Təsəvvür edin ki, iki başqa adamla danışırsınız: bir sosialistlə və Mürrey Rotbardla. Təsəvvür edin ki, sosialist belə bir bəyanatla çıxış edir:
Kasıblara yardım etməyin kapitalist və ya sosialist üsulu yoxdur. Yalnız bir yol var: kasıblara pul verin ki, ehtiyacları olan malları alsınlar”.
Bəs Mürrey Rotbardın buna cavabı necə olardı?
Aramızda Avstriya Məktəbindən və Rotbardın özündən çox şeylər öyrənənlər Rotbardın verəcəyi cavabı asanlıqla tapa bilərlər. O, təxminən belə deyərdi:
Siz, mənim sosialist dostum, həddindən artıq çox şeylərin mövcudluğunu güman edən bir həll yolu təklif edirsiniz. Lakin kasıblara kömək etməzdən əvvəl, bütün bu şeylərin mövcud olması üçün ilk öncə kapitalizm tələb olunur.”
Sizin tapdığınız həll yolunun işə yaraması üçün ilk növbədə pul lazımdır. Kimsə pul qazanmalıdır, daha dəqiq desək, pulu artıqlaması ilə qazanmalıdır ki, kasıblara paylayacaq pulu olsun. Yəni, artıq pula ehtiyacınız var – bu da öz-özlüyündə kapitalist anlayışıdır.
Əlbəttə, pulun öz-özlüyündə dəyəri yoxdur. Kasıblar bazara getməli və o pullar mal almalıdırlar. Bəs malları kim istehsal edəcək? İstehsal müəssisələrinin tikintisi üçün kimsə sərmayə qoymalıdır; bu zaman öz pulunu riskə atır. İşi idarə edən və təşkil edən bir adam lazımdır. Onun bütün bu risklərə girmək və bütün işi görmək üçün kifayət qədər stimulu olmalıdır; başqa sözlə desək, ona mənfəət lazımdır. Bu mənfəət onun başqa istehsalçılara ödənişlərini də əhatə etməlidir, o istehsalçılar da mənfəət əldə etmək istəyirlər. Əks halda, əgər təkcə xərclədiyi pulu geri qazanacaqsa, onda niyə kimsə bahalı və riskli bir proseslə məşğul olsun? Bir sözlə, kasıblar əllərindəki pulu verib mal ala bilsinlər deyə, sizə bu malları istehsal edən bir qrup kapitalist lazımdır.
Əslində bundan daha artığına ehtiyacınız olacaq. Pulu mallarla dəyişə bilməyiniz üçün həqiqi bir kontekst olmalıdır; başqa sözlə, sizə bazar lazımdır. Pula əllərindəki mallardan daha çox dəyər verən; pulunuzun əvəzində artıqlaması ilə mal istehsal etməyə hazır olan adamlar lazımdır. Pulun mahiyyətini müəyyənləşdirən universal bir razılaşmanız olmalıdır və bu razılaşmanın praktikada işə yaraması üçün mexanizmlər lazımdır. Müxtəlif istehsalçılara nə istehsal etmələrini, hansı qiymətə satmalarını, öz səmərəliliklərini artırıb-artırmayacaqlarını göstərən bir qiymətlər sistemi olmalıdır. Bu qiymətlər sistemi hər gün, hər yerdə milyonlarla alıcı və satıcının könüllü qərarları ilə bir qaydada saxlanmalıdır. Bazar və qiymətlər sistemi olmadan kasıblara verdiyiniz pulun heç bir faydası yoxdur.
Əlbəttə ki, “kasıb” sözü üçün doğru bir tərif lazımdır. Amma “kasıb” nisbi anlayışdır; bu söz yalnız “varlı” ilə müqayisədə anlam kəsb edir. Ona görə də kimin kasıb olduğunu və sizin köməyinizə ehtiyacı olduğunu bilmək üçün, əvvəlcə cəmiyyətinizdə varlı insanlar, izafi mal istehsal etməyin yolunu tapmış və kasıblarla bölüşmək üçün kifayət qədər malı olan insanlar olmalıdır.
Odur ki, əziz sosialis dostum, “həll yolunu” əldə etməzdən əvvəl, tamamilə kapitalist bir kontekstə ehtiyacınız var, həmin kontekstdə kasıblarınıza kömək edə bilərsiniz. Sizin nöqteyi-nəzərinizdən, gözlə görünən şeylər – kasıblara pul vermək – nə sosialist, nə də kapitalist mövqedir. Əslində sizin köməyiniz üçün lazım olan bütün gözəgörünməz ilkin şərtlər yalnız kapitalistdir və başqa bir şey deyil. Odur ki, kasıblara kömək etməyin təkcə bir yolu var: kapitalist yolu.”
