MÜHARİBƏYƏ MƏSİHÇİ BAXIŞI
I. Müharibələrin mənbəyi
II. Müharibələrin aparılması
III. Müharibələrin sonu
GİRİŞ
Döyüşün qızğın çağında bizim mənəvi məsələlərə sonsuz laqeydliyimiz və ya etinasızlığımız yox olub gedir. Silahlı qarşıdurmanın baş verməsi bizi məsihçi olaraq çətin – yalnız real müharibələr dövründə deyil, həm də sülh dövründə döyüşdən əvvəl və ya sonrakı dövrdə davamlı olaraq əhəmiyyət kəsb edən suallarla üzləşməyə məcbur edir.
Hansı üstündür: vətənpərvərlik qürurumuz, yoxsa Allahın Kəlamına bağlılığımız? Müqəddəs Yazı müasir hadisələr kontekstində münasibdirmi? Müqəddəs Kitabdakı sülh idealı imanlının hər hansı bir tərzdə müharibədə iştirakını və ya dəstəyini istisna edirmi? Allah müharibəyə getmək və müharibə aparmaq üçün mənəvi standartları açıqlayırmı? Siyasətçilərimizi tənqid edərək qoşunlarımıza dəstək ola bilərikmi? Beynəlxalq hüququn əsasında nə durur? Millətlər arasında sülh necə olacaq?
Bu kimi suallardan savayı, öz millətimizin həqiqətdə mənəvi prinsiplərinin nə olduğu heç də həmişə aydın deyil. 1990-cı ilin avqust ayında Amerika Birləşmiş Ştatları iki ərəb ölkəsinin Yaxın Şərqdəki geosiyasi münasibətlərinə müdaxilə etmək üçün addımlar atdı. 1991-ci ilin yanvarında bizim silahlı qüvvələrimiz İraq qüvvələrinə qarşı və Küveyt Əmirliyinin müdafiəsi üçün vuruşdu. Lakin əvvəlki illərdə ABŞ Əfqanıstana hərbi müdaxilədən çəkinmişdi. Həmin vaxt Səudiyyə Ərəbistanına yerləşdiyimiz zaman ABŞ əziyyət çəkən Litva xalqına hərbi müdafiə vermək istəmədi. Orta Şərqə səfərimizi dəstəkləmək üçün Amerika Birləşmiş Ştatları Birləşmiş Millətlər Təşkilatının dəstəyinin və qaydalarının razılığını əsas götürdü, hərçənd həmin təşkilatın əvvəllər narkotik maddələr qaçaqmalçılığı üzrə rəhbərini həbs etmək üçün Panamaya hücumumuzu pislədiyinə məhəl qoymadıq.
İraqla müharibə başlayanda, ABŞ-dakı məsihçilər qəfildən ümumiyyətlə müharibə ilə bağlı bəzi çətin mənəvi, həmçinin öz millətimizin siyasəti və prinsipləri ilə bağlı ya dolaşıq, ya da mürəkkəb suallarla qarşılaşmaq məcburiyyətində qaldılar. Allahın etibarlı Kəlamı bizi bu və ya digər vəziyyətdə müharibə haqqında necə düşünməyə və hərəkət etməyə vadar edəcək?
1991-ci ilin fevralında Ohayo ştatının Akron şəhərində keçirilən “Müharibəyə məsihçi baxışı” adlı üç axşam konfransında mən təlim keçdim. Dərslərimin məqsədi Müqəddəs Kitabın müharibəni bütöv bir şəkildə araşdırmaq və bu hadisəni hər hansı bir müharibənin qiymətləndirilməsi ilə əlaqələndirmək idi, halbuki millətimizin həmin vaxt iştirak etdiyi münaqişə ən aktual və açıq-aşkar hamının nəzərində idi. Həmin üç dərs belə adlanır:
-
- Müharibələrin mənbəyi
- Müharibələrin aparılması
- Müharibələrin sonu
Düşünürəm ki, dərslər boyunca nəzərdə tutulan fikrin gedişatı kifayət qədər aydındır. Əgər müharibənin əsl səbəbini başa düşməsək və onu aradan qaldırmasaq, onun bitəcəyinə ümid edə bilmərik. Bununla belə, müharibələrin aparılması üsulu (məsələn, onlar nə vaxt və necə aparılmalıdır) Allahın Özünün mənəvi səlahiyyəti altında qalır.
Müharibəyə məsihçi baxışı haqqında bu dərsləri ilk dəfə eşidənlərin hamısına, müharibə tərəfdarları və müharibəyə qarşı olanlar olmasından asılı olmayaraq, bu mövzu görünür meydan oxudu. Mövcud hərbi müdaxiləni dəstəkləsələr də, dəstəkləməsələr də, bütün tərəflər gördülər ki, bu dərslər onların anlayışlarını qismən təsdiqlədi və qismən də onlara düzəliş verdi. Ümid edirik ki, əgər Allahın Kəlamı sədaqətlə oxunarsa, bu insan düşüncəsindən və ənənələrindən qaynaqlanan hər bir siyasi nöqteyi-nəzərə düzəliş verən amildir.
Müharibə haqda fəsilləri oxuyaraq maksimum dərəcədə daha çox şey öyrənmək məqsədilə hər dərs materialına sizi dərsin materialına hazırlamaq üzrə çalışma, oxuyacağınız materialın planı, bundan əlavə fəsil əsasında cavab verməli olacağınız suallar və nəhayət, müzakirə və ya şəxsi mülahizə üçün digər suallar əlavə edilir ki, (dərs qrupunuzda, Cəmiyyətin Kəlam dərslərində və s.) öyrədildiyiniz prinsipləri tətbiq etməyi öyrənəsiniz. Ən azından, hamımız müharibəyə dair əxlaqi problemlərin ortaya qoyduğu mürəkkəb suallar və möhtəşəm əhəmiyyəti qarşısında aciz qalacağıq.
Qoy Allah qarşısında baş əyməyi və həmd etməyi də öyrənək: “O, yerin ucqarlarınadək döyüşləri dayandırar, kamanları qırar, nizələri sındırar, döyüş arabalarını oda atar. Dayanın, bilin ki, Mən Allaham, millətlər arasında ucayam, yer üzündə ucayam!” (Zəbur 46:9-10).
– Dr. Qreq L. Bahnsen
6 mart 1991-ci il
I. MÜHARİBƏLƏRİN MƏNBƏYİ
1-ci Dərsə hazırlıq
- Millətlərin müharibə etməsinin ən çox ehtimal olunan səbəblərinin siyahısını tutun.
- Bu gün mədəniyyətinizin ümumi dünyagörüşünü formalaşdıran məşhurfikirlər üzərində düşünün (televiziya, filmlər, qəzet məqalələri, müəllimlər, nahar zamanı müzakirələr və s.). Adamlar adətən hansı səbəbləri müharibə etmək üçün “pis” səbəb hesab edirlər? Onlar adətən hansı səbəbləri müharibə etmək üçün “yaxşı” səbəb hesab edirlər?
- Bir insanın şəxsi vəziyyətindən və onun özü, ailəsi, maddi maraqları və sairə göstərdiyi təsirdən asılı olaraq müharibələr hansı dərəcədə yaxşı və ya pis hesab edilir? Müharibələrin “bizim xeyrimizə” olmasından asılı olaraq, onlar hansı dərəcədə yaxşı və ya pis hesab olunur?
- Hər hansı bir müəyyən müharibəyə gəlincə, ölkəmizin müharibədə iştirakının lehinə və əleyhinə verilə biləcək ən yaxşı arqumenti təsəvvür edin. Dürüst və ədalətli olmağa çalışın.
- Yaradılış 3-cü fəsli oxuyun. “Düşmənçilik” dünyaya harada və necə girdi? Bəs şiddət necə? Cavablarınızda təəccüblü olan nədir?
- Yaradılış 4:1-15-i oxuyun. Qabilin Habilə qarşı olan düşmənçiliyini izah etməyə çalışın. Qabilin nə üçün öz qardaşını öldürdüyünü izah etməyə çalışın.
- Yaqub 3:13–4:10-u oxuyun və müəllifin müdriklik və təvazökarlığa baxışını təsvir edin.
- Müharibə necə imanın təzahürü ola bilər?
I. Müharibənin qiymətləndirilməsi və mühakimə edilməsi üçün diqqətlə ifadə olunmuş və nəzəri əsasın zərurəti
13Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin. 14Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. 15Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. 16Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. 17Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır. 18Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.
1Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? 2Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz. 3Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. 4Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər. 5Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyia ruh qısqanclıqla həsrət çəkər» deyir? 6Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər. 7Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq. 8Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! 9Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! 10Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.”
Mən əxlaqi baxımdan, öz bacarıqlarımı ilk əvvəl Vyetnam müharibəsində inkişaf etdirdim. Ölkəmizdəki o təlatümlü günlərdə böyüdüm. Mən çox yaxşı xatırlayıram; Tonkin körfəzində atışma olduğunu ilk dəfə radiodan eşidəndə harada olduğumu dəqiq bilirəm. Orta məktəbin 11-ci sinifini bitirirdim. Bundan qısa müddət sonra, görünür, istər irqi inteqrasiya, istər cinsi inqilab, istər əks-mədəniyyət, istərsə də, narkotiklərdən istifadə və s. əxlaqi məsələlər baxımından qonşunun qonşuya, oğulun atasına və qızın anasına qarşı parçalanma və bölünmə nöqteyi-nəzərindən xalqımızın yaşadığı böyük qarışıqlığın cərəyan etdiyi vaxt mən universitetdə oxuyurdum.
