War Room Productions-ın bir hissəsi olan Axe to the Root buraxılışının 27-ci seriyasına xoş gəlmişsiniz. Mənim adım Bojidar Marinovdur və növbəti 20 dəqiqə ərzində sizinlə birlikdə müəyyən cinayətlər üçün Müqəddəs Kitabda nəzərdə tutulmuş cəzaları müzakirə edəcəyik.
Bütün cinayətlər əhatə olunmur, halbuki əminəm ki, Müqəddəs Kitabdakı cəzaların diqqətli araşdırılması Müqəddəs Kitab ədalətinin və bu ədalətin ictimaiyyətdə və məhkəmələrdə praktiki tətbiqinin hərtərəfli öyrənilməsini də əhatə etməlidir. İctimaiyyətdə və məhkəmələrdə ifadəsini vurğulamaq istəyirəm, çünki Müqəddəs Kitab ədaləti təkcə məhkəmələr vasitəsilə həyata keçmir, həmişə ayrı-ayrı fərdlərdən və ailədən başlayır.
Diqqətimizi maddi dəyərlərin məhv edilməsi ilə bu və ya digər şəkildə əlaqədar olan cinayətlərin məhdud bir bölümünə yönəldəcəyik. Müasir bütpərəst, barbar mülki hökumətimizin bu cür cinayətlərin öhdəsindən necə gəldiyini – ya da ümumiyyətlə gəlib-gəlmədiyini – sizə göstərəcək, eləcə də Müqəddəs Kitabın bu cür cinayətlər üçün nəzərdə tutduğu ədalətli həll yollarına baxacağıq. Əlbəttə, hər şeyi 20 dəqiqə kimi qısa vaxt ərzində əhatə edə bilməyəcəyik, lakin heç olmasa, bu məsələ ilə bağlı əlimizdə çoxlu ədəbiyyat var və bu məsələyə Müqəddəs Kitab nöqteyi-nəzərindən baxışı oradan öyrənə bilərik.
Beləliklə, aranızda ədalət məsələlərində konkret Müqəddəs Kitab əsaslı həll yolları ilə heç vaxt qarşılaşmayanlar varsa, qoy bu bölüm yalnız başlanğıc rolunu oynasın və Müqəddəs Kitab nöqteyi-nəzərindən ədalət və salehlik haqqında sizi daha çox maarifləndirmək üçün zehninizi açsın. Eləcə də, qoy xüsusi nüfuz, iş və siyasi iştirak sahələrinizdə də praktiki həll yolları açsın.
Axe to the Root-un əvvəlki buraxılışında bir-iki dinləyicimiz həbsxana-sənaye kompleksi haqqında sual ortaya qoymuşdu. Onlarda belə bir təəssürat yaranmışdı ki, mən, son nəticə olaraq, həbsxana sisteminin ləğv edilməsinin tərəfdarıyam, necə ki mən polisin və mülki hökumətin digər icraedici funksiyalarının ləğv edilməsini müdafiə edirəm. Bu təəssürat tamamilə doğrudur. Allahın Qanununda heç bir həbsxana sistemi tələbi yoxdur və əslində bu cür bir qurumun mövcudluğu Allahın əmr etdiyi mülki hökumətin xarakterinə ziddir.
İsraildə nə zindan, nə də həbsxana var idi, hətta Yeremyanın dövründəki bütün bütpərəstliklərə, başqa allahlara səcdə ənənələrinə və ədalətsizliklərə rəğmən, Yəhudeya padşahlığında heç bir zindan və ya həbsxana yox idi. Bunun belə olduğunu bilirik, çünki hakimiyyət Yeremyanın təbliğinə mane olmaq istəyəndə onu bağlı tutmağa yerləri yox idi, ona görə də onu istifadə edilməyən su quyularından birinə atmaq məcburiyyətində qalmışdılar (Yer. 38).
Zindanlar və həbsxanalar bütpərəstlik ənənəsi idi və Allahın ədalət və ictimai nizam sisteminə tamamilə zidd idi. Bu bir həqiqətdir ki, başlanğıcda Amerika koloniyalarında və ilkin respublikada nə zindanlar, nə də həbsxanalar var idi; həbsxana və zindanların istifadəsinə daha sonra, Maarifçiliyin dünyəvi humanizmi Birləşmiş Ştatlardakı mülki hökuməti ələ aldığı zaman başlandı. Həbsxana sisteminin mövcudluğunu dəstəkləyən müasir məsihçilər və ümumiyyətlə mühafizəkarlar ən yaxşı halda şizofreniya xəstələridirlər, hələ ikiüzlülüyü və pisliyi demirəm. Həbsxana və zindanların mövcudluğunun məsihçiliklə və ya mühafizəkarlıqla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.
