Çox maraqlı bir ayədə, Yaradılış 4:26-da bizə deyilir ki, “Şetin bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı”. Böyük İbrani alimi Kassuto bu ayə haqqında demişdi: “Həm dildə, həm də mövzuda paralellik var: insanı ona uyğun adla – Enoş adlandırırlar; Allah da Ona uyğun adla – RƏBB (YAHVE) adlandırılır”. Rəbbin adını çağırmanın nə demək olduğunu başa düşmək üçün bu ayəni anlamalıyıq.
Enos və ya Enoş ölümcül deməkdir. Şet insanı bu şəkildə təyin etdi. O öyrəndi ki, günaha batmış insanlar ölmək üçün doğulub və bu adı öz oğluna bir əlamət olaraq verdi. Bu, sevən ataya bir xatırlatma idi ki, uşaqlardan ən yaxşısı günah və ölüm dünyasında dünyaya gəlir. Bu həm də onun sübutu idi ki, nə insanda, nə də nəsildə heç bir ümid yoxdur, ümid yalnız yenidən doğulmadadır. Beləliklə, Şet özü də daxil olmaqla bütün insanları öz imanının şahidi olaraq təyin etdi.
Eyni vaxtda “o zaman insanlar RƏBBİN adını çağırmağa başladı”. Rəbbin adı, Allahın Özünə dair bəyan etdiyi və Eden ilə başlayan (Yaradılış 2:7), Musaya tam açıqladığı addır (Çıxış 3:13-14). Bu, Var Olan, Öz-özünə mövcud olan və əbədi Allah deməkdir.
Bu, o deməkdir ki, Rəbbin adını çağırmaq dua və ibadətdən daha böyükdür. Bu, Onu olduğu kimi, Özünü Kəlamında göstərdiyi kimi tanımaq deməkdir. Öz düşüncəmiz nöqteyi-nəzərindən Allaha yaxınlaşmaq əvəzinə, biz Ona yalnız Onun Sözü və vəhyləri baxımından yaxınlaşırıq.
Şübhəsiz ki, Şet bəzən öz oğlunu “mənim əziz oğlum”, “oğlum” və başqa sevgi sözləri ilə çağırırdı, ancaq onu Enoş adlandıraraq, həmişə sevdiyi oğlu və özü də daxil olmaqla insanın, bütün insanların kim olduğunu özünə xatırladırdı.
Eyni şəkildə, insanların əksəriyyəti Allaha Onun adına görə deyil, öz istəklərinə görə yaxınlaşırlar. Bir neçə il əvvəl, 1950-ci illərdə məşhur bir aktrisa Allah haqqında “canlı kukla” kimi danışırdı. O, Rəbbin adını deyil, yalnız öz xəyalını çağırırdı.
Rəbbin adını çağırmaq Onu yalnız Kəlamında və Onun Oğlunda görmək deməkdir. Yaşayan Allah, Özünü adlandıran və Özünü izhar edən Allahdır. Yalnız Onu çağırın. Yoxsa Yeşaya dövrünün ibadət edənləri haqqında dediyi kimi bizim haqqımızda “Sənin adını çağıran yoxdur” deyiləcəkdir (Yeşaya 64:7)?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 42, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.