Ancaq o dövrdə baş verənlərdən daha çox insanların əxlaqi etiqadlarını, onların çaşqınlıqlarını və duyğularını qabardan məsələ Vyetnamdakı müharibə idi. İnsanların indi Orta Şərqdə gedən müharibədən bəhs etdiklərini eşitdikdə yaşanılan daxildəki o şiddətli mübarizəni, eniş və yoxuşları yenidən keçmək və yaşamaq bu gün heç də yaxşı hiss deyil. Bizim xalqımız orda iştirak edir. Universitet şəhərciklərində və dövlət binalarının ətrafında “Cəhənnəm olsun, yox, getməyəcəyik!” şüarları səsləndirən insanları eşitdiyimi çox yaxşı xatırlayıram. Maşın bamperində, “Amerika: onu ya sev, ya da tərk et” deyən stikerləri görür və özlüyümdə bunun nə qədər dəhşətli seçimlər təqdim etdiyini düşünürəm; belə düşünülməmiş, belə qəti, bu qədər qaba və qüsurlu şəkildə etiraz edilən mövqelər xalqımızda eşidilir.
Və mənə elə gəlir ki, bizə zərər verən yalnız əxlaqi problemin özü deyil, lakin bizim bu əxlaqi problemə yanaşmamızda, əxlaq haqqında düşüncə tərzimizdə olan məsuliyyətsizliyimizdir. Bu ittiham, təəssüf ki, məncə məsihçi cəmiyyətinə də aiddir. O günlərdə çox vaxt məsihçilərdən eşitdiklərim, asanlıqla (onsuz da küçədə) eşitdiklərinizin zəif əks-sədasından başqa bir şey deyildi. Beləliklə, dünyəvi fikirləri və dünyəvi düşüncə formalarını Allah evinə gətirir, onları bir tərəfdən sülhü, digər tərəfdən müharibəni dəstəkləyən ayələrlə ordan-burdan vəftiz etməyə çalışırıq. Bu da çox kədərli idi.
Ümid edirəm ki, bu, Allahın xalqı və bir millət olaraq yenidən üzləşəcəyimiz şey deyil. Zahiri görünüşünə görə millətin yaşadığı bütün qalıcı problemləri və təhqirləri ilə Vyetnam istiqamətində gedən müharibəyə oxşamayan müharibə ilə qarşılaşırıq. Elə ola bilər ki, bir-birimizlə mübahisə etmək və əxlaqi təməllərimizi və fərziyyələrimizi həqiqətən aydınlaşdırıb həll edə bilməmək kimi problemlərlə qarşılaşmayaq. Bəlkə Allah Öz lütfü ilə bizi bundan qurtaracaq. Amma baxın, əgər O, bunu edərsə də, biz Müqəddəs Kitaba əsasən düşünməliyik. Biz yenə də Onun xalqı kimi düşünməliyik. Biz Romalılara 13-də deyildiyi kimi hökuməti dəstəkləməli lakin müharibələri qızışdıran deyil, İsanın sülhməramlılara xeyir-dua verən davamçıları olmalıyıq. Beləliklə, hətta əgər Allah mərhəmət göstərsə və bizi bu xüsusda bir çox daxili mübahisə və sıxıntıdan qurtarsa belə, problem olacaqdır. Lakin problem qarşımızda durur.
Burada, Ohayo ştatının Akron şəhərində necə olduğunu bilmirəm; Mən şəhərə bu gün gəlmişəm. Lakin yaşadığım cənubi Kaliforniyada hər iki tərəfədə etirazlar gedir. Maraqlıdır ki, cənubi Kaliforniyada müharibə lehinə etirazlar əvvəllər olduğundan daha çoxdur. Bəlkə də müharibəni dəstəkləyən insanlar Vyetnamdan dərs aldılar ki, bu müharibədə iştirak etmək qərarına düşmən olduqlarını göstərən adamlar qədər qoşunlarımıza dəstəyimizi açıq şəkildə nümayiş etdirməliyik.
Ancaq həqiqət budur ki, televiziyada görür, insanların bu məsələ barədə danışdığını, “Bağdad qəssabı[1]Səddam Hüseyn. (Bu və sonrakı qeydlər tərcümə redaktoru tərəfindən əlavə edilmişdir.)” ilə əlaqəli etirazçıları və onların şüarlarını eşidirəm. Şübhə etmirəm ki, Bağdad qəssabı kimi qələmə verilən şəxs çox pis, Allahın qanunlarını və müqəddəsliyini pozduğuna və bir rəhbərin olmalı oluğunun tam əksinə – eqosentrik, xalqını, ətrafındakı insanları düşünməyən, acgöz, qaniçən, qəddar bir insan olmağa çalışdığına görə Allahın qəzəbinə və lənətinə düçar olan bir insandır. Bağdad qəssabını dayandırmaq lazımdır. Bu xəbərləri dinləyərkən, bir şərtlə ki, eşitdiyi həqiqətdir (və ən azı böyük bir qisminin həqiqət olduğu düşünülür, çünki çoxu təsdiqlənir) hansı məsihçi deməz ki: “Mən necə kənara çəkilib beynəlxalq hüququ pozan, özünə aid olmayan ərazini ələ keçirən[2]Bu, 1990-cı il avqustun 2-dən başlayaraq İraq qüvvələrinin Küveyti işğal etməsinə aiddir. bu şəxsə laqeyd qala bilərəm?”
Digər tərəfdən, “neftə görə qan axmasın!” “Neftə görə qan axmasın” qışqıraraq müharibəyə etiraz edənləri və ona qarşı çıxanları eşidirik və mənim beynim Vyetnam münaqişəsi zamanı qarşılaşdığımız çətinliklərə qayıdır və hökumətimizin tam olaraq nə etdiyini anlamağa çalışır. Həqiqət nədir? Bizi motivasiya edən nədir? Bu çox mürəkkəb bir şeydir. Biz heç də həmişə həqiqəti bilmirik. Hesab edirəm ki, haqlı olaraq “Müharibənin ilk qurbanı həqiqətdir” deyilir. Mövcud qarşıdurmamızdakı mövqeyiniz nə olursa olsun, ən azından bu reallıqla islah olunacağınıza ümid edirəm ki, televiziyada gördüklərinizin əsl və düzəlişsiz həqiqət olduğunu düşünürsünüzsə, onda siz sadəlövhsünüz və yoldan çıxarılacaqsınız.
Müharibə əsaslandırılmış olmalıdır. Bu həm də hər iki tərəfdən əsaslandırılmış olmalıdır. Buna görə tərəddüd etməyən insanlar, xüsusilə də, həqiqət Allahına olan məsihçi fədakarlığımızı bölüşməyənlər səylərinə haqq qazandırmaq, həqiqəti təhrif etmək, hesabatlar uydurmaq və sizə nəyi eşitmək istədiyinizi və eşitməli olduğunuzu düşündüklərini danışmaqdan çəkinməyəcəklər (nisbiçilik dövründə və praktik təzyiq altında olduqları zaman). Həqiqət müharibənin ilk zərər çəkənidir və Yaxın Şərqə hazırkı müdaxilə barədə nəticə çıxararkən bunu unutmayaq.
“Neftə görə qan axmasın?” Biz neft naminə müdaxilə edirik? Bəziləri “xeyr”, bəziləri isə “əlbəttə!” deyir. Mənim hərbi xidmətə çağırış yaşında olan bir oğlum var. Mən onu sevirəm. O, mənim bu dünyada ən yaxın dostlarımdan biridir. Sizin daha ucuz benzininiz olsun deyə onun qanlı döyüşə getməsini istəməzdim. Ümid edirəm bu sözləri desəm etiraz etməzsiniz, amma oğlumu o qədər çox sevirəm ki, həyatını itirməkdənsə, benzin üçün daha çox pul verməyinizə üstünlük verirəm. Ona görə də, buna görə mən narahatam. Biz xudbin məqsədlərdən irəli gələrək müdaxilə edirik? Rahatlığımız naminə Amerika dollarlarını xərcləməyə və Amerika qanını tökməyə hazırıqmı? Bu, belə bir münaqişədir? Doğrudanmı biz dünyanın polisiyik və Bağdad Qəssabını tutmağa gedirik, yoxsa həqiqətən də öz iqtisadi maraqlarımızı müdafiə edirik? Burada nə baş verir?
Bizim yeni dünya qayda-qanunundan danışan, çoxları üçün demək olar ki, Allahın Padşahlığını təşviq edər kimi səslənən beynəlmiləlçilik siyasətini təlqin edən bir prezidentimiz var![3]George H.W. Bush Demək istədiyim odur ki, xalqlar arasında sülh və əməkdaşlıq, firavanlıq və ahəng vəd edirik və bu da ona nail ola biləcəyimiz yollardan biridir. Nəhayət, biz bu insanı dayandırsaq, bu dünyanın müsəlman tiranlarını dayandıracağıq. Kommunizm zəifləməkdədir. Bəlkə də biz yeni bir dünya nizam-intizamının astanasındayıq, ən azından bizə belə deyilir.
Digər tərəfdən, insanlar bizə deyirlər ki, əslində biz burada Amerika Birləşmiş Ştatları və onun dünya tarixindəki və millətlər ailəsi arasındakı yerinə dair vətənpərvər bir təmizlənmə yaşayırıq. Bəzi adamlar bizə deyirlər ki, Vyetnamda alçaldılmış olaraq özümüzü bir nömrəli olduğumuza inandırmaq üçün bu cür hərəkətə ehtiyacımız var. Biz heyrətamizik. Biz istədiyimizi edə bilən bir igid millətik. Şübhəsiz ki, Yaxın Şərqdəki münaqişə ilə bağlı ilk xəbərlər bu cür hissləri gücləndirəcəkdir. Bu hesabatları eşidəndə hansı Amerikalı yaxşı vətənpərvər mənim kimi hiss etməz? Biz ən yaxşı texnologiyaya sahibik. Yer üzündə ən yaxşı əsgərlərə və s. malikik.