Dinləyicilərimdən bir neçəsi belə bir sualla müraciət etmişdilər: “Onda bəzi cinayətlərlə bağlı nə kimi tədbir görək?” Açığı, bilirik ki, qətl, təcavüz, adam oğurluğu kimi bəzi cinayətlər həbslə cəzalandırılmamalıdır, onların cəzası ölüm hökmüdür. Bəs oğurluq necə olsun? Dalaşmaq və kiminsə dişini qırmaq, yaxud başqa qalıcı və ya müvəqqəti zədələr necə olsun? Bəs ehtiyatsızlıq və ya cinayət səhlənkarlığı üzündən əmlakın məhv edilməsi, ya da əmlaka və bədənə zərər vurmaq? Cinayətin ciddi olduğu, lakin ölüm cəzasını tələb edəcək qədər ağır olmadığı bütün bu hallar necə olsun? Bütün cinayətlər üçün eyni hökmü – ölüm hökmünü çıxara bilmərik, bu, Müqəddəs Kitabdakı cəzanın cinayətə müvafiq olması prinsipini pozmaq deməkdir; əks halda, əgər hər cinayət eyni cəzanı alsaydı, bu, adi bir oğrunu yaxalanmamaq üçün bir qatilə çevrilməyə təşviq edərdi, axı kiçik bir cinayətin böyüyü ilə əvəz edilməsi məhkəmə hökmünü dəyişməyəcəkdi. Beləliklə, əgər həbsxanalar yoxdursa, onda bu kiçik cinayətlərlə bağlı necə tədbir görəcəyik?
Bir dinləyicim hətta oğurluq məsələsində şəriətdəki həll yolunun, yəni oğrunun sağ əlinin kəsilməsinin tərəfdarı olmağımı istəyirdi; o, uzun-uzadı həbsdə yatmağın ədalətsizliyi ilə insanı şikəst etməyin ədalətsizliyi arasında üçüncü bir yol görə bilmirdi. Ona görə də onun gəldiyi nəticə belə idi: əgər islamın barbarlığına düşmək istəmiriksə, onda “oğrunu islah məqsədilə cəmiyyətdən təcrid etmək” kimi guya “mədəni” həll yolunu qəbul etməliyik.
Bu, əlbəttə ki, həbsxanalarla bağlı müasir humanist ictimai quruluşun təməl şüarıdır: onlar cinayətkarın cəmiyyətdən təcrid edilməsi və onun əxlaqi islahı kimi iki məqsədə qulluq edir. Əlbəttə, güman edilir ki, oğru da, qatil kimi, cəmiyyətdən uzaqlaşdırılmalıdır və islah olunmaq üçün digər oğruların və qatillərin arasına salınmalıdır. Bu, müasir dövlətin özünü ilahiləşdirmə iddiasıdır: o, insanların yaşadığı mühiti idarə etməklə onların əxlaqının düzəlməsinə nail ola biləcəyinə iddia edir; sonra isə, əlbəttə, daha da axmaq səslənsin deyə, iddia edir ki, bu mühit məhsuldar fəaliyyətlə məşğul olan əxlaqı düzgün insanların mühiti deyil, səmərəsiz, məqsədsiz və faydasız həyat sürməyə məcbur edilən əsl cinayətkarların mühiti olmalıdır. Şübhəsiz, dövlət yer üzündə yaşayan, insanların qəlblərində möcüzələr yaratmağı bacaran o qüdrətli allah olmalıdır.
Lakin müasir hökumətlərin özləri haqqında belə bir düşüncədə olmağı bizi təəccübləndirmir, elə deyilmi? Axı bu, sadəcə həbsxana sistemi deyil; müasir hökumətlərin etdikləri hər şey özünü ilahiləşdirmənin məhsuludur. Dövlət məktəbləri, polis idarələri, sosial təminat, iqtisadi qaydalar, ərazi istifadə qanunları və s. hamısı bir fikrə əsaslanır – dövlət yer üzündəki allahdır, buna görə də Allahın Müqəddəs Kitabda iddia etdiyi hər işi o da görə bilər. Sadəcə, sözsüz, müasir hökumətlər bunu daha yaxşı edir.
