(Əvvəlki fəsil: 2. Peyğəmbərliyi necə oxumalı)
Beləliklə, biz dünyanın yaranması və Onun Yaradıcısının Allah olduğu ilə başlayacağıq, çünki ilk növbədə mənimsəməli olduğunuz fakt odur ki: yaradılışın yenilənməsi başlanğıcda onu yaradan Kəlamın məhz Özü tərəfindən yerinə yetirilmişdir. Ona görə də, yaradılış və xilas arasında uyğunsuzluq yoxdur; çünki Bir olan Ata başlanğıcda dünyanı yaradan eyni Söz ilə onun xilasını icra edərək hər iki iş üçün eyni Vasitəçidən istifadə edir.
– Müqəddəs Afanasi, İlahi Təzahür Haqqında [1]
3-cü fəsil: Cənnət mövzusu
Biz Müqəddəs Kitabı oxuduqca Eden hekayəsinin tez-tez qarşımıza çıxan üç əsas ideya, fikirdən ibarət olduğunu görürük: Yaradılış, Günaha batma və Məsihdə Satın alınma. Bu üç ideya xilas tarixi boyu inkişaf etdikcə, Müqəddəs Kitabın ən birinci kitabında başlayan bütün suallara, nəhayət, son kitabının cavab verməsinə qədər biz tanış obraz və hadisələrin yenidən baş verdiyini və təsvirlərin quruluş almağa başladığını görürük. Allahın Özünü göstərməsi ardıcıl, bütövlükdə ahəng təşkil edir; və bizə çox gözəl bədii formalarda çatır. Kəlamın bizə çatdırılma üslubunu dərk etməyə və dəyərləndirməyə təşəbbüs göstərmədikcə onu düzgün anlamayacağıq. Müqəddəs Kitabın başladığı yerdən araşdırmağa başlamaqla biz nəinki Vəhy kitabını daha da asanlıqla anlayacağıq, həmçinin Müqəddəs Kitabın Özünü – Müqəddəs Kitabı yazanların nə üçün dediyi hər şeyi və bu cür dediyini dərk edəcəyik. Bunu etməkdə məqsədimiz Allahın vədlərinə daha çox inana bilmək, Onun əmrlərinə riayət etmək və Onun xeyir-dualarını miras almaqdır.
Xilasın təbiəti
Müqəddəs Yazının əsas mövzularından biri odur ki, xilas insanı əsl və ilkin məqsədinə bərpa edir. Başlanğıcda Allah Öz surətində insanı yaratdı ki, o, hökmranlıq etsin (Yar. 1:26-28). Həmin hökmranlıq tapşırığı Eden bağında başladı, lakin orada bitməli deyildi, çünki insana bütün yer üzərində hökmranlıq etmək əmr olunmuşdu: Adəm və Həvva (və onların övladları) Cənnətin xeyir-dualarını bütün dünya üzərinə yaymalı idilər. Lakin insan üsyan edəndə mömin hökmranlıq etmək qabiliyyətini itirdi, çünki öz Yaradanı ilə ünsiyyətini itirdi. Günah etmiş insan hələ də Allahın surətində olduğuna baxmayaraq (Yar. 9:6), indi çılpaq surətdir (Yar. 3:7), çünki ilkin libasını – Allahın izzətini itirmişdir (Rom. 3:23).
Allahın surəti müəyyən dərəcədə bütün insanlarda qalmaqda davam edir – lakin həmin surət günahın nəticəsi olaraq təhrif olunmuş, zədələnmiş, pozulmuş və parçalanmışdır. Allahın Bağı-Məbədi olması planlaşdırılmış yer üzü, indi isə əksinə, tikanlar, qanqallar, alın təri, qıtlıq, çirklənmə və ölüm səhrasına dönmüşdür (Yar. 3:17-19; Yeş. 24:1-6; Rom. 5:12). İnsan Bağdan qovulmuş və oraya yenidən girmək ona qadağan edilmişdir.
