Bir padşahın böyük şəhərə girib oradakı evlərdən birində məskən salmasının nə olduğunu bilirsiniz; onun bir evdə məskunlaşmasına görə bütün şəhərə ehtiram olunur, düşmənlər və oğrular bu şəhərə hücum etməkdən əl çəkirlər. Bəşəriyyətin Padşahı ilə də eynilə belədir; O bizim ölkəmizə gəldi və çoxlarının arasında bir bədəndə məskən saldı, bunun nəticəsində də, düşmənin bəşəriyyətə qarşı planları boşa çıxdı və əvvəllər onları öz təsiri altında saxlayan ölüm hiylələri, sadəcə olaraq, sona çatdı. Çünki hər kəsin Rəbbi və Xilaskarı, Allahın Oğlu ölümə son qoymaq üçün aramıza gəlməsəydi, bəşəriyyət tamamilə məhv olardı.
– Müqəddəs Afanasi, İlahi Təzahür haqqında [9]
2-ci fəsil: Peyğəmbərliyi necə oxumalı
Mən hökmranlıq esxatologiyası istiqamətində şəxsi səfərimi on il bundan əvvəl bir axşam vaxtı Rəbbin Cəmiyyətində başladım. Pastor, Müqəddəs Kitab təlimini izahlı metodla öyrətmək üzrə məşhur olan təbliğçi peyğəmbərlik bölməsinə yenicə başlamışdı. O öz məğlubiyyət esxatologiyasını fərəhlə müdafiə edərkən, onun öz fikirlərini təbii olaraq Müqəddəs Kitaba əsaslandırmaq iqtidarında olmadığı məni heyrətləndirmişdi. Ah, o, Kəlamdan sitat gətirdi – oradan bir ayə, buradan bir ayə dedi. Lakin onun gələcək haqqında verdiyi şərhin Müqəddəs Kitabın ümumi nümunəsinə necə uyğun gəldiyini izah edə bilmədi. Başqa sözlə desək, onun dediyi ayələrin düzgün şəkildə bir-birinə qarışdığına əmin olaraq reallığa dair öz fikrilərini Müqəddəs Kitab mətninə tətbiq etmək bacarığı vardı. Lakin o, təlimlərinin Müqəddəs Kitaba necə əsaslandığını göstərə bilmirdi; onun esxatologiyası Müqəddəs Kitabın bizə nəql etdiyi Hekayənin təbii hissəsi kimi görünmürdü.
Həmin gecə anlamağa başladım ki, Müqəddəs Kitab esxatologiyasının bərpa edilməsi Müqəddəs Kitabın Hekayəsinin dərk edilməsi vasitəsilə baş verməlidir. Müqəddəs Kitabı əvvəlcədən hazırlanmış nümunəyə uyğunlaşdırmaq əvəzinə, biz artıq orada mövcud olan nümunələri aşkar etməyə çalışmalıyıq. Biz Müqəddəs Kitabın öz nümunəsinin mətnin özündən törəməsinə, özünü bizim anlayışımıza tətbiq etməsinə imkan verməliyik. Biz öz düşüncəmizi Müqəddəs Yazı təsnifatına əsasən formalaşdırmağa çalışaraq Müqəddəs Kitabın leksikonuna və ifadə tərzinə alışmalıyıq.
Bu mövqe “hərfi” və “rəmzi” şərh arasında ziddiyyətə dair köhnə mübahisənin üzərini dəyərli şəkildə işıqlandırır. Əsas etibarilə, o mübahisə yersizdir; çünki bütün şərhçilər müəyyən mənada “hərfilik”, müəyyən mənada da “rəmzilik” nümayiş etdirir.
Məsələn, mən Vəhy haqqında çox tanınmış müjdəçi alim tərəfindən yazılmış son şərhlərə baxıram. Kitabın arxa üzü cəsarətlə bəyan edir: Bu, bəlkə də, Vəhyin nə vaxtsa oxuduğunuz ən hərfi şərhidir!
