Bütöv bir imperiyanı fəth etmişəm, amma özümə qalib gələ bilməmişəm.”
1682-ci ildən 1725-ci ilə qədər Rusiya imperiyasının başçısı olmuş Böyük Pyotr ölümündən bir qədər əvvəl belə demişdi. Onun belə söyləməsinin əsaslı səbəbləri var idi. Milyonlarla insanın taleyini həll edən bir adam nə özünün epileptik tutmalarını idarə edə bilirdi, nə də səhhəti ilə bağlı problemləri daha da ağırlaşdıran içki və ziyafətlərə olan sevgisini cilovlaya bilirdi. O, Rusiyanı tamamilə dəyişmişdi. Dəyişiklik o qədər əsaslı baş vermişdi ki, 1682-ci ildə Rusiyaya səfər etmiş bir səyyah 1725-ci ildə Pyotrun öldüyü vaxt oranı tanımaqda çətinlik çəkərdi. Lakin Pyotr öz davranışlarında və şəxsi həyatında dəyişikliklərə ehtiyac olduğunu bilsə də, özünü idarə edə bilmirdi.
Pyotrun özünə qalib gələ bilməməsi təəccüblü deyil. Onun əvvəldən bəri “mənlik” ideologiyası yox idi. Bütün ideologiyası, təfəkkürü və gerçəklik qavrayışı kiçik yaşlarından bəri yalnız bir imperiyanın həqiqi bir varlıq olduğunu düşünməyə alışdırılmışdı. Rus mentaliteti və mədəniyyətinə xas bu düşüncədə ayrıca bir fərd mövcud deyildi. Fərd yalnız daha böyük bir mexanizmin kiçik bir dişli çarxı kimi, kütlədən biri kimi mövcud idi. İnsanın müəyyən davranış qaydaları və prinsipləri olan ayrıca bir varlıq olduğunu düşünmək Pyotra yad olduğu kimi, o vaxtkı rusların böyük əksəriyyəti üçün də yad idi; əslində, birbaşa o dövrün rusiyalılarının mentalitetinə yad idi.
Bu o demək deyil ki, Pyotr öz mentalitetini müəyyən qədər dəyişmədi – Hollandiya və Böyük Britaniya kimi məsihçi-islahatçı ölkələrə səfərləri onda zadəgan və ya təhkimli kəndli olmağından, asılı olmayaraq insan həyatının dəyərinə hörmət hissinin kök atmasına səbəb olmuşdu. Bu onun özünün də anlamadığı, instinktiv bir hiss idi. (Ölümünə səbəb olan xəstəliyə də boğulan əsgərləri xilas etmək üçün buz kimi soyuq suya daldığına görə tutulmuşdu.) Lakin Pyotr Qərb sivilizasiyasının ruhunun dərinliyini görə bilmirdi; o, Qərbdə yalnız qüdrətli imperiyalar yaradan texnologiyaları və hərbi üstünlüyü görürdü. İnsan həyatına dəyər vermək instinkti onun hər bir fərdi mənəvi bir varlıq olaraq dərk etməsi üçün kifayət etmirdi. Onun ideologiyası yox idi, daha doğrusunu desək, insanı bir varlıq kimi dərk etmək üçün ilahiyyatı çatışmırdı.
