Orijinal Uorrenton Bəyannaməsini oxuyun və imzalayın: warrentondeclaration.com
Tibbi mandatlar, Müqəddəs Kitab əxlaqı və Hakimiyyət haqqında Uorrenton bəyannaməsi tibbi mandatlarla bağlı Müqəddəs Kitab hakimiyyəti və əxlaqı məsələlərinə doktrinal aydınlıq gətirmək və uyğunluğu təmin etmək məqsədilə yaradılmışdır. Bəyannamənin əsas hədəfi yerli dini və xidmətçilərinin işində şəffaflığa imkan yaratmaq və icmalarda pis rəftara məruz qalan adamlara bu mövzudakı əqidənin yaxşı tərtib edilmiş icmalı ilə kömək etməkdir.
“Rəbb taxtını göylərdə qurub, hər yerdə hökmranlıq edir” – Məzmur 103:19
Giriş
COVİD-19-un və doğurduğu fəsadların artması ilə İmanlılar cəmiyyəti Müqəddəs Kitab əxlaqının, hakimiyyətinin və tibbi mandatların bir-biri ilə kəsişən sahələrinə aid hesab etdiyi hallarla barışmaq məcburiyyətində qaldı.
Əfsuslar olsun ki, bu məsələlərlə bağlı ilahiyyatçı və Müqəddəs Kitaba əsaslanan bilikdə böyük əksiklik var, eyni zamanda, dövlətə həddindən artıq səlahiyyətlər və hüquqların şamil edilməsi ənənəsi mövcuddur. Buna görə də İmanlılar cəmiyyəti çox vaxt dövlət səhiyyə orqanlarının istənilən bəyanatı və qəbul etdiyi istənilən prinsipləri ilə qeyd-şərtsiz razılaşır. Dövlətə şamil edilən geniş səlahiyyətlərin qanuniliyi ya sadəcə bir ehtimaldan ibarət olur, ya da Müqəddəs Kitabdan bəhrələnən ötəri və ya yanlış dəlillərlə əsaslandırılır. Bu səlahiyyətlər Müqəddəs Yazılarla qəti surətdə təsbit edildiyi zaman deyil, daha çox açıq-aşkar inkar edilmədikdə rahat şəkildə qəbul edilirlər.
Nəticədə, pastorlar bu məsələlərin həlli ilə məşğul olmaq yerinə çox vaxt dövlət səhiyyə orqanlarının elçisinə çevrilirlər, sonra da elə həmin orqanlar tərəfindən istifadə edilirlər ki, onların göstərişlərini həyata keçirməyə kömək etsinlər.
Bu cür prinsiplərə görə davranmaq və bu prinsipləri yerli icmaya şamil etmək üçün göstərilən səbəblər, adətən, bütün Müqəddəs Yazıların hakimiyyət mövzusunda və qonşunu özün kimi sevməyin mənası haqqında hərtərəfli və sistematik anlayışında öz əksini tapmır. Bunun əvəzinə, bir qayda olaraq, əlaqəsiz, nizamsız və qarışıq əsaslar irəli sürülür.
Ona görə də Tibbi mandatlar, Müqəddəs Kitab əxlaqı və Hakimiyyət haqqında Uorrenton bəyannaməsi tərtib edildi ki, gələcəkdə bu cür məsələlərə aydınlıq gətirilsin, yerli icmalara və xidmətçilərinə öz mövqelərini aydın şəkildə göstərmək imkanı verilsin və öz icmalarında yanlış rəftara məruz qalmış adamlara bu mövzu ilə bağlı İmanlılar cəmiyyətinin etiqadının yaxşı tərtib edilmiş icmalı ilə kömək edilsin.
Bəyannamə
I hissə – Hakimiyyət
- BİZ TƏSDİQ EDİRİK Kİ, göydə və yer üzündə bütün hakimiyyət Oğul Allah, İsa Məsihə verilmişdir (Yeş. 9:6-7; Dan. 7:13-14; Kol. 1:15-20; Mat. 28:18).