Bəlkə bunlar cənab Rotbardın istifadə edəcəyi dəqiq sözlər olmaya bilər, lakin onun cavabının təxminən eyni məntiqə əsaslanacağını təsəvvür edə bilərik. Klassik Liberalizm hamımıza görünən şeylərin arxasında görünməz olan kontekstə diqqət yetirməyi və beləcə iqtisadi məsələlərdən xəbərdar olmağı öyrədib. Klassik Liberalları ilk növbədə belə güclü və nüfuzlu mütəfəkkirlərə çevirən məhz budur.
Məhz buna görə cənab Rotbardın özünün bütün əsərlərində və düşüncələrində daim eyni məntiqdən istifadə etməməsi təəssüf doğurur. O, bu məntiqi iqtisadiyyata tətbiq etsə də, sosiologiya və fəlsəfə kimi digər sahələrə tətbiq etməkdən imtina edib. Misal olaraq onun 1990-cı ildə yazdığı, keçən həftə LewRockwell.com-da yayınlanan “Padşahlıq gəlir: Minilliyin siyasəti” (“Kingdom Come: The Politics of the Millenium”) məqaləsini nəzərdə tuturam. Məqalədə cənab Rotbard belə yazır:
Qeri Nort özünün hər zamankı iti düşüncəsiylə görür ki, bu iki mövqe bir-birinə ziddir və bir-birinə zidd olmalıdır, deməli, Kalvinist fərziyyəçiliyinə əsaslanır. Təəssüf ki, fərziyyəçiliyin Kalvinizmə qəti şəkildə sadiq olanlardan başqa tərəfdar tapması çətindir, hətta güman edirəm ki, onların arasında belə problemlərlə üzləşə bilər. (Sırf məsihçi kimyası, məsihçi riyaziyyatı, təyyarəni idarə etməyin məsihçi yolu həqiqətən varmı?)”
Doğrudan, təyyarəni idarə etməyin məsihçi yolu varmı?
Bu hissədəki istehza ondadır ki, Mürrey Rotbardın Qeri Norta onun fərziyyəçi yanaşmasının yalnız məhdud səviyyədə qəbul ediləcəyini söylədiyi eyni abzas onun verə biləcəyi ən fərziyyəçi sual ilə bitir. Beləcə, cənab Rotbard istər-istəməz fərziyyəçiliyin doğruluğunu sübut edir: bütün insanlar etiraf edib-etməməklərindən, bilib-bilməməklərindən asılı olmayaraq, fərziyyəçidirlər. Hər bir kəs suallar və ya cavablar verərkən nəyisə təbii bir şey kimi qəbul edir. Bu, qaçılmazdır. Bu, insan təfəkkürünün mahiyyətinin bir hissəsidir.
Qeri Nort kitablarını yazarkən fərziyyəçi mövqeyini qoruyur: O, Allahı və Onun Sözünü fərz edir.
Yuxarıda qeyd etdiyim nümunədəki sosialist kasıblara yardım haqqında bəyanatla çıxış edərkən fərziyyəçidir: pul, mallar, istehsal, bazar, qiymətlər – o, bunların hamısını təbii bir şey kimi qəbul edir.
Mürrey Rotbard da öz sualını verərkən fərziyyəçi kimi çıxış edir: o, təyyarə… fərz edir! O, təyyarənin sadəcə heç nədən mövcud olmasını təbii bir şey hesab edir, sonra isə soruşur: bu şeyi idarə etməyin həqiqətən məsihçi yolu varmı? (“Buraya hardan gəlib çıxdığını heç soruşmayın” da deyə bilər, lakin heç vaxt demir.)
Bəs biz təyyarəni doğrudan da təbii bir şey kimi qəbul edə və Rotbardın sualına cavab verə bilərikmi? Məncə yox. Bir sosialist pulun, malların, istehsalatın, mübadilənin, bazarların və s. mövcudluğunu nə qədər fərz edə bilərsə, biz də təyyarənin heç nədən mövcudluğunu o qədər fərz edə bilərik. Deməli, Rotbardın sualına cavab vermək üçün ondan və digər klassik liberallardan öyrəndiklərimi praktikada tətbiq etməliyəm: görün bu təyyarə ümumiyyətlə necə yaranıb? Gəlin baxaq.