Yəqin aydındır ki, oğrunu cəmiyyətin məhsuldar həyatından, dürüst insanların cərgəsindən təcrid etməklə və digər cinayətkarların arasına, məqsədsiz bir şəraitə yerləşdirməklə heç bir şeyə nail olunmayacaq. Yalnız dövlətin kor-koranə pərəstişkarları belə bir siyasətin bəlkə oğrunu qatilə çevirməkdən başqa da hər hansı əxlaqi “islaha” gətirib çıxaracağına inana bilər.
Bu cür cinayətlərin həll yolunu öyrənənə qədər daha da aydın olmalıdır ki, bir oğru həbsə atıldığı zaman cəmiyyət daha pis bir vəziyyətə düşür. Hətta həbsxana sistemində korporativ maraqların olmadığını təsəvvür etsək; azadlıqdan məhrum etmə hallarından özəl şirkətlərin gəlir əldə etdiyi gerçəkliyini nəzərə almasaq; bunun heç kimə maddi faydası olmadığını və deməli, daha ağır həbs tədbirləri üçün siyasi təzyiqin olmadığını düşünsək belə, yenə də aydın görünür ki, həbsxana sisteminin fərz edilən ən mükəmməl və ən ideal vəziyyətində belə, cinayətin tərəflərindən biri üçün həmişə daha pis olur – cinayətin qurbanı üçün.
Bütpərəst ədalət sisteminin mərhəməti sayəsində qurban əvvəlcə oğru tərəfindən soyularaq əziyyət çəkir; sonra oğru həbs cəzasına məhkum ediləndə, qurban hökumətin oğrunu tutduğu həbsxanaya maddi dəstək verərək, daha böyük bir oğrunun – hökumətin soyğunundan əziyyət çəkir. Nəticədə, bütövlükdə cəmiyyət uduzur, qurban uduzur, cinayətkara isə cəmiyyətdə bərpa olunmaq şansı verilmir; burada qazanan yeganə təbəqə – hökumətin bürokratları və hər bir məhbus üçün pul alan özəl şirkətlərdir.
Sözsüz ki, bunun bir səbəbi var. Bütpərəst dünya görüşünə və cinayət və ədalətlə bağlı bütpərəst nəzəriyyəsinə görə, cinayətin əsl qurbanı hansısa fərdi qurban deyil, dövlətdir. Beləliklə, oğru cinayətini fərdi qurbana qarşı törətsə də, onu təqib edən dövlətdir, ona görə də məhz dövlət dəymiş zərərin ödənilməsini tələb edir, cəhənnəm olsun fərdi qurban. Hər bir bütpərəst dünya görüşü istər-istəməz kollektivistdir və fərdin hüquqi reallığını və ya hətta əxlaqi varlığını sözdə qəbul etsə də, həqiqətdə inkar edir.
Beləcə, bütpərəst hüquq sistemində fərdi qurban nəticə etibarilə ikiqat zərbə alarkən, fərdi cinayətkarın barmaqlıqlar arxasına atılması, daha əxlaqlı və səmərəli yollarla islah olmasına və davam etməsinə icazə verilməməsi bizi təəccübləndirməməlidir. Cəmiyyətdə yeganə iş görən məsul tərəf hökumət olduğuna görə, cinayətdən faydalanan yeganə tərəf də hökumətdir. Hökumət – allahdır.
Elə isə Müqəddəs Kitabın bu cür cinayətlərə münasibəti necədir və hansı həll yolunu təklif edir?
Müqəddəs Kitab ədaləti ilə bağlı birinci növbədə qeyd etməliyik ki, istənilən cinayətdə mülki hökumət cinayətin tərəflərindən biri deyil. Əslində, Allahın Qanunu belə bir qurumun varlığını qəbul etmir. Mülki hökumət bir qurum olaraq, məhkəmədəki hakimin şəxsi ilə məhdudlaşır, həmin hakim elə Romalılara Məktubun 13-cü fəslində bəhs edilən hökmdardır. Mülki hökumət Müqəddəs Kitabda hüquqi və ya ictimai fərdiyyətə malik, yaxud da hakimdən və şəxsindən kənarda mövcud olan kollektiv bir qurum kimi qəbul edilmir. Müqəddəs Kitabda imanlılar cəmiyyətindən (Mat. 18:17) və ya ailədən (Ef. 3:15) kollektiv bir varlıq kimi bəhs edilən ayələr tapa bilərsiniz, lakin heç bir yerində “hökumətdən” bu cür bəhs edilmir. Hökumət icraedici hakimiyyət kimi deyil, sadəcə hakimin şəxsində, yaxud da ali məhkəmə olan padşahın şəxsində mövcuddur.