Onun üçün əhəmiyyətli olan təkcə İmperiya idi. Özü də, bütün hər kəs də xalqı fəth edən böyük dövlət idealına xidmət edirdi. Onun siyasətinə qarşı çıxdığı üçün öz oğluna işgəncə verib öldürmüşdü. Sahib olduğu imperiyanın yeni gündəliyinə uyğun olsun deyə, rus kilsəsinin əqidəsini və liturgiyasını hökumət fərmanı ilə tamamilə dəyişdirmişdi. Rusiyada hər kəs qərbli olmalı idi – öz şəxsi seçiminə görə deyil, mərkəzləşdirilmiş hökumətin qərarına görə belə olmalı idi. Onsuz da əvvəldən ayrı-ayrı fərdlərə məxsus şəxsi seçim mövcud deyildi. Belə bir şeyə heç kim inanmırdı və şəxsi seçimə yeni bir inam yaratmaq Pyotrun da vecinə deyildi. O, sadəcə qısa yoldan istifadə edib, hökumətin seçimi ilə Rusiyanı sivil bir dövlətə çevirməyə çalışdı. Ayrı-ayrı fərdlər heç bir əhəmiyyət kəsb etmirdilər, elə isə onların düşüncələrini, ruhlarını və ya əxlaqlarını dəyişdirmək üçün əziyyət çəkməyə dəyərdimi? Əgər mərkəzləşdirilmiş fərman əsasında cəzalarla hədələyərək hər şeyə nail olmaq mümkün idisə, onda onlara öz köhnə vərdişlərinə, aludəliklərinə və ehtiraslarına qalib gəlməyi öyrətməyə nə ehtiyac var idi?
Bütün bu səbəblərə görə özünü dəyişdirmək nəyə lazımdır?
Bu, əvvəldən Rusiyanın problemidir. Daha dəqiq desək, lap əvvəldən deyil, qəbilə və şəhərlərin Kiyev Rusu adlanan mərkəzsiz konfederasiyası qardaş müharibələri ilə dağıldıqdan və 1240-cı ildə Monqol Ordası tərəfindən süquta yetirildikdən sonra belə oldu. Onun yerində baş qaldıran və öz düşmənlərini məğlub edən yeni Rusiyanın köhnə azad nizamla heç bir əlaqəsi yox idi. O, tamamilə piramidal quruluşa sahib kollektivist bir cəmiyyətə çevrilmişdi və bu cəmiyyətdə hamı, hətta tacirlər və sahibkarlar belə, Moskvada mərkəzləşmiş dövlətin məqsədləri üçün var idilər. Bunun ardınca Moskvadakı Böyük Knyazların şərqdə monqollar, qərbdə isə Polşa-Litva və alman cəngavərləri üzərindəki hərbi qələbələri siyasi hakimiyyəti daha da gücləndirdi.
İvan Qroznının dövründə (XVI əsr) Rusiya yuxarıdan aşağıya qədər tamamilə totalitar bir dövlət idi və əhalini mərkəzləşdirilmiş hakimiyyətin əsarətində saxlayırdı. İnsan özü üçün və öz səadətinə can atmaq üçün mövcud deyildi; hamı dövlət üçün var idi. Şərqi Pravoslav Kilsəsinin isə bu prosesə qarşı fəalyyəti çox az idi. Şəxsiyyəti siyasi və sosial varlıq kimi görən bir ilahiyyata sahib olmadığına görə, pravoslav kilsəsi rus çarlarının dövlətçi ideologiyasını yalnız gücləndirirdi. XV əsrin islahatçı hərəkatı həqiqətən də bir müddət həm zadəganlar, həm də adi insanlar arasında böyük kütlələrin düşüncəsini və qəlbini fəth edə bilmişdi. Təəssüf ki, diqqətini dini ayinlər üzərində cəmləşdirdyinə görə, mərkəzləşmiş dövlətin artan gücünə qarşı sosial və siyasi alternativ yarada bilmədi. 1504-cü ildə Rus dövləti cavab zərbəsi endirdi. 1533-cü ildə Rusiya İslahatı artıq ölmüşdü. Çar ölkənin ali hakimiyyəti oldu, kilsə isə imperiyanın ciddi nəzarəti altında idi. Rusiyada fərdiyyəçiliklə bağlı geniş təcrübələrə artıq yer verilə bilməzdi. Hər şey dövlət üçün var idi. Yeni dinin – rus dövlətinin – əsası möhkəm qoyulmuşdu və dövlətdən kənarda heç bir şey mövcud ola bilməzdi.