- BİZ TƏSDİQ EDİRİK Kİ, yer üzündə olan hakimiyyətlər – Allaha məqbul şəkildə hökmranlıqla öz hakimiyyəti altında olanlara xeyir-dua gətirmək, onları Allahın qanununa müvafiq və Məsihə itaətkar şəkildə idarə etmək üçün Allah tərəfindən təyin edilmiş qullarıdır (Zəb. 2:1-12; Rom. 13:1; Rom. 13:3-5; 1Pet. 2:13). Bunlara mülki hakimiyyət orqanları (Rom. 13:1; 1Pet. 2:13-14), kilsə rəhbərləri (İbr. 13:17), iş yeri rəhbərləri (1Pet. 2:18), ailə başçıları (Ef. 6:1; 1Pet. 3:1) və özünü idarə edən fərdlər (Sül. məs. 25:28; Rom. 12:1-2; Mk. 12:31; Lev. 19:18; 1Pet. 2:16) aid edilə bilər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, tam hakimiyyəti hər hansı bəşəri səlahiyyət orqanına şamil etmək bütpərəstlikdir, çünki bu cür qeyri-məhdud sonsuz hakimiyyət yalnız Məsih İsaya verilmişdir (Yeş. 9:6-7; Dan. 7:13-14; Kol. 1:15-20; Mat. 28:18). Bu həqiqət Məsihin hakimiyyəti altında mövcud olan bütün səlahiyyətli orqanların hakimiyyətinin hüdudlarını müəyyənləşdirir.
- BİZ İNKAR EDİRİK Kİ, mövcud olan mülki hakimiyyət orqanları qeyri-məhdud hakimiyyətə malikdirlər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, Müqəddəs Kitabda bəşəri hakimiyyətlərə verilmiş səlahiyyətlərin hüdudlarını yaxşı və düzgün nəticə çıxarmaqla da müəyyən etmək olar, çünki Müqəddəs Yazılar müxtəlif səlahiyyət sahiblərindən “hər işdə” (“hərtərəfli”) itaət göstərməyi tələb edir (Kol. 3:20, 22; Ef. 5:24; Tit. 2:9). Bu ayələrdə istifadə edilən “hər işdə” sözlərinin mahiyyəti heç də o demək deyildir ki, əxlaqi səviyyəsindən asılı olmayaraq bütün əmrləri icra etmək lazımdır, çünki Müqəddəs Yazılar məsihçilərə günahlı və ya zorakı əmrləri icra etməməyi də öyrədir (Həv. iş. 5:29, Çıx. 1:15-20). Digər tərəfdən, “hər işdə” deyərkən bütün saleh əmrlərə mütləq əməl etməli olduğumuz da nəzərdə tutulmur, çünki Müqəddəs Yazılarda çoxsaylı bəşəri hakimiyyətlər də qeyd olunur (İbr. 13:17; 1Pet. 2:18; Ef. 6:1; Rom. 13:1). Bu hakimiyyətlər arasında bəzən münaqişəli vəziyyət yarana bilər, buna görə də məsihçilər onlardan hansının öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirdiyini düşünməlidirlər ki, itaətin tələb edilib-edilmədiyini müəyyənləşdirsinlər. Beləliklə, “hər işdə” itaət göstərmək əmri – məsihçilərin düzgün qanuni səlahiyyətlər çərçivəsində göstəriş verən əsl hakimiyyətlərin bütün saleh əmrlərinə əməl etmək vəzifəsinə şamil edilməlidir.
- BİZ İNKAR EDİRİK Kİ, Müqəddəs Kitabın mülki hakimiyyət orqanlarına, kilsə rəhbərliyinə, ailə başçılarına və ya iş yeri rəhbərlərinə “hər işdə” tabe olmaq göstərişləri (Tit. 2:9; Kol. 3:20, 22; Ef. 5:24) onların, Yazıların da öyrətdiyi qanunlara uyğun vəzifələrinin aradan qalxması kimi şərh edilə bilər (Rom. 13:3-4; Yar. 1:26-28; Qan. tək. 6:6-7; Sül. məs. 22:6, 23:13-14; 1Tim. 5:3-16, 6:1-2; Ef. 6:1; 1Kor. 11:3).
