaq! Papa artıq ölkəmizi öz yepiskopluqlarına ayırır və bir müddət sonra qəniməti bölüşdürməyi düşünən biri kimi danışır. Deyəsən, o artıq İngiltərənin Roma kimi, Londonun isə lap Vatikan kimi olacağı zamanı öncədən görür. Şübhəsiz, biz ya indi ayılmalıyıq və “yaxşı olandan möhkəm tutmalıyıq”, ya da heç vaxt.
Bəzilərimiz öz kor ağlımızla Roma kilsəsinin hakimiyyətinə son qoyulduğunu düşünürdük. Bəzilərimiz öz axmaqlığımızla xəyal edirdik ki, Reformasiya Papalıq münaqişələrinə son qoydu, katoliklik sağ qalsa da, tamamilə dəyişmiş bir katoliklikdir. Əgər doğrudan da belə düşünürdüksə, deməli, ən ağır səhvə yol verdiyimizi öyrənmək vaxtı gəlib çatıb! Roma heç vaxt dəyişmir! O elə həmişə eyni qalması ilə öyünür. İlanın başı əzilməyib! Reformasiya vaxtı o, yaralandı, amma məhv edilmədi. Romalı Məsih əleyhdarı ölməyib! O, Etnanın altında basdırılmış əfsanəvi nəhəng kimi yalnız qısa bir müddətlik devrildi, lakin onun ölümcül yarası sağaldı, məzarı yenidən açılır və Romalı Məsih əleyhdarı yenidən ortaya çıxır! Papalığın natəmiz ruhu yerində hərəkətsiz qalmır. Əksinə o sanki belə deyir: “Evim İngiltərə indi süpürülüb və mənim üçün bəzədilib; qoyun çıxdığım yerə geri qayıdım”.
İndi, əziz oxucu, əsas sual budur ki, biz əl-qolumuzu yanımıza salıb, sakitcə oturacaq və hücumlara müqavimət göstərməyəcəyikmi? Doğrudanmı biz zəmanəni başa düşən insanlarıq? Allahın bizə yaxınlaşdığı günü anlayırıqmı? Şübhəsiz ki, bu, kilsələrimizin və torpaqlarımızın tarixində bir böhran anıdır. Bu zəmanə göstərəcək ki, görək biz sahib olduğumuz üstünlüklərin dəyərini bilirik, yoxsa “millətlərin birincisi” olan Amaleq kimi, biz də “axırda məhv olacağıq”. Bu zəmanə tezliklə bizi sınayacaq ki, görək çıraqdanımızın sakitcə yerindən götürülməsinə icazə verəcəyik, yoxsa tövbə edəcəyik və heç kim tacımızı əlimizdən almasın deyə əvvəl etdiyimiz işləri görəcəyik.
Müqəddəs Kitabı açıq seviriksə, Müjdəni təbliğ etməyi seviriksə, bu Müqəddəs Kitabı oxumaq azadlığını və bu Müjdəni eşitmək imkanını seviriksə və heç kim bizə qadağan etmirsə, vətəndaş azadlığını seviriksə, dini azadlığı seviriksə, bütün bunlar qəlbimiz üçün dəyərlidirsə, onda hamımız bunlardan möhkəm tutmalıyıq ki, yavaş-yavaş hər şeyi itirməyək.
Əziz oxucu, möhkəm tutmaq niyyətimiz varsa, hər bir icma, hər bir yığıncaq, hər bir məsihçi kişi və hər bir məsihçi qadın həqiqət uğrunda mübarizədə öz üzərinə düşəni etməlidir. Hər kəs işləməlidir və hər kəs dua etməlidir, hər kəs elə çalışmalıdır ki, elə bil Müjdənin saflığını qorumaq başqa heç kimdən deyil, təkcə ondan asılıdır. Varlılar bu işi kasıbların, kasıblar isə varlıların öhdəsinə buraxmamalıdırlar. Hamımız işləməliyik. Hər bir insanın öz təsir dairəsi var. Bu dairəni doldurmağa diqqət etsin. Hər bir insan Müjdənin tərəzisinə bir az ağırlıq əlavə edə bilər. Bu ağırlığı əlavə etməyə diqqət etsin. Qoy hər kəs bu məsələdə öz şəxsi məsuliyyətini bilsin; onda hər şey, Allahın köməyi ilə, yaxşı olacaq.
