İmanlılar Cəmiyyəti öz tarixinə Roma imperiyasında, Yunan-Roma mədəniyyətinin içində başlamışdır. Yerusəlim özü də bu mədəniyyətin izlərini əks etdirirdi və öz strateji əhəmiyyətinə görə imperatorlardan bol-bol subsidiyalar alırdı. Yəhudeyada sülhün və əmin-amanlığın qorunması başlıca siyasət idi. Yəhudeyanın öz “imtiyazlarını” dəyərləndirə bilməməsi romalıların həm eramızın 66-70-ci illərinə təsadüf edən müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə amansız qisas almasına səbəb oldu.
İmanlılar Cəmiyyəti həm bu Yunan-Roma mədəniyyətinin təsiri altında qalmış, həm də ona düşmən münasibəti bəsləmişdir. Herbert B. Uorkman özünün “İlkin İmanlılar Cəmiyyətində təqib” (1906) kitabında qeyd edirdi: “Roma nəzəriyyəsinə görə, dövlət yeganə mümkün istisna olan ailəni çıxmaq şərtilə, öz vətəndaşlarının bütün maraqlarını, o cümlədən dini, ictimai, siyasi, humanitar maraqlarını əhatə etməli olan yeganə cəmiyyət idi. Özünün dövlətin sadə bir şöbəsi və ya köməkçi orqanı olduğunu əvvəlcədən etiraf etməyən heç bir şirkət və ya cəmiyyətin mövcudluğuna da, özbaşına təbii şəkildə inkişafına da Roma hüququnda heç bir yer verilmirdi. Dövlət hamı ilə və hamıda özünə aid bir yaşamı olan vahid bir orqanizm idi. İsanın yaşayan padşahlığı olan İmanlılar cəmiyyəti belə bir nəzəriyyəni nə birinci, nə də iyirminci əsrdə qəbul edə bilməzdi”. İndi olduğu kimi, o zamanlar da İmanlılar Cəmiyyətinin bir çox üzvləri Məsihdən daha çox dövlətin və ya imperatorun suverenliyinə uyğunlaşmağa çalışırdılar. Onlar “Sezar ağadır” deməyə hazır idilər. İmanlılar Cəmiyyətinin bir hissəsi Roma təqibinə məruz qalmaqdan qorundu. İnadkar, dönməz məsihçilər güzəştə getməkdən imtina edərək imanlılar cəmiyyətini qorudular.
Bununla belə, neoplatonizm, aristotelizm, stoisizm, asketizm və buna bənzər bəzi görüşlər məsihçiliyin içinə sızmışdı. Romadan mənimsənilən vacib bir cəhət təşkilatlaşma və bürokratlaşma idi. İmanlılar cəmiyyəti sözün əsl mənasında sinaqoqun davamı idi və Yaqub 2:2-də “toplandığınız yer” kimi tərcümə edilmiş söz yunanca mətndə əslində “sinaqoq”dur.
Sinaqoqdan fərqli olaraq, imanlılar cəmiyyəti təkcə Yəhudi təşkilatı deyildi, öz mahiyyətinə görə üzvi bir orqan, bir qurum idi: Məsihin bədəni. Artıq bu bədənin üzvləri (yəni, əllər, ayaqlar və s.) vəzifələrə sahib deyillər, onların öz funksiyaları var. Əhdi-Cədiddə “xidmət[1]Tərcüməçinin qəydi – Aşağıdakı ayələrin bəzi ingiliscə tərcümələrində “ministry” və ya “service” (xidmət) deyil, “office” (vəzifə) sözü … Continue reading” kimi tərcümə edilmiş sözlər bunu açıqlayır. Romalılara 11:13, 1 Timoteyə 3:10 və 3:13-də istifadə olunan bu söz Romalılara məktubda “diakonia”, Timoteyə məktubda isə “diakoneo” şəklində yazılmışdır. İngilis dilində “deacon” kimi səslənən sözün mənası xidmətçi, xidmət deməkdir və funksiyaya dəlalət edir. Romalılara 12:4-də “vəzifə” sözü yunanca “praxis”dir, mənası funksiya deməkdir. 1 Timoteyə 3:1-də “episkope” sözü yazılıb, mənası isə yükünü yüngülləşdirmək, yaxud da kömək etmək məqsədi ilə nəzarət etmək və ya yoxlamaq deməkdir. İbranilərə 7:5-də Əhdi-Ətiq zamanındakı kahinliyə istinadən “hierateia” sözündən istifadə edilir və kahinlik funksiyasını nəzərdə tutur.