Məgər biz bunun üçünmü oradayıq? Və bir məsihçi olaraq o cür düşüncəni, o cür davranışı dəstəkləyirəmmi? Bu, mənim üçün çox çaşdırıcı bir dövrdür. Məncə, bu, biz məsihçilər üçün uğursuz bir dövrdür. Buna baxmayaraq, bizim Allahın xalqı olaraq Onun Kəlamına baxıb onu daha yaxşı anlamaq imkanımız vardır. Düşünürəm ki, biz məsihçi olaraq bu hərbi əməliyyatları necə təhlil etməli olduğumuzu anlasaq, dünya tarixinin bütün eniş-yoxuşları vasitəsilə Allahın Padşahlığının necə böyüdülməsini görməyə ruhlanacağıq. Bizim əsl qayğımız müharibələrin mənbəyini aradan qaldırmaq olmalıdır ki, müharibələrlə qarşılaşmayaq. Allahın istədiyi kimi onların öhdəsindən gəlməliyik.
Növbəti üç vəzimdə sizinlə müharibələrin mənbəyi (bu axşamın mövzusu), ondan sonra isə müharibələrin aparılması haqqında danışmaq istərdim. Müqəddəs Kitabda bu barədə nəsə deyilirmi, yoxsa biz müharibəyə başlayan kimi hər kəs özü üçündür və nə olur olsun? Nəhayət, üçüncü vəzdə müharibələrin bitməsindən və Müqəddəs Kitabın müharibəni bitirməkdən necə bəhs etdiyini və buna necə nail ola biləcəyimizi və həqiqətən sülhməramlı olmaq istəyiriksə, məsihçi olaraq hansı ən yaxşı siyasəti aparmalı olduğumuz haqqında danışmaq istərdim.
II. “Birinci dünya müharibəsi”nə dair Müqəddəs Kitabdan əhvalat (Yaradılış 4)
Müharibənin mənbəyi haqqında yanlış anlayışlar
Beləliklə, gəlin özümüzə sual verək: müharibələrin mənbəyi nədir? Allahın Kəlamı bu barədə bizə nə deyir?
Bu sualı ilkin bəşər tarixindən nəzərdən keçirmək üçün Yaradılış 4:1-15-ə baxaq: müharibənin mənbəyi nədir? Bu tam şəkildə Birinci Dünya Müharibəsi kimi təsvir edilə bilər. Bu, Habil və Qabilin əhvalatıdır. Kontekstdən Qabil və Habilin həmin vaxt Adəm və Həvvanın yeganə övladları olmadığının aydın görünməsinə inanmağıma baxmayaraq, mətndə aydınlaşacaq səbəblərə görə, yalnız ikisinin, Qabil və Habilin adı çəkilir. Müəyyən mənada da, məlum dünya nöqteyi-nəzərindən, əhalinin dörddə biri bir zorakılıq aktı ilə silinəcəkdir. Gəlin Müqəddəs Kitabdakı şərhini oxuyaq və müharibənin mənbəyi haqqında bizə dediyinə baxaq.
1Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: “Rəbbin köməyi ilə bir insan qazandım”. 2Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi. 3Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. 4Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, 5ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. 6Rəbb Qabilə dedi: “Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? 7Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən”.
8Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9Sonra Rəbb Qabildən soruşdu: “Qardaşın Habil haradadır?” O dedi: “Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?” 10Rəbb dedi: “Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan”. 13Qabil Rəbbə dedi: “Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək”. 15Rəbb ona dedi: “Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq”. Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.
8-ci ayədəki bu sözlər dəhşətlidir: “Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü”. Axşam xəbərlərinə baxdığınız üçün Müqəddəs Kitabın bu bəyanatının ciddiyyətini və əhəmiyyətini hiss etmək çətindir. Günbəgün öldürülən adamlar haqqında eşidirsiniz; qətl edilən adamlar barəsində eşidirsiniz. Pula görə öldürüldü, narkotikə görə öldürüldü, intiqama, qəzəbə və ya qisasa görə öldürüldüyünü eşidirsiniz. Burada necə olduğunu bilmirəm, amma cənubi Kaliforniyada biz hər həftə sonu quldur dəstələrinin qarşıdurmalarında öldürülənlərin sayını eşidirik və biz buna öyrəşmişik.
Burada, Allahın Kəlamında adamlar arasında, məlum olduğu kimi iki qardaş arasında bu cür zorakı münasibətin ilk əlamətinə rast gəlirik. Nə üçün Qabil Habili öldürdü? Burada problemin mənbəyi nədir?
Müharibələrin mənşəyi və onların səbəbləri haqqında uzun, ətraflı elmi əsərlər yazan adamlar var. Allahın xalqının bu gün bilməli olduğu ən vacib tezislərdən birinin tarixin marksist anlayışı olduğunu düşünürəm. Karl Marks öyrətdi və onun tələbələri bütün tarixin iqtisadi amillərlə təyin olunduğu fikrini inkişaf etdirdilər. Marksın özünü həsr etdiyi, tarixə dialektik baxışının fəlsəfi incəliklərini dərindən araşdırmağa ehtiyacımız yoxdur. Fəqət Marks inanırdı ki, tarixi müəyyən edən iqtisadi qurumlar, iqtisadi amillər və iqtisadi istəklərdir. Elə məhz buna görə də, insanların siyasi münasibətlərini idarə edən bəşəri və iqtisadiyyat qurumları yaradan və beləliklə, müharibələrə səbəb olan da iqtisadiyyatdır.
Beləliklə, siz Qabil və Habilin əhvalatına baxanda çoxlu iqtisadi təhlil görürsünüzmü? Siz Allahın Qabilin həqiqətən öz qardaşını öldürərək iqtisadi cəhətdən bir şey əldə etməyə çalışdığını izah etdiyini görürsünüzmü? Əlbəttə ki, tarixin bu ilk mərhələsində bu marksist analiz absurddur – bununla heç bir əlaqəsi yoxdur! Bütün dünya ixtiyarlarında idi və iki qardaş vardı: biri dolanışığın bir növü ilə məşğul idi (torpaq becərmək), digəri isə başqa şey ilə (heyvan otarmaq və bundan qidalanmaq) məşğul idi və onların bir-biri ilə vuruşmaq üçün heç bir səbəbləri yox idi; bir-birini məyus etmək üçün heç bir səbəb yox idi. Onlar bir-birlərindən heç nə istəmirdilər. Bu təəccüblüdür: Qabil Habili öldürür və bu əməldən heç nə əldə etmir! O, Habilin işini istəmir. O, Habilin arvadını istəmir. O heç bir şey istəmir!
Bəzən bizə deyirlər ki, bu dünyada müharibə və zorakılığın mənbəyi valideynlərimiz, nəzarətçilərimiz, müəllimlərimiz və s. tərəfindən düzgün tərbiyə almamağımızdır.
İnsan davranışına dair davranışsal bir izah var və bu, bizə belə deyir: əgər biz insanların sülhlə münasibət göstərmələrinə təsir edə bilsək, onda oyuncaq üstündə dava edən uşaqlardan və narkotik, avtomobil və s. üstündə dava edən böyüklərdən qurtula bilərik. Sankı tarixdə onlar üçün daha uyğun mühit olsaydı, belə münaqişə olmazdı.
Qabil və Habilin hekayəsinə baxın və özünüzə sual verin: davranış şərhi bizə müharibənin mənbəyini göstərirmi? Həqiqətənmi, cəmiyyət Qabil və Habili bir-biri ilə yaxşı yola getməyə hazırlamamışdı? Hansı cəmiyyət? Elə də çox deyildi. Yəqin ki, hansısa cəmiyyətlər var idi. Qabil indi yer üzündə səfil olduğu üçün kiminsə onu tapıb öldürəcəyindən narahatdır.
Beləliklə, biz bilirik ki, bəşəriyyət hələ hər şey deyildi. Bu bizə müfəssəl şəkildə verilməyib; “sətiraltı oxunmalıdır”, amma bu, o qədər də çətin deyil. Aydındır ki, Qabil və Habilin arvadları var; onlar övlad sahibi olacaqlar. Dünya tarixi davam edir. Bəzi cəmiyyətlər vardır, amma iş burasındadır ki, bu bəşəriyyətin ilk nəsli idi. Onların yaşadığı şərtlər və yaşadıqları cəmiyyətin mühiti tərəfindən bu zorakılığa və müharibəyə meylliliyin onların şəxsiyyətinə nüfuz etməsi üçün çətin ki, kifayət qədər vaxt vardı.
Müqəddəs Yazı zorakılığın mənbəyini qürur, qəzəb və istəkdə görür
Özünüzə sual verin: Qabil Habili niyə öldürdü? Müqəddəs Kitabda deyilir ki, Qabil Allahın ona və qurbanına hörmət etmədiyini, lakin qardaşına və onun qurbanına hörmət etdiyini biləndə çox qəzəbləndi və qaşqabağını salladı.
Bu, Habilin qurbanının Allah tərəfindən qəbul olunması üçün nəyin məqbul olduğu barədə bir çox ilahiyyatçı və Müqəddəs Yazı şərhçilərinin uzun və ətraflı müzakirəsinə səbəb oldu. Güman edirəm ki, imanlı dairələrdə səbəbini anlasam belə qatılmadığım ən populyar tezis odur ki, – o heyvanlara baxdığına və Allah Habilin anası və atasını qorumaq üçün bəşər tarixinin əvvəlində heyvanı öldürmək məcburiyyətində qaldığına görə bir heyvanın Allaha qurban verilməsi məqbul bir şey idi. Buradan biz qan qurbanı anlayışını əldə edirik və Musanın Qanunundan və Məsihin qurbanından öyrəndiyimiz hər şeyi burada yerinə qoya bilərik. Sonra bütün bunların Qabil və Habilin hekayəsini xatirladığını düşünürük. Bu hekayədə gördüyünüzdən daha çox şey olduğunu düşünürəm.
Belə bir şey müşahidə edə bilərsiniz: Müqəddəs Kitabda deyilir ki, Yahve Habilə və onun təqdiminə hörmət edirdi. Burada Allahın məhz təqdimə, buna görə də Habilə hörmət etdiyi deyilmir. Siz bunun əhəmiyyətini anlayırsınızmı? Bu Yahvenin düzgün bir qurban axtarması və Habilin də təsadüfən “doğru qapını seçməsi” demək deyil. Yəni, mükafat 1-ci qapının arxasındadır, yoxsa 2-ci qapının arxasındadır? O doğru olanı seçir və qurban məqbul olduğuna görə, deməli Habil də qəbul edilir. Xeyr – Habil Allaha məqbul olduğuna görə onun təqdimi qəbul edilmişdi. Allah ona və onun təqdiminə hörmət etdi, eləcə də, Qabilin özünə və təqdiminə hörmət etmədi.
