Vor Rum Prodakşns-ın (War Room Productions) nəzdində “Axe to the Root” (“Kökə çalınan balta”) radio verilişinin 76-cı bölümünə xoş gəlmişsiniz. Mənim adım Bojidar Marinovdur, növbəti 30 dəqiqə ərzində sizinlə çox çətin bir mövzu ətrafında danışacağıq – ən azından bu günün Qərb dünyası üçün çətin bir mövzudur, çünki bu gün eşidəcəyimiz hekayələr sanki ötən bir əsrin ağır gerçəkliyi deyil, hansısa qorxu filmindən fraqmentlər kimi səslənir.
Biz onların gerçəkliyinə inanmaq istəsək də, istəməsək də, onlar gerçəkdirlər. Ötən əsr belə hekayələrlə doludur, əsas səbəbi isə odur ki, ötən əsr, bu cür hekayələri doğuran çox sayda ideologiyaların yayılmasının və siyasi üstünlük əldə etməsinin şahidi olmuşdur. Mən özüm bu siyasi hakimiyyət dövründə müəyyən müddət yaşamışam və mənim təcrübəm bu hakimiyyətin süqutdan öncəki son onilliyinə təsadüf edib, ona görə də o hekayələrin sadəcə son qalıqlarını görmüşəm. Bununla belə, mənim böyüdüyüm cəmiyyət tamamilə bu ideologiyaların və bu hekayələrin meyvələrindən bəhrələnmiş və bunlarla yadda qalmışdır; böyüyərkən onların üzərimdə buraxdığı təsir izindən sonradan azad olmaq üçün mən özüm uzun müddət çalışdım.
Lakin yanlış bir fikrə qapılıb düşünməyin ki, bu hekayələr birdəfəlik və dönməz şəkildə keçmişdə qalıb, bu günlərdə və bizim yaşadığımız torpaqlarda onlarla yenidən üzləşmək təhlükəsi yoxdur. Müqəddəs Ruhun fəaliyyəti sayəsində tarix mütləq şəkildə yuxarıya, Allahın Padşahlığının yer üzündə əzəmətli təzahürünə doğru irəliləyir – buna çox diqqət yetirin: yer üzündə – lakin Allahın Kəlamında heç bir zəmanət verilməyib ki, Allah Öz Padşahlığını yer üzündə təzahür etdirərkən, bəzən keçmişdəki lənətləri Onun Əhdini unudan bir xalqın üzərinə təkrar göndərməyəcək. (Axı Padşahlığın təzahürü düşmənlərə qarşı qanuni cəzaları da nəzərdə tutur.)
Sizinlə paylaşacağım hekayələrə bənzər hekayələr və onları var edən ideologiyanın prinsipləri, bu gün daha zəif formada olsa da, kifayət qədər geniş yayılmışdır, tam inkişaf etmiş formalarda təzahür etməsinə isə çox az qalıb. Axı insan təbiəti dəyişməz qalır, Allahın hər kəsə bəxş etdiyi Lütfünün verdiyi nəfsə hakimlik olmadıqda insanlar canavarlara çevrilir.
“Azadlıq sadəcə bir addım sonra tamamilə yox ola bilər,”– Ronald Reyqan Kaliforniya qubernatorluğuna andiçmə mərasimindəki nitqində demişdi. Lakin bu prinsip sadəcə azadlığa deyil, hər şeyə şamil edilir. Azadlıqla yox olma təhlükəsinin arasında sadəcə bir addım olduğu kimi, zülmün dəhşətləri – QULAQ-ların (SSRİ-də İslah Əmək Düşərgələri Baş İdarəsi), qaz hücrələrinin, Qolodomorun, diri-diri dərisi soyulan məhbusların, İmperator ziyafətlərində məşəl kimi yandırılan məsihçilərin yenidən ortaya çıxması da sadəcə bir addımlığımızdadır. Allahın Kəlamını və Qanununu unutsaq, bu baş verə bilər. “Belə şeylər burada baş verə bilməz” fikri bütün tarix boyunca bəşəriyyətin ən geniş yayılmış, lakin ən az uğur qazanmış gümanı olub. Nəticədə, “belə şeylər burada baş verə bilməz” deyə arxayınlaşıb sayıqlığı itirənlər, belə şeylərin əslində baş verdiyini görüblər və bundan əziyyət çəkiblər. Hətta onların uşaqları da əziyyət çəkib.
Bəhs etdiyim ideologiya kollektivizmdir.
“Axe to the Root”-un əvəlki bölümlərində kollektivizmdən bəhs etmişdik. Mən bu kəliməni başqa yerlərdə, xüsusilə də Müqəddəs Kitab individualizmi (fərdiliyi) doktrinasına şamil edərək istifadə etmişəm. Bu doktrinaya əsasən, Allahın qarşısında hər bir fərd qanuni müstəqilliyə malik əxlaqi varlıqdır. “Müstəqil” deyərkən, insanın öz əxlaqi təbiətinə görə Allahdan asılı olmadığını və ya əxlaqi davranışlarına görə Allah tərəfindən mühakimə edilməyəcəyini nəzərdə tutmuruq; tamamilə aydındır ki, heç bir məsihçi belə bir müstəqillikdən bəhs edə bilməz. (Baxmayaraq ki, Pelagian və Arminian kimi azad iradə teologiyaları insanın müəyyən səviyyədə Allahdan qeyri-asılılığını fərz edirlər, bunu xüsusilə də insanın əxlaqi təbiətinə aid edirlər.) “Müstəqillik” sözünün buradakı mənası budur ki, insanın Allah qarşısındakı əhdi, onun hər hansı insan qrupuna və ya kollektivə – ailəyə, yerli ibadət evinə, genetik, etnik və ya milli mənsubiyyətə, sosial təbəqəyə və ya statusa, həmkarlar ittifaqına, siyasi partiyaya və s. mənsubiyyətindən asılı deyil. Belə qurumların və ya kollektivlərin hər hansı birinə mənsubluq və ya üzvlük, insanın Allaha itaətli olmasına, yaxud da yaxşı əməllərə alışmasına təsir göstərən vacib ikinci dərəcəli və ya daha zəif bir səbəb (Kalvinin terminologiyasından götürülmə) olsa da, son nəticədə, Allah hər bir insana onun Rəbb qarşısındakı fərdi duruşuna müvafiq şəkildə yanaşır, həmin insanın mənsub olduğu hər hansı bir kollektiv burada rol oynamır.