Beləliklə, imanlılar cəmiyyətində xidmətlər adlandırdığımız şey əslində Məsihin bədəninin bu dünyadakı funksiyalarıdır. Bu çox vacib bir həqiqətdir. Vəzifələr bürokratiyaya və hakim sinifə yol açır, funksiyalar isə bədənin diri qalmağına kömək edir.
Presviteriyaların, sinodların, şuraların, yepiskopların və s. bu gün adi hal sayılan müntəzəm rəsmi bürokratik toplantılarının ilkin imanlılar cəmiyyətində də keçirildiyinə dair heç bir sübutumuz yoxdur. Bunun əvəzinə, Həvarilərin İşləri 15-də bəsh edilən Yerusəlimdəki Şuradan etibarən, toplantılar hər hansı bir məsələnin həlli və ya ehtiyacın qarşılanması məqsədi ilə təşkil edilirdi. Bunlar təşkilati deyil, funksiyonal görüşlər idi, bürokratik bir təşkilatın deyil, bir bədənin həyatının müxtəlif tərəfləri idilər. Bu toplantılarda heç bir məcburedici güc tətbiq edilmirdi, iman və əxlaqa dair suallar və cavablar diqqətlə və dəqiqliklə tərtib edilirdi.
Həm şərq, həm də qərb kilsələrində, eləcə də qərbdə katoliklikdə, protestantlıqda və anabaptizmdə imanlılar cəmiyyətinin həyatına mane olan böyük və güclü bürokratiyalar meydana gəlib. Həm imanlılar cəmiyyəti, həm dövlət, xüsusilə də dövlət, bürokratlaşmadan və bunun nəticəsində həyatlarında yaranan tıxanmadan ciddi əziyyət çəkir. Bu səbəbdən Birləşmiş Ştatlarda bir çox protestantların və katoliklərin imanlarına yeni həyat gətirən ev təlim qrupları var. Şotlandiyada Edinburqda çox gözəl xarizmat cəmiyyəti tapmışdım; onlar geniş xidmətlərin mərkəzi olmuş və presviteryanlar tərəfindən bağlanmış böyük daş kilsəni satın almışdılar. Lakin cəmiyyətin üzv siyahısı yox idi! Bürokratiyada boğulmaqdan ehtiyat edərək, cəmiyyətin bütövlüyünü bir müəssisə kimi deyil, Ruhda birləşən iman bağları kimi qoruyurdu. Bu qədər uzağa getməyə ehtiyac olmasa da, funksiya və həyatı vurğulayan düzəlişə təcili ehtiyac olduğu görünür.
İmanlılar cəmiyyətində bürokratlaşmanın doğurduğu nəticələrdən biri ulduz sisteminin yaranmasıdır. Bu, heç şübhəsiz, başqa sahələrdə də, xüsusilə də dövlətdə belədir. Adamlar prezidentlərə imanlarına və həyatlarına görə deyil, davranışlarına görə də deyil, yaratdıqları “imicə” görə səs verirlər. Birləşmiş Ştatlarda əvvəlki illərdə seçilmiş prezidentlərin əksəriyyəti bu gün seçilməzdilər. Linkolnu keçmişə baxaraq bəyənirlər. Yüksək səslə danışmağı, geyimindəki diqqətsizliyi və daha başqa şeylərlə bu gün televiziyada bircə dəfə görünsəydi, işi bitərdi.
Ulduz sisteminin əhəmiyyətini başa düşmək lazımdır. Adamlar istəyirlər ki, ulduzlar onların istədikləri şeyləri təcəssüm etdirsinlər və ya olmağı arzuladıqları kimi olsunlar. Özlərini ulduzun nümayiş etdirdiyi obrazla bir görürlər. Beləcə, bəzi adamlar belə düşünürlər ki, görkəmli bir siyasi lider və ya dini rəhbər çox vacib insan olduğuna görə, müəyyən əxlaqi qüsurlara yol verməyə “haqqı çatır”. Əvvəllər belə qüsurlara kral imtiyazı deyirdilər. Ulduz xalqın və ya ümumi iradənin, başlıca iradənin ifadəsi olmalıdır.