- BİZ TƏSDİQ EDİRİK Kİ, bəzi ədalətsiz əmrləri günaha yol vermədən icra etmək mümkün olduğu zaman, məsihçinin Allah qarşısındakı və yaxınları qarşısındakı öhdəliklərinə mane olunmadığı təqdirdə, məsihçi onlara tabe olmağı seçə bilər. Bunun səbəbi əmrin yerinə yetirilməsinin məcburiyyətdən irəli gəlməsi, itaətin məqsədəuyğun olması, yaxud da əmrin pisliyini daha çox ifşa etmək üçün itaətin şişirdilməsi ola bilər (Rom. 12:20; Mat. 5:38-42).
- BİZ İNKAR EDİRİK Kİ, mülki hakimiyyət olduğuna iddia edən istənilən insan və ya qrup, sırf bu hakimiyyətə iddiaları və ya onları dəstəkləyənlərin iddiaları əsasında həqiqətən də Allah tərəfindən mülki hakimiyyətlər olaraq tanınır (Huşə 8:4).
- BİZ TƏSDİQ EDİRİK Kİ, həqiqi mülki hakimiyyətlər Müqəddəs Yazılarda mülki hakimiyyət təsvirinə uyğun olaraq Allah tərəfindən təyin olunmuş şəkildə qılınc daşıdıqları, yəni öz mülki səlahiyyətləri və hüquqlarına müvafiq şəkildə şəri cəzalandırdıqları və yaxşı işləri təriflədikləri (Rom. 13:3-4; 1Pet. 2:14) zaman qanuni hesab edilirlər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, mülki hakimlər hücum (Çıx. 21:18-19), qətl (Yar. 9:5; Çıx. 21:12), zorlama (Qan. tək. 22:25), oğurluq (Çıx. 22:1), fırıldaqçılıq (Lev. 19:35-36; Qan. tək. 25:13-16), insan oğurluğu (Çıx. 21:16) və yalançı şahidlik (Qan. tək. 19:15-19) kimi mülki cinayətləri cəzalandırmaq, eləcə də mülki məhkəmə vasitəsilə hüquqi prosesin lazımi qaydada baş tutmasını, sübuta yetirilmiş zərərin ödənilməsini (Çıx. 21:33) və müvafiq cəzanın kəsilməsini təmin etmək üçün (Qan. tək. 16:18-20, 17:6, 19:15-21) qanuni səlahiyyətlərə sahibdirlər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, məsihçilər yer üzündəki hakimiyyət orqanlarının Müqəddəs Kitaba uyğun gələn göstəriş və əmrlərinə onların düzgün, Allah tərəfindən təyin edilmiş rolları və hüquqları çərçivəsində tabe olmalıdırlar (Rom. 13:1; 1Pet. 2:13).
- BİZ İNKAR EDİRİK Kİ, qanuni mülki hakimiyyətin Romalılara məktub 13:3-4-dəki məhdudlaşdıran təsvirini etibarsızlaşdırmaq üçün Paulun müasiri imperator Neronun hökmranlığına doğru istinad mənbəyi kimi baxmaq olar. Birinci səbəb odur ki, Yazılar Müqəddəs Kitaba uyğun qanuni mülki hakimiyyətin məğzinə və xarakteristikasına aydın şəkildə şahidlik edir (Rom. 13:3-4); ikincisi, Neronun təqibləri Romada bizim eranın 64-cü ilində baş verən böyük yanğından sonra, yəni Romalılara məktubun yazılışından (b.e. 57-ci ili) yeddi il sonra başlamışdı.
- BİZ İNKAR EDİRİK Kİ, Allahın xilas planına uyğun olaraq, Məsih İsanı edam etmək Pilata verilmiş xüsusi səlahiyyət (Yəh 19:10-11) mülki idarəetmənin ümumi prinsipinə dəlalət edir və bu prinsip əsasında mülki hakimlər şər işlər görmək və ya öz hüquqları çərçivəsindən kənarda hər hansı əmrlər vermək üçün qanuni səlahiyyətlərini qoruyurlar.