Əxlaqi dəyərin və fərdin əhəmiyyətinin bu cür başa düşülməsi, ilk imanlılar cəmiyyətinin bütpərəst münasibətlərindən qurtulmasında, yaxud da bilavasitə mədəniyyətin içində hələ də mövcud olan Yəhudi ənənələrini aradan qaldırmasında əsaslı rol oynamışdır. Məsihçiliyə qarşı bütün ilkin imperiya fərmanlarında məsihçilər öz qəbilələrinin və ya etnik qruplarının, yaxud da əcdadlarının ənənələrini rədd etməklə təqsirləndirilirdilər. Bu anlayış həm də Reformasiya doktrinasının əsasını təşkil edirdi; məhz buradan çıxış edərək, bu gün əsas Reformasiya (İslahat) doktrinası olan “Fərdi mühakimə hüququ və vəzifəsi” doktrinamız var (“islahatdan keçdiklərini” iddia edən pastorların hamısı bu gün bu doktrinanı asanlıqla unudurlar). Hər hansı qrup və ya kollektivə – hətta imanlılar cəmiyyəti təşkilatına qarşı, Məsihçi imanındakı təməli individualizm Anqlikan yepiskopu, islahatçı teoloq və müəllim C.Ç. Rayl (J.C. Ryle) tərəfindən aşağıdakı sözlərlə dəqiq ifadə edilmişdir:
Elə isə sırf İmanlılar cəmiyyəti səhv edir deyə, siz də səhv etməyə razılaşacaqsınızmı? İmanlılar cəmiyyəti ilə birlikdə yanlış yola sapmanız öz canınız üçün daşıdığınız məsuliyyətdən sizi azad edəcəkmi? Ah, əziz oxuyucu, bir adamın təkbaşına qalması və xilas olması, İmanlılar cəmiyyəti ilə birlikdə yanılmasından və məhv olmasından min dəfə yaxşı olardı! “Öz yerimə düşünməyə cəsarət etmirəm” deməkdən və cəhənnəmə getməkdənsə, hər şeyi sübuta yetirmək və cənnətə getmək yaxşı olardı!
Məhz bu səbəbdən Məsihçi Yenidənqurma cərəyanı lap əvvəldən etiraf edir ki, məsihçi yenidənqurması şəxsi imana gəlmə və əminliyə, eləcə də fərdi təqdis və məqsədyönlülüyə əsaslanmalıdır. Yalnız o zaman bu cərəyanın bütün başqa layihələri də uğurlu ola bilər. Əgər insanlar özləri Allahla fərdi şəkildə əhd bağlamırlarsa, öz ailələrini Onunla əhd bağlamağa məcbur edə bilməzlər. Bütöv İmanlılar cəmiyyətinin Allahla əhd bağlaya bilməsi üçün ilk növbədə bu cəmiyyətdəki insanlar fərdi şəkildə Onunla əhd bağlamalı və yalnız bundan sonra bir-biri ilə əhd bağlamalıdırlar. Əgər bir xalqın içində hər biri Allahla fərdi şəkildə əhd bağlamış ictimai və siyasi xadimlərin sayı kifayət qədər deyilsə, o xalqın Allahla əhd bağlaması qeyri-mümkündür.
Bir fərdə müjdəni çatdırmaq və onu ruhani cəhətdən tərbiyə etmək qədər əziyyətli və xoşagəlməz başqa bir iş yoxdur; Allahın Padşahlığında hər hansı başqa bir işi həyata keçirmək üçün ilk növbədə bu iş görülməlidir. Məhz bu səbəbdən məsihçi yenidənqurmaçıların böyük əksəriyyətinin, hətta peşəkar Müjdə vəzçiləri olmayanların belə, keçmişində küçələrdə vəz etmə, ölkə xaricində missiyalar və müjdəçilik, yaxud da küçə aktivizmi və abort əleyhinə xidmət kimi təcrübələr yer alır. Fərdləri imana gətirməyi öyrəndiyimiz zaman başqa şeylər daha asan olacaq. Təşkilatlar mövcud ola və yox ola bilər, amma imana gətirilmiş və ruhani cəhətdən tərbiyə edilmiş fərd, bütün həyatı boyunca başqa insanları imana gətirməyə və tərbiyə etməyə davam edir (2 Tim. 2:2). Əlbəttə, iş sadəcə fərdləri imana gətirməklə bitməməlidir, bütöv qrupları və xalqları öz məhkəmə və korporativ quruluşları və qanunları çərçivəsində imana gətirməklə davam etdirilməlidir. İndividualizm, sadəcə şəxsi daxili əxlaqın əhəmiyyət kəsb etdiyi atomizmdən daha fərqlidir. Bir cəmiyyətin imana gəlməsi ayrı-ayrı fərdlərin imana gəlməsindən başlayır.
Fərdin müstəqil əxlaqi varlıq kimi qəbul edilməsi, bütün bütpərəst dinləri və fəlsəfələri üçün də, imanlılar cəmiyyətindəki bir çox yalançı təlimlər üçün də həmişə ciddi bir problem hesab edilmişdir. Bunu Amerikadakı müasir ibadət evlərinə və özünü “islahatçı” adlandıranların böyük əksəriyyətinə də şamil etmək olar. Daha dəqiq desək, problem sayılan məsələ budur: “Necə ola bilər ki, ayrı-ayrı fərdlərin öz iradəsi, arzuları və fərdi məqsədləri olan azad, müstəqil əxlaqi varlıq olmalarına icazə verək, amma onların birliyinə, ümumi iradəyə tabeliyinə, eyni ortaq məqsədlərə can atmalarına, hər hansı birindən daha önəmli vəziyyətlər yarandıqda fədakarlıq göstərməyə hazır və qadir olmalarına nail olaq?”
Müqəddəs Kitaba əsaslanan məsihçilikdə belə bir problem yoxdur. Müqəddəs Ruha əsaslanan məsihçilik Müqəddəs Ruha sahibdir, Müqəddəs Ruh isə həm tək, həm də cəm şəkildə fəaliyyət göstərməyə qadirdir. Müqəddəs Ruhun eyni vaxtda həm tarix üçün vahid başlıca planı ola bilər, həm də obrazlı mənada Özünü çoxlu hissələrə “bölərək” (sadə dillə desək) sonsuz sayda imanlıların qəlbində sonsuz sayda daimi yer tuta, Onun planına xidmət etmələri üçün onlara yol göstərə, bununla belə hər bir fərdin öz azad, lakin xilas edilmiş iradəsi ilə hərəkət edən azad və müstəqil əxlaqi varlıq olmasını təmin edə bilər.
Lakin bütpərəst və yalançı dinlərdə və ideologiyalarda Müqəddəs Ruha bənzər bir varlıq yoxdur ki, fərdin azadlığını qoruyaraq, geniş insan qruplarının uzunmüddətli ümumi işini və yekdil davranışını təmin edə bilsin. Bütpərəstlərin nöqteyi-nəzərindən, bir fərdə müstəqil əxlaqi varlıq olmaq azadlığı verildiyi zaman, bu, xaosa səbəb olur. Məhz bu səbəbdən bütün bütpərəstlər və yalançı dinlər, fərdin azadlığını əsas tutan siyasi ideologiyaya – libertarianizmə (iradə azadlığı nəzəriyyəsi) nifrətlə yanaşırlar. Hətta “libertarian” olduğunu iddia edən qeyri-məsihçilər belə, son nəticədə kollektivizm ideologiyasına boyun əyirlər. Buna görə də R. C. Raşduni (R. J. Rushdoony) teokratiyanın[1]teokratiya – Allahın hökmranlıq etdiyi cəmiyyətin– radikal libertarianizmin ən yaxın təzahürü olduğunu bəyan edirdi. Lakin bu barədə gələcək mövzumuzda danışacağıq.