Düşünürəm ki, İbranilərə 11:4 ayəsində kəlamın bu anlayışının təsdiqini tapırıq. İbranilərə Məktub 11-ci fəsil iman qəhrəmanları adlandırılır. O, Əhdi-Ətiqdəki sadiq kişi və qadın nümunələrindən istifadə edir və bizi onlardan nümunə götürməyə təşviq edir. Həmin nümunələrdən biri də Habildən gəlir. 4-cü ayədə deyilir: “İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır”. Habil iman vasitəsilə daha məqbul qurban təqdim etdi! Habili Allaha məqbul edən onun hədiyyəsinin təbiəti deyil, imanı idi.
İndi Qabil buna baxır və iman vasitəsilə Allaha məqbul olmayan insan, Habilin etdiyi kimi iman vasitəsilə deyil, öz qurbanı, təqdimi ilə Allahı razı salmağa çalışan bu və ya digər yolla özü üçün yaşayan insan olaraq qəzəblənir. Bu barədə fikirləşəndə, qardaşını öldürərsə, Allahın dərhal onun qurbanından razı qalacağını düşünəcək qədər Qabilin axmaq olduğunu düşünmürəm. Mən düşünmürəm ki, Qabil bir anlıq rəqabəti ləğv etsə, Allahın gözündə yaxşı olacağını düşünürdü. Xeyr, o, sadəcə, qardaşının Allah qarşısında haqlı və onun isə haqsız olması faktına xor baxırdı!
Hansısa mənada müharibənin mənbəyini artıq Yaradılış 3:15-də görmək olar. Orada Allah Adəmlə Həvvanın günahlarına qarşı çıxanda və onlar qadağan olunmuş meyvəni yeyəndə: “Mən sizinlə [yəni şeytan] qadın arasına düşmənçilik salıram” deyir. Öhdəsindən gəlməli olduğumuz düşmənçiliklə olacaq. İstər biz Allah və Onun əmrlərinə tabe olaq, istərsə də özümüzə tabe olaq, ədavət çox əsaslı ruhani məsələlər üzərində formalaşacaq. Həmin ədavət Allah tərəfindən qoyulub və Müqəddəs Kitabda bu düşmənçiliyin ilk təzahürü iki qardaşın hekayəsi və onlardan birinin digərini öldürməsidir. Düşmənçilik, vəfasız qardaş Qabilin sadiq qardaş olan Habilə nifrət etməsindən qaynaqlanmışdı. O da bunun öhdəsindən gələ bilmədi! Allah ona dedi ki, əgər sən yaxşı iş görürsənsə, onda hər şey yaxşı olacaq, amma əgər ehtiyatlı olmasan budur, günah qapının arxasında gizlənir və yaxşısı budur, sən özünü ələ alıb özünü idarə edəsən, Qabil!
Beləliklə siz, Qabili günahına görə dərhal, həmin an, elə yerindəcə cəzalandırmayan, lakin ona tövbə üçün fürsət verən, problemin nə olduğu haqda ona xəbərdarlıq edən, sülh yolunu ona göstərən Allahın lütfkarlığını görürsünüz. Müqəddəs Kitab deyir ki, Qabil əksinə çölə getdi, Habilə bu əhvalatı danışdı. Bunu Habilmi söyləmişdi? Onun probleminin mənbəyi Habil idimi? Qabilin Allahı razı salmasının qarşısını alan Habil idimi? Qardaşı Qabilə irad tutan Habil idimi? Xeyr! Bunu edən Allah idi; onu idarə edəcək günah haqqında xəbərdarlıq edən Allah idi. Müqəddəs Kitab deyir ki, Qabil çölə çıxdı və o – heç bir iqtisadi səbəb olmadan və heç də lazımi formada tərbiyələndirilmədiyi üçün deyil – çölə çıxdı və qardaşını öldürdü! İndi bunu necə izah edərsiniz? Günah çirkindir və məntiqsizdir. Günah üçün heç bir yaxşı səbəb yoxdur. Bu ona zərrə qədər də fayda verməyəcəkdi, lakin onun daxili istəklərinə görə və həyatdan məmnun olmadığı üçün, onun haqsız, qardaşının isə haqlı olduğu üçün onu öldürdü. Biz burada şiddətin və müharibənin kökündə dayanan günahlı təkəbbürü, qəzəbi və istəyi görürük.
Ayə 5: “Qabil bərk qəzəblənib qaşqabağını salladı”. 7-ci ayə: Allah ona deyir: “Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir…”. Müharibənin mənbəyi günahdır – xudbin istək və qürur, bunlar Allahın istəklərinə uyğun gəlmədikləri üçün doymazlar, iman yolu ilə Allaha tabe olmayacaqlar. Beləliklə, Yaradılış 3:15-də bu dünyada bəşəriyyətin bölünəcəyini deyən düşmənçiliyin yaranmasını görürük. Orada şeytanın övladları və Allahın övladları, Adəm və Həvvanın övladları, imanla Ona gələnlər olacaqdır. Allah düşmənçiliyi təqdim edir, çünki günahın hökmü budur. Sonra Yaradılış 4:8-də insanın dünyaya düşmənçiliyi necə təqdim etdiyini görürük. Biz Allahın nə etdiyini görürük, indi də insanın bununla nə etdiyini görürük. İnsan bəşər nəslinə düşmənçiliyi tanıtdırır. Həmçinin 14-cü ayənin sonuna baxın: Qabil haqlı olaraq qorxur ki, Allah qatil olduğu üçün ona qarşı çıxıb onu yer üzündən və Allahın hüzurundan qovduqdan sonra dedi: “Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək”.
Çox təəccüblüdür, Tanrının Adəm, Həvva və ya Qabil və Habilə nə qədər dediyini bilmirik, çünki Müqəddəs Kitabımızda qeyd olunmur, bu səbəbdən fərziyyə etmək təhlükəlidir. Allahın ümumiyyətlə heç bir şey deməməsi mümkündur və ya sadəcə, yaradılışda təzahür edən, bütün insanların öz ürəklərinin dərinliklərində bildikləri, o danışanda Qabildə nida edən Allahın qanunu olduğunu bilmirəm. Bəlkə də o, Allahın açıq şəkildə öyrətdiklərinə cavab vermiş ola bilər, amma fakt odur ki, Qabilin zorakılığının daha da zorakılıq doğuracağını bilirdi. Belə olan halda, bu daxili istək və günahın məntiqsizliyindən qaynaqlanan zorakılıq olmazdı, əksinə qisas səbəbindən gələn zorakılıq olardı. Qabil dedi: “kim mənə rast gəlsə, məni öldürəcək”.
Sonrakı kəlamda Allahın ona nə üçün mərhəmət göstərdiyini təxmin etməliyik. Məncə bunu başa düşmək o qədər də çətin deyil; düşünürəm ki, bəşəriyyət həmin vaxt Adəm və Həvvanın o biri əsas oğlunun aradan qaldırılmasına dözə bilməzdi. Düşünürəm ki, əgər Allah həmin vaxt Qabildən intiqam almağa qərar versəydi, bəşəriyyət məhv olardı, Allah öz mərhəməti və Öz şəxsi xilas planına görə bunu etmədi.
Ancaq səbəbin bu olub-olmamasından asılı olmayaraq, fakt budur ki, Qabil zorakı bir adam olduğunu və indi daha çox zorakılığın gələcəyini bilirdi. İndi isə bu günahdan gələn və qəzəbdə, nakam arzuda və qeyri-məmnunluqda təzahür edən zorakılıq deyil, əksinə günahlı dünyada günahın öhdəsindən zorakılıq tətbiq edərək gəlmək lazım olduğuna görə daha çox qəzəb və qisas olacaqdır. Bu çox kədərli bir həqiqətdir, ancaq Qabil bunu lap əvvəldən bilirdi.
Düşmənçilik və şiddət: Allahın, insanların
Bəşəriyyət tarixində şiddətin ilk tətbiqi Yaradılış 3:24-də Allahın Özündən gəlir. Yahvenin insanı bağdan qovduğunu və həyat ağacının yolunu qorumaq üçün Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoyduğunu oxuyuruq. Allah insanı və onun arvadını Öz hüzurundan, xüsusən də həyat ağacının yanından amansızcasına qovaraq bağdan çıxartdı. Orada da insanın həyat ağacını ələ keçirmək üçün geri qayıtmaması üçün keruvların daşıdığı odlu qılıncını ilk dəfə istifadə edir. Bu dünyaya şiddəti ilk tanıdan Allahdır. Ona görə də, bundan sonra bir insan tərəfindən göstərilən şiddətlə qarşılaşırıqsa, bu, Allahın məqsədləri və ədalət üçün tətbiq olunan şiddət deyil, Habilin öz qardaşı Qabil tərəfindən öldürülməsində gördüyümüz günahkar bir şiddətin – xudbin bir şiddətin tətbiqidir. Bir insan şiddəti öz istəyinə uyğun olaraq tətbiq etdiyi zaman bu, dünyada şiddət problemini daha da artırır.
Daha sonra Yaradılışın 4-cü fəslində Lemekin bu mahnını arvadlarına oxumasını görürük:
23Ey Ada və Silla, səsimi eşidin,
Ey Lemekin arvadları, sözümə qulaq asın:
Məni yaraladığı üçün
Bir adam öldürdüm,
Məni zədələdiyi üçün
Bir cavan öldürdüm.
24Qabil üçün yeddi qat qisas alınacaqsa,
Lemek üçün yetmiş yeddi qat alınacaq.”