- BİZ İNKAR EDİRİK Kİ, insanın hakimiyyətə qanuni itaətsizliyinin yeganə səbəbi günah etmək əmrinin verilməsi ola bilər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, konkret hakimiyyət orqanının hüquqları çərçivəsindən kənarda verilmiş istənilən əmrə itaətsizlik mümkündür. Məsələn, tarix boyunca mülki hakimiyyət orqanları insanları müəyyən işlərə məcbur etməyə cəhd göstəriblər, kilsənin işləri üzərində yanlış nəzarət tətbiq ediblər və ailənin sahib ola biləcəyi uşaqların sayına məhdudiyyət qoyublar. Çox vaxt iddia edirlər ki, bu cür əmrlər cəmiyyətin “böyük rifahı”na xidmət edir. Bu əmrlər heç kimdən günah işlətməyi nə qədər tələb etməsələr də, onlara tabelik artıq əxlaqi vəzifə sayılmır, çünki bu əmrlər əmr verən hakimiyyətin hüquqları çərçivəsinə daxil deyildir.
II hissə – Tibbi mandatlara tətbiq
- BİZ İNKAR EDİRİK Kİ, şəxsi sağlamlıq, ailə sağlamlığı və ya “ictimai” sağlamlıqla bağlı qanuni hüquqlar və səlahiyyətlər mülki hakimiyyət orqanlarına verilmişdir.
- BİZ İNKAR EDİRİK Kİ, Levililər kitabının 13 və 14-cü fəsillərində cüzamla bağlı hissələr ümumi prinsipin təlimi kimi şərh edilə bilər. Həmin prinsip “ictimai sağlamlığın” idarə edilməsində mülki hakimiyyətin qeyd-şərtsiz və qanuni hüquqlara malik olduğunu iddia edir.
- BİZ TƏSDİQ EDİRİK Kİ, cüzamla bağlı bu hissələr bioloji yoluxmanın yayılması ilə deyil, dini baxımdan natəmizliklə bağlıdır, çoxsaylı amillər də bunu təsdiqləyir: birincisi, bədəni başından ayağına qədər ağ cüzama bürünmüş adam belə “pak” elan edilirdi (Lev. 13:12-13) və düşərgəyə girməsinə icazə verilirdi. İkincisi, cüzamlıların ümumiyyətlə düşərgədən uzaqlaşdırılması üçün irəli sürülən səbəblə meyidə toxunmuş və ya bədən axıntısı olanların uzaqlaşdırılması səbəbi eyni idi. Bu səbəb bioloji yoluxma deyildi, Rəbb qarşısında “düşərgəni murdarlayan” dini natəmizlik idi (Say. 5:1-4). Üçüncüsü, Müqəddəs Yazıların heç bir yerində cüzam bioloji cəhətdən yoluxucu xəstəlik kimi qeyd edilməmişdir. Bu “cüzam” evləri (Lev. 14:34) və geyimləri də (Lev. 13:47) murdarlayırdı. Haqqında bəhs edilən cüzam müasir dünyada “Hansen xəstəliyi” kimi tanınan xəstəliklə eyni deyildir. Dördüncüsü, “cüzamlı” evdəki əşyaların kahin tərəfindən “natəmiz” elan edilməməsi üçün ev sahibinə icazə verilirdi ki, kahin evə baxmağa gələnə qədər əşyaları boşaltsın (Lev. 14:33-36). Burada bioloji yoluxmanın qarşısını almaq üçün əşyaların sanitar təmizlənməsi (yandırma) nəzərdə tutulmurdu. Levili kahinlərlə bağlı olan və hal-hazırda mövcud olmayan bu dini ənənələr Məsihin daha böyük Kahinliyi səbəbi ilə köhnəlmiş sayılırlar (İbr. 7:12) və “ictimai sağlamlıq”la bağlı hüquqları mülki hakimiyyət orqanlarına şamil etmənin tam əsası kimi onlara istinad etmək olmaz.