Müstəqil əxlaqi varlıq olmaq üçün fərdə verilən azadlıq yalnız iki sosial nəticəyə gətirib çıxara bilər: ya Müqəddəs Ruhla dolu fərdlər hamı üçün salehlik və ədalətin hökm sürdüyü, ictimai asayişin təşkilati zülmə deyil, qarşılıqlı hörmətə əsaslandığı bir cəmiyyət quracaqlar, ya da qəlbləri xilas olmamış fərdlər öz ürəklərinin ehtiraslarına görə davranaraq, cəmiyyəti qanunsuzluq içində məhvə sürükləyəcəklər. Bu nəticələrin ikisi də Məsihçi imanının bütün digər iman və ideologiyalardan üstün olduğuna güclü şəhadət edir.
Beləliklə, məsihçiliyə rəqib olmaq istəyən hər bir ideologiya və din məcburən çalışacaq ki, cəmiyyətdəki fərdlərin öz əxlaqi qərarlarını vermək, hətta azad fərdlər kimi öz şəxsiyyətlərini müəyyənləşdirmək azadlığı olmasın. Hər bir bütpərəst ideologiyası və dini, fərdləri bir qrupda və ya təşkilatda birləşdirməli olacaq, yalnız bundan sonra onların öz şəxsiyyətlərini həmin qrup və ya təşkilat çərçivəsində müəyyənləşdirmələrinə icazə verə bilərlər; əks təqdirdə idarəetməni əldə saxlamaq üçün heç bir səmərəli vasitə olmayacaq.
Kollektivizmin gizlində yatan əsl mənası məhz budur: ayrı-ayrı fərdləri itaətkar müqəvvalar kimi tərbiyə etmək üçün onları insan kollektivlərinin və/və ya elit təbəqələrin əxlaqi diktatorluğuna məruz qoymaq ideologiyası.
Kollektivist bağların zəiflədiyi yerlərə Müjdə hər zaman rahatlıqla ayaq açmışdır. Bunu öz şəxsi təcrübəmdən bilirəm: 1989-cu ildə Şərqi Avropada Kommunizmin (güclü kollektivist ideologiya) süqutu 1990-cı illərdə Məsihçi imanının əhəmiyyətli dərəcədə oyanışına yol açdı, tarixdə çox qeyri-adi bir vəziyyətin yaranmasına gətirib çıxardı: yeni nəslin dinə bağlılığı və ruhani məsələlərin müzakirəsinə açıqlığı valideynlərindən daha çoxdur. (Valideynlərin əksəriyyəti öz kollektivist ideologiyalarına bağlı qalmağa davam edirlər.)
Bolqarıstandakı Qaraçı azlığı arasında öz vəzçilik xidmətimi icra edərkən belə bir vəziyyətin qismən şahid olmuşam. Qaraçılar Avropada mövcudluğunu davam etdirən ən uzunömürlü bütpərəst mədəniyyətidir və min illər ərzində Məsihçilik üçün aşılmaz bir divar olmuşdur, çünki hər zaman kollektivist şəkildə – hər bir fərdin tayfaya və ya ailəyə tabe olduğu güclü patriarxal tayfa icması şəklində yaşamışlar. (Dəfələrlə qeyd etdiyim kimi, patriarxallıq – hər zaman Məsihçiliyin düşmənidir, hətta “Müqəddəs Kitaba uyğun” olduğunu iddia etsə də, bu, belədir.) Qaraçı patriarxal cəmiyyəti hətta Kommunizm zamanında, dövlət kollektivizminin ailə kollektivizminə qarşı çıxdığı bir dövrdə, öz rəqibi Kommunizmin təzyiqi altında tənəzzül etməyə başlamışdı, 1990-cı illərin sosial sarsıntıları isə ona daha ciddi zərbələr vurdu. Kollektivist xarakterli bu Qaraçı cəmiyyətinin tənəzzülü biz vəzçilərin önündə qapılar açdı ki, oraya daxil olub, artıq sərbəst düşünə və addımlar ata bilən çox sayda adi insana Müjdəni çatdıraq. Beləcə, kollektivizm hər zaman Müjdənin önünü kəsən güclü sosial silah olmuşdur və Allahın düşmənləri tərəfindən məqsədyönlü şəkildə istifadə edilmişdir.
Lakin bir insanı – hələ çox sayda insanı demirəm – öz şəxsiyyəti və mənliyini itirib, tamamilə hakim təşkilati sistemə tabe olmağa məcbur etmək asan iş deyil. Allahın hər bir insana bəxş etdiyi bir ruh var, bu ruh Allahın ondakı surətinə xas bir cəhətdir. Bu ruh başqaları tərəfindən hər hansı kənardan idarəetmə cəhdinə qarşı müqavimət göstərir. Qəlbi xilas olmuş insanlarda bu ruh azad şəkildə Allahın iradəsini icra etmək məqsədilə göstərilən saleh üsyan kimi ortaya çıxır – Musanın Firona qarşı, yaxud da Davudun Şaula qarşı müqavimətini yada salın. Qəlbləri xilas olmayanlarda isə bu ruh özünü başqalarından üstün tutmaq üçün, yaxud da sadəcə öz ürəyinin ehtiraslarına görə davranmaq üçün göstərilən xudbin üsyankarlıq şəklində təzahür edir – Yarovamın Rexavama qarşı üsyanını yada salın. (Bir şeyə diqqət yetirin ki, hətta xatırlatdığımız bu son hadisədə belə, Müqəddəs Ruh bəşər hakimiyyətinin deyil, üsyankarın tərəfində idi.)
Müasir kollektivistlər – xüsusilə də müasir məsihçi icmaları – belə bir üsyankarlığı bu sözlərlə inkar etməyə çalışırlar: “O, sadəcə hər cür hakimiyyətə nifrət edir.” Əslində isə həqiqət budur ki, bu cür davranış nifrətdən irəli gəlmir; işləmək, sahibkarlıq və bilik əldə etmək arzusu kimi, bu da Allahın insandakı surətinin təbii təzahürüdür. Əlbəttə, qəlbi xilas olmayan insanlarda Allahın surəti təhrifə uğradığına görə bu təbii təzahür də əxlaqi təhrifə uğraya bilər, lakin hətta o zaman belə, o, Allahın surətinin təbii təzahürü olaraq qalır. İnsan digər insanların onun üzərində ağalığından azad olmaq və buna müqavimət göstərmək üçün yaradılıb; məcazi mənada desək, bu, onun DNT-sindədir. Bu cür təbii instinkt yalnız Allahın insandakı surətini ciddi şəkildə sıxışdırmaqla aradan qaldırıla bilər.
Beləliklə, kollektivizm öz məqsədinə çatmaq üçün Allahın insandakı surətini əzməli və bununla da insanın fərdiliyini və şəxsiyyətini tamamilə silməlidir. Bu məqsədlə də tarix boyunca kollektivistlər insan davranışlarını dəyişdirmək və formalaşdırmaq üçün bir neçə metod hazırlamışdırlar ki, bunların vasitəsilə insanları fərdilikdən məhrum etsinlər. Bu gün ətrafımızdakı cəmiyyətdə kollektivizmi aşkara çıxarmaq üçün bu metodları başa düşməyimiz vacibdir.