Yenə də, dərindən araşdırdıqda görürük ki, əslində şərh peyğəmbərlikdə bir çox hissələrin son dərəcə rəmzi izahını öyrədir. Onlardan bir neçəsi bunlardır:
-
- Sardda olan Məsihçilərin “ləkələnmiş paltarları” (Vəhy 3:4);
- Məsihçilərin Məbəddə “sütun” olması haqqında vəd (3:12);
- Laodikeyalıların “ilıq” hərarəti (3:15-16);
- Məsihin “qızıl”, “ağ paltar” və “göz məlhəmi” satmaq haqqında təklifi (3:18);
- Məsihin “qapının” önündə duraraq onu “döyməsi” (3:20);
- “Yəhuda qəbiləsindən olan Aslan” (5:5);
- “Yeddi gözü” olan “Quzu” (5:6);
- “Zeytun ağacları” və “çıraqdanlar” (11:4);
- “Günəşi əyninə geyinmiş qadın” (12:1);
- “Od rəngində əjdaha” (12:3);
- “Yeddi başlı vəhşi” (13:1);
- “Çoxlu suların üzərində oturmuş bədnam” (17:1).
Vəhydə olan bu təsvirlərin rəmzi olaraq anlaşılmalı olduğu ilə razılaşmayan çox az sayda “hərfilik” tərəfdarı var. Lakin biz dərk etməliyik ki, çox hərfi dildə yazılanlarla birlikdə rəmzlər də Müqəddəs Yazının digər hissələri boyu istifadə edilmişdir. Bunun səbəbi Müqəddəs Kitabın ədəbiyyat olmasıdır: bu, ilahi ilham almış və kamil ədəbiyyat olsa da, ədəbiyyat olaraq qalır. Bu o deməkdir ki, biz onu ədəbiyyat kimi oxumalıyıq. Bəzi hissələri hərfi mənada anlaşılmalıdır və onlar müvafiq şəkildə də yazılmışdır – tarix, ilahiyyat məsələləri və sair. Lakin kimsə Zəbur və ya Nəğmələr Nəğməsini Romalılar kitabı üçün istifadə olunan hərfi standartlar ilə oxumamalıdır. Bu, Hamletin “Monoloqu”nu “hərfi” şəkildə oxumağa bənzəyir: “Qəddar taleyin hücumlarına və oxlarına… əziyyətlər dənizinə qarşı silah qaldırmaq”.
Görürsünüzmü, biz Müqəddəs Kitabın ədəbi üslublarda yazıldığını qəbul etməsək, Onun həqiqətən (hərfən) hansı məna verdiyini anlamayacağıq. Biz iyirmi üçüncü Məzmuru “hərfi” mənada götürsəydik, onu düzgün anlaya bilərdikmi? Bu, axmaqlıq kimi görünməzdimi? Əslində, əgər hərfi mənası götürülsəydi, həqiqət olmazdı: çünki mən zənn edirəm ki, Rəbb hər bir Məsihçini hərfi mənada yaşıl çəmənlərdə uzandırmır. Lakin biz Müqəddəs Kitab poeziyasını oxuyarkən, adətən, belə xam səhvlərə yol vermirik. Biz bilirik ki, o, çox vaxt rəmzi mənadan istifadə edilərək yazılmışdır. Lakin biz dərk etməliyik ki, eyni vəziyyət peyğəmbərlərə də aiddir: onlar da, görəcəyimiz kimi, əslində ilk Cənnətdə – Eden Bağında başlamış Müqəddəs Kitab obrazlarına istinad edib zəngin bir irs təsvir edərək şeirlə, obrazlarla və rəmzlərlə danışırdı.
Əslində, peyğəmbərlik elə orada başlamışdır. Qeyd etmək lazımdır ki, gələcək olan Xilaskarın ən birinci vədi çox rəmzi şəkildə bəyan edilmişdi. Allah ilana dedi:
Mən səninlə qadın arasına,
Sənin balanla onun övladı arasına
Düşmənçilik salıram.
Bu övlad sənin başından vuracaq,
Sən də onu dabanından sancacaqsan. (Yar. 3:15)
Ona görə də, verməli olduğumuz ilk əsl sual süni rəmzilik və ya hərfilik arasında mübahisə haqqında deyil, daha əsaslı məsələdir: Bizim şərhimiz Müqəddəs Kitaba əsaslanan, yoxsa fərzi olmalıdır? Başqa sözlə desək, mən Müqəddəs Kitabda nəyisə anlamağa və ya izah etməyə cəhd edəndə, cavabları tapmaq üçün Müqəddəs Kitaba müraciət etməliyəm, yoxsa özümdən “yaradıcı” bir cavab verməliyəm? Sualı bu cür qoymaq daha düzgündür və daha çox səmərəli nəticələr verəcəkdir.