- BİZ İNKAR EDİRİK Kİ, mülki hakimiyyət orqanları hər kəsi öz yaşayışını təmin etmək və öz işlərini ictimai şəkildə aparmaq haqqından məhrum etmək üçün qanuni hüquqa və ya səlahiyyətlərə malikdirlər.
- BİZ İNKAR EDİRİK Kİ, mülki hakimiyyət orqanları “ictimai sağlamlığın” mühafizəsinə əsaslandırılmış “karantin[1]Karantin— İngilis dilindəki “lockdown” sözü sağlam və ya xəstə olmasından asılı olmayaraq insanlara qoyulan ümumi məhdudiyyətlərə aiddir.” rejimi elan etmək üçün qanuni səlahiyyətə malik deyillər, çünki bu, onların hüquqlarına daxil deyildir.
- BİZ TƏSDİQ EDİRİK Kİ, insanlar, doğru hesab etdikləri təqdirdə, yuxarıda qeyd olunmuş məqsədlə özlərinin ictimaiyyətdəki hərəkətlərinə sərbəst şəkildə məhdudiyyət qoya bilərlər. Qanuna əsasən, onlar mülki hakimiyyətdən başqalarının azadlığını məhdudlaşdırmaq üçün onların adından güc tətbiq etmələrini tələb edə bilməzlər.
- BİZ İNKAR EDİRİK Kİ, tibbi azadlığın mülki hakimiyyət tərəfindən bu cür pozulması, yaxud da bunun davamı olaraq peyvənd və maskaların mütləq tətbiqi – maskasız və ya peyvəndsiz insanların “virusu yaydıqları üçün əhalinin sağlamlığına ümumi təhlükə təşkil etdikləri” iddiası əsasında haqlı hesab edilə bilər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, hər bir ailənin məsihçi vəzifəsi – öz yaxınının rifahının qayğısına qalmaqdır (Lev. 19:18; Mat. 22:39; Yer. 29:7), buna isə simptomlu xəstələrin müalicəsində doğru metodların istifadəsi, eləcə də öz qonşunu, xüsusilə də izdihamlı yerlərdə və ya ictimai kontekstlərdə bilərəkdən ifşa etməkdən çəkinmək də daxildir. Hər bir məsihçi bütün insanlarla sülhdə yaşamağa, Allahın qanununa itaətdə Məsihin məhəbbətini nümayiş etdirməyə çalışmalıdır (Rom. 12:18; Mik. 6:8).
- BİZ İNKAR EDİRİK Kİ, yoluxucu virusların mövcudluğu, virusları yoxlama mexanizmlərinin olması və ya peyvəndlərin ixtirası yeni əxlaq standartı yaradır və bu standarta əsasən peyvəndsiz, virus yoxlanışından keçmədən və ya maska geyinmədən cəmiyyətdə öz işlərini görən sağlam bir adam cinayətkar və ya əxlaqi cəhətdən düşüncəsiz davranış nümayiş etdirir. Həm də əgər tibbi azadlığı pozan belə bir standart qəbul edilsə, çox güman ki, mülki hakimiyyət orqanları daim həyatın hər sahəsini nizamlaya və məhdudlaşdıra bilərlər, çünki eyni məntiqlə müxtəlif qripə bənzər viruslar istənilən zaman xəbərimiz olmadan yayıla bilər. Eyni zamanda, ürək-damar xəstəlikləri kimi çoxsaylı daha ölümcül təhlükələr mövcuddur, virusla bağlı xəstəxanaya yatma halları kimi, bunlar da səhiyyə sisteminə böyük yük yaradırlar. Onda mülki hakimiyyət piylənmədən əziyyət çəkən adamların qazlı içkilər içməsini qadağan etmək səlahiyyəti almır.