Necə də riyakar mahnıdır! Bu, Allahın Qabilin həyatında icra etdiyi haqda çox yanlış bir anlaşılmazlıqdır. Ancaq Lemekə görə “əgər Qabil belə-belə etmişdisə, mən yeddi qat daha yaxşıyam!” Şiddətin tətbiqi daha çox şiddətə və şiddətin kəskinləşməsinə və təriflənməsinə səbəb olur. Bu da bizi narahat etməlidir! Allahın şiddətdən istifadə etməsi faktı və bu dünyada insanlar tərəfindən mütləq günaha qarşı şiddətin tətbiq olunmasının qəbul edilməsi – Müqəddəs Kitabın bunu açıqlaması faktı Müqəddəs Kitabın şiddəti bəyənməsi demək deyil. Sanki “Yaxşı, onda düşünürəm ki, belə olar, əvvəl axır bu günahlı bir dünyadır; Nə etmək olar ki?” Bu işdə Lemek təriflənmir. Məcburiyyəti ilk olaraq Allah tətbiq etmişdir; ikincisini insan tətbiq etmişdir və insan şiddət göstərəndə bu daha da artır. Bu, Allahın istəyi ilə deyil, amma Onun qəzəbi və lənəti ilə baş verir. Həm də Müqəddəs Kitab bizə sonuncu şiddətin Allah tərəfindən tətbiq ediləcəyini öyrədir.
Gəlin Matta 25:41-ə baxaq: “O zaman solundakılara deyəcək: ‘Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!’”. Allah Adəmlə Həvvanı hüzurundan qovub həyat ağacına qayıtmaq fikrindən uzaq tutmaq üçün orada odlu qılınc qoyduğu kimi qoyunların keçilərdən ayrılacağı qiyamət günü də yaxınlaşır və sol tərəfdə olanlara Allah: “Məndən uzaq olun! Siz Mənim hüzurumdan, həyat ağacının yanından qovulursunuz və indi gecə-gündüz əzab çəkmək üçün əbədi atəşə sürgün ediləcəksiniz” deyəcək. Vəhy Kitabında Allahın Qiyamət günü yeni müqəddəs şəhər olan Yerusəlimə girməyə icazəsi olmayanlar, ora girmələri qadağan olunanlar və əbədi yanan od gölünə qovulanlar haqqında daha çox danışır. Şiddəti ilk tətbiq edən Allahdır və sonuncu da Allah olacaqdır. Bu arada şiddətin günahkar məqsədlər üçün istifadə edildiyini və artdığını görürük və bu dünyada insanların ədalətsizliyini və təcavüzkarlığını islah etmək üçün şiddətdən istifadə edilməsinə ehtiyac olduğuna dair bir işarə var.
Bəs müharibənin mənbəyi nədir? Niyə müharibələr olur? Günaha görə müharibələr olur. Çünki biz Allah qarşısında haqlı deyilik. Bilirsinizmi, uzun illər fəlsəfə, insan psixologiyası öyrənən və ya təcrübəli bir politoloq deyil, Müqəddəs Kitablarınızı oxuyaraq skamyada oturan ən sadiq adi məsihçi olmaq kifayət edir ki, bu günlərdə müharibənin əsl mənbəyi ilə heç bir əlaqəsi olmadığına görə müharibə haqqında bu qədər danışmağın nə qədər axmaqlıq olduğunu görə biləsiniz. Biz müharibənin mənbəyi məsələsini həll etməyincə müharibələrimiz davam edəcək. Günah problemini həll edənə qədər ədalətli və ədalətsiz müharibələr və şiddətə dair qarışıq vəziyyətlər tərəfindən bizə əzab veriləcək.
Bu təhlillərin təsdiqi (Yaqub 3-4)
Mən Qabil və Habil hekayəsi və müharibənin mənbəyi barədə bu şərhimi Əhdi-Cədidlə təsdiqləmək istərdim. Yaqubun Məktubunun 3-cü fəslində yuxarıdan və aşağıdan nazil olan müdriklik haqqında oxuyuruq. Yaqub Allahın lütfkar bir hədiyyəsi olan bizə verilən ilahi müdriklikdən və şeytani, dünyəvi müdriklikdən danışır. Bizə dediyi sadəcə budur ki, fərdlər olaraq aramızdakı bütün çəkişmələrin səbəbi öz istəklərimiz, öz şəxsi ehtiraslarımızdır. Yaqub 4:1-də deyilir: “Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?”
Amma yuxarıdan nazil olan hikməti tanısaydıq, ürəyimizdə acı qısqanclıq olmazdı, əvvəla təmiz, sonra sülhpərvər və daha sonra mülayim insanlar olardıq. İndi bunun fərdi tətbiqi barədə bölüşə bilərik və ümid edirəm ki, bəziləriniz evinizə gedib bu barədə düşünəcəksiniz: öz həyatınızda fərdi olaraq nə kimi müdriklik və ya ağılsızlıq nümayiş etdirirsiniz? Siz davakar insansınız (siz dalaşmağa, mübahisə etməyə və dava etməyə meyllisinizmi)? Necə düşünürsünüz, bu, Allahın hikmətini əks etdirirmi? Yaqubun Məktubunun 3-cü fəslində deyilir: “Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir”. Siz sülh yaradansınız? Sizi belə tanıyırlar? Tərəfləri barışdıran və münasibətlərdə fədakar olmağa çalışan bir insan, təslim olmağa və barışığa hazır bir insan olduğunuzu söyləmək ədalətlidirmi? Əgər belədirsə, deməli, bu yuxarıdan nazil olan müdriklikdir, bu mülayim, sülhpərvər müdriklikdir.
Amma ürəyinizdə fitnə, qısqanclıq və ixtilaf varsa, Yaqub bunun şeytandan gəldiyini söyləyir; bu, aşağıdan nazil olur; bunu Allaha aid etməyin! Yaqub 4:1-dən də qeyd etdiyim kimi, müharibənin mənbəyi günahkar istəklərimizdir. Müharibənin mənbəyi daxili və ruhanidir. Bu ondan irəli gəlir ki, Allah qarşısında haqlı deyilik və Onun göstərişinə uyğun yaşamırıq. Əgər belə etsəydik, Qabilin qardaşı Habilə qarşı olduğu kimi şeytani, dünyəvi və fitnəkar olmazdıq; biz sülhü pozanlar deyil, sülh yaradanlar olardıq. Yaqub 4:2-də deyir: “Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz”. Yaqub çəkic zərbələri ilə mismar kimi bir nöqtəyə vurur: Nə üçün dava olur? Nə üçün mübahisələr olur? Çünki günahkar və xudbin insanlarsınız. O, 3-cü ayədə deyir ki, hətta dualarınız da xudbindir, bu səbəbdən də eşidilmir və cavab verilmir: “Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz”. Xudbin dualar edirsiniz! Siz dua edirsiniz, çünki istəklərinizin yerinə yetirilməsini istəyirsiniz. Duanız “Sənin iradən olsun” sözləri ilə Allaha ibadət və səcdə etmək deyil; duanız: “Mənə ver, mənə ver, mənə ver!” ifadə edir. Bax siz bu cür insanlarsınız və əgər siz Allahın müqəddəs hüzuruna bu cür çıxırsınızsa, o zaman qardaşlarınızın qarşısında necə davranacaqsınız – açıq-aşkar ixtilaf, fitnə və hətta qətl, müharibə və mübarizə dolu olacaqsınız.
Biz 4-cü ayədən öyrənirik ki, bu, dünyaya olan sevgidən irəli gəlir: “Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi?” Yenə də bu söz: Allah bəşəriyyəti düşmənçilik ilə tanış etdi. Bu düşmənçilik bizim istəklərimizdə əks olunacaqdır. Əgər biz dünyəvi şeylər istəyiriksə, günahkar şeylər istəyiriksə, Allahın iradəsinə uyğun olmayan şeylər istəyiriksə, onda Allahın Özünə düşmən oluruq. Dünyaya olan sevginiz Allah ilə düşmənçilik yaradır.
Burada daha iki əlamət var: 6-cı və 10-cu ayələrdə biz görürük ki, bu dünya sevgisi və içimizdəki düşmənçilik Qabilin qürurlu və Allahın məzəmmətini götürə bilmədiyi və ya Ona imanla yanaşmadığı kimi bizim qürurlu insan olmağımızdan irəli gəlir. 6-cı ayədə deyilir: “Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər” – öz həyatına Onun qarışmasına olan ehtiyacını dərk edənlərə, Onun xilas gücünə və lütfünə olan ehtiyacını dərk edənlərə göstərər. 10-cu ayə: “Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq”.
Qabilin qardaşı Habil ilə bu müharibənin qarşısını almasının yeganə yolu onun özünü Allahın nəzərində alçaltması və xilası üçün Allahın lütfkarlığını qəbul etməyə hazır olması idi. Əgər Qabil günahı kənara qoysaydı, doymaq bilməyən günahlı istəkləri ilə dolu olmasaydı, bu qədər qürurlu olmasaydı, qəddar bir insana çevrilməzdi.
Müharibələr haradan gəlir? Günahdan, qürurdan və yerinə yetməmiş istəklərdən gəlir. Yalnız yerinə yetməyən deyil, həm də mümkün olmayan istəklərdən. Çünki imanla Allaha yaxınlaşmaqdan və təvazökar insanlar olaraq Onun lütfünü qəbul etməkdən başqa heç bir şey bu dünyada bizi razı sala bilməz.
Bu, çox sadə bir məsihçi kəlamıdır və başa düşülsəydi, biz bu gün müharibə etməzdik. Bu kəlam başa düşülsəydi, Vyetnamda müharibə etməzdik. Bu kəlam başa düşülsəydi, II Dünya Müharibəsində, Birinci Dünya Müharibəsində və s. vuruşmazdıq. Bu kəlam başa düşülsəydi, Qabil və Habil bir-birləri ilə “münaqişədə” olmazdılar. Müqəddəs Kitab bizə deyir ki, müharibə buradan gəlir.