Beləliklə, Müqəddəs Kitab Qanununda hökumətə qarşı cinayət deyilən bir anlayış ola bilməz; cinayətlər həmişə ayrı-ayrı fərdlər tərəfindən ayrı-ayrı fərdlərə qarşı törədilir. Cizginin bir tərəfində, hansı təşkilata mənsub olmasından asılı olmayaraq, cinayətkar dayanır, digər tərəfində isə cinayətin qurbanı dayanır. Cinayətkara qarşı cinayət işini zərər çəkmiş qaldırır və bu məsələdə məhz zərər çəkmişin məmnuniyyəti təmin edilməlidir.
Bəs söhbət oğurluq, cinayət səhlənkarlığı və ya sağlamlığa xələl yetirmə kimi kiçik cinayətlərdən gedirsə, necə bir məmnuniyyətdən bəhs edirik? Aydındır ki, həbsxana ola bilməz, çünki, gördüyümüz kimi, bu, sadəcə qurban üçün əlavə yük və təkrar soyğundur. Həbsxana heç bir yanlışı düzəltmir, hökuməti də cinayətkarların cərgəsinə qataraq yanlışı ikiqat artırır. Bu, yanlış istiqamətdə atılan bir addımdır.
Müqəddəs Kitabın istiqaməti isə, bunun əksinə, ilk növbədə qurbana dəymiş zərərin ödənilməsi, daha sonra isə cinayətkarın qurbanı məruz qoymaq istədiyi cəzanın onun özünə tətbiq edilməsi yönündədir. Beləcə, zərər çəkmişin zərərinin əvəzi ödənilir, cinayətkara isə cəza verilərək, bütün gələcək cinayətlərə həvəsinin qarşısı alınır.
Beləliklə, oğurluq üçün Müqəddəs Kitabda nəzərdə tutulan ümumi cəza – ikiqatdır, yaxud da dəymiş zərərin 200% ödənilməsidir: Çıxış 22:7 və digər ayələrdə bu cür qeyd olunur. Məsələn, bir adam maşın oğurlayır və sonra yaxalanıb məhkəməyə verilir, ən azı iki-üç şahidin sözünə əsasən mühakimə edilir. Törətdiyi cinayət sübuta yetiriləndə aldığı cəza nə həbs, nə də hökumətə ödəniş etməkdir. Cəzası – zərər çəkmişə oğurladığı maşın kimi iki maşının dəyərində pul ödəməkdir. Sonra zərər çəkmişə həm itirdiyi maşının əvəzində, həm də yaşadığı psixoloji narahatlığa və yəqin ki, bir də istintaq xərclərinə görə təzminat ödənilir. Cinayətkar isə başqasına vurmaq istədiyi ziyan səviyyəsində təzminat ödəyərək əvvəlkindən daha çox maddi zərər çəkəcək, bu isə Müqəddəs Kitabın “gözə göz, dişə diş” prinsipinə uyğun baş verir.
Lakin sadəcə cəzadan və ya dəymiş ziyanın təzminatından daha böyük bir şey baş verir: bu, həqiqi bərpadır: zərər çəkmişin mülkiyyəti bərpa edilir, cinayətkarın isə cəmiyyətdəki tam statusu bərpa edilir. Törətdiyi cinayətin əvəzini ikiqat ödədikdən sonra o, yenidən azad insana çevrilir və öz həyatını hər hansı keçmiş təqsir olmadan yenidən başlaya bilər. Beləliklə, Allahın Qanunu hər şeydən çox bərpa ilə bağlıdır; cəza – adam öldürmək, təcavüz etmək və ya adam oğurlamaq kimi bərpası mümkün olmayan bəzi cinayətlər istisna olmaqla – ikinci dərəcəli rol oynayır və son məqsədi cinayətkarı toxunulmazlıq və azadlıq vəziyyətinə geri qaytarmaqdır. “Get, daha günah etmə”.
