Postmillenializm[1]postmillenializm – Məsihçi esxatologiyasında Yəhyanın Vəhy Kitabının 20-ci fəslinin Məsihin ikinci gəlişinin “Minillikdən” (Millenium) sonra (latınca post) baş verəcəyini iddia … Continue reading haqqında məlumatı olmayanlar üçün islah edilmiş postmillenializm haqqında qısa müasir bir tərif verəcəyəm (bu, postmillenializmin köhnə Puritan (protestant) formasından bir qədər fərqlənir). Mən onu aşağıdakı kimi müəyyən edirəm:
Postmillenializm, Rəbb İsa Məsihin Öz təbliği və satın alma işi vasitəsilə birinci əsrdə yer üzündə padşahlığını qurması deməkdir. O vaxtdan bəri O, Cəmiyyətini müjdə ilə təchiz etməyə, Öz Ruhu ilə onu gücləndirməyə və bütün millətləri şagird etmək üçün onlara Böyük Tapşırığı verməyə davam etmişdir. Postmillenializm nəticədə bəşəriyyətin böyük əksəriyyətinin xilas olacağını gözləyir. Müjdənin artan müvəffəqiyyəti tədricən Məsihin geri qayıtmasından əvvəl, tarixdə insanların və millətlərin işlərində iman, salehlik, sülh və firavanlığın üstünlük təşkil edəcəyi vaxta gətirib çıxaracaqdır. Belə şəraitli geniş bir dövrdən sonra Rəbb tarixi bitirmək üçün gözlə görünən, bədəndə və izzətli bir şəkildə qayıdacaq. Onun qayıdışı ilə ümumi dirilmə və son mühakimə olacaq və bunun ardınca da əbədi nizam gələcək. Dünya miqyasında tarixi mənasına görə postmillenializm həyatın bütün sahələrinə toxunan vahid dünyagörüşü yaradır.
Qarşımızda duran bu əməli tərif ilə onun bəzi əsas elementləri və fərziyyələri haqqında daha da ətraflı danışacağam.
Birincisi, postmillenializm, Rəbb İsa Məsihin yer üzündə xidmət etdiyi müddətdə və satınalma işləri vasitəsilə Məsihçi Padşahlığını qurduğunu təsdiqləyir (Matta 12:28). Onun “səmavi səltənət”i qurması Əhdi-Ətiqin gələcək padşahlıqla bağlı peyğəmbərlik gözləntilərini yerinə yetirdi (Mark 1:15). Məsihin təbliğ etdiyi və təqdim etdiyi padşahlıq Əhdi-Ətiq müqəddəslərinin gözlədiklərindən fərqli deyildi. Postmillenializmdə Cəmiyyət tamamlanmış/yenidən qurulmuş İsrail, hətta İbrahimin ruhani nəslindən törəmiş (Rom. 2:28-29; Qal. 3:7, 29; Efes. 2:11-22; Filip. 3: 2-3) “Allahın İsraili” adlandırılmışdır (Qal. 6:16).
İkincisi, padşahlığın əsas təbiəti siyasi və cismani deyil, mahiyyət etibarilə satın alan və ruhanidir (Luka 17:20-21; Rom.14:7). Siyasi aləmə çox böyük təsiri olsa da, postmillenializm siyasi deyil: hökumət idarəçiliyi üçün geosiyasi millətlərlə rəqabətdə olan bir padşahlıq təklif etmir (Yəhya 18:36). Məsih ruhən dünyadakı xalqı arasında və onun vasitəsilə, eləcə də, bütün dünyaya qayğısı ilə Öz padşahlığını idarə edir (Mat. 28:18-20; Filip. 2: 9-11).
Üçüncüsü, Məsihin satın almasının daxili gücü və quruluşu sayəsində Onun padşahlığı tarixdə dəyişdirən sosial-mədəni təsir göstərəcəkdir. Bu, nə tarixdə azlıqların üsyanı və siyasi hakimiyyətin ələ keçirilməsi, nə də Məsihin tarixin xaricindən ikinci gəlişi zamanı onun dəhşətli məcburiyyəti ilə deyil, daha çox insanın Məsihi qəbul etməsi nəticəsində baş verəcəkdir (Yeşaya 2:2-4; Yəhya 3:17). Raşduninin qeyd etdiyi kimi: “Dünyadakı vəziyyəti düzəltməyin açarı nə inqilab, nə də qayda-qanunları pozmağa çalışan bir müqavimətdir. Bunun açarı dirçəliş, müjdənin yayılması və insanların və millətlərin Allahın qanunlarına tərəf dönməsidir. Bunun səbəbi odur ki, pis adamlar yaxşı bir cəmiyyət yarada bilməzlər. Sosial yenilənmənin açarı fərdi bərpadadır.” (R. C. Raşduni, Müqəddəs Kitab Qanununun Əsasları, 113, 122).