Mən sizinlə birlikdə Bruno Bettelhaymın “Məlumatlı ürək: Kütləvi əsrdə muxtariyyət” (Bruno Bettelheim, “The Informed Heart: Autonomy in a Mass Age”) adlı kitabından götürülmüş bir neçə əsas metoda baxacağam. Bettelhaym avstriyalı yəhudi idi. O, 1930-cu illərdə Vyana Universitetinin fəlsəfə və incəsənət tarixi fakültəsindən məzun olmuşdu. O dövrdə incəsənətə tamamilə Freyd nöqteyi-nəzərindən baxıldığına görə (şüursuz olanın ifadəsi kimi), incəsənət tarixindəki elmi dərəcəyə çox sayda psixologiya kursları – daha çox Freyd fəlsəfəsinə əsaslanan kurslar – daxil edilmişdi və təbii olaraq bu, psixologiya üzrə də elmi dərəcə hesab olunurdu. Faşistlər 1938-ci ildə Avstriyanı işğal edəndə, onu həbs edib əvvəlcə Daxaudakı, sonra isə Buçenvolddakı həbs düşərgəsinə göndərmişdilər.
Bundan bir ildən də az bir vaxt sonra Hitlər özünün 50 illik yubileyi şərəfinə nadir görünən bir əfv qərarı ilə həbs düşərgələrindən bir neçə yüz məhbusu azad etmək əmri verir. Bettelhaym da o məhbuslardan biri idi. O, bu əfv qərarının uzun sürməyəcəyini bilirdi, ona görə də daha öncədən Birləşmiş Ştatlara köçmüş həyat yoldaşı Cinaya qoşulmaq üçün dərhal ABŞ-a gedən gəmiyə minmişdi. ABŞ-da o, psixoloq karyerası qurmağa və bir neçə kitab yazmağa müvəffəq olmuşdu, Məlumatlı ürək kitabı da onlardan biri idi. Bu kitab Bettelhaymın Daxau və Buçenvold həbs düşərgələrində yaşadığı 10 aylıq məhbusluq təcrübəsi əsasında yazılmışdır və insan fərdiliyi ilə kütləvi kollektivizm arasındakı münaqişəni elmi cəhətdən araşdırır.
Aşağıda fərdiliyi məhv etmək üçün istifadə olunan bir neçə kollektivist metodun qısa xülasəsi verilmişdir. Bu xülasəni mən hazırlamamışam; mən Bettelhaymın kitabını təhlil edən bir neçə müəllifin işindən istifadə etmişəm. Bununla belə, xülasəni doğru hesab edirəm və kitabı oxuduqdan sonra ona verdiyim qiymətlə üst-üstə düşür, ona görə də onu mənim razılaşdığım bir fikir kimi qəbul edə bilərsiniz. Bu metodlara qulaq asarkən, onların əsas təbiətinin pozğunluğuna diqqət yetirin – onların hamısı insanın əxlaqi-mühakiməli təbiətinə aiddir və hamısı çalışır ki, ya o təbiəti məhv etsin, ya da onu tamamilə əks istiqamətdə təhrif etsin. Bettelhaym Freydist psixoloq idi, bu isə o demək idi ki, o, insan davranışlarının şüurlu şəkildə əxlaqi olmadığını, bunun yalnız şüuraltı formada baş verdiyini düşünürdü. Buna baxmayaraq, o, gerçək dünyadakı münasibətləri izləmişdi və insan davranışının əxlaqi təbiətini görməyə bilməzdi.
Kollektivist hakimiyyətin ən birinci və ən təməl metodu insanları mənasız işlə məşğul olmağa məcbur etməkdir. Yaxud da heç bir dəyəri olmayan bir işlə. Heç bir nəticə gözləmədən, sadəcə iş xatirinə işləmək.
Mövcud olduğu 12 il ərzində Faşist Almaniyası yüz minlərlə məhbus və hərbi əsirlərdən öz zavodlarında, kənd təsərrüfatında və hətta müharibə cəhdlərində istifadə etmişdir. Məhbusları hərbi sursatlar və ya hərbi texnika üçün yanacaq istehsal etməyə məcbur edirdilər, hətta xəndək qazmaq və istehkam düzəltmək üçün cəbhə bölgələrinə gətirirdilər. Onlara dəhşətli amansızlıqla yanaşırdılar; hətta bəzilərinə öz əlləri ilə düzəltdikləri bombaların onların doğma ölkələrindəki binaları necə dağıtdığını və insanları necə öldürdüyünü göstərən filmlər nümayiş etdirirdilər. Onları işlədikləri yerdə yatmağa və yemək yeməyə məcbur edirdilər, onların vəziyyəti Roma triremalarındakı[2]trirema – üç sıra avarlarla idarə olunan qədim döyüş gəmisi qulların vəziyyətindən heç də yaxşı deyildi. Lakin bütün bu dəhşətli vəziyyətlərə və amansız münasibətə rəğmən, oradan azad olmuş məhbuslar kifayət qədər yaxşı psixoloji vəziyyətdə olurdular və müharibədən sonra tez bir zamanda özlərinə gəlməyi bacarırdılar. Bunun səbəbi isə o idi ki, onların gördüyü işin hələ də bir dəyəri var idi; hətta bunu özlərinin əleyhinə etməyə məcbur qalsalar belə, gerçək bir şey yaradıb ortaya çıxardıqları üçün bunu hələ də şəxsi nailiyyət hesab edə bilirdilər.
Lakin faşistlər bununla kifayətlənmədilər və daha da irəli getdilər: onlar məhbusları faydasız işlər görməyə məcbur etdilər. Yaxud da heç bir mənası olmayan işlər. Belə təcrübələrdən birində, məhbuslarla kifayət qədər yumşaq davranırdılar, lakin onlara dəmir yollarının bir tərəfindəki nəhəng daş qalağını digər tərəfə daşımağı əmr etmişdilər. Məhbuslar bu işi görməyin bir səbəbi olduğunu düşündükləri üçün – məsələn ərazini təmizləyərək yerində başqa bir bina tikmək kimi – heç bir problem yaşamadan yerinə yetirmişdilər. Lakin daş qalağının yeri dəyişdirildikdən sonra onlara əmr edilmişdi ki, onu əvvəlki yerinə geri qaytarsınlar. Sonra yenə də digər tərəfə daşımaq əmri verilmişdi. Sonra yenə də geriyə. Məhbuslar həbsdə qaldıqları müddətcə gələcəklərinin sadəcə bu işi görməkdən ibarət olacağını anlamağa başlayanda, bir çoxu özündən çıxıb ağlını qaçırmaq səviyyəsinə gəlmişdi, bəziləri hətta intihara cəhd etmişdi.
Buna bənzər başqa bir təcrübədə bir qrup məhbusa əmr edilmişdi ki, sadəcə yalın əldən və cib bıçağından istifadə edərək səngər qazsınlar. Onlar işləyərkən yük maşınından bir qalaq yeni kürək boşaldılıb iş yerinin yaxınlığında, məhbusların gözü önündə qoyulmuşdu. Lakin onların bu kürəklərdən istifadə etməsinə heç vaxt icazə verilmirdi. Bəzi məhbuslar cürət edib kürəklərdən istifadə etmək üçün rica etmişdilər, lakin onları buna görə amansızcasına cəzalandırmışdılar. Bir neçə gün sonra, kürəklərin mənasız şəkildə orada durması, lakin ondan istifadə edə bilməmələri məhbusların psixologiyasına ağır təsir vurmağa başlamışdı. Daha bir neçə gün sonra faşistlərin əlində keşikçilərin söyləyəcəyi və ya əmr edəcəyi hər şeyə itaət edən, tamamilə sakit bir qrup var idi.