Əgər yaxşı olandan möhkəm tutmaq istəyiriksə, onda Məsihin Müjdəsinin saf təlimi olmayan heç bir doktrina ilə razılaşmamalıyıq. Açıq-aşkar xeyirxahlıq olan bir nifrət var – bu, yanlış doktrinaya olan nifrətdir. Tamamilə tərifəlayiq bir dözümsüzlük var – bu, yalançı təlimə qarşı dözümsüzlükdür. Özünə hər gün az-az verilən zəhərə dözmək kimin ağlına gələr? Əgər aranızda “Allahın bütün iradəsini” təbliğ etməyən, Məsihi, günahı və müqəddəsliyi, məhv olmanı və satın alınmanı, yenidən doğulmanı vəz etməyən; bu şeyləri Müqəddəs Yazılara uyğun təbliğ etməyən adamlar olarsa, onları dinləməkdən əl çəkməlisiniz. Müqəddəs Ruhun Əhdi-Ətiqdə verdiyi əmrə görə hərəkət etməlisiniz: “Oğlum, bilik verən sözlərdən dönmək istəsən, tərbiyəyə qulaq asmaqdan vaz keç!” (Süleymanın Məsəlləri 19:27). Paulun Qal. 1:8-də nümayiş etdirdiyi ruha sahib olmalısınız: “İstər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!”
Əgər Məsihin müjdəsinin çeynəndiyini və ya təhrif edildiyini eşidib dözürüksə və “başqa bir müjdə” olan o şeyə qulaq asmaqda heç bir zərər görmürüksə, “yalançı məsihçiliyi” qulağımıza doldurduqları zaman sakit otura və sonra rahatlıqla evimizə gedə biliriksə, müqəddəs qəzəblə alışıb yanmırıqsa – vəziyyət belədirsə, onda Romaya müqavimət məqsədilə nə vaxtsa nə isə etmək şansımız çox azdır! Əgər İsa Məsihə layiq olduğu yerin verilmədiyini eşitməyə razıyıqsa, onda Məsihə xidmət edəcək və ya Onun tərəfində döyüşəcək kişilərə və qadınlara oxşamırıq. Yanlışa qarşı qeyrətli olmayanın həqiqətin qeyrətini çəkməsi ehtimalı yoxdur. Həqiqətdən möhkəm yapışırıqsa, onda həqiqətdən tutan və Rəbb İsa Məsihi səmimi qəlbdən sevən hər kəslə birləşməyə hazır olmalıyıq. Bütün xırda məsələləri ikinci dərəcəli məsələlər kimi bir kənara qoymağa hazır olmalıyıq. Öz yerində və miqyasında nə qədər vacib olmağından asılı olmayaraq, bütün xırda fərqlər ikinci dərəcəli məsələlər kimi nəzərdən keçirilməlidir. Heç kimin bu məsələlərlə bağlı öz şəxsi düşüncəsindən əl çəkməyini istəmirəm. Heç kimin öz vicdanını zorlamağını istəmirəm. Təkcə onu deyirəm ki, imanın əsasları təhlükədə ikən bu məsələlər sadəcə odun, saman və küləşdir! Filiştlilər üzərimizə gəlir! Onlara qarşı birləşə bilərik, yoxsa yox? Bu, gözdən keçirməli olduğumuz yeganə məqamdır.