Bir təyyarə üçün təbiət qanunları haqqında müəyyən bilik lazımdır. Buna görə də təbiətin öz qanunlarının olduğuna inanan bir adamdan başlamaq lazımdır. Daha doğrusu, buna inanan bütöv bir mədəniyyətdən. Bütün reallığın vahid, transsendental vəhdəti prinsipi istənilən bilik sisteminin əsasında dayanır. Təbiətin xeyirxah və bədxah fərdi sirli qüvvələrin toqquşması olduğuna inanan bir mədəniyyətin “təbiətin qanunları” konsepsiyası irəli sürməsi ehtimalı çox azdır. Bütpərəstlik heç vaxt elmi inkişaf etdirməyib.
Bu adam və ya bu mədəniyyət insan şüurunun təbiətin qanunlarını etibarlı şəkildə kəşf etmək və anlamaq iqtidarında olduğuna inanmalıdır. Məsələn, hinduizm bütün qavrayışların illüziya olduğuna inanır; o, heç vaxt heç bir elmi inkişaf etdirməyib. İnsan şüurunun təsadüfi şəkildə təkamül etdiyinə və təsadüfi kimyəvi qüvvələrin təsadüfi işindən ibarət olduğuna inanan bir cəmiyyətin də, insan təfəkkürünün ətraf dünya ilə hər hansı etibarlı əlaqə qura biləcəyinə inanması üçün heç bir əsası yoxdur, elə isə “kəşf edə biləcəyimiz” hansısa qanunlara inanmaq nəyə lazımdır?
Sonra həmin adam və ya həmin mədəniyyət inanmalıdırlar ki, əksinə, insan təfəkkürünün nəzəri quruluşu və düşüncələri ətraf dünyaya etibarlı və öncədən görünə bilən tətbiqə malikdir. Təfəkkür və materiyanı radikal şəkildə bir-birindən ayıran dualizm hansısa “elmə” bənzər rasional quruluşlar yarada bilər, lakin onları heç vaxt texnologiyaya çevirməyəcəkdir. Yunanlar ağla gələn çoxsaylı nümunələrdən biridir.
Alimlərdən sonra bizə təcrübəçilər lazımdır. Elə bir adam lazımdır ki, öz ağlının təcrübələrin nəticələrini doğru şərh edəcəyinə inansın və buna görə də, “elmi metod” adlanan şeyin həqiqətən də faydalı bir alət olduğuna inansın. Son aqibətə və ya axır şansa inanan istənilən inanc “elmi metod” üçün dağıdıcıdır.
Təcrübəçilər arasında əmək bölgüsünə də ehtiyacımız var; ona görə də vaxtdan, coğrafi məkandan, təcrübəçinin şəxsi keçmişindən və ya ayaqqabısının ölçüsündən asılı olmayaraq, bütün təcrübələrin arxasında hamısını birləşdirən bir prinsipin dayandığına inanan bir qrup adama ehtiyacımız var. Bu adamlar təcrübələri və nəticələrini təkrarlamaq prinsipinə inanmalıdırlar.
Bəs işin iqtisadi tərəfi necə olsun? Təyyarəyə sahib olmaq üçün, əvvəlcə elə bir adama ehtiyacımız var ki, öz velosiped mağazasının gəlirinin şəraba, qadınlara və mahnılara deyil, ilk təcrübə təyyarəsinin hazırlanmasına xərclənməsinin daha yaxşı olduğuna inansın. Elə bir adam lazımdır ki, Şimali Karolina Kitti-Hokda ilk uçuş üçün öz həyatını riskə atmağa dəydiyinə inansın. Fiziki mülkiyyət hüququ ilə yanaşı intellektual mülkiyyət hüququna da inanan elə bir cəmiyyətə ehtiyacımız var ki, ixtarıçını göstərdiyi səylərin və sərf etdiyi vaxtın və vəsaitin mükafatlandırılacağına inandırsın.
Ümumiyyətlə, heç kim bir gecədə təyyarə düzəltmir. Sərmayəçilər cari istehlakdan daha çox vaxtın dəyərinə və gələcək mənfəətin dəyərinə inanmalıdırlar. Bazarın proqnozlaşdırıla biləcəyinə və sahibkarlarla ümumi dəyərləri bölüşdüklərinə inanmalıdırlar; axı heç kim pulunu əxlaqi cəhətdən etibarsız bir adama verməz. Cəmiyyət pis iş görənləri cəzalandıran əxlaq qanunlarına inanmalıdır.