Birləşmiş Ştatlardakı kilsələr bir tərəfdən unitarizmə, digər tərəfdən isə arminian dirçəlişinə meyl etməyə başlayandan bir müddət sonra imanlılar cəmiyyətində ulduz sistemi baş qaldırdı. Hər iki tərəfdə də adamlar güclü təbliğçilərə meyl edirdilər. Sonra kilsələr bu ulduz sayəsində yaşamağa başladılar: ulduz yüzlərlə və hətta minlərlə insanı gətirə, böyük bir kilsə kompleksinə yol aça, oraya adamları və maddi vəsaitləri cəlb edə, əvəzində isə üzvlərə möhtəşəm bir kilsənin bir parçası olmaq duyğusu verə bilirdi. Bundan bizdə hələ çox var. Bəzilər sadəcə belə deyəcək: “Mən elə bir kilsə istəyirəm ki, orada hərəkət olsun”. Hərəkət dedikdə, çoxsaylı camaatı nəzərdə tuturlar; nəticə isə çox vaxt diri iman deyil, surroqat “məsihçilik” olur.
Daha bir nəticə tamaşaçı “məsihçilik” olur, yüzlərin və minlərin qarşısında çıxış edən bir ulduza baxırlar. Say baxımından böyük kilsələrdə də, kiçik kilsələrdə də imanlıların işi yaxşı tamaşaçı və nəzir verən olmaqdan ibarət olur. Surroqat “məsihçi”nin əvəzinə başqa bir insan imanını ifadə edir və iş görür. Onda əlimizdə qalan general Uilyam Butun da adlandırdığı kimi, mumyalanmış kilsə üzvləri olur.
Ulduz sistemində əsrlər boyunca Savanarola, Henri Uord Biçer kimi, eləcə də son illərdə ortaya çıxmış bir çox digərləri kimi uğursuzluğa düçar olan ulduzlar olub, amma bu, hələ son deyil. Ulduz sistemi həyatın özünü deyil, formasını verməyə meyllidir. Paulun 2 Timoteyə 3:5-də dediyi kimi, bəziləri mömin kimi görünürlər, amma bu yolun gücünə sahib deyillər. Bunun əvəzinə, ulduzların adətən maddi gücü olur.
Paul deyir ki, biz “var olan Allahın cəmiyyəti”yik (1 Tim. 3:15). İsa Məsih bəyan edir ki, “yol, həqiqət və həyat” Odur (Yəh. 14:6). İlahi üçlük heç vaxt Böyük Bürokratiya kimi tanınmır, əksinə, həyat kimi, həyatın müəllifi kimi və daha başqa şəkillərdə tanınır. İmanlılar cəmiyyətinin özünü bürokratiya baxımından tanıtması üzücü faktdır.
Əgər imanlılar cəmiyyəti həqiqətən Məsihin Bədənidirsə, onda diri cəmiyyət kimi fəaliyyət göstərməlidir. Ölü imanlılar cəmiyyəti – fəaliyyətsiz cəmiyyətdir; belə cəmiyyət öz dadını itirmiş, çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramayan duzdur (Mat. 5:13). Bizim dövrümüzdə bu, dəhşətli bir ehtimaldır. Bu gün imanlılar cəmiyyətinin hər yerdə ölü olduğunu deyə bilmərik, lakin bir çox yerlərdə cəmiyyət artritdən və zəiflikdən əziyyət çəkir. Məsih, həyatın Rəbbi bizə əmr edərək deyir: “Sənə deyirəm: qalx!”
Kalsidon Mövqe Sənədi No. 97, May, 1988-ci il. İngilis dilində orijinalı: https://chalcedon.edu/resources/articles/the-church-as-function
R.C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. Buna görə, o, Allahın Qanununu, mədəniyyət tənəzzülünə müasir məsihçinin cavab reaksiyasının əsası olaraq gördü, bunu kilsənin Allahın qanununun Onun lütfünə qarşı çıxdığı ilə bağlı səhv dünyagörüşü ilə əlaqələndirdi. Bu ətraflı məsihçi cavabını o, “Məsihçi Yenidənqurması” olaraq xarakterizə etdi. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir. O, həmçinin mühazirələr oxuyaraq və dini etiqad azadlığı ilə bağlı çoxsaylı məhkəmə işlərində ekspert şahidi kimi xidmət edərək çox səyahətlər etmişdir. Bu gün də davam edən bir çox xidmət və təhsil səyləri öz fəlsəfi və Müqəddəs Kitaba əsaslanan köklərini Onun mühazirələrindən və kitablarından götürmüşdür.
Qeyd
↑1 | Tərcüməçinin qəydi – Aşağıdakı ayələrin bəzi ingiliscə tərcümələrində “ministry” və ya “service” (xidmət) deyil, “office” (vəzifə) sözü istifadə olunur. |
---|