War Room Productions “Axe to the Root Podcast” rəqəmsal audio yayımının 2-ci epizoduna xoş gəlmisiniz, mən Bo Marinovam.
Seçki kampaniyasının tam vüsət aldığı bu günlərdə Hillari Klintonun “Hamının iştirakı gərəkdir” (“It Takes a Village”) kitabından bir sitat meydana çıxmışdır. Bu kitab böyüməkdə olan evdə təhsil alma hərəkatına qarşı durmaq məqsədi ilə qəsdən yazılmışdır. Çoxlarımızın düz başa düşmədiyi şey ondan ibarətdir ki, Hillari Klinton bu kitabı mühafizəkarlara və yaxud məsihçilərə təsir göstərmək üçün yazmamışdır; o, kifayət qədər ağıllıdır ki, özünü belə acınacaqlı dərəcədə aldatmasın.
Bu kitab solçu seçicilər arasında ailə fərdiyyətçiliyinin artmasını dayandırmaq niyyəti ilə yazılmışdır; bu ailələrdəki valideynlərin əksəriyyəti 1960-cı illərin hippi hərəkatından çıxdıqları üçün hər hansı növ hökumətə təbii şübhə ilə yanaşır və bununla da evdə təhsil alan məsihçilərə bənzəməyə başlamışlar. Məhz bu meyil liberal siyasətçilərdə həyəcan doğurmuşdur – və hələ də doğurmaqdadır, çünki evdə fərdlər kimi böyüyən uşaqlar siyasi əqidələrindən asılı olmayaraq və qeyri-iradi olaraq həmişə dövlət və dövlətçi elitaya qarşı olurlar. Hillari Klintonun kitabı bu solçu valideynlər arasında kollektivist cəmiyyət baxışını bərpa etmək üçün nəzərdə tutulub: könüllü, müstəqil icmalara deyil, dövlətin icbari və vergi hakimiyyətinə əsaslanan kollektivist cəmiyyət.
Sitatda deyilir:
Hesab edirəm ki, dövlətin ən başlıca rolu uşaqlara təhsil, təlim vermək və onları böyütməkdir. Valideynlərin rolu ikinci dərəcəlidir”.
Mən bu kitabı oxumamışam, buna görə bu sitatın gerçək olub-olmadığını deyə bilmərəm. Bu, şübhəsiz ki, Hillari Klintonun deyib və ya yaza biləcəyinə bənzər səslənir. Kollektivizmə olan sevgi, fərdiyyətçiliyə və özəyə malik olan ailəyə qarşı nifrət solçuların siyasətinin əsas prinsipidir. Hər şeydən savayı, öz erkən yaşlarından bütünlüklə özündən asılı olmağı öyrənən, heç vaxt öz əqllərini sürünün kollektiv əqlinə uyğunlaşdırmağı öyrənməyən, sərt xasiyyətli fərdlərdən ibarət olan cəmiyyətdə həyatı bütövlüklə tənzimləyən dövlətin mütərəqqi siyasətlərini necə yerinə yetirə bilərsiniz?
Çoxları Sovet İttifaqının həbs düşərgələri barədə bilir; daha az adama isə məlumdur ki, eyni dövlət qurumu olan QULAQ habelə uşaq həbs düşərgələrini də idarə etmişdir; milyonlarla uşaq bu düşərgələrə təhsil, təlim almaq, eləcə də beyinlərinin yuyulması və dövlət aparatının beyinsiz hissəciklərinə çevrilmək üçün göndərilib. Şahidlər deyirlər ki, bu düşərgələrdə 3-4 yaşlı uşaqlar da olub; 12 yaşı olanlara rəsmi, daha azyaşlı uşaqlara isə qeyri-rəsmi ölüm cəzası çıxarılıb. Əsas məsələ kollektivçilik olub, fərd isə, sadəcə, bir insani material olub.
