Məsihçilər öz hökumətlərinin yaratdığı qanunlar haqqında çox inadkar olmağa meyllidirlər (belə də olmalıyıq). Müasir Məsihçilər Allaha itaət etməməklə özlərini çox pis vəziyyətə salmış və bu da onlar üçün problem yaratmışdır. Baxmayaraq ki, onların “bu pis qanundur, biz bunu aradan qaldırmalıyıq” deyə biləcəyi çox qanunlar var, onlar çox vaxt “Niyə,” “Nə üçün bu qanundan qurtulmalıyıq? Hansı standarta əsasən?” deyərək daha vacib məqamı izah etməkdə çətinlik çəkirlər. 19-cu əsrdə Məsihin hakimiyyətinin mülki hökumətə təsir etmədiyini düşünmək kütləvi hal almışdı. Beləliklə, bunu dərk etsək də, etməsək də, biz özümüzü başqa ağanın xidmətinə təslim etməyi seçdik.
Həyat 100% əxlaqi normalara əsaslandığı üçün əxlaqi normalarımız ya Allaha xidməti əks etdirəcək, ya da başqa bir səlahiyyətə xidməti əks etdirəcək; başqa seçim yoxdur (Matta 12:30). Özümüzü bu mövqeyə qoymaqla, biz hüquqla bağlı fikirlərimizdə nüfuz sahibi olmaq qabiliyyətimizi itirmişik. Nə üçün biz dövlət mühitinin Məsihin hakimiyyəti altına düşmədiyinə qərar vermişik? Mən bu inancın sadəcə bir ehtimal olduğunu və Müqəddəs Yazı tərəfindən təsdiq olunmadığını bəyan edirəm. Nə üçün buna əhəmiyyət verməliyik? Əgər sən Amerikanın dəyişdiyi vəziyyətə nifrət edirsənsə, onda sən əhəmiyyət verməlisən, çünki bizim millətin tənəzzülü Allahın hakimiyyətindən uzaqlaşmağımızın bilavasitə nəticəsidir.
Ölkəmizin, ABŞ-ın seçdiyi yol qəribə və ya təəccüblü deyil. Bir millət üçün öz əxlaqi mənbəyinin xarakterinə uyğunlaşması təbii (qaçılmaz) haldır. Əgər biz allahsız hakimiyyətə tabe olsaq, onda bizim ölkəmiz sözsüz ki, allahsızlığa çevriləcəkdir. Bunu müşahidə edərkən, “Bu aya uçmaq deyil” ifadəsi daha uyğun görünür. Amerikanın hazırki vəziyyəti göstərdiyi kimi cəhalət xoşbəxtlik DEYİL. Məsihin mülki hökumət haqqında bir fikri olmadığına inanaraq böyümüsünüzsə, o zaman əziz oxucu, inancınızın cəhalətdən irəli gəlib-gəlmədiyini bir yoxlayın. Beləliklə, sizi oxumağa çağırıram.
Ya ağdır, ya da qara
Mütləq həqiqət budur: hər etdiyimizdə biz ya Məsihə xidmət edirik, ya da etmirik. Üçüncü seçim yoxdur. Biz, “Məsihə xidmət etməyərək” eyni zamanda Məsihə xidmət edə bilmərik. Beləliklə, əgər biz Məsihə xidmət etmiriksə, onda biz kimə xidmət edirik? Məsih OLMAYAN birinə. Xidmətdə etdiyimiz hər şeyi hansısa hədəfə, məqsədə çatmaq üçün edirik. Bu məqsəd və ya hədəf ya Məsihə xidmət edir, ya da başqa bir şeyə xidmət edir (bax. Matta 12:30 və Luka 16:13). İnsanlar öz hərəkətlərinin kiməsə xidmət etməsi faktından qaça bilməzlər. Azad agentlər yoxdur.
