Müqəddəs Kitabda istifadə edilən dil və obrazlar qədim və bəzən də bizə yad olduğundan, onların mənasını çox vaxt nəzərdən qaçırırıq. Babil qülləsini tikənlər öz məqsədlərində dürüst idilər.
Birincisi, onların dünyanın hakimiyyət mərkəzi olmaq üçün nəzərdə tutulan qüllə və onun ətrafında şəhər inşa etməyə başladılar. Onların məqsədi birləşmiş bəşəriyyət, bütün dövrlər üçün yeni vahid dünya nizamı yaratmaq idi.
İkincisi, qüllənin başı “göylərə çatmalı” idi, yəni, Allahın hakimiyyəti, qanunu və idarəsinə qarşı rəqabət aparmalı və onu əvəz etməli idi. Allahın yollarına qarşı nifrət mövcud idi və bu yeni nizam bəşər övladının Allahdan qeyri-asılılığını və müstəqilliyini bəyan etdiyini göstərməli idi. Allahın təyin etdiyi aqibətin yerinə, insan öz planlaması və idarəsi ilə humanist və dövlətçi bir aqibət təyin edəcəkdi.
Üçüncüsü, arxeologiyadan bildiyimizə görə, qüllə pilləli piramida şəklində idi. Dünyanın mərkəzi olan bu binanın hər növbəti mərtəbəsi bir öncəkindən daha kiçik idi və nəhayət ən üst mərtəbə tək, böyük otaqdan ibarət idi. Hər bir mərtəbə bu dünya nizamında hakimiyyətə yüksəlməni təcəssüm etdirirdi. Yaradılış 11:4-də istifadə edilən və “ad” (“ad çıxaraq”) kimi tərcümə edilmiş söz “sam”dır, mənası hakimiyyət, səlahiyyət mərkəzidir. Yaradılış 9:26-27-də Nuh Sama xeyir-dua verir, hakimiyyətin onun nəslindən gələcəyini bəyan edir; Kənanın nəsli Sama qul olacaqlar, Yafəsin nəsli “Samın çadırlarında”, onun müdafiəsi altında yaşayacaqlar. Bu, Məsih – yəni Sam və ya ali hakimiyyət və səlahiyyət haqqında verilmiş ilk peyğəmbərliklərdən biridir. Babil qülləsini tikənlər özümüzə “ad çıxaraq” deyərkən, əslində “özümüz özümüzün hakimiyyəti və xilaskarı olaq” deyirdilər. Allahın Öz təyin etdiyini bizə verməsinə ehtiyacımız yoxdur: özümüz təyin edərik.
Qədim dövrlərdən indiyə kimi bəşər nəsli təkrar-təkrar öz “yeni dünya nizamı”nı, öz yeni Babilini qurmağa çalışıb. Müqəddəs Yazılardakı üçlüyün vəhdəti Allaha inanmayaraq, insana və ilk növbədə də özlərinə inanırlar. Həyatın hər bir sahəsini idarə edərək, hər bir insanın ehtiyacını ödəyəcək “yeni dünya nizamı” qurmağı ümid edir və planlaşdırırlar.
İstər bir dövlət başçısına, istərsə də kiçik bir məmura baxarkən etiraf etməliyik ki, bu insanlar öz planlarının bəşəriyyət üçün ən böyük faydanı gətirəcəyinə inanırlar. Məhz onlar ümumi rifahı ən yaxşı şəkildə təmin edə bilərlər; doğrudan da, yalnız onlar bunu edə bilərlər.
Nəticədə, onlar azadlıq haqqında çox danışsalar da, azadlıq – onların düşmənidir. Əgər insana azadlıq verilirsə, o, bu maariflənmiş hakimiyyəti və nüfuzu rədd edə də bilər. Bəziləri hesab edir ki, ekoloji “səbəblərdən” avtomobil “adi” bir adam üçün qeyri-qanuni elan edilməlidir: avtomobil ona həddindən artıq azadlıq verir. Corc Ourellin “1984” kitabındakı görüşləri sürətlə gerçəkliyə çevrilir. Sovet İttifaqındakı dəyişikliklər “vahid dünya nizamı” xəyalına mane ola bilmədi; bəlkə də onlar saysız-hesabsız xalqların zehinlərini tərksilah edərək bu xəyalı daha da inkişaf etdirdilər.