- BİZ TƏSDİQ EDİRİK Kİ, mülki idarəetmə, eləcə də kilsənin idarəedilməsi sahələrinə Müqəddəs Kitaba uyğun doğru baxış mülki rəhbərlərə və ya kilsə rəhbərliyinə qanuni səlahiyyət vermir ki, ayrı-ayrı fərdlərin özlərinə və ya uşaqlarına dərman maddələrini inyeksiya şəklində vurmalarını, yaxud ağızlarını, burunlarını və üzlərini və ya hər hansı birini maska ilə örtmələrini qayda kimi tətbiq etsinlər və ya adamları buna məcbur etsinlər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, adamları və onların uşaqlarını maska taxmadıqlarına və ya bədənlərinə dərman maddələri vurmadıqlarına görə ictimai sürgünə, cəriməyə, həbsə, sosial təcridə və ya müxtəlif məcburetmə formalarına məruz qoymağa cəhd edən istənilən mülki və ya kilsə rəhbərliyi Allahın onlara vermədiyi səlahiyyətləri öz adlarına çıxırlar və ağır günah içindədirlər (Mat. 19:14; Tit. 3:10; 1Kor. 1:10; Rom. 16:17).
- BİZ TƏSDİQ EDİRİK Kİ, yerli ibadət evləri simptomlu xəstələrə evdə qalmaq çağırışı siyasətini müdrik şəkildə istifadə edə bilərlər, lakin hansısa dərman maddəsini inyeksiya şəklində vurmayan və ya maska taxmayan bir imanlının toplantıda fiziki iştirakına mane olmaq üçün göstərilən hər hansı bir cəhd ayrılıq yaratmaq deməkdir (Tit. 3:10; 1Kor. 1:10; Rom. 16:17).
- BİZ İNKAR EDİRİK Kİ, peyvənd olunmaqdan və ya maska taxmaqdan fərdi və ya ailəvi şəkildə imtina qərarı Müqəddəs Kitabın “qonşunu özün kimi sev” əmrinə mütləq zidd çıxır (Lev. 19:18; Mat. 22:39).
- BİZ İNKAR EDİRİK Kİ, tövsiyə olunan tibbi fəaliyyət kursuna əməl etmək mülki və ya əxlaqi cəhətdən icbaridir və ekspert rəylərinin iddia edilən “çoxluğuna” və ya mövcud tibbi məlumatlara müraciət etməklə həyata keçir.
- BİZ İNKAR EDİRİK Kİ, bir məsihçinin daha zəif bir qardaşı qarşısındakı vəzifə borcu (1Kor. 8:1-12) istənilən məsihçini maska taxmaq və ya bədəninə inyeksiya yeritmək məsələsində öz vicdanına qarşı çıxmağa məcbur edir (Rom. 14:3; 1Kor. 10:31). Məsihçilər bu cür davranışları özünə və ailəsinə sağlam və qayğıkeş münasibətə zidd davranışlar kimi qiymətləndirə bilərlər. Xüsusilə də bədəndə daşınan maskalarla bağlı, məsihçilər də onların fikrincə maskanın dünyaya verdiyi mesaja görə vicdan narahatlığı hiss edə bilərlər. Onlar da maska taxmağa yalançı şahidlik kimi baxa (Çıx. 20:16; 23:2), yaxud maskaların istifadəsinin və öz yaxınlarını buna məcbur etməyin təbliği kimi gördükləri şeylərə istəmədən üstüörtülü razılaşmaq kimi dəyərləndirə bilərlər.
- BİZ TƏSDİQ EDİRİK Kİ, maska və ya peyvənd tələblərini yerinə yetirməyin məsihçinin “qonşunu özün kimi sev” əmrini yerinə yetirməsinin yeganə yolu olduğuna təkid edərək məsihçilərin vicdanını yükləyən hər kəs insan ənənələrinə Allah qanunu kimi münasibət bəsləyir (Mark 7:6-9). Bu adamlar özləri Yazıları təhrif etməkdə təqsirlidirlər və əslində, Allahın qanununu “ictimai səhiyyə” orqanlarının daim dəyişən, bir-birinə zidd şıltaqlıqlarına, son tibbi araşdırmalara və ya çoxluğun fikirlərinə tabe etdirirlər.