Məqsədyönsüz şəkildə işləməyin insanların düşüncəsini kollektivizmin ən pis metodlarına hazırlamaq üçün əla bir vasitə olduğu məlum oldu. Soljenitsin QULAQ gözətçilərinin istifadə etdiyi bənzər metodları təsvir edir. ABŞ hərbçiləri Hindu müharibələri zamanı həbs edilmiş hindu döyüşçülərinə bu metodları tətbiq edirdilər. Məqsədyönsüz işləməyin insan qəlbinə xüsusilə dağıdıcı təsir vuran bir cəhəti var. Allah Öz surətinin ali təcəssümü olan insanı işləmək üçün yaradıb, lakin eyni zamanda onu esxatoloji bir varlıq olaraq yaradıb, yəni insan gələcəyə indi gördüyü işlərin nəticələrinin açılacağı bir səhnə kimi baxır. Ona görə də insanın özünü təsdiqləməsi üçün bəhrələr, nəticələr, ya da nailiyyətlər başlıca rol oynayır. İnsanı işləməyə məcbur etsəniz, amma onu bu işin esxatologiyasından – yəni məqsədindən və mənalı bəhrəsindən – məhrum qoysanız, Allahın insandakı surəti pozulmuş olacaq. Məqsədyönsüzlük insanın məhvə sürüklənməsinin başlanğıcıdır.
Bütün kollektivist hökumətlərin istifadə etdiyi ikinci geniş yayılmış metod – çoxsaylı bir-birinə zidd olan qaydaların tətbiq edilməsidir ki, onları pozmamaq qeyri-mümkün olsun.
2016-cı ildə Arizonadakı bir oteldə Feniks Polis İdarəsinin işçisi Filip Braylsford tərəfindən öldürülən iki uşaq atası Daniel Şeveri xatırlayırsınızmı? Bu ölümün soyuqqanlılıqla həyata keçirilmiş bir qətl olduğunu sübut edən bütün dəlillərə rəğmən məhkəmə Braylsforda bəraət vermişdi. Təqdim olunan videoda qatil polis işçisi qurbanına kobudcasına qışqıraraq bir-birinə zidd, icra edilməsi qeyri-mümkün əmrlər verirdi. İzləyicilərin bəziləri Braylsfordun tətiyə basa bilmək üçün şərait yaratmağa çalışması faktını ifşaedici dəlil kimi irəli sürmüşdülər.
Lakin çox adam bilmir ki, bu, polis akademiyalarında polis işçilərinə öyrədilən rəsmi fənddir: silahını “şübhəli” şəxsə doğru tuşlayaraq, kobudcasına qışqırıb qısa vaxt ərzində mümkün qədər çox sayda əmrlər vermək, bununla da onu çaşdırmaq və öz iradənə tabe etmək. Bu davranış Braylsfordun o anda ağlına gəlmiş bir davranış deyildi; bu metod polis təlimi aldığı illər ərzində onun düşüncəsində kök salmışdı. Bu faktı bilsəniz də, bilməsəniz də, onu bəyənsəniz də, bəyənməsəniz də, Amerika polisi kommunist və faşist polisindən heç də fərqlənmir, o da qurbanlarını özünə tabe etdirmək üçün eyni metodlardan istifadə edir. Həm kommunist DTK-sı (Dövlət Təhlükəsizlik Komitəsi – rus. КГБ), həm faşist MD-si (Mühafizə dəstəsi – alm. Schutzstaffel) məhbuslara qarşı bu metoddan böyük uğurla istifadə edirdilər.
ABŞ-da isə federal hökumət və ştat rəhbərləri bu metoddan daha geniş miqyasda, bütün əhaliyə qarşı istifadə edirlər: Vaşinqtondan və ştat paytaxtlarından çıxan qanun, norma və qaydaların yayılmasının iki əsas məqsədi var: birincisi, dövlət məmurları öz adamlarının digər siyasi cəhətdən daha az müdafiə olunan rəqibləri üzərində üstünlüyünə nail olurlar, ikincisi, hər bir fərd hansısa bir cinayətdə və ya qanun pozuntusunda təqsirkar bilinərək, psixoloji cəhətdən asanlıqla idarə olunur. Ayn Rend hələ 1940-cı illərdə bu mexanizmə diqqət çəkməyə çalışmışdı: bütün sərbəst fəaliyyətlərin bu və ya digər şəkildə kriminallaşdırılması və bununla da hər bir vətəndaşa silah tuşlamaq üçün rəsmi “qanuni” səbəbin olması. Ondan sonra rəhbərlər kimə lütf göstəriləcəyinə, kimin isə başqa hər kəsə də dərs olsun deyə cəzalandırılacağına qərar verə bilərlər.
Bunun uğurla baş tutmasının səbəbi odur ki, Allahın surətində yaradılmış insan ilk növbədə və hər şeydən öncə əxlaqi varlıqdır. Onun dünyası gözəllik, ahəng, firavanlıq və ya başqa prinsiplərlə deyil, əxlaq və ədalət prinsipləri ilə nizamlanır. İnsan öz təbiətinə görə müəyyən əxlaqi intizama can atır, lakin Allahdan ayrı düşəndə öz əxlaqi intizamını Onda tapa bilmir və tapmayacaq. Onu kollektivdə axtarmağa başlayacaq. Halbuki onun əxlaq duyğusu yerində qalır və o, ədalətsizliyi hiss edə bilir, ədalətsizliyi gördüyü zaman isə ona qarşı üsyana qalxır. Bu üsyanın qarşısını almaq üçün insanın əxlaq duyğusunu (onun əxlaqi xarakterini və onun şəxsiyyətinin məğzini müəyyənləşdirən tək şey) tamamilə azdırmaq lazımdır. İnsanın sonradan mənimsədiyi və ya ona zorla tətbiq edilən əxlaqi idarəetmə və ədalət sistemi (dövlət, kollektiv, polis, düşərgə gözətçisi və s.) bir-birinə zidd və heç cür bir araya sığmayan əmrlər verəndə, insan yolunu itirir və intizam duyğusundan məhrum olur. Bunun nəticəsində ortada fərdi xarakteri olmayan bir adam qalır. İndi onu asanlıqla yönəltmək olar ki, kollektivə qulluq etsin.
Bütün kollektivist hökumətlərin istifadə etdiyi üçüncü geniş yayılmış metod kollektiv məsuliyyətin tətbiqidir.
Adətən belə hesab olunur ki, kollektiv məsuliyyət şəxsi məsuliyyəti azaldır. Bu, müəyyən dərəcədə doğru fikirdir, ən azından verilən cəza böyük deyilsə, belə olur. Lakin məsuliyyətin əvəzində çox yüksək cəza verilirsə, kollektiv məsuliyyət kollektivdəki fərdləri məcbur edir ki, bir-birinin işinə nəzarət etsinlər, əslində bir növ həbsxana nəzarətçilərinin işini görsünlər. Bettelhaymın öz kitabında qeyd etdiyi nümunədə həbs düşərgəsindəki bir bölməyə öz ayaqqabılarını sabun və su ilə yumaq tapşırılmışdı. Bu, müntəzəm bir qayda deyildi, sadəcə MD nəzarətçisinin o anlıq şıltaqlığı idi, lakin bir nəfərin itaətsizliyinə görə bütün bölmənin cəzalandırılma təhlükəsi var idi. Ayaqqabılar su və sabunla yuyulub quruduqdan sonra daş kimi sərtləşirdilər və məhbusların ayaqlarını incidirdilər. Həmin nəzarətçi bu əmri bir də heç vaxt təkrar etməmişdi, lakin bu hadisədən bir neçə ay sonra belə, məhbuslar əmin olmağa çalışırdılar ki, hamı bu işi yerinə yetirib. Onları əsirlikdə tutan adamların işini icra edərək, özləri həbsxana nəzarətçilərinə çevrilmişdilər.