İnsanın iki böyük düşməni var. Birincisi, günahkar insan düşkün vəziyyətdə olduğuna görə öz əleyhinə hərəkət edir. “Məni əldən verən canına qəsd edər, Mənə nifrət edənlərin hamısı ölümü sevər” (Sül. Məs. 8:36). İnsanlar adətən özlərinin ən pis düşmənidirlər, amma bu həqiqəti etiraf etməkdən imtina edirlər. Onlar günahın əvəzinin həmişə ölüm olduğunu (Rom. 6:23) öyrənəndə təəccüblənirlər. Nədənsə Allahın onları özlərinin gördükləri kimi görməsini gözləyirlər!
İnsanın ikinci böyük düşməni – müasir humanist dövlətdir. Bu dövlət Allaha və Allahın qanununa deyil, öz hakimiyyətinə (sam) və öz qanununa inanır. Amma allahsız olduğuna görə, dövlət Allahla və buna görə də insanla düşmənçilik edir. Allah kimi davranmaq üçün dövlət insanları özünə tabe etdirməlidir, bu isə insana və insanın azadlığına qarşı savaşmaq deməkdir. Humanist vergi tutmaq – məhv etmə gücüdür və ondan məhz belə istifadə edilir.
Müqəddəs Paul Romalılara Məktub 13:3-də aydın şəkildə başa salır ki, Allaha tabe olan dövlətin məqsədi “pis işlər görənlərə qorxu”, xeyirxah insanlara isə “tərif” olsun. Buradakı “tərif” terminin mənası Con Mürreyin “Romalılara Məktub” kitabında qeyd etdiyi kimidir: “Tərifi belə izah etmək olar ki, yaxşı davranış dövlət tərəfindən məqbul görülür, əl üstündə tutulmağa və inkişaf etdirilməyə layiq bir iş statusu qazanır” (2-ci cild, səh. 151).
Müasir dünyada bu, gerçəklikdən çox uzaqdır! Cinayətkarların “hüquqları” qurbanların hüquqlarını üstələyir. Tanınmış siyasətçilər və Konqres üzvləri, ümumiyyətlə, təqaüdə çıxmaq məcburiyyətində qaldıqları zaman, törətdikləri cinayətlərdən sonra belə, çox səxavətli pensiya ilə təqaüdə çıxırlar.
Nyu-Yorkda baş vermiş bu hadisəni düşünün: iyirmiyə yaxın silahlı adam Kvinsdəki Hillsdeyl Avenyuda yerləşən Dens Süprim adlı supermarketə daxil olurlar. Əyinlərində gülləkeçirməyən jiletlər var, şerifin bölməsinin silah və radiocihazlarla təchiz olunmuş üzvləridir. Mağazaya girirlər və guya zibil atmada qayda pozuntusuna görə 16 900 dollar nəğd ödənilənədək meneceri girov saxlayırlar. Yoldan keçənlərin səkiyə atdıqları zibili axı mağaza necə nəzarətdə saxlaya bilər? Bir nəfər bu “sanitariya işçilərinin” onun yaşadığı məhəlləyə “hər gün ən az dörd və ya beş dəfə” gəldiklərinə şahidlik edərək bildirirdi ki, bu cür işçilərdən biri “yerə düşmüş bir kağız parçasının arxasınca mağaza-mağaza gəzmiş və eyni kağız parçasına görə üç mağazaya cəza kəsmişdi”. “Kağızın bir mağazanın qabağından başqasına uçmasını yarım saat gözləməli idi, amma gözlədi”. Bütün bunlar baş verərkən, şəhər rəhbərliyi küçələrdə təmizlik işlərini azaldır! Axı bütün bunlar icra başçısı Dinkinsin yeni siyasətinin bir parçasıdır. Eyni zamanda şəhərin infrastrukturu da pozulur (Karolin Lokhed, “Big Apple Takes Bite from Its Own Future,” Insight, 16 Sentyabr, 1991-ci il, səh. 26-29).