- BİZ İNKAR EDİRİK Kİ, kilsə xidmətçisinin maska taxmaq xahişini ehtiramla rədd etmək təfriqə yaratmağa və ya kilsə rəhbərliyinə qarşı çıxmağa hər hansı bir şəkildə dəlalət edir, çünki kilsə idarəsinin fərdi və ya ailə sağlamlığı haqqında qərarlarla bağlı heç bir hüquqi səlahiyyəti yoxdur.
- BİZ İNKAR EDİRİK Kİ, ibadət yığıncaqlarına maska geyinmək tələbləri bütün hallarda mütləq şəkildə günahlıdır və ya təfriqəçiliyə səbəb olur. Yığıncaq yerli imanlılar cəmiyyətinin mülkiyyətində olmayan bir yerdə keçirildiyi və həmin mülkiyyətin idarəçiləri içəriyə maska ilə daxil olmağı tələb etdiyi hallarda bu artıq mülkiyyət məsələsinə çevrilir. Belə hallarda, yığıncağın keçirilmə yerindəki maska tələbi səbəbindən yığıncaqda iştirak etməməyi seçən şəxslərin müqəddəslərlə müntəzəm görüşə aid hansısa Müqəddəs Kitab əmrlərini pozduqlarını söyləmək lazım deyildir. Kilsə xidmətçiləri mümkün olduğu qədər elə bir görüş yeri təmin etməyə çalışmalıdırlar ki, yerli cəmiyyət maska taxmayan fərdləri mülkiyyət sahiblərinin şıltaqlıqlarına görə yığıncaqdan kənarlaşdırmağa məcbur qalmasın.
- BİZ TƏSDİQ EDİRİK Kİ, şəxsi sağlamlığın qorunması və şəxsi sağlamlıqla bağlı qərarlar, eləcə də tibbi müdaxiləni qəbul edib etməməklə bağlı qərarlar hər bir fərdin və onun ailə üzvlərinin rolu və hüquqları çərçivəsindədir.
- BİZ İNKAR EDİRİK Kİ, valideynlər tibbi prosesin və ya peyvəndin qısamüddətli və ya uzunmüddətli risk profilinə və səmərəliliyinə əmin olmadıqları üçün müəyyən tibbi müdaxilədən imtina etməyi qərara aldıqları zaman etinasızlıqda və ya amansız münasibətdə təqsirli hesab olunurlar. Onların həkimdən aldıqları və ya almadıqları tövsiyələrdən asılı olmayaraq, bu, belədir.
- BİZ TƏSDİQ EDİRİK Kİ, valideynlər istənilən vaxt öz uşaqlarına hər cür tibbi müdaxilədən tamamilə imtina edəndə və hər cür tibbi müdaxilənin Allaha imanın azlığının sübutu olduğunu iddia edəndə Müqəddəs Yazılara zidd çıxırlar (1Tim. 5:23).
Yerli kilsənizin və yerli cəmiyyətinizin bu məsələlərlə bağlı mövqeyinə əmin deyilsinizsə, ehtiramlı şəkildə sual verməkdən çəkinməyin. Yaxşı və mömin liderləriniz varsa, bu məsələləri qaldırdığınıza görə sizi tənqid etməyəcək və ya kənarlaşdırmayacaqlar. Əgər indiki yerli kilsəniz bu məsələlərlə bağlı sizə etinasız yanaşıbsa və ya pis davranıbsa, səbəblərinizi dinləməyibsə, onda özünüzə tibbi azadlığın başa düşüldüyü və tətbiq olunduğu bir icma tapmağınızı tövsiyə edirik.
Orijinal Uorrenton Bəyannaməsini oxuyun və imzalayın: warrentondeclaration.com
Qeyd
↑1 | Karantin— İngilis dilindəki “lockdown” sözü sağlam və ya xəstə olmasından asılı olmayaraq insanlara qoyulan ümumi məhdudiyyətlərə aiddir. |
---|