Lakin bu hələ hekayənin sonu deyildir. Allah insan və yer üzəri haqqında hökm çıxardığı gün Xilaskarın bir gün gəlib İlanın başını əzəcəyini bəyan edərək Yoldançıxaran haqqında daha böyük hökm verdi (Yar. 3:15). Buna müvafiq olaraq, Həvari Yəhya bizə deyir ki, “Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini boşa çıxarsın” (1Yəh. 3:8). Məsih İkinci Adəm kimi gəldi ki, Birinci Adəm vasitəsilə dəymiş zərəri aradan qaldırsın (1Kor. 15:22, 45; Rom. 5:15-19). Allah Adəmə Həyat nəfəsi (ibrani dilində Ruhu) üfürdü, lakin Adəmin üsyanı dünyaya ölüm gətirdi. Xilas vasitəsilə Məsih yenidən Öz xalqına bizi günahın və ölümün lənətindən azad edən (Rom. 6:2) və nəticə etibarilə bütün yaradılışın bərpasına gətirib çıxaracaq (Rom. 8:19:21) Həyat Ruhu (Yəh. 20:22) – Əbədi Həyat üfürdü. Məsihdə biz, həqiqətən də, yeni yaradılışıq (2Kor. 5:17), çünki Allahın surətində yenidən yaradıldıq (Efes. 4:24; Kol. 3:10) və yenidən Allahın izzətini geyindik (Rom. 8:29-30). Beləcə, bu dəfə, Allahın bərpa olunmuş surətinin təhlükəsizliyinə zəmanət verilmişdir, çünki biz heç vaxt məğlub olmayacaq Məsihdə sabit dayanmışıq. Onda Əbədi Həyata malikik.
Bu daha bir Müqəddəs Kitab təsvirini, bu kitabda olan materialların çoxunda ehtimal olunan və dərslərimizdə dəfələrlə görəcəyimiz üçqat təsviri təqdim edir. Müqəddəs Yazı Xilası mütləq-davamlı-son quruluş nöqteyi-nəzərindən təqdim edir və buna görə də, Müqəddəs Yazı peyğəmbərlikləri çox vaxt üst-üstə düşür. Xilas İsa Məsihin mükəmməl, tamamlanmış işində mütləq şəkildə yerinə yetirilmişdir; bu dövrdə davamlı olaraq və getdikcə artaraq fərdi və qurum şəklində tətbiq edilir; və əvvəl-axır ən yüksək səviyyədə, tarixin bitdiyi Son Gündə buna nail olunacaqdır. Biz xilas olmuşuq (2Tim. 1:9), biz indi xilas olunuruq (Filip. 2:12-13), biz gələcəkdə xilas olacağıq (1Pet. 1:9). Başqa cür desək, yenidən Allaha bənzər yaradılaraq (Efes. 4:24), biz davamlı olaraq Onun surətində dəyişilirik (2Kor. 3:18) və biz mükəmməl şəkildə dəyişərək Onun surətinə malik olacağımız günü səbirsizliklə gözləyirik (Fil. 3:20-21).
Beləliklə, xilas insanı əsl çağırışına və məqsədinə qaytarır və həmin insanın əsl tapşırığının – bütün yer üzərində Allahın hökmranlığının icra olunması – yerinə yetəcəyinə təminat verir. Kornelius Van Til qeyd edib ki, “Allahın qurtarıcı vəhyi günahın da olduğu qədər geniş olmalıdır. Bu halda satın alma bütün dünya üçün olmalıdır. Bu o demək deyil ki, o, dünyadakı hər bir günahkarı xilas etməlidir. Lakin o deməkdir ki, bütöv şəkildə yaradılmış kainat, bütöv şəkildə də xilas olunmalıdır.”[1]An Introduction to Systematic Theology [Presbyterian and Reformed, 1974], p. 133. Nəticədə, Müqəddəs Kitab xilası lənəti geri döndərir, Eden şərtlərini geri qaytarır, şəxsi və sosial münasibətləri bərpa edir və yer üzünə hər bir sahədə xeyir-dua verir. Bütün yer üzü xilas olunacaq və dəyişdirilərək Allahın Bağı olacaqdır. “Çünki sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq” (Yeş. 11:9).