III. Fundamental mənəvi sual: Güc ilə haqq arasında hansı əlaqə var?
Etika, xüsusən də müharibə etikası haqqında öyrənən hər kəsin cavab verməli olduğu, bəlkə də ən əsas hesab etdiyim sual barədə düşünməyinizi istərdim. O sual budur: “Məgər zor, şiddət, güc … haqq verirmi?” Gücün varsa haqlısanmı? İki nəfər, yaxud iki firqə və ya tərəf arasında çətinliklər yaşandıqda və ya iki xalq arasında hər hansı bir mübahisə olduqda, haqlılıq hərbi güclə (və ya bu vəziyyətdə istifadə oluna biləcək hər hansı digər güc növü) bərqərar edilirmi? Güc məsələni həll edirmi?
Deməli, Amerika Birləşmiş Ştatlarının tarixində müəyyən hərbi müvəffəqiyyətlərdən feyzyab olduğumuz üçün məncə, (doğru görünməsə də) bunun doğru ola biləcəyini düşünməyə meylliyik. Müharibədə qalibsənsə, belə düşünməyə meylli olursan: “Bu, səbəbimizin ədalətli və bizim haqlı olduğumuzu göstərir”. Lakin öz ruhani köklərinin ABŞ vətənpərvərliyindən daha dərinliyini araşdıranlar, özlərini Allahın Padşahlığının üzvləri hesab edən bizlər bilirlər ki, çox vaxt tarix boyu haqlı olanlar, Allahın övladları olanlar zorakılığa məruz qalıb və hakimiyyətdə olanlar tərəfindən təqib olunublar. Belə olan halda, şübhəsiz ki, ilk olaraq yerimizdən sıçrayıb deyirik: “gücün varsa haqlı deyilsən”. Beləliklə, bəs bu nədir? Etik məsələlərdə şiddət, güc və səlahiyyətdən harada istifadə olunur? Kobudcasına desək, məgər xeyir və şəri ən güclü orduya malik olan qurur?
Qüdrətli olmaq haqlı etməz
Müqəddəs Kitab bizə haqqın – Allahın ədalətini əks etdirən haqqın, Allahın əsl xasiyyətinin – insanların müharibələri və şiddətləri ilə deyil, yalnız Allahın Özünü təzahür etdirməsi ilə qurulduğunu öyrədir. Bir hərəkətin haqlı və ya yanlış olması ondan yaxa qurtara biləcəyinizlə və ya bunu etməyə kömək edəcək gücə və kifayət qədər orduya malik olub-olmamağınız ilə heç bir əlaqəsi yoxdur. Hər hansı bir şeyin haqlı və ya yanlış olması onun insan həyatı üçün Allahın göstərişinə uyğun olub-olmamasından asılıdır. Fərdlər və ya tərəflər, yaxud millətlər arasındakı fikir ayrılıqlarını – bu incikliklərin gerçək və ya yalnız xəyali olub-olmamasından asılı olmayaraq – həll etməyin düzgün yolu nədir? İnciklikləri yoluna qoymağın düzgün yolu Allahın xasiyyətini əks etdirən ədalət standartlarına müraciət etməkdir. İncikliklər şiddətə əl atmaqla həll olunmur. Burada çox diqqətli olmaq istəyirəm, çünki indi deyəcəyəm ki, bu dünyada ədalətin təmin olunması üçün bəzən şiddət tətbiq olunmalıdır, amma ədalətin tətbiqi ədalətin özü deyil! Gücün tətbiqi və onun uğurlu tətbiqi faktı səbəbin haqlılığını sübut etmir və halbuki, bu dünyada haqlı səbəbin məcbur tətbiqinə ehtiyac var. Güc haqlı çıxarmır və güc yalnız haqla dəstəkləndiyi təqdirdə ədalətlidir. İnciklikləri yoluna qoymağın düzgün yolu şiddətə əl atmaq deyil, Allahın göstərdiyi ədalət standartlarına müraciət etməkdir. Şiddət tətbiq etdiyiniz zaman göstərdiyiniz şiddətin əvəzinin nə olduğunu görürsünüzmü? … daha çox şiddət olduğunu görürük. İncikliyi şiddətlə aradan qaldırdıqca, bu dünyaya ədalətin gətirilməsi yolu, şiddət daha da artmağa davam edəcək. Şiddət şiddət doğurur. Bu, demək olar ki, Müqəddəs Kitaba uyğun səslənir, elə deyilmi? İsa deyir: “Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq”. Yeri gəlmişkən, bu ifadə qılıncı ədalətlə götürənlər üçün də qüvvədədir. Döyüşçü zəkasına girmək, yalnız müəyyən bir məqamda xoşbəxt olduğunuz üçün və “biz, elə buradaca bitirə bilərik” deməklə bitməyən bir oyuna başlamaq deməkdir. Şiddət şiddət doğurur və nəticədə heç vaxt şiddətə son qoymur. Görürsünüzmü, dünyanı demokratiya uğrunda təhlükəsiz etmək üçün müharibə ola bilməz, çünki müharibə müharibə doğurur.
Obyektiv hüquq standartına ehtiyac
İnciklikləri yoluna qoymağın düzgün üsulu şiddətə deyil, ədalət standartlarına müraciət etməkdir. “Ədalət standartları” dedikdə mən Maarifin insanın “ağlı” adlandırdığını nəzərdə tutmuram. Bu dünyada sülh haqqında hamımızın bir-birimizlə ağıllı varlıqlar kimi sağlam düşüncə ilə danışa bilsək, müharibədən qurtula biləcəyimizi söyləyən insanlar tərəfindən yazılmış elmi əsərlər var. Xeyr, bağışlayın, amma bu doğru deyil. Qabil öz qardaşı Habili öldürdü və bu ağılsız bir hərəkət idi. Onun bunu etməsi heç bir sağlam düşüncə standartına uyğun deyil, amma buna baxmayaraq, o, bunu etdi. Müharibə insan etiraz etməklə bitməyəcək. Nə də ki, çoxluğun rəyinə etiraz etməklə də bitməyəcək. Biz sadəcə, müharibə etməli və ya müharibəni bitirməli olduğumuzu, yaxud müharibəni əksəriyyətin nə düşündüyünə, nəyin praktik olmasına və həm fərd, həm də bir ölkə olaraq nəyin bizim maraqlarımıza uyğun olmasına əsasən müharibəni necə qiymətləndirəcəyimizi ölçə bilmərik. İnciklikləri birdəfəlik həll edəcək tək şey, Allahın Öz Sözündə bizə göstərdiyi xeyir və şərin obyektiv standartına müraciətdir. Bir çoxlarınız bilirsiniz ki, əvvəllər mən Allahın Qanunu, onun obyektiv zəruriliyi və daimi etibarlılığı barədə yazmışam. Əgər ictimai-siyasi fəaliyyətlərimizdə və dolayısı ilə beynəlxalq fəaliyyətlərimizdə bizi idarə edən Allahdan obyektiv bir qanuna malik deyiliksə, bunları idarə edən belə bir Allah qanunu yoxdursa, müharibə və onun sonu barədə ədalətli bir qiymətləndirmə tapmağa ümid yoxdur. Əlbəttə ki, qanun özü-özlüyündə müharibəyə son qoymayacaq, lakin incikliklərimizi fərdi və beynəlxalq səviyyədə həll etmək üçün Allahın qanunu yoxdursa, mübahisələri həll etmək üçün yeganə vasitə olan davamlı müharibəyə məhkumuq.
Günahlı bir dünyada obyektiv ədalət (qanun) standartları tətbiq edilməli olacaqdır
Sadə dildə desək, sülh insan günahına nəzarət edən qayda-qanun, əleyhinə siyasi rəhbərlərin haqsız təcavüzünü qiymətləndirə biləcəyimiz qayda-qanun tələb edir. Əgər şiddətin tətbiqində iştirakımızı qiymətləndirdiyimiz və yönləndirdiyimiz obyektiv bir standart və ya qayda yoxdursa, şiddət şiddət doğuracaq və sonu olmayacaq: müharibələrin əbədi tarixi belədir, çünki bizə yol göstərən obyektiv doğru və yanlış yoxdur. Artıq göstərdiyim kimi, əgər günahlı dünyada Allahın Öz ədalətini göstərdiyi və bizdən tələb etdiklərində doğru və yanlış obyektiv bir standarta malikiksə, bu ədalət standartına riayət olunmalıdır.
Qisasa Allah tərəfindən məhdudiyyət qoyulmuşdur
Romalılara Məktub 12:19 bizə yalnız Allahın xeyir və şərin qisasını alacağını söyləyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”. Yenə də bilirik ki, bu dünyada Allah mülki dövlət vasitəsi ilə müəyyən dərəcədə pis iş görənlərdən qisas alır. Qisas tapşırığı dövlətin qılıncının köməyi ilə müəyyən dərəcədə xalqa həvalə edildi. Romalılara 13:4-də Paul, hökmdarların, yüksək qüvvələrin, pislik edənlərə qarşı qəzəbin qisasını alacağını söyləyir və bu, Paulun yalnız Allahın qəzəbin qisasçısı olduğunu söyləməsindən sonrakı ayələrin ardınca gəlir. Beləliklə, bilirik ki, Paulun ilahiyyatında o, pislərə qarşı qəzəbin qisasını almaqdan ötrü dövlətin Allahın Sözünə əməl etməkdə İlahi bir tapşırığa malik olduğunu hesab edir.
Amma əgər Allahın göstərişinə əsasən insan qisas almalıdırsa – əgər adamlar pis iş görənlərin qisasını almaq üçün şiddət istifadə edərək Allahın xidmətçisi olursa – o zaman tətbiq edilən qisasın məhdudlaşdırılmalı olduğunu öyrənirik. Hiss etdiklərinin və ya düşündüklərinin ağlabatan olduğuna görə heç kim insanları hətta ölüm ilə belə cəzalandıra bilməz. Qisas Allahın Özü və Onun rəhbərliyi ilə məhdudlaşmalıdır.
