Keçən həftə bizim kiçik qızımız və onun ailəsi burada bizimlə idi. O, birinci gecədən sonra koyyotların[1]koyyot – canavar cinsinə aid heyvan növü bütün gecə evin çox yaxınlığında zingildəmələrini eşitdi. Mən uzun illərdir onları eşitmirdim. Onlar hər zaman var, amma mən səslərə elə öyrəşmişəm ki, onları artıq eşitmirəm. Digər tərəfdən, mən qızıma baş çəkməyə gedəndə gecə boyu küçədən yuxarı və ya aşağı hərəkət edən hər avtomobilin səsini eşidirəm.
Çox vaxt, biz həqiqətən diqqət yetirmədən nəylərisə eşidirik. Səslər var, amma biz onlara o qədər bələd və laqeydik ki, eşidirik, amma qulaq asmırıq və onlara əhəmiyyət vermirik.
Müjdə mövzusunda da sərtləşmənin mənası budur. Bu terminin daha köhnə mənası həftələrlə Müjdəni dinləyən, lakin ona qulaq asmayan şəxsdir. Müjdəyə qarşı sərtləşmiş bir insanın əlamətlərindən biri də onun ildən-ilə böyüməməsidir.
Rəbbimiz deyir: “Bax qapının önündə durub onu döyürəm” (Vəhy 3:20). Onun qapını döyməsi girmək üçün bir yalvarış deyil, ya ünsiyyətə, ya da mühakiməyə çağırışdır və O, ilıqlığa dözməyəcək (Vəhy 3:15-16). Cücələrə təhlükə yaratdığını düşünmədiyim təqdirdə, koyyotun səsinə demək olar ki, həmişə laqeyd qalıram. Rəbbin səsinə laqeyd qalmağa cəsarət etmirəm.
Bir millət olaraq uzun müddətdir ki, Allahın Kəlamına köklənməmişik. Biz çoxlu sayda Müqəddəs Kitab alırıq, amma onları oxumuruq. Allahın Kəlamını eşidirik və yuxulu qulaqlarla dinləyirik. Bu, o deməkdir ki, Onun Kəlamını ətrafımızdakı bütün digər sözlərdən daha əhəmiyyətli saymırıq.
Daha doğrusu, Onun Kəlamını oxuduğumuz zaman və ya məbəddə oxunduğunu eşitdiyimiz zaman: “Danış, ya Rəbb, qulun Səni eşidir” (1 Şamuel 3:10) söyləməliyik.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 37, Chalcedon/ Ross House Books, 2015.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/hearing-coyotes

Qeyd
| ↑1 | koyyot – canavar cinsinə aid heyvan növü |
|---|