Xidmət = əxlaq
Əxlaq insanların nə cür hərəkət etdiklərini müəyyən edən standartlardır. Xidmət təbii olaraq əxlaqa bağlıdır, çünki xidmət hərəkətlərdən ibarətdir və bizim hərəkətlərimiz hansısa əxlaq sisteminə riayət etməlidir. Matta 12:30-da İsa tərəfindən təsdiqlənən heç bir xidmət əxlaqi cəhətdən neytral deyil: “Mənimlə olmayan Mənə qarşıdır.” Başqa sözlərlə, İsa deyir ki: “Əgər sən Məni sevirsənsə, sənin xidmətin Mənim əxlaq normalarıma uyğun olacaq, əks tədqirdə sənin xidmətin Mənə qarşıdır.” Bizim hərəkətlərimiz Məsihin əxlaq normalarına ya uyğun olacaq, ya da ki, olmayacaq. Bütün hərəkətlər əxlaq normasına xidmət edir və müəyyən bir mənbədən (istər özümüz, istər Məsih, istərsə iblis olsun) qaynaqlanır.
Bütün əxlaq sistemlərinin ağası var
Hər bir əxlaq sisteminin başında həmin sistemin işləməsinə xidmət edən bir qaynağın olduğunu görürük. Məsihçi əxlaq sistemi Məsihə xidmət edir. İblisin məqsədi insanları Allahın əxlaq normalarına qarşı üsyana yönəltməkdir. Bağdakı iblis: “Doğurdanmı, Allah sizə yeməyin deyib?” (yəni, biz həqiqətən də Allahın dediklərini etməliyikmi?) İblis Göylərdə Allahın önündə Əyyub haqqında: “Əyyub Sənin düşündüyün qədər sadiq deyil. Sənin səlahiyyətini rədd etməsinə səbəb ola bilərəm” deyib. İblis və İsa: “Ey İsa, Sən Allahın xüsusilə, etmə dediyi bütün bu şeyləri etməlisən.” Allaha tabe olmayan əxlaq sistemlərinə qoşulanda, biz İblisə tabe oluruq. Üçüncü seçim yoxdur. Burada, “Allah, mən Sənə xidmət etməyəcəyəm, amma həmçinin iblisə də xidmət etməyəcəm. Mən sadəcə bu küncdə öz işimi görürəm,” və ya “Allah, mən Sənə xidmət edəcəyəm, amma Sənə necə xidmət edəcəyimə özüm qərar verəcəyəm” deyə bir anlayış yoxdur. Bizim bütün davranışlarımız iki ağadan birinə xidmət edir: ya Allaha, ya da iblisə. Bu narahat edici bir fikir ola bilər, lakin Məsihçilərin narahat olmağına ehtiyac yoxdur, çünki Allah bizə Ona xidmət etməyin nə demək olduğunu ətraflı şəkildə öyrətmişdir. Onun bizə öyrətdiklərini tətbiq edib-etməmək mövzusunda biz çaşıb qalırıq.
Hansı əxlaq?
Bütün əxlaq normaları eyni yaradılmamışdır. Əxlaq sistemləri iki kateqoriyaya ayrılırlar: Səlahiyyətli və səlahiyyətli OLMAYANLAR. Məsihin əxlaq normaları səlahiyyətlidir. İnsanın əxlaq sistemləri yalnız Məsihin əxlaq sistemini əks etdirdiyi halda səlahiyyətlidir. Bu o deməkdir ki, insan Allahın standartından kənarda və ya Onun standartlarına qarşı öz əxlaq standartlarını yarada bilməz. Misal üçün, təsəvvür edək ki, insan deyir: “Qətl qanunidir,” (abort məsələsində deyildiyi kimi), Allah isə deyir: “Qətl etməməlisən.” Bir-birinə zidd bu iki əxlaqdan, yalnız Allahınkı səlahiyyətlidir. Mən öz fikrimi asan yolla illüstrasiya etmək üçün bu nümunədən istifadə etdim, lakin qeyd etmək istəyirəm ki, əgər qətl kimi əsas məqamlarda Allahın əxlaqı ən üstün səlahiyyətə sahibdirsə, onda o xırda məqamlarda da üstünlüyə malikdir. Bizi Yaradan olaraq, bütün əxlaq məsələlərində ali qanunverici vəzifəsini Allah daşıyır.
