Zəkəriyyə “Müqəddəs Ruhla dolaraq”, Rəbbimizin və Vəftizçi Yəhyanın gələcək doğulmasının mənası haqqında peyğəmbərlik edəndə bu iki möcüzəli hadisənin təsirindən sevinclə danışdı (Luka 1:67-79).
Yəhyanın və bakirədən doğulan İsanın gəlişi, ilk növbədə, satınalınma və ya xilas, “bizə xilas buynuzu” demək idi. O, “xilas” sözünə “güc” mənasını verən buynuz simvolunu misal çəkdi. Xilas qurtuluşdan daha böyükdür: bu, qüdrətdə yenidən doğulmadır.
İkincisi, xilasın mənalarından biri də qələbədir və Zəkəriyyə də dedi ki, Allah Məsih vasitəsilə “bizə bəxş edir ki, düşmənlərimizin əlindən qurtulan biz Ona qorxusuz xidmət edə bilək”. “Qorxma” sözü Milad hekayəsində səsləndi: mələyin Məryəmə verdiyi zəmanət (Luka 1:30), çobanlarla danışan mələklər (Luka 2:10) və Rəbbimizə zəfərlə və “qorxmadan” xidmət etmək üçün bizə çağırış.
Üçüncüsü, bizə deyilib ki, “ucalarda bizim üçün Günəş doğacaq ki, zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, ayaqlarımızı sülh yoluna yönəltsin” (Luka 1:78-79). Sübh günəşi dan ulduzudur, şəfəq simvolu və yeni dünya nizamını göstərmək üçün istifadə edilən əlamətdir, çünki Padşah gəlmişdir.
Aydındır ki, Milad Məsihdə yeni dünyanın – xilas, qələbə, güc, sülh və qorxusuz həyat dünyasının başlanğıcı deməkdir. Lakin bu, şəhərlərimizin küçələrində və ya kənarda gördüyümüz dünya deyil. Əksinə, dövrümüz məğlubiyyət, qorxu və zəiflik ilə xarakterizə olunur: ətrafımızda olan bütün insanlar Məsihsiz qaranlıq dünyada qalmağa davam edirlər.
İnsanlar bu iki dünyadan birini seçə bilər. Buna baxmayaraq, onlar Miladı qeyd etməyə, sonra da sanki Məsih ölübmüş kimi davam etməyə hazırdırlar. Gözəl Milad himnləri oxunulub bitəndə onların soyuq qorxuları qayıdır və qaranlıq daha da dərinləşir. Onlar üçün həyat və dünya yuxarıdan gələn sübh şəfəqində deyil, ya qürubda, ya da qaranlıqdadır.
Amma Yəhya bizə “Nur qaranlıqda parlayır… qaranlıq isə onu dərk etmədi” deyir (Yəhya 1:5). “Dərk etmədi” kimi tərcümə olunmuş Yunan sözünü həm də qaranlıq nuru söndürə bilmədi kimi də tərcümə etmək olar. O, qaranlıqda təntənəli şəkildə işıq saçır; o, qaranlığa qalib gəlir və qaranlıq onu söndürə bilmir. Buna görə əsrlərə nəzər salsaq Yeşaya bizə əmr edərək deyir: “Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!” (Yeşaya 60:1). Gələcək bizimdir; heç kim bu işığı boğa və söndürə bilməz. Amma yeganə sual budur ki, biz nur insanlarıyıq?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 48, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.