Bir müddət sonra hətta çöllərin azad insanları olan kazaklar da Moskva İmperiyası qarşısında baş əyəcəkdilər. Onlar bir neçə əsr boyunca müqavimət göstərmişdilər. Bəziləri hətta Moskvada mərkəzləşmiş hakimiyyətə qarşı üsyanlara rəhbərlik edirdilər. Stenka (Stepan) Razin (XVII əsrdə) və Yemelyan Puqaçov (XVIII əsrdə) ən çox uğur qazanan üsyançılardan idilər. Lakin hətta Razin və Puqaçovun da təklif edə biləcəkləri bir azadlıq ideologiyası yox idi. Hər ikisi öz üsyanlarını hamı üçün azadlıq və ədalət axtarışından daha çox “çarın qanuni hakimiyyətinin” bərpası kimi təbliğ edirdilər. Avropanın öz Böyük Azadlıqlar Xartiyası, müstəqil şəhərləri, Protestant İslahatı və bunların məhsulları olan İsveçrəsi, Hollandiyası, İngiltərə və Şotlandiyası və nəhayət Amerikası var idi. Rusiyanın belə bir şeyi yox idi. Bütün ictimai və siyasi həyat – hətt müqavimət hərəkatları və kilsə – mərkəzləşmiş totalitar dövlət kontekstində olmalı idilər. Adını çəkməyə dəyəcək heç bir fərd yox idi. Ona görə də Böyük Pyotrun nəzərində ayrı-ayrı fərdlər layiq deyildilər ki, onların adları qeyd edilsin, ya da onlara əxlaqi özünüidarə və özünütərbiyə öyrədilsin. Heç özünü də buna layiq hesab etmirdi.
Pyotrun ölümündən yüz il sonra, 1825-ci ilin dekabrında bir qrup gənc ordu zabiti Sankt-Peterburqda üsyan qaldırdı. Gənclər Napoleon müharibələrində iştirak etmişdilər, Fransa və Almaniyada işğalçı qüvvələrin tərkibində vaxt keçirmək gözlərini açmışdı və Avropa və Rusiyanın ictimai quruluşu və ideologiyası arasındakı fərqi görə bilirdilər. Onların “Dekabristlər üsyanı” adlanan üsyanının ömrü uzun olmadı. Onlar Rusiyadakı problemlərin daha dərin səbəbinin olduğunu heç vaxt anlamadılar; bu daha dərin səbəb isə ideoloji və teoloji səbəb idi. Onlar bütün ruslar üçün eyni özünüidarə və şəxsi ləyaqət arzulasalar da, lakin hamı üçün azadlıq və ədalət arzulayan həvəsli kütlələr onlara qoşulmadı. Artıq 1825-ci ildə dövlət onların rəsmi dini idi. Bu, dini bir problem idi. Cəmiyyətin ən böyük bütünün hökumət olduğu bir ölkədə azadlığın olması qeyri-mümkün idi. Dini bir problemi siyasi üsyanla həll etmək olmazdı. İslahatların Qərbi Avropada yaratdığı azadlığın dini əsasları burada yox idi.
Daha sonra, Dekabristlər üsyanından 92 il sonra, 1917-ci ilin yayında Rusiyada Aleksandr Kerenskinin baş nazir olduğu ilk liberal (bu sözün Avropadakı mənasında) hökumət yarananda xalqın dəstəyini qazana bilmədi. Rusiyada hökumət nəzarətindən azad olmaq anlayışını çoxları başa düşmürdü. Dini bağlılıq baxımından Rusiya əhalisi hələ də bütün qərarlara nəzarət edən mərkəzləşdirilmiş bir hökumətin olmasını gözləyirdi. Fərdi özünüidarə fikri populyar deyildi. Bir neçə ay sonra Kerenskinin hökuməti bolşeviklərin əlinə keçdi. Bunun ardınca baş verən Vətəndaş müharibəsi (1918-1923-cü illər) bir dövlətçi qrup ilə – çar tərəfdarı ağlar – digər dövlətçi qrup – qırmızı kommunistlər arasında idi. İnsan və onun azadlığı heç vaxt müzakirə olunmurdu, hətta siyasi proqram qismində belə, təklif edilmirdi.