Bu Məsihçilərə necə təsir edir?
Heç kim istədiyi əxlaqa əməl edə bilməz (baxmayaraq ki, bir çox insanlar üsyankar həyat tərzi sürürlər). Lakin Məsihçilərdə onların satın alınmış statuslarına xarakterik olan əxlaqi sadiqlik şərti var. Məsih çox aydın bildirir ki, Onu sevmək, Onun əmrlərinə əməl etmək deməkdir. Bu, 1 Yəhya 5:1-3-də təkrar edilir: “İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir. Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik. Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil.” Beləliklə, Məsihə olan sevgiləri ilə səciyyələnən Məsihçilər, şübhəsiz ki, Məsihin əxlaq normalarına sadiqdirlər.
Hökumət və əxlaq arasındakı uuəlaqə
Hökumət insanların davranışı ilə maraqlanır; buna görə də hökumət əxlaq ilə maraqlanır. Doğrusu, hökumət əxlaqi normaların tətbiq olunması üçün bir vasitədir. Əxlaq normasını seçməyə və onu tətbiq etməyə gələndə, hər bir hökumətin yalnız iki seçimi var: o, özününkünü yarada bilər, ya da kənar mənbədən əldə olunan birini tətbiq etməyi seçə bilər. Hökumət hansı yolu seçərsə, həmin yol müəyyən əxlaqi normanı tətbiq edəcək və bu əxlaqi norma kiməsə xidmət edəcək. Bununla, “Hökumətlər hansı əxlaqi normaları tətbiq etməlidilər?” sualı meydana çıxır. Buna görə də, biz hökuməti anlamağa ümid etməzdən əvvəl öz əxlaqi etibarlılığımızın qaydada olduğundan əmin olmalıyıq.
Allahın hökumət haqqında bir fikri varmı?
Bir çox müasir Məsihçilər Kilsə və Dövlətin bir-birindən ayrı olması anlayışına inanırlar. Bu haqda üç qeyd etmək lazımdır:
-
- Məsih də Kilsə və Dövlətin bir-birindən ayrı olmasına inanır. Əslində, bu fikri ilk növbədə Allah yaratmış və tətbiq etmişdir.
- “Kilsə və dövlətin bir-birindən ayrı olması” ifadəsinin məşhur anlayışı, əmələ gəlməsini əks etdirmir.
- Məsihin dövlət ilə heç bir əlaqəsi yoxdur inancı yalnız son zamanlarda (son 150 il ərzində) çox geniş populyarlıq qazanmışdır.
Bir vaxtlar Allah hökumətə kifayət qədər qayğı göstərirdi, O, İsrailə tam bir idarəetmə sistemi verdi. Allah İsrail xalqını yaradanda ilk növbədə bir-birindən ayrı Kilsə və Dövlət qurumlarını yaratdı. O, Harunu İsrail Kilsəsinin (kahinlər sistemi) başçısı təyin etdi. Bu erkən Kilsə üçün İsrail xalqını digər xalqlar arasından Allah qarşısında xüsusi edərək müvafiq tərzdə ibadət etməyi öyrədən mərasim qanunları yaratdı. Sonra Allah Musanı hökumət qurumunun rəhbəri olaraq təyin etdi və həmin hökumət üçün Öz əxlaqi qanun məcəlləsini təyin etdi. Bu sistemdə nə Kilsənin hökumət üzərində səlahiyyəti (bir vaxtlar Katolik Kilsəsinin malik olduğu kimi) var idi, nə də ki, hökumətin Kilsə üzərində heç bir səlahiyyəti (Amerikanın tutduğu istiqamət) var idi. Lakin Allah hələ də hər iki qurumu idarə edirdi.