Gəlin fikrimi aydınlaşdırmaq üçün ifrat bir nümunədən istifadə edim. Vəhy kitabı ayın üzərində günəşi geyinmiş və doğum ağrısı çəkən qadını, həmin vaxt onun uşağını udmaq üçün oradan ayrılmayan əjdahanı təsvir edir. Kökündən fərzi olan şərhçi, ilk növbədə, qadının ölçü və kimyəvi tərkibinin günəşi geyinmək üçün kifayət qədər dəyişib-dəyişmədiyi barədə son genetik təcrübələr üzrə xəbərlərə müraciət edəcəkdir; Ness gölü bədheybətinin[1]Tərcüməçinin qeydi: Ness gölü bədheybəti (ing. Loch Ness Monster) və ya Nessi — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. son zamanlar üzə çıxıb-çıxmadığını da yoxlaya bilər. Digər tərəfdən, Müqəddəs Kitab şərhçisi suallar verməyə başlaya bilər: Bu surət Müqəddəs Kitabda harada qeyd olunmuşdur? Müqəddəs Kitabın hansı hissəsində doğmaqda olan qadın haqqında danışılır və həmin kontekstlərdə onun əhəmiyyəti nədir? Müqəddəs Kitab harada Əjdaha haqqında danışır? Müqəddəs Kitabın hansı hissəsində körpəni öldürməyə çalışan bir kəs haqqında danışılır? Əgər biz Müqəddəs Kitabın verdiyi ismarıcı anlamaq istəyiriksə, biz bu cür suallar vermək vərdişinə yiyələnməliyik.
Şübhəsiz ki, hər bir yanaşmanın öz çatışmazlıqları vardır. Müqəddəs Kitab metodunun əsas çatışmazlığı isə onun, adətən, Müqəddəs Kitab ilə daha çox tanışlığı tələb edərək daha çox zəhmətli olmasıdır. Fərzi metodun əsas çatışmazlığı onun bütün sensasionizminə baxmayaraq, Müqəddəs Kitaba əsaslanmamasıdır.
Peyğəmbərlərin dili
Yuxarıda qeyd etdiyim kimi, Müqəddəs Kitabın böyük hissəsi rəmzi şəkildə yazılmışdır. Onu anlamağın ən faydalı yolu, bəlkə də, bu rəmzlər haqqında obrazlar və əlaqələndirmələr kimi danışmaqdır. Bununla mən demək istəyirəm ki, Müqəddəs Kitabın rəmzi olması kod deyil. Əksinə, nəzər nöqtəsi, düşüncədir. Məsələn, İsa “həyat suyu” (Yəhya 4:10) haqqında danışanda biz düzgün olaraq anlayırıq ki, O, sudan rəmz kimi istifadə edir. Biz anlayırıq ki, O, quyunun başındakı qadınla danışanda ona, sadəcə olaraq, “su” təklif etmirdi. O, qadına əbədi həyatı təklif edirdi. Lakin onu “su” adlandırdı. Biz dərhal sual verməliyik: O, nə üçün belə etdi? İsa, sadəcə olaraq, “əbədi həyat” deyə bilərdi. Nə üçün O, məcazi mənada danışdı? Nə üçün qadının su barədə düşünməsini istədi?
İndi biz məhz burada böyük bir səhvə yol verə bilərik və elə bu da, “rəmzi” yanaşma tətbiq etməyə çalışan bəzi şərhçilərin ən birinci yanlışıdır. Bu, Müqəddəs Kitab rəmziliyinin bizim üçün cavabını tapmalı olduğumuz bir tapmaca olduğunu düşünməkdir. Biz qəfildən belə bir qərar verə bilərik: “Aha! Su əbədi həyat mənasını verən xüsusi kod sözüdür. Bu o deməkdir ki, Müqəddəs Kitabda su barədə rəmzi olaraq danışılanda, həqiqətən əbədi həyat nəzərdə tutulur; kimsə ondan içəndə o, həqiqətən də Məsihçi olur.” Bu belə olmur (Müqəddəs Kitabın hər bir hissəsində bunu tətbiq etməyə çalışsanız, görərsiniz). Bundan savayı, Müqəddəs Kitabın hər şeyi kod altında verməsinin nə mənası var ki? Müqəddəs Kitab cəsusların və məxfi cəmiyyətlərin kitabı deyildir; O, Allahın Əhdə əsaslanan xalqı üçün Özünü təcəssüm etdirməsidir. Tapmaca yönümlü, sirli şərh spekulyativ olmağa meyillidir. O, Müqəddəs Kitabın Özünün üslubuna məhəl qoymur.