Dövlət yer üzündə gəzən allah idi. Rusiya Hegel idealını Hegelin özündən çox əvvəl və Hegel Prussiyasının nail olduğundan daha ardıcıl formada praktiki tətbiq etmişdi.
Hitler Rusiyaya soxulanda isə Stalin köhnə dini ilahilərin tozunu əsgərlər üçün sildi və qoşunlara ilham vermək üçün onları demək olar ki, olduğu kimi istifadə etdi. Çar rejimi üçün mübarizədə istifadə edilən eyni dini şövqdən kommunist rejimi üçün mübarizədə də istifadə edildi. Heç nə dəyişmədi.
Əslində, zahirən Rusiya iki böyük dəyişiklikdən – biri Böyük Pyotrun dövründə, digəri isə kommunistlərin dövründə – keçibmiş kimi görünsə də, ruhani nöqteyi-nəzərdən heç bir şey dəyişməyib. 1400-cü illərdən sonrakı bütün yüzilliklər boyunca eyni mərkəzi büt, hökumət bütü hakimiyyətdə qalıb. Hətta 1990-cı illərdə Sovet imperiyasının süqutundan sonra Boris Yelsinin ürkək liberal administrasiyası nəhayət öz yerini keçmiş DTK (Dövlət Təhlükəsizliyi Komitəsi) agenti Vladimir Putinin rəhbərliyi altında yenidən dövlətçiliyə qaytardı. Rusiyanın rəsmi dini mərkəzləşdirilmiş dövlət olaraq qaldı.
Bəs kilsə harada idi?
Rus pravoslav kilsəsi yavaş-yavaş təslim oldu. O, Moskvadakı mərkəzləşdirilmiş hakimiyyətin silahı oldu, bu dünyanın güclülərinə xidmət etmək üçün yaradılmış dini işlər nazirliyi kimi bir şeyə çevrildi. Əvvəlcə çar rejiminə xidmət etdi. Kommunist inqilabından sonra bir müddət kommunistlərin əlində əziyyət çəkdi, sonda Stalin – həmişə işini ehtiyatlı tutan adam – 1941-ci ildə rus xalqını işğalçı almanlara qarşı mübarizəyə cəlb etmək üçün onun təbliğatçı gücündən istifadə etmək qərarına gəldi. Kilsə dövlətə xidmət etməli idi və onun müqavimət göstərmək üçün heç bir gücü yox idi. Müqavimət ideologiyası da yox idi.
Hökumətin bütünə o qədər dərindən təslim olmuşdu ki, DTK ilə əlaqələri hamıya bəlli olan keşiş Kirill bir neçə il bundan əvvəl Rus Pravoslav Kilsəsinin patriarxı təyin ediləndə heç kim təəccüblənmədi. 2010-cu il seçkilərində Belarusiyanın stalinçi diktatoru Aleksandr Lukaşenkonu qələbə münasibətilə ilk təbrik edən də həmin Kirill oldu. Həmin Kirill düz iki həftə bundan qabaq Putin dövrünü “ilahi möcüzə” adlandırdı, islahatlar və qanunun üstünlüyünü tələb edən demokratik etirazçıları isə kəskin şəkildə tənqid etdi.
Rusiyada “güclü bir adam” var və bunu deyərkən Kremldəki cari siyasi lideri nəzərdə tutmuram. Rusiya bütün bu əsrlər boyunca kollektivizm və dövlətçilik dininin hakimiyyəti altında olub. Bu din bütpərəst Romanın dinindən: Sezar kultundan heç vaxt çox fərqlənməyib. Bütpərəst Roma kimi bu din də ona xidmət etsinlər deyə, müxtəlif dinləri özündə ehtiva edir. Rus hökumətinin dövlətçilik dini hətta məsihçiliyi də öz məqsədləri üçün qəbul etmişdir. “Güclü bir adam” – dövlətçilik dinidir, dövlətin kollektiv birliyinə xidmət etmədikləri təqdirdə fərd və fərdi həyatın, azadlığın və mülkiyyətin varlığını inkar edən bir dindir.