Allahın Qanununun müasir oxucularının burada problem kimi görəcəyi məsələ belədir: əgər cinayətkar oğurladığı pulları xərcləyibsə, təzminatın ödənilməsi üçün müsadirə ediləcək heç bir əmlakı yoxdursa, bəs onda necə olsun?
Bu sualın cavabını Çıxış 22:3-də tapa bilərsiniz: “Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın”.
Allahın qanunu qalıcı, əmlak köləliyini qadağan edir. İnsan oğurluğu qadağası qədim vaxtların köləliyinə şamil ediləcəkdi – axı insanı azadlıqdan məhrum etmədən köləyə çevirmək mümkün deyil, insan oğurluğunun tərifi də azadlıqdan məhrum etməkdir. Halbuki Qanun fərqli bir köləliyi və ya asılılığı əmr edirdi: maddi öhdəlikləri yerinə yetirmək üçün köləlik. Bir adam borcunu ödəmədiyinə görə köləliyə satıla bilərdi: İsrail xalqının üzvləri üçün bu cür köləlik 7 il ilə məhdudlaşdırılmalı idi (bu, əcnəbi kölələrin imana gəlməsi və sünnət olunması üçün bir həvəsləndirici təşviq idi).
Lakin zaman məhdudiyyəti olmayan bir köləlik də var idi, bu da təzminat köləliyidir: əgər cinayətkar törətdiyi cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş borcu ödəməli idisə, bu, baş verirdi. Beləliklə, cinayətkarın ikiqat təzminat ödəmək üçün əmlakı yoxdursa (pulları xərclədiyinə görə, yaxud bəlkə oğurladığı vəsaitləri gizlətdiyinə görə ola bilər), o, yerdə qalan ödənilməmiş məbləğ üçün kölə kimi satışa çıxarılmalıdır. Əgər bir iş sahibi onu alıb pulunu ödəməyə hazırdırsa, əldə edilən vəsait zərərçəkmişə verilməlidir, cinayətkar isə bu məbləği geri ödəyənə qədər razılaşdırılmış əmək haqqı ilə yeni sahibi üçün işləməlidir.
Müasir oxucunun belə bir qərarı anlaması çətindir – axı köləliyə artıq son qoyulub, elə deyilmi? Köləlik keçmişdə qalıb, elə deyilmi? Köləliyin bərpası üçün axı necə çağırış edə bilərik; köləliyin öz çirkin üzünü yenidən göstərməyinə icazə verə bilmərik, elə deyilmi?
Yanlış fikirdir. Köləlik sivilizasiyamızı heç vaxt tərk etməyib. Keçmişdə ləğv etdiyimiz şey fərdi, maddi köləlik idi; bir adamın digər adama iqtisadi məqsədlərlə köləliyi idi. Tarix boyunca əksər hallarda, istər əmlak köləliyi, istərsə də müqaviləli qulluq halları fərdi xarakter daşıyırdı və fərdi iqtisadi əməliyyatların və öhdəliklərin bir hissəsi idi. O köləlik getdi, ancaq yerinə hökumət köləliyi gəldi; yəni daha çox qeyri-maddi formalarda olan, iqtisadi fəaliyyət və məhsuldarlığın deyil, icra siyasətinin bir hissəsi kimi, mülki hökumətə köləlik gəldi.
Bu gün bu köləliyə… həbsxana deyilir. Bu gün qurbanlara dəyən ziyanın təzminatı məqsədilə Müqəddəs Kitab köləliyinin bərpa edilməsinə qarşı etiraz edənlər, təzminatın hökumətə və əlaltılarına ödənildiyi hökumət köləliyini dəstəkləyirlər. Beləliklə, köləlik sivilizasiyamızı tərk etməyib; indi biz hökuməti bütün cinayətlərin əsl qurbanı kimi ilahiləşdirdiyimiz üçün, o, sadəcə forma dəyişdirib.
Odur ki, oğurluq probleminin Müqəddəs Kitab əsasında həlli əslində köləliyin bərpasını tələb etmir; dövlətçi bütpərəstlikdən imtina etməyə çağırır; köləlik hələ də qalır və hələ də eynidir. Allahın Qanunu tələb edir ki, ədalət sistemimizin allahını dəyişək.