Sonra yenə, təyyarə hazır olanda bizə pilotlar lazımdır ki, keçmişdəki başqa adamların ixtiralarının və təcrübələrinin təyyarənin təhlükəsizliyinin göstəricisi olduğuna inansınlar; başqa sözlə, pilotlar keçmiş və gələcəyin birliyi prinsipinə inanmalıdırlar. Eyni şey sərnişinlərə də aiddir. Vaxtlarının təyyarə biletinə xərclədikləri pullardan daha dəyərli olduğuna inanan sərnişinlərə də ehtiyacımız var. Əgər cəmiyyət təyyarənin istifadəsinə inanmırsa, heç kim təyyarə düzəltməz.
İndi isə yuxarıda yazılara göz yetirin. Təyyarənin sadəcə var olması üçün tələb olunan sadəcə bir neçə ilkin şərti sadalayarkən “inanmaq” və “inam” sözündən 18 dəfə istifadə etmişik! Əgər bütün bunlara inanan adamlarımız olmasa, təyyarənin tədqiqi, təcrübədən keçirilməsi və düzəldilməsi istiqamətində heç bir maddi addım atılmayacaqdır. Təyyarə özbaşına mövcud olmur; o, inanclar sisteminin məhsuludur. Əgər bir təyyarəni rasional şəkildə müzakirə edəcəyiksə, ilk növbədə onun mövcudluğunun gözəgörünməz səbəbi olan bu inanclar sistemini nəzərə almalıyıq.
Beləliklə, bir təyyarə üçün, ən azından, cəmiyyətin insana, qanuna və zamana dair müəyyən inancları olmalıdır. Hər şeydən çox isə bütün bunlar arasındakı birləşdirici prinsipə – Allaha müəyyən inancları olmalıdır. Bunsuz təyyarə mövcud ola bilməz.
Mürrey Rotbard ən başdan başlamaq istəsəydi, bütün zəruri inancları özündə birləşdirən sadəcə bir inam sisteminin mövcud olduğunu görərdi: Məsihçilik. Təsadüfi deyil ki, təyyarələr və daha başqa şeylər ilk dəfə məsihçi xalqı tərəfindən yaradılmışdır. Rotbardın məqaləsinin əvvəlindəki “Məsihçilik qərb sivilizasiyasında mərkəzi rol oynayıb və klassik-liberal düşüncənin inkişafına mühüm təsir göstərib” iddiaları düzgün deyil. Düzgün ifadə belə səslənərdi: “Qərbi yaradan yeganə qüvvə Məsihçilik olub. Bütün digər təsirlər yalnız dağıdıcı rol oynayıblar.”
Axı Rotbardın təbiət qanunu belə, məsihçilik olmadan ağlasığmazdır. Əgər o, “Təbiət qanununun nə dərəcədə təbii olduğunu” araşdırmağa bir az vaxt sərf etsəydi, tarixdəki insanların əksəriyyətinin onun təbiət qanununun “təbiiliyi” ilə razılaşmayacağını görərdi. Yeganə razılaşanlar məsihçilər olardı. Niyə? Çünki o, bu anlayışı onlardan götürüb! Sonra isə təbiət qanununu “təbii” edən yeganə şeyi ondan kəsib atıb: Müqəddəs Kitabın Allahını. Amma Müqəddəs Kitabın Allahı olmadan heç bir təbiət qanunu yoxdur; deməli, təbii olan yalnız Müqəddəs Kitabda açılan qanundur. Allaha ehtiyac duymayan bir təbiət qanunu bəyan edərkən Rotbard yumoristik nömrədəki terroristə çox bənzəyir. O terrorist də “Qahirədəki lənətə gəlmiş Amerika universitetində” oxuduğu ilə öyünür.
Odur ki, cənab Rotbardın sualına cavab versək, təyyarəni idarə etməyin yalnız bir yolu var: məsihçi yolu. Bütün digərləri məsihçiliyin dünya görüşünü və fərziyyəçiliyini borc almalıdırlar ki, əvvəlcə təyyarələri olsun, sonra uçursunlar. Pulu kasıblara paylamaq istəyən sosialist pulu daha az kapitalist etmədiyi kimi, qeyri-məsihçinin təyyarədən istifadə etməsi və təyyarədə uçması da təyyarəni daha az məsihçi etmir. Təyyarələr başdan sona qədər məsihçidir, sivilizasiyalar, elm, texnologiya və azad bazar müdafiəsi də eynən. Onları başqa heç nə yarada bilməzdi.
İngilis dilində versiya (25 avqust 2010-cu il): http://web.archive.org/web/20120726054346/http://americanvision.org/3423/is-there-a-non-christian-way-to-fly-a-plane/
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/