Kollektiv məsuliyyət bütpərəst mədəniyyətlərdə ən qədim dövrlərdən bəri istifadə olunur. Müasir dildə istifadə olunan “desimasiya” termini (“onda birini öldürmək”, “hər onuncu adamı öldürmək”, “kütləvi qətl”) Roma ordularında eyni adla istifadə olunan hərbi cəza növünün adından gəlir. Hərbi bölmə fərarilik, dönüklük və ya itaətsizlikdə təqsirləndirilirdisə, bölməni hər birində on əsgər olan qruplara ayırırdılar və hər qrupda püşk atılırdı. Püşk hansı əsgərə düşürdüsə, həmin əsgər öz şəxsi günahından və ya məsuliyyətindən asılı olmayaraq, digər doqquz əsgər tərəfindən öldürülürdü. Başqalarının günahlarına və ya cinayətlərinə görə verilən bu sərt cəzalar əsgərləri nəzarətçiyə – daha dəqiq desək, bir-biri üzərində kölə ağalarına çevirirdi. Nəticədə göstərilən inadkarlıq və tərslik Roma ordularına böyük itkilər bahasına başa gəlirdi, çünki əsgərlər geri addım atmaq və qüvvələrini başqa bir gün üçün qorumaq istəmirdilər.
Buna bənzər bir halı bu gün Amerikada, Latın amerikalı mühacirlərə qarşı ümumi əhali arasında geniş yayılmış qərəzli münasibətdə görmək olar. Kollektiv günah və ya məsuliyyətin heç bir qanuni ifadəsi olmasa da, fərdi məsuliyyətdən asılı olmayaraq, bütün Latın amerikalıları qeyri-qanuni mühacirət məsələsində bir tutub təqsirləndirən ümumi ictimai rəy mövcuddur. Latın amerikalı azlıqları kollektiv şəkildə barmaqla göstərmək adəti qəribə adlandırıla biləcək bir halın yaranmasına gətirib çıxardı, amma o sadəcə bayaqdan bəhs etdiyimiz vəziyyətə dair başqa bir nümunədir: bəzi Latın amerikalılar digər Latın amerikalılara qarşı göstərdikləri qeyri-adi qəddarlıq.
Bizim kimi, ABŞ-Meksika sərhəddinə tez-tez yolu düşənlər və ya oraya yaxın ərazidə işləyənlər bilir ki, Sərhəd Patrulunun işçi heyətinin böyük bir hissəsini əslində Latın amerikalılar təşkil edir. Federal dövlətin bu Latın amerikalı qulluqçuları Sərhəd Patrulunun qeyri-millətlərə mənsub işçilərindən daha çalışqan olurlar və bəzən hətta sərhəd qanunlarının tətbiqində öz Latın amerikalı həmyerlilərinə qarşı amansız davranırlar. Əslində bu halın tarixçəsi 1960-cı illərə gedib çıxır. O zamanlar Marksist fəal Sezar Çavezin qurduğu, daha çox Latın amerikalılardan ibarət həmkarlar ittifaqları Meksikalı işçi mühacir (“vetbək[3]“Vetbək” adı – Rio Grande çayını üzüb keçərək Texasa mühacirət edən meksikalılara aid edilirdi və hərfi mənada arxası yaş olanlar kimi tərcümə edilir”) ovuna çıxmaq və onları Meksikaya qayıtmağa məcbur edənə qədər döymək üçün cinayətkar dəstələr təşkil etmişdi. (Mühacirət əleyhinə siyasət hətta bu gün mühafizəkarlar tərəfindən dəstəklənsə belə, hər zaman Marksist bir siyasət olmuşdur.) Kollektiv təqsir müəyyən bir qrupa təzyiq göstərmək məqsədilə istifadə olunan zaman daxili qarşılıqlı inamsızlığa, qrup daxilində idarəetmə və nəzarətə gətirib çıxarır. Onda hər bir fərd kollektivə tabe olmağa məcbur edilir, onun öz mənəvi əqidəsi, hətta təbii anlayış və yaxınlıq duyğuları belə istisna edilir.
Kollektivist hökumətin istifadə etdiyi dördüncü geniş yayılmış metod – insanları heç bir şeyin onlardan, onların davranışından, əxlaqi fəaliyyətindən və ya hətta onların itaətkarlığından və sədaqətindən asılı olmadığına inandırmaqdır.
Bettelhaym bir qrup çex məhbusunu misal gətirir. İlk iki ayda onları “daha əsl-nəcabətli” olduqlarına görə düşərgədəki yəhudilərdən ayırmışdılar. Onlara daha yaxşı yeməklər verirdilər və yəhudilərin getdiyi iş yerlərinə onları aparmırdılar. Amma bir neçə həftə sonra bütün qrupu düşərgənin ən pis binalarına köçürdülər və sonra daş karxanasında işləməyə apardılar, ölüm hallarının ən yüksək olduğu ən pis işləri onlara tapşırdılar. Bütün bunlar qəfildən, heç bir xəbərdarlıq edilmədən, heç bir səbəb göstərilmədən baş verdi. Bir neçə həftədən sonra yenə onları ən rahat bölmələrə qaytardılar və ağır işdən ayırdılar. Sonra yenə ən pis binalara köçürdülər və daş karxanasına apardılar. Bütün bunlar baş verərkən, ayrı-ayrı adamları gözətçilərin və iş verən nəzarətçilərin kefinə görə ya mükafatlandırır, ya da cəzalandırırdılar. Gün ərzində gördükləri işlərdən və davranışlarından asılı olmayaraq, günün sonunda mükafat, yaxud cəza alacaqlarını heç kim təxmin edə bilmirdi. Onların günlük və həftəlik iş rejimi, gördükləri iş və ya davranışları ilə verilən mükafat və cəza sistemi arasındakı uyğunsuzluğun bir parçası idi.
Bir neçə ay ərzində həmin qrup öz adlarını zorla xatırlayan bir ovuc psixoloji şikəst insana çevrildilər; heyvandan fərqsiz olduqları üçün bütün praktiki məqsədlər üçün onlardan istifadə etmək olardı. Eyni düşərgədəki yəhudilər isə yəhudi olduqları üçün daim təhqirlərə məruz qalsalar da, daha güclü psixoloji vəziyyətdə idilər: ən azından onlarla niyə belə rəftar edildiyini bilirdilər.