Lakin əgər siz kollektivizmi siyasi spektrin yalnız solçu tərəfinin səciyyəvi xüsusiyyəti hesab edirsinizsə, yanılırsınız. ABŞ-da “mühafizəkarlar” adlandırılan sağ tərəf (bunların ideologiyası 20 il bundan qabaqkı dövrün liberal siyasətlərini “mühafizə” etməkdən ibarətdir) eyni düşüncə tərzinə malik olan solçu “liberallar”dan daha az kollektivist deyillər. Hə, əlbəttə ki, onlar kollektivizmin spesifik “solçu” tiplərinə nifrət edirlər: sosial təminat, dövlət təhsili (ola bilsin, çoxları bunu sevir), vergilər, silah nəzarəti. Lakin onların gündəmi bunu praktiki və ya ideoloji fərdiyyətçiliklə əvəz etmək deyil; sadəcə, başqa formada olan kollektivizmlə əvəz etməkdir. Orduya kor-koranə dəstək, polisə kor-koranə dəstək – xüsusilə müəyyən qruplara qarşı çıxmaq; çünki şəhərli qaradərili kişilər fərq etmədən həmişə avtomatik olaraq təqsirli sayılır, güllələnməyə və ya həbsə layiq görülürlər. Ona görə ki, siz o ölü Hüquq Bəyənnaməsinin dediklərinə (amma öz xeyrimizə onları tələb etmək olar) baxmayaraq, həmişə polisə tabe olursunuz. Mühacirlərə qarşı hədə-qorxu və nifrət kampaniyası – bütün bunlar sağçı kollektivizmin Birləşmiş Ştatların quruluşunu xarakterizə edən sərt fərdiyyətçiliyin dəyərlərinə qarşı olan nifrətinin nümunələridir. Bunlar saxta mühafizəkarlardır; “polis təhlükə hiss etdikdə hər kəsə güllə ata bilər” deyənlər əsl kollektivist və sosialistlərdir. Amerikanın fərdiyyətçilik günlərində hər kəsin silahı var idi və hər kəs silahı açıqca daşıyırdı. Bir “mühafizəkar” siyasətçi seçildiyi halda bütöv xalqları bombardman edəcəyini bəyan edəndə “mühafizəkarlar” ona əl çalırsa, onda biz bilirik ki, bunlar kollektivistlərdir. Eləcə də bizlərdən hərbi xidmət keçmiş kəslər, biz bunu çox dəyərləndirsək də, yadda saxlayın ki, ordu fərdlər yaratmır, oradakı yanaşmanın özü kollektivist və sosialistdir.
Fərdiyyətçiliyə olan bu nifrət və kollektivizmə bağlılıq həmçinin kilsədə də açıqca görünməkdədir. Dinlədiyim vəzlərdə mən artıqlaması ilə hətta “mühafizəkar”, Müqəddəs Kitaba inanan pastorların fərdiyyətçiliyi yamanladıqlarını eşitmişəm; onlar fərdiyyətçiliyin indiki zamanın sosial və mənəvi tənəzzülünün səbəblərindən biri olduduğunu bildirirlər. (Sanki kollektivist Sovet İttifaqı, erkən dövründə fərdiyyətçi olan Amerika isə tənəzzülə uğramışdır). İmanlılar cəmiyyətlərinin müasir bir çox yerdə hər iki növdən olan, həm solçu, həm də sağçıların sosializmi və kollektivizmi üçün platformaya çevrilmişlər. Onların hamısı siyasətçiləri bütləşdirərək insanlarda onlara qarşı pərəstişi nəinki dəstəkləyir, habelə onu müdafiə edir və önə çəkirlər. Məşhur məsihçilərin şəxsiyyətinə pərəstiş müasir amerikan kollektivist dinidir, harada ki, hər hansı tənqid və ya təftişdən üstün tutulan və başqa adamları müxtəlif manipulyasiya yolları ilə öz ardınca aparan nüfuzlu şəxs bir mənəvi liderə çevrilir.