Əlbəttə, başqa insanlarla göylərdə əbədiyyət boyunca yaşamağa ümid etdiyimizi, amma bu dünyada onlarla bir neçə il işləyə bilməyəcəyimizi söyləmək doğru deyil. Hamımızın ortaq düşməninin olması bu xırda fikir ayrılıqlarını aradan qaldırmalıdır. Birliyimizi qorumalıyıq. Beləliklə, əgər bütün məsihçilər “yaxşı olandan möhkəm tutmaq” istəyirlərsə, onda birlikdə olmalıdırlar. Bəziləri belə deyə bilər: “Bu, çox əziyyətli işdir”. Başqaları belə deyə bilər: “Niyə sakitcə oturub susmayaq?” Digərləri isə belə deyə bilər: “Ah, o dəhşətli fikir ayrılıqları! Axı bütün bu problemlərə nə gərək var? Axı bu fərqliliklərə niyə bu qədər əhəmiyyət verməliyik?” Mən də soruşuram ki, hansı yaxşı şeylər heç bir əziyyət çəkmədən əldə edilib və ya saxlanıb? Qızıl açıq tarlada deyil, torpağın dərinliklərində yatır. Mirvarilər ağacda bitmirlər, Hind Okeanının dərin sularında gizlənirlər. Mübarizə aparmadan çətinliklərin öhdəsindən gəlmək olmur. Dağlara nadir hallarda yorulmadan dırmaşmaq olur. Dalğalara baş vurmadan okeanları keçmək mümkün deyil. Müharibəsiz sülh çox az hallarda əldə edilir. Məsihin həqiqətini ağrısız, əziyyətsiz və problemsiz qorumaq da nadir hallarda mümkündür.
“Əziyyətlərdən” bəhs edən qoy mənə desin, əgər əcdadlarımız əziyyət çəkməsəydilər, biz indi harada olardıq? Əgər əzabkeşlər öz bədənlərini alova təslim etməsəydilər, İngiltərə Müjdəsi harada olardı? Kranmer, Latimer, Huper, Ridli və Teylor və onların yoldaşlarına olan borcumuzun dəyərini kim bilir? Onlar yaxşı olandan möhkəm tutdular. Onlar həqiqətin ən kiçik hərfindən belə, vaz keçmədilər. Müjdə uğrunda öz canlarını heçə saydılar. Onlar əmək sərf etdilər, onlar əziyyət çəkdilər – biz isə onların əməyinə qoşulmuşuq. Onların bu cür qeyrətlə əldə etdiklərini qorumaq üçün bir az əziyyətə qatlaşmayacağıqsa, onda bizə ayıb olsun!
Əziyyətli və ya əziyyətsiz, ağrılı və ya ağrısız, mübahisəli və ya mübahisəsiz, bir şey dəqiqdir: Məsihin Müjdəsindən başqa heç nə heç vaxt canlarımıza fayda gətirməyəcək. Başqa heç bir şey imanlılar cəmiyyətlərimizi qorumayacaq. Başqa heç nə heç bir zaman yurdumuza Allahın xeyir-duasını gətirməyəcək. Beləliklə, əgər öz canımızı seviriksə, əgər ölkəmizin çiçəklənməsini seviriksə, cəmiyyətlərimizi ayaq üstə tutmağı seviriksə, həvarilərin sözlərini xatırlamalı və “möhkəm tutmalıyıq”, Müjdədən möhkəm tutmalı və buraxmamalıyıq!
Beləcə, əziz oxucu, sizə iki şey təklif etdim. Onlardan biri – şəxsi mühakimə hüququ, vəzifəsi və zəruriyyətidir. Digəri isə – həqiqətdən möhkəm tutmaq vəzifəsi və zəruriyyətidir. İndi mənə bütün bunları bir neçə yekun söz ilə sizin şəxsi vicdanınızın ÖHDƏSİNƏ BURAXMAQ qalır.