Qisas yurisdiksiya məsələləri ilə məhdudlaşmalıdır. Allah dövlətin nəyin üzərində yurisdiksiyaya malik olmasına icazə verdi? Məgər dövlət evimə girib uşaqlarımın dişlərini fırçalamadığına görə məni cəzalandıra bilərmi? Məgər artıq çəki yığacağınıza görə dövlətin sizin evinizə girib qidalanmanızı tənzimləməyə haqqı varmı? Dövlətin dini sədaqətimizi və ibadətimizi idarə etmək hüququ varmı? Dövlət istədiyini edə bilər, yoxsa yalnız Allahın göstəriş verdiyi yerdə qisas alıb cəza tədbirləri tətbiq edə bilər? Düşünürəm ki, cavab bizim üçün aydın olmalıdır: dövlət Allah deyil, dövlət Allahın qulluqçusudur və bu səbəbdən yalnız məcburetmə gücündən istifadə edə, yalnız Allahın yönləndirdiyi və bunu etmək üçün yurisdiksiya və göstəriş verdiyi yerlərdə şiddət və qisas tətbiq edə bilər.
IV. Müharibə – dövlətin Hüquq-mühafizə səlahiyyətlərinin genişləndirilməsi qismində
Dövlət öz vətəndaşlarını təcavüzdən qoruyur
Beləliklə, günahın əsarətində olan bir dünyada qisas qaçılmazdır. Amma unutmamalıyıq ki, qisas ya zorla (sırf güc nöqteyi-nəzərindən), ya da haqq nöqteyi-nəzərindən (ədalət və Allahın rəhbərliyi) ilə yönəldiləcək. Hesab edirəm ki, məsihçilər olaraq belə bir nəticəyə gəlməliyik ki, çökmüş bir dünyada müharibə insanların günahkar istəklərindən qaynaqlansa da, müharibə bəzən dövlətin polis səlahiyyətlərinin tətbiqi olaraq zəruridir. Görürsünüzmü, Romalılara Məktubun 13-cü fəslində göstərildiyi kimi dövlətə Allah tərəfindən vətəndaşlarının canlarını və mallarını qorumaq tapşırılmışdır. Allah tərəfindən dövlətə ədaləti təmin etmək tapşırılmışdır. Beləliklə, mənə zülm edən, canımı ala bilən və ya mülkümdən məhrum edən, bir şəxs və ya bir çox şəxslər ola bilər. Üstəlik, bu bir nəfər və ya çoxları daxili düşmən və ya xarici düşmən ola bilər. Əgər dövlətə məni haqsızlıqdan – haqsız olaraq həyatımdan və mülkümdən məhrum edilməkdən qorumaq tapşırılıbsa, dövlət təcavüzkarın həmvətənim və ya hansısa xarici düşmən olmasından asılı olmayaraq məni qorumalıdır. Belə başa düşülür – müharibənin bizim üçün Allahın xasiyyətini göstərməyən şiddətin bir ifadəsi və günahın artımını ifadə etməsinə baxmayaraq, bəzən müharibə günahsızları qorumaq üçün dövlətin polis səlahiyyətinin tətbiqi baxımından zərurətə çevrilir. Dövlət müvafiq qüvvə ilə günahsızlara zərər verən təcavüzkarın qabağını ala bilər, daha doğrusu, vəziyyətə uyğun şəkildə şiddət vasitəsilə onun qarşısını ala və lazımi qaydada cəzalandıra bilər. Hesab edirəm ki, hətta təcavüzkar xarici düşmən olduqda belə bu etibarlıdır. Bəzən dövlət öz vətəndaşlarını müdafiə etmək, onları günahkar və haqsız olan şiddətdən qorumaq məqsədilə Allahın qoyduğu vəzifəni yerinə yetirmək üçün müharibə etməkdə haqlıdır.
Günahın müharibə mənbəyi olmasının ikiqat mənası
Beləliklə, müharibənin mənbəyi iki mənada günahdır. Müharibə bizim təcrübəmizə daxil olur və günaha görə iki yolla bəşər tarixinə ləkə salır. Birincisi, müharibə şiddətə aparan günahkar istəklərdən qaynaqlanır. Qabil və Habil məsələsində, Yaqubun bu barədə söylədiklərini görürük: müharibələr və döyüşlər gerçəkləşməmiş istəklərimizdən və Allaha imanla yanaşmamağımızdan, Onu həyatımızın mərkəzi hesab etməməyimizdən, Onun göstərişinə uyğun yaşamamağımızdan irəli gəlir. Müharibə günahdan yaranır.
İkincisi isə, halbuki bunu unutmamaq da eyni dərəcədə vacibdir, müharibə də xudbinlikdən qaynaqlanan şiddət üçün faciəli bir vasitədir. Bəzən müharibə dövlətin vətəndaşlarını qorumaq üçün polis səlahiyyətlərinin tətbiqi olaraq ortaya çıxır. Beləliklə, müharibə bir tərəfdən günahdan qaynaqlanır, digər tərəfdən də müharibə müəyyən dərəcədə günahın əlacıdır.
Müharibə daim ruhani uğursuzluğun əlamətidir
Doğrudur, müharibə həmişə ruhani uğursuzluğun əlamətidir: Allahın ədaləti müharibədə günahkar tərəf vasitəsilə pozulub, lakin Allahın sülh yolu da müharibədə qarşı tərəf vasitəsilə uğurla istifadə və ya tətbiq olunmayıb. Müharibə həmişə dəhşətli, dəhşətli bir şərdir. Müharibə həmişə günaha düzgün şəkildə yanaşılmadığına, təcavüzkarın onu idarə etmədiyinə və təcavüzkara qarşı çıxanlar tərəfindən sülhün əldə olunmadığına şahidlik edir.
Müharibə ruhani məğlubiyyətdir və bu barədə biz üçüncü vəzimizdə, mən müharibələrin sonu və Allahın bunu necə icra etmək istədiyi barədə bölüşəndə daha ətraflı danışacağıq.
V. Müharibələrin mənbəyinə Müqəddəs Kitab nöqteyi-nəzərindən baxışın üç tətbiqi
Qəti pasifizm qeyri-real, sevgisiz, Müqəddəs Kitaba ziddir
Amma gəlin, hələlik, günahın ikiqat mənada müharibənin mənbəyi olduğu barədə tezisimizi tamamlamaqda üç tətbiqi edim. Birincisi, mütləq pasifizm qeyri-realdır, sevgisizdir və Müqəddəs Kitaba müvafiq deyil. Heç bir müharibə istəmədiyimizi, müharibənin məsihçiliyə uyğun olmadığını, heç vaxt xarici düşmənlə silahlı münaqişəyə qarışmamalı olduğumuzu söyləyən mütləq pasifizm məsihçi mövqeyi, sevgi daşıyan və ya realist bir mövqe deyil.
Romalılara 12:18-də Paul “İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın” deyir. Paulun “bütün adamlarla sülh içində olun” deyil, “imkan daxilində bacardıqca” dediyini görürsünüz. Gücünüz çatdığı qədər, əlinizdən gəldiyi qədər, bütün insanlarla sülhdə yaşayın. Lakin “imkan daxilində bacardıqca” şərti, halı, göstərir ki, Paul bunun hər zaman mümkün olmadığını bilir. Nəyin bahasına olursa-olsun və hər bir şəraitdə sülh ideyasını həyata keçirmək, sadəcə, real deyil. Sülhü əldə etmək həmişə mümkün deyil. Təəssüf ki, günahlı dünyada Habil sülhü qoruya bilmədi. Üstəlik, sülh həmişə sevmək deyil! Bəzən sülhü təmin etmək və təcavüzkarlığı dayandırmaq mümkündür, ancaq bunu edərkən mülkləri və ya canları risk altında olan təcavüz qurbanlarına qarşı böyük haqsızlıq göstərir və sevgisiz davranırıq. Sülh, məsihçi əxlaqının ən yüksək və yeganə dəyəri deyil, baxmayaraq ki, sonrakı vəzlərimdə görəcəyiniz kimi, çox yüksək bir dəyərdir. Sülh yeganə dəyər deyil və sülh həmişə sevmək demək deyil. Sülh həmişə ədalətli deyil. Bundan əlavə, adamlar sevginin ədalətə qarşı bir tarazlıq olduğunu bizə dedikdə diqqətli olmalıyıq. Ədalətli müharibə apardığımız haqda fikrin “amma sevgi ədalətdən daha vacibdir” deyən insanlar tərəfindən tarazlaşdırıldığı güman edilir. Bu, məsələyə Müqəddəs Kitab nöqteyi-nəzərindən yanaşma deyil. Sevgi ədalətdən, ədalət də sevgidən vacib deyil; onlar eyni dərəcədə Allahın atributlarıdır və biri o birindən üstün deyil. Sevməmək də ədalətsizlikdir, ədalətsizlik də sevməməkdir.
Bilirsiniz, kimsə gəlib mənim uşaqlarımı götürərsə, əmlakımı dağıdıb canımı alarsa və siz “göstərilə bilən ən böyük məhəbbət bu ədalətsizliyin cavablandırılmasından çəkinməkdir” deyərsinizsə, mən cavab verərdim ki, siz həqiqətən məni heç sevmirsiniz! Mənə hücum edən cinayətkarı sevə bilərsiniz, lakin ədaləti sülhün qayğılarına tabe etməklə məni qətiyyən sevmirsiniz. Sülh heç də həmişə sevmək deyil, o həmişə ədalətli deyil və sevgi ədalətə zidd deyil. Bu səbəbdən müharibə bəzən real zərurətdir və məsihçi dəyərlərinə zidd deyil.