İsa qadına “su” təklif edəndə həmin qadının Müqəddəs Kitabda su ilə əlaqəli çoxsaylı təsvirlər haqqında düşünməsini istəyirdi. Ümumi mənada, şübhəsiz ki, biz suyun Xilas vasitəsilə gələn ruhani yenilənmə və ruzi ilə əlaqədar olduğunu bilirik. Lakin Müqəddəs Kitabın su ilə əlaqələri ondan daha da mürəkkəbdir. Çünki Müqəddəs Kitab rəmziliyini anlamaq kodu sındırmaq deyildir. Bu daha çox yaxşı bir ədəbiyyat oxumaqdır.
Müqəddəs Kitabın rəmziliyi birbaşa, “bunun mənası budur, onun mənası isə bu deməkdir” tərzində qurulmamışdır. Əksinə, onun canlandırılaraq oxunması nəzərdə tutulmuşdur. Biz qarşımızda yaranan təsvirlərin fikirlərimizdə və ürəklərimizdə cavab yaratmasına imkan verərək ardıcıl şəkildə, mərhələ-mərhələ görməliyik. Peyğəmbərlər maraqlı intellektual tapşırıqlar yaratmaq üçün yazmadılar. Onlar öyrətmək üçün yazdılar. Onlar canlı, dramatik rəmzlər formasında yazdılar; və əgər biz onların demək istədiklərini tam şəkildə anlamaq istəsək, onların leksikonunu təqdir etməliyik. Biz Müqəddəs Kitabı canlandıraraq oxumalıyıq. Canlandırılan rəmzlər və onlar haqqında Müqəddəs Kitabın dedikləri Allahın bizim öyrənməyimizi istədiklərinin vacib cəhətləridir; əks təqdirdə, O, bu tərzdə danışmazdı.
Beləliklə, Müqəddəs Kitabda su haqqında hekayə danışılanda “həqiqətən” də bizə başqa bir şey haqqında danışılmır; məhz su haqqında danışılır. Eyni zamanda, bizdən suyu görməyimiz və su barədə Müqəddəs Kitab əlaqələri haqqında düşünməyimiz gözlənilir. Burada təklif olunan şərh sistemi nə “hərfi”, nə də “rəmzidir”; o, “suyu” ciddi və hərfi şəkildə istifadə edir, lakin Müqəddəs Kitabın açıqlamasında Allahın Sözünün su ilə nəyi əlaqələndirdiyinə ciddi yanaşır.
Quyunun başındakı qadına və şagirdlərə agah olan Müqəddəs Kitabla bəzi əlaqələr hansılardır? Onlardan bəziləri aşağıdakılardır:
- Yaradılışda yerin ilkin forması olan və Allahın bütün həyatı yaratdığı sulu, maye kütlə (Yar. 1);
- Bütün dünyanı suvaran böyük Eden çayı (Yar. 2);
- Vasitəsilə yer üzünün yenidən yaradıldığı Daşqın suları ilə Nuh və onun ailəsinin qurtuluşu (Yar. 6:9);
- Bulağın (Yar. 16) və quyunun (Yar. 21) yanında Allahın Həcərə lütfkar vəhyi;
- Allahın İshaqa hökmranlıq verdiyi Rehovot adlandırılan quyu (Yar. 26);
- Körpə Musanın, İsrailin Gələcək Qurtarıcısının götürüldüyü və şahzadə edildiyi çay (Çıx. 2);
- Allahın Öz xalqını yenidən su ilə xilas etdiyi Qırmızı dənizdən xilas keçidi (Çıx. 14);
- Xorevdə üzərinə zərbə vurulmuş qayadan axan, xalqa həyat verən su (Çıx. 17);
- Əhdi-Ətiqdə kirin, çirklənmənin, xəstəlik və ölümün təmizlənməsi və kahinlər üzərinə Ruhun bəxş edilməsini ifadə edən ayini çiləmələr (məs. 14; Say. 8);
- İordan çayının keçilməsi (Yeşua 3);
- Bulud sütunlarının yaratdığı gur suların səsi (Yez. 1);
- Məbəddən axan və Ölü Dənizə şəfa gətirən Həyat Çayı (Yez. 47).