Dördüncüsü, buna görə də, postmillenializm Rəbbin tarixi bitirmək üçün dönüşündən əvvəl, vaxtında və yer üzündə Məsihin padşahlığının tədricən, inkişaf edərək genişləndirməsini gözləyir (Matta 13:31-33; Mark 4:26-32). Bu, Kəlamın hərtərəfli xidməti, şövqlə və imanla dua, Məsihin Ruhla dolu xalqının müqəddəs işləri ilə həyata keçəcəkdir. Hər yerdə mövcud olan Məsih Allahın sağında oturduğu yerdən, Öz taxtından səltənətin böyüməsini idarə edir.
Beşincisi, postmillenializm artıq məhz müjdənin fəaliyyət göstərdiyi dünya tarixində (indi də davam edir) Böyük Tapşırığı yerinə yetirərək yer üzündə qələbə qazanacağı vaxtı gözləyir. Müqəddəs Kitaba əsaslanan postmillenialistləri amillenialist[2]amillennializm – (yunanca: а- «qeyri» + millennialism), məsihçi esxatologiyasında, iddia edirlər ki, göyə qaldırıldığından sonra Məsihin minillik padşahlığı başlamışdır … Continue reading və premillenialistlərdən[3]premillennializm – məsihçi esxatologiyasında, iddia edirlər ki, İsa yer üzündə min illik hökmranlığından əvvəl (latınca pre) ikinci dəfə gələcək və bu müddətin sonunda … Continue reading fərqləndirən cəhət Müqəddəs Yazıların Rəbbin Cəmiyyətinin bu çağında Böyük Tapşırığın müvəffəqiyyəti haqqında öyrətdiyinə olan inamdır (Qreq L. Bahnsen, İsada Qələbə, 74). İnsanların və millətlərin böyük əksəriyyəti məsihçi olacaq, salehlik aşıb-daşacaq, müharibələr dayandırılacaq, firavanlıq və təhlükəsizlik çiçəklənəcəkdir. “Bu, həqiqi dinin ümumbəşəri qəbulu və Məsihin əsasına hüdudsuz itaət edilmə ilə yadda qalacaqdır.” “Bu, ümumdünya sülh dövrü olacaqdır.” “Böyük müvəqqəti çiçəklənmə ilə xarakterizə ediləcəkdir” (Devid Braun, Məsihin İkinci Gəlişi, 399, 401).
Altıncısı, məsihçiliyin bütün yer üzərində qələbə çalacağı dövrdə əsrlər, hətta minilliklər boyu davam edən mənəvi çiçəklənmənin böyük “qızıl dövrü”nü gözləyə bilərik (Loreyn Boetner, Minillik (The Millenium”, 29). Bu uzun müddətli müjdə çiçəklənməsindən sonra qanla satın alınmış xalqını padşahlığın kamilləşdirilmiş və əbədi surəti ilə (bilavasitə dirilmə və ümumi mühakimə ilə müşayiət olunaraq) tanış etmək üçün İsa Məsihin şəxsən, gözlə görünən, bədən alaraq qayıdışı vasitəsilə yer üzünün tarixi sonlanacaqdır. Beləliklə, daim Rəbbin yanında olacağıq.
Sxematik olaraq bu qrafik vasitəsilə postmillenializmi göstərə bilərik:
Postmillenializm diagramKennet L. Centri Jr. tərəfindən
İngilis dilində mövcuddur: https://postmillennialworldview.com/postmillennialism-defined/
Qeyd
↑1 | postmillenializm – Məsihçi esxatologiyasında Yəhyanın Vəhy Kitabının 20-ci fəslinin Məsihin ikinci gəlişinin “Minillikdən” (Millenium) sonra (latınca post) baş verəcəyini iddia edən şərhidir. |
---|---|
↑2 | amillennializm – (yunanca: а- «qeyri» + millennialism), məsihçi esxatologiyasında, iddia edirlər ki, göyə qaldırıldığından sonra Məsihin minillik padşahlığı başlamışdır və Məsih qayıdanadək davam edəcəkdir. Lakin amillenialistlər mütləq minillik padşahlığa inanmırlar, onlar bunu rəmzi bir rəqəm hesab edirlər. |
↑3 | premillennializm – məsihçi esxatologiyasında, iddia edirlər ki, İsa yer üzündə min illik hökmranlığından əvvəl (latınca pre) ikinci dəfə gələcək və bu müddətin sonunda qiyamət günü olacaq. |