Məsələ belə olduğu halda, fərdiyyətçiliyin pis forması da var ki, ona qarşı çıxmaq lazımdır. Amma bu fərdiyyətçilik teoloji fərdiyyətçilikdir: bir inancdır ki, ona əsasən, Allahın Qanununun tələbləri və buna görə də, Məsih Müjdəsinin satınalması yalnız fərdlərə aiddir; mədəniyyətlər, və hökumətlər isə bunların tələblərindən azaddırlar. Bu, bütün təsisatları haqqın və ədalətin tələblərindən azad edən, Müjdəni şəxsi əxlaqa aid edərək bir neçə cümləyədək qısaldan fərdiyyətçiliyin şeytani formasıdır. İnsanın mədəni və kollektiv baxımdan cəlb olunduğu bütün sahələr: mədəniyyət, hökumət, təsisatlar, iqtisadiyyat, biznes fəaliyyətləri, kütləvi informasiya vasitələri, elm və texnologiya, incəsənət, ədəbiyyat mənəvi baxımdan Allahın Padşahlığının qaydalarına tabe deyil, neytral saxlanılmalı olur. Teoloji fərdiyyətçilik bəyan edir: “Allah bizi heç vaxt mədəniyyəti dəyişməyə və ya onu Məsihin idarəçiliyi altına gətirməyə çağırmayıb; O, bizə yalnız şəxsən və fərdi olaraq saleh olmağı əmr etmişdir”. Bəs mədəniyyətdəki, hökumət və ictimaiyyət səviyyəsindəki ədalətsizlik necə? Buna fikir verməməliyik.
Beləliklə, teoloji fərdiyyətçilik pisdir, buna qarşı çıxmaq gərəkdir. Amma vaizlərin və kilsə xadimlərinin əksəriyyəti bu fikirdə deyildir; siyasətçilər də belə hesab etmirlər. Əslində, “Siyasət Allahın Qanununa tabe olmalıdır” sözünü hansı siyasətçi eşitmək istəyər? Beləliklə, məhz bu teoloji fərdiyyətçilik müasir kilsə və seminariyaların operativ ideologiyasıdır; bu həm solçuların, həm də sağçıların üstün saydığı ideologiyadır. Bu ideologiyaya görə, hansı imana malik oluruqsa olaq, bu, bizim öz işimizdir, mədəniyyət isə Vaşinqtondakı dövlətçi elitaların dediklərinə uyğun tərzdə idarə olunmalıdır.
Dövlətpərəst kilsə xadimlərinin qarşı çıxdıqları fərdiyyətçilik – özünüidarəetmə fərdiyyətçiliyidir: fərd Allah qarşısında mənəvi cəhətdən məsuliyyətlidir; hökumətlərə və təsisatlara tabe olmaq və ya tabe olmamaq üçün azaddır. Bu azadlıq dövlət və yaxud kilsəyə aid olan insani düşüncələrə, gündəmlərə və ya proqramlara deyil, yalnız Allahın Qanununa əsaslanır. Fərdi Allaha tabe olmaq üçün azad edən fərdiyyətçilik onu insanlara tabe olmamaq üçün azad edir. Bununla da insani hakimiyyətləri cavabdeh edir, onların hökm etmək səlahiyyətlərini azaldaraq insana xidmət səviyyəsinə endirir. Müstəqillik Bəyannaməsində də həmin prinsip nəzərdə tutulur – hökumətlərə hökm etmək deyil, yalnız xidmət etmək icazəsi verilir: “Hökumətlər bu hüquqları qorumaqdan ötrü insanlar arasında təsis olunur. Hökumətlər öz səlahiyyətlərini idarə olunanların razılığı ilə alırlar…”
Kilsə və ya dövlətimizin müasir siyasəti qədim bütpərəstliyin, sadəcə, müasir bir versiyasıdır. Qədim İsrailin və erkən məsihçiliyin qarşı çıxdığı bütpərəstlik mahiyyətcə kollektivist olub. Bütpərəstlik heç bir fərdə məhəl qoymurdu, çünki onda fərd anlayışı yox idi, onda fərdə yer verilmirdi, fərd faydasız idi, fərd üçün məqsəd də yox idi. Bütpərəst dünyagörüşü və onun sosial nəzəriyyəsi dünyanı ya fərdiyyətə yer verməyən vahid birlik hesab edir, ya da əgər fərdiyyət varsa, hər şey yuxarıdakı allahlardan aşağıdakı ən adi məxluqlaradək böyük bir vahid varlıq zəncirvarinə dönür. Bu varlıq zəncirvarində hökmdar (padşah, firon, imperator) allahlar ilə insanlar arasında bir vasitəçi olur; allahlara çatmaq istəyən hər hansı fərdin fərdiliyi alınmalı, padşaha tabe edilməlidir. Hətta Yunanıstan və Roma kimi respublika və demokratiyalarda insanın, ümumiyyətlə, insan sayılması üçün o, icmaya məxsus olmalı idi. Ərəstun demişdir: “İnsan sosial heyvandır və o, cəmiyyətə möhtacdır. Digər insanların cəmiyyətində olmaq ehtiyacını duymayan insan ya vəhşidir, ya da ilahi”. Buna görə də həqiqi insaniyyət bir kəsi hər cəhətdən kollektivlə birləşdirmək və eyniləşdirməklə onun fərdiliyini qurban verməkdir.