Beləliklə, Müqəddəs Kitabda su haqqında danışılarkən biz çox sayda əlaqəli anlayışlar, suya dair düşüncəmizə təsir edən Müqəddəs Kitabdan təsvir toplusunu nəzərimizdə saxlamalıyıq. Başqa cür desək, su “ağıllı söz” kimi, bir çox əlaqələndirici və qoşmaları cəmləşdirən bir termin olmalıdır. Biz su sözünü oxuyarkən Müqəddəs Yazı boyu Allahın xilasetmə əməllərini və vəhylərini yadımıza salmalıyıq. Müqəddəs Kitab bu “ağıllı-sözlərdən” çox istifadə edir və getdikcə onların sayını artırır; biz Vəhyə (Müqəddəs Kitab peyğəmbərliyinin son daşına) gəlib çatanadək əlaqəli istinadlar burulğanı bizə doğru tələsərək, bəziləri aydın, bəziləri isə dumanlı şəkildə bir anda gələcəkdir.
Öz Müqəddəs Kitabını həqiqətən bilən və ədəbi nümunələri və təsvirləri görən üçün Kitabın çox hissəsi tanış gələcəkdir; qalanlarımız üçün isə bu, qarışıqdır. Vəhydə biz çoxsaylı təsvirlərin bütün Müqəddəs Kitab qoşmaları ilə üzləşirik: yalnız su deyil, işıq, od, buludlar, mələklər, ulduzlar, çıraqlar, qida, daşlar, qılınclar, taxtlar, göy qurşaqları, cübbələr, ildırım, səslər, heyvanlar, qanadlar, leş yeyənlər, gözlər, açarlar, kərənaylar, vəbalar, dağlar, küləklər, dənizlər, qurbangahlar, qan, çəyirtkələr, ağaclar, başlar, buynuzlar və taclar.
Vəhy, həmçinin, bizə Qadın, Əjdaha, səhralıq, alında işarə, oraq, mirvarilər, üzümsıxan, şərab kasası, fahişə, çay, Sodom, Misir, Babil, dirilmə, toy, toy ziyafəti, Bəy və piramida şəklində Bəy/Şəhər təsvirlərini də təqdim edir. Sonra isə rəmzi sayların istifadəsi gəlir: iki, üç, dörd, yeddi, on, on iki və onlardan daha çoxu – 24, 42, 144, 666, 1,000, 1,260, 7,000, 12,000, və 144,000.
Buna görə də, Vəhy Kitabını anlamaq istəyiriksə, Müqəddəs Kitabı və Onun rəmz və nümunələrdən istifadəsini anlamaq zəruridir. Müqəddəs Yazıda Cənnət mövzusuna dair növbəti fəsillər Müqəddəs Kitabın təsvirdən istifadəsi ilə oxucunu tanış etmək üçün hazırlanmışdı. Mahiyyətcə bu, Müqəddəs Kitab İlahiyyatında bir tapşırıq, Allahın davam edən xilas vəhyinin öyrənilməsi üçün texniki termindir. Əslində, xilasın tam Hekayəsi Müqəddəs Kitabın ilkin fəsillərində öyrədilir: qalan hissəsi, sadəcə olaraq, orada qoyulmuş təməlin üzərində qurulmuşdur. Buna görə də, aşağıda görəcəyimiz kimi, sonrakı vəhylər də Eden Bağı mövzusundan çox asılıdır.
Biz Müqəddəs Yazı təsvirinə dair təlimə başlarkən, gəlin əsas qaydaları nəzərdən keçirək:
- Canlandıraraq oxuyun; Müqəddəs Kitabın nə dediyini təsəvvür etməyə çalışın.
- Müqəddəs Kitaba əsaslanaraq oxuyun; fərziyyə etməyin və mücərrədləşdirməyin, lakin Müqəddəs Kitabın Öz rəmzləri haqqında nə dediyinə yaxından diqqət yetirin.
- Hekayəni oxuyun; Müqəddəs Kitabın hər bir hissəsinin bütünlükdə xilas xəbərinə necə töhfə verdiyi haqqında düşünməyə çalışın.
- (Növbəti fəsil: 3. Cənnət mövzusu)
David Çilton, Dominion Press. Horn Lake, MS, ABŞ. © 2007, Sharon North.
Qeyd
↑1 | Tərcüməçinin qeydi: Ness gölü bədheybəti (ing. Loch Ness Monster) və ya Nessi — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. |
---|