Kilsə və Dövlətin bir-birindən ayrı olmasına baxmayaraq, dövlət Allahın hakimiyyətinə tabe olmaqdan azad deyil. Hər iki qurum Allaha cavabdehdir, çünki nüfuzlu əxlaq məcəlləsi təmin edə bilən yeganə varlıq Odur. Beləliklə, biz ən azından Allahın bir vaxtlar hökumətə əhəmiyyət verdiyini görürük. Əgər O nə vaxtsa hökumətə əhəmiyyət verirdisə, onda O çox güman ki, bu gün də əhəmiyyət verir (bax: Malaki 3:6, İbranilərə 13:8, Vəhy 1:8 və Yaqub 1:17).
Məsihin hökumət haqqında bir fikri varmı?
Əhdi-Cədidə keçərək, Matta 28:18-20-də Böyük Tapşırığı görürük. Müasir Məsihçilər Məsihin hökumətlə maraqlanmadığını əvvəlcədən təxmin etdikləri üçün onlar bu ayələrə az ehtimal verirlər ki, bu da Müqəddəs Yazılarla dəstəklənmir. İsa bizə deyir ki, Göylərdə VƏ yerdə BÜTÜN səlahiyyət Ona verilmişdir. Məsihçilər bu ayələrin ümumi görünüşünü yenidən nəzərdən keçirməli və özlərinə sual verməlidirlər: “Matta 28-də təsvir olunan Məsihin səlahiyyətinin çərçivəsini daraldan əlavə ayə hansıdır?” Başqa sözlərlə desək, hansı nüfuzlu standart Məsihçilərin Məsihin Padşahlığını “yer üzərində BÜTÜN səlahiyyət”dən “mülki hökumətdən və Məsihçi olmaq istəməyən hər hansı şəxsdən başqa yer üzərində BÜTÜN səlahiyyətə” kiçiltməyi təlimatlandırdı.
Əlavə olaraq verilməli sual budur: Əgər Məsihin səlahiyyəti bütün hökumətlərə və qeyri-məsihçilərə şamil edilmirsə, onda biz millətləri məhz nəyə şagird etməliyik? Şagirdlik haqqında nadir başa düşülən anlayış odur ki, İsanın yer üzərində xidmətinin sübut etdiyi kimi O, insanın xilas vəziyyətinə görə ayrı seçkilik etmir. Məsih bütün insanların Onun əxlaqi normalarına riayət etməsini gözləyərək təlim verirdi. Başqa sözlərlə desək, şagirdlik xilas olunanlara və xilas olunmayanlara eyni şamil edilməlidir.
Şagirdlik nədir? Bu, insanlara Məsihin əxlaqi normalarına riayət etməyi öyrətməkdir. Məsih bütün dünya üzərində səlahiyyətə malik olduğuna görə, O bütün dünyanın Onun əxlaq normalarında təlim almalarını gözləyir. Padşah onun ərazisində yaşayan bütün insanlardan onun qanunlarını öyrənmələrini və onlara əməl etmələrini tələb edir. Lakin Padşahın onun ərazisi içində yaşamayan insanlara onun qanunlarını öyrədilməsini gözləmir. Bütün dünya Məsihin mülkiyyətidir və beləliklə, hər bir padşah kimi O, Öz mülkiyyətində yaşayanlardan Onun qanunlarını öyrənməsini və onlara əməl etməsini gözləyir. Amma əgər Məsih yer üzərindəki bütün hökumətlər və insanlar (Məsihçi və qeyri-məsihçilər kimi) üzərində səlahiyyətə malik olmasaydı, onların şagirdlər olmasını heç gözləməzdi. Amma O, yenə də onların şagird olmalarını əmr etdi. Əgər biz Məsihin “Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir” sözlərinə inanmaq istəyiriksə, onda nəticə çıxarmalıyıq ki, Məsih Öz əxlaq normalarının bütün dünyada öyrədilməsini və onlara əməl edilməsini gözləyir.
Əhdi-Cədiddə hökumət üçün xüsusi təlimatlar varmı?