Biz bütövlükdə bütpərəstliyin əsas xüsusiyyətini anlamayanadək Misir, Assuriya, Babilistan, Yunanıstan, Romanın, müsəlman xilafətinin, Astek, İnk imperiyalarının, Sovet İttifaqının tarixini başa düşə bilmərik. Bütpərəstliyin mahiyyəti kollektivist və dövlətçidir. O, fərdi heç nə hesab edir və onunla əşya kimi davranır. Müasir siyasətçi və kilsə xadimlərimizdə orijinal amerikan sərt fərdiyyətçiliyinə qarşı bir reaksiya görürüksə, bu, ona görədir ki, qədim bütpərəstlik həm siyasi arenada, həm də kilsə kafedralarımızda dirçəlmişdir.
Məsihçiliyin dünyaya gətirdiyi ən əhəmiyyətli, yeni sosioloji və təlimlər barəsində danışarkən kanadalı tarixçi Çarlz Norris Koxran “Məsihçilik və klassik mədəniyyət” (1940) adlı kitabında erkən imanlılar cəmiyyətinin görkəmli ilahiyyatçısı Müqəddəs Avqustin barədə yazır. Müqəddəs Avqustin Üçbirlikdə şəxsiyyətin dəyərləri adlandırdığımız şeyin yeni əsasını aşkar edib. İnsanın şəxsiyyəti, fərdiliyi, sözsüz ki, Avqustin tərəfindən kəşf edilməyib. Avqustindən 400 il öncə Əhdi-Cədid aydın şəkildə fərdi Allaha fərd olaraq tabe olmaqda məsul müstəqil əxlaqi amil kimi müəyyən etmişdir. Buna görə də ona bir fərd kimi Allaha tabe olmayan adamlara, insani gündəmlərə və qaydalara itaət etməmək izni və hətta əmri verilib.
Hətta qeyri-yəhudilərin həvarisi olan və böyük səlahiyyətə malik olan Paul Korinfdəki oxucuları onu təqlid etdiklərinə və onlara çatdırılmış həvari ənənələrini mətanətlə izlədiklərinə görə tərifləyərkən (1 Kor. 11:2) dərhal növbəti ayədə davam edir: “Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır”. O vaxt məsihçi cəmiyyətində ali səlahiyyətə malik olan şəxs sadə bir iyerarxiyanı təqdim etdi: hər bir adam yer üzündəki səlahiyyətə deyil, birbaşa Məsihə tabe olmalıdır! Həm də bu, sadəcə, təkcə Əhdi-Cədidə aid bir şey deyil. Allahın Əhdi-Ətiqdəki Qanunu fərdlərin özünüidarəetmə cəmiyyətinin əsasını qoymuşdur ki, orada mərkəzi hakimiyyət və ya heç bir hökumət siyasəti yox idi. Əslində, o, yer üzündəki iyerarxiyanın əksinə idi; 1 Şamuel 8:7-də Allah Şamuelə padşah tələb edən xalq haqda demişdi: “ Əhdi-Cədidin peyğəmbərlik vədlərində də deyilmişdir: “Bir kəs öz həmvətənini, yaxud qardaşını ‹Rəbbi deyib tanı› öyrətməyəcək ” (İbranilərə 8:11), “Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək” (Mikeya 4:4, Zəkəriyyə 3:9).