Bəziləri iddia edə bilər ki, Müqəddəs Kitabda təzminatın xüsusi növü qeyd olunur, daha dəqiq desək, Çıxış 22:1-dəki kimi dördqat və ya beşqat təzminat: “Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin”. Bunun ümumi bir prinsip olduğunu düşünmək nə qədər şirnikləndirici olsa da, Müqəddəs Kitabın digər ayələri bunu təsdiqləmir. Bu ayə daha çox mal-qara və qoyun-keçilərin xüsusi növ mühafizəsini nəzərdə tutur, belə bir mühafizə isə etik/hüquqi xarakterdən daha çox mərasim xarakteri daşıyır. Allah bu heyvanların oğurlanmasına görə xüsusi cəzalarla hədələyirdi, çünki onlar məbəddəki ibadətin simvolları idilər; qoyun-keçi və mal-qara müəyyən reallığı ifadə edirdilər. Odur ki, belə bir qanun Əhdi-Ətiq iqtisadiyyatının “kölgələrindən” biri olaraq, Əhdi-Cədid Qanununun daimi hissələrindən biri kimi nəzərdən keçirilməməlidir.
Bununla belə, bizim üçün təzminatın başqa bir növü daha vacibdir: beşdə bir əlavə və ya 120% təzminat. Levililər 6:1-6 və Saylar 5:6-7 bundan bəhs edir; hər iki hissə də təzminatı beşdə bir əlavə və təqsirin könüllü surətdə etirafı ilə əlaqələndirir. Başqa sözlə desək, əgər cinayətkar yaxalanana və məhkəməyə cəlb edilənə qədər gözləməsəydi, təqsirini etiraf etməklə və 120% təzminat ödəməyə razılaşmaqla öz məsuliyyətini azalda bilərdi. (Yeri gəlmişkən, iki və ya üç şahidin iştirakı tələbi – özünü təqsirləndirmə və ya etirafa əsaslanan istənilən ittihamı istisna edirdi; beləliklə də, Müqəddəs Kitab, şübhəliləri işgəncələrdən və ya zorla özünü təqsirləndirməyə məcbur edilmənin digər yollarından qoruyurdu). Cinayət törədildiyinə görə, o, hələ də cəriməni ödəməyə borclu idi. Lakin cəmiyyətin istintaqa və məhkəmə proseslərinə sərf edəcəyi xərclərə qənaət edən bir addım atdığına görə daha az cərimə ilə mükafatlandırıldı. Qurbana dəymiş ziyan tamamilə ödənilirdi, üstəlik 20% əlavə edilirdi və hər ikisinin cəmiyyətdəki tam statusu bərpa edilirdi.
Təzminat tələb edən digər cinayət kateqoriyası bədənə xəsarət yetirmək, xüsusilə də şikəst etməkdir. Bu hissənin şərhi kiçik bir seriyada əhatə etmək üçün çox uzundur, lakin Qeri Nort özünün əvvəlcə “Hökmranlıq vasitələri” adlanan Çıxış Kitabının 21-40-cı fəsillərindəki presedent hüququna dair iqtisadi şərhində yer vermişdir. Onun gəldiyi nəticələrin qısa xülasəsini çıxarsaq, Allahın Qanunu bədənə xəsarət yetirmənin iki variantını gözdən keçirirdi: bunlardan biri cinayətkara da müvafiq bədən xəsarətinin yetirilməsini; digəri isə – zərərçəkənə həm müalicə zamanı dəymiş maddi ziyanın, həm də məhsuldarlığın itirilməsinə görə ziyanın (yadda saxlayın ki, bir gözü və ya bir əli olan insan gözləri və əlləri yerində olan adamdan maddi cəhətdən daha az məhsuldardır) əvəzini ödəyən maddi təzminatı nəzərdə tutur. Qanunda “gözə göz” prinsipinin üstünlük təşkil etməsinə baxmayaraq, Müqəddəs Kitabda fiziki xəsarətlə cəzalandırmağa dair bir dənə də nümunə yoxdur: görünür, bütün hallarda qurban maddi ödənişə üstünlük vermişdir. Bu cür ödəniş, xəsarət və ya hətta ölüm halı (ödəniş ailəyə verilirdi) qəsdən baş vermədikdə edilə bilərdi.