Məsihin həqiqətən də hökümətə qayğı göstərdiyi haqda Əhdi-Cədiddən daha bir şəhadət olaraq, gəlin, Romalılara 13:1-7-ni nəzərdən keçirək. Yenə də, məşhur Məsihçilik insanları bu ayəyə daha dar nöqteyi-nəzərdən baxmağa vadar edən qərəzli fikrə salır. Tipik gözucu baxışa əsasən, bu ayənin yalnız bizim hökumət qarşısındakı vəzifəmizi təsvir etdiyinə inanılır. Pop-məsihçi “proqramlaşdırması”ndan uzaqlaşdıqca, biz görə bilərik ki, bu ayələr fərdlər və hökumətlər üçün təlimatlardan ibarətdir.
Romalılara Məktub 13-cü fəsil bu beş tələbi xüsusilə hökumətlər üçün yazır:
- Hökumətlər Allahın xidmətçiləri olmalıdır (“Allaha xidmət edir… Allaha xidmət edir ki… hökmdarlar Allahın xidmətçisidir”).
- Hökumətlər bizim xeyrimizə xidmət etməlidirlər (“Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir.”)
- Hökumət, yaxşı iş görənlər üçün deyil, pis iş görənlər üçün qorxulu olmalıdır (“Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır.”)
- Hökumətlər pis iş görənləri cəzalandırmaq və yaxşı iş görənləri tərifləmək üçün mövcud olmalıdır (“Yaxşı iş gör, onda o səni tərifləyər.”)
- Allahın xidmətçiləri olaraq, Hökumətlər pis iş görənlər üzərində Onun qəzəbini tətbiq etmək üçün qisasçılar kimi davranmalıdırlar (“Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin.”)
Bu ayədə “xidmətçi” üçün istifadə olunan yunan sözü “Diakonos”dur. Bu da, təsadüf deyil ki, bütün Əhdi-Cədid boyu imanlı cəmiyyəti diakonunu və ya Allahın iradəsini Onun xalqına çatdırmaq üçün göndərilən digər fərdi təsvir etmək üçün istifadə olunan eynilə bu sözdür. Beləliklə, Romalılara 13-cü fəsil sadəcə hər hansı bir qədim idarəedici qurumu təsvir etmir. O, Allahın səlahiyyətinə tabe olan qurumları təsvir edir (bütün dünyadakı səlahiyyət Məsihə verildiyi üçün bu təəcübləndirici olmamalıdır). Romalılara 13:1-7-ni oxumağınızı və bu beş ayəni özünüz üçün qeyd etməyinizi çox məsləhət görürəm.
Bütün hökumətlər Romalılara 13 meyarına uyğundurmu?
Başqa sözlərlə desək: “Romalılara 13 bütün hökumətləri təsvir edir?” Şübhəsiz ki, elə deyil! Həvari Paul Hökumətlərin bizim xeyrimiz üçün xidmət edən xidmətçilər olduğunu deyəndə, o, kimin “xeyir” anlayışına istinad edir? Nasist Almaniyanın hökumətinə görə “xeyir” Yəhudilərin məhv edilməsi idi. Paulun Romalılara məktubu yazdığı dövrdə “xeyir” Roma dövləti tərəfindən yeni yaranan Məsihçi cəmiyyətinin təqibi kimi müəyyən edilirdi. Xeyir və şəri təsvir edərkən, bu çox aydındır ki, Paul xeyir və şərə Allahın onlara verdiyi təriflərə əsasən istinad edirdi (əks təqdirdə, Romalılara 13 Nasist Almaniyası da daxil olmaqla, bütün pis hökumətlərə Allahın razılıq verməsidir). Beləliklə, aydın olur ki, Romalılara 13-cü fəsil hökumətə Məsihçi İlahi Üçlüyü tərəfindən qurulmuş mənəviyyatın əxlaqi normalarına riayət etməyini əmr edir. Dünya üzərində bütün səlahiyyət Məsihə verildiyi üçün bütün daha kiçik dünyəvi qaydaların Onun əxlaq meyarlarına tabe olmasını tələb etməsi məna kəsb edir. Buna görə də, mən Romalılara 13:1-7-ə hökumət üçün Allahın nizamnaməsi olaraq istinad etməyi üstün tuturam.