Əxlaqi bir varlıq olan insanın təbiəti, öz həyatına və tarixinə özünün əxlaqi davranışlarının gətirdiyi bir sıra sonluqlar və nəticələr zənciri kimi baxmağa meyllidir. Öncədən təxmin edilə bilən bu nəticələr anlayışı Müqəddəs Kitab doktrinasının əsasını təşkil edir (bax. Qan. tək. 28). O, Müqəddəs Kitab teologiyasının ayrılmaz bir hissəsi olmaqla bərabər – ya da ondan irəli gəlməklə bərabər – gündəlik həyatın da bir hissəsidir. Sahibkarlıq, təhsil, təlim-tərbiyə, ictimai nizam, elm və texnologiya kimi anlayışların hamısı davranışlarımızın gözlənən sonluğuna və ya nəticəsinə əsaslanır. Bu, gündəlik həyatımıza tətbiq etdiyimiz hökm anlayışından başqa bir şey deyil. Dünyada gözlənən hökm anlayışı bizi mütləq şəkildə Kainatın Hakimi anlayışına gətirib çıxarır. Kainatın Hakimi tarixi idarə edir və ən sonda tarixlə bağlı hökm çıxaracaq. Əgər belə bir anlayış aradan qaldırılacaqsa, onda kollektivdəki insanlara öyrətmək lazımdır ki, hökmü heç vaxt əvvəlcədən təxmin etmək mümkün deyil, o, xaotik və təsadüfidir. Təkamül nəzəriyyəsində olduğu kimi.
Beşinci geniş yayılmış metod insanları ədalətsizliyi görmək və qəbul etməkdən imtinaya məcbur etmək idi.
Bettelhaym bunu aşağıdakı nümunə ilə izah edir: Bir MD gözətçisi bir məhbusu döyür. Bu vaxt oradan marş addımları ilə keçən bir qrup məhbus hadisə yerinə yaxınlaşdıqca üzlərini əks tərəfə çevirirlər ki, görməməli olduqları şeyi görməmək üçün yaxşı dərs aldıqlarını nümayiş etdirsinlər. Gözətçi isə bunu yaxşı etdiklərinə görə onlara “Afərin!” deyə qışqırır.
Bu metoddan xüsusilə istifadə edirdilər ki, insanların qəlblərini öz təqsirləri ilə məhv etsinlər. Səssiz qalaraq, onlar müəyyən mənada görməkdən imtina etdikləri ədalətsizliyin iştirakçılarına çevrilirdilər. Digər psixoloqlar Holokostdan (yəhudi soyqırımı) qurtulmuş insanların müharibədən sonra uzun illər boyunca vicdan əzabı və təqsirkarlıq hissi ilə yaşamağa davam etdiyi faktını qeyd edirlər, bunun səbəbi isə yalnızca bir və ya iki dəfə başqalarına qarşı edilən ədalətsizliyi “görməməyə” məcbur edilmələri idi. Bu insanlar zəif və məzlumların müdafiəsində səslərini çıxarmamağa məcbur edilmişdilər və müharibədən uzun illər sonra belə, bunun yaratdığı travmanın öhdəsindən gəlməyə çalışırdılar. Müharibə vaxtı, əlbəttə ki, bu təqsirkarlıq hissindən istifadə edərək onları özlərinə tabe etdirirdilər. Sadəcə susmaqla bir ədalətsizliyin iştirakçısına çevrilirsənsə, müqavimət göstərmək üçün artıq gücün qalmır.
Lakin bu metodun sadəcə keçən əsrin rəsmi totalitar rejimləri ilə məhdudlaşdığını düşünərək yanlış fikrə qapılmayın. Bu gün bizim öz polis işçilərimizə də eyni metod tətbiq edilir. Bu gün bir çox mühafizəkarın xəyal etdiyi incə mavi cizginin[4]mavi cizgi – ABŞ-da son zamanlar polislərin oynadığı rolu – bir tərəfdə qayda-qanun digər tərəfdə qanunsuzluq və xaosu ifadə edir arxasında, polis dairələrində qalın mavi sükut divarı və ya qatı duman var, orada polislər öz xidmət yoldaşlarının törətdiyi cinayətlər və ədalətsizliklər qarşısında susub səssiz qalmalıdırlar. 16 yaşlı Lakvan Makdonaldın kürəyindən atəş açaraq öldürən Çikaqolu polis işçisi Ceyson Van Daykın məhkəməsi bu yaxınlarda baş tutdu. Məhkəmə Van Daykın bu qətldə günahkar olduğunu bəyan etdi – bu cür cinayətlər törədən polislərin demək olar hamısının cəzadan asanlıqla yaxa qurtardığı bir ölkə üçün bu qeyri-adi bir hal idi.
Daha vacib məqam isə o idi ki, Van Dayk bu qətli törətdiyi zaman təkbaşına deyildi. Onun yanında təxminən 12 nəfər polis yoldaşı da var idi. Qətlin qurbanının heç bir aqressiv davranışının olmamasına baxmayaraq, bu polis işçilərindən bir nəfər belə, cinayətin qarşısını almaq üçün bir şey etməmişdi. Bu hadisənin baş verməsinə sadəcə yol vermişdilər və qarşısını almaq üçün heç bir cəhd göstərməmişdilər. Vəziyyət hər yerdə eynidir: “yaxşı” polis olduqları güman edilənlər sadəcə oturub iş yoldaşlarının törətdiyi cinayətləri seyr edirlər. Onları dayandırmaq üçün heç bir cəhd göstərmirlər. Niyə?
Çünki “ədalətsizliyi heç vaxt görməmək və qəbul etməmək” siyasəti polis işçilərinin karyerasının ən başlanğıcından onlara aşılanır. Öz polis yoldaşlarının törətdiyi cinayətlərin qarşısını almağa cəsarət edən az sayda polis işçisi isə daxili çəkişmə və intiqamın qurbanı olur. Frenk Serpikonu yadınıza salın. Bəziləri isə sadəcə işdən qovulurlar. 2006-cı ildə Baffalo Polis Bölməsindən olan qadın polis Kariol Horn, öz iş yoldaşı Qreqori Kvyatkovskininin əli qandallı adamı boğmasına mane olmağa çalışır. Sonra Kvyatkovski iş yoldaşının bu cəsur hərəkətinə görə onun sifətinə yumruq vurur. Daha sonra isə 19 il güc strukturlarında xidmət etmiş və təqaüdə çıxmasına cəmi bir il qalmış qadın polisi Baffalo Polis bölməsindəki işindən azad edirlər. Onun yol verdiyi qanun pozuntusu nə idi? O, həm başqa bir polis yoldaşının etdiyi ədalətsizliyi görməyə və qəbul etməyə cəsarət etmiş, həm də bunun qarşısını almağa cəhd göstərmişdi. Ölkənin hər yerində buna bənzər onlarla hadisəni misal gətirmək olar. Məhz bu səbəbə görə o yaxşı polislər, digər polislərin törətdiyi cinayətlərin qarşısını almaq lazım gəldiyində ortalıqda görünmürlər: çünki eyni kollektivist metodlar işləyir.
Bir insana ədalətsizliyi görməzdən gəlməyi öyrədəndə, onda ədalətsizliyə qarşı yeni etinasızlıq hissi inkişaf edir. Buradan isə bütün kollektivist hökumətlərin geniş istifadə etdiyi altıncı metoda sadəcə kiçik bir addım qalır: insanları məcbur etmək ki, bütün əxlaqi çərçivələri aşsınlar və özləri ədalətsizlik yaratsınlar.