Əslində, o vaxtdan bəri (Müjdə dünyanı fəth etdikcə) Allahın xalqı həmişə “Bağda” yaşamışdır. Məsələn, Yaradılış 13:10-da Misir torpağı “Rəbbin bağı kimi” təsvir olunmuşdur – və əhdə bağlı xalq oraya yaşamağa gedəndə onlara Misirin ən yaxşı torpağı olan (Yar. 45:18; 47:5-6, 11, 27) Qoşen vilayəti verilmişdi. Və bu Eden məkanında onlar çoxalıb böyüdülər (Çıx. 1:7) – Allahın Adəm və Həvvaya Bağda verdiyi ilk əmrdəki kimi! Vəd olunmuş torpaq da, gözlədiyimiz kimi Lənətin, demək olar ki, ləğv edildiyi torpaq idi: “Eden bağına bənzər” (Yoel 2:3), buna görə də, “süd və bal axan” (Çıx. 3:8) torpaq idi.
Növbəti səhifələrdə də görəcəyik ki, Edenin bərpası Məsihin təmin etdiyi xilasın əsas cəhətidir. Əhdi-Ətiqdə Məsihin gəlişi və Onun gətirəcəyi xeyir-dualar haqqında peyğəmbərlik edilərkən onlar çox vaxt Edenin bərpasından bəhs edirdilər. Yeşaya yazıb: “Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, şükürlər, ilahilər oxunacaq.” (Yeş. 51:3). Yezekel də, illər sonra peyğəmbərlik etmişdi:
Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm. Boş qalmış ölkə şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o, bir viranə idi. Onda deyəcəklər: “Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır”. Onda ətrafınızda qalan millətlər biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən abad etdim. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm (Yez. 36:33-36).
Lakin bu peyğəmbərliklərdə (və digərlərində) Edenin bərpası haqqında ilk baxışda gördüyümüzdən daha çox şey vardır. Əslində, Müqəddəs Yazıda məhz adını qeyd etmədən Eden təsvirlərinə əsasən danışan çoxlu kəlam var. Cənnət Mövzusu Yaradılışdan tutmuş Vəhyə qədər, bütün Müqəddəs Kitab boyu davam edir; lakin onu dərk etmək üçün biz, ilk növbədə, Allahın Sözünün məhz ilk Bağa dair nə dediyi ilə tanış olmalıyıq. Allah bizə Bağ haqqında çox spesifik məlumatı vermək üçün hər cür səy göstərdi və Müqəddəs Yazının qalan hissəsi daim buna istinad edərək həmin təməl üzərində qurulmuşdur. Diqqətlə baxın: bu dərs, sadəcə olaraq, mənasız bir məcmuə, “Müqəddəs Kitab haqqında qəribə və maraqlı faktlar” (yəni, ailələrin ibadət vaxtlarında istifadə etməsi üçün çap edilmiş böyük Müqəddəs Kitabların “ensiklopediya” bölmələrində verilən bir növ yersiz məlumat) deyildir. Bir daha təkrar edirəm ki, bu, Vəhy Kitabının məğzini kəskin şəkildə işıqlandıran – və yeri gəlmişkən, Müqəddəs Kitabın məğzini bütünlükdə anlamaqda bizə yardım edən əsas Müqəddəs Kitab mövzusudur. Beləliklə, növbəti fəsillərdə biz xilasda Edenin bərpasına dair ümumi mövzu baxımından bunların hər birinin “alt-mövzu”ya necə keçdiyinə xüsusi diqqət yetirərək Eden Bağının müxtəlif xüsusiyyətlərini təhlil edəcəyik.
David Çilton, Dominion Press. Horn Lake, MS, ABŞ. © 2007, Sharon North.
Qeyd
↑1 | An Introduction to Systematic Theology [Presbyterian and Reformed, 1974], p. 133. |
---|