Nə qədər ki məsihçilik bu “güclü adama” meydan oxumayıb, Rusiya heç vaxt müjdələnməyəcək.
Daha əvvəlki “Baltalı missionerlər” məqaləmdə iddia etmişdim ki, əgər bir vəzçi cəmiyyətin başlıca bütünə meydan oxumursa, onda heç vaxt öz işinin öhdəsindən yaxşı gələ bilməyəcək. Alman tayfalarına müjdəni təbliğ edərkən müqəddəs Bonifase başa düşmüşdü ki, əgər onun yeni imana gətirdiyi insanlar cəmiyyətin başlıca dininə – eləcə də ictimai və siyasi təsirlərinə – meydan oxuyan bir dünya görüşü ilə təchiz edilmirdilərsə, onda bir qayda olaraq, öz bütpərəst ənənələrinə geri dönürdülər. Bonifase mərkəzi bütə, özü gücü və hiyləgərliyi sayəsində allahlar dünyasında və deməli, bəşər dünyasında da hökmranlıq edən allah Tora meydan oxumalı oldu. Bonifase baltasını Tor palıdına apardı. Alman tayfaları demək olar ki, bir gecədə imana gəldilər.
Rusiyada bir gecədə buna bənzər bir çevrilişin baş verib-verməyəcəyini söyləmək çətindir. Lakin bir şey şübhəsizdir: Rusiyada totalitar hökumətə və onun dövlətçilik dininə meydan oxuyan heç bir vəzçi, heç bir təbliğçi, heç bir kilsə, heç bir məsihçi müəllim və ya qrup indiyə qədər olmayıb. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra çoxlu sayda müjdəçi və islahatçılar Rusiyaya axışsalar da, onlar rus cəmiyyətinin məğzinə və təməlinə sadəcə səthi toxunurdular. Vəzçilər fərdi xilası təbliğ edirdilər. Lakin onlar insanı və onun Allahın gözündəki dəyərini, eləcə də onun siyasi və ictimai mahiyyətinin dəyərini təbliğ etmirdilər. Rusiya dövlətinin bütü heç vaxt onun üstünlüyünə etiraz edən bir dinlə qarşılaşmayıb. Rusiyada bu sözləri söyləyən səs yoxdur: “İsa adlı başqa bir padşah var” (Həvarilərin İşləri 17:7).
Rusiyada istənilən uğurlu uzunmüddətli müjdəçilik Müjdənin ünvanlandığı insanlara verdiyi çox vacib xəbərlə başlamalıdır: libertarianizm. İnsanın Allahın gözündəki dəyəri, fərdi insan həyatının dəyəri və Allahdan aldığı çağırışın ardınca getmək azadlığı. Nə qədər ki Rusiyadakı vəzçilik fəaliyyətində və təbliğində Müjdənin azadlığı – siyasi və ictimai – yoxdur, protestant məsihçiliyi sadəcə Rusiya hökumətinin inanclar və allahlar Panteonundakı növbəti qənimət olaraq qalacaqdır. Hətta bu belə, suları bulandırmadıqları və yuxarıdakıların mütləq hakimiyyətinə meydan oxumadıqları təqdirdə mümkündür. Rus xalqını – əlbəttə, burada ümumi mənada danışıram – əsrlər boyunca özlərini İmperiyanın və onun dövlətçi hökmranlıq axtarışlarının köləsi hesab etməyə alışdırıblar. Vətənpərvərlik cəmiyyəti birləşdirən bir element kimi təklif edilir – bu, əlbəttə ki, dövlətin ehtişamı üçün olan bir vətənpərvərlikdir. Dövləti izzətləndirən bir mədəniyyətdə Allahı izzətləndirmək olmaz. Ona görə də vəzçinin ilk işi dövləti izzətləndirməyə qarşı təbliğ etmək və fərdin Müqəddəs Kitaba əsaslanan dəyərini, onun Allah qarşısındakı və cəmiyyətdəki yerini göstərmək olmalıdır.