Bu fikri sübut etmək üçün tez-tez istifadə olunan ayə olmasa da, düşünürəm ki, İbranilərə Məktub 11-ci fəsil bunu yetərincə edir. İbranilərə Məktub 11-ci fəsildən sizə müharibənin məsihçinin imanlı həyatına zidd olmadığını göstərmək istərdim. İbranilərə Məktubun 11-ci fəsli Əhdi-Ətiq müqəddəslərinin, Allaha imanları və dözümlülüklərinin ifadəsi kimi yaddaşımızda qalan və Əhdi-Ətiqdə haqqında oxuduğumuz işləri görənlərin çoxlarının şərəf lövhəsindən danışır. Biz 33-34-cü ayələrdə “İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular” barəsində eşidirik. Onlar bunu iman vasitəsilə etdilər. Müqəddəs Kitabda insanların iman vasitəsilə günah etdiklərinə dair qeydə rast gəlmirik. Müqəddəs Kitab bizə iman olmadan Onu razı salmanın mümkün olmadığını deyir. İmanla edilən hər şeyin Onu razı salacağı da doğrudur. İman vasitəsilə bəziləri müharibədə güclü oldu, döyüşlərdə güclü oldu və düşmənləri qovdular. İman həqiqətən müharibə vasitəsilə ifadə edilə bilər, lakin bu, həmişə belə olacağı mənasını vermir; müharibələrin heç də hamısı imanın ifadəsi deyil. Lakin Müqəddəs Kitab bizi öyrətdiyinə görə müharibə, bu, ola bilər və bəzi hallarda isə açıq-aydın olmuşdu. Allah “Ordular Yahvesi”, “Ordular Rəbbi” olaraq təsvir edilir. O qüdrətli döyüşçü adlandırılır. Efeslilərə Məktubun 6-cı fəslindəki məsihçi müharibə üçün təchiz edilmiş bir məsihçi əsgəri kimi təsvir edilir. Müqəddəs Kitabda “Məsihçi fahişə” və ya “Məsihçi oğru”ya bənzər heç nə yoxdur.
Görürsünüzmü, bundan bir model kimi istifadə etmək (açıq-aşkar burada ruhani mənada tətbiq edilirsə belə), ən azından bəzi hallarda modelin özünün Allah tərəfindən təsdiqləndiyini göstərir! Məsihçi əsgər. Mütləq pasifizm Müqəddəs Kitaba əsaslanmır, onun sevgi daşıdığını, həqiqi olduğunu düşünmürəm.
Müharibə ədalətli olmalıdır (İkinci mühazirə ilə müqayisə et)
Növbəti vəzimə gətirib çıxaran ikinci tətbiq müharibənin ədalətli olması zərurətindən ibarətdir. İsa Məsihin davamçıları olanlar müharibəni təhlil etmədən qəbul edə bilməzlər. Biz bunu mütləq şəkildə təsdiq edə bilmərik. Allahın narazılığını aradan qaldırmaq üçün müharibə aparılmalıdır, çünki O, millətlər üzərində Ali Hakimdir və günahsızlar əziləndə müharibə təyin edilir. Amma müharibənin də günahın əlaməti olduğunu unutmamalıyıq. Günah üzərində işlənilir və günah münaqişəyə səbəb olur. Beləliklə, görəcəyik ki, əgər müharibə Allah tərəfindən təsdiq edilirsə, bunun ədalətli səbəbi olmalı və belə bir münaqişəyə girmək haqqına malik olmalıyıq.
Müharibənin aparılması yolu ədalətli olmalıdır. Müharibə müstəqil və günahkar insanların özlərinin idarə edə biləcəyi bir şey deyil. Müharibə Allahın rəhbərliyi altında olmalıdır. Unutmayın ki, mübahisələri həll etmək üçün əleyhinə və lehinə müraciət edə biləcəyiniz bir qanun-qayda olmalıdır.
Müharibənin əsas səbəbini aradan qaldırmadan onu bitirməyə ümid yoxdur (Üçüncü mühazirə ilə müqayisə et)
Və axırı, günah, düzgün şəkildə həll olunmayana qədər müharibənin bitməsinə heç bir ümid ola bilməz və üçüncü vəzdə bunu araşdıracağıq: Allah müharibəyə necə son qoyacaq və bizim üçün həm bu, həm də sonrakı həyatda bunun necə baş verəcəyini görməyə ümid var. Lakin Allahın Müqəddəs Kəlamı və hamımızın içində kükrəyən günah olan bütün müharibələrin mənbəyi ilə gəlməyən və onunla əlaqədar olmayan müharibə probleminə ümid, onun dürüst, adekvat, real həlli yolu yoxdur.
[Ingilis versiyası mp3: https://www.cmfnow.com/mp3/ethics – “A Christian View of War”]
1-ci Dərs üzrə suallar
-
- Şüarlar və emosional çağırışlar arasında müharibəni (ümumiyyətlə) və ya hər hansı bir xüsusi müharibəni mənəvi cəhətdən hansı standarta əsasən qiymətləndirməliyik?
- Müharibələrin mənbəyi haqqında iki (qeyri-məsihçi) nəzəriyyəni misal çəkin və onların “birinci” dünya müharibəsini niyə izah edə bilmədiyini şərh edin.
- Müqəddəs Kitabın izahına görə Qabilin Habilə qarşı göstərdiyi şiddətin mənbəyi nə idi?
- Yaqub 3:14-16-ya əsasən münaqişənin mənbəyi nədir? 17-18-ci ayələrə görə sülhün mənbəyi nədir?
- Yaqub 4:1-2-yə əsasən müharibələrin kökü hardan gəlir?
- Əgər güc haqq vermirsə, münaqişələri həll etmək üçün nəyə müraciət etməliyik? Bu suala iki yanlış (lakin məşhur) cavab verin.
- Allahın qanunlarının obyektiv standartları olmadan bəşəriyyət nəyə məhkumdur?
- Romalılara 12:19-a əsasən yalnız kim qisas almaq hüququna malikdir? Romalılara 13:4-ə əsasən bunu yerinə yetirmək üçün hansı qurumdan istifadə olunur?
- Qisasın yuxarıda verilmiş nöqteyi-nəzəri mülki hökmdarın yurisdiksiyasının məhdud olduğunu necə göstərir?
- Dövlətin “hüquq-mühafizə səlahiyyətləri” dedikdə nə nəzərdə tutulur? Müharibə dövlətin hüquq-mühafizə səlahiyyətlərinin tətbiqini necə genişləndirir?
- Günahın müharibələrin mənbəyi olduğu iki yol haqqında danışın.
- Hər bir müharibənin nə üçün ruhani uğursuzluğu göstərdiyini izah edin.
- Qəti pasifizm niyə qeyri-realdır və onda sevgi yoxdur?
- Allah, iman və məsihçinin Müqəddəs Kitab nöqteyi-nəzərindən təsviri əsasında sübut edin ki, müharibə mahiyyət etibarilə şər deyil.
Əlavə mülahizə və müzakirə üçün
-
-
- Bəzi adamlar düşünür ki, əgər xarici yardım vasitəsilə digər ölkələrin iqtisadi vəziyyətlərini yaxşılaşdırsaq, biz müharibələri azalda bilərik. Bu müəyyən mənada nə qədər düzgündür? Nəyə görə bu nəticə etibarı ilə səhv və nəticəsizdir?
- Nə üçün aqressiya əleyhinə dərmanların geniş istifadəsi müharibəyə müraciət etmək ehtimalının qarşısını hələ də almır?
- İxtilaf və davalara olan şeytani meyilin (Yaqub 3) günahkar düşüncə və doğrultma vasitəsi ilə “müdriklik” kimi qələmə verildiyi yollar haqda düşünün. Məsihçilər belə yalançı müdrik düşüncəyə uya bilərlərmi?
- Xudbincəsinə dua edən (Yaqub 4:3) və ya öz istəklərində dünyavi olan (ayə 4) məsihçilər millətləri müharibəyə aparan həmin düşüncə tərzini dəstəkləyirlərmi? Bəzən biz problemin həlli deyil, onun bir hissəsi oluruq?
- Bir çox düşüncə tərəfdarları haqsızlığa cavab olaraq “güc”ə müraciət etməyi rədd edir; məsihçilər də belə edir. Fərqi izah edin.
- “Majoritarlıq[4]Majoritarlıq – cəmiyyətin bəzi parametrlərinə əsasən (dini, sosial, dil və s.) həmin cəmiyyətin sosial əhəmiyyətli məsələlərinin həllində çoxluğun qərar vermək … Continue reading” münaqişənin həllində məsihçi standartıdırmı? Əgər belədirsə, onda mənəvi baxımdan çoxluq daim haqlıdırmı? Məgər biz əksəriyyətin hökmranlıq etməsinin lazım olduğunu təsdiq etmirikmi?
- Əgər günahlı bir dünyada ədalət standartları tətbiq edilməlidirsə, onda “qüdrətli olan haqlıdırmı”?
- Əgər müharibə həmişə hansısa ruhani uğursuzluğun nəticəsidirsə, məsihçilərin hər hansı bir hərbi qarşıdurmanı həvəslə dəstəkləmələri məqsədə uyğundurmu?
-
[Sonrakı fəsillər: II. Müharibələrin aparılması, III. Müharibələrin sonu]
Qreq L. Bahnsen, Fəlsəfə doktoru (1948-1995), bir zamanlar “ateistlərin ən çox qorxduğu” adam kimi təsvir edilirdi. O, görkəmli alim, müəllif, və Məsihçiliyin müdafiəçisi kimi, Məsihçiliyin və İncil qanunlarının müdafiəsinə dair çoxlu yazılar yazmış və müzahirələr vermişdir.
Qeyd
↑1 | Səddam Hüseyn. (Bu və sonrakı qeydlər tərcümə redaktoru tərəfindən əlavə edilmişdir.) |
---|---|
↑2 | Bu, 1990-cı il avqustun 2-dən başlayaraq İraq qüvvələrinin Küveyti işğal etməsinə aiddir. |
↑3 | George H.W. Bush |
↑4 | Majoritarlıq – cəmiyyətin bəzi parametrlərinə əsasən (dini, sosial, dil və s.) həmin cəmiyyətin sosial əhəmiyyətli məsələlərinin həllində çoxluğun qərar vermək üstünlüyünə malik olduğunu iddia edən siyasi konsepsiyadır. |