Avqustin müasir fərdiyyətçiliyin əsli olan Üçbirlik təlimini inkişaf etdirməmişdən əvvəl onun müəllimi və mürəbbisi olan Milan yepiskopu Ambrosius Roma imperatoru Teodosiusa demişdir: “İcazə olmadan heç bir şəxsi evə daxil olmaq haqqın yoxdur. Bəs Allahın evinə girə biləcəyinə inanmağa səni nə vadar edir?” Bu, imperatorun şəxsən gəlib, Ambrosiusun kilsəsini ələ keçirəcəyi barəsində olan hədəsinə cavab idi. Bütpərəst aləmində imperatorla belə rəftar olmamışdı; amma məsihçi yepiskopu belə tərzdə danışmalı oldu, çünki onun imanı onu vadar etmişdi ki, Allaha tabe olmaqdan ötrü o, yerdəki hakimiyyətə itaətsizlik etsin.
Allah səlahiyyəti hökumət ilə bərabər tutmur. Əksinə, Allahın qoyduğu qaydada idarəetmənin əsas və ən mühüm səviyyəsi özünü idarə etməkdir: fərd Allaha tabe olaraq, Allahın hökmranlıq və satınalma planı daxilində öz məqsədini yerinə yetirməyə çalışır. Səlahiyyət böyüdükcə Allah ona daha az idarəçiliyi həvalə edir.
Kainatın Padşahı İsa Məsih insanlara ağalıq etməyə deyil, xidmət etməyə gəlmişdir. Beləcə O, ilahi idarəetmənin əsas örnəyini vermişdir. İdarəetmə ilk növbədə özünüidarəetmə olmalıdır; çünki Allah adamlara əzab verən və onları ölümə göndərən və ya onları vergi ilə məhv həddinə çatdıran qüdrətli imperiyalarda deyil, Allahın qarşısında öz çağırışlarını icra edən “balaca adamlar”da izzətlənir. Adam cəmiyyətin bir hissəsi ola bilər, amma insan olmaq üçün o, cəmiyyətin hissəsi olmağa məcbur deyil; Ərəstunun sözünə zidd olaraq, insan tək ola-ola da insan olaraq qala bilər. O, yer üzünü Məsihin izzəti üçün fəth edərək Allahın Hökmranlıq Əhdində öz yerini tutmalıdır. Həmin bu Hökmranlıq Əhdi Allahın tabeliyində çalışan, bir-birləri ilə razılıqda yaşayan, bir-birinə qarşılıqlı, könüllü itaətdə olan fərdlər, özünü idarə edən adamlar tərəfindən yerinə yetiriləcəkdir.
Bugünkü məsihçiliyə qarşı olan elitalar da məhz bundan qorxurlar. Əslində, hər hansı dövrün məsihçiliyə qarşı olan elitaları bundan qorxub, buna bütün ürəkləri, ağılları, siyasətləri, nizamlamaları və qanunları ilə nifrət ediblər. Özünüidarəetmə və könüllü qarşılıqlı itaət, hətta imansızlar arasında belə, son nəticədə Allahın Padşahlığının xeyri üçün işləyir; çünki yalnız bir Allah var ki, Kainatın Padşahı yerini tərk etmədən Öz Müqəddəs Ruhu vasitəsilə hər bir fərdi birbaşa və şəxsən yönəldə və istiqamətləndirə bilər. Siyasi elitalar bunu edə bilməzlər; onlar özünüidarəetmə vasitəsilə işləyə bilmirlər; idarə etmək üçün onlar insanların fərdiliklərini məhv etməyə çalışırlar. Allah azad, müstəqil, özünü idarə edən fərdlər vasitəsilə mükəmməl təsirli tərzdə idarə edə bilir. Müasir bütpərəst elitalar buna üstün gələ bilmədiklərini bilirlər. Onlar bundan qorxurlar.