Romalılara 13-cü fəsil nizamnaməsi bütün hökumətlərə tələb verirmi?
Bəli edir. Bütün hökumətlər Allahın xidmətçiləri olmağa çağırılıblar. Romalılara 13 məhz “Yalnız Məsihçi hökumətlər Mənim xidmətçilərim olmalıdır” deyə qeyd etmir. Padşah İsaya gəldikdə isə, Onun əxlaq qaydaları yer üzünün bütün sakinlərinə şamil olunur. Bu dünyada iki cür hökumət var: Romalılara 13 nizamnaməsinə uyğun olan qanuni hökumətlər və Məsihin Romalılara 13-dəki qaydalarına qarşı üsyan edən qanunsuz hökumətlər. Məsihin normalarının yalnız Məsihçilərə tətbiq olduğu fikri məşhur olsa da, sizi bu inamın Müqəddəs Yazılarda dəqiq sübutunu tapmağa çağırıram.
Allahın səlahiyyəti yalnız Onun xalqı ilə məhdudlaşmırdı
Dünyəvi hökumət (qeyri-məsihçiləri daxil etməklə) üzərində səmavi hakimiyyət xüsusilə Məsihin hazırkı hakimiyyəti ilə məhdudlaşırmı? Xeyr. Daniel Peyğəmbərin kitabında Məsihin gəlişindən əvvəlki dövrlərdə də Allahın yer üzərindəki rəhbərlərdən özlərini Ona tabe etməli olduğunu necə gözlədiyi qeyd olunur:
“Qoruyucu mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur” – Daniel 4:17.
Yeddi il keçdikdən, Allahın səlahiyyətini dərk etdikdən və Allah tərəfindən taxtı bərpa edildikdən sonra Navuxodonosor elan edir:
“Mən yenə öz taxtıma qayıtdım və əzəmətim daha da artdı. İndi isə mən Navuxodonosor göylərin Padşahına həmd edirəm və Onu mədh edib izzətləndirirəm, çünki Onun bütün işləri həqiqət, əməlləri ədalətlidir və qürurla gəzənləri alçaltmağa qüdrəti var.” – Daniel 4:36b-37
Beləliklə, biz “İsrail qəbiləsindən”olmayan bütpərəst hakimin Allahın əxlaqının adil olduğunu qəbul etdiyini görürük. Bu sözlər padşahın ağzı ilə bəyan edildiyi üçün Navuxodonosorun Allahın qanunlarını qəbul etməsi və Allahın ədalətinin onun padşahlığını idarə edəcəyini ifadə edirdi. Bu bütpərəst padşahın ifadəsində bugünkü əksər məsihçilərdən daha çox müdriklik olduğunu oxumaq utanc vericidir.
Niyə başqa bir şey istəyək ki?
Biz başqa əxlaq sisteminə xidmət etməyi istəməliyikmi? Əgər İsanın sözlərini olduğu kimi qəbul ediriksə, onda yəqin ki, istəməməliyik.
“Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür.” – Matta 11:29-30
“Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:
«Rəbbin Ruhu üzərimdədir,
çünki fəqirlərə Müjdəni bildirmək üçün
O Məni məsh etdi.
Əsirlərə azadlıq,
korlara gözlərinin açılmasını elan etmək üçün,
məzlumları sərbəstliyə buraxmaq üçün,
Rəbbin lütf ilini bəyan etmək üçün
Məni göndərdi».
Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.” – Luka 4:17-21
Yalnız Allaha xidmətdə biz sərbəst, təhlükəsiz və azad yaşamağa ümid edə bilərik. Alternativ əxlaq sistemləri nəyə gətirib çıxarır? – Allahın vəd etdiyinin əksinə. Matta 11:30-da İsanın niyyətinin “Mənim boyunduruğum rahat və yüküm yüngüldür. Amma digər dostumuzun da boyunduruğu çox yüngüldür” demək olmadığı təqdirdə, Onun bizi başqa ağalara xidmət etməyin nisbi təhlükəsi və çətinliyi haqda xəbərdar etdiyini düşünməliyik. Amerika İsanın bəyanatının həqiqətinin canlı nümunəsi olaraq xidmət edir.
Amerika öz sədaqətini Allaha xidmət etməkdən yeni əxlaq sisteminə xidmət etməyə dəyişdikcə biz öz ətrafımızda bunun fəsadlarını görürük: bunlardan heç də az əhəmiyyətsiz olmayanı bu günə qədər abort vasitəsilə öldürülmüş 50 milyon uşaqdır. Siz birbaşa Məsihdən gəlməyən, hökumətdə olan əxlaq normaları ilə razılaşanda, BU baş verir. İnsan əli ilə qurulmuş əxlaq sistemləri çox sərtdir və çox baha başa gəlir – daha dəqiq desək, hər il bizim 1.21 milyon uşağımız bahasına başa gəlir. Hər səhər oyandığımızda və hər axşam yatmazdan əvvəl təkrarlamalı olduğumuz mantra budur: “Mən, ya Allahın əxlaq sistemi altında azadlıqdan zövq alacağam, ya da insanın əxlaq sistemi altında zülm çəkəcəyəm.”
Nəticə
Məsih mülki hökumətin qayğısına qalır. Böyük Tapşırıq sayəsində, millətlərə Padşah İsanın əxlaq normalarını düzgün tətbiq etməyi öyrətmək üçün Məsihçilərin xüsusi nizamnaməsi var. Hökumətimizin hansı qanunları yaratmalı və yaratmamalı olduğunu müzakirə edərkən bizim cavabımız bu olmalıdır: “Yalnız Məsihə xidmət edən qanunlar.” Bizim səbəbimiz də budur: “Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır” (Romalılara 7:12).
Məsihin əxlaq normalarına riayət etmək bütün insanlardan tələb olunur (baxmayaraq ki, bizim Padşahımızın ərazisində hələ bir çox üsyançılar var). İnsan qanunundan fərqli olaraq, Məsihin əxlaq norması ağır deyil. Müqəddəs Kitab qanunun Nə və Niyə olduğunu müəyyən etmək üçün millətlərin nəzərində (Qanunun Təkrarı 4:6) bizim müdrikliyimizdir. Növbəti sual (gələcək məqalə üçün saxlanılıb) budur: Padşah İsa, Onun ərazisində yaşayanlardan dəqiq olaraq nə tələb edir?
İngilis dilində mövcuddur: https://www.christendomrestored.com/2015/03/20/christianity-and-government-jesus-is-king/
Micah Hurd haqqında: Mən 2-ci nəsil Reformçu Məsihçiyəm, həyat yoldaşıyam, atayam və Birləşmiş Ştatların Dənizçisiyəm. Mən, Dallas Fort Worth-da (DFW) anadan olub böyümüşəm. Həyat yoldaşım və iki oğlumuzla, Texas Ştatının, Weatherford şəhərində “Heritage Covenant” Kilsəsinə gedirəm. Mənim hobbilərimə oxumaq, yazmaq, fitnes, icmaların təşkili, kompüter və elektronika ilə məşğul olmaq, radio rabitə, tüfəng quraşdırmaq, tüfəng və tapança sistemlərini işə salmaq, atıcılıq və döyüş atıcılığında daha da təcrübəli olmaq, sərrastlıq və döyüş nişancılığını öyrənmək və öyrətmək, döyüş sənətləri, məsihçilərlə “dəmir itiləmək” və humanistlərlə (onlar izn verəndə) dünya görüşlərini müzakirə etmək. Mən böyük bir beynəlxalq səviyyəli texnologiya şirkətinin şəbəkə bölməsi üçün fiber xarakteristikası üzrə mühəndis vəzifəsində çalışıram.