Bu məqsəddən çıxış edərək, vəzçi dərk etməlidir ki, totalitar dövlətin bütpərəstliyi əhalidə dövlət qayğısından, fərmanlarından və qərar qəbul etmə prosesindən asılılıq yaradıb. 2003-cü ildə mən Rusiyada olanda və evdə təhsildən bəhs edəndə ev sahiblərimin ən çox verdiyi sual bu idi: “Bəs bu qanunidir?” Onlar özlərini sadiq məsihçi olaraq görürdülər. Bəziləri keçmiş həyatlarında cinayətkar olmuşdular; onlar öz cəzalarını çəkib qurtardıqdan sonra ailələrinin yanına qayıtmış və kilsələr açmışdılar, allahsız cəmiyyətdə təlim və təbliğlə məşğul idilər. Lakin məsələ uşaqlarını bütpərəstlərin ixtiyarına buraxmaq əvəzinə, özlərinin təhsil verməsi kimi konkret praktiki addımlara gələndə onların buna cavabı “Bu, Müqəddəs Kitaba uyğundurmu?” əvəzinə “Bu qanunidirmi?” oldu. Onların düşüncə və anlayışında hökumətin “qanuniliyi” məsələsi bunun Müqəddəs Kitab əmri olub-olmadığından daha vacib məsələdir.
Rusiyadakı bir vəzçi elə bir ilahiyyata sahib olmalıdır ki, yeni imana gələnlərdə dövlətdən bu psixoloji, iqtisadi və sosial asılılığı qıra bilsin. Rəhbərlik, təhsil, rifah, iqtisadi qurtuluş və ya ailənin birliyi və sədaqəti üçün dövlətə güvənmədən yaşaya biləcək bir cəmiyyət vizyonu (baxışı) təqdim etməyi bacarmalıdır. Belə bir cəmiyyət vizyonu ayrı-ayrı fərdlərə azad insan üçün tələb olunan başlıca bacarıqları öyrətmək lazımdır. Azad insan yer üzündəki bəşəri qurumlardan asılı olmadan, təkcə Allaha və Onun Qanununa itaət və sədaqətə əsaslanan qərarlar verə bilər. İnsanı Allahın tabeliyindəki müstəqil bir hökmranlıq təmsilçisi kimi görən bir vizyon olmadan dövlətçilik bütünün buxovlarını qırmaq qeyri-mümkündür. Vəzçinin neçə nəfəri yeni imana gətirdiyindən asılı olmayaraq, onlar Bonifasenin yeni imanlıları kimi olacaqlar: Bazar günləri Allaha, bazar ertəsindən şənbəyə qədər isə Tora səcdə edəcəklər.
Bu xəbəri Rusiyaya çatdırmaq çox çətindir. İndiyə qədər vəzçilərin apardığı müjdə işindən fərqli olaraq, bu, öz hakimiyyəti altında olanların ağıllarını və ürəklərini hər vəchlə idarə etməyə çalışan qüvvələrə meydan oxuyacaqdır. Bu, amerikalı vəzçilərin bir çoxu üçün həddindən artıq çətin bir iş kimi görünə bilər. Rusiya dövləti libertarianizm və fərdi azadlıq haqqında danışıqlara həmişə şübhə ilə yanaşıb; Məsihin Müjdəsi onu dəstəkləsə, bu qüvvələri narahat edə bilər. Bununla belə onu təbliğ etmək və öyrətmək lazımdır – istər rus dilində internet-nəşrlər, istərsə də İsa Məsih haqqında xilasedici biliyi əldə etmiş və Onun Müjdəsinin hərtərəfli təbiətini anlayan rusların özləri vasitəsilə.
Çətin olsa da, olmasa da, onu təbliğ etmək lazımdır. “Güclü adama” isə qarşı çıxmaq və məğlub etmək lazımdır. Müjdə üçün fəth edilməli bir dünya var və biz məsihçilər işə indi başlasaq, yaxşı olar.
İngiliscə versiya, 22 fevral, 2012-ci il:
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/