Kölə öldürüldüyü zaman da təzminat ödənilməli idi (məsələn, Qanunun Təkrarı 21:32). Bu, bir çox ateistlər üçün təbliğat maddəsi idi (“baxın, Müqəddəs Kitab kölələri insandan daha aşağı hesab edir!”), lakin bu qanunun təzminat və yenidən bərpa prinsipində çox möhkəm təməli var idi. Bu, kölənin insani dəyəri ilə deyil, Müqəddəs Kitabın köləlik anlayışı ilə əlaqədar idi. Kölə yalnız müəyyən bir borc ödədiyi zaman kölə ola bilərdi, ona görə də qatilin sadəcə edam edilməsi onu dəymiş ziyanın təzminatından məhrum edərdi. Ödəniş məbləği kiçik deyildi, beləcə, qatil özü köləyə çevrilmək riski ilə üzləşirdi və köləliyin sıxıntılarını özü də yaşayaraq təcrübədən keçirirdi.
Dəymiş ziyana görə bu maddi təzminat, görünür, cəmiyyətin məhsuldarlığını qorumaq üçün nəzərdə tutulmuşdu. Bədənə xəsarət hallarına düzgün prinsipial cavab müvafiq bədən xəsarətinin yetirilməsi olsa da, cəmiyyət bundan faydalana bilməz. Bu yolla Allah fidyənin ödənilməsinə, hər şeyi yoluna qoymaq üçün ödənişin edilməsinə və ən azından məhsuldarlığı itirmədən cəmiyyətin funksionallığının müəyyən dərəcədə bərpa edilməsinə imkan yaradır.
Beləliklə, təzminat tələb edən cinayətlərin sonuncu əsas kateqoriyası əmlakın qəsdən və ya qərəzsiz şəkildə məhv edilməsi idi. Əgər bir nəfər öz sahəsində yanğın törədərək qonşusunun məhsulunu məhv edərdisə, özünün ən yaxşı məhsulundan qonşusuna müvafiq miqdarda qaytarmalı idi. Əgər qonşusunun əmlakını öz öhdəliyinə götürürdüsə, bu əmlakın itirilməsinə görə məsuliyyət daşıyırdı, əgər cinayət səhlənkarlığı sübuta yetirilərdisə, oğurluq halında olduğu kimi, ikiqat ödəniş etməli idi. Öz öküzünün sərbəst gəzməsinə və başqasının öküzünə xətər yetirməsinə yol verərdisə, bunun əvəzini ödəməli idi. Və s., və i.a.
Məbəddə öz andını yerinə yetirməmək kimi müəyyən qayda pozuntularına görə də təzminat ödənilməli idi. Bu gün bunun rəsmi kilsəyə müəyyən təzminatın ödənilməsinə gətirib çıxaracağına əmin deyiləm, lakin hisslərim mənə deyir ki, belə olmamalıdır, çünki kilsə – Məbədin deyil, sinaqoqun varisidir. Amma bu başqa bir mövzunun və tamamilə başqa bir seriyanın müzakirə məsələsidir.
Bu üç cinayət və qanun pozuntusu kateqoriyası istənilən cəmiyyətdə baş verə biləcək bütün cinayətlərin əhəmiyyətli bir hissəsidir. Allahın Qanununa əməl edən istənilən cəmiyyətdə qətl və adam oğurluğu minimal dərəcədə ola bilərdi (edam cəzasına görə). Hər hansı cəmiyyətdə cinayətkarlığın kökündən təmizlənməsini gözləyə bilməsək də, saleh və ədalətli cəmiyyətdə cinayətkarlığın nəzarətdə saxlanılan səviyyəyə endirilə biləcəyini və əksəriyyətinin xırda, iqtisadi cinayətlər olacağını əminliklə proqnozlaşdıra bilərik. Əlbəttə, bu cinayətlərin çoxu daha çox qərəzsiz qanun pozuntuları olardı; bəlkə yenə də sağlamlığa xəsarət yetirən və əmlakı məhv edən hallar ola bilərdi, lakin edamla cəzalandırılacaq qədər ciddi cinayətlər olmazdı. Bu cür cinayətlərin cəmiyyətə düzəlməsi mümkün olmayan dağıdıcı təsiri olmayacağına görə, Allahın Qanunundakı ədalət sistemi cinayətin qurbanına təzminatın ödənilməsi şəklində həqiqi bərpanı təyin etmişdir.