Eyni hekayəni müxtəlif şəkilllərdə bu sahildən o sahilə, dünyanın hər yerində danışmaq olar. Allahdan qorxan və məhsuldar insanlar repressiya, nəzarət, vergi və pis tədbirlərin hədəfinə çevrilərkən, cinayətkarlar getdikcə daha az cəza alırlar. Müasir humanist dövlət özünün yaxşı vətəndaşları ilə müharibə aparır, çünki onların pulunu əllərindən almaq olar və çünki onlar dövlətin düşmənini, ilahi azadlıq padşahlığını təmsil edirlər. Allahsız azadlıq, abort, homoseksuallıq və indi hətta bəzən evtanaziya yolu ilə öldürmə icazəsi dövlətçilər tərəfindən lütflə qarşılanır. Yeni dünya nizamı – Allaha qarşı və mömin və məsuliyyətli vətəndaşların azadlığına qarşı müharibədir.
Bu gün imanlılar cəmiyyəti nə edəcək? Yeni Babil qülləsinin tikilməsinə xeyir-dua verəcək? Susub, “ruhani” müjdəni təbliğ edəcək? İmanlılar cəmiyyətini böyütmək üçün nəzərdə tutulmuş, lakin özündən müştəbeh insanları öz sıralarına əlavə etməkdən başqa heç bir işə yaramayan proqramlara başlayacaq? Allahın tarixdəki hər Babilə qarşı qəzəbi bütün Müqəddəs Yazılarda yazılmışdır.
Allahın Kəlamı aydındır: “Ey Mənim xalqım, oradan çıxın ki, onun günahlarına şərik olmayasınız, onun uğrayacağı bəlalara düçar olmayasınız” (Vəh. 18:4). Vəhyin 18-ci fəslində Böyük Babilin süqutu dünya miqyasında iqtisadi tənəzzüllə başlayan bir hadisə kimi təsvir edilir (Vəh. 18:11-21). Yeni Babil qülləsi, “yeni dünya nizamı” əsrlər boyunca sələflərinin yaşadığı taleyi yaşayacaq. Bu əsrin əvvəllərində Hitler ekoloji qayğılara, heyvan hüquqlarına, ağac hüquqlarına və bir çox başqa şeylərə dair özünün “yeni dünya nizamını” elan etdi, bunun sonunu isə hamımız bilirik. Yeni bir cəhdin sonu da bundan daha yaxşı olmayacaq.
Köhnə bir məsəldə deyilir ki, “Toz basmış Müqəddəs Kitabların sayı toz basmış pornoqrafiya kitablarından daha çoxdur”, ya da toz basmış televizorlardan deyə bilərik. Başqa bir məsəldə isə deyilir: “Boğulan insanın artıq üzməyi öyrənməyə ehtiyacı yoxdur”. Üzməyi öyrənmək üçün tezliklə çox gec ola bilər.
Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, çünki Onun əfvi boldur” (Yeş. 55:7).
Chalcedon Position Paper No. 146, Dekabr, 1991-ci il.
İngiliscə versiyası: https://chalcedon.edu/resources/articles/the-new-tower-of-babel
R.C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. Buna görə, o, Allahın Qanununu, mədəniyyət tənəzzülünə müasir məsihçinin cavab reaksiyasının əsası olaraq gördü, bunu kilsənin Allahın qanununun Onun lütfünə qarşı çıxdığı ilə bağlı səhv dünyagörüşü ilə əlaqələndirdi. Bu ətraflı məsihçi cavabını o, “Məsihçi Yenidənqurması” olaraq xarakterizə etdi. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir. O, həmçinin mühazirələr oxuyaraq və dini etiqad azadlığı ilə bağlı çoxsaylı məhkəmə işlərində ekspert şahidi kimi xidmət edərək çox səyahətlər etmişdir. Bu gün də davam edən bir çox xidmət və təhsil səyləri öz fəlsəfi və Müqəddəs Kitaba əsaslanan köklərini Onun mühazirələrindən və kitablarından götürmüşdür.