Birincisi, “hər şeyi sınaqdan keçirməyə” borclusunuzsa, sizə yalvarıb nəsihət edirəm ki, Allahın Kəlamının müfəssəl biliyi ilə silahlanasınız. Müqəddəs Kitabı müntəzəm surətdə oxuyun. Yazılarla tanış olun. Qarşınıza çıxarılan bütün dini həqiqətləri Müqəddəs Kitabla sınaqdan keçirin. Müqəddəs Yazıları bir az bilmək kifayət deyil. Sizi əmin edə bilərəm ki, əgər bir adam dini təlimləri Müqəddəs Kitabla sınamaq istəyirsə, onu çox yaxşı bilməlidir; əgər onu yaxşı bilmək istəyirsə, onu müntəzəm şəkildə oxumalıdır. Müqəddəs Kitab biliyinə aparan rahat yol yoxdur. Müqəddəs Kitabı gündəlik oxumaq, müntəzəm şəkildə mütaliə etmək lazımdır, əks halda onu bilməyəcəksiniz. Qəribə səslənsə də, çox doğru deyilib: “Bəraət imanla əldə edilə bilər, lakin Müqəddəs Kitab biliyi yalnız əməllərlə əldə edilir”. İblis Müqəddəs Kitabdan sitatlar gətirə bilər. O, Rəbbimizi sınağa çəkmək istəyəndə, Onun yanına gedib Müqəddəs Yazılardan sitat gətirə bilmişdi. Hər kəs yanlış təlimi eşidəndə, onun yanlış olduğunu öz Müqəddəs Kitab biliyi ilə ayırd etməyi bacarmalıdır ki, aldadılmasın. Müqəddəs Kitaba etinasız yanaşsanız, Roma Katolik, arminian, sosinian, yəhudi və ya müsəlmanlıq kimi yalançı sistemlərdən hər hansı birinin inandırıcı bir tərəfdarı qarşısınıza çıxarsa, mənim bildiyim heç bir şey sizin bunlardan birinə çevrilmənizə mane ola bilməz.
İkincisi, əgər “hər şeyi sınaqdan keçirmək” doğrudursa, kim tərəfindən irəli sürüldüyündən asılı olmayaraq, hər bir Roma-katolik təlimini Allahın yazılı Kəlamı ilə mütləq yoxlayın. Əgər Müqəddəs Yazılarla sübuta yetirilməsi mümkün deyilsə, nə qədər yüksək inandırıcılığı olsa da, heç nəyə inanmayın, nə qədər yüksək nüfuz tərəfindən irəli sürülsə də, heç birinə inanmayın, bütün ağsaqqallar tərəfindən dəstəklənsə də, heç birini qəbul etməyin! Qüsursuz olan təkcə Yazılardır! İşıqlı yol təkcə odur! Allahın həqiqəti və yalanı ölçmək üçün meyarı yalnız odur. “Bütün insanlar yalançı olsa da, Allah haqlıdır.”
Yeni zelandiyalıların yanlarına gələn Roma keşişlərinə verdikləri cavab heç vaxt unudulmayacaq. Onlar bu keşişlərin onları Bakirə Məryəmə səcdə etməyə çağırdıqlarını eşidirdilər. Onlara müqəddəslərə dua etməyi tövsiyə etdiklərini eşidirdilər. Onların ikonalardan istifadəni dəstəklədiklərini eşidirdilər. Roma Kilsəsinin hakimiyyətindən, Roma Papasının aliliyindən, Roma Kilsəsinin qədimliyindən bəhs etdiklərini eşidirdilər. Onlar Müqəddəs Kitabı bilirdilər və hər şeyə sakitcə qulaq asdılar, sonra isə sadə, amma yaddaqalan bir cavab verdilər: “Bu, doğru ola bilməz, çünki Müqəddəs Kitabda belə bir şey yoxdur!” Dünyadakı bütün biliklər bundan daha yaxşı cavab verə bilməzdi! Latimer, Noks və ya Ouen heç vaxt bundan daha sarsıdıcı bir cavab verə bilməzdilər. Katoliklərin hücumuna qarşı qoy bu bizim qaydamız olsun; Ruhun qılıncını əlimizdə möhkəm tutaq və onların bütün iddialarına belə cavab verək: “Bu, doğru ola bilməz, çünki Müqəddəs Kitabda belə bir şey yoxdur!”