Bu, eyni zamanda cinayətkar üçün də həqiqi bərpa deməkdir, çünki təzminatı ödədikdən sonra o, azad insan, cəmiyyət qarşısında hər cür təqsirdən azad bir insan olacaqdır. (Allah qarşısında hələ də təqsiri ola bilər.) İctimai asayiş qorunacaqdır, hökumət isə daha böyük, tiran və özünü ilahiləşdirən hökumətə çevrilmək üçün sərvət yığa bilməyəcək. Allahın həqiqi əhd nümayəndələri olan qurbanlar məhkəmə proseslərindən məmnun qalardılar, bütün cinayətlərin əsl qurbanı olan Allah da məmnun qalardı. Onda Allah Onun ədalət standartlarını qoruyan belə bir cəmiyyətə Öz xeyir-dualarını bol-bol yağdıracaq.
Beləliklə, oğurluq və digər xırda cinayətlərə görə həbs cəzaları verən müasir sistemimiz nəinki Müqəddəs Kitaba ziddir, həm də son dərəcə şüurlu şəkildə bütpərəstdir. Bu sistemin mövcudluğunu dəstəkləyən pastor və kilsə icması – icraedici hökumətin və polisin mövcudluğunu dəstəkləyənlər kimi – “Sodom nikahını” daxil etmək məqsədilə Allahın qoyduğu nikah anlayışını təhrif edənlərdən heç nə ilə fərqlənmirlər. Bütün bunlar Müjdəyə və Allahın Qanununa qarşı yönəlmiş bütpərəstlikdir.
Birləşmiş Ştatlar boyu orada-burada ayrı-ayrı hakimlər indiki sistemin ədalətsizliyini görüb və guya “yeni” bir yanaşma sınayıblar: təzminat. Kifayət sayda xırda cinayətkarlar özləri də həbsxanaya düşmək əvəzinə təzminat ödəməyi təklif ediblər. Lakin əksər ərazilərdə ədalət sistemi Allahın Qanununa qətiyyətlə qarşı çıxır.
Luizianada bu yaxınlarda baş vermiş bir hadisədə evsiz bir adam əlində saxta tapança ilə banka daxil olub və kassadakı bütün pulları tələb elədi. Pulun miqdarı az idi və o, 150 dollar alıb getdi. Bir saat sonra o, peşman olub banka qayıdaraq, pulları geri vermək istədi. Bankın meneceri – həqiqi qurban – pulları geri aldı və şikayət etməkdən imtina etdi. Amma yerli polis işçiləri adamı tutub məhkəməyə təhvil verdilər və hakim ona 20 il həbs cəzasına məhkum etdi. Bu vəziyyətdə Müqəddəs Kitab əsasında verilən cəza 150 dollar üstəgəl 20% məbləğində təzminat olacaqdı. Nəticədə, bank uduzdu, evsiz adam da uduzdu, hökumətin əlaltıları isə bu adamı 20 il həbsdə saxlayaraq vergi pulu alacaqlar. Bu hadisədə ədalət məğlubiyyətə uğradı.
Bu gün ədalət xitabət kürsülərindən təbliğ edilməlidir. Müqəddəs Kitabın qoyduğu təzminat və bərpa prinsipi təbliğimizin ayrılmaz bir hissəsinə çevrilməlidir. Kilsələrin bunu təbliğ etmədiyi və hökumətlə Allahın Qanununun tələbləri əsasında danışmadığı, öz sürüsünü yer üzündə ədalətin bərpasına ruhlandırmadığı və yönəltmədiyi yerlərdə axırda Allah Özü müdaxilə edərək ədaləti bərpa edəcəkdir. Allaha istehza edilməz, və Onun müdaxiləsi nəzakətli və xoş olmayacaq.
Bu həftə Qeri Nortun əvvəlcə “Hökmranlıq vasitələri” adlanan Çıxış Kitabının 21-40-cı fəsillərindəki presedent hüququna dair iqtisadi şərhini oxumağınızı tapşıracağam. Kifayət qədər qalın bir kitabdır, lakin onu hissə-hissə oxuya bilərsiniz. Təzminat prinsipinə və Müqəddəs Kitab Qanunundakı bərpa anlayışına diqqət yetirin. Bu prinsiplərə geri dönmək yer üzündə ədaləti bərpa etmək üçün açarımız olacaqdır. Başqa heç bir şey işə yaramaz.
İngilis dilində: https://www.reconstructionistradio.com/podcasts/axe-to-the-root/restitution-in-biblical-justice/
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/