Məsihçilik mədəniyyətimizin bərpası yalnız özünüidarəetmə anlayışının bərpası ilə başlayacaq – çünki özünü idarə etmək və Yer üzünü Allaha tabe etdirmək insanın yaradılış təbiətinə qoyulub. Özünüidarəetmə, əlbəttə ki, fərdlərin Allahın Qanununa itaətdə olan əxlaqi nizam-intizam deməkdir. Ancaq yalnız bu deyil. Özünüidarəetmə – siyasi spektrin hər iki tərəfinin kollektivist və sosialistlərinin cəhdlərinə qarşı durmaq, onların cəmiyyəti və bizi öz allahsız gündəminə tabe etdirmək cəhdlərinə qarşı çıxmaq üçün mənəvi cəsarətdir. Özünüidarəetmə – Məsihə itaət etmədikləri zaman bu dövrün güclülərinə nə vaxt və necə itaət etməməyi öyrədən etik müdriklikdir.
Allahın Əhdi hərtərəflidir, həyatın hər sahəsini, hər bir fərdi, hər bir insani təsisatı və hər bir insani fəaliyyəti özündə ehtiva edir; lakin bu Əhdin mərkəzində adamları Onun iradəsinə tabe etdirən heç bir insani təsisat yoxdur. Əhdin mərkəzində Məsihə tabe olan və özlərini idarə edən azad fərdlər durur; bunların hərəsi öz üzüm meynəsi və öz əncir ağacı altında əyləşir. Özünü idarə etmək həmçinin o deməkdir ki, insan nə vaxt insani təsisatlara itaət etməli, nə vaxt isə Allaha itaət etməkdən ötrü onlara itaət etməməli olduğunu bilir.
Orijinal amerikan sərt fərdiyyətçiliyi heç nədən əmələ gəlməmişdir. O, məsihçi təlimi və dünyagörüşünün 17 əsrlik inkişafının, həmçinin Reformasiya təlimlərinin, onun Allaha tabe olan fərdin kahin statusuna baxışlarının nəticəsidir. İndiki zamanımızda siyasətçilərimiz və kilsə xadimlərimiz ona nifrət edirlər. Səbəb onların məsihçi təliminə və fərdiyyətçiliyi yaratmış məsihçi baxışlarına nifrət etmələridir. Allahın insana verdiyi Hökmranlıq Əmrini korlamaq üçün müasir elitalar onu dövlətin insan üzərində hakimiyyəti ilə əvəz etməlidirlər. Lakin Allahın tabeliyində olan və özünü idarə edən insan hakimiyyətin idarəçiliyi altında deyil. Bu isə məsihçiliyi Roma imperiyası, eləcə də müasir bütpərəst müstəbidlər üçün təhlükəli edib.
Elə biz də, yaxşı olar ki, bunu təhlükəli vəziyyətdə saxlayaq.
Bu həftə sizə oxumağı məsləhət gördüyüm kitab Çarlz Norris Koxranın “Məsihçilik və klassik mədəniyyət” adlı kitabıdır. Professor Koxran Qərb dünyagörüşünün Avqustdan Avqustinədək necə dəyişdiyini təfərrüatları ilə göstərir. O, fəlsəfə və mədəniyyət haqqında çox ətraflı məlumat verir. Bəzən elə görünür ki, sanki o, cığırlarla həddən artıq uzağa gedib, lakin sonra oxucu öz nəzəri qarşısında qədim Roma təfəkkürünün bütöv mənzərəsinin açıldığını və bunun erkən məsihçiyin düşüncəsinə necə çevrildiyini başa düşür. Buna vaxtınızı sərf etməyə dəyər.
İngilis dilində mövcuddur: www.reconstructionistradio.com/podcasts/axe-to-the-root/the-modern-war-on-self-government/
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/