Nəhayət, əgər “yaxşı olandan möhkəm tutmaq” doğrudursa, onda gəlin hər birimizin şəxsən Məsihin həqiqətindən möhkəm yapışdığına əmin olmalıyıq. Əziz oxucu, bütün təzadlı fikirləri bilmək və yanlış olanı ayırd etmək qabiliyyəti sizi xilas etməyəcək. Başınızdakı bilik sizi heç vaxt cənnətə aparmayacaq! Roma katolikləri ilə mübahisə etməyi və fikir yürütməyi, yaxud da Papaların Fitvalarındakı və ya Pastor Məktublarındakı səhvləri tapmağı bacarmaq bizi xilas etməyəcək. Gəlin elə edək ki, hər birimiz şəxsən öz inamı ilə İsa Məsihdən möhkəm tutsun. Gəlin əmin olaq ki, hər birimiz Rəbbin izzətli Müjdəsində bizə verilən ümidə sığınırıq və ondan möhkəm tuturuq. Gəlin belə edək, onda başqa nə baş verirsə versin, bizim üçün hər şey yaxşı olacaq. Gəlin bunu edək, onda hər şey bizim olacaq. İmanlılar cəmiyyəti yıxıla bilər. Dövlət süquta uğraya bilər. Bütün müəssisələrin təməlləri sarsıla bilər. Həqiqətin düşmənləri bir müddət üstünlük qazana bilərlər. Lakin bizə gəldikdə – hər şey yaxşı olacaq. Bu dünyada bizim sülhümüz olacaq, gələcək dünyada isə əbədi həyatımız olacaq; çünki biz Məsihə sahib olacağıq, Məsihə sahib olanda isə, hər şeyə sahib oluruq. Bu, əsl yaxşıdır, qalıcı yaxşıdır – xəstəlikdə, sağlıqda, həyatda, ölümdə, zamanda və əbədiyyətdəki yaxşıdır! Bütün digər şeylər isə etibarsızdır. Onlar hamısı köhnəlirlər. Solurlar. Əyilirlər. Quruyurlar. Çürüyürlər. Onlara nə qədər çox sahib oluruqsa, bir o qədər də dəyərsiz hesab edirik, bir o qədər də anlayırıq ki, burada hər şey “puçdur və külək dalınca qaçmağa bənzəyir”.
Məsihə ümidə gəldikdə isə, bu, həmişə yaxşıdır. Ondan nə qədər çox istifadə ediriksə, bir o qədər də yaxşı görünür. Onu ürəklərimizdə nə qədər daşıyırıqsa, bir o qədər parlaq görünür. Ona ilk sahib olduğumuz zaman da yaxşıdır. Böyüyüb yaşa dolduğumuz zaman da yaxşıdır. Sınaq günündə də, ölüm saatında da yaxşıdır. Hər şeydən çox ona güvənin – onda hökm günündə də yaxşı olduğunu sübuta yetirəcək. Əziz oxucu, əgər hələ də Məsihdəki bu müjdədən yapışmamısınızsa, onu elə indi axtarın. Rəbb İsadan onu sizə verməsini diləyin. Rəbbə məxsus olduğunuzu öyrənincəyədək və hiss edincəyədək, Onu rahat buraxmayın. Əgər bu ümiddən tutmusunuzsa, onda möhkəm yapışın. Ona yüksək dəyər verin, çünki bütün digər şeylər uğursuz olduqda o sizin yanınızda olacaq!
İngilis dilində versiya: https://gracegems.org/23/Ryle_prove_all_things.htm
Con Çarlz Rayl – (10 may 1816 – 10 iyun 1900) müjdəçi anqlikan xidmətçisi və Liverpulun ilk yepiskopu idi. O, özünün güclü vəzləri və müjdə prinsiplərini qətiyyətlə müdafiə etdiyi geniş traktatları ilə məşhur idi. O, yazdığı bir neçə məşhur kitabında tez-tez İmanlılar cəmiyyəti üçün aktual olan məsələləri Müqəddəs Kitab nöqteyi-nəzərindən araşdırırdı. Bunlardan ən qalıcı olanları yəqin ki, indiyə qədər də ingilis dilində nəşr edilən “Müqəddəslik” və “Praktiki din” kitablarıdır.
Qeyd
↑1 | Tərcüməçinin qeydi: Rəbbin Süfrəsi ayininin elementləri (çörək və şərab) ilə birgə/yanında İsa Məsihin də hərfi mənada və cismən iştirakına inanan doktrina |
---|---|
↑2 | Tərcüməçinin qeydi: İndulgensia – (latınca indulgeo) “səbr etmək”, “icazə vermək” — katolik kilsələrində günaha görə müvəqqəti cəzalardan azad olunma |