Bettelhaym belə bir hadisəni təsvir edir: bir MD gözətçisi iki yəhudi məhbusa xəndəkdə uzanmağı, bir polyak məhbusa isə kürək götürüb onları diri-diri basdırmağı əmr edir. Polyak məhbus imtina edir. Gözətçi polyak məhbusu döyməyə başlayır, lakin o, bu işi görməkdən israrla imtina edir. Sonra gözətçi polyaka əmr edir ki, həmin xəndəkdə uzansın və yəhudilərə onu diri-diri basdırmağı əmr edir. Yəhudilərsə əmrə tabe olub, polyakın üzərinə torpaq atmağa başlayırlar. Onun başını torpaqla örtməyə lap az qalmış MD gözətçisi onları dayandırır, polyakın xəndəkdən çıxmasını, yəhudilərin isə yenidən xəndəkdə uzanmasını əmr edir. Yenidən polyak məhbusa əmr edir ki, onları basdırsın. Bu səfər o, əmrə tabe olur. Hər iki yəhudi basdırılaraq ölürlər.
İnsanın bütün mənəvi-əxlaqi hədləri aşması tələbi, cinayətkar dəstələr və mafiyalar üçün səciyyəvi bir cəhətdir. Cinayət törətmək – adətən heç bir məna kəsb etməyən bir qətl – bir çox cinayətkar dəstələrdə təşəbbüs ayininin bir hissəsi olur. Bunu əslində insanı qurban gətirməyin müasir forması adlandırmaq olar. R. C. Raşduni qeyd edir ki, finikiyalıların allahı Molex ruhani bir varlıq deyildi, mərkəzləşdirilmiş dövlətin təcəssümü idi. (Molex sözünün mənası elə “padşah” deməkdir.) Körpələrin qurban kimi təqdim edilməsi, valideynlərdən bütün daxili əxlaq, şəfqət və məhəbbət çərçivələrini aşmağı tələb edirdi və bu, sadəcə sehirli bir ayin deyildi, şəhər icmasına sədaqət andı idi. Öz övladlarını alova atmaq iqtidarında olan yetkinlər həqiqətən dövlət kollektivinə sadiq qalmağa qadir idilər, bu da onları mükəmməl dövlətçi materiala çevirirdi. Bu daxili səddi aşa bilən hər kəs rəhbərliyin əmr etdiyi istənilən başqa əxlaqi səddi də aşmağa qadir idi. Bir adamın başqa bir adama tamamilə itaət göstərməsi üçün onun Allaha qarşı tamamilə üsyankar olması tələb olunur.
Bu metodlardan xəbərdar olmaq müasir məsihçilər üçün həlledici əhəmiyyət kəsb edir. Ona görə yox ki, biz keçmişin qaranlıq təfsilatlarını yada salmaq istəyirik, ona görə ki, kollektivizm bu gün də, bu və ya digər formada baş qaldırmağa davam edir və ayrı-ayrı fərdlərin beynini yumağa və onları yoldan azdırmağa çalışır. İstər dövlətdəki, istər məsihçi cəmiyyətindəki, istərsə də ailədəki kollektivizm olsun, biz yenə də hər bir fərdin davranışlarını idarə etməyə çalışan eyni vəhşi heyvanla mübarizə aparırıq (Vəhy. 13:17). Məsihçilər olaraq, biz bu ruhu və onun cəmiyyətimizdəki təzahürünü ayırd etməyi bacarmalıyıq və cəmiyyətimizi ondan təmizləmək üçün fəal çalışmalıyıq.
Bu həftə sizə Bruno Bettelhaymın “Məlumatlı ürək: Kütləvi əsrdə muxtariyyət” (“The Informed Heart: Autonomy in a Mass Age”) kitabını oxumağı tapşıracağam. Bu, asan bir kitab deyil, hətta, bəzi hissələri Soljenitsinin “QULAQ arxipelaqı” (“GULag Archipelago”) kitabından daha ağırdır. Bundan əlavə, “Bornun şəxsiyyəti” (The Bourne Identity) filmini izləməyinizi tövsiyə edirəm. Bu filmi tövsiyə etməyimin səbəbi nədir? Çünki bu filmdə vurğulanan vacib fəlsəfi mövzu var, bu mövzu isə məhz ondan ibarətdir ki, insanı tamamilə itaətkar kollektivist bir alətə çevirmək üçün onu texnoloji idarəetmə ilə nə qədər dərindən sarsıtsalar da, onun əxlaqi duyğuları hələ də qalır və hələ də bütün kollektivizm üzərində qələbə çala bilər. Bu baxımdan məncə yaxşı bir filmdir.
Könüllü ianələrinizdə və dualarınızda Bolqarıstan İslahat Xidmətlərini də nəzərə alın. Bolqarıstan İslahat Xidmətləri – özünü İsa Məsihin Müjdəsini həyatın bütün sahələrinə tətbiq edən kitabları tərcümə və nəşr edərək, Şərqi Avropadakı gələcək məsihçi mədəniyyəti üçün intellektual təməl qoymağa həsr etmiş vəzçi təşkilatıdır. BulgarianReformation.com səhifəsini ziyarət edib, bülletenlərimizə abunə olun, vəzçilik işini praktiki və anlaşılan şəkildə necə icra etdiyimizi öyrənin. Gördüyümüz işin əhəmiyyətli olduğunu düşünürsünüzsə, daha çox tərcümə və nəşrlər, eləcə də, digər maarifləndirici layihələrimiz üçün ianələrlə yardım etməyi unutmayın. Allah hər birinizə xeyir-dua versin.
Oxumaq üçün: Bruno Bettelheim “The Informed Heart: Autonomy in a Mass Age”
Baxmaq üçün: “The Bourne Identity”
İngiliscə Mövcuddur: https://www.reconstructionistradio.com/podcasts/axe-to-the-root/the-destructive-nature-of-collectivism/
Bojidar Marinov – Doğma vətəni Bolqarıstanda 10 ildən artıq islahatçı müjdəçiliklə məşğul olan Bojidar təbliğçidir, eyni zamanda İslahat təlimlərini və hərtərəfli Müqəddəs Kitab dünya görüşünü öyrədir. 2001-ci ildə Bolqarıstan İslahat Xidmətlərinin əsasını qoyan Bojidar öz komandası ilə birlikdə Allahın Qanununun insan həyatının və cəmiyyətin hər bir sahəsinə tətbiqinə dair 40 000 səhifədən artıq məsihçi ədəbiyyatını tərcümə etmiş və həmin tərcümələri pulsuz olaraq onlayn şəkildə yayınlamışdır. Bolqarıstanda Libertarian cərəyanının yaranmasında fəal iştirak etmiş, Bolqarıstan Fərdi Azadlıq Cəmiyyətinin təsisçilərindən biri və ilk sədri olmuşdur. Bojidarla veb-səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: http://www.bulgarianreformation.com/
Qeyd
↑1 | teokratiya – Allahın hökmranlıq etdiyi cəmiyyətin |
---|---|
↑2 | trirema – üç sıra avarlarla idarə olunan qədim döyüş gəmisi |
↑3 | “Vetbək” adı – Rio Grande çayını üzüb keçərək Texasa mühacirət edən meksikalılara aid edilirdi və hərfi mənada arxası yaş olanlar kimi tərcümə edilir |
↑4 | mavi cizgi – ABŞ-da son zamanlar polislərin oynadığı rolu – bir tərəfdə qayda-qanun digər tərəfdə qanunsuzluq və xaosu ifadə edir |